November 8, 2013

İlk insanlar beyinlə qidalanırdılar

Keniyada bir çox tarixi fosilləri aşkar edən antropoloqlar, Şərqi Afrikada yaşamış olan əcdadlarımızın xüsusilə antilop beyninə düşkün olduğunu aydınlaşdırdılar.

ABŞ-ın Baylor Universitetindən olan tədqiqatçı Joseph Ferraro və həmkarları, ilk insanların leşlərlə qidalandığını təsdiq etdilər.

PLoS ONE jurnalında dərc olunan tədqiqata görə, antropoloqlar apardıqları qazıntı işlərində üç qrup halında basdırılmış fosillər tapdılar. Fosillər, müasir insanın əcdadlarından olan Homo erectus'un necə ovlandığı və ovunu necə dəyərləndirdiyi haqqında əhəmiyyətli məlumatlar təmin etdi.

Yeni tədqiqat, ovlarının beyinlərini yeyən Homo erectus'un, beyindəki yağlı hissə sayəsində kafi enerji yığdığını və bir sonrakı günün ovu üçün əlavə enerji əldə etdiyini göstərdi. Bu tədqiqat müxtəlif ov alətlərinin izlərini saxlayan heyvan fosillərinin tapıldığı daha əvvəlki tədqiqatlarla da uyğundur.

Nəticələr, ilk insanların bacarıqlı ovçular və ətə düşkün olduqlarını təsdiq etdi.

Science-ın verdiyi xəbərə görə, qazıntıların aparıldığı bölgədə 2 milyon il əvvəl yaşamış olan insanlar, ovlarını tutduqdan sonra Kanjera bölgəsindəki evlərinə daşıyırdı. Antropoloqlar bu bölgədə, üzərlərində sadə daş alətləri izlərini saxlayan antilop və ceyran sümükləri tapdılar.

Tapıntılar, heyvanların parçalara ayrıldığını və daha çox ətli olan hissələrinin ilk olaraq kəsildiyini göstərdi. Qurbanların ətinin bişirilmədən yeyildiyini təsdiqləyən tədqiqatçılar, bəzi sümüklərdə də aslan dişlərinə rast gəldilər. Bu tapıntı, bəzi ovların aslanlar tərəfindən oğurlanmış olduğuna və ya daha sonra insanların əlinə keçdiyinə dair məlumatlar verə bilər.

Qazıntı sahəsində tapılan yüzlərlə kəllə və alt çənə sümüklərinin digər sümüklərlə müqayisədə daha çox olması, Homo erectus'un qurbanın pendirvari beyninə nə qədər düşkün olduğunu göstərdi. Ferraro açıqlamasında belə dedi:

"Bu vəziyyət iştahdan çox, yırtıcı heyvanların buraxdıqları leşlərlə qidalanmadan  qaynaqlanır."

Tədqiqatçılar, ilk insanların yırtıcı heyvanları izlədikləri, daha sonra yırtıcıların ovlarıyla işlərini qurtardıqdan sonra geriyə qalan leşi yedikləri qənaətindədirlər. Yırtıcı heyvanların yemədikləri beyinlə ilk insanlar qidalanmalı olurdular. Beləcə illər ərzində Homo erectus beyin düşgünü növə çevrilmiş oldu.

Alimlər, tədqiqatın bir sonrakı mərhələsində Homo erectus'un ov etmə-leş yığma nisbətini aydınlaşdırmaq istəyirlər.

Bu yeni tapıntılar insanların həyatda qalmasını təmin edən və müasir insana ötürülən xüsusiyyətlər haqqında yeni ipucları təqdim edə bilər.

Qaynaq: RedOrbitScienceNews
daha ətraflı...

November 7, 2013

Qalaktikamızda 8 milyard Yerə oxşar planet mövcuddur

Yeni tədqiqatın nəticələrinə görə Samanyolu qalaktikasında Yer böyüklüyündə və həyat üçün əlverişli olan 8,8 milyard planet ola bilər.

Proceedings of the National Academy of Sciences jurnalında dərc olunan yeni bir tədqiqata görə, genişliyi 100-200 min işıq ili olan Samanyolu qalaktikasında Yerdən başqa həyat üçün uyğun digər planetlərinin sayı 8,8 milyarddır.

Tədqiqatda iştirak edən Kaliforniya Universitetindən olan Geoff Marcy, bir sonrakı addımda kosmosa buraxılacaq güclü teleskoplarla bu planetlərin atmosferlərini araşdıracaqlarını, beləcə həyata əlverişli olduğu hesab edilən planetlərin bu fikrə nə qədər uyğun olduğunu öyrənəcəklərini bildirdi. Marcy, ələ keçən son tapıntının əhəmiyyətli bir sualı da yenidən ağıllara gətirdiyini dedi:


"Əgər tək deyiliksə, niyə Samanyolunda digər inkişaf etmiş sivilizasiyalardan səs çıxmır?"


NASA-nın "planet ovçusu" kimi tanınan Kepler teleskopunun dörd il ərzində əldə etdiyi məlumatlara görə, Samanyolu qalaktikasında hər 5 ulduzdan 1-i Günəşə oxşayır və orbitlərində Yer bənzəri, maye halda suyun mövcudluğunu dəstəkləyən planet saxlayır.

Keplərin bu günə qədər 42.000 ulduz araşdırdığını açıqlayan alimlər, yüz milyardlarla ulduzu olan Samanyolu qalaktikasında həyata əlverişli olan planetlərin sayını müəyyən etməyə çalışdılar. Astronomlar, hesablamalara əsaslanan araşdırmalarında Yerə oxşar planetə sahib olan ulduz faizini yüzdə 22 olaraq təyin etdilər.

Kepler tədqiqatında yer alan Natalie Batalha, bu nəticənin təsdiqlənməsi üçün daha çox məlumatın nəzərdən keçirilməsi lazım olduğunu dedi. Samanyolunda təxminən 200 milyard ulduz olduğunu və onların da 40 milyardının Günəşə oxşadığını açıqlayan Marcy, bu sayın 50 milyard da ola biləcəyi ehtimalını gizlətmədi. Belə vəziyyətdə, Samanyolunda mövcud olan Yerə oxşar planetlərin sayı 11 milyarda qədər qalxa bilər. Həmçinin Marcy, 5-də 1 ehtimalına əsaslanaraq edilən hesablamada, həyatın formalaşmasına şərait yaradan və Günəşə oxşar ulduzun orbitində gəzişən ən yaxın Yer böyüklüyündəki planetin evimizdən 112 trilyon kilometr uzaqlıqda olduğunu bildirdi.

Qaynaq: newschannel5.com
daha ətraflı...

November 6, 2013

Zülalların təkamülünü maraqlandıran yeni tapıntı

Təkamülün əhəmiyyətli, lakin tam təsdiq edilməmiş bir hissəsini araşdıran Scripps Tədqiqat İnstitutundan (SAE) olan elm adamları, əhəmiyyətli bir zülalın yüz milyon illərdir təkcə molekulyar quruluşundakı dəyişikliklər yolu ilə deyil, böyük nisbətdə öz hərəkətlərinin dəyişməsiylə təkamülləşdiyinə dair dəlillər təqdim etdilər. Tapıntı yalnız zülal təkamülü haqqında fikirlər təqdim etməklə kifayətlənmədi, araşdırılan zülalı hədəf alan antibiotiklərin və dərmanların inkişafı üçün də qatqı təmin etdi.

SAE professoru Peter E. Wright deyir:


"Zülallar strukturları və hərəkətləri olan maşınlardır. Biz zülalların struktur dəyişmə yolu ilə təkamülləşdiyini bilirdik, amma zülalların dinamiklərindəki dəyişikliklərlə də təkamülləşdiyini bu günə qədər bilmirdik."


Yeni tədqiqat Nature Structural and Molecular Biology jurnalında 29 sentyabr 2013 tarixində dərc edildi və demək olar ki bütün orqanizmlərdə olan, DNT sintezi üçün çox əhəmiyyətli bir ferment olan DHFR üzərinə icra edildi.


Wright'ın məqsədləri DHFR haqqında daha çox məlumat sahibi olaraq alimlərin bu molekulu daha effektiv şəkildə hədəf ala bilmələri və dərmanlara qarşı daha yaxşı müqavimət göstərmək üçün qatqı təmin etməkdir. 2011-ci ildə Science jurnalında dərc edilən bir təcrübə, Wright və həmkarları məşhur bakteriya olan E. coli'dəki DHFR fermentinin dinamiklərinin katalitik funksiyalar üçün həyati olduğunu göstərdi. Tədqiqatçılar bu yeni irəliləyişdə E. coli və insan DHFR molekullarının dinamiklərini müqayisə və analiz etdilər. Nəticə olaraq, qədim dövrlərdən ayrılmış təkamüllərinə baxmayaraq, insan və bakteriya fermentinin atom səviyyəsindəki strukturlarının çox oxşar qaldıqları müşahidə edildi.

Tədqiqatçılar fermentin bu iki növünün xüsusiyyətlərini təyin etmək üçün X şüası kristalloqrafiyası və nüvə maqnit rezonansı kimi üsullar istifadə etdilər. Həmçinin DHFR molekulunun amin turşusu ardıcıllıqları analiz edildi və müxtəlif şərtlərdə in vitro və hüceyrələrdəki ferment funksiyaları qiymətləndirildi. Bundan başqa fermentin yüksək orqanizmlərə təkamülləşmə yolundakı hadisələri daha yaxşı anlamaq üçün bakteriya və insandan alınan nümunələrlə birlikdə fərqli növlərin də DHFR fermenti nümunələri araşdırıldı.

Tədqiqatın başında duran Gira Bhabha belə deyir:


"Araşdırmağa başladığımızda, dinamiklərin necə fərqli olduqlarının məlum olacağını və fermentlərin atom səviyyəsindəki hərəkətlərində təkamül yolu ola biləcəyini düşünməmişdim.


E.coli'dəki DHFR fermenti bağlandığı molekullara yapışmaq və onları sərbəst buraxmaq üçün aktiv bölgəsindəki elastik amin turşusu toqqalarını istifadə edir. İnsandakı ferment, bakteriyadakıyla müqayisə edilsə, daha zərif, effektiv və təməldə fərqli bir mexanizmlə hərəkət etdiyi aydın olar.

Bhabha deyir:


"İnsandakı fermentin hərəkəti bir istridyə qabığı kimi, aktiv bölgəsinin açılmasını və bağlanmasını təmin edən tvist hərəkətidir."


Bhabha və Wright, E.coli və insan DHFR fermentlərindəki bu təəccüblü fərqliliklərə sahib olan dinamiklərin çox fərqli mühitlərə uyğunlaşmalarla təkamülləşdiyini düşünürlər. Əslində insanın DHFR fermenti hüceyrələrdə işə elə uyğunlaşmışdır ki, tədqiqatçıların tapıntılarına görə E.coli hüceyrələrində lazım olduğu kimi işləyə bilməz. Bhabha vəziyyəti belə izah edir:



"E.coli hüceyrələrində məhsul kimi yaranan molekulların intensivlik artımı fermentin insandakı versiyasının işini dayandırır."


Wright indi DHFR dinamiklərinə dair tədqiqatlarını dərinləşdirmək, insandakı və digər məməlilərdəki DHFR fermentlərinin təkamül əcdadı olan bakterial ferment formasından fərqliləşməsinə səbəb olan mutasiya ardıcıllıqlarını müəyyən etməyi planlaşdırır. Bu təkamül tarixi tədqiqatı, tədqiqatçılara DHFR fermentindəki təkamül dəyişikliklərinin, fermentin dərmanlara qarşı müqavimətliliyinə necə gətirib çıxardığını anlamağımızı təmin edəcək. İnsandakı DHFR fermentinin dinamikləri ilə bakteriyalar və digər orqanizmlərdəki əleyhdarlarının dinamikləri arasındakı fərqliliyin meydana gəlməsini öyrənmək, tədqiqatçıların hədəf fermentə xas dərmanlar hazırlamasına və daha az yan təsir görülməsinə kömək olacaq.


Qaynaq: ScienceDaily
daha ətraflı...

November 5, 2013

Qarışqa görünüşlü qanadı olan Meyvə Milçəyi

Goniurellia tridens növündən olan meyvə milçəklərinin qanadlarında qarışqalara oxşayan fiqurlar var. Qarışqalarla meyvə milçəkləri demək olar ki ortaq ovçuları bölüşürlər. Ovçular milçəyə yaxınlaşanda, bu qanadları sürətli şəkildə çırparaq ətrafında bir çox qarışqa varmış kimi bir təəssürat yaradır. Bu, ovçuların başını qarışdırır və bir neçə saniyəliyinə də olsa meyvə milçəyinin qaça bilməsi üçün şərait yaradır.

Meyvə milçəklərinin qanadlarında müxtəlif ləkələr görmək mümkündür. Bu vəziyyət, meyvə milçəklərinin əcdadlarında da böyük ehtimalla olmuşdur. Amma elmə məlum olan təxminən 5.000 meyvə milçəyi növündən yalnız 36'sında bu ləkələr qarışqaları xatırladır. Digərlərinin çoxunun qanadları ləkəsiz və ya şəffaf görünüşdə qarşımıza çıxır. Bu səbəbdən ləkəli qanadlılıq, təkamül müddəti içərisində sonradan əldə edilmiş bir xüsusiyyətdir. Təməl olaraq ləkəli qanadlara sahib olmaq kamuflyaj bənzəri üstünlük təmin edə bilər. Amma bu ləkələrin görünüşlərini təyin edən genlərdəki seçmə təzyiqi, bu ləkələrin nəsillər içərisində qarışqalara daha çox oxşamasına səbəb olmuşdur.










Bu qarışqabənzəri görünüşlərin qarışqaya oxşarlığı bucağında növ içərisində geniş variasiya olduğu hesab edilir. Bu səbəbdən bu mövzudakı seçmə ola bilər ki hələ də davam edir və qanadlardakı qarışqa görünüşlərinin nəsillər içərisində mühitə və vəziyyətə görə dəyişilməsi gözlənilə bilər.


Qaynaq: EvrimAğacı
daha ətraflı...

November 4, 2013

Caynaqlı ilan

Sizlərə əvvəllər ayaqları olan ilan fosili haqda məlumat vermişdik. Həmçinin rudiment orqanlardan və bunların təkamülün şübhəsiz nümunələri olduğundan da bəzi məqalələrimizdə ətraflı bəhs etmişdik. Bir neçə il bundan qabaq tapılan bir ilan isə bunun canlı nümunəsi olaraq qarşımıza çıxdı.

İlanların təkamül müddəti ərzində sürünənlərdən törədiyini bilirik. Bu müddət içərisində üzvlərini itirən müasir ilanlar həm genetik, həm də morfoloji olaraq bu üzv qalıqlarını bədənlərində daşıyırlar. Bəzən təkamül prosesində genetik baxımdan dayandırılan genlər yenidən aktivləşə bilər və növlərin əcdadlarından qalma xüsusiyyətləri yenidən ortaya çıxa bilər. Şəkildəki Cənub-Şərqi Çində tapılan ilan bunun ən maraqlı nümunələrindən biridir.

Bəzi hallarda HOX genləri kimi bədən planını təyin edən genlərdə meydana gələn mutasiyalar növün normal olaraq mövcud olan orqanlarının sayının və ya həcminin artmasına səbəb ola bilər. Bu səbəbdən meydana gələn üç qollu və ya iki başlı canlılar təkamül üçün əhəmiyyət daşımırlar. Lakin ilan kimi qıçları olmayan bir növün baş verən genetik səhvdən qıçının meydana gəlməsi, olduqca əhəmiyyətli hadisədir. Bunu, inkişaf edən qıçın ilanı təkamülləşdirməsi adlandırmaq yalnış olardı. Çünki bu qədər böyük bir sıçrayış (ayaqsız ola-ola anidən qıçın yaranması), ehtimalla ilana zərər verəcək və təbiətdə məğlub olmasına səbəb olacaq. Amma bu qıçın meydana gəlməsinin təkamül əhəmiyyəti, ilanların, təkamülün nəzərdə tutduğu kimi, bir vaxtlar qıçlı olduğu həqiqətini təsdiqləməsindən ibarətdir. Çünki belə mutasiyalar növlərdə mövcud olmayan orqanları bir anda yarada bilmirlər. İlanlarda bəzən qıçın meydana gəlməsi, insan kimi quyruqsuz primatlarda bəzən quyruğun meydana gəlməsi və s. genetik səhvlər, gördüyünüz kimi təkamülün izlərini müasir dövrə qədər daşıyır.

Çində tutulan 40 santimetrlik bu ilanın sadəcə ayağı deyil, eyni zamanda sürünənlərinkinə çox oxşayan bir caynağı da var. Təkrar edək: bu, növün təkamül keçirəcəyinə işarə deyil. Əlbəttə ilanlar da, hər növ kimi təkamül keçirir, amma təkamül bu cür sürətli sıçrayışlarla baş verə bilməz. İlanlarda məşhur olan bir digər təkamül keçmişi ilə əlaqəli qalıq isə, arxa qıçlara aid inkişafdan qalmış sümüklərdir.

Qaynaq: PopularScience
daha ətraflı...

November 2, 2013

"Harun Yahya"nın saxtakarlıqları 2

Harun Yahyanın "Təkamülçülərin Etirafları" adlı kitabında "Təkamülçülərin Darwin'lə əlaqədar etirafları" hissəsində belə bir sitat var (Harun Yahya, Təkamülçülərin etirafları, səh. 17):



Francis Darwin (Charles Darwin'in oğlu): 
"Atamın ağlı qətiyyən elmi deyildi və məlumatını ümumi qanunlar altında ümumiləşdirməyi yoxlamırdı. Onun etdiyi, qarşısına çıxan demək olar ki hər şey üçün bir nəzəriyyə çıxarmaq idi. Onun məlumatının mənə bir şey qazandırdığını düşünmürəm." (2222 Francis Darwin, The Life and Letters of Charles Darwin, Cilt.I, New York: D. Appleton and Company, 1888, s. 19)


İndi isə ilk olaraq bu yazının kitabda keçdiyi hissəyə baxaq:


“My father’s mind was not scientific, and he did not try to generalize his knowledge under general laws; yet he formed a theory for almost everything which occurred. I do not think I gained much from him intellectually; but his example ought to have been of much moral service to all his children. One of his golden rules (a hard one to follow) was, ‘Never become the friend of any one whom you cannot respect.” (Francis Darwin, The Life and Letters of Charles Darwin, New York, D. Appleton & Co., 1905, s. 19)

Burda diqqət etsəniz yazının dırnaq işarələri içində olduğunu görərsiniz. Kitabda burdan əvvəlki səhifələri gözdən keçirdiyinizdə əvvəlki 5-10 səhifə boyunca dırnaq işarələriylə ayrılmış bir çox qısa hissələr görmüş olarsınız. Bu hissələrdə bir adam "My father", yəni "Atam" deyərək birini izah edir. Yenə bu hissələrdə insanların izah edilən adama "Doctor Darwin", yəni "Həkim Darvin" dediyini görürük. Bu hissələr harada başlayır deyə maraqlanıb bir az daha geriyə getdiyimizdə 11-ci səhifədə belə bir hissə ilə qarşılaşırıq:



What follows was added by Charles Darwin to his autobiographical ‘Recollections,’ and was written about 1877 or 1878.
“I may here add a few pages about my father, who was in many ways a remarkable man.” (Francis Darwin, The Life and Letters of Charles Darwin, New York, D. Appleton & Co., 1905, s. 11)


Robert Waring Darwin 
Burdan da aydın ola biləcəyi kimi 11-ci səhifədəki o hissədən etibarən Charles Darwin'in öz avtobioqrafiyası üçün atası doktor Robert Waring Darwin (1786-da Leiden Universitetindən Tibb elmləri doktoru adını almışdır) üçün yazdıqları yerləşdirilmişdir. Onsuz da The Life and Letters of Charles Darwin kitabının ilk hissəsi "The Darwin Family", yəni "Darvin Ailəsi" başlıqlıdır və bu hissədə Darvin Ailəsinin fərdləri bir-bir tanıdılır. Harun Yahyanın kitabındaki hissədə əslində Francis Darwin'in atası Charles Darwin haqda dediyi sözləri yox, Charles Darwin'in atası Robert Waring Darwin'lə əlaqədar dediyi sözləri keçir.

Gördüyünüz kimi yenə Harun Yahya ləqəbli şarlatan insanların gözündə Charles Darwin'in dəyərini aşağı salmaq üçün, əslində onun üçün deyilməmiş sözləri onun üçün deyilmiş kimi göstərməyə çalışır. İndi isə bu elm düşməni haqda deyilməli olan sözləri sizə buraxıram.

ardı var...

"Harun Yahya"nın saxtakarlıqları başlıqlı bir digər yazını da oxumağınız tövsiyə olunur.
daha ətraflı...

480 min illik Homo erectus fosili tapıldı

Bir qrup fransız və əlcəzairli antropoloq və paleontoloqlar Əlcəzairin Oran şəhəri yaxınlığındakı bir mağarada 480 min il əvvəl yaşamış Homo erectus növündən olan insanın kəllə sümüyünə və bəzi digər skelet qalıqlarına aid fosillər tapdı.

The Journal of Fossil jurnalında 22 oktyabr tarixində onlayn dərc edilən tədqiqatda Oran şəhəri yaxınlığında bir mağarada 480 min il əvvəl yaşamış insan növünə aid kəllə sümüyü ilə bəzi sümük parçalarının tapıldığı qeyd edilir. Jurnalda bu Homo erectus fosilinin dağılmış halda tapıldığı, digər sümük parçalarının da tapılma işlərinin hələ də davam etdiyi bildirilir. Alimlər bu insanın kişi olduğunu, öldüyündə isə təxminən 40 yaşında olduğunu təxmin edirlər.

Tədqiqata Fransanın Paris Universitetindən 4, Əlcəzairin Oran Universitetindən isə 2 elm adamı qatılmışdı. Tədqiqatın başında duran Paris Universiteti antropoloqu prof. Jacques Andrew The Fossil jurnalına verdiyi açıqlamasında bunları dedi:


"Bu fosil hissələri sayəsində 480 min il əvvəl bu bölgədə Homo erectus insanının yaşadığını sübut etmiş olduq. Bu tapıntı Homo erectus insanının Afrikadan Avropaya və Asiyaya köç etdiyini təsdiqləyir."


Qaynaq: Universite Paris
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top