October 23, 2013

Bakteriyaların bütöv genomu yenidən kodlaşdırıldı

Yale və Harvard Universitetlərindən olan tədqiqatçılar bakteriyanın bütöv genomunu başdan axıra qədər yenidən kodlaşdırdılar və onu viruslara qarşı daha müqavimətli şəkildə nizamladılar. Bu, gələcəkdə yenidən edilə biləcək kodlaşdırmaların potensial gücünü göstərən ən ciddi nümunələrdən biri oldu. 18 Oktyabr 2013 tarixində Science jurnalında dərc edilən məqalənin müəlliflərindən olan, Yale Universiteti molekulyar biologiya mütəxəssisi prof. Farren Isaacs bunları deyir:

"Bu, genetik kodu kökdən dəyişdirən ilk təcrübədir. Bir orqanizmi yeni genetik kodla yenidən yaratmaq, bioloji funksiyaların üfüqünü güclü istiqamətlərdə genişləndirməyimizi təmin etdi."

Genetik baxımdan yenidən kodlaşdırılaraq yaradılmış bir orqanizm gələcəkdə təbiəti yenidən yaratmağımızın və yeni zülal formaları yaradaraq onları çox müxtəlif məqsədlərlə istifadə etməyimizin mümkün ola biləcəyini göstərir: xəstəliklərə qarşı mübarizədən tutmuş yeni vəsait növlərinin yaradılmasına qədər.

Prof. Isaacs və Harvard Universiteti Tibb sahəsindən olan prof. George Church tərəfindən aparılan bu tədqiqat, sintetik biologiya sahəsində aparılan və illərdir davam edən tədqiqatların nəticəsidir. Sintetik biologiyanın əsas məqsədlərindən biri təbiətdəki bioloji sistemləri yenidən hazırlayaraq faydalı işlər üçün istifadə etməkdir.

Bu işdə tədqiqatçılar biologiyanın əsas qanunlarını dəyişdirdilər.


Zülallar DNT tərəfindən kodlaşdırılırlar, 20 amin turşusundan meydana gəlirlər və hüceyrə içərisində bir çox əhəmiyyətli funksiyanı yerinə yetirirlər. Amin turşuları üçlü kodlar halında, DNT-dəki nükleotidlərin meydana gətirdiyi məlumatla hazırlanır. Üç nükleotiddən ibarət olan bu üç hərf "kodon" adlandırılır və həyatın genetik əlifbasını meydana gətirir.

Yale Universitetindən olan prof. Isaacs və Jesse Rinheart ilə Harvard Universitetindən olan digər tədqiqatçılar təbiətin apardığı işi genişlədərək var olan kodonları genom boyunca dəyişdirib, ardından tamamilə yeni hərflər əlavə edərək təbiətdə olmayan amin turşularını yaradıb yoxsa yarada bilməyəcəklərini öyrənməyə çalışdılar. Bu tədqiqat bir orqanizmin genetik kodunun tamamilə dəyişdirildiyi ilk araşdırma olma xüsusiyyətini daşıyır.


Bu yeni tədqiqatda alimlər E. coli bakteriyasının kodonlarını dəyişdirdilər və onun zülal sintezini dayandıran təbii dayandırma işarəsini aradan qaldırdılar. Bu şəkildə yaradılan yeni genom virusların bakteriyalara qarışmaq üçün istifadə etdikləri təbii zülalların sintezinə mane olaraq, bakteriyaları viruslara qarşı daha müqavimətli hala gətirdi. Tədqiqatçılar daha sonra dayandırma kodonunu başqa amin turşularını kodlaşdıran kodlara çevirərək, bu şəkildə yavaş-yavaş genom meydana gətirdilər.


Bu tədqiqat sayəsində yenidən kodlaşdırılan bakteriya bir çox "ekzotik" zülalı və polimerləri bioloji olaraq istehsal edə bildi. Yeni tapıntı yeni materialların, nanostrukturların, dərmanların yaradılmasında istifadə edilə bilər. Prof. Isaacs açıqlamasında belə dedi:

"Genetik kod universal olduğu üçün, digər orqanizmlərin də genlərini yenidən kodlaşdırmaq mümkün olacaq. Bunun biotexnologiya sənayesi üzərində inanılmaz dərəcədə böyük bir təsiri olacaq və yeni tədqiqat sahələri və imkanları yaradacaq."

Qaynaq: YaleNews
daha ətraflı...

October 21, 2013

Uça bilməyən quşların qanadları

Dəvəquşular, pinqvinlər, Qalapaqos qarabataqları və başqa digər quşlarda uçmaq üçün istifadə edilməyən qanadlar mövcuddur. Bu quşların təkamül keçmişləri araşdırıldıqda bütün əcdadlarının və yaxın qohumlarının uça bildiyi aydın olur. Bu quşlar əvvəllər uçmaq üçün yararlı qanadlara sahib idilər, son bir neçə milyon il ərzində isə bu xüsusiyyətlərini itirdilər. Səbəblər müxtəlifdir: bəziləri ada mühitində qida tapmaq üçün uçusa ehtiyac olmadığı və uzun müddət uçmayaraq quruda qidalandığı üçün, digərləri isə quruda axtardığı qidaların tükənməsi nəticəsində sulara yönəlməsi və getdikcə suda yaşamağa daha çox adaptasiya olması səbəbindən bu orqanlarının funksiyalarını itirmişdirlər. Əlbəttə, bu qanadlar bir anda funksiyalarını itirməmişdir və müasir dövrdə fərqli funksiyalara yiyələnərək təkmilləşmişdir. Məsələn, dəvəquşular sürətli qaçış əsnasında qanadlarını tarazlayıcı üzv kimi, pinqvinlər və Qalapaqos qarabataqları isə suda olarkən qanadlarını üzgəc kimi istifadə edirlər.

Ekoloji təsirlər dəyişməyərək təkamül prosesi bu cür davam etsə, əminliklə deyə bilərik ki, bu qanadlar gələcəkdə etdikləri işi daha da müvəffəqiyyətli edəcək şəkildə təkamülləşəcək və bəlkə də nəsillər sonra Qalapaqos qarabataqlarının qanadları tamamilə üzgəcə çevriləcək. Gələcəkdə alimlər bu qanadlar üzərində tədqiqatlar apardıqda anatomik quruluşun qanad olduğunu, lakin ümumi morfologiyasının üzgəc olduğunu görəcəklər. Bu, bizim bu gün də gördüyümüz rudiment orqanlara gələcəkdə göstərilə biləcək nümunə olacaq.

Sonda isə bunu deyək ki, bir orqan və ya üzvün əsas (təbii) funksiyası itdikdə, onu başqa bir funksiya əvəz etsə belə, həmin orqan və ya üzv rudiment hesab ediləcək.
daha ətraflı...

October 20, 2013

Meyvələr və heyvan məhsulları niyə dadlıdır?

Bir çox insanlar sevdiyimiz meyvələrin və ya heyvan məhsullarının təkamül müddəti ərzində necə dəyişilib bu qədər dadlı, bizə xoş gələn dada sahib olmasını qavramır və bunların əvvəldən insan üçün "hazır vəziyyətdə yaradılmış" olduqlarını düşünür. Bu mövzu "səbəb-nəticə əlaqəsi çaşqınlığı" olaraq adlandırılan, insanların tez-tez düşdükləri bir səhv arqument irəli sürmə vəziyyətindən (məntiq səhvi = logical fallacy) qaynaqlanır. Bəzi insanlar bunun cavabını bilməsə də, elm, təbii ki, bilir.

Bitkilər, əlbəttə ki, digər heyvanlar (şimpanzelər, insanlar və s.) yesinlər deyə meyvə vermirlər. Meyvəli bitkilər təxminən 140 milyon il əvvəl təkamülləşmişdir. Meyvə, bitkinin toxumlarını qorumaq üçün dişi orqanın fərqliləşməsi nəticəsində təkamülləşmişdir. Meyvənin meydana gəlməsini təmin edə bilən bitkilərin toxumları üstünlüklü mövqeyə keçmiş, daha uzun müddət daha etibarlı şəkildə qoruna bilmiş və həm həyatda qalma şansını, həm də artım şansını populyasiyada stabilləşdirmişdir. Meyvələrin dadları (əslində hər şeyin "dadı") içərisindəki kimyəvi quruluş ilə əlaqəlidir. Çünki bu kimyəvi quruluş "tumurcuqlar" dediyimiz və perceptual reseptorlarına (qəbuledicilərinə) sahib olan hüceyrələrə fərqli şəkillərdə bağlanaraq fərqli elektrokimyəvi siqnallar çıxarılmasına səbəb olur. Bu da, beynimizdə müxtəlif dadlar kimi qəbul edilir. "Şirin" ya da "turş" kimi anlayışlar "gözəl yemək" və ya "pis yemək" kimi anlayışlar olaraq qəbul edilmişdir və insan ağlının təkamül müddətində edilən şəxsi seçimlərdir. Necə ki, bir evdə ata albalını xoşlayır, oğlu isə bəyənmirsə, heyvan növləri arasında da "dad anlayışı" bir-birindən fərqlidir. Donuzun öz nəcisi ilə qidalanması bizə iyrənc gəlir, o canlıya görə isə olduqca normaldır. Təbiət şərtlərini insan müəyyən etmir, insanın donuzlara öz ağlı nöqteyi-nəzərdən verdiyi şərhlər də təbiət üçün heç bir şey ifadə etmir. Biz diksinirik deyə donuzun qidalanma üsulu elmi olaraq "iyrənc" ola bilməz.

Uzun sözün qısası, bitkilər müxtəlif kimyəvi maddələrə sahib olan növbənöv meyvələr təkamülləşdirmişdir. İnsanın əcdadları ağaclarda yaşayarkən meyvələrlə qidalanırdı. Meyvələr bizim əcdadlarımızın əsas qida qaynaqları idi, bu səbəbdən ətrafdakı meyvələrin dadını bəyənib yeməyə meylli olanlar qarınlarını doyururdu və digərlərilə, bu meyvələri bəyənməyənlərlə müqayisədə daha üstün mövqeyə keçirdi. Bu səbəbdən nəsillər ərzində dad qavrayışımızın təkamülləşməsi və populyasiyaya içərisinə yeni davranış kimi daxil olması nəticəsində biz müasir dövrdə bu meyvələri olduqca dadlı hesab edirik. Amma növdaxili variasiya səbəbilə bəzilərimiz banan sevir, digərlərimiz isə daha çox portağal. Lakin unutmamaq lazımdır ki, nə banan, nə də portağal, misalçün, bir qurd üçün heç bir məna ifadə etməyən və sadəcə yeyilməməsi lazım olan qidalardır. Yəni meyvələr insan və ya digər canlılar yaşasın deyə mövcud deyillər. Tam əksinə, hər hansı bir növ yaşamaq üçün mühitdə tapılan qaynaqlara möhtacdır və məcburiyyət qarşısında qalalaq onlara uyğun şəkildə təkamülləşir. Yəni, primitiv misal çəkəsi olsaq, meyvələr bizdən yox, biz meyvələrdən asılıyıq. Bu fərqi qavraya bilməyənlər "səbəb-nəticə çaşqınlığı" deyilən məntiq səhvinə yol verirlər.


Keçək arılara. Arılar son 100 milyon ildir (qədim Təbaşir dövründən bəri) bal istehsal edirlər. Bunun səbəbi də çox aydındır: Qida. Yazda bal istehsal edərək vəsait toplayan arılar, qışda bu balı yeyərək qidalanırlar. Amma yenə, təkamül müddəti ərzində insan növü (və bəzi digər növlər) arıların qidalarına əl qoymuşdur və özü üçün istifadə etməyə başlamışdır. Halbuki heç bir arı "insan üçün" bal istehsal etmir. Bu mövzu haqda daha çox dini mənbələr uydurma və elmdənkənar məlumatlar yayırlar. İnsanlar məcburiyyət qarşısında qalaraq, mühitdə tapılan qidanın dadını bəyənməyə möhtac qalaraq təkamül keçirmişdirlər və hər nəsildə balın dadını daha da bəyənərək (uyğunlaşdıraraq) bu günə gəlmişdirlər.

Bitkilər son 140 milyon ildir meyvə verir. Arılar isə son 100 milyon ildir bal istehsal edir. Bütün meymunların ortaq əcdadı olmağa ən yaxın namizəd olan Darwinius masillae (İda) 47 milyon il əvvəl yaşamışdır. Homo sapiens, yəni biz isə 200.000 il əvvəl təkamülləşmişik. İnsan üçün məhsul istehsal etməyi qoyaq bir kənara, bu canlılar bütün meymunların ortaq əcdadından belə qədim dövrlərdən bu işi özləri üçün yerinə yetirirlər. Biz, sonradan təkamül səhnəsinə çıxmış sıravi bir heyvan növündən təkamülləşmiş olan təbiət oğrularıyıq.
daha ətraflı...

Ən qədim sinir sistemi tapıldı

Tədqiqatçılar ən qədim və ən yaxşı qorunmuş sinir sistemini kəşf etmiş ola biləcəkləri xəbərini yaydılar. 520 milyon illik fosil olan sinir sisteminin, hörümçəyə oxşayan bir quruluşa sahib olması diqqət çəkdi.

Yeni tapıntı hörümçəklərin və əqrəblərin əcdadlarının bir vaxtlar qohum olduğunu, lakin yarım milyard il əvvəl fərqli təkamül qollarına ayrıldıqlarını göstərdi. Bir beynəlxalq elmi qrup tərəfindən Nature jurnalında dərc edilən araşdırmaya görə, buğumayaqlıların nəsli kəsilən fərqli bir növü başlarından çıxan pəncəyə oxşar quruluşa sahib idi.

"Alalcomenaeus" adını daşıyan yarım milyard yaşı olan fosil, Çinin cənub-qərbindəki fosillər baxımından zəngin olan Chengjiang şəhərindəki qazıntı sahələrində tapıldı. Alalcomenaeus'un eyni zamanda həm sürünən, həm də suda yaxşı üzə bilən növ olduğu məlum oldu. Sciencedaily saytındakı xəbərə görə, adının yunanca 'megacheirans', yəni 'böyük pəncələr' mənasını verdiyi bu növ bir vaxtlar əsasən dənizdə yaşamış və nəsli kəsilmiş bir buğumayaqlı növü idi.

London Təbiət Tarixi Muzeyindən olan Greg Edgecombe, Alalcomenaeus'un sahib olduğu sinir sisteminin heyvanların əsas qrupları arasında oxşarlıq göstərdiyini və paleontoloqlara aralarındakı əlaqəni tapmaq üçün köməkçi olduğunu bildirdi.


Nature jurnalına açıqlama verən Edgecombe bunları dedi: 

"Sinir sistemi ən etibarlı antik qaynaqlardan biridir. Kambri dövrünə aid olan yaxşı qorunmuş qalıqlar üzərində işlər aparırıq. Anatomik quruluşu yaxşı qorunmuş qalıqlar bizə beyin, sinir sistemi və gözlərə uzanan sinir toxumaları haqqında məlumatlar verir."

Alimlər Alalcomenaeus'u CT (kompüter tomoqrafiyası) yoxlamasından keçirdi və ardından fosilin üzərindəki görünməyən strukturları ortaya çıxarmaq üçün 3D model hazırladılar. Tədqiqatda yer alan, Təbiət Tarixi Muzeyindən olan bir digər alim Xiaoya Ma belə dedi:

"Yeni üsullarla 520 milyon illik canlının mərkəzi sinir sistemini araşdırmaq olduqca həyəcanlı işdir."

Yarım milyard yaşı olan canlının anatomiyasını araşdıran ABŞ-ın Arizona Universitetindən olan Nicholas Strausfeld açıqlama verdi:

"Megacheirans adı verilən canlının müasir atnalı yengəci və əqrəblərinkinə çox oxşayan mərkəzi sinir sistemi olduğunu öyrəndik. Bu məlumat, Kambri dövrünün sonlarında hörümçəklərin əcdadlarının düşmənləriylə oxşarlıq göstərdiklərini sübut edir."


Başından çıxan pəncə quruluşundaki çıxıntıları növün ovu tutmaq və dərk etmək üçün istifadə etdiyini bildirən Strausfeld sözlərinə bunları da əlavə etdi: 

"Pəncələrin mövqeyinə baxdığımızda, hörümçəklərin və qohumlarının dişləmək üçün istifadə etdikləri ağızlarını bu çıxıntılardan təkümulləşdirmiş ola biləcəyini anladıq."

Edgecombe isə son olaraq bunları dedi:

"Müasir canlılar üçün istifadə etdiyimiz üsullar vasitəsilə antik canlıların da təkamül prosesini araşdıra bilirik."


Qaynaq: ScienceDaily , Nature
daha ətraflı...

October 19, 2013

İnsanda dəri rəngi təkamülü və tük azalması

İnsanlıq tarixinin qara səhifəsi olaraq, onlarla və hətta yüzlərlə il insanlara dəri rənglərindəki fərqliliklər səbəbilə əziyyət və işgəncə edilmiş, ümumiyyətlə qara rəngli insanlar köləliyə məhkum edilmişdir. Amma həqiqətən də dəri rəngimiz bizi bir-birimizə bu qədər insanlıq xarici davranışları göstərməyimiz üçün səbəb idi? Ağlar, görəsən hər zaman öyündükləri ağ rəngdə qalıblar? Qaradərili olmaq geridə qalmışlıq hesab edilə bilər? Bu yazıda bu suallara cavablar axtaracağıq və dəri rənginin təkamülünə nəzər salacağıq.

Dəri rəngimiz, təməl olaraq melanin adlanan bir piqmentdən asılıdır və ona görə dəyişikliklər göstərir. Hamımızın bildiyi kimi, insan növündə dəri rəngi ağdan qaraya qədər çox geniş ola bilər və qan damarlarının dəridən uzaq olduğuna görə açıq-çəhrayı dəri rəngləri belə görmək mümkündür. Dəri rəngi irsi xüsusiyyətdir və təkamül mənşələri üzərindəki tədqiqatlar hələ davam edir. Ən çox rəng müxtəlifliyi Sahara-Altı Afrikada müşahidə olunur. Həmçinin bildiyimiz kimi, dəri rəngimiz Günəşin altında qalma müddətimizə görə dəyişir və tündləşir (qaralır). Bu modifikasiyanın (qeyri-irsi fenotipik dəyişiklik) səbəbi, Günəş şüalarının artmasının verdiyi zərərlərə və ya ultrabənövşəyi şüaların bədənimizdəki folik turşusu (folat) tarazlığına verdiyi zərərlərə qarşı dərimizin adaptasiya olmasıdır. Bunu başa düşmək lazımdır: Qara rəng, Günəş şüalarına qarşı müqavimət yaradır və onları bədəndən keçirmir. Ağ rəng isə günəş şüalarını keçirir (adətən Günəş şüası çox olduqda açıq rəngli geyinirlər, çünki açıq rəng günəşi əks etdirir, amma dərimiz üçün tam əksi etibarlıdır, çünki paltarlarımızda biokimyəvi reaksiyalar baş vermir və dərimizə rəng verən maddə paltarlarımıza rəng verən sintetik maddələrin əksinə orqanik molekul olan melanindir, fərqi yaradan budur).


Utah Universitetindən olan təkamülçü genetik Alan Rogers və elmi qrup yoldaşlarının 2004-cü ildə Current Anthropology jurnalının 45-ci sayında nəşr etdirdikləri araşdırmalarında izah etdikləri kimi, apardıqları uzun və ətraflı elmi işlər müddətində planetin dörd bir yanından olan insan və şimpanzenin MC1R (Melanocortin 1 receptor) adlı genlərini müqayisə etdilər. Bu tədqiqat göstərdi ki, bundan təxminən 6 milyon il əvvəl şimpanzelər və insanlar bir-birindən ayrılmağa və hər birisi özü üçün təkamülləşməyə başladıqda, bu iki növün ortaq əcdadının dəri rəngi açıq rəngli və ya ağ rəngə daha yaxın rəngdə, lakin qara tüklərlə örtülü idi. Zamanla, bundan 1,2 milyon il əvvəlinə qədər olan müddətdə (təxminən 4.8 milyon il ərzində), get-gedə insanbənzəri növlər bədənlərindəki tükləri tökməyə başladılar. Bunun səbəbi kimi tüksüz bədənlərinin daha asan tərləməsi və beləcə daha asan istilik itkisinin baş verməsi göstərilir (Penn State Universiteti antropoloqu prof. Nina Jabłoński və prof. George Chaplinin araşdırmalarına və məqalələrinə baxa bilərsiniz, aşağıda daha geniş izah verəcəyik). Həmçinin cinsi seçmənin də təsiri olduğu hesab edilir. Amma nə olursa olsun, tədqiqatlar göstərir ki, 1,2 milyon il əvvəl Homo ergaster növündən Homo sapiens'in təkamülləşməsi əsnasında, yerüzündə müasir dövrdə yaşayan bütün insanların ortaq əcdadının dəri rənginə aid genlər hal-hazırda Afrikada yaşan insanlarınkı ilə eynidir. Bunun səbəbi genlərin yaratdıqları açıq bədən rəngi və bu rəngə sahib olanların qovurucu Afrika istiliyinə dözə bilməyərək ölmələridir. Əksinə, daha tünddərili fərdlər isə qızmar Günəş altında həyatrda qalmağı bacarmışdırlar. Beləcə daha tünd dəri rənglərinə sahib olanlar Təbii seçmə nəticəsində seçildilər və mövcudluqlarını davam etdirə bildilər. Hər nəsillərdə daha da tünddərili fərdlər meydana gəlməyə başladı. Bu səbəblə də, bundan 1,2 milyon il əvvəlindən təxminən 100.000 il əvvəlinə qədər bütün insanlar qaradərili idi.

Daha sonra, insan növü Afrikadan digər ərazilərə köç etməyə başladı. Bu, təxminən 100.000-70.000 il əvvəl başladı. Daha şimal, daha soyuq ərazilərə köç edən insan, Afrikadakı isti və qovurucu Günəş şüalarından xilas oldu və qara rəngi bu dəfə üstünlük təmin etməyən mövqeyə çəkildi. Bunun səbəbi kimi ağ dəri rənginə sahib olan fərdlərin daha çox vitamin D (cholecaliferol) çıxara bilmələri, azalan Günəş şüaları səbəbiylə folat molekullarının daha az parçalanması və s. faktorlar göstərilə bilər. Bunlara da bir azdan toxunacağıq.

Bu kimi ekoloji və genetik faktorlar nəticəsində Afrikadan ayrılan insanların rəngləri ağ rəngə doğru açılmağa başladı. Şərqi Asiyalılar və Avropalıların oxşar dəri rənglərinə sahib olmasının səbəbi şimal ərazilərə yerləşmələrindən qaynaqlanır.

İndi isə, ümumi xronoloji sıraya daha ətraflı nəzər salaq: Bundan 6 milyon il əvvəl insanlarla şimpanzelərin ortaq əcdadının dəriləri açıq rəngliydi və bədənləri kifayət qədər tüklü idi.

4,5 - 2 milyon il əvvəlinə qədər dəri rəngimiz müasir şimpanzelərinki ilə oxşar idi. Bu dövrlər arasında insanbənzəri əcdadlarımız yağışların bol olduğu meşələrdən (qədim meymunbənzəri əcdadlarımızın yaşadıqları əsas mühit) çıxaraq Afrika savanalarına yerləşdilər. Burada daha çox Günəş şüalarına məruz qaldılar. Üstəlik qida tapmaq üçün də daha çox səy göstərmək və Günəş altında daha çox vaxt itirmək məcburiyyətində idilər. Əhəmiyyətli bir məlumat: İnsan beyni istilik dəyişiklikləri qarşısında inanılmaz dərəcədə həssasdır. Təkcə 5-6 dərəcəlik bir temperatur artımı həddindən artıq bədən istiləşməsinə və bu səbəblə şok keçirməyinizə səbəb ola bilər. Buna görə, çox xüsusi bir adaptasiya lazımlı idi. Bu problemin həlli üçün insan irqi və ya daha doğru desək - təbiət gözəl üsul tapdı: Tərləmək.

İlk insanbənzəri əcdadlarımızda, 4,5 - 2 milyon il əvvəl şimpanzelərdəki qədər az tər vəzi var idi və çoxu, şimpanzelərdəki kimi ovuc içərisində və ya ayaqların alt hissəsində yerləşirdi. Lakin genetik müxtəliflik burada da dəyər qazandı və daha çox tər vəzinə və ya daha aktiv tər vəzlərinə sahib olan insanbənzəri fərdlər üstünlüklü mövqeyə keçid aldılar. 2,5 milyon illik Təbii seçmə prosesi nəticəsində əcdadlarımızın bədəni yeni tər vəzləri qazandı. Müasir insanların bədənində təxminən 2 milyon ədəd tər vəzi var və bu sayədə çox aktiv olaraq isti günlərdə tərləyərək istilik itirə bilirlər.

Bunun təsiri ilə insan bədəni tüklərini itirməyə başladı. Bunun əsas səbəbi tüklərin artıq işə yaramaz hal almaları idi. Yalnız həssas və ya əhəmiyyətli bölgələrimizdə qorunmaları təmin edildi (kəllə sümüyünü əhatə edən hissə, üz hissəsi, qolaltı, cinsi orqanların ətrafı və s.), lazım olan yerlərdə olduqca azaldılar, lakin mövcudluqlarını davam etdirdilər.

Tük tökülməsi eyni zamanda yeni bir problemi doğurdu: Günəş şüaları. Günəş şüaları bədəndə folat molekullarının meydana gəlməsi üçün zəmin hazırlayırdı və bu molekullar orqanizmimiz üçün olduqca zərərlidir. Çünki spermanın meydana gəlməsinə mane ola bilər və ya zərər verər, və bu molekullar süd vəzləri yoluyla insan balalarına keçdikdə sinir sistemi zədələnə bilər. Bunlar, Joblanski'nin tədqiqatlarının nəticələri idi.

Həmçinin prof. Farnsworth Loomis'in 1960-cı ildəki hipotezinin bir hissəsi indiki vaxtda etibarlılığını itirsə də, gələcək tədqiqatların qapısını açmış olması baxımından əhəmiyyətlidir: Bədənin Vitamin D'yə ehtiyacı var və Günəş şüaları bunun istehsalına təkan verir. Ağdərili insanlar ultrabənövşəyi şüaları daha asan və tez qapırlar və Vitamin D istehsalını artırırlar. Bu səbəblə Şimala köç edən insan növləri ağdərili olmuşdurlar. Ekvator bölgəsi və ətrafında yaşayanlar isə qaradərililərdir, çünki qara rəng Günəş şüalarını blok edir (qarşısını alır) və insanın həddindən artıq Vitamin D çıxarmasına mane olur.

Jablonski'nin tədqiqatları insan bədəninin heç vaxt həddindən artıq Vitamin D yarada bilməyəcəyini ortaya qoymuşdur. Amma Loomis'in fərziyyəsindən yola çıxaraq Jablonski, Loomis'in Vitamin D ilə əlaqədar iddialarını və özü ilə yoldaşlarının folat molekulları ilə əlaqədar işlərini gözdən keçirərək insanın dəri rənginin dəyişməsini və təkamülünü dəqiq olaraq açıqlamışdır.


Ekvator yaxınlığında yaşayan insanlar qara rəngli bədənə sahibdirlər, çünki qara rəngləri Günəş şüalarına mane olur və onların qarşısını alır. Şimal bölgələrdə yaşayan insanlar isə ağ bədən rənginə sahibdirlər, çünki bol Günəş şüasına ehtiyac duyurlar və bu sayədə uzun sürən qış günlərində düşən az miqdarda şüaları yığa bilirlər və ehtiyacları olan Vitamin D'ni istehsal edə bilirlər. Tədqiqatlar əsnasında Jabłoński, bu prosesdə insanın Şimal bölgələrə köç edərək orada D vitamini ilə zəngin olan balıqları da ovlamasının əhəmiyyətini açıqlamışdır.

Yəni, dərimizin rəngi nə olursa olsun, bundan 1,2 milyon il əvvəlinə qədər hal-hazırda yaşaan bütün insanların tək bir ortaq əcdadı mövcud idi və Afrikada yaşayan bu əcdadımızın dəri rəngi qara idi. Daha sonradan meydana gələn köçlərlə ağ bədən rəngi təkamülləşmişdir. Düşüncələrimiz, bədən rənglərimiz, sonradan icad etdiyimiz millətlərimiz və nəyimiz fərqli olursa olsun, unutmamalıyıq ki, biz bir canlı növüyük. Tək bir əcdaddan törəmişik və bütün fərqlərimizin tək səbəbi aid olduğumuz təbiətin fərqli şərtlərinin bizi apardığı fərqli təkamül yollarıdır. Bu kiçik budaq ayrılıqlarımızdan başqa heç bir fərqimiz yoxdur.


Qaynaq:

wikipedia.org

washington.edu
daha ətraflı...

Yaradılışçılar yenə iş başındadır

Hər zaman olduğu kimi, təkamülə, xüsusilə də insan təkamülünə istiqamətli dəyişikliklər yarada biləcək tapıntılar xəbər qaynaqları tərəfindən çaşdırılıb, şişirdilərək şəxsi inanc və ideologiyalara alət edilə bilər. Xahiş olunur ki, bu səbəblə həmin məlumat portallarından qaynaqları tələb edəsiniz və tapıntının əslində nə olduğunu anlamağa çalışasınız. 

Bu gün paylaşdığımız Təkamülü dəyişdirən yeni insan fosili başlıqlı xəbər kreasionist saxtakarlar tərəfindən təhrif edilərək "təkamül çürütmək" məqsədi yolunda istifadə edilir. Elmi qaynaqların iddia etdiyinin əksinə onlar bu yeni tapıntını "insanın təkamül keçirmədiyini sübut edən fosil" adıyla paylaşırlar. Hətta bəziləri daha da irəli gedərək fosilin, əfsanəyə görə ilk insan hesab olunan Adəmə aid olduğunu yazırlar. Bu saxtakarlıqlara uymamağı və onlardan elmi qaynaqlar tələb etməyi bir daha məsləhət görürük.

İnsan, bütün digər canlı növləri kimi, təbii ki təkamül keçirir. Bunu çürütmək üçün hər hansı bir əsas və üsul yoxdur, çünki bu yeni fosil də daxil olmaqla, bütün insan təkamülünə aid olan fosillər müasir insanlardan fərqlənir. Onsuz da xəbərə diqqət etsəniz orada bizdən, yəni Homo sapiens növündən deyil, əcdadlarımızdan biri olan Homo erectus və nəsli kəsilmiş qonumlarımızdan bəsh edilir. Bu səbəbdən, bu xəbəri (və bunun kimi bir çox xəbərləri) təkamülün "çürüdülmüş" olduğuna yozan elm düşməni qaynaqlara etibar etməyin. 

Təkamül təliminin təkzib edilib-edilə bilməyəcəyinə dair növbəti günlərdə bir yazı hazırlayacağıq, amma hələlik qısa olaraq bunu deyək ki, bir təbiət qanunu olan təkamülün çürüdülə biləcəyinə ehtimal, bir digər təbiət qanunu olan cazibə qüvvəsinin çürüdülə biləcəyi ehtimalı ilə eynidir, yəni qeyri-mümkündür. Lakin bu elmi həqiqətləri açıqlayan nəzəriyyələr yeni tapıntılar sayəsində hər an dəyişib, inkişaf etdirilə bilər. Bu, təkamülün təməl prinsiplərinin (seçmə, növyaranma, mutasiya) çürüməsi mənasını vermir. Ağlı başında olan, elmdən bir az anlayışı olan heç bir insan da bunu iddia etməz. Bu səbəbdən bir daha, son elmi yeniliklər səbəbiylə göstərilən qaynaqlara diqqət yetirməyinizi əhəmiyyətlə tövsiyə edirik. Diqqətiniz üçün təşəkkürlər.
daha ətraflı...

Təkamülü dəyişdirən yeni insan fosili

Gürcüstanda son 8 ildir aparılan tədqiqatlar nəticəsində nəhayət alimlər 1.8 milyon illik bir kəllə fosili kəşf etməyi bacardılar. Bu kəşf, Homo cinsinin təkamülünü yenidən yazmağımıza səbəb ola bilər.

Bu yeni tapıntıya görə təkamülümüz daha az budaqlara ayrılaraq və daha sadə şəkildə baş vermiş ola bilər. Bu fosil daha əvvəl kəşf edilən və Homo erectus, Homo habilis və oxşar fərqli növlərə aid olduğu hesab edilən fosillərin tək bir növün, ehtimalla Homo erectus'un təkamülləşən alt variyasiyalarına aid olduğu fikrinə dəstək olur.

Bir başqa deyimlə, eynilə insanların bir-birlərindən fərqli görünməsi kimi, qədim insanbənzərlərin də bir-birlərindən fərqli görünməsi, fərqli fosillərin fərqli növlər olduğunu hesab etməyimizə səbəb olmuş ola bilər.

Bu nəticə, David Lordkipanidzenin başçılıq etdiyi beynəlxalq tədqiqat qrupu tərəfindən ortaya atıldı. Gürcüstan Milli Muzeyinin paleoantropoloqu olan David Lordkipanidze, tapıntılarını Science elm jurnalında yayımladı.

Bu araşdırmanı başladan, 2005-ci ildə Gürcüstanda tapılan və "Kəllə sümüyü 5" olaraq adlandırılan fosil idi. Elm adamları bu fosili "yerüzündə ilk dəfə tam olaraq qorunmuş insan kəllə sümüyü fosili" hesab edirdilər. Digər Homo fosillərinin əksinə, bəzi primitiv xüsusiyyətlərə sahib idi: uzun meymunabənzər üz, böyük dişlər və müasir insanların kəllə sümüyünün 3-də 1-i qədər kiçik kəllə sümüyü. Bu tapıntı insanların Afrikadan çıxmaq üçün böyük beyinləri olması lazım olmadığını təsdiq etdi.

"Kəllə sümüyü 5" ilə birlikdə eyni ərazidə tapılan digər 4 insanabənzəri fosili Gürcüstanın Dmanisi bölgəsində tapılmışdı. Bu bölgə, insanların təkamülündən sonra Avrasiyaya köç üçün istifadə etdikləri yol hesab edilir. Bu sayədə, eyni bölgə və zamanlarda kəşf edilən fosilləri anatomik olaraq müqayisə etmək və xüsusiyyətlərini qarşı-qarşıya qoymaq imkanımız olur.

Prof. Lordkipanidze və yoldaşları, bu bölgədə tapılan fosillərin, müasir 5 insanın və ya 5 şimpanzenin bir-birlərindən olan fərqlərindən daha çox olmadığını iddia edirlər. Kəşf edilən hominid fosilləri müəyyən fərqliliklər daşıyırlar, amma yenə də eyni növə aiddirlər. Yayımlanan xəbərdə yazıçılardan biri olan, Zürich Universiteti prof. Zollikofer bunları deyir:


"Əgər "Kəllə sümüyü 5"-in beyin boşluğu və üzü Afrikadakı digər ərazilərdə tapılanlardan fərqli olsaydı, onda fərqli növdən olduqlarını deyə bilərdik."


Bu cür fərqliliklər alimlər tərəfindən, yeni növləri təyin etmək üçün istifadə edilir.

Hər nə qədər Dmanisidəki fosillər bir-birindən fərqli görünsələr də, prof. Zollikofer bunların eyni dövrdə, eyni bölgələrdə yaşadığını deyir və sözlərinə əlavə edir: 


"Bu səbəbdən, tək bir növün tək bir populyasiyasındaki fərdləri təmsil edirlər."


O və elmi tədqiqatçı qrup yoldaşları Dmanisidə tapılan fosillərin anatomik analizini açıqladılar. Prof. Zollikofer:



"Afrikadakı fosil qeydləriylə olduqca oxşar müxtəliflik şablonu və dağılımı gördüyümüz üçün, bunların o dövrdə Afrikada olan tək bir Homo növünə aid olduğunu iddia etmək məntiqli görünür. Dmanisidəki fosillərin Afrikadakına çox oxşadıqları üçün, bu iki bölgədəki növlərin eyni növlər olduğunu iddia etmək mümkündür."



Dmanisi, Gürcüstan

Yaxşı, bəs hansı növə aiddirlər? Bəzi tədqiqatçılar bunları "qədim Homo növü" olaraq adlandırır. Digərləri isə oxşarlıqlar səbəbindən Homo erectus hesab edirlər. Homo erectus 2.000.000-900.000 il əvvəl bu ərazidə yaşamış qədim insan növü idi. Kaliforniya Universitetindən olan paleoantropoloq Tim White belə deyir:



"Bu fosil, bu günə qədər əlimizə keçən ən primitiv Homo erectus qalığıdır. İndiyə qədər Şərqi Afrikada kəşf edilən bütün digər insan növlərindən daha çox Homo erectus'a oxşayır."


Prof. White və bəzi digər tədqiqatçılar, bu tapıntının əhəmiyyətinə və Homo cinsinin təkamülündəki roluna xüsusilə diqqət yetirirlər. Science jurnalı hesabatını yayımlayanda New York Amerikan Təbiət Tarixi Muzeyindən olan prof. İan Tattersall'ın dediklərinə də yer ayırdı: 


"Bu tapıntı, şübhəsiz ki indiyə qədərki ən əhəmiyyətli kəşflərdən biridir."


Bəzi tədqiqatçılar, fosilin Homo habilis növünə aid olduğunu və ona daha çox oxşadığını irəli sürdülər və tapıntılara qarşı çıxdılar. Həmçinin, bütün Afrika növlərinin Homo erectus növünə aid olduğu fikirini də yalnışladılar. Amma bu tapıntıların, insan təkamülünü daha yaxşı anlayacağımız və yenidən ortaya qoyacağımız mövzusunda çox geniş kütlə həmfikir görünür. Prof. White, yazdığı bir elektron məktubda bunları deyir:


"İndiyə qədər kəşf edilən ən qədim Homo fosili... Dmanisi üçün ikonik tapıntı olacaq. Ən qədim Homo erectus nümunəsi olması səbəbilə, bizim necə insan olduğumuzu daha geniş olaraq anlamağımızı təmin edəcək."


Bu tapıntı insan təkamülünü necə dəyişdirəcək? Zollikofer'ə görə elm adamlarının hal-hazırda heç bir fikri yoxdur. CNN-ə verdiyi açıqlamasında bunları deyir:


"Bunun Neandertallarla bizim son əcdadımız olduğunu demək gözəl olardı, amma hal-hazırda buna konkret dəlillərimiz yoxdur."


Hələ bu tapıntının insanın təkamül ağacına necə təsir edəcəyi də tam olaraq bilinmir. Muzeydən olan Tattersall mövzuyla əlaqədar bunları deyir:


"Bu tapıntıya əsaslanaraq tez bir müddətdə insan təkamül ağacını dəyişdirməyimiz qətiyyən doğru deyil. Amma bu fosili, çox əhəmiyyətli bir tapıntı olaraq əlavə edə bilərik."


Dmanisidəki 500 min kvadrat metrlik qazıntı sahəsində işlər hələ də davam edir. Bu səbəbdən, növbəti günlərdə daha çox tapıntıya çatacağımız mümkün ola bilər.

Mövzuyla əlaqədar yenə bir çox qaynaqlarda əsassız iddialar irəli sürülür. Bura daxil olaraq məqaləmizi oxumağınız məsləhət görülür.


Qaynaq: 


NY Times , CNN
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top