January 25, 2014

Hokinq: "Qara dəliklər mövcud deyil"

Müasir qara dəliklər nəzəriyyəsinin banilərindən olan britaniyalı nəzəri fizik Stephen Hawking bu nəzəriyyənin əsas vəziyyətlərindən biri - qara dəliyin "hadisələr üfüqünün" mövcudluğunun yenidən gözdən keçirilməsini təklif edir. "Hadisələr üfüqü" qara dəliyin daxili və xarici tərəfləri arasındaki sərhədə verilən addır. Oraya düşən nə materiya, nə də enerji xarici aləmə bir daha geri dönə bilməz. Cornell Universitetinin elektron kitabxanasında yayımlanan məqaləyə əsasən Hawking hadisələr üfüqünün müvəqqəti olduğunu, dolayısı ilə qara dəliklərin düşünülən kimi mövcud olmadığını qeyd edir.

Nature jurnalında 24 yanvar 2014 tarixində dərc edilən məqalədə Stephen Hawking deyir:

"Klassik nəzəriyyəyə əsasən qara dəliyi tərk etmək mümkün deyil. Kvant nəzəriyyəsi isə enerji və informasiyaya qara dəlikdən qaçmaq üçün imkan yaradır."

Qara dəliklərin əsas xüsusiyyətlərindən biri "hadisələr üfüqü" və ya "Schwarzschild sahəsi" adlanan, qara dəliyin daxili və xarici üzləri arasındaki sərhəddir. Bu sərhədin digər tərəfində qara dəliyin cazibə qüvvəsi olduqca güclüdür və oradan qaçmağın tək yolu işıq sürətini aşmaqdır. Nəzərə alsaq ki işıq sürəti limitlidir, o halda ümumi təsəvvürlərə əsasən qara dəliyi tərk edə biləcək obyekt mövcud olmamalıdır.

Einstein'in nəzəriyyəsinə görə hadisələr üfüqündən keçmiş astronavt heç nə hiss etməyəcək, yalnız bir müddət sonra qara dəliyin mərkəzinə yaxınlaşdıqca və cazibə qüvvəsinin maksimal meyli artdıqca onun bədəni dartılacaq və nəticədə o "spaqettiyə" çevrilib mərkəzdəki sinqulyarlığa düşəcək.


2012-ci ildə amerikalı fizik Joseph Polchinski kvant nəzəriyyəsinə əsaslanaraq belə nəticəyə gəldi ki, hadisələr üfüqündə yüksək enerji və radiasiya axını "atəş divarını" meydana gətirməlidir. Lakin bu Einstein'in iddia etdiklərinə zidd idi. Hawking bu paradoksu "hadisələr üfüqünü" ləğv edərək həll etməyi təklif etdi.

Fizikin dediklərinə görə qara dəliyin yanlarındaki kvant effektlər məkan və zamanı o qədər bükür ki, hadisələr üfüqünün dəqiq sərhədi aydınlaşdırıla və ümumiyyətlə mövcud ola bilməz. Hawking hesab edir ki, əslində mövcud olan "əyani üfüqdür" (apparent horizon) - qara dəliyin mərkəzindən uzaqlaşan radiasiyanın sadəcə yubanıb qaldığı bir növ səth. Klassik hadisələr üfüqündən fərqli olaraq iddia edilən "əyani üfüq" bəzən yox ola bilər və qara dəliyin içində həbs edilən informasiya yenidən kosmosa çıxa bilər.

"Hadisələr üfüqünün yoxluğu, qara dəliyin də radiasiyanın heç vaxt qaça bilmədiyi bir obyekt kimi mövcud olmadığını göstərir", - Hawking yazır.

Alim özü bunun səbəbini izah etməsə də, Alberta Universitetindən (Kanada) olan Don Page əyani üfüqün, qara dəliyin Hawking'in radiasiyası səbəbindən kifayət qədər kiçildiyində və qravitasion və kvant effektlərin ayırdedilməz hal aldığında yox ola biləcəyini hesab edir.

Qaynaq: Nature , Cornell University Library
daha ətraflı...

January 21, 2014

Kometlər "amin turşusu fabrikləri" ola bilər

Kometlərin qədim Yer səthi ilə toqquşması nəticəsində kifayət qədər enerji istehsal oluna və böyük miqdarda amin turşularının formalaşması üçün primitiv karbohidrogen, ammiak, kükürd və həyatın digər "təməl elementləri" Yerə düşmüş ola bilərdi. Londonda yerləşən İmperial Kollecdən olan alimlər laboratoriyada süni Yerlə "mini-kometləri" toqquşdurduqdan sonra belə qənaətə gəldilər. Tədqiqatla əlaqədar məqalə 15 sentyabr 2013 tarixində Nature Geoscience jurnalında dərc edildi.

"Apardığımız iş göstərir ki, həyatın təməl elementləri Günəş sistemi daxilində olduğu kimi, onun sərhədlərindən kənarda da yığıla bilər. Problem bundan ibarətdir ki, həmin təməl elementlər yalnız müəyyən şərtlərdə birləşir. Xoşbəxtlikdən, belə proseslərin baş verə biləcəyi yerlərin siyahısını genişlətməyə nail olduq və Yerdə həyatın yaranması ilə əlaqədar daha bir çatışmayan hissəni tapdıq", - İmperial Kollecdən (Böyük Britaniya) olan Zita Martins qeyd edir.

Martins və həmkarları laboratuar şəraitdə "mini-kometlərin" süni Yer səthi ilə toqquşmasının nəticələrini təhlil etdilər. Kometlərin rolunda buz qarışığı, CO2, sadə karbohidrogenlər, ammiak və digər birləşmələrdən ibarət kiçik şar çıxış edirdi. Bu şar qaz topununun çəlləyinə bağlanmışdı. Topdan süni Yerə atılan polad güllənin sürəti kometin Yerə yaxınlaşdıqda yığdığı sürəti xatırladırdı.

Topdan atəş açdıqdan və güllənin süni Yerlə toqquşmasından sonra planetoloqlar şarın qırıntılarının və səthin tərkibini araşdırmağa başladılar. Nəticədə məlum oldu ki, hətta aşağı sürətlə hərəkət edən obyektin toqquşmasından sonra buz əriyə və kometdəki orqanikanın böyük miqdarı alanin, qlisin, norvalin, izovalin və alfa amin yağ turşusu kimi sadə amin turşularına çevrilə bilər.

"Bu təcrübə bizə su və karbondioksid kimi sadə molekul qarışıqlarından daha mürəkkəb qarışıqlara - amin turşularına keçidin necə baş verə biləcəyinin sadə mexanizmini göstərdi. Bu, həyatın yaranmasının ilk addımıdır. Bundan başqa biz hələ növbəti mərhələnin necə baş verdiyini - amin turşularından zülal və digər mürəkkəb molekullara keçidi anlamalıyıq", - Kent Universitetindən olan Mark Price deyir.

Qaynaq: Nature Geoscience , Nature World News
daha ətraflı...

Dinin insan təkamülündəki bazisi tapıldı

Auburn Universitetindən olan bir tədqiqatçı ilə Milli Sağlamlıq İnstitutu (NIH) üzvləri birləşərək bir fərdin dini inanclarının onun beyin əlaqələrinə necə təsir etdiyinə dair təcrübə keçirdilər. Təcrübə nəticəsində dindar və dindar olmayan fərdlərin beyinlərinin qarşılıqlı təsirləri arasında fərqlər olduğu təsdiq edildi. Əlaqədar məqalə 17 yanvar 2014 tarixində Science Daily jurnalında dərc edildi.

Auburn Universitetinin Ginn Mühəndislik Kollecinin Elektrik və Kompyuter Mühəndisliyi bölməsində köməkçi dosent olan Gopikrishna Deshpande ilə NIH tədqiqatçıları Brain Connectivity jurnalında yeni bir məqalə yayımladılar.

Tədqiqat qrupu bir fərdin inancları, məqsədləri və istəklərini digərlərininki ilə əlaqələndirmə mövzusunda bir alt zəmin hazırlayan "Zehin Nəzəriyyəsi" adı verilən bir beyin sinir elementindəki beynin qarşılıqlı təsirləri arasında fərqlər tapdı. Bu beyin sinirində daha güclü bağlar olan fərdlərin daha dindar olduğu qeyd edildi. Deshpande insan təkamülü əsnasında bu beyin sinirindəki dəyişikliyin dinlərin insan populyasiyalarında meydana gəlməsinə səbəb olduğu istiqamətindəki hipotezini dəstəklədiyini bildirir. Auburn Maqnetik Rezonans Tomoqrafiyası Araşdırmaları Mərkəzində də tədqiqatçı olan Deshpande sözlərinə bunları əlavə edir:

"Din inancı dünyanın fərqli bölgələrində, hətta Mərkəzi Amerikadakı mayalılar ilə Avstraliya yerliləri kimi bir-birlərindən ayrı olaraq təkamülləşmiş cəmiyyətlərdə də ortaq olaraq müşahidə edilən, oxşarı olmayan bir insan xüsusiyyətidir. Bu da, tədqiqatçıların insan cəmiyyətlərində dinin meydana gələ bilməsi üçün mütləq bioloji bir bazis olması lazım olduğuna dair bir təsəvvür yaratmalarına səbəb olurdu."

Deshpande və NIH tədqiqatçılarının bu təcrübəsi bundan əvvəl Proceedings of the National Academy of Sciences jurnalında dərc edilmiş tədqiqatın davamıdır. O araşdırmada da funksional maqnetik rezonans tomoqrafiyası (fMRI) istifadə edilərək özlərini dindar və ya qeyri-dindar kimi tərif edən insan beyinləri 3 fərqli psixoloji dini inanc ölçüsü üzərində baş sındırarkən çəkilmişdi.

Tədqiqatçıların müəyyən beyin bölgələrinin və sinir elementlərinin, müəyyən bir əqli və ya fiziki vəzifə əsnasında bir-birinə necə təsir etdiyi görməsini təmin edən fMRI, bu 3 fərqli psixoloji ölçü tərəfindən aktivləşdirildiyini göstərmişdi. Lakin dindar olan insanlarla dindar olmayan insanlar arasında bu dini düşüncələr əsnasında aktivasiya gücü arasında bir fərq müəyyən edilməmişdi.

Qaynaq: ScienceDaily , Brain Connectivity
daha ətraflı...

January 20, 2014

Seks beyin fəaliyyətini gücləndirir

ABŞ və Cənubi Koreyadan olan tədqiqatçılar orta yaşlı siçovul və siçanlar üzərində bir neçə tədqiqat apardıqdan sonra maraqlı nəticələr əldə etdilər.

Maryland Universitetindən olan psixoloqlar seksual təcrübənin, qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa keçidinə cavabdeh olan hipokampdaki yeni neyronların inkişafını stimullaşdırdığını aşkar etdilər.

Təcrübənin nəticələri seksual əlaqədən sonra yetkin siçovullarda neyrogenez prosesinin sürətləndiyini göstərdi: beyinləri faktiki olaraq cavanlaşırdı. Seksual fəaliyyətin qarşısı alındıqda isə neyronların artımı prosesi yenidən zəifləyir, beyin funksiyası aktivliyinin sürəti azalırdı.

Cənubi Koreyanın Kontuk Universitetindən olan bir qrup tədqiqatçı belə qənaətə gəldi ki, davamlı seks müvəffəqiyyətli şəkildə stressin beynə verdiyi mənfi təsirin qarşısını alır. Beyindəki neyronların artımını tormozlayan məhz stressdir. Seksual əlaqədən sonra isə bu funksiya bərpa olunur.

Qaynaq: Telegraph
daha ətraflı...

January 15, 2014

Arxa üzvlərin təkamülü aydınlaşdırıldı

Balıqlar və dördayaqlı heyvanlar arasındaki keçidi meydana gətirən möhtəşəm qorunmuş Tiktaalik fosillərini araşdıran paleontoloqlar "quruda yeriməyə yarayan" arxa üzvlərin hesab edildiyi kimi qədim amfibilərdə deyil, hələ balıqlarda təkamülləşdiyini aydınlaşdırdılar. Tədqiqatla əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

2004-cü ildə tiktaaliki tapmış Chicago Universitetindən (ABŞ) olan paleontoloq prof. Neil Shubin deyir:

"Əvvəlki nəzəriyyələrə əsasən balıqlara xas olan "ön idarəli" hərəkətdən "tam idarəli" hərəkətə artıq dördayaqlı heyvanların meydana gəlməsindən sonra keçid almışıq. Görünür, bu keçid hələ balıqlar arasında, sonraki nəsillərin quruya çıxmasından əvvəl başlanıb."

Shubin və həmkarlarının əldə etdiyi ilk tapıntılar bütöv deyildi - onlar yalnız tiktaalikin kəllə sümüyü, qabırğa və ön üzvlərinə rast gəlmişdilər. Tiktaalikin kəşfi həqiqətən də inqilabi hadisə oldu - onun "elastik" boynu, primitiv ağ ciyəri və geniş döş qəfəsi balıqlar və qədim dördayaqlı heyvanlar arasındaki "ara keçid" olduğundan xəbər verirdi.

Shubinin tədqiqatçı qrupu tiktaalikin ilk dəfə tapıldığı Ellesmere adasında fosilin tam versiyasını əldə etmək üçün qazıntı işlərinə davam etdi. Son 10 il ərzində alimlər daha dörd fosili tapmağa nail olmuşdular, bunlardan bəziləri də aşağı üzgəc sümükləri və skeletin digər hissələrinin fraqmentlərini daşıyırdı.

Bütün qalıqları birləşdirərək paleontoloqlar maraqlı nəticəyə gəldilər: tiktaaliklər çanaq bənzəri sümüyə və heyvanlarda yeriməyi təmin edən arxa üzvlərin dəstəklədiyi bir neçə sümüyə sahib idi. Bu fakt "tam idarəli" davranışın hələ balıqlar arasında təkamülləşdiyi fikrini əminliklə irəli sürməyə icazə verir.

"İri arxa üzgəclərin tiktaalikə qayıq kimi üzmə təmin etdiyini iddia etmək üçün bütün əsaslar var. Digər yandan, o, bunları həm də quruya çıxdıqda addımlar atmaq üçün istifadə edə bilirdi. Afrikalı ikitənəffüslü balıqlar oxşar üzvlərə sahibdirlər və suyun dibində qaça bilirlər", - Shubin sözlərinə əlavə edir.

Qaynaq: Pnas.org , Sci-News 
daha ətraflı...

January 7, 2014

"Mars One" layihəsi üçün 1058 nəfər seçildi

Yerə dönüşü planlaşdırılmayan Mars ekspedisiyası təklif edən Mars One layihəsinin təşkilatçıları ilk turun nəticələrinə görə artıq missiyada iştirak etmək üçün müraciət etmiş insanlar arasından ən uyğun 1058-i seçiblər.

İlk iştirakçı qrup 200.000-dən çox ərizənin araşdırılmasından sonra müəyyənləşib. Layihənin təsisçisi Bas Lansdorpun dediyinə görə ilk turun seçkilərini keçmiş namizədlər Qırmızı planetdə qurulacaq ilk insan koloniyası haqda yalnış təsəvvürlər formalaşdırırlar.


"Bizim məqsədimiz kimin fiziki və psixoloji baxımdan Marsda insanlığın ilk təmsilçisi ola biləcəyini aydınlaşdırmaqdan ibarətdir. Bu kəsləri missiyaya bir o qədər də ciddi yanaşmayanlardan ayırmağa çalışırıq." - Bas Lansdorp qeyd edir.

CBS telekanalının verdiyi məlumata görə ilk seçki turunu keçə bilmiş namizədlərin əksəriyyəti ABŞ vətəndaşlarıdır (297 nəfər). İkinci pillədə 75 nəfər namizədlə Kanada yer alır. Üçüncü yerin sahibi 63 namizədlə Hindistan, dördüncü isə 52 nəfərlə Rusiyadır. İkinci tura 107 ölkədən olan namizədlər keçid alıb.

Növbəti seçki prosesləri bir neçə mərhələdən ibarət olacaq. Təşkilatçılar namizədlər arasında Marsda fiziki və psixoloji baxımdan yaşaya biləcək ən uyğunlarını müəyyənləşdirməyə çalışacaqlar. Bununla belə əlavə ərizələrin də qəbul olunması gözlənilir.

Layihənin qanunlarına görə namizədlərin yaşı 18-dən yuxarı olmalıdır, həmçinin məqsədə çatmada qəti qərarlar verə bilən, tez adaptasiya ola bilən və insanlarla yaxşı əlaqələr qura bilən, yaradıcı kəslər olmalıdır. İngilis dili layihənin əsas dili hesab edilir.

Mars One layihəsi 2023-cü ildə Marsa ilk pilotlu ekspedisiyanın yerinə yetirilməsini planlaşdırır. Qonşu planetə göndəriləcək İlk dörd namizəd oranın ilk sakinləri olacaq və həyatlarının sonuna qədər hazırlanacaq bazada yaşayacaqlar.

Qaynaq: RİA
daha ətraflı...

Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı

2013-cü ilin sonlarında fotoqraf Culi Belancer zəmilərdəki qeyri-adi görünüşlü dairələri çəkdikdən sonra fotoşəkillər bu mövzuda yeni mübahisələrə səbəb olmuşdu.

San-Fransiskonun cənubunda yerləşən Çualar adlı kiçik şəhərdə, göründüyü qədərilə, qazon biçən maşınlarla hazırlanmış dairələrin mənası nə idi? Axmaq zarafat? Yadplanetlilərə ünvanlanmış mesaj? Yoxsa yadplanetlilərin bizə mesajı?

Bir müddət sonra zəmilərdəki dairələr elə yarandığı kimi qeyri-adi şəkildə yoxa çıxdıqda diskussiyalar növbəti fazaya keçid aldı. Bəziləri fotoqrafı falsifikasiyada günahlandırdı, digərləri isə sirli dairələrin yadplanetlilərə aid olub-olmadığı haqda müzakirələrə davam etdi.

Nəhayət mübahisələrin ən qızğın yerində xəbər agentliklərindən birinin redaksiyasına anonim zəng gəldi. Zəng edən şəxs qeyri-adi dairələrin müəllifinin dünyaca məşhur çip istehsalçılarından olan NVIDIA şirkəti olduğunu, dairələrdən ibarət rəsminsə yeni məhsullarının reklamı üçün hazırlandığını dedi.

Artıq bu məlumat öz təsdiqini tapdı. Ötən həftənin bazar günü Las Veqasda təşkil olunmuş press-konfransın sərgisində NVIDIA şirkətinin prezidenti Cen-Sun Xuan mobil telefonlar üçün planlaşdırılmış yeni çipin ictimaiyyətə tanıdılması üçün öz marketinq bölməsinə şəxsən belə bir reklam sifarişi verdiyini açıqladı.

Xuan deyir:


"Yeni çipimiz faktiki olaraq uçurum üzərindən körpü döşədi, artıq mobil telefonlar güc baxımından kompyuterlərdən geri qalmayacaq."

Qaynaq: naked-science.ru
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top