October 25, 2013

Neandertalların qida rasionu ürək bulandırır

Qədim insanların (Neandertallar) ot yeyən və özlərini müalicə edə bilən ağıllı növlər olması fikri London Təbiət Tarixi Muzeyindən olan tədqiqatçıların yeni tapıntıları səbəbiylə sorğu-sual edilməyə başladı. Yeni fikrə görə Neandertallar heyvanların mədə məzmunları (ovladıqları heyvanların mədələrində olanlar) ilə qidalanmış ola bilərlər.

Bu mövzuda yeni məlumatlar təmin edən, tədqiqatçıların Neandertal dişləri üzərində tapdıqları və alimlərə bir çox şeylər izah edən tartar idi. Ötən il İspaniyadakı El Sidrón mağarasında tapılan Neandertal dişi fosilinin üzərindəki əhənglənmiş valı araşdırdıqdan sonra tədqiqatçılar, bu nəsli kəsilmiş insan növünün tərəvəzləri bişirdiyi və çobanyastığı kimi acı-şirin tibbi bitkilər istehlak etdiyi nəticəsinə varmışdılar. Başqa bir deyimlə, yaxın zamanda aparılan bu tədqiqatlara görə Neandertallar ağılsız karnivorlar (ət yeyən canlılar) deyildilər.

Barselonadaki Katalan Tədqiqat və Yüksək Tədris İnstitutundan olan Karen Hardy'nin başçılıq etdiyi elmi-tədqiqatçı qrup, Neandertalların balanslı diyetlə qidalandığı və şəfalı bitkilərlə özlərini müalicə etmə qabiliyyətinə sahib olduğu, ağıllı və həssas növ olduğu nəticəsinə gəldi. Tədqiqatda, uzun müddət əvvəl nəsli kəsilmiş bu insanlar haqqındakı dünyagörüşümüzün düzəlişlərə ehtiyacı olduğunu irəli sürdülər.

Amma indi bu "antik tartar" fərziyyəsi London Təbiət Tarixi Muzeyindən olan iki tədqiqatçının Barselona qrupunun tapıntılarına və nəticələrinə meydan oxumasıyla yenidən düyünləndi. Observer jurnalında yayılan xəbərdə "Dişlərlə bağlı tədqiqatlar Neandertalların özlərini müalicə edə bilən, tərəvəz yeyən müdriklər olduğunu sübut etmir" deyilir. Neandertalların dişlərində tapılan bu mikroskopik ot və bitki qırıntılarına fərqli izah vermək lazım oldu.

Laura Buck və Chris Stringer'in Quaternary Science Reviews'un son sayında nəşr edilən məqalələrində, Stringer, Neandertal dişində tapılan kiçik bitki qırıntılarının tamamilə fərqli bir qaynaqdan gəlmiş ola biləcəyini izah edir. Bu bitki qalıqları, bəlkə də Neandertallar tərəfindən ovlanmış və yeyilmiş cüyür, bizon ya da başqa ot yeyənlərin mədə məzmunundan qaynaqlana bilər.

Stringer deyir: "Iniut, Cree və Blackfeet'in də daxil olduğu müasir ovçu-yığıcı insan qəbilələri, kafi C vitamini qaynağı olduğu üçün cüyür kimi heyvanların mədə məzmununu yeyirlər. Məsələn, Inuit qəbilələrində bir heyvanın mədə məzmunu krem pendirdən çox da fərqli olmayan qida kimi qəbul olunur."

Ot yeyən heyvanların mədə məzmunları haqqındakı ən əhəmiyyətli hissə mədələrinin, bu ot yeyənlərin ovlanıb öldürülmələrindən qısa bir müddət əvvəl həzm etdikləri bitki qalıqlarıyla dolu olmasıdır. Bunlar çeynənilərək yeyilsə də, bəzi ot qalıqları mədəyə sərt formada düşə bilər. Bu ot yeyən canlılar qısa bir müddət sonra insanlar tərəfindən ovlanır ya da təbii səbəblərdən ölür, daha sonra yeyilir və mədədə olan bu bitki qalıqları qədim insanların dişlərinə ilişir.

Buck: "Səhv olan fikir, bizim əvvələr Neandertalların ağıllı şəkildə qidalanan canlılar olması fikrimizdir. Əslində, həmin bitki qalıqları sadəcə Neandertalların öldürdükləri bəzi heyvanların mədə məzmunlarının qida rasionuna çevrilməsi ilə əlaqəli ola bilər. Neandertal Avropada soyuq zaman dilimləri ərzində yaşadı və bunu qeyd etmək lazımdır ki, hal-hazırda Şimal bölgələrdə yaşayan Inuit kimi bir çox ovçu-yığıcı insanlar öldürdükləri heyvanların mədə məzmunlarını yeyirlər. Bir başqa deyimlə bu, ümumiyyətlə soyuğa uyğunlaşma təmin etmiş növlər tərəfindən qəbul olunmuş davranışdır. Əgər böyük bir ot yeyən canlını ovlamaq üçün müəyyən bir vaxt itirmiş və təhlükəyə atılmış olsaydınız, mədə içindəki məzmunlar kimi doyuzdurucu qida qaynağını əldən verməzdiniz. Neandertal dişlərindəki bitki qalıqları onların ağıllı ot yeyən canlılar olması iddiasını təsdiqləmək üçün yetərli deyil."


Qaynaq: The Guardian
daha ətraflı...

Ayaqlı ilan fosili

Cins adı: Eupodophis

Növ adı: Eupodophis descouensi

Sinif: Sürünənlər

Yaşadığı dövr: Təbaşir dövrü (92 MİƏ)

Uzunluğu: 85 sm

Saxlanıldığı muzey: Paris Təbiət Tarixi Muzeyi, Fransa

Fosilin tapıldığı yer: al-Nammoura, Livan

Tapıldığı il: 2000

İkinci dəfə araşdırıldığı il: 2008

Növ haqqında məlumat: Təbaşir dövrünün ikinci yarısında yaşamış olan bu ilan növü Eupodophis sahib olduğu üzvləri ilə məşhurdur. Onsuz da ilanların, üzvlərinin təkamül müddəti ərzində inkişafdan qalaraq təkamülləşmiş sürünənlər olduğu məlumdur, Eupodophis isə bunu dəqiq şəkildə təsdiq edən "ara keçid növüdür". Aralıq dənizində yaşamış olduğu hesab edilən bu növ 2 ədəd tam inkişafdan qalmamış ön ayağa malikdir. Qabırğa və onurğalarındaki, digər sürünənlərlə müqayisədə daha qalın sümüklər növün su həyatına adaptasiya olduğunu göstərir. Onurğaya bağlı, olduqca kiçik və korlaşmış omba sümüyü var. Ayaqda lazım olan metatarsal və falanqa sümükləri isə tamamilə yox olmuşdur. Sümük, Qrenoblda yerləşən Avropa İşıq Qaynağı Tədqiqat Mərkəzində, sinkotron radiasiya təsislərində ətraflı analiz edilmiş və təkamül dəyişiklikləri dəqiq olaraq göstərilmişdir. Tədqiqatçıların bir neçə dəfə test etdikləri tədqiqatın nəticələri məlumdur: Növün qəti olaraq qıçları var. Bu qıçlar inkişafdan qalmışdır və bunlardan biri fosil qeydində görülür, digəri isə əhəng daşı içərisinə basdırılmış haldadır. Bu qıçların uzunluğu təxminən 2 santimetrdir. Növün qıçlarının quruluşu Gila canavarı və digər yaxın qohumlarla da müqayisə edilmişdir. Qıçların və qolların rudimentə çevrilməsi HOX genlərində meydana gələn təkamül dəyişikliklərindən qaynaqlanmış ola bilər. Bu rudimentin təkamül səbəbi isə suda hərəkətin daha hidrodinamik hal almış ola biləcəyi, növün qurudan dənizə keçiddə bir ara növ olmasıyla əlaqədar ola biləcəyi hesab edilir.


Qaynaq: RedorbitBBC News
daha ətraflı...

October 24, 2013

Kainatımız genişlənmir?

Müasir alimlər tərəfindən qəbul olunmuş məşhur kainatın genişlənməsi nəzəriyyəsi təkzib edilə bilər. Heydelberq Universitetindən olan alman fizik Kristof Vetterix, demək olar ki 100 il bundan əvvəl astronomlara kainatımızın genişləndiyinə dair məlumatlar vermiş qalaktikalarda qırmızı işıq yayılması hadisəsini gözdən keçirmək qərarına gəldi.

Qırmızı işıq yayılması nədir? Hər bir kimyəvi element elektromaqnit dalğalar udur və ya yayır və beləcə hər birisi spektrdə unikal xətt görüntüsü yaradır. Bu, uzaqlaşan obyektlərin radiasiyasının spektral analizi üçün istifadə edilir, misalçün ulduzların. Əgər obyekt uzaqlaşırsa, xəttlər spektrin qırmızı hissəsinə doğru hərəkət edirlər. Bu proses də qırmızı işıq yayılması adlandırılır.


Spektrdə xəttlərin qırmızıya doğru çəkilməsi
Məhz bu hadisəni Edvin Xabbl 1920-ci ildə öz teleskopu vasitəsilə müşahidə etmişdi. Bir çox qalaktikaların yaydığı radiasiya qırmızı işıq yayılması effektini verirdi və getdikcə daha da sürətlənirdi. Bundan çıxarılan nəticəyə görə də qalaktikalar bir-birindən uzaqlaşaraq kainatı şar kimi şişirtməli, yəni genişləndirməli idi.

Prof. Vetterix isə sensasion açıqlamasıyla bunun başqa versiyasını irəli sürdü: qırmızı işıq yayılması hadisəsi qalaktikaların atomlarının daxilindəki hissəciklər, əsasən elektronların kütləsi ilə əlaqəlidir. Əgər atomlar kütlə itirirlərsə spektrdə xəttlər qırmızıya doğru çəkiləcək, kütlə artıqda isə spektral xəttlər bənövşəyi hissəyə çəkiləcək.

Bu fakta əsaslanaraq, Vetterix çox əvvəllər atomların kütləsinin daha az olduğu, lakin sonralar daha da artdığı qənaətinə gəldi və bu hadisəni də qırmızı işıq yayılması ilə əlaqələndirdi. Kütlənin dərəcəsi hər hansı bir qalaktikanın Yerdən nə qədər uzaq və ya Yerə nə qədər yaxın olmağından asılıdır. Tədqiqatın nəticələri Nature jurnalının iyul 2013 buraxılışında dərc edildi.

Vetterixin bu yeni iddiası hələ ki qəti cavablar vermir, əksinə kainatla əlaqədar tapılması lazım olan yeni maraqlı suallar doğurur. Əgər onun yeni nəzəriyyəsi haqlı çıxsa inflyasiya nəzəriyyəsi ilə birlikdə Böyük Partlayış (The Big Bang) nəzəriyyəsi də təkzib ediləcək. Ümumiyyətlə Böyük Partlayış nəzəriyyəsi son illərdə daha çox tənqidə məruz qalır. Bir digər fizik Rocer Penrouz 2012-ci ildə bu nəzəriyyənin etibarsızlığı və bir çox suallara cavab verə bilmədiyi ilə bağlı açıqlama vermişdi.

Başqa bir alternativ fərziyyəyə görə isə kainatın genişlənmə prosesi ilə qalaktikalarda atom kütləsinin artımı prosesi eyni anda baş verə bilər.


Qaynaq: Nature
daha ətraflı...

October 23, 2013

Bakteriyaların bütöv genomu yenidən kodlaşdırıldı

Yale və Harvard Universitetlərindən olan tədqiqatçılar bakteriyanın bütöv genomunu başdan axıra qədər yenidən kodlaşdırdılar və onu viruslara qarşı daha müqavimətli şəkildə nizamladılar. Bu, gələcəkdə yenidən edilə biləcək kodlaşdırmaların potensial gücünü göstərən ən ciddi nümunələrdən biri oldu. 18 Oktyabr 2013 tarixində Science jurnalında dərc edilən məqalənin müəlliflərindən olan, Yale Universiteti molekulyar biologiya mütəxəssisi prof. Farren Isaacs bunları deyir:

"Bu, genetik kodu kökdən dəyişdirən ilk təcrübədir. Bir orqanizmi yeni genetik kodla yenidən yaratmaq, bioloji funksiyaların üfüqünü güclü istiqamətlərdə genişləndirməyimizi təmin etdi."

Genetik baxımdan yenidən kodlaşdırılaraq yaradılmış bir orqanizm gələcəkdə təbiəti yenidən yaratmağımızın və yeni zülal formaları yaradaraq onları çox müxtəlif məqsədlərlə istifadə etməyimizin mümkün ola biləcəyini göstərir: xəstəliklərə qarşı mübarizədən tutmuş yeni vəsait növlərinin yaradılmasına qədər.

Prof. Isaacs və Harvard Universiteti Tibb sahəsindən olan prof. George Church tərəfindən aparılan bu tədqiqat, sintetik biologiya sahəsində aparılan və illərdir davam edən tədqiqatların nəticəsidir. Sintetik biologiyanın əsas məqsədlərindən biri təbiətdəki bioloji sistemləri yenidən hazırlayaraq faydalı işlər üçün istifadə etməkdir.

Bu işdə tədqiqatçılar biologiyanın əsas qanunlarını dəyişdirdilər.


Zülallar DNT tərəfindən kodlaşdırılırlar, 20 amin turşusundan meydana gəlirlər və hüceyrə içərisində bir çox əhəmiyyətli funksiyanı yerinə yetirirlər. Amin turşuları üçlü kodlar halında, DNT-dəki nükleotidlərin meydana gətirdiyi məlumatla hazırlanır. Üç nükleotiddən ibarət olan bu üç hərf "kodon" adlandırılır və həyatın genetik əlifbasını meydana gətirir.

Yale Universitetindən olan prof. Isaacs və Jesse Rinheart ilə Harvard Universitetindən olan digər tədqiqatçılar təbiətin apardığı işi genişlədərək var olan kodonları genom boyunca dəyişdirib, ardından tamamilə yeni hərflər əlavə edərək təbiətdə olmayan amin turşularını yaradıb yoxsa yarada bilməyəcəklərini öyrənməyə çalışdılar. Bu tədqiqat bir orqanizmin genetik kodunun tamamilə dəyişdirildiyi ilk araşdırma olma xüsusiyyətini daşıyır.


Bu yeni tədqiqatda alimlər E. coli bakteriyasının kodonlarını dəyişdirdilər və onun zülal sintezini dayandıran təbii dayandırma işarəsini aradan qaldırdılar. Bu şəkildə yaradılan yeni genom virusların bakteriyalara qarışmaq üçün istifadə etdikləri təbii zülalların sintezinə mane olaraq, bakteriyaları viruslara qarşı daha müqavimətli hala gətirdi. Tədqiqatçılar daha sonra dayandırma kodonunu başqa amin turşularını kodlaşdıran kodlara çevirərək, bu şəkildə yavaş-yavaş genom meydana gətirdilər.


Bu tədqiqat sayəsində yenidən kodlaşdırılan bakteriya bir çox "ekzotik" zülalı və polimerləri bioloji olaraq istehsal edə bildi. Yeni tapıntı yeni materialların, nanostrukturların, dərmanların yaradılmasında istifadə edilə bilər. Prof. Isaacs açıqlamasında belə dedi:

"Genetik kod universal olduğu üçün, digər orqanizmlərin də genlərini yenidən kodlaşdırmaq mümkün olacaq. Bunun biotexnologiya sənayesi üzərində inanılmaz dərəcədə böyük bir təsiri olacaq və yeni tədqiqat sahələri və imkanları yaradacaq."

Qaynaq: YaleNews
daha ətraflı...

October 21, 2013

Uça bilməyən quşların qanadları

Dəvəquşular, pinqvinlər, Qalapaqos qarabataqları və başqa digər quşlarda uçmaq üçün istifadə edilməyən qanadlar mövcuddur. Bu quşların təkamül keçmişləri araşdırıldıqda bütün əcdadlarının və yaxın qohumlarının uça bildiyi aydın olur. Bu quşlar əvvəllər uçmaq üçün yararlı qanadlara sahib idilər, son bir neçə milyon il ərzində isə bu xüsusiyyətlərini itirdilər. Səbəblər müxtəlifdir: bəziləri ada mühitində qida tapmaq üçün uçusa ehtiyac olmadığı və uzun müddət uçmayaraq quruda qidalandığı üçün, digərləri isə quruda axtardığı qidaların tükənməsi nəticəsində sulara yönəlməsi və getdikcə suda yaşamağa daha çox adaptasiya olması səbəbindən bu orqanlarının funksiyalarını itirmişdirlər. Əlbəttə, bu qanadlar bir anda funksiyalarını itirməmişdir və müasir dövrdə fərqli funksiyalara yiyələnərək təkmilləşmişdir. Məsələn, dəvəquşular sürətli qaçış əsnasında qanadlarını tarazlayıcı üzv kimi, pinqvinlər və Qalapaqos qarabataqları isə suda olarkən qanadlarını üzgəc kimi istifadə edirlər.

Ekoloji təsirlər dəyişməyərək təkamül prosesi bu cür davam etsə, əminliklə deyə bilərik ki, bu qanadlar gələcəkdə etdikləri işi daha da müvəffəqiyyətli edəcək şəkildə təkamülləşəcək və bəlkə də nəsillər sonra Qalapaqos qarabataqlarının qanadları tamamilə üzgəcə çevriləcək. Gələcəkdə alimlər bu qanadlar üzərində tədqiqatlar apardıqda anatomik quruluşun qanad olduğunu, lakin ümumi morfologiyasının üzgəc olduğunu görəcəklər. Bu, bizim bu gün də gördüyümüz rudiment orqanlara gələcəkdə göstərilə biləcək nümunə olacaq.

Sonda isə bunu deyək ki, bir orqan və ya üzvün əsas (təbii) funksiyası itdikdə, onu başqa bir funksiya əvəz etsə belə, həmin orqan və ya üzv rudiment hesab ediləcək.
daha ətraflı...

October 20, 2013

Meyvələr və heyvan məhsulları niyə dadlıdır?

Bir çox insanlar sevdiyimiz meyvələrin və ya heyvan məhsullarının təkamül müddəti ərzində necə dəyişilib bu qədər dadlı, bizə xoş gələn dada sahib olmasını qavramır və bunların əvvəldən insan üçün "hazır vəziyyətdə yaradılmış" olduqlarını düşünür. Bu mövzu "səbəb-nəticə əlaqəsi çaşqınlığı" olaraq adlandırılan, insanların tez-tez düşdükləri bir səhv arqument irəli sürmə vəziyyətindən (məntiq səhvi = logical fallacy) qaynaqlanır. Bəzi insanlar bunun cavabını bilməsə də, elm, təbii ki, bilir.

Bitkilər, əlbəttə ki, digər heyvanlar (şimpanzelər, insanlar və s.) yesinlər deyə meyvə vermirlər. Meyvəli bitkilər təxminən 140 milyon il əvvəl təkamülləşmişdir. Meyvə, bitkinin toxumlarını qorumaq üçün dişi orqanın fərqliləşməsi nəticəsində təkamülləşmişdir. Meyvənin meydana gəlməsini təmin edə bilən bitkilərin toxumları üstünlüklü mövqeyə keçmiş, daha uzun müddət daha etibarlı şəkildə qoruna bilmiş və həm həyatda qalma şansını, həm də artım şansını populyasiyada stabilləşdirmişdir. Meyvələrin dadları (əslində hər şeyin "dadı") içərisindəki kimyəvi quruluş ilə əlaqəlidir. Çünki bu kimyəvi quruluş "tumurcuqlar" dediyimiz və perceptual reseptorlarına (qəbuledicilərinə) sahib olan hüceyrələrə fərqli şəkillərdə bağlanaraq fərqli elektrokimyəvi siqnallar çıxarılmasına səbəb olur. Bu da, beynimizdə müxtəlif dadlar kimi qəbul edilir. "Şirin" ya da "turş" kimi anlayışlar "gözəl yemək" və ya "pis yemək" kimi anlayışlar olaraq qəbul edilmişdir və insan ağlının təkamül müddətində edilən şəxsi seçimlərdir. Necə ki, bir evdə ata albalını xoşlayır, oğlu isə bəyənmirsə, heyvan növləri arasında da "dad anlayışı" bir-birindən fərqlidir. Donuzun öz nəcisi ilə qidalanması bizə iyrənc gəlir, o canlıya görə isə olduqca normaldır. Təbiət şərtlərini insan müəyyən etmir, insanın donuzlara öz ağlı nöqteyi-nəzərdən verdiyi şərhlər də təbiət üçün heç bir şey ifadə etmir. Biz diksinirik deyə donuzun qidalanma üsulu elmi olaraq "iyrənc" ola bilməz.

Uzun sözün qısası, bitkilər müxtəlif kimyəvi maddələrə sahib olan növbənöv meyvələr təkamülləşdirmişdir. İnsanın əcdadları ağaclarda yaşayarkən meyvələrlə qidalanırdı. Meyvələr bizim əcdadlarımızın əsas qida qaynaqları idi, bu səbəbdən ətrafdakı meyvələrin dadını bəyənib yeməyə meylli olanlar qarınlarını doyururdu və digərlərilə, bu meyvələri bəyənməyənlərlə müqayisədə daha üstün mövqeyə keçirdi. Bu səbəbdən nəsillər ərzində dad qavrayışımızın təkamülləşməsi və populyasiyaya içərisinə yeni davranış kimi daxil olması nəticəsində biz müasir dövrdə bu meyvələri olduqca dadlı hesab edirik. Amma növdaxili variasiya səbəbilə bəzilərimiz banan sevir, digərlərimiz isə daha çox portağal. Lakin unutmamaq lazımdır ki, nə banan, nə də portağal, misalçün, bir qurd üçün heç bir məna ifadə etməyən və sadəcə yeyilməməsi lazım olan qidalardır. Yəni meyvələr insan və ya digər canlılar yaşasın deyə mövcud deyillər. Tam əksinə, hər hansı bir növ yaşamaq üçün mühitdə tapılan qaynaqlara möhtacdır və məcburiyyət qarşısında qalalaq onlara uyğun şəkildə təkamülləşir. Yəni, primitiv misal çəkəsi olsaq, meyvələr bizdən yox, biz meyvələrdən asılıyıq. Bu fərqi qavraya bilməyənlər "səbəb-nəticə çaşqınlığı" deyilən məntiq səhvinə yol verirlər.


Keçək arılara. Arılar son 100 milyon ildir (qədim Təbaşir dövründən bəri) bal istehsal edirlər. Bunun səbəbi də çox aydındır: Qida. Yazda bal istehsal edərək vəsait toplayan arılar, qışda bu balı yeyərək qidalanırlar. Amma yenə, təkamül müddəti ərzində insan növü (və bəzi digər növlər) arıların qidalarına əl qoymuşdur və özü üçün istifadə etməyə başlamışdır. Halbuki heç bir arı "insan üçün" bal istehsal etmir. Bu mövzu haqda daha çox dini mənbələr uydurma və elmdənkənar məlumatlar yayırlar. İnsanlar məcburiyyət qarşısında qalaraq, mühitdə tapılan qidanın dadını bəyənməyə möhtac qalaraq təkamül keçirmişdirlər və hər nəsildə balın dadını daha da bəyənərək (uyğunlaşdıraraq) bu günə gəlmişdirlər.

Bitkilər son 140 milyon ildir meyvə verir. Arılar isə son 100 milyon ildir bal istehsal edir. Bütün meymunların ortaq əcdadı olmağa ən yaxın namizəd olan Darwinius masillae (İda) 47 milyon il əvvəl yaşamışdır. Homo sapiens, yəni biz isə 200.000 il əvvəl təkamülləşmişik. İnsan üçün məhsul istehsal etməyi qoyaq bir kənara, bu canlılar bütün meymunların ortaq əcdadından belə qədim dövrlərdən bu işi özləri üçün yerinə yetirirlər. Biz, sonradan təkamül səhnəsinə çıxmış sıravi bir heyvan növündən təkamülləşmiş olan təbiət oğrularıyıq.
daha ətraflı...

Ən qədim sinir sistemi tapıldı

Tədqiqatçılar ən qədim və ən yaxşı qorunmuş sinir sistemini kəşf etmiş ola biləcəkləri xəbərini yaydılar. 520 milyon illik fosil olan sinir sisteminin, hörümçəyə oxşayan bir quruluşa sahib olması diqqət çəkdi.

Yeni tapıntı hörümçəklərin və əqrəblərin əcdadlarının bir vaxtlar qohum olduğunu, lakin yarım milyard il əvvəl fərqli təkamül qollarına ayrıldıqlarını göstərdi. Bir beynəlxalq elmi qrup tərəfindən Nature jurnalında dərc edilən araşdırmaya görə, buğumayaqlıların nəsli kəsilən fərqli bir növü başlarından çıxan pəncəyə oxşar quruluşa sahib idi.

"Alalcomenaeus" adını daşıyan yarım milyard yaşı olan fosil, Çinin cənub-qərbindəki fosillər baxımından zəngin olan Chengjiang şəhərindəki qazıntı sahələrində tapıldı. Alalcomenaeus'un eyni zamanda həm sürünən, həm də suda yaxşı üzə bilən növ olduğu məlum oldu. Sciencedaily saytındakı xəbərə görə, adının yunanca 'megacheirans', yəni 'böyük pəncələr' mənasını verdiyi bu növ bir vaxtlar əsasən dənizdə yaşamış və nəsli kəsilmiş bir buğumayaqlı növü idi.

London Təbiət Tarixi Muzeyindən olan Greg Edgecombe, Alalcomenaeus'un sahib olduğu sinir sisteminin heyvanların əsas qrupları arasında oxşarlıq göstərdiyini və paleontoloqlara aralarındakı əlaqəni tapmaq üçün köməkçi olduğunu bildirdi.


Nature jurnalına açıqlama verən Edgecombe bunları dedi: 

"Sinir sistemi ən etibarlı antik qaynaqlardan biridir. Kambri dövrünə aid olan yaxşı qorunmuş qalıqlar üzərində işlər aparırıq. Anatomik quruluşu yaxşı qorunmuş qalıqlar bizə beyin, sinir sistemi və gözlərə uzanan sinir toxumaları haqqında məlumatlar verir."

Alimlər Alalcomenaeus'u CT (kompüter tomoqrafiyası) yoxlamasından keçirdi və ardından fosilin üzərindəki görünməyən strukturları ortaya çıxarmaq üçün 3D model hazırladılar. Tədqiqatda yer alan, Təbiət Tarixi Muzeyindən olan bir digər alim Xiaoya Ma belə dedi:

"Yeni üsullarla 520 milyon illik canlının mərkəzi sinir sistemini araşdırmaq olduqca həyəcanlı işdir."

Yarım milyard yaşı olan canlının anatomiyasını araşdıran ABŞ-ın Arizona Universitetindən olan Nicholas Strausfeld açıqlama verdi:

"Megacheirans adı verilən canlının müasir atnalı yengəci və əqrəblərinkinə çox oxşayan mərkəzi sinir sistemi olduğunu öyrəndik. Bu məlumat, Kambri dövrünün sonlarında hörümçəklərin əcdadlarının düşmənləriylə oxşarlıq göstərdiklərini sübut edir."


Başından çıxan pəncə quruluşundaki çıxıntıları növün ovu tutmaq və dərk etmək üçün istifadə etdiyini bildirən Strausfeld sözlərinə bunları da əlavə etdi: 

"Pəncələrin mövqeyinə baxdığımızda, hörümçəklərin və qohumlarının dişləmək üçün istifadə etdikləri ağızlarını bu çıxıntılardan təkümulləşdirmiş ola biləcəyini anladıq."

Edgecombe isə son olaraq bunları dedi:

"Müasir canlılar üçün istifadə etdiyimiz üsullar vasitəsilə antik canlıların da təkamül prosesini araşdıra bilirik."


Qaynaq: ScienceDaily , Nature
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top