January 2, 2014

Pişiklərin mənşəyi araşdırılır

Elm adamları Çində apardıqları tədqiqatlarda 5.000 illik fosilləri araşdırdıqdan sonra pişiklərin ilk fermerlər tərəfindən siçan tutmaq üçün istifadə edildikləri və beləcə əhilləşdirilmiş olduqları qənaətinə gəldilər. Yeni tədqiqatla əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

Pişiklərin daha çox üstünlük verilən ev heyvanlarından biri olmasına baxmayaraq keçmişi haqqında kifayət qədər məlumatımız yoxdur. Tarixi Daş dövrünə söykənən bir Çin kəndində aparılan qazıntı işləri isə alimlərə illərdir qaranlıq qalan sualların cavabını göstərmiş ola bilər.

Çinin Quanhucan adlı bir kəndində aparılmış tədqiqatda tapılan 5.300 illik fosillər pişiklərin insanlarla hesab edildiyindən daha uzun müddətdir birlikdə yaşadığını göstərmiş oldu. Tədqiqatda yer alan ABŞ-ın Vaşinqton Universitetindən olan Fiona Marshall deyir: 


"Pişiklərin insanlarla yaşamağa başladığı müddətin ilk sübutunu əldə etdik."

Marshall ovçu-yığıcı qəbilələr tərəfindən min illər əvvəl əhilləşdirilməyə başlanan itlərlə müqayisədə pişiklərin, "fermerlərin əhilləşdirilmiş heyvanları olaraq" insanlarla birlikdə yaşamağa başladığını qeyd etdi. ScienceDaily jurnalının verdiyi xəbərə görə qədim fermerlərin kəndində tapılan pişik sümüklərində çoxlu taxıl qalığına rast gəlinir. Bu tapıntı vəhşi pişiklərin ev pişiklərinə çevrilmə prosesinin dəlili hesab edilir.

Fosil DNT-lərinin hələ araşdırılmamış olması səbəbindən tədqiqatçılar iki ehtimal irələ sürürlər. Çinli pişiklər ya Orta şərqdən gətirilmiş, artıq əhilləşdirilmiş heyvanlar idi, ya da elə fermerlər tərəfindən əhilləşdirilmiş olmalı idilər. ABŞ-ın Missouri Universitetində Genetika sahəsində işləyən Leslie Lyons deyir:


"Vəhşi pişiklər utancaq heyvanlardır... Böyük ehtimalla insanlara siçanlar səbəbindən yaxınlaşdılar və kəndlilər də onları yaxalamağa icazə verdi."

Lyons vəhşi pişiklərin zamanla siçan tutmaqla əhilləşdiyi nəzəriyyəsinin doğru ola biləcəyini bildirir. Bəzi diş fosillərinin köhnəlmiş olması vəhşi pişiklərin uzun illər əvvəl kəndlərdə ilk fermerlər tərəfindən qidalandırıldıqlarını müdafiə edən bir digər tapıntı oldu. Ev pişiklərinə aid tapılmış ilk tarixi tapıntılar 4 min illik qədim Misir rəsmləri idi. Alimlər Quanhucan fosilləri üzərində ediləcək DNT analizləri ilə pişiklərin mənşəyini ortaya çıxaracaqlarına inanırlar.

Qaynaq: ScienceDaily
daha ətraflı...

Bakteriyaların təkamülünü 2 mutasiya təmin etdi

Artıq 25 ildir davam edən, E. coli bakteriyaları üzərində aparılan, "Lenski təcrübəsi" adıyla tanınan təcrübə alimlərə genetik dəyişikliklərin yığılaraq necə yeni növləri yaratdığını müşahidə etməyə imkan yaradır. Yeni bir tədqiqat isə bakteriyaların təkamülündəki 2 vacib mutasiyanı aşkar edir. Tədqiqatla əlaqədar məqalə 30 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

1988-ci ildə Michigan ştatı Universitetindən (ABŞ) olan Richard Lenski və həmkarları Escherichia coli bakteriyalarını qlükoza və digər qida maddələri olan 12 müxtəlif təcrübə qablarına yerləşdirərək təkamül prosesini izləməyə başladılar. Təcrübənin ən vacib nəticələrindən biri 2003-cü ildə, təxminən 31,5 mininci nəsildə əldə edildi.

Alimlər bu qablardan birindəki populyasiyanın sitratlarla (duzlar və limon turşusu efirləri) qidalanmağa başladığını görmuşdülər, bu da populyasiyanın digərləri ilə müqayisədə daha aktiv nəsil artırmağına səbəb olmuşdu.  E. coli bakteriyaları sitratlarla qidalanmırdılar, bu səbəbdən alimlər həmin populyasiyanı yeni növ olaraq qiymətləndirmişdilər.

İndi isə Texas Universitetindən (ABŞ) olan Jeffrey Barrick və həmkarları yeni bakteriya növünün təkamülləşməsinə səbəb olan mutasiyaları aydınlaşdırmaq üçün genom analizi texnikası kombinasiyasını hazırladılar. Sayca 70-dən çox olan genetik dəyişikliklər arasında alimlər ən vacib olan 2 mutasiya üzərində dayandılar. Bunlardan biri bakteriyalara sitratları həzm etmə funksiyası qazandırmışdı. Lakin bu funksiya populyasiyadaki ciddi artımı təmin etməmişdi, çünki bakteriyalar hələ sitratla birgə həm də qlükoza ilə qidalanmağa davam edirdilər.

Təcrübənin 1,5 mininci nəslində bakteriyaların genomunda daha bir dəyişiklik baş verdi. İkinci vacib mutasiya bakteriyaların ilk öncə qlükozanı tam həzm etməsinə, ardından isə sitratlara keçid almasına səbəb oldu. Bu iki vacib dəyişiklik bir yerdə isə yeni bakteriyaların artımındaki "partlayışı" meydana gətirmiş oldu.

Qaynaq: Pnas.org
daha ətraflı...

December 30, 2013

Altshaymerin mənşəyi tapıldı


Alimlər yüksək keyfiyyətli funksional maqnit-rezonans tomoqrafiyası ilə Altshaymer xəstələri və siçan modellərində araşdırma apararaq Altshaymerin mənşəyini, beynin hansı hissəsində və nə üçün orada meydana gəldiyini, eləcə də necə yayıldığını aydınlaşdırdılar. Bu sayədə Altshaymerin necə inkişaf etdiyi aydın ola və xəstəliyin erkən diaqnozu qoyula bilər. Həmçinin daha effektiv dərmanlar hazırlana bilər. Tədqiqat Kolumbiya Universiteti Tibb Mərkəzi (CUMC) tərəfindən aparıldı, əlaqədar məqalə Nature Neuroscience jurnalında dərc edildi.

Radiologiya professoru Boris və Rose Katz deyirlər:

"Altshaymerin beynin entorinal beyin qabığında meydana gəldiyi illərdir məlum idi. Lakin bu tədqiqatda ilk dəfə yaşayan insanlar üzərində, xüsusilə niyə lateral entorinal qabıqda (LEC) yarandığı izah edildi. Adətən LEC'in hippokampa açılan bir qapı olduğu hesab edilir, bu bölgə uzun müddətli yaddaş və s. funksiyaları həyata keçirir. Əgər LEC təsirlənsə hippokamp da təsirlənir."

Tədqiqatın nəticələri Altshaymerin birbaşa lateral entorinal qabıqdan serebral qabığına və digər bölgələrə yayıldığını göstərdi. Xüsusilə də parietal beyin qabığına, yəni beynin məkan koordinasiyası və navigasiyası ilə əlaqəli hissəsinə də yayıldığı qeyd edilir. LEC'in neyronların əlaqə nöqtələriylə uyuşmalarını təmin etməsi səbəbi ilə Altshaymerin buradan qaynaqlandığı hesab edilir.

LEC funksiya pozuntusu ilə əlaqədar üçüncü tapıntı isə bu pozuntu baş verdikdə tau və amiloid ilkin zülalına dəyişiklik meydana gəlməsi oldu. LEC Altshaymerə qarşı çox qorunmasızdır. Çünki Altshaymer tau yığılmasına yol açır, bu da LEC'i xəbərdar edərək APP yığılmasına səbəb olur. Bu iki zülal LEC'dəki neyronlara zərər verdikdə isə Altshaymer meydana gəlir.

Təcrübədə 96 nəfər 3,5 il ərzində izlənildi, 12'sində orta dərəcəli Altshaymer başlanğıcı tapıldı. Bu 12 adamın beyin tomoqrafiyaları çəkildikdə serebral qan səviyyələrində əhəmiyyətli dərəcədə eniş müşahidə edildi.

Prof. Usman Khan artıq Altshaymerin tomoqrafiya vasitəsilə harada başladığını nöqtə döyüntüləri ilə aşkar etdiklərini və bu sayədə erkən diaqnoz qoyula biləcəyini bildirir. Bəlkə də bu sayədə Altshaymer beynə yayılmadan müalicə edilə biləcək və yeni dərmanlar hazırlanacaq.

Qaynaq: Nature Neuroscience
daha ətraflı...

December 29, 2013

"20 il içərisində Yerdənkənar həyat tapacağıq"

25 dekabrda NASA-nın Ames Tədqiqat Mərkəzindən olan astrobioloq Christopher Mckay Kanada Televiziyası IDG'yə açıqlama verdi: 


"Qarşıdaki 20 il içərisində Yerdənkənar Günəş sistemində yerləşən bir planetdə həyata əlamətləri tapa biləcəyimizə inanırıq."

Yerdənkənar həyat axtarışlarına dörd fərqli planet və peyklərdə başladıqlarını deyən Mckay sözlərinə belə davam etdi: 


"Xüsusilə Mars, Europa, Enceladus və Titan marağımızı çox çəkir. Bu səma cismlərində həyatın başlaması üçün əlverişli şərtlər mövcuddur. Su və orqanik maddə kimi. Bu uyğun fiziki şərtlər əlbəttə ki Yerdəki kimi mükəmməl deyil. Amma məlumdur ki, Yerdə də olduqca ekstremal şərtlərdə həyatını davam etdirən bioloji həyat formalarına rast gəlmişik və bu bizi çox ümidləndirir. Bu dörd səma cismi də öz kateqoriyasında fərqli geofiziki quruluşlardadır. Bizə daha yaxın olması səbəbiylə Marsa çox sayda kosmik aparat və robot göndərdik. Bu robotlar bizə çox dəyərli məlumatlar qazandırdı. Xüsusilə Marsda suyun varlığı mövzusunda. Qarşıdaki bir neçə il içərisində bəhs etdiyim digər səma cisimlərinə də kosmik aparatlar göndərməyi planlaşdırırıq. İlk sırada Europa var. 2020-ci ilə qədər buzla örtülü bu əsrarəngiz peykə bir aparat göndərəcəyik . Bu kosmik aparat sayəsində insanlığın min illərdir verdiyi "Kainatda yalnızıq?" sualına bəlkə də bir cavab tapmış olacağıq. Bu səma cismlərində əgər bir həyat izi tapılsa sözsüz ki mürəkkəb strukturlu olmayacaq. Ehtimalla tapacağımız bu canlılar mikroskopik ölçüdə olacaq. Ancaq hər nə görünüşdə olursa olsun, tapacağımız hər bioloji həyat forması nümunəsi bizə Kainatda həyatın adi bir təbiət hadisəsi olduğunu göstərəcək. O vaxt Yerdənkənar həyat axtarışımıza fərqli üsul inkişaf etdirmək məcburiyyətində qalacağıq. İnsanlar çox vaxt mənə bu sualı yönəldir; "Yerdənkənar bir yerdə həyat tapılması bizə nə qazandıracaq?" Yerdənkənar bir planetdə həyatın aşkar edilməsi elmin bu günə qədər verdiyi bir çox suala cavab olacaq. Xüsusilə də Yerdə həyatın necə yarandığını anlamağımızı təmin edəcək. Günəş sistemi kimi sıravi bir ulduz sistemində Yerdənkənar bir başqa planetdə də fərqli biokimyəvi quruluşda həyat formaları tapıldığını təsəvvür edin. Bax o zaman biologiya sahəsində ən böyük kəşfi etmiş olacağıq."

Qaynaq: Yaşamın Kökeni
daha ətraflı...

December 28, 2013

On min illik qədim şəhər tapıldı

İsraildən olan arxeoloqlar 10 min illik tarixi olan bir şəhər tapdılar. İsrailin cənubunda yol çəkilərkən təsadüfən tapılmış qədim şəhər insanlığın əkinçiliyə və heyvanları əhilləşdirməyə başladığı ilk dövrün izlərini daşıyır. Bu da şəhər həyatının başlanğıcı olaraq qəbul edilir.

Arxeoloq Amir Golani deyir:

"Bütün bu strukturlar böyük inşa hissələridir. Bu planda xalqın necə məskunlaşma nizamına keçdiyini, öz heyvan və bitkilərini yetişdirdiklərini görürük. Yəni şəhər həyatına keçiddən bəhs edirik."

Arxeoloqların tapıntılar sayəsində Neolit dövrünə aid olduğunu dedikləri ərazidə yonma bıçaq qalıqları tapıldı. Arxeoloq Amir Golani:

"Burada, Eshtaol'da tapdığımız binalardan başqa gözümüzə çox böyük bir daş dəyir. Eynilə bir domino daşı kimi altı tərəfi işlənmiş, ayaqda dura bilən bir daşdır. Düşünürük ki, bu daş ibadət üçün istifadə edilirdi.''

İsraildə təsadüfən tapılan 10 min illik şəhərdə arxeoloqlar bir məbəd olduğunu düşünürlər.

Qaynaq: Euronews
daha ətraflı...

"Kepler"dən yeni 472 sayda planet

"Kepler" teleskopunun təmin etdiyi məlumatlarla planetoloqlar ikinci dəfə tədqiqat apararaq əvvəllər məlum olmayan 472 ekzoplanetin mövcud olduğunu aydınlaşdırdılar. Tədqiqatla əlaqədar məqalə Astrophysical Journal Supplement jurnalında dərc edildi.

"Kepler" teleskopu 2009-cu ilin may ayında kosmosa buraxılmışdı. Cihaz qalaktikamızın sadəcə kiçik bir hissəsini izləyib, səma cismlərinin ulduzunun görünən hissəsindən keçdiklərində meydana gələn parlaqlıq dəyişikliyini qeydə alaraq planetləri aşkar etməyə davam edirdi. 2013-cü ilin mayında teleskop sıradan çıxdı, avqust ayında isə NASA onu bərpa etməyi rədd etdi və digər mümkün istifadə variantlarını irəli sürdü.

Maraqlı olan budur ki, cihazın əldə etdiyi məlumatlar arasında onlarla, hətta yüzlərlə yeni planetlərin mövcudluğuna dair dəlillər var. Kris Burk'un başçılıq etdiyi NASA-dan olan elmi-tədqiqatçı qrup 2009-cu ilin mayından başlayaraq Keplerin topladığı məlumatları ikinci dəfə gözdən keçirərək indiyə qədər məlum olmayan 472 ekzoplanetin mövcudluğunu sübut etdi.

Burk və həmkarları kompyuter alqoritmi hazırlayıb Keplerin göndərdiyi məlumatları təhlil edərək müəyyən mərhələlərdə parlaqlıqları şübhəli şəkildə dəyişilən ulduzları ayırdılar. Ayırd edilən ulduzların sayı 14.000-dən çox deyildi.

Nəticədə əvvəllər öyrənilməmiş planet-peyklərə sahib olan 480 ulduz sistemi aşkar olundu. Alimlər dərhal onları KIC (Kepler Input Catalog) kataloquna daxil etdilər, bu da potensial ekzoplanet sayının 20%, Yer ekizi (ölçü, həyat şərtləri, atmosfer və s. baxımlardan) planetləri sayının isə 40% qalxmasına səbəb oldu.

Qaynaq: RİA Novosti
daha ətraflı...

İnsan özü bir irqdir

İnsanlar bioloji olaraq tək bir irqdir. Biologiyada irqlər siyasətdəkindən fərqli tərif edilir.

Biologiya daxilində irqlər bir sıra izolyasiya (təcrid) mexanizmləri ilə tanınır. Bir növ içərisindəki fərqli populyasiyaların irq olaraq tərif edilə bilməsi üçün o populyasiyaların bir-birləriylə heç bir əlaqəsinin olmaması lazımdır. Növümüz arasında bəzi kiçik qəbilələr istisna olmaqla bir-biri arasında gen axışı təmin edə bilməyəcək heç bir toplum yoxdur. Yəni sivil təkamül sayəsində əldə etdiyimiz vasitələr və texnologiya irqləri tamamilə aradan qaldırmışdır. Kiçik qəbilələr bioloji irq olaraq hesab edilsələr də, bunların sayının yox deyiləcək qədər az olması ümumiləşdirməni haqsız çıxarmır.

Bu səbəbdən Qafqazlı, Türk, Erməni, Fars, Rus, Ərəb, Kürd, İngilis, Alman, Fransız, İtalyan, Çinli və s. milliyətlərinin və irqlərin bioloji olaraq heç bir mənası, etibarlılığı, dəyəri və əhəmiyyəti yoxdur. Bunlar siyasi məqsədli təriflərdir və təbiət elmləri baxımından vaciblik daşımırlar. Ümumi olaraq müəyyən coğrafiyalara aid, müəyyən fiziki xüsusiyyətləri (dərinin rəngi, göz quruluşu və s. fərqləndirici xüsusiyyətlər) daşıyan fərdlər ayrı irqlərə bölünürlər kimi düşünülsə də, əslində bu insanların bioloji olaraq "irq" hesab edilmələri düzgün deyil. Bu fərqliliklər Homo sapiens'in Afrikadan çıxıb bütün Yer üzünə yayılması əsnasında müvəqqəti olaraq təcrid olunduğu dövrlərdə qazandığı xüsusiyyətlərdir və müasir dövrümüzə qədər coğrafiya çərçivəsində ötürülmüşdür. Bəli, növümüz tarixində müxtəlif vaxtlarda irqlərin meydana gəldiyi, yəni izolyasiyanın meydana gəldiyi dövrlər olmuşdur, amma müasir zamanda bu növ izolyasiyalarına daha rast gəlmirik. Hal-hazırda gördüyümüz müxtəlifliyin səbəbi keçmişdəki izolyasiya və irqləşmə prosesləridir. Lakin 20-ci əsrin əvvəllərindən etibarən bu izolyasiyalar demək olar ki tamamilə yox olmuşdur. Bu gün biologiyada insanlar üçün istifadə edilən "irq" anlayışı yalnız keçmişdə meydana gələn genetik ayrışmanı ifadə etmək məqsədiylə istifadə edilir. Digər tərəfdənsə başqa heyvan populyasiyalarında aydın şəkildə irq anlayışını sezə bilirik.

Ümumiləşdirmək lazımdırsa bunu bildirməyə ehtiyac var: biologiya daxilində irqlər statik olaraq tərif edilə bilməzlər, irq anlayışı dinamik anlayışdır, ətraf mühit və növ şəraitlərinə görə dəyişir. Növümüzün tarixində izolyasiyalar meydana gəlmiş olsa da və müvəqqəti olaraq irqlər meydana gəlsə də, bu irqlərin hal-hazırda davam etdiyini demək düzgün olmazdı. İzolyasiya meydana gəlmədiyi, məhdud bir coğrafiyada çölə tək bir köç də verib və ya almadan cütləşməsinə qərar verilmədiyi müddətdə bioloji olaraq Yerdə insan irqləri deyə bir şey olmayacaq (bu gün yaşayan yerli, kiçik və təcrid olunmuş qəbilələr istisna olmaqla). Belə bir tərif verə bilməyimizin əsas səbəbi ayrıseçkilik etməyən, əksinə populyasiyaları birləşdirən təbiət qanunu - təkamüldür. Müasir dövrdə insan növü daxilində mövcud olan populyasiyaları bölən elm adamlarına rastlamaq çətin məsələdir.


Qaynaq: 

Chicago Journals
EurekAlert
Why Evolution Is True
Race and Genomics

Washington University
Discover Magazine
PBS Nova
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top