April 29, 2013

Nukleotidlər, Genlər, DNT, Xromosom və Digər Genetik Strukturların Xüsusiyyətləri və Fəaliyyəti

Son yazılarımızda sizlərə "canlılıq" və "cansızlıq" anlayışları arasındakı fərqsizlikdən və "Həyat Molekulları" dediyimiz, "canlı" strukturlarda rast gəldiyimiz kimyəvi maddələrdən bəhs etdik. Bu yazımızda isə, keçən yazımızda qeyd etdiyimiz kimi, Həyat Molekulları içərisində çox böyük əhəmiyyətə malik olan bir başqa quruluşdan, nukleotidlərdən və bu nukleotidlərin meydana gətirdiyi nəhəng molekullar olan genetik materialdan bəhs edəcəyik. Eyni zamanda, bir çox digər mövzu və anlayışa toxunacaq, ağıllardakı elmdən kənar düşüncələri silməyə çalışacağıq.

Bu yerdə, məna tamlığı baxımından atom və molekulun yazımız daxilində hansı mənada istifadə edildiyini açıqlayaq:

Atom, bir maddəni əmələ gətirən nano-ölçüdəki əsas hissəciklərin adıdır. Təməl olaraq, periodik cədvəldə element olaraq göstərilən müstəqil maddələrin hər biri olaraq düşünülə bilər. Kainatda hər bir elementdən heç bir ədədlə müqayisə edə bilməyəcəyimiz sayda atomlar vardır. Yalnız Dünyada belə ağlasığmaz miqdarda atom var. Sadəcə belə düşünək: İnsan orqanizmi trilyonlarca hüceyrədən təşkil olunmuşdur. Hər bir hüceyrənin daxilində yüz minlərlə organella və digər strukturlar müşahidə olunur. Hər bir organella və struktur, trilyonlarca kimyəvi maddələrin birləşməsindən meydana gəlir. Və hər bir kimyəvi maddə milyardlarla, trilyonlarla atomdan meydana gəlmişdir. Dünyada 7 milyarda yaxın insan yaşayır. İnsanlar Dünya üzərində bilinən biokütlənin çox kiçik bir qisminə sahibdirlər. Məsələn yalnız əkilən bitkilərin biokütləsi, insanlardan 20 dəfə çoxdur. Ev heyvanların biokütləsi isə insanların 7 qatıdır. Ədədləri müqayisə edib əldə edə biləcəyiniz nəticələrin nəhəngliyini düşünməyi öz öhdənizə buraxırıq.

Kainatda olan atom sayı, hər vaxt fizikləri cəzb etmişdir. Aparılan hesablamalar, Kainat içərisində müşahidə oluna bilən atom sayının 4x10 üstü 79 ilə 4x10 üstü 81 arasında olduğunu göstərməkdədir. Fiziki olaraq aparılan hesablamaların nəticələrinə görə, gerçək Kainatın böyüklüyünün, müşahidə edilə bilən Kainatın böyüklüyündən 10 üstü 23 dəfə çox olduğunu qeyd etmək istəyirik. "Katrilyon" ədədinin 1-in yanına 12 sıfır əlavə edilməsi nəticəsində meydana gəldiyini nəzərə alsaq, bəhs etdiyimiz ədədlərin necə böyük olduğu aydın olacaqdır.

Bütün bunları izah etmə səbəbimiz, Kainat içərisindəki, hətta yalnız Dünya içərisindəki atomların inanılmaz sayıdır. Bu saydakı atomun davamlı qarşılıqlı təsiri düşünüldüyündə, bir çox mürəkkəb maddənin kifayət qədər zaman verildiyində özbaşına və müxtəlif növdə meydana gələ biləcəyini düşünmək son dərəcə asan və məntiqlidir. Ancaq insanların çoxu həyata yalnız düzünə baxdıqları üçün, bu sayların mənalarını öz istədikləri kimi təhrif etməyə meyllidirlər. Nəticə olaraq bilin ki atomların sayı, bir çox kimyəvi maddənin meydana gələ biləcəyi qədər çoxdur. Təbii bu əmələgəlmədə ulduz partlamaları ya da yüksək radiasiya kimi sürətləndirici amillərin də təsiri unudulmamalıdır.

Hər bir atomun, özünə xas fiziki və kimyəvi xüsusiyyətləri var. Eyni elementlərə aid atomların bir araya gələrək meydana gətirdikləri daha böyük quruluşa molekul deyilir. Əgər fərqli elementlərə aid atomlar bir araya gələrək daha böyük bir quruluş meydana gətirirlərsə buna Kimyada mürəkkəb maddələr deyilir. Biz bu detallara girməmək üçün, "mürəkkəb maddə " ilə "molekul" sözlərini sinonim olaraq istifadə edəcəyik və hər birinə birdən "molekul" deyəcəyik.

Həmçinin bütün bu atom və molekul açıqlamalarını etməmizin bir başqa səbəbi, "canlılığın" "cansızlıqdan" başlamasının olduqca anlamlı və məntiqli olduğunu görə bilməyinizdir. Çünki aralarında bir fərq onsuz da ən başından, atom səviyyəsindən etibarən yoxdur. Hər varlıq, daha əvvəl açıqladığımız kimyəvi təkamülün təsiri altında fərqli istiqamətlərə doğru dəyişərək, fərqli xüsusiyyətlər qazanmışdır. Bu xüsusiyyətlərin bir qismi müəyyən molekullara aid olarkən, bəzi xüsusiyyətləri bütün molekullar paylaşmaqdadırlar. Məsələn karbon, yüksək təzyiq altında Dünyanın ən sərt maddəsi olan almaza çevrilir. Bunu hansı canlı, varlığını qoruyaraq edə bilər? Heç biri. Yaxşı bəs niyə canlılıq bu qədər göz qabağında, ön plandaykən, karbon elementi bu xüsusiyyətindən ötəri əl üstündə tutulmamaqdadır? Hansının daha "əhəmiyyətli" olduğuna necə qərar verəcəyik? Əslində heç biri əhəmiyyətli deyil. Əhəmiyyət sırası, insanlar tərəfindən təsadüfi təyin olunur və əslində təbiət baxımından etibarsızdır. Təsnifatlandırmanı insanlar apardığı üçün, özlərini və özlərinə bənzər olan varlıq qruplarını qiymətləndirir, digərlərinə isə əsrlərdir dəyər vermirlər. Bu səbəbdən, uzun illərdən bəri verilən "canlılıq təsnifatı" həmişə cansızları canlıların alt pillələrinə itələmişdir. Halbuki təbiətdə belə bir iyerarxiya yoxdur!

Beləliklə canlılıq ilə cansızlıq arasında bir fərq olmadığını anlayan hər bir insan, geri qalan bir çox anlayışı asanlıqla qavraya biləcəkdir. Bunların başında da, canlıları "canlı" edən molekullar, bunların strukturları və vəzifələri gəlməkdədir. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi canlıları xarakterizə edən ən əhəmiyyətli xüsusiyyət, həyatda qalmaq və törəmək məqsədiylə strukturları daxilində fəaliyyət göstərə bilmələridir. Çoxalma, hüceyrənin sayca çoxala bilməsi və özündəki məlumatı övladlarına köçürə bilməsi olaraq təyin olunur. Bütün bu struktur daxili fəaliyyətlər və çoxalmanın mərhələləri, genetik material olan nukleotidlər və bunların meydana gətirdiyi daha böyük kimyəvi maddələrlə həyata keçirilir və nəzarət edilir.

Bu hadisə, insan var olduğundan bəri təsir etməkdədir və yığılaraq günümüzədək gələn bu "ovsunlayıcılıq", müasir insanların genetik materiallara və ümumiyyətlə hüceyrələri meydana gətirən kimyəvi molekullara olduğundan daha çox məna verməsinə səbəb olmuşdur. İnsanlar DNT-nin "mükəmməl" bir molekul olduğunu sanmaqda, DNT tərəfindən istehsal olunan fermentlərin "mümkünsüz" bir iş gördüklərini düşünməkdə, hüceyrənin içinin "həqiqi ola bilməyəcək qədər mürəkkəb" olduğunu iddia etməkdədirlər. Bunlar, müəyyən mənada doğru olsa da, elmi olaraq açıqlana bilməyəcək qədər "mükəmməl", "mümkünsüz" ya da "kompleks" olan heç bir quruluşa təbiətdə rast gəlinmir. Onsuz da elm, təbiəti qavrama sənətidir və təbiətdə izah edilə bilməyəcək bir şey tapmağı gözləmək mənasızdır.

İndi, başda da barəsində danışdığımız molekulları tanıtmağa və araşdırmağa başlayaq, beləcə nə demək istədiyimizi asanlıqla anlayacaqsınız. Əgər ki DNT-yə toxunduq, əvvəlcə hər kəsin məşhur olaraq bildiyi bu kimyəvi maddə ilə tanış olaq:

DNT dediyimiz molekullar zəncirinin uzun adı DezoksiriboNuklein Turşusu 'dur. Kimya mövzusunda məlumatsız olan bir insan ilk baxışda anlaya bilməsədə, bu adın çox sirli və xüsusi bir mənanı verdiyini düşünsədə, DNT olduqca adi, kimyəvi bir molekuldur. Kimya elmi daxilində bütün molekullar bu şəkildə uzun, təyinedici və bir az da "artistik" sayıla biləcək adlar almışlar. Məsələn sıradan bir kimyəvi maddə olan digər maddənin adını verək: Trifluoromethanesulfonate. Əgər hələdə DNT-nin adını mürəkkəb hesab edirsinizsə, onda tez-tez içdiyiniz qəhvənin içərisində olan "kofein"in kimyəvi adına baxın: 3,7-dihydro-1,3,7-trimethyl-1H-purine-2,6-dione!

Yəni DNT, nə xüsusi bir addır, nə də onun xüsusi bir üstünlüyü var. DNT-ni bəlkə də "xüsusi" edən tək şey, hər kimyəvi maddənin özünə aid bir xüsusiyyəti olduğu kimi, DNT-nin də özünə aid bir xüsusiyyəti olması və bu xüsusiyyətin, bizim marağımızı çəkən bir şəkildə, irsiyyət sahəsində "təyinat alması"dır. Yəni məsələn gözlərimizin yaş qalmasını təmin edən gözyaşımızın da kimyəvi bir düsturu var. Tək fərq, gözyaşımızın gözlərimizi qorumaq və duyğularımızı bildirmək kimi vəzifələri varkən, DNT-nin bir sonrakı nəslə köçürəcəyimiz məlumatları daşıma funksiyasının olmasıdır. DNT-ni üstünləşdirən bu irsi xüsusiyyətidir. Əslində dərindən düşünüldüyündə, bunun da "xüsusi" olmadığı görüləcək. Çünki "irsiyyət" dediyimiz hadisə də, biokimyəvi reaksiyalar nəticəsində, bir molekulun özünü kopyalaması və çoxalması deməkdir. Bunun da hər hansı bir xüsusi tərəfi yoxdur.

DNT bir-birinin ətrafında qıvrılan ikili spiraldan meydana gələrək heliks quruluşuna sahibdir. Bu quruluş, tamamilə Fizika və Kimya qanunlarının təsiri altında bu şəkildə olmaqdadır. Daha əvvəl də qısaca toxunduğumuz kimi yağlar, su içərisində məcbur olaraq kürəvi bir quruluş meydana gətirirlərsə, DNT də məcbur olaraq heliks (spiral) quruluşu meydana gətirməkdədir. DNT də, Kainatdakı digər varlıqlar kimi, yalnız və yalnız sadə atomlardan və bunların fərqli kombinasiyaları olan molekullardan meydana gəlir. Bunlar təməl olaraq Karbon (C), Hidrogen (H), Azot (N), Fosfor (P) və Oksigen (O) atomlarıdır.

Yaxşı, DNT ən kiçik irsi elementimizdirmi?

Əlbəttə xeyr, DNT zənciri də daha kiçik parçalara bölünə bilər. Bu daha kiçik parçalara "nukleotid" deyilir (ki nukleotidlər, daha əvvəl də söylədiyimiz kimi "Həyat Molekulları" arasında yer alır) və bu molekullar, DNT spiralını bir nərdivana bənzətmiş olsaq, nərdivanın pillələrini meydana gətirirlər. Nukleotidlər, irsiyyət üçün olduqca əhəmiyyətlidirlər. Çünki irsi məlumatı "daşıyan" parçalar nukleotidlərdir. Nukleotidlərin fərqli düzülməsi, fərqli mənalar deməkdir. Bu səbəbdən nukleotidləri, təhsil həyatımızda da əzbərlətdikləri kimi "hərflər" olaraq düşünə bilərik. Bu hərflər, fərqli şəkillərdə düzülərək, fərqli sözlər, fərqli mənalar ifadə edirlər.

Eynilə bizim indiki vaxtda istifadə etdiyimiz son dərəcə kompleks kompüter proqramı kimi, genetik olaraq hüceyrələrimiz də bir şifrələmə istifadə edirlər. Bunu kompüter üzərindən nümunə göstərərək izah edə bilərik: Kompüter proqramçıları, kompüterləri proqramlaşdırmaq üçün C, C++, Basic, və s. dillər istifadə edirlər. Bu dillər, İngilis dilinə çox bənzəyirlər, çünki bu proqramlaşdırma dillərini yazan proqramçılar tərəfindən, gündəlik danışıq dilinə olduqca yaxın olacaq şəkildə nizamlanmışdırlar. İlk kompüter proqramları, qətiliklə belə sadə bir dil istifadə etməməkdə idi və mühəndislər tək-tək "1" və "0"ları istifadə edərək proqramlaşdırma aparmaqda idilər. Sonra, "kompüterlərin təkamülü" əsnasında yeni proqramlar yazıldı. Bu proqramlar, "proqramı proqramlaşdırma" məqsədi güdürdü. Təməl olaraq etdikləri bu idi: İngiliscəyə bənzər sözləri istifadə edə biləcəyiniz bir interfeys təmin etmək. Proqramçı, bu interfeysə asan sözləri yazmaqdadır, arxa planda isə proqram bunu yenə "1"lər və "0"lara çevirib prosessora göndərir.

Məsələn klaviaturada yazdığınız bir sözün ekranda çıxa bilməsinin tək səbəbi, basdığınız hər bir düymənin kompüterə elektrik siqnal olaraq bir "əmr" göndərməsi və kompüterin monitorda olan kiçik, işıq saçan LEDlərdən birini, uyğun rəngdə yandırmasından ibarətdir. Kompüter ekranını güclü bir böyüdücüylə yoxlasanız, nə demək istədiyimizi anlaya bilərsiniz. Klaviaturanızdan gedən elektrik siqnalları, əvvəlcə kompüterinizin prosessorunda qiymətləndirilir (içərisindəki kod daxilində) və prosessor, ekrana etməsi lazım olan işi bildirir. Bütün bunlar, proqramçıların prosessora bəhs etdiyimiz dilləri istifadə edərək yazdıqları proqramların, yəni "kompüterlərin genetik materialı" daxilində olmaqdadır.

Beləliklə nukleotidlərin fərqli düzülmələri nəticəsində yaranan genlər isə, fərqli əməliyyatları etmək üçün xüsusiləşmiş kodlar kimidir. Buna bir azdan toxunacağıq.

Təbii ki kompüterlər, insanlar tərəfindən "hazırlanan" maşınlar olduğu üçün, canlılığı isbatlamaqda istifadə etmək çox da doğru deyil. Çünki canlılıq, insan zəkası tərəfindən son 50-60 ildə yaradılan kompüterin əksinə, təxminən 600 milyon il boyunca, ağla sığmaz sayda sınaqlar nəticəsində, addım-addım təkamülləşərək, kənarlaşdırılaraq, seçilərək meydana gəlmişdir. "Dəmirlikdəki Boing" bənzətməsinə ya da "Kompüterin də bir yaradıcısı var, canlılığın da olmalıdır!" iddiasına bir başqa yazımızda toxunacağıq, ona görə ağılınızdan keçirsə bir az səbr etməyinizi xahiş edəcəyik. Onsuz da yazımızda bunlara qısaca nəzər yetirəcəyik.

Kompüterdə olduğuna oxşar şəkildə, canlılar da 4 hərfdən ibarət olan bir dil istifadə edir və hər bir hərf, bir nukleotid tipini təmsil edir. Bu hərflər, "A" (Adenin), "T" (Timin), "S" (Sitozin) və "Q" (Quanin)dir. Əlbəttə ki gerçəkdə heç bir kimyəvi maddə üzərində belə hərflər yoxdur. Bu adlar onlara sonradan verilmişdir. Çünki bəhs edilən hərflər, yalnız kimyəvi strukturlardır və əvvəldən təyin olunmuş bir "vəzifə"ləri yoxdur.

Kompüter bənzətməsinin pis bir bənzətmə olmasının bir səbəbi də budur: Canlılara "kompüter" olaraq baxdığınızda, bir qrup mühəndisin oturub hazırladıqları bir maşın olaraq düşünərsiniz və bu sizi səhv düşüncələrə aparar. Çünki kompüterləri meydana gətirən parçalar "canlılıq" xüsusiyyətləri daşımırlar və bu səbəbdən canlıların təsirləndiyi amillərdən eyni şəkildə təsirlənmirlər. Və kompüterlər bioloji bir təkamül keçirməmişdirlər, mühəndislər tərəfindən hazırlandırmışlar. Bu şərh belə tam olaraq doğru deyil, çünki Təkamül əslində hər yerdədir: Əslində "texnologiyanın təkamülü" olaraq düşünüldüyündə, minlərlə illik bir keçmiş nəticəsində, kiçik addımlarla bu gün "kompüter" dediyimiz maşınlara çatdığımızı görərsiniz. Heç bir məhsul, sadə addımlar atmadan, olduğu son şəkliylə var ola bilməz. Canlılıq da bu şəkildədir. Canlılar, milyard illik seçmə və dəyişmə nəticəsində günümüzdəki formalarını almışdırlar.

Düşüncələrinizə qulaq asaq: "İndi telləri, müqavimətləri, tranzistorları bir yerə qoysaq, milyardlarla ildə bir kompüter meydana gələ bilərmi?" deyə soruşacaqsınız. Unutmayın ki, müqavimət, tranzistor və digər varlıqlar bizim "canlı" dediyimiz orqanizmlərin meydana gəlməsini təmin edən kimyəvi quruluşa sahib deyillər. Bu səbəbdən "çoxala bilməzlər" və özlərindəki məlumatı balalarına "köçürə bilməzlər". Bu məlumatı köçürə biləcəkləri bir strukturları (yazımızın əsas mövzusu olan "nukleotidləri") yoxdur. Bu səbəbdən daha sonra açıqlayacağımız Təkamül Mexanizmlərinin heç biri işləyə bilməzlər. Tam bu səbəblə, Təkamül keçirməzlər və əsla bir kompüter meydana gətirməzlər. Əgər ki bu şərtləri təmin edə biləcək kimyəvi strukturları olsaydı, üzərlərində seçmə işləyəcəkdi və bəlkə də, bu anda düşününcə komik gəlsə də, heç gözləmədiyiniz mexanizmlər çıxara biləcəkdilər. Ancaq cansızları istifadə edərək, canlılığı isbatlamaq, "cansızların" "canlılıq" xüsusiyyətlərini daşımadıqları üçün doğru deyil. Əgər yuxarıdakı şərhlərimiz istiqamətində canlılıq və cansızlıq doğru təyin olunsa, doğru sübutlara çatmaq mümkün olacaqdır.

Buradan başa düşülməsi lazım olan budur: Təkamülü və canlılığın başlanğıcını anlaya bilməyimiz üçün, müəyyən bir qrup kimyəvi və fiziki xüsusiyyətlərə sahib molekul qruplarından bəhs etməyimiz lazımdır. Ağlımıza gələn hər atom, molekul ya da quruluş, canlılıq ilə paralellik göstərməyəcək. Yoxsa tək tip deyil, minlərlə fərqli tipdə canlı olardı, hər birinin "canlılıq" xüsusiyyətləri fərqli olardı. Ancaq var olmuş, var olan və var olacaq hər canlının ortaq bir əcdadı var və o əcdad, var olan Kainatımızın qaydaları daxilində, var olan planetimizin şərtləri çərçivəsində bizlərin üstün saydığımız "canlılıq" xüsusiyyətlərini qazanmış və köçürə bilmişdir. Hər canlının DNT-si oxşar quruluşdadır, hər canlının hüceyrələri cüzi fərqlərlə bir-birini xatırladır (hətta hər canlının genomu, müəyyən bir miqdar digər hər hansı bir canlıyla ortaqdır, bu da ortaq bir əcdaddan gəldiyimizi göstərir). Lakin bizi maraqlandıran "canlılıq molekulları", yəni canlılığı qiymətləndirməyimiz üçün istifadə edə biləcəyimiz mürəkkəb maddələri meydana gətirən molekullar; Karbon (C), Oksigen (O), Hidrogen (H), Azot (N), Fosfor (P), Kükürd (S) və bir neçə digər atomun fərqli birləşmələriylə yaranan saysız molekuldur. Periodik cədvəldə qarşınıza çıxan hər atomla canlılıqdan bəhs edə bilməzsiniz.

Yəni ağılımızda bunu tutmağımız lazımdır: planetimiz üzərindəki cansızlıq 4.5 milyard il əvvəl panetimizin meydana gəlməsiylə başlamışdır. Günümüzdəki canlıların da, cansızların da quruluşundakı hər şey amma, bu ilk başlanğıcda (və ya müddət içərisində) Dünya üzərinə yerləşmişdir, bir qismi də sonradan canlılara ya da cansızlara aid reaksiyalar vasitəsilə çıxarılmışdır. Bu varlıqların bir hissəsi, "canlılıq" olaraq təyin etdiyimiz varlıq qrupunda təkamülləşmiş, bir qisimi isə, daha fərqli quruluşda olduqları üçün bu gün bizim "canlılar" dediyimiz varlıqların xüsusiyyətlərinə sahib ola bilməmişdirlər. Burada bir "üstünlük"dən bəhs etmək mənasızdır. Yalnız iki fərqli varlıq qrupundan bəhs etmək lazımdır. İki qrup da tamamilə bənzər atom və molekullardan meydana gəlməkdədir. Yalnız bu atom və molekulların düzülməsi, məzmunları və son 4 milyard ildə keçirdikləri kimyəvi təkamül bir-birindən fərqlidir.

Bütün bu şərhlərdən sonra, indi təkrar mövzumuza dönək: Yaxşı, DNT-dəki məlumatları daşıyan elementlər, daha doğrusu "hərflər" dediyimiz quruluş daşları nələrdir?

Bu hərflər, nukleotid deyilən DNT-nin kiçik parçalarının, kimyəvi bir maddə olan "azot əsası" qismində olan bir düzülməsidir. Bu düzülmədə karbon, hidrogen və digər atomlar var. Bu atomlar müəyyən bir şəkildə düzülsə, ona Adenin (A), başqa bir şəkildə düzülsə Timin (T), digər bir şəkildə düzülməyə Quanin (Q), bir başqasına isə Sitozin (S) deyirik. Ancaq biz onlara nə deyiriksə deyək, əslində bunlar yalnız sıravi bir əsas qrupudur; kimyəvi maddələrdir. Lakin bu kimyəvi maddələr, bizim genetik quruluşumuza sahibdirlər. Nukleotid adlanan və uşağınızın kimə bənzəyəcəyinə qərar verən molekullar, son dərəcə sadə atom düzülmələrindən artıq bir şey deyil. Bir fosfat turşusu qalığı, bir karbohidrat (dezoksiriboza) və bir azot əsası.

Nukleotid dediyimiz molekul tipləri, yalnız genetik materialımız ilə məhdud deyil. Məsələn sizə bir başqa nukleotid nümunəsi verək: ADF. Yəni Adenozin Difosfat. Bu da bir nukleotiddir, ancaq kimyəvi təkamül sırasındakı ardı arası kəsilməyən seçmə əsnasında, genetik materialı kodlaşdıracaq şəkildə xüsusiləşməmişdir. Yəni canlılığı təkamülləşdirəcək olan strukturlar içərisində "vəzifə" almamışdır. Bu səbəbdən indiki vaxtda da bu quruluş, hər hansı bir genetik məlumat kodlaşdırmır, enerji ilə əlaqədar proseslərdə fəaliyyət göstərir. Ancaq struktur baxımından çox bənzərdirlər.

Buradan başa düşülməsi lazım olan budur: Canlılıq, bir "cansızlıq şorbası" içərisində, kimyəvi maddələrin fərqli şəkillərdə bir-birlərinə bağlanması, qırılması, birləşməsi, ayrılması nəticəsində, 600 milyon il davam edən bir sınaq-yanılma və seçmə müddəti nəticəsində meydana gəlmişdir. Bu müddət ərzində bir çox növ "canlı bənzəri birləşmə" meydana gəlmiş ola bilər. Ancaq bunlardan yalnız bir neçəsi dayanıqlı olmuş və seçilmişdir. Günümüzdəki hər canlının əcdadı olan bu canlıların quruluşundakı kimyəvi xüsusiyyətlər, günümüzdəki hər canlının hüceyrələrindəki kimyəvi xüsusiyyətləri təmsil etməkdədir. Əgər onlar fərqli şəkildə həyatda qala bilsəydi, günümüzdəki canlı formalarının hüceyrələri də fərqli quruluşda ola biləcəkdi.

DNT spiralı, eukaryotlarda (nüvəsi olan hüceyrələrdə), uzun bir şəkildə hüceyrənin içərisindəki nüvədə aşkarlanır. Prokaryotlarda (nüvəsiz hüceyrələrdə) isə hüceyrənin içərisində, ümumiyyətlə ortada, nüvə olmadığı üçün daha dağınıq bir vəziyyətdə yerləşmişdir. Bu uzun və qarmaqarışıq DNT spiralı quruluşuna "xromatin ipliyi" ya da "xromatin şəbəkəsi" deyilir. Əslində, bu kompleks şəbəkənin içərisində müəyyən bir nizam vardır. Bu nizam çox əhəmiyyətlidir, çünki hüceyrə bölünməsi əsnasında genetik məlumatın ötürülməsində bu xüsusi vahidlər böyük rol oynayırlar. Bu xüsusi vahidlərin adı "xromosom"dur. Xromosomlar, DNT-nin histon zülalları tərəfindən sarılaraq sıxlaşması nəticəsində yaranan genetik vahidlərdir. Hər canlıda, Təkamül müddətləri əsnasında əldə edilmiş fərqli sayda xromosom var. Xromosomlar ən böyük DNT qruplarıdır. Xromosomların cəmində olan, bir canlının bütün genetik məlumatına genom adı verilməkdədir.


Yaxşı, genlər bu addım-addım mürəkkəbləşən quruluşun harasındadırlar?


Genlər, nukleotid düzülmələrinin məna qazandığı bölgələrdir. Burada məna qazanmaqda məqsəd, yenə elm-xarici ya da fövqəltəbii bir "məna" deyil. Canlıların, "canlılıq xüsusiyyətlərini" davam etdirə bilmələri üçün yaratmaq məcburiyyətində olduqları müxtəlif kimyəvi maddələr var (bu maddələrin varlığının cəminə "canlılıq" deyilir). Genlər, bu kimyəvi maddələrin ifraz olunma sırasını, formasını, və s. xüsusiyyətlərini müəyyən edir və bu məlumatları saxlayırlar. Bu da son dərəcə məntiqlidir: ilk canlılar təkamülləşməyə başladıqdan sonra, bu canlılığı davam etdirə biləcək kimyəvi sintez əməliyyatlarını, bunların sırasını, formasını və şəklini saxlayan bir başqa molekul vahidinin, yəni genlərin olması, canlılara üstünlük təmin etməkdədir. Qısaca olaraq deyə bilərik ki, genlər meydana gəldikdən sonra, canlılıq asanca davam etdirilmişdir. "Gen" deyilən quruluş, əslində DNT spiralının müəyyən bir bölgəsidir. Bu bölgələr, mənalı ifadələr halındadırlar və hüceyrə tərəfindən lazım olduğunda qəbul edilir və istifadə olunurlar.

Kompüter bənzətməmizə dönsək, kompüterlərin də 1′lər və 0′larla "danışdığını" qeyd etmişdik. Ancaq bu 1′lər və 0′lar təkbaşına heç bir məna ifadə etmirlər. Hətta çox vaxt, bunların uzun düzülmələri də məna ifadə etməyə bilər. Lakin bunların müəyyən uzunluqdakı düzülmələri mənalı bir hal alır. Nümunə verəcək olsaq, bir kompüter üçün 11101010 kimi bir düzülmə məna ifadə etməyə bilər. Ancaq eyni düzülməni içərisində saxlayan lakin bir az daha uzun bir halı, 1110101000011101 düzülməsi, mənalı ola biləcək, məsələn bu məlumat, klaviaturadan gələn bir əmr nəticəsində ekranda "A" hərfinin çıxmasını təmin edə bilir. Bunu kompüterdə, 8-bitlik (az əvvəlki uzun ədədlərin hər bir pilləsi 1 bitdir), 16-bitlik, 32-bitlik, 64-bitlik sistem, və s. şəklində adlandırırıq. Məsələn az əvvəl verdiyimiz qısa ədəd 8 bitlik, uzun ədəd isə 16 bitlik bir ədəddir. Əgər istifadə edilən kompüter məlumatı 16 bit olaraq oxumaqdadırsa, 8 bitlik bir ədəd məna ifadə etməyə biləcək (əvvəli mənasız olacaqdır). Ancaq ikinci ədəd, kompüter üçün məna ifadə edə bilər. Bənzər şəkildə, 8 bitlik məlumatları oxumaq üzərinə xüsusiləşmiş bir kompüter üçün bu iki ədəd də mənalıdır. İlk ədədi oxuyub bir əməliyyatı edən bu 8 bitlik kompüter, ikinci ədədi oxuduğunda əvvəl ilk 8-lini oxuyaraq bir əvvəlkiylə eyni işi, sonra ikinci 8-liyi oxuyaraq bir başqa işi yerinə yetirər. Qısaca kompüterlərin öz vahidləri içərisində və insanlarla anlaşması bu şəkildə olmaqdadır.

Nukleotidlər üçün də eyni vəziyyət etibarlıdır. Ancaq bildiyimiz bütün canlılarda, istisnasız 3-bitlik oxuma sistemi var (kompüterlərdəki kimi 8 bit, 16 bit, 32 bit kimi fərqli tipləri yoxdur). Məsələn, tək başına AT şəklindəki bir kodun heç bir mənası yoxdur. Ancaq kod, ATQ olduğunda bir məna ifadə edə bilməkdədir. Bu "məna", "ATQ" düzülməsinin qarşılıq verdiyi bir aminturşunun yaranmasıdır (eynilə kompüterlərdə, klaviaturadan gələn məlumatın ekrana köçürülməsi kimi). Lakin yenə də, yaradılan bu tək aminturşunun heç bir funksiyası olmaya bilər (oxşar şəkildə, yuxarıdakı 8-bit oxuyan kompüterin edə bildiyi iki əməliyyatın tək-tək bir məna ifadə etməyib, ikisi bir yerdə olduğunda bir məna ifadə etməsi kimi). Bənzər şəkildə, ATQTTS şəklindəki bir düzülmə də iki amin turşusu çıxarmaqla birlikdə ("ATQ" və "TTS" kodlarına uyğun gələnlər) hələ də mənasız ola bilər. Ancaq nə vaxt ki ATQTTSQTAASQTAS kimi bir düzülməyə çatsaq, o zaman bu kodun əmələ gətirdiyi aminturşuların birləşməsindən yaranan zülal, müəyyən bir funksiyaya sahib ola bilir və bu "söz", hüceyrə üçün "bölünməyə başla" əmri mənasını verir. Təbii ki yuxarıdakı kodları bu anda anlamaq məqsədiylə uydururuq, lakin təməl olaraq mövzunun mənasını verəcəyini düşünürük.

Dediyimiz kimi hər canlınn genlərində istisnasız "3-bitlik sistem" vardır (və bu da ortaq bir atadan gəldiyimizə işarə edir) və hər 3 nukleotid (QSA) bir aminturşunu kodlaşdırır. Bu 3-lü kod nəticəsində bir aminturşu yaradılır və bunların birləşməsi zülalları, bunlar fermentləri, fermentlər də bizi "canlı" edən reaksiyaları gerçəkləşdirir və ya gerçəkləşməyini təmin edirlər. Tək bir aminturşu, yuxarıda izah etdiyimiz kimi tək başına müəyyən bir məna daşımaya bilər. Ancaq aminturşuların fərqli qarışıqlari sayəsində, bir çox işi edən, sonsuz sayda zülal yaradıla bilər. Və bu işi təmin edən, genetik baxımdan mənalı ifadələrə də "gen" deyirik.

Genlər, sizin boyunuzdan saç rənginizə, bədəninizin tüklülüyündən göz rənginizə, keçirə biləcəyiniz xəstəliklərdən irsi olaraq daşıyacağınız xəstəliklərə qədər hər şeyi kod olaraq saxlayarlar. Bu kodlar, izah etdiyimiz kimi A, T, S və Q hərflərinin müəyyən düzülmələriylə saxlanırlar. Bu düzülmələrin "necə" olacaqları isə, milyardlarla ildir sürən təkamüllə təyin olunmaqda və dəyişməkdədir. Yəni canlılıq, bir başlanğıcdan başladıqdan sonra, fərqli istiqamətlərə doğru bizim Təkamül Ağacı olaraq adlandırdığımız quruluşda növləşərkən, hər canlının saxladığı genetik düzülmə, ətraf şərtlərinin təsiri altında addım-addım dəyişmişdir. Bu dəyişmələr, hüceyrələr içərisində ifraz olunan kimyəvi maddələrin quruluşunda, miqdarında və növündə fərqliliklərə səbəb olmuşdur. Bu fərqliliklər də, hüceyrələrin özlərinin fərqli xüsusiyyətlər əldə etməsinə səbəb olmaqdadır. Beləliklə bu fərqli xüsusiyyətlərə sahib olanlar arasında, ətrafa ən uyğun olanlar varlıqlarını davam etdirməyə davam edə bilirlər; beləcə özlərinə bu fərqli xüsusiyyətləri verən genləri çoxalarkən balalarına ötürə bilirlər. Bu şəkildə, addım-addım bir genetik təcrübəylə növlər fərqliləşir və dəyişirlər. Biz də buna Təkamül deyirik.

Bu yazımızda bacardığımız qədər genetik materialın nə qədər sadə olduğundan və necə aydın şəkildə işlədiyindən bəhs etməyə çalışdıq. Sonrakı yazılarımızda, genetik materialı meydana gətirən və "mükəmməl" bir xüsusiyyətdə olmadığını bu yazımızda açıqca gördüyümüz DNT-nin necə meydana gələ biləcəyinə toxunacağıq. Ümidvarıq bu təməl məlumatlar bütün oxucularımıza yararlı olacaqdır.
daha ətraflı...

İlk DNT Necə Meydana Gəldi? Retroviruslar, "Öncə-RNT Fərziyyəsi" və "RNT Dünyası Qaydası"

Bu yazımıza qədər sizlərə canlılıqla cansızlıq arasında hər hansı bir fərq olmadığından, canlılığı ayırd etməkdə istifadə etdiyimiz "Həyat Molekulları"nın necə meydana gəlmiş ola biləcəyindən, strukturlarından və funksiyalarından bəhs etdik. Zülallar, karbohidratlar və yağların strukturlarına və meydana gəlmələrinə ətraflı şəkildə toxunduq. Canlılığın Təkamülü silsiləsindən bir əvvəlki yazımızda isə nukleotidlərdən başlayaraq xromosomlara qədər şərhlər verdik və bunların "xüsusi" molekullar olmadığını sizlərə göstərdik.

Bu yazımızda isə, bu molekulların hər birinin necə meydana gələ biləcəyini izah etmək istəyirik. Çünki əvvəlki yazılarımız ağırlıqlı olaraq düşüncələrdəki yanlış təsəvvürləri silməyi hədəfləməkdə idi. Bu yazımızdan etibarən isə, bu molekulların təkamül müddətində necə meydana gəldiklərini araşdırmağa başlayacağıq.

Hər şeydən əvvəl söyləmək lazımdır ki hansı molekulun necə və hansı sırada meydana gəldiyi mövzusu, uzun müddət elm insanlarının fikirlərini qarışdırmış və bir çox fərziyyənin ortaya atılmasına, onlarla təcrübənin təşkil edilməsinə, mövzu haqqında bir çox tezis yazılmasına səbəb olmuşdur. Bir qrup elm insanı əvvəlcə maddələr mübadiləsini, daha doğrusu struktur içərisində davam etdiriləcək fəaliyyətlərin cəmini meydana gətirəcək olan karbohidrat, yağ və zülalların əvvəl; genetik materialın isə bunların meydana gəlməsinə bağlı olaraq sonradan meydana gəlməsi lazım olduğunu irəli sürmüşlər. Buna elm dünyasında Öncə-Maddələr mübadiləsi Fərziyyəsi deyilməkdədir. Bir başqa qrup elm insanı isə, əvvəlcə genetik materialın meydana gəlməsi lazım olduğunu, sonra isə bu meydana gəlməyə bağlı olaraq struktur içi fəaliyyətin meydana gəlməsi lazım olduğunu irəli sürmüşlər. Ancaq bu fərziyyə, güclü dəstək qazanmamış və dolayısıyla Öncə-Maddələr mübadiləsi Fərziyyəsi hər zaman üstünlük qazanmışdır. İkinci fərziyyənin düşdüyü çıxılmaz vəziyyət budur: Əvvəl DNT meydana gəldi, yoxsa RNT? Əvvəl DNT meydana gəldisə bu kompleks quruluş bir dəfədə necə meydana gəldi? RNT, DNT-dən daha sadə quruluşlu olmasına baxmayaraq, nədən DNT-dən sonra meydana gəldi? RNT əvvəl meydana gəldisə, necə oldu ki RNT-dən DNT meydana gələ bildi? Bu suallara cavab tapılmazkən, Biologiyada yazı içərisində təkrar dönəcəyimiz Mərkəzi Doqma deyilən bir qanunun etibarlı olduğu düşünülməkdə idi. Buna bağlı olaraq bir qrup elm insanı əvvəl DNT-nin meydana gəlməsi lazım olduğunu iddia edərək Öncə-DNT Fərziyyəsini irəli sürdülər. Bir başqa qrup elm insanı isə, əvvəl RNT-nin var olması lazım olduğunu, ondan sonra isə DNT-nin var ola biləcəyini iddia edərək mərkəzi doqma qanununa qarşı çıxdılar və Öncə-RNT Fərziyyəsini irəli sürdülər. Günümüzdəki yeni tapıntıların işığında bu üç tərəfli mübahisə (Öncə-Maddələr mübadiləsi, Öncə-DNT, Öncə-RNT) müəyyən bir səviyyədə dayanaraq, ortaq bir nöqtədə görüşülməyə başlandı. Biz, bu ortaq nöqtə üzərindən yola çıxaraq başlıqda iştirak edən suallara cavablar verəcəyik.

Əvvəlcə problemə bir daha baxaq: Canlılığı meydana gətirəcək materiallar, müəyyən bir ardıcıllıqla ya da eyni zamanda meydana gəlmiş olmalıdır. Əgər ardıcıllıqla meydana gəldilərsə, hansı ilk olaraq meydana gəldi? Əgər eyni zamanda meydana gəldilərsə, necə oldu ki zamanlama bu qədər doğru və məqsədəuyğun şəkildə üst-üstə düşdü? Bu suallar, elm insanlarının fikirlərini çox qarışdırmışdır. Ancaq artıq nə tamamilə ardıcıllıqla, nə də tamamilə eyni zamanlı bir meydana gəlmə üzərində dayanılmamaqdadır.Hər iki formada yaranmanın bu prosesdə müəyyən nisbətdə iştirak etdiyi düşünülməkdədir.

Maddələr Mübadiləsinin, yoxsa DNT və ya RNT-nin, yəni irsilik və idarəedici materialların əvvəl meydana gəlməsi sualı hələ də müzakirə edilməkdə olan bir sualdır. Bu nöqtədə, ehtimalla bir eyni zamanlılıq vəziyyəti ilə qarşı-qarşıyayıq. Daha sonra toxunacağımız kimi canlılıq, cansızlıq mühitindəki qarmaqarışıq bir mühitdə təkamülləşmişdir. Bu səbəbdən bu mühitdə metabolik vəsait ilə irsi vəsaitin bir yerdə var olma ehtimalı son dərəcə yüksəkdir. Bu materialları bir yerdə saxlaya bilən fərdlərin, tək-tək saxlayanlara nisbətən üstün olması gözlənilir. Bu mövzuya, irəlidəki yazılarımızda daha ətraflı toxunacağıq; ancaq hələlik maddələr mübadiləsi ilə irsilik materialının eyni zamanda və ya heç olmasa bir-birinə çox yaxın zamanlarda meydana gəldiyini düşünə bilərsiniz.

Yaxşı, maddələr mübadiləsinin meydana gəlməsində bir problem yoxdur; çünki karbohidratlar və yağlar, öz-özünə, ekoloji faktorların təsiri altında asanca meydana gələ bilən və meydana gələ bildikləri müşahidə edilə bilən kimyəvi maddələrdir. Nukleotidlər də bənzər şəkildə öz-özünə, uzun sınaq-yanılma müddətləri nəticəsində meydana gələ bilər. Lakin nukleotidlərdən ibarət olan böyük strukturlardan DNT, yoxsa RNT-mİ əvvəl meydana gəlmişdir? RNT tərəfindən istehsal olunan zülallar, nukleotidlərin meydana gətirdiyi DNT və RNT-dən asılı olmayaraq meydana gəlmişdir? Yoxsa əvvəlcə irsilik materialları meydana gəlmiş, sonra isə ilkin zülallar yaranmışdır? Beləliklə bu suallara cavab verilməsi lazımdır.

Əmələ gəlmə ardıcıllığını anlaya bilmək üçün əvvəlcə yuxarıda toxunduğumuz bir başqa mövzuya təkrar dönək: Bir qrup elm adamı, DNT olmadan RNT-nin sintez edilə bilməyəcəyini, bu səbəbdən zülalların yarana bilməyəcəyini, və canlının varlığını davam etdirə bilməyəcəyini irəli sürmüşdür. Bu, elm dünyasının Biologiyanın Mərkəzi Doqması olaraq adlandırdığı bir "qanun"dur. Bu qanuna görə DNT, RNT-ni sintez edir; RNT da zülalları sintez edir. Heç bir zaman zülallardan RNT, RNT-dən də DNT yarana bilməz. Bu səbəbdən, bu qanuna görə canlılığın başlanğıcında əvvəlcə meydana gəlməsi lazım olan, DNT-dir. Buna, daha əvvəl də qeyd etdiyimiz kimi, "Öncə-DNT Fərziyyəsi" deyilmiş və uzun bir müddət DNT-nin necə meydana gələ biləcəyi üzərində araşdırmalar aparılmışdır. Bu araşdırmaların kökündə əvvəlcə DNT-nin, sonra RNT və zülalların yarandığı fikri dayanmaqdadır. Lakin Öncə-DNT Fərziyyəsi nəinki bir çox suallara cavablar tapmış,əksinə, bir çox yeni suallar yaratmış və heç bir zaman güclü bir fərziyyə halına gələ bilməmişdir.

Ancaq daha sonra, retrovirus dediyimiz və ana genetik materialı canlılar kimi DNT deyil RNT olan virusların quruluşu aydın olduğunda, "Öncə-DNT Fərziyyəsi" çox ağır zərbələr alaraq tərk edilməyə məhkum olmuşdur. Retroviruslarda kəşf edilən yeni bir mexanizm sayəsində indiki vaxtda artıq Biologiyada "mərkəzi doqma" etibarlılığını tamamilə itirmişdir və etibarsız olaraq görülməkdədir.

Öncə-DNT Fərziyyəsinə görə, DNT tam olaraq açıqlana bilməyən ancaq təməl kimyəvi reaksiyalar daxilində, təbii fiziki təsir-əks təsir qüvvəsinə görə, bu şəkildə spiral formasında yaranmış və sonra, yenə quruluş gərəyi RNT sintez edərək funksiyasını davam etdirmişdir. Ancaq bu fərziyyənin, bir çox boşluğu vardır. Bunların ən əhəmiyyətlisi, DNT-nin katalizator təsirə malik kimyəvi xüsusiyyətinin olmamasıdır. Bu da, bu qədər kompleks böyüklükdə molekulların meydana gəlmə ehtimalını çox aşağı salmaqdadır. Çünki, katalizator olan bir mühitdə bir neçə saniyədə reallaşacaq bir reaksiya, katalizator olmadığında günlər, həftələr, illər və hətta yüzlərlə, minlərlə il ala bilməkdədir. Öncə-DNT Fərziyyəsi müdafiəçiləri, ilk canlının meydana gəldiyi mühit şərtlərini katalitik faktor olaraq irəli sürsələr də və bu şəkildə bu qarşı-tezisi çürütməyə çalışsalar da, etdikləri şərhlər elmi baxımdan çox da təminedici deyil. Lakin, bu şərhdən daha yaxşı və ehtimala daha az söykənən bir başqa şərh var. Buna az sonra gələcəyik.

Sonradan edilən yeni bir kəşf, demək olar ki bütün sual işarələrinin ortadan qalxmasına səbəb olmuşdur : Ribosom adlı bir RNT parçası və eyni zamanda da ferment kəşf edilmişdir.

Ribosom, "ribonuklein turşusu fermenti"nin qısaldılmış adıdır. Ribosom, əslində təməl olaraq bir RNT molekuludur. Bu molekulun üçüncülü quruluşu (daha çox məlumat üçün zülalların struktur xüsusiyyətlərinə baxmanızı tövsiyə edirik) sayəsində, irsilik materialı xaricində, eyni zamanda bir ferment olaraq çalışmaqda və kimyəvi reaksiyaların aktivləşmə enerjisini sala bilməkdədir. Ribosom kimyəvi quruluşundan ötəri, mühitdə özünü meydana gətirəcək və təməl Həyat Molekullarından olan nukleotidlər olduğu müddətdə, öz-özünü istehsal reaksiyasını tətikləyəcək bir quruluşdadır. Bu tip strukturlara avto-katalizator deyilməkdədir.

Bu səbəbdən canlılığın başlanğıcında, aktivləşmə enerjisi azalmamışdır; ancaq ətraf mühitin təsiri altında normaldan daha asan reallaşa bilən bir kimyəvi reaksiya nəticəsində, tək bir ribosom belə yaranarsa (ki ribosomun quruluşu DNT-dən son dərəcə sadədir), sonrasında bu ribosomun özünün istehsalını təmin edən reaksiyanı sürətləndirən xüsusiyyəti sayəsində sonsuz sayda ribosomun meydana gəlməsi yalnız dəqiqələr və günlər alacaqdı. Bu səbəbdən Öncə-RNT Fərziyyəsi daxilində, ilk yaranan molekul bir ribosomdur (bir tip RNT-dir) və bu ferment milyonlarla illik bir sınaq-yanılma və seçmə müddəti nəticəsində meydana gəlmişdir, sonra isə özünü kopyalayaraq sürətlə çoxalmışdır. Bu sadə RNT, ilkin canlılarda genetik və idarəedici material rolunu görməyə başlamış, beləcə koaservat içərisindəki bütün kimyəvi reaksiyaları koordinasiya edəcək olan molekul meydana gəlmişdir. Sonrasında bu ferment-RNT quruluşu, RNT-nin meydana gəlməsini tətikləmiş və buradan da geri-transkripsiya deyilən və "mərkəzi doqma"nın səhv olduğunu göstərən reaksiya sayəsində RNT-dən DNT yaradıla bilmişdir.

İndi, bu anlayışı daha yaxşı anlamaq məqsədiylə, Biologiyadakı "central dogma" (mərkəzi doqma) deyilən quruluşu yekunlaşdıracaq olsaq:

1) DNT, özünü və RNT-ni yarada bilən molekuldur.

2) RNT, DNT-ni yarada bilməz, ancaq zülalları sintez edə bilər.

3) Zülallar, nə RNT-ni nə də DNT-ni sintez edə bilər. Yalnız bunlar tərəfindən sintez edilərlər.




Daha əvvəl də bəhs etdiyimiz kimi retrovirusların kəşfi, bu doqmanın ikinci maddəsinin yanlış olduğunu və bu səbəbdən qanunun etibarsız olduğunu göstərmişdir. Retroviruslar, strukturlarında olan RNT-ni istifadə edərək DNT sintez edirlər. Bunu həyata keçirən "reverse transcriptase" adlanan fermentdir. Bir az qarışıq olan və dərin Biologiya məlumatı tələb edən bu hadisəni yekunlaşdırmaqda fayda görürük. Bunu anlamaq üçün, indiki vaxtda bu əməliyyatı hələ də reallaşdıra bilən varlıqlar olan və canlı sayılmayan retroviruslar (4-cü sinif viruslar) və onlardakı RNT-dən DNT sintezini araşdıra bilərik:

1) Xüsusi bir n-RNT-si, RNT üzərindən kopyalanmanın başlaması üçün lazım olan öncül molekul olaraq RNT-nin "ilk bağlanma bölgəsi" deyilən qisminə bağlanır.

2) Sintez ediləcək tamamlayıcı zəncirin ilk parçaları, bu öncül molekulun bağlandığı ilk bağlanma bölgəsinin dərhal yanında olan R və U5 deyilən bölgəyə bağlanır və bunların kopyaları, öncül molekulun ardıyca sintez olunur.

3) RNTz H deyilən bir ferment, DNT-ni çıxaracaq olan RNT-nin bu R və U5 bölgələrini parçalar.

4) Bu əməliyyat sonrasında, öncül molekul RNT-nin o biri ucuna keçir və arxasından kopyalanmış R və U5 parçalarını da aparır. Bu parçalardan R adlı hissə, RNT-nin digər ucundakı R ilə bağ qurur.

5) Bu əməliyyatdan sonra RNT sürətlə kopyalanır və tək bir lent olan RNT-dən, ikinci və özünün əkizi bir lent əldə edilir. Bu, eyni zamanda DNT-nin (yaranacaq olan DNT) ilk zənciri olur. Bu sırada RNTz H fermenti, ana RNT-nin böyük bir qismini parçalayır.

6) İlk lent çıxarıldıqdan sonra, avtomatik olaraq virus içərisindəki RNT, ikinci zəncirin meydana gəlməsini tətikləyir.

7) İlk başdakına bənzər bir sıçrama nəticəsində, RNTz tərəfindən parçalanan RNT-nin yerinə, ilk zənciri tamamlayan ikinci lent çıxarılar. Beləcə tək lentli RNT-dən, cüt spiral olan DNT istehsalı tamamlanır.




Bu hadisə, ilk baxışda qarışıq və "molekulların öz-özünə edə bilməyəcəkləri qədər mürəkkəb bir iş" kimi görünsə də, problem "canlılıq" anlayışındakı yanlış təriflərdən qaynaqlanmaqdadır. Bu nöqtə aydın olsa, problem ortadan qalxar: "Canlı"lar yuxarıda saydığımız kimi və ya daha da kompleks molekulyar reaksiyaları reallaşdıra bilən varlıqlar deyildirlər. Tam tərsinə, bu yuxarıda saydığımız kimi və ya daha kompleks molekulyar reaksiyaların reallaşdığı atomlar və molekullar bütününə dönüb baxdığımızda "canlı" deyirik. Buradakı kiçik fərqi tuta bildiyinizsə, ağlınızdakı bir çox suallar ortadan qalxacaqdır. Daha ətraflı məlumat üçün, "canlılıq" və "cansızlıq" anlayışıyla əlaqədar əvvəlki yazılarımıza baxıla bilərsiniz.

Ancaq nəticə olaraq, RNT, bu üsullarla və ehtimalla başlanğıcda daha sadə və kompleks olmayan; ancaq daha çox səhvə meylli olan üsullarla DNT-ni yarada bilmişdir. Bu da bizi RNT Dünyası Qaydasına aparır (bu artıq bir fərziyyə olmayacaq qədər fərqli növdə elmi gerçəklərlə dəstəklənməkdədir). Bu qaydaya görə, daha əvvəl bəhs edildiyi kimi, yalnız 1 ədəd ribosom fermenti kimyəvi və fiziki reaksiyalar daxilində təbii şərtlər altında var olmuşdur və Təbii Seçmə sayəsində, bu quruluş özünün istehsalını təmin etdiyi üçün seçilmiş və varlığını davam etdirmişdir. Bu sayədə, qısa müddətdə Dünyaya RNT molekulları hakim olmağa başlamışdır. Hələ ki yağ molekullarının su içərisində "self-organization" deyilən bir başqa elmi qayda daxilində, daha əvvəl açıqladığımız pillələrdən keçərək bir zireh meydana gətirmələri və RNT-lərin bu zireh içərisinə salınması, onları daha da üstün hala gətirmişdir.

Və koaservat dediyimiz ilk "canlı" strukturların genetik material qazanmaları da bu şəkildə reallaşmışdır. Koaservatların meydana gəlmə və inkişaflarına önümüzdəki yazılarda toxunacağıq. Ribosom və bunun sayəsində çıxarılan RNT molekuluna sahib olan koaservatlar, genetik materialın idarəedici rolundan ötəri daha üstün mövqeyə keçmiş və hər hansı bir genetik materiala sahib olmayanlara qarşı üstünlük təmin etmişlər. Genetik material, bir hüceyrə (ya da daha sadə olaraq koaservat) içərisindəki bütün reaksiyaların məlumatını yığan quruluşdur. Bu səbəbdən genetik materialın qazanılması, hüceyrə içərisində nizamlı olaraq reallaşacaq reaksiyaların başlamasından daha əvvəl olmuş olmalıdır. Daha sonra, genetik materiala sahib olan ve bu səbəbdən nizamlı bir şəkildə həyatlarını davam etdirib çoxalmağı bacara bilən bu koaservatlar getdikcə inkişaf edərək tək hüceyrəli canlıları meydana gətirmişlər və bunların 3.8 milyard illik təkamülləri nəticəsində günümüzdəki müasir canlılar meydana gəlmişdir.

Öncə-RNT Fərziyyəsi (ya da günümüzdəki adıyla RNT Dünyası Qaydası), bir çox baxımdan dəstəklənməkdədir. Məsələn, canlılıq Dünyada, Dünyanın var olmağa və soyumağa başladığı 4.5 milyard il əvvəlindən təxminən 600-700 milyon il əvvəl (bundan 3.8 milyard il qədər əvvəl) var olmağa başlamışdır. Bu 600-700 milyon illik uzun müddətdə, Dünya üzərində sonsuz sayda kimyəvi reaksiya reallaşmışdır. Miller-Urey Təcrübələri ilə isbat edildiyi və 462 fərqli universitetdə də indiki vaxtda sınandığı, inkişaf etdirildiyi və müvəffəqiyyətli tapıldığı üzrə, o günlərin şərtlərində yaranan saysız üzvi molekul, bir-birləriylə birləşmiş, ayrılmış, təkrar birləşmiş və sonsuz sayda sınaq-yanılma aparılmışdır. Sonunda daha dayanıqlı quruluşda olan mürəkkəb maddələr varlıqlarını qorumuşlar və cansızlıqdan canlılığın meydana gəlməsi bu şəkildə, kiçik addımlarla, 600-700 milyon ildə reallaşmışdır. Bu müddət, bir ribosomun var ola bilməsi üçün çox kafi bir müddətdir. Zatən bir dənəsi var olduqdan sonra, sonsuz sayda ribosom və dolayısilə RNT molekulunun yaranması mümkün olmuşdur.

RNT var olduqdan sonra, lazım olarsa digər molekullarla reaksiyalar, ya da yenə sınaq-yanılma və buna bağlı seçmə nəticəsində DNT molekulu meydana gələ bilmişdir. RNT var olduqdan sonra, DNT-nin var olması üçün yalnız aralarında kimyəvi cazibə olan RNT düzülmələri birləşməsi kafi olmuşdur.

Beləliklə bu, genetik irsiliyin və bu səbəbdən Təkamülün həqiqi mənada başladığı nöqtədir. Ancaq Təkamül Mexanizmlərindən və təbiət qanunlarından biri olan Təbii Seçmə, bundan əvvəldə də molekulyar səviyyədə təsirlidir. Yenə göründüyü kimi, əslində bu qədər şişirdilən bir kimyəvi maddənin meydana gəlməsi, o qədər də ağla sığmaz mürəkkəbliyə sahib deyil. Çox təəssüf ki mövzu haqqında cahil insanlar, sadə ibtidai məktəb riyaziyyat məlumatlarıyla Təkamül Biologiyasına meydan oxuya biləcəklərini sanaraq ciddi səhvə yol verməkdədirlər. Onların ağıllarına gələn sualların hər biri elm tərəfindən cavablandırılmış suallardır.
daha ətraflı...

Kimyəvi Təkamül: Canlılıq və Cansızlıq anlayışları

Təkamül Nəzəriyyəsini araşdıran hər bir insan, bu araşdırmalarının bir nöqtəsində mütləq olaraq, "ən başa getmə" marağından irəli gələrək, özünü canlılığın başlanğıcına, ilk canlının meydana gəldiyi nöqtəyə çatmış bir vəziyyətdə tapacaqdır. Bu nöqtədə fikirlər qarışacaq və Təkamül tam olaraq aydın olmuş olsa belə "ilk canlı"nın necə əmələ gəlməsi cavabsız qalırmış kimi doğru olmayan düşüncələr yaranacaqdır. Halbuki elm, hələ də üzərində müzakirə aparmaqla bərabər, canlılığın başlanğıcı sualına olduqca dəqiq, elmi məntiq və şübhə sərhədləri daxilində təminedici cavablar tapmışdır. Bu cavablar,tam gözlənildiyi kimi, hər hansı bir fövqəltəbii qüvvəyə işarə etməməklə birlikdə, tam tərsinə əsrlərdir davam edən "üstünləşdirmə" marağımızı yerlə bir edən şəkildə, canlılığı adiləşdirməkdə və olduqca sadə anlayışlardan yola çıxaraq açıqlamaqdadır. Hətta artıq müasir elm, anlamaq asanlığı məqsədiylə istifadə edilməsi istisna olmaqla, elmi olaraq "canlılıq" və "cansızlıq" anlayışlarını bir-birindən ayırmayaraq bir yerdə istifadə edir. Yəni bu gün artıq "canlı" ya da "cansız" deyə bir ayrıseçkilikdən, heç olmasa elmi olaraq, bəhs edilmir. Gündəlik istifadədə hələ də müəyyən tip varlıqları ifadə etmək məqsədiylə bu sözlərə yer verilir; ancaq ana mövzu əgər "canlılıq anlayışı" olacaqdırsa, bioloqların çoxu canlılıq ilə cansızlıq arasında bir ayrıseçkiliyə getməkdən uzaq dayanırlar.

Unutmamaq lazımdır ki əslində canlılığın başlanğıcı, Təkamül Nəzəriyyəsinin maraq dairəsində deyil! Təkamül Nəzəriyyəsi, canlılığın "hər hansı bir şəkildə" başlamasından sonra, müxtəlif növlərə necə ayırıldığı ilə maraqlanır. Canlılığın ilk başlanğıcı ilə maraqlanan elm sahələri isə Abiogenez və Panspermiya Nəzəriyyələridir. Əlbəttə ki, Kainatdakı hər şey kimi, canlılığın başlanğıcı da elmi bir perspektivdən ələ alınmalıdır. Çünki ən kiçik bir şübhəmiz yoxdur ki, Kainatdakı hər şey kimi, canlılığın ilkin başlanğıcı da metafizik faktorlara ehtiyac olmadan, tamamilə təbii şərhlərlə izah edilə bilər. Bu yazıda, sizə bu izahlardan indiki vaxtda ən güclüsü olaraq qarşımıza çıxan Abiogenez Nəzəriyyəsindən, yəni "canlılığın", "cansızlıqdan" yaranması fikrini irəli sürən qanundan yola çıxaraq şərhlər verəcəyik. Abiogenez Nəzəriyyəsi,Təkamül Nəzəriyyəsinin məzmunu daxilində olmasa da, Təkamül qanunlarından (Təbii Seçmə kimi) istifadə edərək arqumentlər gətirməkdədir.

İndi isə sizlərə "canlılıq" dediyimiz hadisənin, "cansızlıq" olaraq adlandırdığımız formadan necə təkamülə uğradığını izah etməyə çalışacağıq. İnsanlar tərəfindən şişirdilmiş olan "canlılıq" anlayışının, əslində o qədər də xüsusi olmadığını və cansızlıqdan təkamülləşməsinin sanıldığı qədər çətin bir hadisə olmadığını görəcəksiniz. Eyni zamanda canlılıq ilə cansızlıq anlayışlarının bir-birindən tamamilə fərqsiz olduğunu göstərəcəyik.

Anlayışların həqiqi mənalarını öyrənə bilməyimiz həqiqətən çox əhəmiyyətlidir, çox təəssüf ki təhsil sistemimiz terminləri doğru bir şəkildə öyrətməkdən çəkinir. Bir çox anlayış, təhsil həyatımız boyunca səhv və "imtahana istiqamətli" formada öyrədilir. Amma elm, təhsil sistemimizin sandığından və bildiyindən daha çox irəlidədir. Bu səbəbdən bəzi düzəltmələr etməyimiz və ağıllarda yaradılan bəzi mənasız tabuları qırmağımız lazımdır. Bəlkə də, bu anlayışların ən başında "canlılıq" ilə "cansızlıq" ayrıseçkiliyi gəlir. Çünki "canlı" və "cansız" ayrı-seçkiliyini anlamaq, bəlkə də Biologiyanı anlaya bilmənin və Təkamül Biologiyasını qavraya bilmənin başında gəlir. Elə isə sözü daha çox uzatmadan başlayaq:

Əslində, heç bir şey elmi olaraq nə "canlı", nə də "cansız"dır. Bu yalnız, ədəbiyyat baxımından işləri asanlaşdırmaq, Biologiyanın sahəsini təyin etmək və anlama asanlığı təmin etmək məqsədiylə uydurulmuş və güclü dayağı olmayan bir faktdır. İnsanoğlu, ətrafına baxıb varlıqları təsnif etmək istəmiş və müəyyən xüsusiyyətlər daşıdığı üçün bəzi varlıqlara "canlı", bu xüsusiyyətləri daşımayan varlıqlara isə "cansız" demişdir. İnsanın tərifinə görə, bu canlı-cansız fərqinə səbəb olan müəyyən xüsusiyyətlər belə sıralana bilər:



1.Xarici qıcığa reaksiya vermə

2.Çoxalma

3.Böyümə və İnkişaf

4.Daxili Tarazlığı Qoruma (Homeostaz)

5.Müəyyən bir struktura sahib olma

6.Metabolik fəaliyyətləri reallaşdırma və enerji istehsalı

7.Uyğunlaşa bilmə (Adaptasiya)



Köhnə dövrlərə aid qaynaqlara görə bu xüsusiyyətlərin hamısına sahib olan varlıqlar "canlı", sahib olmayan varlıqlar isə "cansız" varlıqlardır. Bəzi qaynaqlar bunlardan yalnız ilk 4-ünü canlılıq əlaməti olaraq qəbul edir. Lakin uzun illərdir bu təyin etmə davamlı olaraq müzakirə edilmişdir və hələ də, azalmaqla birlikdə, müzakirə edilməyə davam etməkdədir. Çünki bəzi "cansız" olaraq görülən varlıqlar ciddi şəkildə "canlı" kimi görünən xüsusiyyətlərə sahibdirlər. Məsələn, viruslar və ya prionlar həmişə bu tərif üçün çıxılmaz vəziyyət yaratmışlar.

Əslində təməl olaraq, min illərdən bəri, insanlar yuxarıda ifadə etdiyimiz xüsusiyyətləri daşıyan varlıqlara bir "can" (insan üçün "ruh", digərləri üçün "can") lazım olduğunu düşünmüşdür. Bu anlayışlar o qədər uzun illərdir insanlara təsir edir ki, istər istifadə asanlığı, istərsə də aramıza yerləşmiş tabuların yıxılmasının çətinliyindən ötəri, insanlıq tarixinə görə nisbi olaraq çox yeni olan elm də bu anlayışları olduğu kimi istifadə edir.

Halbuki, müasir elm baxımından bu anlayışların (nə "can", nə də "ruh") heç bir etibarlılığı yoxdur. Biologiyanın dərinliklərinə enən elm adamları, əvvəl orqanlarımızı, sonra toxumalarımızı, sonra hüceyrələrimizi kəşf ediblər. Daha da dərinlərə endiyimizdə, hüceyrələrin içərisindəki az qala hər hadisəni müşahidə edə biləcək səviyyəyə gəlinmişdir. Və bu ölçüdə, varlıqlara baxdığımız zaman, bir canlı ilə cansızı ayırmaq qeyri-mümkündür. Çünki Kainatın özündə belə bir fərq yoxdur. Çünki ikisi də müəyyən kimyəvi reaksiyaların meydana gətirdiyi bir "tamdır". Bir dəmir, oksigenin olduğu uyğun bir mühitdə davamlı olaraq paslanır. Eyni oksigen, hüceyrələrimizin daxilində olan başqa bir kimyəvi maddə-karbohidratlarla reaksiyaya girərək enerji istehsalını təmin etməklə hüceyrənin "canlılığını" davam etdirir. Elə isə, dəmiri "cansız", hüceyrəni "canlı" edən nədir? İnsanlığın uydurduğu təriflər xaricində, heç bir şey. İkisi də, sıradan atomlar və molekullar yığınıdır. Tək fərq, bu kimyəvi reaksiyaların ("canlılar" içərisində reallaşırsa "biokimyəvi" reaksiyaların) cəmi, əgər içərisində olduğu ya da total şəkildə meydana gətirdiyi varlığa yuxarıda sadalanan müəyyən xüsusiyyətləri verirsə, o varlıq "canlı" olmaqdadır. Bu, insanın özünün uydurduğu əsassız (ancaq gündəlik ünsiyyətdə işə yarayan) bir sinifləndirmədir.

Bura qədər izah etdiklərimiz aydın ola bildisə, indi illərdir öyrəndiyimiz qəliblərə bir başqa zərbəni də, yuxarıda verdiyimiz və demək olar ki hər fərd (və hətta təhsil sistemimiz) tərəfindən mənimsənilən "canlılığın xüsusiyyətləri" maddələrinə endirmək istəyirik. İndi hər birinə tək-tək və mümkün olduqca qısaca baxaraq, böyük ölçüdə baxdığımızda canlılığın sözdə "müzakirə edilməz" qanunları olan bu maddələrin, molekulyar səviyyədə cansızlıqdan ayıra bilməyəcəyimizi göstərəcəyik:

1) Xarici qıcığa reaksiya vermə:

Bu, bəlkə də canlılıq tərifləri içində istifadə edilən ən mənasız maddədir. Çünki Kainatdakı bildiyimiz fizika qaydalarına tabe olan hər bir varlıq, xarici qıcığa reaksiya verir. Bu sadəcə "təsir-əks təsir qanunu"dur və 17-ci əsrdə Isaac Newton tərəfindən kəşf edilən bir gerçəkdir. "Bir topun yerə dəyib qalxdığı zaman topun reaksiyasıyla, bir insanın ani bir hərəkətə reaksiya verməsi birdirmi?" sualı sizə qəribə gələcək. Amma cavab sizi dahada heyrətləndirəcək: Bəli,birdir. Yalnız insanın vəziyyətində arada bir neçə vasitəçi iştirak edir. Belə ki:

Əlinizi sürətlə insanın üzünə toxundursanız, az qala eyni anda insan geriyə çəkiləcək və gözlərini yumacaqdır. Təsirə reaksiya bu şəkildə təyin olunur. Böyük ölçüdə araşdırdığımızda, bunun həqiqətən də bir topun yerə dəyib qalxmasından olduqca fərqli olduğunu düşünərik. Sanki bir "şüur", xüsusilə o təsirdən qaçırmış kimi hiss edərik. Halbuki bu son dərəcə "cansız" bir hadisədir. Təsir (məsələn toxunan əl) üzə doğru yaxınlaşarkən, ələ çarpan "cansız" işıq fotonları gözə işıq sürətilə çatır və qırılaraq işığa həssas hüceyrələr üzərinə düşürlər. Bu fotonların hər birinin fərqli bucaqlarda, fərqli hüceyrələrə düşməsi, bu hüceyrələrdə fərqli dəyişmələrə səbəb olur. Bu dəyişmələr, bəzi kimyəvi maddələrin tutulmasından ibarətdir. Ancaq bu kimyəvi maddələrin dəyişməsi eyni zamanda bu hüceyrələrə bağlı olan sinir hüceyrələri üzərində hərəkət potensialı deyilən elektrokimyəvi (və tamamilə "cansız") pulslar meydana gətirir. Bu elektrokimyəvi pulslar, olduqca yüksək sürətdə beynə çatdırılır. Beyin, gələn fərqli "puls kodları" (hər biri fərqli şiddətdəki pulslar, sanki Morze əlifbası kimi beynə məlumat çatdırırlar) beyində olan sinir və qliya hüceyrələrində fərqli biokimyəvi reaksiyaların meydana gəlməsinə səbəb olur. Bu reaksiyalar da "cansız" olan kimyəvi dəyişmələrdir. Sadəcə, elektrokimyəvi pulsların fərqli şiddət dəyərləri, fərqli kimyəvi reaksiyaların reallaşa bilməsini təmin edir. Bunların nəticəsində yaranan kimyəvi məhsullar, "təsir"ə qarşı "reaksiya" meydana gətirir. Yəni bu reaksiya, sadəcə yeni bir elektrokimyəvi pulsun əmələ gəlməsidir. Bu puls, eyni sürətlə lazımlı əzələlərə göndərilir (hansı əzələyə gedəcəyinin təyin olunması da oldiqca "cansız" bir hadisədir, beynin qıcıqlanan bölgələrində çıxarılan reaksiyaların formalarına görə fərqli sinir yolları izlənilir) və bu əzələlərdə müəyyən biokimyəvi dəyişmələr reallaşır (bəzi ionlar hüceyrə içinə girir, bəziləri çölə çıxır). Bu səbəbdən gözlərimiz sürətlə bağlanır, bədənimiz geri çəkilir. Beləliklə bütün təsir-əks təsir hadisələri bu qədər "cansız" bir hadisədir.

Digər tərəfdən, topun yerə düşüb qalxması hadisəsi də, bizim düşünüb əhəmiyyətsiz hesab etdiyimiz qədər sadə bir hadisə deyil. Ya da yuxarıdakından çox da bəsit proses deyil. Klassik Fizika baxımından düşünsək top, yerə düşdüyündə "çırpılır" və müəyyən bir qüvvənin təsiri altında geri qayıdır. Halbuki iş bundan ibarət deyil. Kvant Mexanikası sayəsində hər şeyi atom yığını olaraq düşünməyimiz lazım olduğunu bilirik. Bu səbəbdən top, müəyyən tip atomları bir yerdə saxlayan bir yığındır. Yer də, bənzər şəkildə çox müxtəlif atomları saxlayan nəhəng bir yığındır. Bu iki atom yığını qarşılaşmadan əvvəl və qarşılaşma reallaşana qədər bir-birlərini çəkirlər. Lakin atomlar kifayət qədər bir-birinə yaxınlaşdığında, yəni "çırpılma" hadisəsi reallaşdığında, əslində çarpma atom ölçüsündə tək bir nöqtədə deyil; nəhəng bir həcmdə olur. Bu həcmdə atomlar bir-birinin içərisinə girirlər və topun bir qisimi ilə yer "bir" olur. Bu birlik nəticəsində, atomun daxilində, nüvə ətrafında dolanan elektronlar bir-birlərinə çox yaxınlaşdıqlarından, sürətli bir itələmə qüvvəsi meydana gəlir və elektronlar bir-birlərini itələyirlər. Və bir nöqtədə, elektronların bir-birini itələmə qüvvəsi atomlararası cazibə qüvvəsindən üstün olaraq topun geriyə doğru atılmasına səbəb olur. Yəni bir topun yerə dəyib qalxması hadisəsi yuxarıdakı təsir-əks təsir reaksiyası kimi, o qədər də adi bir proses deyil.

Göründüyü kimi, atom səviyyəsində bir insanın təsirə verdiyi reaksiya ilə topun verdiyi reaksiya təməl olaraq bir-biriylə eynidir və hər ikisi olduqca çətin görünən, amma sadə qanunlarla açıqlana biləndir. Və hər ikisində də fövqəltəbii bir "ruh" ya da "can" görülmür.


2) Çoxalma:

Yuxarıdakı izahat anlaşıldısa, digərlərini modelləşdirmək olduqca asan olacaq. Bu səbəbdən bunları daha qısa olaraq keçməyə çalışacağıq.

Çoxalma (bu vəziyyətdə cinsi çoxalma nəzərdə tutulur amma qeyri-cinsi çoxalma da bənzərdir), bilindiyi kimi genetik materialın köçürüldüyü cinsi hüceyrələrin birləşməsi nəticəsində reallaşan hadisənin adıdır. Nəticədə, bu hadisəyə qatılan hər iki fərdin xüsusiyyətlərini daşıyan bir məhsul ortaya çıxır. Yaxşı bu hadisə, "cansız" pillələrlə açıqlana bilinməzmi? Əlbəttə ki açıqlana bilər.

"Hüceyrə" dediyimiz quruluş, içərisində saysız kimyəvi proseslərin baş verdiyi bir fabrik kimidir. Bu reaksiyalar nəticəsində bir çox məhsul və dəyişiklik meydana gəlir. Və hüceyrə, canlılığın təməl quruluş vahidi hesab olunur. Ancaq necə ki, içərisində nə qədər mürəkkəb proseslər olursa olsun bir fabrikə "canlı" demiriksə, hüceyrəyə də hər hansı bir maddədən üstün ya da fərqliymiş kimi baxmaq müasir bir yanaşma olmayacaq. Çünki hüceyrəni hüceyrə edən bütün reaksiyalar, eynilə dəmirin yanması kimi "cansız" reaksiyalardır və elə bir reaksiya yoxdur ki, dəmirin yanmasından fərqli bir şəkildə reallaşsın. Əgər elədirsə, hüceyrənin "canlılığı" haradan başlayır? Heç bir yerdən. Dediyimiz kimi bu "canlılıq" iddiası, tamamilə insan uydurması bir iddia, bir oxşatma, bir kateqoriyadır.

Bu hüceyrələr, müəyyən kimyəvi reaksiyaların təsiri altında bölünürlər. Bu bölünmə əməliyyatı da tamamilə biokimyəvi reaksiyaların idarə etdiyi bir hadisədir. Müəyyən bir böyüklüyə çatdıqda qeyri-cinsi hüceyrələr mitozla, əgər bir cinsi hüceyrədirsə,müəyyən hormonların təsiri altında cinsi yolla çoxalmaq məqsədiylə meyozla bölünürlər. Bu iki bölünmə arasındakı tək fərq, kimyəvi mərhələ fərqləridir. Nəticədə, cinsi çoxalma nəticəsində yaranan cinsi hüceyrə, məsələn spermatazoid, tamamilə kimyəvi kontrol nəticəsində, yumurta hüceyrənin ifraz etdiyi kimyəvi maddələrə doğru fiziki qüvvələrin təsiriylə "çəkilir" və yenə tamamilə kimyəvi reaksiyalarla, spermanın akrosomu əriyərək içərisindəki genləri yumurta hüceyrənin içərisinə köçürür. Yəni çoxalmanın da tək bir nöqtəsi belə kimyaüstü şəkildə ya da hər hansı bir xüsusi şəkildə reallaşmır.


3) Böyümə və İnkişaf:

Yuxarıda açıqladığımız kimi, mitoz yolla bölünən hüceyrələr xaricdən alınan maddələrlə böyüyərək sayca çoxalırlar. Bu hüceyrələrin bir yığın olaraq toplanması nəticəsində böyümə və inkişaf meydana gəlir. Hər iki hadisə genlər ilə nəzarət edilir. Bu genlərin oxunması və bu oxunma nəticəsində yaranan zülalların fəaliyyəti də tamamilə biyokimyəvi hadisədir. Burada da heç bir xüsusi vəziyyət yoxdur.

4) Daxili tarazlığı qoruma (Homeostaz):

Təməl olaraq bir varlığın, xarici amillərin təsirinə qarşı aktiv olaraq daxili bütünlüyünü qoruma xüsusiyyətinə deyilir. Bu prosesin də iş prinsipi əslində təsir-əks təsir hadisəsəsinin iş prinsipi ilə tamamilə eynidir. Təsir-əks təsir hadisəsi bəlli bir xüsusiyyət (məsələn refleks) əsasında, daxili tarazlığı qoruma isə ümumiyyətlə bir orqanizm səviyyəsində baş verir. Burada əhəmiyyətli bir məqam var və müasir "canlı" anlayışının tərif edilə bilməsi üçün bu maddə əhəmiyyət kəsb edir. Bura dolayısıyla yenidən qayıdacağıq. Ancaq indidən yadda saxlamalısınız ki,daxili tarazlığın təmin edilə bilməsinin də tək yolu cansız kimyəvi fəaliyyətlərdir.

5) Müəyyən Bir Struktura Sahib olma:

Bu anlayış da indiki vaxtda müasir təriflər vermək üçün istifadə edilməkdədir; lakin tək başına, bu şəkliylə heç bir məna ifadə etmir. Yuxarıdakı və ümumi olaraq keçərli qəbul edilən, ancaq xətalı olan tərifin problemi də bu maddələri bir-birinə davamlı olaraq bağlamaması və maddələri doğru seçməməsidir. Birazdan, yuxarıdakı 4-cü maddə ilə birlikdə buna təkrar dönəcəyik.


6) Metabolik Fəaliyyətləri Reallaşdırma:

Bu xüsusiyyət də təyin ediciliyi olmayan, olduqca sıravi, cansız reaksiyalar silsiləsidir. Məsələn "həzm" dediyimiz proses sadəcə olaraq, qida dediyimiz kimyəvi maddələrin (məsələn nişastanın), müxtəlif kimyəvi fermentlərin təsiri altında daha kiçik hissəciklərə (məsələn qlükoza) bölünməsi və bu şəkildə hüceyrə içərisinə alınmasıdır. Və ya "tənəffüs" dediyimiz proses, eynilə dəmirin yanması kimi, həzm yoluyla əldə edilən qlükozanın oksigen ilə yandırılması deməkdir.


7) Adaptasiya:

Bunu canlılıq meyarları arasına əlavə etmək belə ciddi bir mübahisə mövzusudur. Çünki müəyyən bir seçmə amili olduğu müddətdə, hər bir varlıq istər istəməz "adaptə olmaq" məcburiyyətindədir. Bir qaya parçası, hal-hazırda olduğu mövqeyini qoruyarkən, bənzər bir qaya parçasının bütünlüyünü qoruya bilməyərək parçalanması, onun mühitə "adaptə olmadığı" fikirini ağıllara gətirməkdədir. Bənzər şəkildə, günümüzdəki canlılarının hamısı,olduqları mühitə müəyyən bir nisbətdə uyğunlaşa bildikləri üçün vardırlar; digərləri isə eynilə qaya kimi parçalanmış və bütünlüklərini itirmişlər. Bu baxımdan, adaptasiya yalnız canlılıq ilə məhdudlaşmayaraq, bu maddədə açıqladığımız bütün varlıqların Təkamülə tabe olduğu fikirinə dəstək verir. Lakin mövzumuz olmadığı üçün bu haqda danışmayacağıq.

Bu səbəbdən, yuxarıdakı maddələrə baxdığımızda,hər zaman "canlı" olaraq adlandırdığımız varlıqları bu şəkildə təyin etməyimizin səbəbi olan maddələrin heç birinin təklikdə canlılıq ilə bir əlaqəsi yoxdur. Yaxşı, əgər xüsusiyyətlərin özlərinin canlılıq ilə əlaqəsi yoxdursa, bunlara sahib olan varlıqlar, digər varlıqlardan necə fərqli ola bilərlər?


Müasir Canlı-Cansız Tərifi: Kimyəvi Təkamül

Bu nöqtədə, bir faktı görməyimiz şərtdir. Ətrafımızdakı bəzi varlıqlar, digərlərinə görə olduqca aktivdirlər və bütünlüklərini digərlərinə görə daha müvəffəqiyyətlə qoruya bilirlər. Yaxşı bu canlı-cansız fərqi üçün kafidirmi?

Xeyr! Müasir təyin etmədə belə canlı ilə cansızın özündə bir-biriylə tamamilə eyni olma gerçəyi yatır. Bu səbəbdən hansı tərif verilirsə verilsin, bu gerçək yaddan çıxarılmamalıdır. Canlı və cansızlar arasında heç bir fərq ola bilməz.

Lakin yenə də, ən başından bəri ifadə etdiyimiz kimi, istər anlatma asanlığı, istərsə də ətrafımızdakı varlıqların kateqoriyası üçün bir tərif lazımdır. Ancaq təkrar qeyd etsək, canlı ilə cansızı ayıran bir tərifin var olması çox da bir məna ifadə etmir. Son olaraq bura geri dönəcəyik amma varlıqlar arasında, bəlli bir xüsusiyyət xaricində heç bir fərq yoxdur.

Yaxşı müasir bir canlılıq tərifi necə verilməlidir?

Bunun üçün, ən başdan bəri insanların etdiyi kimi ətrafa baxmaq lazımdır. Ətrafımızda, bəzi varlıqların bütünlüklərini aktiv olaraq qoruya bildikləri və müəyyən, daha doğrusu nizamlı bir strukturları olduğunu görərik. Bunun xaricində, bu strukturlar daxilindəki heç bir xüsusiyyətin (reaksiya vermə, maddələr mübadiləsiyə sahib olma, vs.) yuxarıda qeyd etdiyimiz kimi digər hər hansı bir cansız hadisədən fərqsiz olduğunu görərik.

Yəni, bir sıra varlıq qrupu ətraflarında meydana gələn dəyişikliklərə qarşı aktiv olaraq cavab verə bilir. Bu varlıqlar daha yaxından araşdırıldıqlarında, əslində cansızlardan fərqli olmaqla birlikdə, aşağıdakı iki xüsusiyyətə sahib olduqları da görülür:


1) Struktur: Bu anlayışa bir çox fərqli baxımdan yanaşmaq mümkündür. Ancaq bu nöqtədə bizim maraqlandığımız struktur tipi, bütünlüyünü müəyyən bir səviyyəyə qədər qoruya bilən və xarici təsirlərə qarşı müəyyən bir səviyyəyə qədər dağılmayan bir strukturun olmasıdır. Kainatdakı hər varlıq, fərqli xüsusiyyətə malik təsirlər nəticəsində atomlara (və ya daha böyük hissəciklərə) ayrılacaqdır. Bu həqiqət də bizə hər varlığın özündə eyni olduğunu və canlı ilə cansız ayrıseçkiliyinin təbiətdə aşkar olunmadığını göstərməkdədir.


2) Fəaliyyət: Müəyyən bir səviyyəyə qədər stabil olan quruluş içərisində təməl olaraq iki məqsədə (həyatda qalmaq və çoxalmaq) xidmət edəcək müxtəlif fəaliyyətlərin nizamlı olaraq davam etdirilməsi deməkdir. Bu fəaliyyətlər, tamamilə biokimya əsaslı və texniki olaraq "cansız"dır. Bizlərin "canlı" tərifinin təyin oluna bilməsi üçün isə, strukturla birlikdə olmağı vacibdir.

Burada başa düşülməsi lazım olan ən əhəmiyyətli məsələ, yuxarıdakı iki faktın mütləq şəkildə bir yerdə olmasıdır. Əgər bu faktların ikisi də bir yerdə olmursa, o varlığı, bizim "canlı" deyəcəyimiz kateqoriyaya daxil etmək doğru olmayacaq.

Bir az analiz edərək misallar göstərək:

Qaya: Nəhəng bir qaya parçası düşünün. Bu qaya parçasının müəyyən bir strukturu var və bu struktur, müəyyən bir səviyyədəki qüvvələr xaricində olduqca sabit və dəyişməzdir. Yəni asan qırılmır, dağılmır, parçalanmaır. Bu xüsusiyyəti ilə qaya, canlılığın "struktur" meyarını təmin edir. Lakin bu struktur daxilində heç bir fəaliyyət yoxdur. Varlığını aktiv olaraq davam etdirməsinə imkan verəcək heç bir hadisə bünövrəsində reallaşmır. Bu baxımdan qaya, dəqiq bir şəkildə cansız varlıqdır.


Ağcaqanad: Digər tərəfdən kiçik bir ağcaqanad, müəyyən bir struktura malikdir və müəyyən bir səviyyəyə qədər qüvvələrə qarşı dayana bilir. Bu baxımdan, strukturu asanlıqla pozulmur və axtardığımız meyarı təmin edir. Eyni zamanda, strukturu daxilində davamlı olaraq həyatda qalma və çoxalma istiqamətli bir fəaliyyət reallaşır. Bu fəaliyyətin tamamilə cansız reaksiyalarla icra edilməsinə baxmayaraq, ən nəhayət həyatda qalma və çoxalma istiqamətlidir. Bu səbəbdən ağcaqanad, iki meyarımıza da uyğun gələrək canlı varlıq olduğunu göstərir.

Virus: Viruslar, çox uzun müddətdir ki canlı yoxsa cansız olduğu müzakirə edilməkdə olan, amma çox böyük nisbətdə "cansız" olduğu qəbul edilən varlıqlardır. Bizim verdiyimiz tərif daxilində, virusların canlı ola bilməyəcəyi asanlıqla anlaşılmaqdadır. Çünki virusların, bəlli bir hüceyrə xaricində varlıqlarını davam etdirərkən müəyyən bir strukturları daima vardır. Bir örtük içərisində, müvəqqəti olaraq işə yaramayan bir genetik maddə, davamlı olaraq bir tərəfdən digər tərəfə keçir. Ümumiyyətlə kristal (və dəqiq bir şəkildə cansız) quruluş içərisində hər hansı bir fəaliyyət olmadığı üçün (viruslar bir "ev" olmadan hər hansı bir fəaliyyət göstərə bilmirlər), virus ev çölündəykən cansızdır. Yaxşı bəs ev içərisindəykən? Bu dəfə də, virusun örtüyü, hüceyrənin xarici çəpərinə yapışır və genetik maddə hüceyrənin içərisinə axır. Bu genetik maddə (virusu təmsil etməkdədir), hər nə qədər artıq fəaliyyətə sahib olsa da, özünə aid bir struktura sahib deyil. Bu səbəbdən virus, hüceyrə daxilində də cansızdır. Buradan da aydın olur ki viruslar, "canlı olmağa çox yaxın olmalarına baxmayaraq hələ ola bilməmiş, cansız" varlıqlardır.


Yenidən təkrar etməkdə fayda görürük: Təbiətdə, əslində bir ayrı-seçkilik yoxdur! Bu sinifləndirməni insan növü olaraq biz, bir-birimizlə ünsiyyət qura bilmək və təbiətdəki varlıqları təsnif edə bilmək üçün yaratmışıq. Bu səbəbdən ümumi baxıldığında bir virus da, bir insan da cansızdır! Əgər ki bir gün bir kömür parçası, sinifləndirilə biləcək səviyyəyə çatacaq olsaydı (bu, hipotetik bir şərhdir), əmin olun ki bu sinifləndirmə üçün istifadə etdiyi prioritetlər, bizimkilərdən tamamilə fərqli olacaqdı. Ehtimalla almaz və qrafit imtiyazlı olacaq, digər quruluşlar ikinci planda qalacaqdı. Bizim sinifləndirməmizdə də canlılar ön plana alınmaqda, cansızlar ikincil planda tutulmaqdadır.

Yaxşı bəs niyə belə bir ayrı-seçkilik görürük? Və burada qarşımıza "kimyəvi təkamül" anlayışı çıxır.

Kimyəvi Təkamül, Təkamül Biologiyasının elmin və həyatın hər sahəsinə daxil olmasıyla birlikdə, elm adamlarının ortaya atdıqları son dərəcə həqiqi bir görüşdür. Bu görüşə görə, cansız varlıqlar da təkamül keçirir və fərqli təsirlər nəticəsində, fərqli varlıq qrupları meydana gəlir. Tək bir varlıq tipindən (maddədən və enerjidən), indiki vaxtda gördüyümüz "canlı" və "cansız" olaraq adlandırdığımız strukturların meydana gələ bilməsinin səbəbi, ən başda, məsələn Dünyanın meydana gəlməsi sonrasında bu varlıqların keçirdiyi fərqli kimyəvi təkamüllərdir.

Bu prizmadan baxıldığında, bədənimizdə olan karbon ilə kömür içərisində olan karbon bir-biriylə tamamilə eynidir. Yaxşı bəs niyə bizdəki karbondan ötəri biz "canlı" olarkən, kömür "canlı" ola bilmir? Bunu izah etməyin bir yolu yoxdur, çünki əslində arada bir fərq də yoxdur.

Lakin eyni karbona sahib varlıqların, bir-birindən bu qədər fərqli xüsusiyyətlərə sahib ola bilməsinin səbəbi, karbonun ən başlarda, Dünyanın meydana gəlməsindən sonrakı 600 milyon il içərisində, fərqli sahələrdə, fərqli şəkillərdə dəyişmiş olmasındadır. Məsələn, koaservatların (ən ilkin hüceyrə quruluşu) tərkibindəki karbon, günümüzə qədər gələcək Həyat Molekullarının təməlini meydana gətirərkən, torpağın altında yığılan karbon əvvəl kömürü və sonrasında almazı meydana gətirmişdir. Karbon əslində eyni karbondur, ancaq məhsul, çox uzun dəyişmələr nəticəsində tamamilə fərqli hal almışdır. Beləliklə kimyəvi təkamül bu fərqliliyi açıqlaya bilər.


Nəticə

Nəticə olaraq, canlılıq və cansızlıq yalnız təriflərdən ibarət olan, iki varlıq tipidir. Bu iki varlıq tipi, eynilə bütün canlıların ortaq bir atası olması kimi, bütün varlıqların ortaq atası olan və ümumiyyətlə (və əminliklə) "cansız" olaraq düşünülən maddədən təkamülləşmiş iki varlıq tipidir. Özlüyündə, ikisi də eyni cansız varlıqdan, maddədən (ya da enerjidən) meydana gəlir. Yalnız, həddindən artıq uzun sürən dəyişikliklər, onlar arasındakı bu dərin fərqləri doğurur. İndiki vaxtda, insanın qeyri-adi (!) olduğunu "düşünməmizi" təmin edən "düşüncə" belə, tamamilə cansız, elektrobiokimyəvi hadisələr zənciri ilə asanlıqla açıqlana bilər.

Təbiətdə, heç bir varlığın fövqəltəbii xüsusiyyətinə rast gəlinməmişdir və indiyə qədər ortaya atılan bütün fövqəltəbii iddialar, elmi gerçəklərlə düzəldilmiş və təsirsiz buraxılmışdır. Canlılıq və cansızlıq, hər nə qədər gündəlik həyatda sıxlıqla əks anlamlar kimi istifadə edilsə də, bir-biriylə tamamilə eyni quruluşa sahib olan, yalnız xüsusiləşmə və dəyişmə mövzusunda fərqliləşmiş olan varlıq tipləridir.

Bunu anlayan bir kəs, Darwinin həyəcan və heyranlıqla ifadə etdiyi bu həyat fikirindəki möhtəşəmliyi fərq edə biləcəkdir. Üstəlik bu möhtəşəmliyin gücünü artıran, bu həyat görüşünün təbiətdən və tam gerçəklərdən dəstək aldığının şahidi olacaqdır.
daha ətraflı...

Canlılığın Təkamülü: "Həyat Molekulları"

"Həyat Molekulları" nədir? Təməlləri, meydana gəlmələri, vəzifələri və Canlılıq mövzusundakı təsirləri nələrdir?

Bu yazımızda "Həyat Molekulları" dediyimiz kimyəvi maddələrin nə olduğundan və canlılıq üçün hansı əhəmiyyət daşıdığından bəhs etmək istəyirik. Daha sonra isə canlılığın cansızlıqdan necə təkamülləşə biləcəyini addım-addım araşdıracağıq. Ancaq buna keçmədən öncə genetik materialı meydana gətirən və sıravi bir başqa həyat molekulu olan nükleotidlərə və bunlardan ibarət olan DNT-yə xüsusi bir izahat təqdim edəcəyik.

Əvvəlcə, hər yazımızda israrla ifadə etdiyimiz kimi, bir daha təkrar etmək istəyirik, çünki bunu anlamağımız və ağlımızda kök atmış tabuları yıxmağımız şərtdir: Kainat daxilindəki hər şey atomlardan təşkil olunmuşdur. Bura bütün orqanlarımız, hüceyrələrimizdə istifadə edilən kimyəvi molekullar, hava, su, daş, torpaq, yəni hər bir şey daxildir. Bizi "canlı", bir daş parçasını "cansız" edən də atomlardır. Tək fərq, bizim bu gün "canlılar" olaraq adlandırdığımız varlıq qrupunun, "cansız" olaraq adlandırdıqlarımızın keçirmədikləri fərqli bir kimyəvi təkamülü keçirmiş olmalarıdır. Buna keçən yazımızda ətraflı şəkildə toxunmuşduq. İndi isə, "Həyat Molekulları" dediyimiz kimyəvi maddələrlə tanış olaq:

Həyat Molekulları, ya da digər bir adıyla üzvi molekullar canlılığın var ola bilməsi və varlığını davam etdirə bilməsi üçün lazım olan kimyəvi molekullardır. Təməl olaraq nükleotidlər, lipidlər, zülallar və karbohidratlar "həyat molekulları"dır. Bu molekulların hamısının ümumi formaları müəyyən mənada bənzər olsa da, funksiyaları kimyəvi və fiziki xüsusiyyətləriylə əlaqədar olaraq bir-birlərindən tamamilə fərqlidirlər. Bu fərqli xüsusiyyətlərin cəmi, bu gün bizlərin "canlı" olaraq adlandırdığımız varlıq formalarını meydana gətirir. Daha doğrusu, canlılıq üçün lazım olan fəaliyyət və struktur şərtlərinin etibarlı şəkildə qoruna bilməsi üçün bu kimyəvi maddələrdən ibarət olan bir quruluş və bu quruluşun davamlı olaraq sınaq-yanılma və kənarlaşdırma-seçmə mexanizmlərindən keçməsi lazımdır. Bu səbəbdən, hələlik bildiyimiz qədəriylə, bu molekullardan meydana gəlməyən bir varlığın canlılığın qanunlarını bir yerdə saxlaması o qədər də mümkün deyil. Bu hadisədə, molekulların sabit quruluşunun (reaksiyalar, radiaktivlik və digər kimyəvi xüsusiyyətlər baxımından) çox böyük əhəmiyyəti olduğunu unutmamaq lazımdır.

Bizi "canlı" edən molekullardan hansının ilk olaraq meydana gəldiyini dəqiqləşdirmək çox çətindir. Çünki ediləcək təxminlər, fərziyyədən kənara getməyəcək; bu meydana gəlmələrin əksəriyyəti təsadüfidir və tamamilə təbiət qanunlarına bağlı olaraq reallaşıblar. Lakin bu mövzuda ediləcək ən yaxşı təxmin, hamısının bir-birinə yaxın zamanlarda meydana gəlmiş olduğudur. Xüsusilə irsi məlumatı daşıma vəzifəsini üzərinə götürən nükleotidlər, enerji və struktur elementi olma mövzusunda əhəmiyyətli vəzifəsi olan karbohidratlar, tənzimləyici və sabitliyi təminedici funksiya daşıyan zülallar və elastiklik, qoruma və saxlama kimi xüsusiyyətlər daşıyan yağlar bir yerdə olduqları və çox uzun seçmə mexanizmlərindən keçdikləri müddətdə canlılığın meydana gəlməsində mühüm rol oynayıblar. Biz, hansı molekulun əvvəl meydana gəldiyini indiki vaxtda dəqiqləşdirə bilmədiyimizdən, hər hansı bir sıra gözləmədən hər birinə tək-tək toxunacağıq.

İndi, bu nöqtədə, "canlılıq" tərifinə yenidən nəzər salmaqda fayda var. Kimyada "üzvi molekullar"dan ,canlıları cansızlardan ayırmaq üçün istifadə edirlər. Canlılarda qeyri-üzvi molekullar da əlbəttə ki vardır, lakin canlı orqanzminin böyük bir qismi üzvi molekullardan meydana gəlmişdir. Yəni üzvi molekulların olması, bir varlığın "canlı" olaraq adlandırılması, heç olmasa canlılığı saxlamış ya da saxlamaqda olduğunu düşünmək üçün yaxşı bir səbəbdir. Yaxşı "üzvi molekullar" hansı atomlardan meydana gəlmişdir? Karbon, Hidrogen, Oksigen, Azot, Fosfor və Kükürd. Yəni bir canlıya "canlılıq" xüsusiyyəti verən molekulları meydana gətirən atomlar, tam da gözlənildiyi kimi periodik cədvəl üzərində olan adi elementlərdir. Bu da bizə canlılığın cansızlıqdan bir fərqi olmadığını yenidən göstərməkdədir.

Olduqca qəti olan bir həqiqət var: Təkamül çox vaxt sadədən mürəkkəbə doğru reallaşmaqdadır; çünki fizikaya əsaslanan enerji qanunları sabit şəkildə irəliləmək üçün bunu zəruri edirlər. Bunun əsas səbəbi Təkamülün yeni bir material "yarada bilməməsi" (yoxdan var edə bilməməsi ); ortada hal-hazırda var olan materialı dəyişdirərək istifadə etməsi lazımlılığıdır. Atomlar fizika qanunlarının təsiri altında, fərqli ekoloji şərtlərdə, fərqli şəkillərdə bir araya gələrək atomlardan daha mürəkkəb olan molekulları meydana gətirirlər. Daha sonra bu molekullar, yenə fərqli şəkillərdə birləşərək, daha "nəhəng" molekulu (böyüklük son dərəcə nisbi anlayışdır) meydana gətirirlər. Bunlar, təbiət qanunları altında bir növ "imtahana" tabe olunur ki, biz buna Təbii Seçmə deyirik. Ən uyğun quruluşda, mühitə ən dözümlüı və ən sabit olanlar parçalanmadan qalırlar. Digərləri isə müvazinətsiz olduqları üçün, digər molekul və atomların təsiriylə, radiasiya-istilik-işıq kimi fiziki faktorların təsiri altında parçalanıb dağılırlar. Və bu şəkildə, hər dəfə bir addım olmaqla, yalnız atomlardan yola çıxaraq, əvvəl mürəkkəb quruluşdakı kimyəvi molekullar, sonra isə 4 milyard il kimi nəhəng bir zaman kəsiyində, içərisində trilyonlarca hüceyrəni bir yerdə saxlaya bilən kompleks strukturlara doğru bir təkamül reallaşmışdır.

Bu səbəbdən zülal, yağ, karbohidrat və nükleotid molekulları meydana gəlmədən əvvəl, bunları əmələ gətirən daha kiçik, daha sadə quruluşlu elementlər yaranmalıdır. Daha da dərinlərə enərək bu molekulları meydana gətirən strukturlara baxsaq, gözlənildiyi kimi atomları görəcəyik. Daha da dərinlərdə atomlardan da kiçik hissəciklər vardır; ancaq bu mövzu bu yerdə bizi maraqlandırmır. Bilməyimiz lazım olan nöqtə, atomların bir araya gəlməsiylə müxtəlif növ molekulların meydana gələ bildiyi və bu molekullardan "Həyat Molekulları" olaraq adlandırılan bir qrupun bəzi varlıq formalarının "canlılıq xüsusiyyətləri" olaraq verdiyimiz xüsusiyyətlərə sahib olmalarını təmin etdikləridir.

İndi isə bu "həyat molekullarının" strukturlarına baxaq:

Qlükoza və fruktoza (meyvə şəkəri) canlılar üçün ən həyati əhəmiyyətə malik karbohidratlardır. Bu monosaxaridlər canlılarda müşahidə olunan bir çox mürəkkəb şəkər molekulunun (nişasta, glikogen, xitin, sellüloza, və s.) əsasını təşkil edirlər. Bunların hamısı canlılarda struktur elementi olmaqla bərabər, enerji qaynağı olaraqda istifadə edilməkdədirlər. Enerji yarada bilməyən bir canlının həyatda qalmaq və çoxalmaq üçün bir fəaliyyət göstərməsi və quruluşunu aktiv olaraq qoruması mümkün deyil. Bu səbəbdən enerji canlılıq üçün həyati bir anlayışdır. Canlılar üçün bu qədər əhəmiyyətli olan bu molekulları araşdırdığımızda, bəlkə də ümid etdiyimizin əksinə, çox da qeyri-adi bir quruluş görmürük: 6 ədəd Karbon atomu (C), 12 ədəd Hidrogen (H) atomu, 6 ədəd də Oksigen (O) atomu bir araya gələrək canlıları "canlı" edən molekullardan biri olan karbohidratları yaradırlar.

Bu karbohidrat molekulları, fərqli sıra və formalarda bir araya gələrək daha böyük mürəkkəb maddələri meydana gətirə bilirlər. Məsələn, yuxarıdakı qlükoza və fruktoza bir araya gələrək saxaroza adlı bir başqa karbohidratı meydana gətirirlər. Bu molekullar daha fərqli şəkillərdə bir-birlərinə bağlanaraq,nəhəng karbohidrat komplekslərini əmələ gətirirlər. Qlükoza molekullarının birləşməsi nəticəsində qlikogen əmələ gəlməsini buna misal göstərmək olar. Bu mürəkkəb maddələr, canlıların struktur vahidi olan hüceyrələrdə baş verən proseslərdə istifadə edilirlər. Məsələn, enerji yaratmaq üçün oksigenlə reaksiyaya girir, bir başqa "həyat molekulları" olan zülallar və yağlarla birlikdə hüceyrə membranını əmələ gətirirlər. Qlükoza heyvanların çoxunun əsas enerji mənbəyidir və heyvanlarda qlükoza qaraciyərdə qlikogen şəklində toplanır. Lakin eyni qlükoza fərqli bir rabitə quraraq bitkilərin güclü hüceyrə divarını meydana gətirən sellülozanı, ya da bir başqa şəkildə kimyəvi əlaqə yaradaraq həşəratların xarici qabıqlarında olan sərt xitin qatını meydana gətirirlər. Yəni hər şey kimyəvi rabitələr və bunların tipləri ilə əlaqədardır. Eyni əsas "həyat molekulları", fərqli kimyəvi əlaqələrin təsiri altında fərqli strukturlara qatılırlar. Beləliklə hüceyrələrə baxdığımız zaman onların "həyat molekulları"nın qarışığından başqa bir şey olmadıqlarını görürük. Qısaca fərqli rabitələr, fərqli məhsullar deməkdir. Milyard illərdir davam edən Təkamül nəticəsində bu qədər fərqli ehtimalın fərqli şəkillərdə hüceyrələrə qatılması günümüzdəki canlılıq müxtəlifliyinə səbəb olmuşdur.

İndi də canlılar üçün "xüsusi əhəmiyyətli molekul" sayılan zülallara baxaq. Zülallar, aminturşu deyilən daha kiçik molekulların uc-uca, üst-üstə və ya yan-yana birləşməsi nəticəsində yaranan bir atom kompleksidir. Təkamül prosesində günümüzədək 20 təməl aminturşu meydana gəlmişdir. Aminturşuların da quruluşunda digər molekullardan fərqli bir xüsusiyyət yoxdur. Gördüyümüz, karbon, oksigen, hidrogen və azotdur. Onları fərqləndirən yalnız fərqli radikallardır. Bu aminturşular fərqli şəkillərdə birləşərək sonsuz sayda zülal meydana gətirə bilərlər. Çünki yuxarıdakı 20 aminturşudan 3-4 dənəsi bir araya gələrək bir zülalı meydana gətirə biləcəkləri kimi, eyni 20 aminturşudan yüzlərləsi bir araya gələrək nəhəng zülalları da meydana gətirə bilərlər. Bu da sonsuz sayda kombinasiya deməkdir. Yüzlərlə aminturşu, fərqli sıra və sayda istifadə edilməkdədir. Bu sıraların və sayların dəyişməsi fərqli funksiyalara sahib fərqli xüsusiyyətlərdə zülalların yaranmasına səbəb olur. Zülallar, təməl olaraq hər yerdə istifadə edilə bilən, çox əhəmiyyətli, son dərəcə stabil molekullardır. Ən əhəmiyyətli vəzifələri arasında fermentləri meydana gətirmək və katalitik funksiyalarını misal göstərmək olar. Bu mövzuya irəlidə təkrar dönəcəyik.

Zülalların da adi kimyəvi strukturlar olduğunu anladıqsa, indi bir də lipid (yağ) molekullarının tərkiblərinə baxaq. Lipidlərin digərlərindən fərqli olaraq iki tip quruluşu var: qliserol və yağ turşuları. Bunların ikisinin birləşməsi yağ molekullarını meydana gətirir.

Yağ molekulları, canlılıq üçün çox böyük əhəmiyyət kəsb edir. Bilinməsi lazım olan, yağ molekullarının quruluşundan ötəri su içərisində kürəvi, iki qatlı bir zireh meydana gətirə bildikləri həqiqətidir. Bu zireh tamamilə fiziki qanunların təsiri altındadır və olduqca sabitdir. İlk hüceyrə strukturlarının bu zireh içərisində başladığı düşünülməkdədir və bu düşüncə, günümüzdəki bütün hüceyrələrin zar strukturlarının yağ əsaslı olmasıyla dəstəklənməkdədir.

Bu strukturlar özbaşına necə meydana gələ bilər ?

Problemin elmi cavabı olduqca sadədir: Kimyəvi rabitələr. Hər nə qədər canlılığa xüsusi vəzifələr yükləməyə çalışaraq, bizi meydana gətirən strukturların özbaşına meydana gələ bildiyi gerçəyini israrla inkar etsəkdə, çox təəssüf ki gerçəklər, bizim istədiklərimiz kimi olmaq məcburiyyətində deyildirlər. Və elmi araşdırmalar göstərməkdədir ki, canlılığı (ya da cansızlığı) meydana gətirən strukturlar, özbaşına, daha doğrusu Kainatın (ən azı Yerin) bildiyimiz hər nöqtəsinə təsir edən Fizika və Kimya qanunlarının təsiri altında meydana gəlməkdədirlər. Bu səbəbdən, hər nə qədər təxəyyülümüzü və fantaziyalarımızı işə salsaq da, canlılığı meydana gətirən səbəblərin arxasında bir gizlin, bir sirr axtarmaq səhv olacaq; çünki belə bir sirrə və hətta bu sirrin lazım olmasına elmdə əsla ehtiyac duyulmamışdır. Bunlara bir az nəzər salaq:

Bir çoxumuzun məktəbdə bəlkə də nifrət edərək öyrəndiyimiz o məşhur rabitələr və onlara dair məlumatlarımız, əslində kimya imtahanından yüksək qiymət alıb almayacağımızı təyin etməkdən daha çox kənar funksiyalara sahibdirlər: Onlar canlılığı (və cansızlığı) meydana gətirməkdədirlər! Kovalent, ion, hidrogen rabitələri, Van der Vaals qüvvələri və digərləri, davamlı olaraq, fasiləsiz yeni molekulların meydana gəlməsini təmin etməkdə və kimyəvi reaksiyaları tətikləməkdədir…

Əgər müəyyən atomlardan kifayət miqdarda bir qaba qoysaq və gözləsək, bu atomlar arasında rabitələr meydana gəlməyə başlayacaqdır. Dəmir atomlarından ibarət olan bir maddə oksigenlə zəngin bir mühitdə qaldıqda, bir müddət sonra siz heç bir şey etməsəniz də, eynən "sehr" kimi gəlsə də özbaşına, kimyəvi reaksiyaların təsiri altında, kimyəvi rabitələrin meydana gəlməsi ilə dəmir atomları "paslanmağa", daha doğrusu "oksidləşməyə" başlayacaqlar. Bu hadisədə bir təbiətüstü səbəb axtarmaq, təxəyyülə deyil, məlumat əskikliyinə işarə edir.

Bəhs etdiyimiz reaksiya və ya ağılınıza gələ biləcək hər hansı bir başqa kimyəvi reaksiya, tamamilə elektronlardan qaynaqlanır. Əgər orbitlərindəki elektronları "paylaşmağa" meyllidirsə "kovalent rabitə"; əgər orbitlərindəki elektronlardan bəzilərini alıb-verməyə meyllidirsə "ion rabitəsi" meydana gəlir. Flüor (F), Oksigen (O) və Azot (N) atomları ilə Hidrogen (H) atomu arasında, bu atomların elektroneqativliyi səbəbiylə "hidrogen rabitəsi" deyilən və həyatın meydana gəlməsində (daha doğrusu bu molekulların funksional ola bilmələrində) çox əhəmiyyətli rol oynayan bir rabitə var. Digər tərəfdən Van der Vaals rabitələri isə daha zəifdir və sadəcə mənfi yüklər ilə müsbət yüklər arasındakı cəzbetmə və mənfi yüklər və ya müsbət yüklər arasındakı itələmə qüvvələrindən yaranmaqdadırlar. Keçici ya da qalıcı ola biləcəkləri kimi, güclü bağlar deyildirlər.

Bu kimyəvi maddələr arasındakı rabitələrin bəzilərini qoparmaq son dərəcə asan, bəzilərini qoparmaq isə çətindir və olduqca çox enerjiyə ehtiyac duyulur. Bunlardan bəziləri bir-biriylə çox sürətli və asan şəkildə rabitə qurur, bəziləri isə nə qədər məcbur etsək də bir-birinə bağlanmırlar. Bu da, tamamilə elementlərin kimyəvi və elektron strukturlarından asılıdır. Bu səbəbdən, bəzi kimyəvi maddələr çox möhkəm quruluşdaykən, digərləri qeyri-stabildir və asanca parçalanırlar. Bənzər şəkildə, nəhəng bir molekulun bir qismi müəyyən kimyəvi reaksiyalara girərkən, bir qismi bir başqa tipə açıq ola bilir, digər bir qismi isə son dərəcə möhkəm olduğundan reaksiyaya heç daxil olmur. Beləliklə, meydana gələ biləcək molekulların və bu molekullar arası əlaqələrin sayının bir sərhədi yoxdur; sonsuz sayda ehtimal düşünmək mümkündür.

Burada problem, xüsusilə böyük molekulların meydana gələ bilməsi üçün lazım olan reaksiyaların "aktivləşmə enerjisi"nin çox yüksək olmasıdır. Yəni elementlər bir yerdə olsalar belə, özbaşına bir-birlərinə bağlana bilmələri qeyri-mümkündür ya da heç olmasa çox az bir ehtimaldır. Ancaq aydındır ki canlılığın başlanğıcında bu baş vermişdir. Bəs necə?

Canlılığın başladığı dövrlərdə, 600 milyon illik bir müddətdə Dünyanın atmosfer və ekoloji şərtləri bu günkindən olduqca fərqli idi. Hər şey daha çox xaotikdi və istilik, işıq, radiasiya kimi faktorlar bu günkindən daha şiddətli və fərqli təsirdəydi. Hələ ozon təbəqəsi belə tam olaraq meydana gəlməmişdi ki, bir az dəlindiyində iqlimin necə dəyişdiyini görə bilirik. Belə bir vəziyyət, kimyəvi reaksiyaların təbiətini də dəyişdirməkdə idi. Bu həqiqət Miller-Urey təcrübəsi ilə təsdiq olundu. Normal halda elementlər bir yerdə olsalarda əsla meydana gəlməyəcək olan aminturşular, karbohidratlar və digər molekullar, ilkin Dünya şərtlərində çox sürətli bir şəkildə yaranırdılar. Məsələn Miller-Urey təcrübəsi sayəsində 1-2 həftə kimi qısa müddətdə, bu "Həyat Molekulları"nın ilk pillələrinin, zülalları meydana gətirən aminturşuların böyük bir qisminin özbaşına meydana gələ bildiyini gördük. Bu, elm adına böyük bir zəfərdir.

Hal-hazırda bu reaksiyalar planetimizin şərtlərinin tamamilə dəyişməsinə baxmayaraq olduqca asan bir şəkildə reallaşmaqdadır. Bu necə baş verir? Əsasən zülal quruluşlu (müəyyən tipləri nükleotid quruluşludur) ferment adlanan kimyəvi maddələrin iştirakı ilə. Bunlar da digər molekullar kimi son dərəcə adidirlər və zülalların toxunduğumuz strukturlarına tamamilə bənzəməkdədirlər. Lakin bir xüsusiyyətləri, onları qiymətli etməkdədir: fermentlər, mühitdə olan və bir-biriləriylə uyğun olan molekulların öz aralarındakı reaksiyalarını sürətləndirirlər. Fermentlər bu reaksiyaları dəfələrlə sürətləndirə bilirlər. Belə ki, başlanğıcda 600 milyon illik bir sınaq-yanılma və gözləmə müddəti nəticəsində meydana gələn fermentlər, bir dəfə "uzun gözləmə" nəticəsində meydana gəldikdən sonra, asanlıqla digər reaksiyaları sürətləndirmiş və canlılığın inkişafını silsilə şəklində artırmışlar.

Bir molekulun "funksiyaya" sahib olması nə deməkdir?

Bu molekullar, sözdə "funksiyalara" sahibdirlər. Əslində, heç bir molekulun, heç bir "funksiyası" yoxdur. Onlar, fiziki qanunlar daxilində hərəkət edir, dəyişir və inkişaf edirlər. Ancaq bunu təmin edən bir şüurları ya da məqsədləri yoxdur. Yenə də bunların "təsadüfi kimi görünən" bu hərəkətləri, bizi "canlı" edir. Daha doğrusu bizlərin belə adlandırmağımıza səbəb olur, amma nə üçün? Əslində cavab bu problemin daxilində gizlənir.

Təbiətə, hadisələrə və faktlara baxırıq, bu sırada beynimizdəki molekullar müxtəlif reaksiyalara girirlər və bunun total nəticəsinə "düşünmə" deyirik. Baxdığımız sistem, bəzi maddələrin, digər maddələrə parçalanması ilə əlaqədardırsa ona "həzm" deyirik. Bu funksiyanı yerinə yetirən hüceyrələri "həzm hüceyrələri" adlandırırıq. Halbuki onlar "həzm etmə vəzifəsi" daşıyan əsgərlər deyildirlər. Onlar, yalnız fiziki və kimyəvi qanunauyğunluqları yerinə yetirən şüursuz atomlar və atomlardan ibarət olan molekullardır. Ancaq bunların tamamı bizi var etdiyi üçün, bizdə bunları hiss etdiyimizi düşünürük. Halbuki "hiss etmə" dediyimiz belə yalnız kimyəvi bir qarşılıqlı təsirdir və tamamilə atomlar və molekullar vasitəsilə olur. Molekulların funksiyaları olduğu yanılmasını biz yaradırıq; əslində heç bir molekul bir "vəzifə" yerinə yetirmir; yalnız, Fizika və Kimya qanunlarının təsiri altında etmək məcburiyyətində olduğu işi görür: reaksiyaya girir, itələnir, çəkilir, parçalanır, birləşir və s. Bunlar, bir molekulun vəzifəsi deyil və bir atom yığını olaraq, onsuz da edə biləcəyi başqa bir şey yoxdur. Lakin bir molekul yığınına kənardan müdaxilə ilə müəyyən atomlar və molekullar əlavə edilsə (və ya çıxarılsa), etdiyi "iş"in tamamilə dəyişdiyini görərik. Çünki bu əlavə etmə-çıxarma işi, onun kimyəvi və fiziki xassələrini dəyişdirir; bu da üzərindəki qanunların fərqli işləməsinə səbəb olur. Bu səbəbdən maddələrin "funksiya"sını onların kimyəvi quruluşu təyin edir. Və bu quruluş, fövqəltəbii bir güc tərəfindən, elmdən kənar bir şəkildə deyil, yuxarıda açıqladığımız şəkillərdə təməl fizika və kimya qanunlarının təsiri altında təyin olunmaqdadır; dəyişməyə açıqdır və davamlı olaraq dəyişməkdədir də.

Qısaca olaraq, bütün bu hadisələrə səbəb olan, canlıları "canlı", cansızları "cansız" edən Fizika və Kimya qanunlarıdır. Bu qanunları da Kainatın meydana gəlmə forması təyin etmişdir. Bəlkə başqa bir Kainat meydana gəlsəydi bu qanunlar meydana gəlməyə bilərdi. O zaman da "o Kainat"ın qanunları daxilində bizim öz Kainatımız içərisində istifadə etdiyimiz sifətlərlə təyin edə bilməyəcəyimiz qədər fərqli "varlıqlar" inkişaf edəcəkdi. Bəlkə "canlı" anlayışı "o Kainat"da keçərli olmamaqla birlikdə, heç bir şey ən başından var ola bilməyəcəkdi. Bu tamamilə Kainatı başladan partlayış və bu başlanğıcdan doğulan parametrlər ilə əlaqədardır. Bunlar, canlılığa baxış bucağımızı mənşəyindən dəyişdirə biləcək əhəmiyyətli Fizika həqiqətləridir.

daha ətraflı...

Təkamül Dərsi (yazı silsiləsi ilə)

Həyatın Yerdə Yaranması və İnkişafı:

1. Kimyəvi Təkamül: İlk Hüceyrənin Yaranması
2. Kimyəvi Təkamül: Canlılıq və Cansızlıq Anlayışları
3. Canlılığın Təkamülü: "Həyat Molekulları" 

4. İlk DNT Necə Meydana Gəldi? Retroviruslar, "Öncə-RNT Fərziyyəsi" və "RNT Dünyası Qaydası"
5. Nukleotidlər, Genlər, DNT, Xromosom və Digər Genetik Strukturların Xüsusiyyətləri və Fəaliyyəti

6. Kembri Partlayışı


 Növyaranma Prosesi və Təkamül üçün Vacib Mexanizmlər:

1. Növyaranma Mexanizmləri
2. Ziqot-əvvəli və Ziqot-sonrası Baryerlər
3. Genlər Necə Dəyişilir?
4. Mutasiyalar
5. Krossinq-Over

6. Təbii Seçmə
7. Süni Seçmə

8. Cinsi Seçmə
9. Psevdogenlər
10. Müasir Növyaranma və Təkamül Nümunələri


İnsanın Təkamülünə Dair:

1. İnsanın Təkamülü
2. İnsanda Dəri Rəngi Təkamülü və Tük Azalması

3. İnsan Doğan Məməli Heyvandır
4. Təkamül Nöqteyi-nəzərindən Dinlər və Tanrılar


Əsassız İddialara Cavablar:

1. Ara Keçid Elmi Olaraq Nədir?

2. Təkamül Əleyhdarlarının Məntiqsiz İddiaları

3. Archaeopteryx Haqqında...
4. "Atam da insandır, uşağım da insan olacaq, elə isə fərqli bir növ necə yarana bilər?"

5. Saxta Fosil Nədir?
6. Tiktaalik Roseae Timsah Deyil!
7. Miller-Urey Təcrübəsi ilə Əlaqədar Əsassız İddialar
8. "Təkamülçülərin Etirafları?"
9. "Harun Yahya"nın Saxtakarlıqları

10. "Harun Yahya"nın Saxtakarlıqları 2

11. "Boinq 747", "Təsadüfi Çəkilən Mona Liza Şəkli" və Təkamül ilə əlaqədar digər bənzətmələrə cavablar
12. Təkamül, Təsadüf və Xaos
13. Darvin irqçi və Türk düşməni idi?
14. Təkamül Nəzəriyyəsinə Dair Miflər-1: "Mutasiyalar Yalnız Zərər Verir"



Çarlz Darvin Haqqında:

1. XIX-cu Əsrin Dahisinin Ölümü
2. Çarlz Darvin: "Dinlə Bağlı Düşüncələrim"
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top