Showing posts with label Məlumatlar. Show all posts
Showing posts with label Məlumatlar. Show all posts

November 15, 2014

Gələcəyin seksi

Bu gün seks haqda nəinki yazırlar, onu həm də internetdə nümayiş etdirir və insanları onunla məşğul olmağa çağırırlar. İntimə artıq heç kəs "müqəddəs" münasibəti göstərmir. Bəlkə də bu səbəbdən seks və sevgi iki fərqli qütbə ayrılıb. "Həqiqi sevgi" hələlik müasir texnologiyaların təsiri altına tam düşməyib, seks haqda isə eyni sözləri deyə bilməyəcəyik. Gəlin müasir texnologiyalara və seks prototiplərinə baxıb, onun gələcəkdə necə bir forma alacağını təsəvvür etməyə cəhd edək.

Gender və seksual oriyentasiya

Qərb insanı artıq fərdin gender və seksual oriyentasiyasının doğuşdan təyin edilmədiyinə əmin olub. Bu gün insanların əməliyyatlara üz tutaraq cinslərini dəyişdirməsi, demək olar ki, daha heç kəsi maraqlandırmır. Bundan başqa bir çox transseksuallar skeptiklərə, cinslərini dəyişdirdikdən sonra öz həyatlarının necə yaxşı istiqamətə doğru çevrildiyini sübut etmək üçün qəhrəmancasına maarifləndirmə işləri aparırlar. Bunun ən parlaq nümunəsi Matrix trilogiyasını və Dumanlı Atlas (Cloud Atlas) filmini öz qardaşı Endi ilə birlikdə yaradan Lana Vaçovskidir.


Bir müddət əvvəl Almaniya üçüncü cinsin olduğunu qəbul edən ilk Avropa ölkəsi oldu. Yəni, valideynlər uşağın cinsini dəqiqləşdirdikdə "qeyri-müəyyən" variantını da seçə bilərlər. Uşaq böyüdükdə isə özünü istənilən cinsə aid edə bilər. Bu qanun əsasən hormonları və reproduktiv orqanları bir cinsə 100% aid olmayanlar üçün aktual olacaq.

Dünyanın bir çox ölkələrində homoseksualizm dövlət səviyyəsində qəbul edilir. Bununla yanaşı Facebook, Microsoft, AppleIntel kimi iri texnoloji resurlar da həmcinslərin nigahını dəstəklədiklərini bildirərək, homoseksuallar və transseksualların cəmiyyətin bərabər hüquqlu nümayəndələri olduğunun qəbul edilməsi prosesini sürətləndirirlər.

İnteraktiv porno-oyunlar

Hazırki texniki imkanların səviyyəsini nəzərə alaraq, taktil (sensor) hissləri və qoxuları doğuran və onları birbaşa beynə ötürən kamera və geyimlərin tezliklə reallığa çevriləcəyini deyə bilərik. Ələxsus bununla əlaqəli texnologiyalar artıq mövcuddur. Misal üçün, bu yaxınlarda yarıçılpaq modellər üzərində təqdimatı baş tutmuş Oculus Rift kaskasının bacarıqları, yumşaq dildə desək, heyrətləndirir. Onları insanlardan ayırmaq, demək olar ki, mümkün deyildi. Kaskanın Xbox Kinect-in hərəkətləri kimi fiksə edən qurğularla bağlantısı sayəsində interaktiv porno-oyunlara dalmaq mümkün olur.


Seks və kompüter oyunları

Virtual reallıq texnologiyalarının inkişafı ilə seks kompüter oyunlarının ayrılmaz hissəsinə çevrilə bilər. Oyunçular həm digər istifadəçilərlə, həm də xəyali personajlarla seksual əlaqə yaşaya bilərlər.

Hazırda Yaponiya və Koreyada "virtual partnyorlar" olduqca populyardır, hansılar ki istifadəçi ilə birbaşa əlaqə yarada bilməsələr də, hərəkətlərə reaksiya verə bilirlər. "Ağıl xalları" bağlantısı və hərəkət detektoru köməyilə bir yapon entuziast öz yanında yapon vokaloidi Xatsune Mikunu yarada bilib. Çəkdiyi videoda istifadəçinin sığallama və zərbələrinə personajın reaksiya verdiyini görmək olar.

Virtual oyunun real həyata təsiri bəzən absurd səviyyəyə çatır. Nümunə olaraq, Second Life virtual aləmi istifadəçilərinin evləndiyi, orgiyalarda iştirak etdiyi və hətta real həyartda yad avatarlara qısqanclıq səbəbindən boşandıqları kimi hadisələri qeyd etmək olar.


Robotlar bizi əvəz edir

Süni intellektin, realistik materilların və çevik parametr təyinedilməsinin təkmilləşdirilməsi ilə yaxın gələcəkdə robotlar istifadəçilərin bütün ehtiyaclarını qarşılaya biləcəklər. Bununla da onlar, seks-industriya sahəsi işçilərinin müəyyən hissəsini əvəz edəcəklər. ABŞ-da dünyada ilk dəfə olaraq seks üçün planlaşdırılmış androidlər satışa buraxılıb. Virtual reallıq qurğusu köməyilə robotların xarici görünüşünü dəyişmək mümkün olacaq. Yaponlar artıq mexaniki siluetin prototipini nümayiş etdiriblər, hansının ki üzərinə animasiyalaşdırılmış qız holoqramı yüklənib. Bundan başqa, Lars fon Triyerin "Nimfoman" filminin pornoqrafik səhnələrinin çəkilişi üçün aktyorların sifətini onları əvəz dublyorların vücuduna ötürən texnologiyadan yararlanılıb.

Süni intellekt üzərində çalışan mütəxəssislər əmindirlər ki, insanlar 2050-ci illərdən virtual reallıqdan yararlanmadan robotlara aşiq olacaq, onlarla ailə quracaq və onlara öz həqiqi yoldaşları kimi münasibət göstərə biləcəklər.

Məsafə seks üçün maneə deyil

Çox yaxın zamanda insanların, bir-birlərinin ehtiyaclarını uzaq məsafədən qarşılayacaqlarını təmin edəcək qurğular hazırlana bilər. Məsələn, bu yaxınlarda Dure x kampaniyası hissiyatlı alt paltarların prototipini təqdim edib. Bu alt paltarlarının bəzi hissələri, oraya smartfondan siqnal ötürdükdə vibrasiya effekti meydana gətirir. Interaxon kampaniyası isə beyin dalğalarına reaksiya verə bilən ucuz (200$-dan aşağı) baş halqası istehsal etmək fikrindədir. Hiperrealistik Fleshlight simulyatoru sayəsində məsafə seksinin bu gün də mümkün ola biləcəyini vurğulamaq olar.

Küçələrdən ixtisaslaşdırılmış müəssisələrə

Yeni texnologiyaların yaranması ilə hətta Qərb ölkələrində seks-industriyası sahəsində çalışanlar daha rahat və təhlükəsiz iş şərtlərinə keçid ala biləcəklər. Onlar, kompüter şəbəkələri, onlayn reklam və şəxsi marketinq kimi imkanlardan yararlanaraq, vasitəçilərə ehtiyac duymadan öz karyeralarını yürüdəcəklər.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Seks beyin fəaliyyətini gücləndirir
Seks üçün iki ayaq üzərinə qalxdıq?
Üç valideyndən olan uşaqlar gəlir
daha ətraflı...

November 8, 2014

"Interstellar" və zaman səyahəti mövzusu

Zaman səyahəti insanların müxtəlif dövrlərdə ən sevdiyi mövzulardan biri olub. Belə səyahət forması fantastların romanlarında və rejissorların filmlərində hər ötən il daha çox əks olunur. Bir neçə gün əvvəl böyük ekranlara çıxmış "Interstellar" (Ulduzlararası) filmi də bu mövzunu elmi fantastika həvəskarlarına yüksək səviyyədə çatdırır.

Hələlik əsas məsələyə qayıdaq: zaman səyahəti. Həqiqətən də belə bir səyahət mümkündürmü, yoxsa bu sadəcə fantaziyası güclü yazıçıların uydurmasıdır? Pis xəbərlərdən başlayaq. Yəqin ki, heç vaxt zamanda keçmişə qayıdıb, Misir ehramlarının necə inşa olunduğunu görməyəcəyik. Son yüzillik ərzində bir çox alimlər zaman səyahətinin yalnız gələcəyə doğru ola biləcəyi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüblər. Geriyə, keçmişə dönüş isə xeyli çətin məsələdir. Elə isə mümkünsüzdür, yoxsa...?

Bu gün zaman səyahəti üzrə araşdırmaları tənzimləyən nəzəri elmin bünövrəsini Albert Eynşteyn salıb. Sözsüz ki, Qaliley və Puankare kimi alimlər də bu istiqamətə vacib töhfə veriblər, lakin məhz Eynşteynin nəzəriyyələri bəşəriyyətin zaman və məkan barədə təsəvvürlərini lazımlı yönə dəyişdirmişdi. Məhz bu alimin elmi işləri sayəsində biz hələ də zaman səyahətinin real ola biləcəyinə inanırıq.

Alimlər zamanda sıçrayış etməyin mümkün üsullarından birinin köstəbək dəlikləri (soxulcan dəlikləri) və ya "Eynşteyn - Rozen körpüsü" olduğunu hesab edirlər. Elmi fantastik filmlərdə tez-tez hər hansı bir tunelin zaman və məkanda iki punktu birləşdirdiyi situasiyası göstərilir ki, bu yolla qəhramanlar inanılmaz macəralara atılırlar. Ümumi nisbilik nəzəriyyəsi belə tunellərin mümkünlüyünü dəstəkləyir.


Hələ 1935-ci ildə Eynşteyn öz həmkarı Natan Rozenlə köstəbək dəliklərinin mövcud olduğunu iddia etmişdilər. Amma həqiqətdir ki, o vaxtdan bu günə qədər belə bir tunelə rast gəlməmişik. Bir çox alimlər soxulcan dəliklərinin zaman və məkanda necə bir funksiyaya malik ola biləcəkləri ilə bağlı öz nəzəriyyələrini irəli sürürdülər. Stiven Hokinq və Kip Torn, yəqin ki, bu elm sahəsinə ən böyük töhfə verənlərdəndir. Məhz Kaliforniya Texnologiya İnstitutundan olan nəzəri fizik Kip Torn "Interstellar" filminin ərsəyə gətirilməsi üçün rejissor Kristofer Nolana elmi əsaslı ssenari hazırlamağa yardım edib.

Gəlin bir anlıq təsəvvür edək ki, Eynşteyn haqlı idi və köstəbək dəlikləri həqiqətən mövcuddur. 80-ci illərin sonlarında Kip Torn soxulcan dəliyinin insanlar tərəfindən zaman maşını kimi istifadə edilə biləcəyini bəyan etdi. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsasən, soxulcan dəliyi bir-birindən xeyli aralı məsafədə yerləşən iki nöqtəni birləşdirən qısa körpü rolunu oynaya bilər. Müəyyən köstəbək dəliyi tipləri köməyilə isə nəinki məkanda, hətta zamanda səyahət reallaşdırmaq mümkündür. Özü də ki, həm gələcəyə, həm də keçmişə.

Bunun üçün hər hansı yolla tunelin iki girişindən birini işıq sürətinə çatdırmaq, ardından isə ilkin vəziyyətə qaytarmaq lazımdır. Belə olduqda ikinci giriş (və ya çıxış) hərəkətsiz qalacaq, bu da onun üçün işıq sürəti yığmış digər girişlə müqayisədə zamanın daha sürətli keçdiyi mənasını verəcək. Yəni, girişlərdən biri üçün zaman yavaşlaması effekti meydana gələrkən, digər giriş normal zaman axını ilə mövcudluğuna davam etməli olacaq. Mahiyyətcə, soxulcan dəliyi oxşar manipulyasiyaların ardından indiki zamanla keçmişi birləşdirəcək.

Lakin bu üsulun ciddi məhdudiyyəti var - oxşar köstəbək dəliklərini yaratmaq üçün əlimizdə belə bir texnologiya olsa idi belə, biz, yalnız köstəbək dəliklərini yaratdığımız günə qədər keçmişə qayıda bilərdik. Hər nə qədər çalışsaq da, bu zaman aralığından daha əvvəlinə qayıdış mümkünsüz olardı, çünki daha əvvəlində köstəbək dəliyinə sahib deyildik. Qədim misirlilərin ehramları necə inşa etdiklərini gözlərimizlə görə bilməyəcəyik.

Belə zaman səyahəti üsulunun ikinci çətinliyi isə, bir az əvvəl də oxuduğunuz kimi, tunel girişlərindən birinin işıq sürətini yığmasını təmin etməkdir. 1988-ci ildəki elmi işində Kip Torn həmkarları ilə birlikdə iddia etdi ki, "daha inkişaf etmiş varlıqlar girişlərdən birini qravitasion və ya elektron üsullarla ani olaraq soxulcan dəliyinə yerləşdirərək, belə manevri yerinə yetirə bilərdilər". Bəşəriyyət hələlik bunu reallaşdıracaq səviyyədə deyil. Buna baxmayaraq gələcəyə səfər etməyi öyrənmişik. Birazca.

Son illərdə Eynşteynin möcüzəli nəzəriyyələrinin bəzi aspektlərinin özünü doğrultduğunun şahidi oluruq. Müasir elm dünyasında ən möhtəşəm hadisələrdən biri zaman yavaşlaması mövcudluğunun təsdiq edilməsi oldu. Bütün bu illər ərzində əsaslandığımız təlimlərin dahi alimin nəzəriyyələri olduğuna baxmayaraq, bu hadisənin reallığını göstərən təcrübəni yalnız bir il əvvəl həyata keçirə bildik. Məhz bu fenomen sayəsində gələcəyə səyahət edə bilərik.


Zaman yavaşlaması fenomeni bu ideyaya əsaslanır ki, işləyən saatlar üçün zaman daha yavaş irəliləyir, nəinki dayanmış saatlar üçün. Qravitasion effektlər də həmçinin zamanın irəliləyişinə təsir edə bilir. Obyektə təsir edən cazibə qüvvəsi nə qədər güclüdürsə və obyekt nə qədər sürətlidirsə, təsirə məruz qalmayan digər obyektlə arasındaki zaman fərqliliyi bir o qədər çoxdur. "Interstellar" filmində təsvir olunan qara dəliklər real kosmosda da elə bir ağırlıqda kütləyə sahibdirlər ki, yanlarında yerləşən obyektlər zamanda çox güclü şəkildə yavaşlayırlar.

Kosmik tədqiqat proqramları sayəsində artıq deyə bilərik ki, uzun illərdir özümüz də bilmədən zaman yavaşlaması ilə məşğul idik. Elə bu səbəbdən də Beynəlxalq Kosmik Stansiyasındaki saatlar Yer saatlarından geri qalır. Stansiya çox sürətli hərəkət etdiyindən və ona qarşı cazibə qüvvəsi zəiflədiyindən, onun üçün zaman daha tez gedir. Belə çıxır ki, planetimizin səthinə nə qədər yaxınıqsa, bizim üçün zaman bir o qədər yavaş keçir. Buna görə də Yer saatları ideal dərəcədə üst-üstə düşmür - onlar, dəniz səviyyəsindən müxtəlif hündürlüklərdə yerləşirlər.

Daha bir maraqlı zaman yavaşlaması nümunəsini GPS-peyklərdə müşahidə edə bilərik. Smartfonunuzdaki GPS-çip siqnalları daim Yer üzərində dövr edən 24 müxtəlif peyklərdən alır. Mövqeyinizin təyin edilməsi naviqasion peyklərdən ötürülən sinxronizə siqnallarının qəbulunun vaxt ölçməsi əsasında yerinə yetirilir.

Naviqasion GPS-sistemlərini yaradarkən alimlər aydınlaşdırdılar ki, peyklərin Yer orbiti ilə saatda 14 000 kilometrdən artıq sürətlə hərəkət etdiyi səbəbindən, peyklərə yerləşdirilmiş atom saatları daha tez zaman axışı nümayiş etdirirlər. Bu səbəbdən peyklər hər sutkaya 8 mikrosaniyə itirir. Bu, əlbəttə ki, bir o qədər də çox deyil, amma bu kiçik xəta belə Yerdəki obyektlərin mövqeyini təyin etmə hesablamalarında ciddi səhvlərin meydana gəlməsi üçün kifayətdir. Nəticədə bu tip relyativist effektləri tarazlamaq üçün alimlər peyklərdə vaxt axışına düzəlişlər əlavə edən alqoritmi yazmağa məcbur qaldılar.


Bütün bu kəşflər çox böyük əhəmiyyət daşıyır. Təsəvvür edin ki, bir gün kosmik gəmimizə minmək şansı əldə edib, yüksək sürətlə planetimizdən uzaqlaşsaq, bir müddət keçdikdən sonra isə geri dönsək nələr baş verər. Gələcəyə qayıtsaq. Elmi fantastika kimi səslənir, amma bunların hər birisinin real elmi sübutu var.

Əsas suallar açıq qalır: bu elmi fantastikanı bir gün fəaliyyətə çevirə biləcəyikmi və ya zamanda keçmişə səyahət mümkündürmü? Bu suallara elmin verə biləcəyi cavabları yoxdur, hələlik. Albert Eynşteynin nəzəriyyələri zamanın geri qaytarılmasını istisna edir. Lakin bu, sadəcə kağız üzərindədir. Ola bilsin ki, gələcəkdə planetimizin parlaq zəkalarından biri Eynşteynin səhvə yol verdiyini sübut etsin.

O ki qaldı köstəbək dəlikləri əsaslı zaman maşınlarına - biz, hələlik onların necə qurulduğunu anlamırıq. Öz soxulcan dəliklərimizi də yaratmağı öyrənməmişik. Geriyə yalnız xəyal etmək, fantaziya qurmaq və aramızda gələcəkdən gəlmiş ola biləcək yadplanetliləri axtarmağa davam etmək qalır.

"Interstellar" filmini isə heç olmasa bir dəfə izləməlisiniz, çünki orada toxunulan elmi mövzular bir çoxlarımızı həyatda maraqlandırır. Kristofer Nolan və Kip Tornun birgə əməyi sayəsində bu film sizə köstəbək dəliklərini və qara dəlikləri, zamanın nisbiliyini və çoxölçülü sferanı maksimal qədər elm nöqteyi-nəzərindən nümayiş etdirəcək.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Qara dəliyin içərisində yaşayırıq?
Zaman səyahətçisi internetdə axtarılır
Kompüter modeli zaman səyahətini təsdiqlədi
daha ətraflı...

October 1, 2014

Nitqin təkamülü

İnsanın nitq qabiliyyəti beynin nitq mərkəzinin neyron aparatı sayəsində mümkün olur. Neyron şəbəkələrinin strukturu genomla müəyyənləşir. Nitq vərdişini yaradan neyronların məhz hansı genlərlə idarə olunduğu 2001-ci ilədək elmə məlum deyildi. Həmin il anadangəlmə nitq qüsurlarından əziyyət çəkən bir ailə üzvlərinin genomunu öyrənməklə müəyyən edilmişdi ki, bu adamlarda FOXP2 geni mutasiyaya uğramışdır. Bu səbəbdən onların tələffüz çətinlikləri, sintaksis problemləri vardı, habelə onlar normal nitqli adamların danışığını çətinliklə başa düşürdülər. Beləcə, bir ailənin probleminin öyrənilməsi nəticəsində elm qarşısında yeni üfüqlər açıldı.

Tezliklə müəyyən edildi ki, FOXP2 geni nəinki nitqin aydınlığını təmin edir, ümumiyyətlə, insanın nitq qabiliyyətinin və digər vərdişlərinin yaranmasında bu genin mühüm rolu var. Eyni genin başqa canlılarda olması da bunadək məlum idi. Amma, məsələn, şimpanzedə bu gen insanda olduğundan iki nukleotid “hərfi” ilə fərqlənir. Təkamül prosesində məhz bu iki “hərflik” mutasiya primitiv səslər çıxarmağa malik səs aparatının mürəkkəb nitq aparatına çevrilməsində əhəmiyyətli rol oynamışdır.

2009-cu ildə çox maraqlı bir eksperiment aparıldı. İnsanın FOXP2 genini siçan genomuna daxil etdilər. Əlbəttə, bunun sayəsində siçanlar insan səsi ilə danışa bilməzlər (bunun üçün, insanda olan bütöv nitq aparatı gərəkdir), lakin nəticələr heyrətamiz idi: genomu dəyişdirilmiş siçanlar digər siçanlarla müqayisədə daha mürəkkəb səslər çıxarırdılar. Sonrakı tədqiqatlarla müəyyən olundu ki, insanın nitq geni daxil edilmiş siçanlarda striatum (yaxud, zolaqlı cism) neyronlarının aktivliyi yüksəlmişdir. İnsanda bu sahənin neyronları müxtəlif vərdişlərə, o cümlədən nitq vərdişlərinə yiyələnməni təmin edir. Kişi və qadınlarda FOXP2 zülalının səviyyəsi fərqlidir. Xüsusən, qız uşaqlarında oğlanlarla müqayisədə 3 dəfə yüksəkdir. Məhz bu fərqlilik, alimlərin fikrincə, qadınların danışmağa, ünsiyyətə daha meylli olmasına səbəb olur. Həmçinin, ayrıca kişilərin və qadınların öz müqayisəsində də müəyyən fərqlər vardır ki, ola bilsin, bəzi adamların qaradinməz, bəzilərinin deyingən, qeybətcil olmasının bioloji əsası bundan irəli gəlir.

2013-cü ildə bu sahədə daha bir mühüm kəşf edildi. Belə ki, ABŞ-ın Con Hopkins Tibb Məktəbinin tədqiatçılarının dərc etdirdiyi məqalədə FOXP2 ilə bağlılığı olan digər genin – SRPX2-nin insan beyninin nitqə cavabdeh mərkəzində neyronlar arası əlaqələrin dinamikasına nəzarət etdiyi sübut edildi. Mümkündür ki, bu prosesdə digər genlər də hər hansı bir formada iştirak edirlər. Hələlik məlum olan bunlardır.

Qeyd olunan genlərin nitqi necə əmələ gətirdiyi ilə bağlı bir çox suallar indiyədək açıq qalsa da, prosesin mahiyyəti ümumi şəkildə məlumdur. Heyvanlarda olduğu kimi, insanda da öyrənmə (vərdişə yiyələnmə) prosesi iki şərti mərhələdən ibarətdir. Birinci mərhələdə vərdiş, onun ayrı-ayrı ünsürlərinin qavranması yolu ilə mənimsənilir. Məsələn, velosiped sürməyi öyrənən adam ilk növbədə sükanı düz saxlamağa, onu idarə etməyə çalışır (vərdişin əllərə aid olan hissəsi), bununla eyni zamanda ayaqlarını pedallara sıxır, onları hərəkətə gətirir (ayaqlarla bağlı hissə). Əvvəlcə bu proses bizdən maksimal konsentrasiya olunmağı tələb edir, lakin bir müddət sonra bu işə öyrəşirik. Daha ilk dəfə olduğu kimi gərgin diqqət tələb olunmur. Bununla da vərdişin inkişafında ikinci, “şüursuz” mərhələ başlayır. Daha az diqqət sərf etməklə velosipedi rahat idarə edə bilirik və sürməyə davam etdikcə bu vərdiş daha da təkmilləşir, avtomatlaşır, hər bir insan üçün adi şəraitdə mümkün olan bacarıq səviyyəsinə çatır.

Eyni prosessual gedişat uşaqların dil öyrənməsinə, yaxud dil bilən adamların yeni dil öyrənməsinə də aiddir. Əvvəlcə ayrı-ayrı sözlər və cümlə qurmanın sintaksis qaydaları mənimsənilir, sonra isə bütün diqqətimizi toplayıb yeni dildə cümlə qurmağa çalışırıq. Və nəhayət vərdişimiz konkret çərçivələrdə mümkün olan avtomatlaşma halına gəlir. Öyrənmiş oduğumuz yeni dildə danışmaq artıq çətinlik törətmir.

Massaçusets Texnologiya İnstitutundan olan tədqiqatçılar FOXP2 geninin nitq vərdişinə yiyələnmə prosesinin hansı mərhələsində zəruri olduğunu müəyyən etməyə çalışıblar. Adi siçanlar və insanın FOXP2 geni daxil edilmiş siçanlar üzərində iki eksperiment aparılıb. Birinci eksperimentdə siçanlar onlara verilən yemə çatmaq üçün xüsusi hazırlanmış labirintdən keçməli idilər. Bu halda “insanlaşdırılmış” siçanlar qidaya çatmağın ən qısa yolunu adi siçanlarla müqayisədə daha yaxşı tapır və buna görə qidaya daha tez çatırdılar. İkinci eksperimentdə mütəxəssislər labirinti elə qurmuşdular ki, siçanlar mümkün marşrutun hər bir hissəsini ayrılıqda yoxlaya bilsinlər, yəni, bir-birindən ardıcıllıqla ayrılmış bu hissələrdə bir neçə variant arasında cəmi bir doğru variant saxlanılmışdı ki, siçanlar bunları bir-bir təyin edib marşrutu tamamlamalı idilər. Bu halda siçanlar biri digərindən hansısa önəmli üstünlük göstərə bilmədilər.

Beləliklə, təcrübə nəticələrinə əsaslanaraq hipotez irəli sürüldü ki, nitq vərdişinə cavabdeh olan genlər təlim (vərdişə yiyələnmə) prosesinin müxtəlif fazaları arasında keçidləri daha yaxşı təmin edir. Başqa sözlə, striatum neyronları təlim prosesinin ayrı-ayrı fazalarını müxtəlif variantlı (amma bəlli istiqamətli) ardıcıllıqla özlərində “kodlaşdırır”, bir fazanın “kodlaşdırılması” başa çatdıqdan dərhal sonra ikinci, üçüncü və digər fazalara keçid edilir. Məsələn, bizə tamamilə yad olan dildə bir cümləni əzbərləmək lazım gələrsə, biz bu cümlədə olan hər bir sözü ardıcıllıqla bir-bir əzbərləməyə çalışırıq. Hər bir əzbərlənmiş söz müvafiq neyronların yeni əlqələrinin əmələ gəlməsi sayəsində mümkün olur. Əgər bu cümləni dəfələrlə əzbərdən təkrar etsək, o, bizim yaddaşımızda həmişəlik qala bilər. Təkrarlar kifayət qədər olmadıqda, müəyyən zamandan sonra həmin cümləni tam ya qismən unuduruq. O deməkdir ki, həmin cümləni son dəfə tam olaraq səsləndirə bildiyimiz andan keçən dövr ərzində, neyronların əlaqə kombinasiyaları tam ya qismən itirilmişdir. Eləcə də, məsələn, bu qanunauyğunluq səbəbindən, insanlar əvvəllər çox yaxşı bildikləri doğma dillərini uzun müddət istifadə etmədikdə unuda bilirlər.


Siçanlar üzərində aparılan təcrübələrdə onların müxtəlif vərdişlərə yiyələnməsi prosesi hüceyrə səviyyəsində tədqiq edildi. Müxtəlif vərdişlərin ayrı-ayrı fazalarının mənimsənməsi siçanların striratumunda neyron şəbəkəsinin struktur dəyişmələri ilə müşayiət olunur. Və bu zaman, insanın FOXP2 geni yeridilmiş siçanların stiratumunda dəyişiklik daha fəal şəkildə baş verir. Məhz bu faktor belə siçanları daha bacarıqlı edir.

İnsandaki FOXP2 geninin təribən 200 min il əvvəl əmələ gəldiyi hesab olunur. Aydındır ki, yalnız bir genin sayəsində nitq imkanı meydana çıxmamışdır. Bu, FOXP2-nin də daxil olduğu bütün gen şəbəkəsinin qarşılıqlı fəaliyyəti nəticəsində mümkün olmuşdur. Qədim insanların daha mürəkkəb ünsiyyət məcburiyyətində qalması və bunun min illərlə davam etməsi ona səbəb olurdu ki, insanlar müxtəlif obyektləri, hadisələri bir-birindən fərqləndirmək üçün əvvəlcə fərqli səslərdən istifadə edir, səslərin özünü bir-birindən fərqləndirmək üçün onlara fərqli ton, intonasiya verir, yaxud müxtəlif səs birləşmələrindən istifadə edirdilər. Bu proses tədricən mürəkkəb sözlərin yaranmasına doğru gedirdi. Eyni zamanda, yeni vərdişlər yeni neyron əlaqələri doğururdu. Yeni neyron əlaqələrinin bir həddədək çoxalması yəqin ki, FOXP2, SRPX2 və digər əlaqəli genlərdə əvvəlcə epigenetik çevrilmələrə, bunların nəticəsində isə mutasiyalara səbəb olmuşdur.

Həmçinin oxuyun:

"Bəs yatmasaq necə olar?"
İlk dəfə insanın şüuru "söndürüldü"
İnsan bədəninin yararsız rudimentləri
daha ətraflı...

August 31, 2014

"Yadplanetliləri taparıq... siyasətçilər qoysa"

Yadplanetli varlıqları televizor və kinoteatrlarda görmək olar, amma onları hələlik real həyatda görməyi bacarmamışıq. Yadplanetli dedikdə ilk öncə ağla fantastik filmlərdən tanıdığımız "yaşıl insancıqlar" və üzləri qırışmış klinqonlar gəlsə də, alimlərin dediyinə görə kosmosda ən geniş yayılmış həyat forması mikroblardır.

Sübutların olmamasına baxmayaraq hətta ən skeptik alimlər belə Yerdən kənarda yadplanetli həyatının mövcudluğuna şübhə etmir. Bununla, Yerdənkənar sivilizasiyaların axtarışı ilə məşğul olan SETI layihəsinin baş astronomu Set Şostak da razıdır. Dəlillərin növbəti nəslə qədər əldə olunacağı güman edilir. İllərdir gizli qalan astronomik faktlara yiyələnən alimlər indi əvvəlkindən daha əmindirlər.

NASA-nın buraxdığı kosmik teleskop "Kepler"-ə minnətdar olmaq lazımdır - cihazın köməyilə artıq kosmosda bizim sistemi xatırladan müxtəlif tipli ulduzlar və planetlərin mövcud olduğunu əminliklə dilə gətirə bilirik. Son 20 il ərzində tapılmış və bu gün də axtarılmaqda olan 1000-dən çox planet - bu rəqəmlər insanı daha da ümidləndirir. Belə tapıntılardan sonra təkcə bizim Samanyolu qalaktikasında trilyon qədər kiçik kosmik cismlərin olduğunu proqnoz etmək olar.

"Kepler" məlumatlarının daha dərin təhlili göstərir ki, minimum qalaktikamızın hər beş ulduzundan biri ölçü və orta temperatur baxımından Yerə oxşar olan planetlərə sahib ola bilər. Belə planetlər atmosferlə örtülü ola və maye su ehtiva edə bilər. Başqa deyimlə, Samanyolu Yerin milyardlarla qardaşının da yuvası ola bilər.

Bütün bu dünyaların steril olduğu ilə razılaşmaq çətindir. Bizi və planetimizin bütün flora və faunasını yaradan şərtlər möcüzəvi idi. Amma bütün möcüzələr axır-əvvəl elm tərəfindən məhv edilir. Mahiyyətcə yadplanetli həyatını təsdiqləmək və ya təkzib etmək üçün 3 üsul var və bunların hər birisi uzunmüddətli, çətin və külli miqdarda pul tələb edən eksperimentlərdən asılıdır.

İlk öncə, yadplanetli həyatı kosmik miqyasda "bir addımlığımızda" yerləşən planetlərdə də aşkar edilə bilər. Hələlik ən real cəhdlər Marsda yerinə yetirilir. Lakin indiyəcən edilmiş axtarışların əksəriyyəti "əlavədir". Set Şostak yerində qeyd edir ki, "bunlar, həyat aşkar etmə cəhdləri yox, həyatın harada aşkar edilə biləcəyinin axtarış cəhdləridir və heç bir proqress yoxdur".

Şübhəsiz ki, Mars Yerdənkənar canlılıq nümunələri üçün əsas kandidat planet olaraq qalır. Bundan başqa, bir sıra mütəxəssislər Saturn və Yupiterin peyklərini də siyahıdan kənarda qoymur. Ən azından bu peyklərdən beşi həyat sferası üçün lazımlı mühitə, əsasən də maye suya, Titan isə təbii qaza malik ola bilər.

Bu peyklərdə inkişaf edə biləcək canlılar ancaq mikroorqanizmlər olmalıdır. Onların mövcudluğu uçuş missiyası, təbii qeyzerlərdən cütləşmə müşahidələri və buzu deşərək onlarla kilometr dərinliklərə enə biləcək qazıcı cihazların oraya göndərilməsi kimi bir neçə üsulla aydın ola bilər. Təəssüf ki, bu missiyaları yerinə yetirəcək kəşfiyyat aparatların böyük bir hissəsi hələ də layihənin ideyası olaraq qalır. Proqress ləng addımlarla gedir, buna da əsas səbəb kosmik tədqiqatların maliyyələşdirilməsi problemidir.

Yadplanetliləri tapmaq üçn istifadə edə biləcəyimiz ikinci üsul planetlərin atmosfer analizidir. Spektroskopiya adlanan bu üsulla hətta ən uzaq kosmik məsafələrdə yerləşən planetlərin belə atmosfer tərkibini araşdırıb, mühim kəşflərə imza atmaq olar. Praktikada bir çətinlik meydana çıxır: uzaq planetlər tutqundur, ətraflarındaki ulduzlar isə həddindən artıq parlaqdır. Astronomların "görmə" qabiliyyətini yaxşılaşdıra biləcək çoxelementli orbital teleskoplar və kosmik nəhəng işıq blokatorları yaratmaq olar. Mühəndislər belə qurğuları növbəti onilliklərdə hazırlaya biləcəklər - əgər təbii ki hər hansı bir varlı siyasətçinin bu layihəyə ayıra biləcək pulu tapılsa.

Üçüncü üsul isə təkcə yadplanetli olmaqla kifayətlənməyib, həm də təkamül müddəti ərzində üstün intellektə sahiblənmiş kosmik qardaşlarımızın axtarışı üçün planlaşdırılıb - radiosiqnalların dinlənilməsi və lazer və ya istilik şüalarının axtarışı. Bəli, gözlədiyiniz kimi, bu üsul da maddi baxımdan güclü dəstək tələb edir.

Hesab olunur ki, 2015-ci ilə NASA-ya planetologiya, astrofizika və yeni Ceyms Vebb teleskopu üzərində aparılan işlər üçün ümumilikdə 2,5 milyard dollar vəsait ayırılıb. Bu sahələr üçün ayırılan pulun miqdarı, demək olar ki, kafidir, amma yenə də azdır. "Ən azından ABŞ-ın ümumi dövlət büdcəsinin mində bir hissəsindən də xeyli azdır", Şostak deyir.

Üçüncü üsul ilə məşğul olan SETI layihəsinə ayırılan vəsait də həmçinin ondan 1000 dəfə azdır. Bütün bu faktları göz qarşısına qoyaraq vurğulamaq olar: Yerin uzaq və ya yaxın yanında yadplanetli canlı formalarının mövcud olduğunu bilmirik, amma kainatın bütün şərtləri bizə bu fikrin olduqca inandırıcı olduğunu göstərir. Bunu təsdiqləmək üçünsə Kainatın araşdırmalarımıza maddi dəstək verə bilməyəcəyini nəhayət anlamaq lazımdır.

Həmçinin oxuyun:

20 il sonra yadplanetlilərlə ilk əlaqə yaradılacaq
İki ulduzlu sistemlərdə həyat ehtimalı yüksəkdir
Kosmosda həyat necə keçir?
daha ətraflı...

August 26, 2014

Müasir növyaranma və təkamül nümunələri

Mövzu ilə əlaqədar yüzlərlə nümunə göstərmək olar. Bunlardan bir neçə müasir növyaranma nümunəsini sizlərlə bölüşmək istəyirik. Gələcəkdə siyahını bir az da genişlədə bilərik:

1) 1958-1963-cü illər arasında Drosphila paulistorum adlı bir növə aid iki populyasiya, süni seçmə nəticəsində o qədər fərqliləşdi ki, bu illər ərzində iki növə ayrılaraq əvvəllər tamamilə məhsuldar balalar törədərkən, qısır hibridlər törətməyə başladılar. Eyni növdən olmalarına baxmayaraq bir-birlərinə olan cinsi uyğunluqları azalmağa başladı. Bu, Nature jurnalının 1971-ci ildəki bir sayında məşhur Nəzəri Təkamül Bioloqları Theodius Dobzhansky və Pavlovsky tərəfindən nəşr olundu (23: 289-292).

2) 1967-ci ildə Evolution jurnalında (21: 713-719) Doskuin tərəfindən yazılan bir məqaləyə əsasən Epilobium angustifolium adıyla tanınan bir bitki növü, xromosomal cütlənmənin qorunması nəticəsində (poliplodiya) əcdadlarıyla artıq cütləşə bilməyən yeni bir növ meydana gətirdi.

3) Stanley'in 1979-cu ildə "Macroevolution: Pattern and Process" adlı kitabının 41-ci səhifəsində açıqladığı kimi Farer Adalarında yaşayan bir ev siçanı növü daha əvvəl adaya Avropalılar tərəfindən gətirilən adi ev siçanından, 250 ildən az bir müddətdə təkamülləşdi və morfoloji olaraq ciddi fərqliləşmələr fonunda cinsi istəksizlik və məcbur etmələrə qarşı əcdad növlə cütləşməmə vəziyyəti müşahidə olundu.

4) Məşhur Təkamül Bioloqu Ernst Mayr'ın "Populations, Species and Evolution" adlı kitabının 348-ci səhifəsində açıqladığı kimi, Nagubago gölündə yaşayan Sihlid Balıqlarına aid 5 yeni növ son 4000 il iərzində əcdad növdən təkamülləşdi. Təkamülləşmə lokal izolyasiya nəticəsində meydana gəldi. Növyaranma prosesi nəticəsində yeni növlər əcdadlarıyla cütləşə bilməməyə başladılar və morfoloji olaraq dəyişildilər. Kənar müdaxilə nəticəsində bəzi balalar doğulsa belə, bunların qısır olduğu aydın oldu.


5) Yemlik bitkisi, Amerikaya Avropadan 20-ci əsrin əvvəllərində gətirildi. Bir neçə on ildə bitki bütün Qərbi Amerikaya yayıldı. Yayıldığı yeni yerlərdə növyaranma prosesi müşahisə edildi və 1940-cı illərdə, yəni bir neçə on ilə ilk gətirilən bitkilərlə (əcdadları ilə) cütləşə bilməməyə, cütləşsə belə qısır döllər verməyə başladı. Bu tarixdə Vaşinqtonda da iki yeni yemlik növünün təkamülləşdiyi aydın oldu. Bu iki yeni növün isə eynilə Qərbi Amerikadakı hibridlər kimi göründüyü, lakin onlarla cütləşdirilmə müdaxiləsi edildikdə qısır döllər verdiyi aydın oldu. Bu növləşmə hadisəsi, Scientific American jurnalının 1989 fevral nəşrinin 22-ci səhifəsində "A Breed Apart" başlığıyla nəşr olundu.

6) 1800-cü illərin ortalarında Rhagoletis pomonella adlı bir milçək növü yalnız Şimali Amerikada olan yemişan (hawthorn) üzərində yaşayır, cütləşir və yumurtalarını qoyurdu. Amma bundan 150 il əvvəl avropalılar Şimali Amerikaya alma ağaclarını gətirmişdi. Bundan sonra, Rhagoletis'lərin bir hissəsi digərləri ilə eyni mühitdə yetişən alma ağacları üzərində yaşamağa başladı. Bunun səbəbi alma ağaclarının yemişan bitkisi ilə olduqca yaxın qohumluğunun olmasıdır. İndi əhəmiyyətli bir fərqə nəzər yetirmək lazımdır: Alma yemişanla müqayisədə fərqli qoxu verirdi və mövsümi yetkinləşmə dövrü yemişanı qabaqlayırdı.

Alma ağacları yeni bir həyat sahəsi olduğu və hələ ələ keçirilmədiyi üçün ağaclar üzərinə yerləşən Rhagoletis'lər qısa bir müddətdə azadlıq üstünlüklərini istifadə edərək saylarını artırdılar və alma ağacının qoxusunu seçim edə və almanın yerişdiyi dövrdə yumurtalarını qoyaraq dəyişilməyə başladılar. Digər tərəfdə isə yemişan üzərində yaşayanlar həyatlarını əvvəllər olduğu kimi davam etdirirdilər.

Hal-hazırda Şimali Amerikada iki qrup Rhagoletis pomonella yaşayır. Bir qrup yumurtalarını ancaq yemişan üzərindəki meyvələrə qoyur, digər qrup isə ancaq alma ağacları üzərinə. Bundan başqa bu iki bitkinin yetkinləşmə dövrləri bir-birindən fərqli olduğuna görə aralarında coğrafi izolyasiyaya bağlı olmadan ibarət olan cinsi izolyasiya meydana gəlmişdir - yəni iki qrup (variasiya, növ) bir-biri ilə uzun illərdir cütləşmir və hər zaman öz aralarında cütləşirlər. Halbuki ağaclar çox vaxt yaxın bölgələrdə olur.


Tədqiqatçılar bu iki qrupun bir-birindən hər ötən il daha da uzaqlaşdığını və növyaranma yolunda getdiklərini düşünürlər. Hətta artıq bunlara iki fərqli alt növ olaraq baxan alimlər belə var. Çünki bu iki qrupun sürfəyə çevrilmə zamanı, böyümə sürətləri və s. xüsusiyyətləri olduqca fərqliləşib. Belə ki, bir parazit növü yalnız alma üzərindəki qrupa təsir edə bilir, digər qrupa təsir edə bilmir - bu da genetik fərqliləşməyə gətirib çıxarır. Bu, simpatrik növyaranmaya aid gözəl nümunədir.

7) Viruslar və bakteriyalar ən aktual təkamülləşmə nümunələridir. Məsələn HIV virusu 1930-cu illərdə ilk dəfə ortaya çıxmış və 1940-cı illərdə növyaranmaya uğrayaraq HIV-1 və HIV-2 növlərinə ayrılmışdır. Sonradan aparılan bir neçə araşdırma isə bu iki növün bir-birindən ayrı təkamülləşdiyini və insanı yoluxdurduğunu göstərmişdir. Bu, coğrafi izolyasiyadan və yüksək mutasiya sürətindən qaynaqlanır. Daha sonra virus təkamülləşməyə davam etmiş və alt növlərə ayrılmışdır (yəni başqa növyaranmalar də başlamış, lakin indiki vaxtda bunlar tamamlanmamışdır, təkamülləşmə mərhələsindədir). HIV-1-in onlarla alt növünün hamısı Afrikada var; yalnız bir neçə alt növü Şimal Amerika və Avropada da görülür. Məsələn HIV-1B alt növü 1990-cı ilin əvvəlində Tailanddakı üstün növdür. Daha sonra təbii seçmə ilə uduzmuş və yerini HIV-1E alt növünə vermişdir. Rusiyada HIV-1-in 4 alt növü vardır. HIV-1 və HIV-2 arasında qətiyyə gen transferi olmur, amma alt növlər arasında transfer reallaşa bilər. Bəzi insanlar iki virus növünü də daşıyır və heç vaxt bu, iki virusun hibridi ola bilməz. Mövzuyla maraqlananlar üçün Steve Jones'in "Haradasa Bir Balina" adlı kitabını tövsiyə edirik.

8) 1991-ci ildə Canadian Journal of Zoology'nin 68-ci sayının 1747-1760-cı səhifələri arasında Bullini və Nascetti'nin izah etdiyi kimi Phasmatodea dəstəsinə aid bəzi həşəratlar arasında növyaranma meydana gəlmişdir və populyasiyalar bir-biriylə cütləşə bilməyəcək qədər fərqliləşmişdir.

9) Australian Journal of Zoology jurnalının 37-ci sayının 351-353-cü səhifələri arasındakı məqalədə Sharman, Close və Maynes'in izah etdiyi kimi qaya valabilərində (Petrogale cinsi) növləşmə müşahidə olunmuşdur.

10) Evolution jurnalının 45-ci sayının 757-764-cü səhifələri arasında Spooner və digərlərinin izah etdiyi kimi Solanum raphanifolium növünün iki yeni növə təkamülləşdiyi və bu iki yeni növün bir-biriylə cütləşə bilməyəcək qədər fərqliləşdiyi təyin olunmuşdur.

11) 1987-ci ildə nəşr olunan, Yosida'nın "Cytokinetics of the Black Rat" adlı kitabında Rattus cinsindən olan siçanlara ilk olaraq təxminən 5-ci əsrdə rast gəlindiyi və indiki vaxtda bu cinsə aid 137 növ olduğu ətraflışəkildə göstərilir.

12) American Journal of Botany'nin 60-cı sayında Gottlieb'in izah etdiyi kimi Stephanomeria malheurensis adlı bir bitki Oregonun Burns qəsəbəsində bir neçə on ilə iki yeni növə təkamülləşmişdir və bu bitkilər hal-hazırda bir-biriylə cütləşə bilmir.

13) 1940-cı illərdə Primula bitkisi iki yeni növə təkamülləşmişdir və bu növlərdən sıfırdan təkamülləşən qrupa Primula kewensis adı verilmişdir. Bu, 1950-ci ildə Stebbins tərəfindən yazılan "Variation and Evolution en Plants" adlı kitabda izah olunur.

14) 1988-ci ildə American Naturalist jurnalında (131: 911) dərc edilən bir məqaləyə əsasən 2 alim Drosophila melanogaster növündən olan meyvə milçəklərini təcrid edərək cəmi 25 nəsil ərzində 2 yeni növ əldə etmişdir. Bu növlər bir-biriylə məhsuldar döllər verə bilmir.


Siyahını uzatmaq olar... Amma mövzunu hələlik bu sözlərlə nöqtələyək: Təkcə 1987-1991 illər arasında dərc edilmiş məqalələrdə 100-dən çox yeni və müasir növyaranma nümunəsi aşkar edilmiş və müxtəlif elmi jurnallarda yayımlanmışdır.
daha ətraflı...

August 1, 2014

"Pişik diridir, ya ölü?"

1935-ci ildə nüfuzlu fizik, Nobel mükafatı laureatı və kvant mexanikasının banisi Ervin Şrödinger məşhur paradoksunu hazırlayır.

Alim irəli sürür ki, əgər hər hansı bir pişiyi götürüb, içərisini müşahidə edə bilmədiyimiz və içərisində "cəhənnəm maşını" quraşdırılmış poladdan qutuya yerləşdirsək, bir saat sonra pişik eyni anda həm ölü, həm də diri vəziyyətdə olacaq. Qutu içərisindəki mexanizm belədir: Geyger sayğacı içərisində mikroskopik miqdarda radioaktiv maddə yerləşir, hansı ki bir saata yalnız bir atoma parçalanır - eyni ehtimalla parçalanmaya da bilər. Parçalanma baş versə mexanizm işə düşərək, çəkicin, içərisində sinil turşusu olan qabı sındırmağına səbəb olacaq, dolayısıyla da pişik öləcək. Lakin əgər parçalanma baş verməsə qab sınmayacaq və pişik sağ və salamat qalacaq.

Əgər söhbət pişik və qutudan deyil, subatom hissəciklərin dünyasından getsəydi alimlər pişiyin eyni anda həm sağ, həm də ölü olduğunu iddia edəcəkdilər, lakin makrodünya səviyyəsində belə bir ümumiləşdirmə düzgün olmazdı. Elə isə əsas mövzu materiyanın daha kiçik hissəcikləri olduqda, niyə belə anlayışlara üz tuturuq?

Şrödingerin illüstrasiyası kvant fizikasının əsas paradoksunun izahı üçün ideal nümunə hesab olunur: qanunlara əsasən, elektronlar, fotonlar və hətta atomlar kimi hissəciklər eyni anda iki vəziyyətdə mövcuddurlar ( işgəncə verilən pişiyi xatırlayaq - "diri" və "ölü" vəziyyətlərində). Belə vəziyyətlər superpozisiyalar adlanır.

Arkanzas Universitetindən olan fizik Art Hobson ötən il bu paradoksun həlli üçün şəxsi variantını irəli sürüb. O, bildirir ki, Şrödingerin paradoksunda pişik makroskopik cihaz - nüvənin parçalanması və ya parçalanmamasının müəyyənləşdirilməsi üçün radioaktiv nüvəyə birləşdirilmiş Geygerin sayğacı rolunu oynayır. Belə halda diri pişik "parçalanmamağın" indikatoru, ölü isə "parçalanmağın" göstəricisi olacaq. Amma kvant nəzəriyyəsinə əsasən, pişik eynən nüvə kimi iki "həyat" və "ölüm" superpozisiyalarında da mövcud olmalıdır.

Bunun əvəzinə pişiyin kvant vəziyyəti atomun vəziyyətinə dolaşmalıdır ki, bu da onların bir-biri ilə qeyri-lokal əlaqədə olduğu mənasını verir. Yəni, dolaşıq obyektlərdən birinin vəziyyəti anidən əksə doğru çevrilsə, bir-birindən hansı məsafədə olduqlarından asılı olmayaraq digər cütünün vəziyyəti də eynən belə dəyişiləcək.

Kvant dolaşıqlığı nəzəriyyəsinin ən maraqlı üzü budur ki, hər iki hissəciyin də vəziyyətinin dəyişilməsi ani olaraq baş verir: heç bir işıq və ya elektromaqnit siqnal informasiyanı bir sistemdən digərinə ötürməyə vaxt tapmazdı. Beləliklə, bunun, məkan vasitəsilə iki hissəyə bölünmüş vahid obyekt olduğunu qeyd etmək olar.

Hobsonun göstərdiyi kimi, Şrödingerin pişiyi artıq eyni anda həm diri, həm də ölü deyil - paradoks həll oluna bilər. Ən sadə izah olaraq, əgər parçalanma baş versə pişik öləcək, baş verməsə - yaşamağa davam edəcək.

Həmçinin oxuyun:

Kvant fenomeni zamanı illüziyalaşdırır
İşığın sürəti daha azdır?
Zamanda informasiya mübadiləsi mümkündür
daha ətraflı...

July 15, 2014

"Bəs yatmasaq necə olar?"

Sutkada 6-8 saat yuxu yatırsınızsa hansı xəstəliklərə meylli ola və neçə illik ömür yaşaya bilərsiniz? 10 saat yatsaz necə? Bəs 11 sutka oyaq qalsaz vəziyyətiniz necə olar?

Qəribə səslənsə də yuxunun nə səbəbləri, nə də təkamül mənşəyi elmə praktiki olaraq məlum deyil. Axı təbiət nöqteyi-nəzərindən yuxunu əlverişli və məqsədəuyğun hesab etmək doğru deyil. Əgər insan və ya bir heyvan yuxuya dalırsa şüuru bir neçə saatlığına sönmüş olur. Belə vəziyyətdə canlının yırtıcılara qurban olma şansı bir neçə dəfə artır.

Bununla belə alimlər səbəbləri olmasa da, yuxunun əlverişlilikdəki bəzi qanunauyğunluqlarını aşkar etməyə nail olublar. Məsələn, məlum olub ki 6-8 saat yuxu yatan yetkin insanlara uzunömürlülük xarakterikdir. Yuxu azlığı isə əksinə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmçinin sadalanan xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

Bəs heç yatmasaq nə olar? İlk yuxusuz gecədən sonra insan beynində mezolimbik sistem aktivləşərək, qana dofamin atır. Bu təsirin nəticəsi olaraq insan daha enerjili, pozitiv və seks planında aktiv olur. Yaxşıdır, elə deyil? Tələsməyin, ən pisi qabaqdadır. İlk öncə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar deaktivləşir. Özünüidarə zəifləyir. Yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşlayır və ətraf aləmi dərk etmə funksiyaları azalır.


İkinci yuxusuz gecədən sonra insan orqanizmində qlükoza mübadiləsi və immum sistemi fəaliyyəti pozulmağa başlayır. Yuxusuz qalmış üçüncü gecədən sonra isə ilk hallüsinasiyalar meydana gələ bilər.

Elmi təcrübə çərçivəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam etdirilib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Soruşa bilərsiniz ki, bu prosesdə alimlər nəyi aydınlaşdırmağa nail olublar. Nəticələr gözlənilməz olub: 11 yuxusuz gecə keçirmiş insanda dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərki çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməyə davam edib - nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixiki pozulmalar meydana gəlib. Lakin qeyd etmək lazımdır ki, təcrübə elə bu mərhələdəcə dayandırılıb. Bu səbəbdən yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz.

Siçanlar üzərində aparılmış sınaqlar göstərmişdi ki, iki həftəlik yuxu məhdudiyyəti bu heyvanlarda ölümlə nəticələnir. Amma ölümün səbəbinin yuxusuzluq olduğuna da tam əmin olmaq "elmi" deyil, çünki orqanizmin dayanması davamlı ayıltmalarla əlaqəli ola bilər. Bəlkə də bu problemin həlli fatal ailə yuxusuzluğu tədqiqatlarından sonra aydın olacaq. Bu, beynin elə bir nadir genetik xəstəliyidir ki, insan davamlı və daha ağır yuxu pozğunluqlarından əziyyət çəkir. Bu xəstəliyə yoluxduqda faktiki olaraq insan yuxusuzluqdan əziyyət çəkir, hansı ki ilk öncə hallüsinasiyalara, daha sonra isə psixiki pozuntulara gətirib çıxarır, məntiqi son isə ölüm olur. Belə yuxusuzluq formasından əziyyət çəkmiş insanların sayı yüzdən artıq olmasa da, xəstəlik müşahidə edildikdən sonra orta ömür müddəti 18 ayı aşmır. Dəhşətli yuxusuzluq xəstəliyi proqressivləşdikcə daxili orqanlar ard-arda sıradan çıxır. Başqa deyimlə lazımi miqdarda yuxu almamaq tez ölümə bərabər olmasa da, yuxusuzluğun davam etdirilməsi orqanizmə mənfi təsir göstərə və bu da sonda ölümcül nəticələr doğura bilər.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Yuxularımıza necə nəzarət edə bilərik?
İlk dəfə insanın şüuru "söndürüldü"
IQ və yuxu əlaqəsi
daha ətraflı...

May 29, 2014

Kosmosda həyat necə keçir?

Kosmonavtlar saçlarını necə qırxır? Çəkisizlikdə ağlasaq nə baş verər? Dişlərin yuyulmasından sonra diş məcununu hara tüpürməliyik? Beynəlxalq Kosmik Stansiyası astronavtı Kris Hedfild bütün kosmik sirrlərə aydınlıq gətirir.

Kosmos heyranları məkan deformasiyası, teleportasiya ötürücüləri, plazma silahları və yadplanetli həyatı haqda danışmağı sevir. Bununla yanaşı real kosmik həyatda başqa kifayət qədər maraqlı detallar da var və bunlar haqda yalnız orbital stansiyada olmuş insanlar xəbərdardır.

Kanadalı astronavt Kris Hedfild (açıq kosmosda olmuş ilk kanadalı) hazırladığı videoroliklərində bu sirrlərdən bir neçəsini öz izləyicilərinə təqdim edir: Beynəlxalq Kosmik Stansiyasında həyat necə keçir?

1. Kosmosda nəmli dəsmalı sıxsaq nə olar?



2. Dırnaqları tutduqda onların ətrafa dağılmaması üçün hava kanalından yararlanmaq lazımdır



3. Çörək qırıntılarının ətrafa dağılmaması üçün buterbrod hazırladıqda lavaşdan istifadə etmək lazımdır



4. Dişləri yuduqda məcundan qurtulmağın yeganə yolu onu udmaqdır



5. Astronavt qusduqda mayenin ətrafa yayılmasının qarşısını almaq üçün xüsusi paketlər hazırlanmışdır



6. Saçı qırxdıqda tüklərin dağılmaması üçün saç qırxan aparata tozsoran yerləşdirilmişdir



7. Kosmik desertlər plastik kisələr içərisində saxlanan pudinqlərdir



8. Tərəvəz və göyərti qurudularaq sellofanlara yerləşdirilir. İspanaq yeməzdən əvvəl isə onu yaxşıca islatmaq lazımdır



9. Astronavtlar əl yumaq üçün içərisində hazır sabunlu su olan flakonlar istifadə edir



10. Çəkisizlikdə çərəz qabını açmaq



11. Yuxuda olarkən təsadüfən uçmamaq üçün astronavtlar kayutanın divarına bağlanmış xüsusi geyimlərdə yatırlar



12. Kosmosda nəbadə ağlayasan, çünki sonra yaşdan qurtulmaq baş ağrısı olacaq


Həmçinin oxuyun:

daha ətraflı...

April 30, 2014

İnsan bədəninin yararsız rudimentləri

Əsrlər ərzində alimlər insanın orqanizmindəki, ilk baxışdan lazımsız kimi görünən müəyyən orqanların hansı funksional rolları oynadığını aydınlaşdırmağa çalışırdılar. Bunlar arasında ən yararsızları appendiks, büzdüm sümüyü, tük cildi və ya örtüyü, kişilərdəki məməcik və s. orqan və üzvlər hesab edilir.

Çarlz Darvin öz məşhur "Növlərin Mənşəyi" kitabında təkamül müddətində qorunub qalmış insan orqanizminin "rudimentlərini" qeyd etmişdir. Darvin bu rudimentar orqanların, banisi olduğu təkamül nəzəriyyəsinin ən parlaq dəlillərindən olduğunu iddia edirdi: bu orqanlar əcdadlarda sağ qalmaq üçün vacib idisə, zamanla funksionallıqları itmişdi.

Bioloqlar qeyd edir ki, müxtəlif növlərin orqanizmlərindəki oxşar orqanların varlığı, onların bir vaxtlar ortaq əcdadı bölüşdüklərini göstərir. Rudiment orqanlar növlərarası qohumluq əlaqəsini müəyyənləşdirməyə yardım təmin etməklə yanaşı, həm də hər bir növün təkamül tarixini izah edir.

Rudiment orqanizmin degenerativ və ya korlaşmış formada qorunub qalmış artıq orqan və strukturlarına deyilir. Rudimentlərin təzahürünü alimlər uzunmüddətli təkamül fəaliyyəti ilə açıqlayır: bu orqanlara olan ehtiyac itirilsə də, onların funksionallığına nəzarət edən genlər insan DNT-sində hələ də mövcudluğunu davam etdirir.

Tədqiqatçılar artıq uzun müddətdir ki belə orqanların sirlərini açmağa çalışırlar. Bir çox hipotez və nəzəriyyələr hazırlanır. Hər şeydən əvvəl alimləri rudiment orqanın hər hansı bir əlavə funksiyasının qalıb-qalmadığı ilə bağlı suallar maraqlandırır. Təkamülün müəyyən bir mərhələsində onların hansı rolları olduğunu aydınlaşdırmaq üçün də az zaman israf edilmir.



Appendiks

Otyeyən onurğalı heyvanlarda appendiks orqanı bizdəkindən daha iri və inkişaf etmiş formadadır. Əsas vəzifəsi heyvanlarda çoxlu bitki mənşəli qidaların həzminə yardım etməkdir. İnsan appendiksi isə nəzik bağırsağın yoğun bağırsağa keçidində yerləşən kiçik çıxıntıdan ibarətdir, hansı ki digər canlılardan fərqli olaraq, bizim həzm prosesində iştirak etmir.

Bioloqlar bu rudiment orqanın otyeyən əcdadlarımızdan miras qaldığına artıq əmindirlər. Paleontoloq Alfred Şervud Romerin "Onurğalıların Orqanizmi" kitabında qeyd etdiyi kimi, appendiksin əsas faydası hər il çoxlu sayda appendektomiya əməliyyatı edən cərrahlaradır.





Kişilərin məməciklərə nə ehtiyacı var?

Kişilərdə məməciklərin varlığı qədimdən zarafatlara səbəb olmuşdur. Bir çox skeptiklər, təkamül nəzəriyyəsini şübhə altına salaraq kinayə ilə deyir: "Bəs siz necə düşünürsünüz, əgər kişilərdə məməciklər varsa, bu o demək deyilmi ki, onlar qadınlardan yaranıb?"

Sözsüz ki, bu belə deyil. Sadəcə qadınlar kimi kişilər də embrionun erkən mərhələsində məməciklərə sahib olur. Bu mərhələdə uşağı cinsiyyətsiz hesab etmək olar, çünki yalnız sonraki embrional mərhələlərdə "hormon partlayışı" baş verir və cinsiyyət formalaşır. Lakin embriondaki məməciklər bundan əvvəlki mərhələlərdə meydana gəlir.

Ümumiyyətlə süd vəzilərinə, cinsiyyətdən asılı olmayaraq, bütün məməlilərdə rast gəlinir. Kişilərdəki məməcikləri rudiment hesab etmək olar, baxmayaraq ki onlar da seksual coşma prosesində müəyyən rol oynaya bilər. Həmçinin kişilərin sinəsinin süd istehsal etdiyi ilə bağlı hadisələr qeydə alınıb. Süd vəziləri səbəbinən həm də kişilərdə döş xərçəngi olur - təbii ki, çox nadir hallarda.




Büzdüm

Büzdüm insan və digər quyruqsuz heyvanların onurğasının aşağı hissəsində yerləşir və özü ilə birlikdə bağlı bir neçə rudimentar fəqərələr təqdim edir. Bu rudiment bizə quyruqlu meymunabənzər əcdadlarımızdan qalmışdır. Əcdadlar bu üzvü tarazlığı saxlamaq, ünsiyyət qurmaq və obyektləri tutmaq üçün istifadə edirdi.

Şüurlu insanın əcdadlarının düz yeriməyi öyrəndiklərindən bu yana quyruğa olan ehtiyac azalmış və çıxıntısı təbii seçmə prosesində zamanla yox olmuşdur. Bəzi alimlər büzdüm sümüyünün insan orqanizmindəki əlavə funksiyalarından bəhs edir: bu üzv fiziki yükün distribusiyası, əsasən də oturaq vəziyyətdəki insanın əyilməsində müəyyən rola malikdir. Lakin büzdümün uğurlu cərrahi çıxarılmasına dair kifayət qədər təcrübələr var və belə bir addım xəstələr üçün heç bir mənfi nəticələrə səbəb olmayıb.

Bəzən uşaqlar büzdümdə bir neçə artıq fəqərələrlə doğulur, yəni atavizm hesab edilən kiçik quyruqla. Belə hadisələr insanın sağlamlığına hər hansı bir təsir göstərmir. Buna baxmayaraq orta əsr Avropasında Kilsə belə uşaqlara "İblisin balası" adı verərək, onları anaları ilə birlikdə yandırmağı əmr edirdi.





Piloereksiya effekti

Piloereksiya periferik sinir sonluqlarının stimulyasiyasından yaranır, hansı ki tük follikullarının əzələ sıxılmasına nəzarət edir. Belə olduqda insan bədənindəki tüklər qalxaraq "qaz dərisi" effektini meydana gətirir.


Dərisi qatı tüklə örtülü heyvanlarda bu proses olduqca vacibdir: aqressiya və ya qorxunun səbəb olduğu stimullaşdırmada (təşviq etmə) heyvanın tükləri "biz-biz durur". Bu üsulla potensial rəqib və ya qurbanına sanki daha iri və güclü olduğunu göstərmiş olur.

Təkamül müddətində təbiətdən kənar çıxmış və tük cildinin böyük miqdarından azad olmuş insan isə artıq "tük ürpəşməsinə" və ya " biz-biz duran tüklərə" ehtiyac duymur, lakin rudimentar effekt öz reaksiyaları ilə hələ də qorunur.

Şübhəsiz ki, insan bədənindəki bəzi tüklü hissələr bu gün də əhəmiyyətlidir, bu səbəbdən funksionallıqları olduğu kimi qalır. Məsələn, qaşlar gözü tər damlalarından qoruyur, kişi üzündəki qatı tüklər isə təbii seçmə prosesində üstün seksual xüsusiyyət olaraq qalmışdır. Bundan başqa son tədqiqatların nəticələrinə görə üz tükləri soyuq və şüaya qarşı qoruyucu funksiya yerinə yetirir.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Saqqal dəbi Darvinin təbii seçməsinə əsaslanır
Darvinin iki əsri: Onun və bizim səhvlərimiz
Y-xromosomu və kişilər yox olmayacaq
daha ətraflı...

April 14, 2014

"Axı niyə insanlar təkamülə inanmır?"

Elm tarixində belə bir ikinci nəzəriyyə və yaxud bir fikir yoxdur ki, təkamül nəzəriyyəsi qədər mübahisə obyekti olsun, təkamül nəzəriyyəsi qədər tənqidlərə məruz qalsın. 1859-cu ildə Darvinin inqilabi xüsusiyyətdəki "Növlərin Mənşəyi" kitabının dərc edilməsindən bu yana ya dini qruplar, ya alimlər, hətta mövzuyla çox da maraqlanmayan adi insanlar belə təkamüllə əlaqədar müsbət və ya mənfi fikirlər irəli sürürlər. Hətta bəziləri bir addım daha irəli gedib fikirlərini hərəkətə çevirmək məqsədilə təşkilatlanır və təkamül düşüncəsinə qarşı sanki müharibə elan edirlər. Yaxşı bəs, eyni mübarizə əzminə, məsələn, kvant fizikasında niyə rast gəlinmir? Kvant fizikası da eynilə təkamül nəzəriyyəsi kimi elm ağacının minlərlə budağından sadəcə biri deyildirmi? Küçədə rast gəldiyimiz insanlardan demək olar ki hamısı təkamüllə əlaqədar elə ya belə bir münasibətə sahibkən, niyə kvant fizikası ilə əlaqədar suallar qarşısında susurlar? Belə suallar marağımızı təkamülün insanlar tərəfindən bu cür geniş şəkildə rədd edilmə səbəblərini araşdırmağa yönəldir.

New England Universiteti, Psixologiya bölməsindən olan K.J. Garvey təkamül faktının inkar edilməsinin altında yatan səbəbləri aydınlığa çıxarmaq üçün bir tədqiqat aparıb. Tədqiqata qatılan 62 universitet tələbəsindən bəzi psixoloji şkalaları doldurmaları istənilib. Etdiyi analizlər nəticəsində Garvey maraqlı nəticələr əldə edib.

• Kilsəyə gedənlər və Tanrıya inananlar kainatın və həyatın mənşəyilə əlaqədar təkamülə deyil, müqəddəs kitablara əsaslanan şərhləri daha rahat qəbul edir;
• Bioloji təhdidlər (itlər, ilanlar, alov və s.), tibbi təhdidlər (açıq yaralar, cəsədlər, qan və s.) və sosial ya da mənəvi təhdidlər (tək başına vacib qərarlar vermək, xarici ölkədə tək qalmaq, Tanrını təhqir etmək və s.) qarşısında daha çox qorxu reaksiyası verənlər təkamül nəzəriyyəsindən çox yaradılış versiyasını qəbul edir;

• Xoş olmayan xəbərlər qarşısında (xarab süd içmək, çılpaq ayaqla bir soxulcanı tapdalamaq, qəza sonrası bir insanın bağırsaqlarını görmək və s.) daha çox iyrənmə hissi duyanlar təkamül nəzəriyyəsindən çox yaradılış versiyasını qəbul edir.

Garvey'in araşdırması təkamülün inkar edilmə səbəblərilə əlaqədar qeydə dəyər məlumatlar təqdim edir, amma yenə də kafi miqdarda deyil. Qorxu və iyrənmə hissinə həssaslıq ilə müqəddəs kitab və Tanrı inancı arasındakı əlaqənin daha dəqiq izah edilməsi, bəlkə də, onun araşdırmasına nə qədər dəyər verməyimiz lazım olduğu mövzusunda bizi istiqamətləndirəcək.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Darvinin iki əsri: Onun və bizim səhvlərimiz
Dinin insan təkamülündəki bazisi tapıldı

Elmi və Dini düşüncə arasındaki fərqlər
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top