January 5, 2014

Titan araşdırmaları üçün yeni robot hazırlandı

NASA-nın hazırladığı yeni nəsil Super Ball Bot robotu yüngüllüyü və çevikliyi ilə bataqlıq ərazilərdə hərəkət edə bilər. Robotun Saturnun ən böyük peyki Titan üzərində araşdırmalar aparacağı qeyd edilir. 

Titanın səthi yüngül buz və çöküntü ilə örtülüdür və Günəş sistemində kolonizisiya üçün ən əlverişli namizədlərdən biridir.

Yeni robotun yüngül qollardan və əsaslardan ibarət konstruksiyası təhlükəli ərazilərdə rahat şəkildə tədqiqatlar aparmağa imkan təmin edir. Bununla belə hündürlüklərdən düşdükdə sıradan çıxma təhlükəsi yoxdur. Sərt və bataqlıq yerlərdə hərəkət edə bilir.

Robotun dözümlülüyü onu 100 km hündürlükdən, üstəlik heç bir xüsusi paraşüt və əyləc mühərriyinə ehtiyac duymadan peykin səthinə buraxa bilmək imkanı yaradır.

Saturnun peyki Titanın səthini maksimal effektiv öyrənmək üçün NASA gələcəkdə bu tip robotlardan bir neçəsini kosmik gəmi içərisində peykə göndərməyi planlaşdırır. Buna baxmayaraq yaxın gələcəkdə belə bir addımın atılmayacağı bildirilir.

Videonu izləmək üçün klikləyin.


Qaynaq: naked-science.ru
daha ətraflı...

January 4, 2014

"Sinxron" planetlərin qaranlıq üzündə həyat ola bilər

Ulduzuna yalnız bir üzünü çevirmiş (sinxron) Yerə oxşar ekzoplanetlərdə həyat üçün əlverişli şərtlər mövcud ola bilər. 31 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında dərc edilən xəbərə görə sinxron ekzoplanetlərin qaranlıq tərəfi okeanlardaki axınlar səbəbindən qızışa bilər, bu davamlı proses də həyatı dəstəkləyə bilər.

Son on il ərzində planetoloqlar bir neçə min ekzoplanet aşkar ediblər. Bunlar arasında onlarla "superyerlər" və Yer əkizlərinə də rast gəlinir. Əksəriyyəti zəif və soyuq cırtdan-ulduzlar ətrafında dövr edir. Axın qüvvəsi səbəbindən bu planetlərin bir çoxu ulduzuna yalnız bir üzünü çevirmiş vəziyyətdədir, yəni öz oxu ətrafında dövr edə bilmir. Bu tip ekzoplanetlərin qaranlıq və işıqlı üzləri arasındaki kəskin temperatur fərqləri həyat əlamətləri daşıya biləcəkləri mövzusunda şübhələrə səbəb olurdu.

Pekin Universitetindən (Çin) olan Yongyun Hu və Jun Yang bu düşüncənin yalnış olduğunu və sinxron ekzoplanetlərin yarımkürələri arasında istilik mübadiləsi ola biləcəyini hesab edirlər. Alimlər bu prosesin baş verə biləcəyini göstərmək üçün ekzoplanetlərin okean və temperatur fəaliyyətini izah edən iqlim modelini istifadə etdilər. Bu üsul Gliese 581g planetinin müşahidələri və oradan alınmış məlumatlar köməyi ilə inkişaf etdirilmişdir.

Alimlər bu tip planetlərdə Yer okeanını xatırladan qlobal okeanın mövcud ola biləcəyi qənaətindədirlər. Bu ideyaya əsaslanıb Gliese 581g'nin "virtual əkizinin" atmosferində karbon-dioksid nisbətini dəyişdirərək bir neçə iqlim simulyasiyası keçirdilər.

Tədqiqatın nəticələri hətta havasında aşağı CO2 konsentrasiyaları olduqda və cırtdan-ulduzundan uzaq məsafədə yerləşdikdə belə Gliese 581g'nin qaranlıq üzündə maye okeanın mövcud ola biləcəyini göstərdi. Planetoloqlar bunun səbəbi kimi okean axınlarının istiliyi ekvatordan qaranlıq üzə doğru daşıya biləcəyi olduğunu qeyd edirlər.

Belə bir mexanizm qapalı ekzoplanetlərdə kifayət qədər rahat həyat şərtləri yarada bilər. Alimlər bu tip planetlərdə okeanların mövcudluğunu təsdiqləmək üçün artıq yeni texnikaların inkişaf etdirilməsi lazım olduğunu vurğulayırlar.

Qaynaq: Phys.org , ArsTechnica
daha ətraflı...

Gözdə əks olunan sifətləri tanıya bilərik

İnsan fotoşəkildəki bir başqa insanın gözündə əks olunan sifəti izləyərək üçüncü insanı tanıya bilər. 26 dekabr 2013 tarixində PLoS One jurnalında yayımlanan məlumata görə yeni üsul cinayətlərin açılmasına yardım təmin edə bilər.

York və Glasgow universitetlərindən (Britaniya) olan tədqiqatçılar insanların yüksək keyfiyyətli şəxsiyyət vəsiqəsi fotoşəkillərini bir neçə dəfə böyüdərək onların gözündə əks olunan fotoqrafın görünüşünü əldə etməyə çalışdılar.

Tədqiqatda iştirak edən könüllülərdən böyüdülmüş fotoşəkillərdə kimlərin əksinin olduğunu aydınlaşdırmaq istəndi. Böyüdülmüş yüksək keyfiyyətli fotoşəkillərdəki insanların gözündə əks olunan fotoqraflar arasında yad olanları 71%, tanış olanları isə 84% dəqiqliklə tanındı. 

York Universitetindən olan Rob Jenkins deyir:

"Göz bəbəyi tünd güzgüyə oxşayır. Orada əks olunan görünüşü əldə etmək üçün onu yaxınlaşdırıb kontrastını tənzimləməlisiniz. Belə halda şəkil çəkdirən obyektin sifəti onun gözündə əks olunan sifətdən 30 min dəfə böyükdür. Tapıntılarımız insanın möhtəşəm sifət tanıma bacarığının altından xətt çəkir."

Tədqiqatçıların dediyinə görə əldə olunan nəticələr məhkəmə işlərində cinayətin qurbanı olmuş insanların cinayətkar tərəfindən çəkilmiş fotoşəkillərini araşdıraraq onu tapmaq üçün istifadə edilə bilər. Hesab edilir ki bu üsul xüsusilə cinsi zorakılığa məruz qalmış və ya qaçırılmış insanlara yardım edəcək.

Qaynaq: PLoS One , NBC News
daha ətraflı...

January 3, 2014

İlk ekzopeyk tapılmış ola bilər

Günəş sistemindən kənar minlərlə planetlərin tapılmış olduğuna baxmayaraq onların peyklərini qeydə almaq indiyə qədər mümkün olmamışdır. Astrofiziklər ilk dəfə yad sistem peykinə bu qədər yaxınlaşmış ola biləcəklərini qeyd edirlər.

23 dekabr 2013 tarixində Nature jurnalında yayımlanan xəbərə görə ilk ekzopeyk hesab edilə biləcək obyekt qravitasion mikrolinza texnikası ilə tapıldı. Notre Dame du Lac Universitetindən (ABŞ) olan tədqiqatçılar - David Bennett və həmkarları ilk mokrolinza effektinin 2011-ci ildə qeydə alındığını deyirlər. O vaxt Yerdən 2.000 işıq ili uzaqlıqda yerləşən bir ulduz sistemini müşahidə edərkən parlaqlığın kifayət qədər artdığı fərq edilmişdi, bir saat sonra isə daha bir parlaqlıq qeydə alınmışdı. Astronomlar izlənilən ulduzun diskindən iki ağır kütləli obyektin keçdiyi qənaətinə gəlmişdilər. Böyük ehtimalla bunlar ekzoplanet və onun ekzopeyki idi.

Bennett və həmkarları belə cütlüklərin aşkar edilməsi üçün iki fərqli ssenari hazırladılar. Birinci variantda Günəş sisteminə nisbətən yaxın hərəkət edən ekzoplanet və onun peyki öyrənildi. Belə olduqda ekzoplanet Yerdən 1.800 işıq ili uzaqlıqda yerləşməlidir, kütləsi isə Yupiterinkindən 4 dəfə artıq olmalıdır. Ekzoplanetin peykinin ağırlığı isə Yerin yarısına bərabər olmalıdır.

İkincisi variant Neptunun kütləsinə (17 Yer ağırlığında) bərabər olan palıdı rəngdəki cırtdan planetin ətrafında peyk aşkar etmə versiyasını təklif edir. Belə halda isə təbii peyki ilə birlikdə ekzoplanet Yerdən daha uzaq məsafədə yerləşməlidir.

Alimlər tapılmış ekzoplanetlərlə ekzopeykləri elm ictimaiyyətinə açıqlamağa hələlik tələsmirlər. Planet və peyklərin bir-birlərindən çox uzaq məsafələrdə yer aldıqları faktı (20 milyon km), üstəlik onların öz ulduzları ilə arasındaki məsafənin də çox olması başqa bir ehtimalı önə çıxarır: ekzopeykləri olan ekzoplanetlər bəlkə də planet sistemlərindən atılmış və kosmosda azmış obyektlərdir.

Hər halda müasir üsullarla ilk ekzopeykin varlığını təsdiq etmək qeyri-mümkün görünür. Bu sahədə alimlər daha çox Yerə oxşar planetləri tapmağa səy göstərdiklərini gizlətmirlər.

Qaynaq: Nature , ISC
daha ətraflı...

Neandertallar danışa bilirdi?

Beynəlxalq bir tədqiqat qrupunun Neandertal fosilləri üzərində apardığı araşdırmalar müasir insana ən yaxın növün danışma və mürəkkəb dil xüsusiyyətləri inkişaf etdirdiyi fərziyyəsini müdafiə edir.

PLoS One jurnalında 18 dekabr 2013 tarixində yayımlanan tədqiqat hyoid sümüyündəki təkmilləşmənin Neandertallara ünsiyyət qabiliyyəti qazandırdığını göstərir. 1989-cu ildə bu sahədə əldə əldə edilən ilk tapıntılar da inkişaf etdirilir.

Alimlərin 24 il əvvəl İsrailin Kebara mağarasında tapdıqları fosillər danışmaq qabiliyyətinin qazanılmasında böyük rol oynayan hyoid sümüyünün neandertal insanında olduğunu göstərmişdi. Ancaq bir çox homo bölgüsündən olmayan primatlarda da bu sümük danışma təmin edə bilməyəcək şəkildə təkamülləşmişdir.


Elm adamları Neandertalların qırtlaq quruluşunu araşdırmaq üçün 3D X- ray görüntü və mexaniki modelləşdirmə üsullarına əl atdılar. Analizlər Neandertalların hyoid sümüyünün digər sümüklər tərəfindən dəstəkləndiyini, müasir insanlardakı kimi oxşar funksiya yerinə yetirdiyini göstərmiş oldu.

Məqalənin müəllifləri deyirlər:
"Tapıntılar Neandertalların danışma qabiliyyətinə sahib olduğu fikri ilə uyğunluq göstərir."
Alimlər mürəkkəb dillərin təxminən 100 min il əvvəl meydana gəlməyə başladığını düşünürdülər. Əvvəllər müasir insanlar bu qabiliyyəti inkişaf etdirən ilk növ kimi qəbul edilirdi. 1989-cu ildə İsraildə və daha sonra İspaniyada tapılan hyoid fosilləri isə sümüyün tarixinin 500 min il əvvəl yaşamış Homo heidelbergensis'ə qədər uzandığını sübut etdi. Bu növ həm Homo sapiens, həm də Neandertalların əcdadlarından biri idi. Bu da niyə hər iki növün ünsiyyət bacarığına sahib olduğunu uğurlu şəkildə izah edir.

New England Universitetindən olan Stephen Wroe BBC-yə verdiyi açıqlamada dedi:
"Əldə edilən tapıntılar Neandertalların danışa bildiyinə dair qəti dəlil deyil, amma bu iddianı təsdiqləmək üçün əhəmiyyətli bir addımı meydana gətirir."
Almaniyanın Max Plank İnstitutundan olan prof. Dan Dediu isə belə hesab edir:
"Qəti bir nəticəyə gəlmək üçün tezdir, ancaq danışma və dil qabiliyyətinin müasir insandan əvvəlki nəsillərə qədər uzandığını anlayırıq."
Qaynaq: PloS One
daha ətraflı...

January 2, 2014

Yerə oxşar planetdə buludların olduğu təsdiq edildi

"Hubble" teleskopu və digər rəsədxanalar amerikalı planetoloqlara GJ 1214b adlı "superyer" ekzoplanetində buludların olduğunun təsdiq edilməsinə yardım etdi. Ekzoplanet 2009-cu ilin dekabr ayında tapılmışdı. Tədqiqatın nəticələri 31 dekabr 2013 tarixində Nature jurnalında yayımlanan məqalədə dərc edildi.

Bu gün qalaktikamızda təxminən min qədər ekzoplanetin mövcud olduğunu bilirik. Bu planetlərin böyük əksəriyyəti yüksək temperaturlu qaz nəhənglərindən ibarət olan "istiyupiterlər" qrupuna aiddir. Son bir neçə il ərzində alimlər "Hubble", VLT və "Subaru" teleskopları köməyi ilə həmin planetlərdən bir çoxunun görünüşlərini fotoşəkil olaraq əldə etməyə nail olmuşdular. Bununla belə Günəş sistemindən kənar qaz nəhəngləri olan bir neçə planetdə buludlara rast gəlinmişdi.

Chicago Universitetindən (ABŞ) olan Laura Kreidberg və həmkarları ilk dəfə Yerə oxşar planet olan, "superyerlər" qrupunda yer alan GJ 1214b ekzoplanetinin atmosferini müşahidə edərək orada buludların olduğunu təsdiq etdilər. Bu ekzoplanet alimlərin Günəş sistemindən kənar tapdıqları ilk Yerə oxşar planetlərdən biridir.

Ekzoplanetin "düz" spektri alimlərə hələ əvvəldən orada buludların mövcud olduğunu iddia etmək üçün əsas verirdi. Bu fenomenin alternativ izahı da var - planetoloqların bir hissəsi hesab edir ki, GJ 1214b'nin atmosferində hidrogen yoxdur və əsasən CO2 və su molekullarından təşkil olunub.


Kreidberg'in tədqiqatçı qrupu "Hubble"ın alətləri və rəsədxanaların köməyi ilə GJ 1214b'ni infraqırmızı və optik diapazonlarda izləyərək bu hipotezləri yoxlamaq qərarına gəldi. Spektrin yeni məlumatları və planetin ulduzunun parametrləri GJ 1214b'nin atmosferində karbondioksid və su buxarı kimi ağır qaz molekullarının, demək olar ki, mövcud olmadığını göstərdi.

Alimlərin dediyinə görə əldə olunan fakt ekzoplanetin düz spektrinin meydana gəlməsinin səbəbi kimi yüksək hündürlükdə planeti bürüyən sıx qatlı buludlar olduğu iddiasının irəli sürülməsinə icazə verir. Beləcə Kreidberg və tədqiqatda iştirak edən digər həmkarları Günəş sisteminin xaricində yerləşən Yerə oxşar bir planetdə buludların mövcud olduğunu sübut edən ilk planetoloqlar adını qazanmış oldular.

Qaynaq: Nature , Guardian LV
daha ətraflı...

Ruhları biz yox, beynimiz görür

Sifətləri tanıma - ictimai həyatdaki ən vacib bacarıqlarımızdan biridir. İnsandan asılı olaraq bu sistem ehtiyac duyulduğundan daha artıq dərəcədə işləyə bilər, bu da insanın hər yanda "gözlər" və "ağızlar" görməsinə səbəb ola bilər. Beləcə hətta ruhlar olan fotoşəkillərə əsaslı izahlar vermək mümkünləşə bilər.

Bir çox insanlar fövqəltəbii hadisələrin baş verdiyinə inanır və elmin izah verə bilməyəcəyi ruhları gördüyünü düşünür. Görünür bu hadisələr insanın düşüncələrindən daha çox onun beyninin əvvəldən fövqəltəbiilikləri görmə bacarığından qaynaqlanır.

Canlıların funksionallığı üçün lazımlı olan beynin sürətli fəaliyyəti insanda məhdud informasiya çərçivəsində izahlar verməyə çalışır. Bu da səhvən mövcud olmayan obyektlərin həqiqi olduğu illüziyasına gətirib çıxarır.

Misal olaraq insanların qeyri-adi şəkildə sifətlər və obrazlar gördükləri qeyd edilə bilər. Yaşayan insanlar arasında hətta kartof çipsləri üzərində İsa Məsihin sifətini gördüyünü iddia edənlərə rast gəlinir. Bunun səbəbi nədir?

Sifətləri tanıma insan üçün olduqca əhəmiyyətli bir bacarıqdır. Beyin aktivlik qeydləri tədqiqatları göstərir ki, beynin çox böyük bir hissəsi sifətləri tanıma və üzərində işləmə funksiyasını yerinə yetirir. İnsandan asılı olan bu xüsusiyyət normadan artıq işləyə və insanın beynində əslində mövcud olmayan sifətlərin təsvirini verə bilər. Ruhların göründüyü iddia edilən fotoşəkillərin bu sayədə elmi olaraq izah olunması mümkündür.

İnsanlar gündəlik həyatda bir-birləri ilə qarşılıqlı ünsiyyətdə olurlar, bunun üçün də onlar qarşılarındaki həmsöhbətlərinin niyyətlərini anlamalıdırlar. Digər insanların davranışlarına səbəb müəyyən etmə beynin işinin bir sahəsidir, bu səbəbdən bir çox insanlar digərlərinin addımlarında əslində mövcud olmayan xüsusi səbəblər görməyə çalışırlar. Ehtimalla bu tanıma sistemi məhz ruhların mövcud olduqları inancı ilə əlaqəlidir.


Zürich Universiteti hospitalının neyrofizioloqu Bruqqer ruhlarla əlaqədə olduqlarını iddia edən xəstələrində beynin sağ yarımkürəsinin üstünlük təşkil etdiyini gördü.

İnsanın beyni sağ və sol yarımkürələrə bölünür. Sağ yarımkürə sifətləri tanıma, yaradıcı düşünmə, əyani təsvir, musiqi və s. funksiyalarını yerinə yetirir.

Üstünlük təşkil edən yarımkürənin müəyyən edilməsi testlərində bir punkt var. Bu punktda təklif olunan şəkildəki iki sifətdən hansının daha şən olduğu soruşulur.

A şəklindəki sifət sağ yarımkürəyə şən görünür, B şəklindəki isə sol yarımkürəyə gülür. İnsan əyani informasiyanı gözü ilə oxuyur və hər göz onu "üzərində işləmək" üçün beynin əks yarımkürələrinə ötürür, bu səbəbdən şəklin sol yarısı sağ yarımkürəyə göndərilir, sağ yarısı isə sol yarımkürəyə. Hesab edilir ki, sağ yarımkürənin üstünlük təşkil etdiyi insanlar sifətin sol hissəsini daha güclü qəbul edirlər, bu səbəbdən onlara B sifəti A sifətindən daha şən görünür.

Bruqqer bu təcrübəni bir neçə yüz xəstəsi üzərində apardıqdan sonra insanlardan hər birisi paranormal hadisələrə nə dərəcədə inandıqlarını təsvir etdilər. Təcrübənin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz sağ yarımkürənin daha üstün olduğu insanlarda fövqəltəbii hadisələrin yaşanmış olduğu qeyd edilir.

Qaynaq: RİA Novosti
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top