February 5, 2014

Həyat su damlalarında yaranmış ola bilər

Kiçik molekullardan böyük molekulların yaranması üçün zamana ehtiyac var. Lakin milyard illər əvvəlki gənc Yerdə kimyəvi təkamül mexanizmlərinin fəaliyyətə başlaması üçün böyük orqanik molekullardan bolca olmalı idi. Onların formalaşmasına stimul verən nə ola bilərdi? Bəlkə aerozolla havada asılı vəziyyətdə olan adi su damlaları?..

Əslində kiçik molekulların böyük molekullara birləşməsi hardasa pazzl kolleksiyasını xatırladır. Hər bir detal dəqiq şəkildə öz yerində olmalıdır və bu proses ya uzunmüddətli "qarışma", ya da canlı hüceyrədə olduğu kimi məqsədyönlü "yapışma" tələb etməlidir. Və hər iki halda sintez reaksiyalarının baş verməsi üçün enerjiyə ehtiyac olacaq. Bəs görəsən bu proses onu asanlaşdıra və sürətləndirə biləcək fermentlərin mövcud olmadığı dövrdə, həyatın başlanğıcında necə baş verirdi?

Fransa və Britaniyadan olan tədqiqatçılar hesab edirlər ki, böyük orqanik molekulların "ata-baba evi" su damlalarının səthi ola bilər. Alimlər su və hava mühitlərinin sərhədindəki sintez reaksiyalarının axın sürətini analiz edib onların burada kifayət qədər tez inkişaf etdiyini aydınlaşdırdılar.

Təcrübənin müəllifləri sürətləri asan ölçülən reaksiyalara - qeyri-fluoressens molekullardan fluoressens molekulların sintezi reaksiyalarına müraciət etdilər. Reaqentləri (reaktivləri) suda qarışdıraraq oraya yağ əlavə etdilər və hidrofob molekulları ilə sarılan damlalar meydana gətirdilər. Ardından fluoressensiyanın inkişafını qeydə alaraq damlalardaki reaksiyaların axın sürətini qiymətləndirdilər. Həqitədən də belə koaservat köpüklərdə sintez su mühitində olduğundan daha tez baş verirdi. Bundan başqa köpük nə qədər kiçik idisə, reaksiya bir o qədər sürətli gedirdi.

Bunun sirri də sadədir: damla nə qədər kiçikdirsə, səthinin həcmə münasibəti bir o qədər böyükdür. Damlanın səthi isə az qala ikiölçülü düz örtükdür və burada reaqentlərin qarşılaşması ehtimalı üçölçülü həcmdəkindən yüksəkdir. Bu səbəbdən əgər səth böyükdürsə, sintez reaksiyası intensiv olaraq baş verəcək.

Bununla əlaqədar alimlər atmosfer aerozolları - duman, buludlar və suyun havadaki digər formaları ilə maraqlanırlar. Əgər Yerdəki həyatın başlanğıcında bu damlalarda həqiqi orqanik maddələrdən kifayət qədər var idisə, onlar üzərlərində təkcə böyük molekulların deyil, həm də nuklein turşuları və zülalların abiogen sintezlərinin baş verdiyi sahə ola bilərdilər.

Qaynaq: Inside Science
daha ətraflı...

Təkamülü qəbul edən qurumlar və akademiyaların siyahısı

Başda ABŞ olmaqla bir çox ölkədə güc qazanan mühafizəkar axınlar elm tədrisi yerinə doqmatik elementlərin təhsil sistemlərinə girməsi istiqamətində səy göstərməyə başlamışdır. Bu istiqamətdə hədəf alınan ilk elmi anlayış da "təkamüldür". Bir qrup elm akademiyası tərəfindən hazırlanıb bütün IAP üzvü akademiyalarına təqdim edilən "Təkamül Tədrisi Məlumatı"na görə:

"Bu gün kainatın, yer üzünün və canlıların ortaya çıxması və inkişafı haqqındakı elmi dəlillər dünyanın bir çox ölkəsində gizlədilməkdə, təhrif edilməkdə və ya elmin yoxlaya bilməyəcəyi nəzəriyyələrlə qarışdırılmaqdadır".

Biz, aşağıda adları olan Elm Akademiyaları olaraq, dünyanın müxtəlif yerlərində bəzi təhsil təşkilatlarındaki verilən fən dərslərində dünyada həyatın mənşələri və təkamülü mövzusunda elmi dəlil, məlumat və test edilə bilər təlimlərin örtbas edildiyini, inkar edildiyini ya da elmi olaraq yoxlanılması mümkün olmayan təlimlərlə qarışdırıldığını öyrənmiş oluruq.

Səlahiyyətliləri və müəllimləri bütün uşaqları elmi üsullar və görüşlər mövzusunda öyrətməyə və təbiət elmlərini daha yaxşı anlamalarına köməkçi olmağa çağırırıq. Yaşadıqları dünyanın təbiətinə haqda məlumatlar insanları bəşəri ehtiyaclarını qarşılama və planeti qoruma mövzularında daha yetkin edəcək.

Kainatın mənşələri və təkamülü ilə əlaqəli bu planetdəki həyat haqqında olan aşağıdakı dəlillərə söykənən faktların, çox sayda müşahidələrlə müxtəlif elmi intizamların bir-birindən müstəqil təcrübələrindən qaynaqlanan tapıntılarla təsdiqləndiyi mövzusunda fikir ortaqlığına sahibik. Təkamül ilə dəyişmənin incə detalları mövzusunda bu gün hələ cavablandırılmamış suallar olsa belə, elmi dəlillər aşağıdakı nəticələrlə tamamilə uyğunlaşma içərisindədir:

1) Bu andakı görünüşünə son 11-15 milyard ildə təkamül keçirərək gəlmiş kainat içərisində bizim planetimiz təxminən 4,5 milyard il əvvəl meydana gəlmişdir.

2) Meydana gəlməsindən etibarən planet öz geologiyası və ətrafıyla birlikdə saysız fiziki və kimyəvi qüvvənin təsiriylə dəyişmişdir və dəyişməyə davam etməkdədir.

3) Yerdə həyat ən az 2,5 milyard il əvvəl ortaya çıxmışdır. Bundan qısa bir müddət sonra fotosintez edən canlıların təkamülləşməsi, ən az 2 milyard il əvvəlindən başlayaraq atmosferin yavaş-yavaş əhəmiyyətli miqdarlarda oksigen ehtiva edən bir formaya çevrilməsinə gətirib çıxarmışdır. Tənəffüs etdiyimiz oksigeni ortaya çıxarmasının yanında fotosintez müddəti planetimizdə insan həyatının asılı olduğu sabit enerji və qidanın son mərhələdəki qaynağını meydana gətirir.

4) Yerdə ilk ortaya çıxdığından bəri həyat bir çox görünüş almışdır. Bunların hamısı paleontologiya, müasir biologiya və biokimya elmlərinin təyin etdiyi və bir-birlərindən müstəqil olaraq və artan bir qətilikdə təsdiqlədiyi kimi, təkmilləşmə müddətlərini davam etdirməkdədir. İnsanlar daxil olmaqla bu gün yaşayan bütün canlıların irsi şifrələrinin ortaqlığı aydın şəkildə onların ortaq mənşələrinə işarə edir.

Biz, təkamül tədrisi və ümumiyyətlə hər hansı bir elmi məlumat sahəsinin tədrisi məzmununda elmin xüsusiyyətinə bağlı olaraq aşağıdakı bildirişin altına imzamızı atırıq:

Elmi məlumat kainatın təbiətinə bağlı olaraq çox müvəffəqiyyətli olmuş və çox əhəmiyyətli nəticələr doğurmuş bir sorğu-sual formasının məhsuludur. Elm təbii dünyanı müşahidə edərək və test edilə və çürüdülə bilər fərziyyələr meydana gətirərək müşahidə edilə bilər faktlar üçün daha ətraflı şərhlər törədir. Müşahidələr kifayət qədər qənaətbəxş hala gəldiklərində, bu faktları açıqlayan elmi təlimlər inkişaf etdirilir.

İnsanın dəyər və məqsəd anlayışı təbiət elmlərinin əhatəsi xaricindədir. Yenə də, təbiəti qavrayışımızda elmi, ictimai, fəlsəfi, dini, mədəni və siyasi elementlər də iştirak edir. Bu fərqli sahələrin hər biri digərlərinə qarşı diqqətli davranmaq məcburiyyətindədir.

Mövcud sərhədlərini qəbul etməklə birlikdə elm açıqdır və yeni nəzəri ya da təcrübi məlumatlar işığında davamlı olaraq özünü inkişaf etdirir və yeni sahələrə açılır.

İmzası olan elmi akademiyalar və qurumlar:

1. Afrika Elmlər Akademiyası

2. Almaniya Elm və İnsani Elmlər Akademiyaları Birliyi

3. Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyası

4. Argentina Dəqiq, Fizika və Təbiət Elmləri Milli Akademiyası

5. Albaniya Elmlər Akademiyası

6. Avstraliya Elmlər Akademiyası

7. Avstriya Elmlər Akademiyası

8. Banqladeş Elmlər Akademiyası

9. Belçika Krallığı Elm, Ədəbiyyat və İncəsənət Akademiyası

10. London Krallığı Birliyi, Birləşmiş Krallıq

11. Bosniya-Herseqovina Elm və İncəsənət Akademiyası

12. Braziliya Elmlər Akademiyası

13. Bolqarıstan Elmlər Akademiyası

14. Çexiya Elmlər Akademiyası

15. Çin Elmlər Akademiyası

16. Academia Sinica, Çin, Tayvan

17. Danimarka Krallığı Elm və İnsani Elmlər Akademiyası

18. İndoneziya Elmlər Akademiyası

19. Mərakeş Krallığı Akademiyası

20. Milli Elm və Texnologiya Akademiyası, Filippin

21. Fələstin Elm və Texnologiya Akademiyası

22. Académie des Sciences, Fransa

23. Cənubi Afrika Elmlər Akademiyası

24. Xorvatiya Elmlər Akademiyası

25. Hindistan Milli Elmlər Akademiyası

26. Hollandiya Krallığı İncəsənət və Elm Akademiyası

27. İran İslam Respublikası Elmlər Akademiyası

28. İrlandiya Krallığı Akademiyası

29. İspaniya Krallığı Dəqiq, Fizika və Təbiət Elmləri Akademiyası

30. İsrail Elm və İnsani Elmlər Akademiyası

31. İsveç Krallığı Elmlər Akademiyası

32. İsveçrə Elm Akademiyaları Konfransı

33. Academia National dei Lincei, İtaliya

34. Yaponiya Elm Şurası

35. Kanada Krallığı Birliyi (RSC): Kanada İncəsənət və Elm Akademiyaları

36. Karib Elmlər Akademiyası

37. Keniya Milli Elmlər Akademiyası

38. Kolumbiya Dəqiq, Fizika və Təbiət Elmləri Akademiyası

39. Kuba Elmlər Akademiyası

40. Qırğızıstan Respublikası Milli Elmlər Akademiyası

41. Latviya Elmlər Akademiyası

42. Litva Elmlər Akademiyası

43. Macarıstan Elmlər Akademiyası

44. Makedoniya Elmlər və İncəsənət Akademiyası

45. Academia Mexicana da Ciencias, Meksika

46. Elmi Araşdırma və Texnologiya Akademiyası, Misir

47. Monqolustan Elmlər Akademiyası

48. Nigeriya Elmlər Akademiyası

49. Özbəkistan Elmlər Akademiyası

50. Pakistan Elmlər Akademiyası

51. Academia Nacional da Ciencias deş Peru

52. Polşa Elmlər Akademiyası

53. Académie des Sciences Techniques, Seneqal

54. Serbiya Elmlər və İncəsənət Akademiyası

55. Sinqapur Elmlər Akademiyası

56. Slovakiya Elmlər Akademiyası

57. Sloveniya Elmlər Akademiyası

58. Şri-Lanka Milli Elmlər Akademiyası

59. Academia Chilena da Ciencias, Çili

60. Tacikistan Respublikası Elmlər Akademiyası

61. Türkiyə Elmlər Akademiyası

62. Uqanda Milli Elmlər Akademiyası

63. Venesuela Milli Fizika, Riyaziyyat və Təbiət Elmləri Akademiyası

64. Yeni Zelandiya Krallığı Birliyi Akademiya Şurası

65. Afina Akademiyası, Yunanıstan

66. Zimbabve Elmlər Akademiyası

67. İnkişaf etməkdə olan Dünya Elmlər Akademiyası (TWAS)

68. Beynəlxalq Elm Şurası (ICSU) İdarə heyəti (IAP-də müşahidəçi qurum)

Qaynaq: Sekulyarizm.org
daha ətraflı...

Asteroidin "anatomik atlası" tərtib olundu

Kent Universitetindən (Britaniya) olan Stephen Lowry və həmkarları Yarkovsky effekti adı ilə tanınan təsirin təzahürlərini izləyərək, tozu Yerə 2005-ci ildə yapon zondu "Hayabusa" köməyi ilə gətirilən İtokawa asteroidinin ilk dəfə iç hissəsinə baxmağa nail oldular. Tədqiqatın nəticələri 5 fevral 2014 tarixində Astronomy & Astrophysics jurnalında dərc edildi.

Alimlər Çilidə yerləşən Avropa Cənubi Rəsədxanasının (ESO) NTT teleskopu vasitəsilə İtokawa asteroidinin dövrünü müşahidə edərək ilk dəfə bir asteroidin içərisinə göz gəzdirib onun nüvə strukturunun eyni kimyəvi tərkibli olmadığını aydınlaşdırdılar.

19-cu əsrin sonlarında rus mühəndisi İvan Yarkovsky asteroidin səthini Günəş altında qızdırdıqda və gecə onun soyuduğunda asteroidin bir növ "mühərrik" kimi işləyə və zamanla orbitindən uzaqlaşa biləcəyinin fərqinə varmışdı.

Bu fenomenin gücü asteroidin bir neçə xüsusiyyətindən asılıdır - onun əks olunma bacarığı və kimyəvi tərkibi kimi. Kiçik səma cismlərinin kütləsinin hesablanması üçün düşünülən Yarkovsky effekti, onların orbitlərinin necə dəyişiləcəyinin anlaşılması üçün də istifadə edilir. Məqalənin müəllifləri qeyd edirlər ki, bu effektin gücünün dəyişiklikləri üzərindəki fasiləsiz müşahidələr İtokawa asteroidinin səthinin müxtəlif hissələrindəki kimyəvi tərkibin və mineralların fiziki xüsusiyyətlərinin fərqliliklərini ortaya çıxarmalıdır.

NTT teleskopunun alətlərini istifadə edərək Lowry və həmkarları asteroidin fırlanma sürətinin getdikcə artdığını öyrəndilər - hər il onun öz oxu ətrafındaki dövr mərhələsi 0,045 saniyə qısalırdı. Bu, İtokawa'nın "qantelinin" iki yarısının fərqli minerallardan təşkil olunduğunu göstərir.

"İlk dəfə bir asteroidin nüvəsinin nəyə oxşadığı və orada nələrin baş verdiyinə dair məlumatlar əldə etməyə nail olduq. Struktur baxımından İtakowa'nın qarışıq olduğunu öyrəndik və bu tapıntı Günəş sistemindəki obyektlərin davranışlarına nəzarət edən qanunların öyrənilməsi yolunda atılmış böyük addım hesab edilməlidir", - Lowry deyir.

Qaynaq: Phys.org
daha ətraflı...

February 4, 2014

Əlaqənin çətinlikləri

Hətta əgər bir gün insanlığın çoxdan gözlədiyi hadisə baş versə və Yerdən kənar həyat nümunələrinə rast gəlsək, onları başa düşə biləcəyik? Yoxsa "qeyri-insani" şüur elə mürəkkəb olacaq ki, biz heç vaxt onlarla ortaq dil tapa bilməyəcəyik? Bəlkə də heç bir-birimizin fərqinə varmayacağıq?

Hər bir fantastın marağına səbəb olan məsələlərdən biri - elə bu gün məşhur olan astrobiologiya sahəsinin alimi üçün də - yadplanetli canlı nümayəndələrinin nəyə oxşadığı mövzusu ətrafındaki müzakirələrdir. Bizdə olduğu kimi onlarda da iki qol və iki ayaq olacaq, yoxsa onlar on iki baş və on iki qısqaca sahib olacaqlar?.. Təəssüf ki fantastların ağlına daha maraqlı və çətin bir sual gəlmir: bəs onların yadplanetli şüuru necə qurulmuş ola bilər?

Acta Astronautica jurnalının son buraxılışında bu çətinliyi həll etməyin ilk ciddi cəhdlərindən biri haqda bəhs edilir və bizə yad olan canlıların necə qiymətləndirilməsinin üsulları, bəlkə də necə anlaşılması lazım olduğu izah edilir. Buraxılışda unikal tədqiqat layihəsi - COmplexity of Markers for Profiling Life in EXobiology (COMPLEX) haqda danışılır. COMPLEX layihəsinin məqsədi müxtəlif canlı formlarını (təkcə insan və heyvanlar deyil, həm də mikroorqanizmlər və süni sistemlərin) davranış mürəkkəbliyi və intellektual bacarıqlarını göstərən kateqoriya sırası ilə müqayisə etməkdir. Layihənin iştirakçılarından biri, amerikalı tədqiqatçı Denise Herzing deyir: "COMPLEX'in hədəfi bizim hamımızı digər növlərlə qarşılıqlı əlaqələrə hazırlamaqdır, əgər təbii ki onlarla kosmosda qarşılaşsaq."


Əslində bu məsələ istisna oluna biləcək qədər çətindir. Hətta Yerdə, yaxşı tanınan biosferada belə nəyi şüur hesab etməyin lazım olduğu və canlı orqanizmin şüurunun səviyyəsinin necə qiymətləndirilməsi anlaşılmazdır. Bir qayda olaraq, biz ən sadə yolla irəliləyib heyvanlara, şüurları nə qədər insana yaxındırsa, bir o qədər şüurlu deyirik. Mavi balinaların mahnılarını qeydə alaraq aradaki ünsiyyəti xatırlada biləcək siqnalları ayırd etməyə çalışırıq. Qarğaların alətlərdən yararlanmasını izləyərək onu öz təcrübəmizlə, fillər və ya delfinlərin mürəkkəb sosial davranışlarını isə cəmiyyətimizdəki qarşılıqlı əlaqələrimizlə müqayisə edirik.

Lakin hər şeyi antropomorfizm prizmasından görmək - hər şeyi yalnış işıqda görmək, bəlkə də "heyvani şüurun" həqiqi bacarıqlarını qiymətləndirməmək mənasını verir. Bu təxminən delfin üzgəclərinin bacarıqlarını bizim əl və barmaq sümüklərimizin bacarıqları ilə müqayisə edərək qiymətləndirmək kimidir. Belə halda yadplanetli canlılarla görüşümüzdən nə gözləməliyik? Biz sadəcə onları heç də başa düşməyə bilərik.


Qeyd etmək lazımdır ki, COMPLEX layihəsi üzrə aparılacaq işlər üçün Denise Herzing bütün əvvəlki təcrübələri ilə hazırlanmışdır: o, artıq 30 ildən çoxdur ki delfinlərin davranış, intellekt və qarşılıqlı əlaqələrini araşdıran Wild Dolphin Project təşkilatının təsisçilərindən və başçılarından biridir. Bu sularda yaşayan məməlilər ən ağıllı canlılardan biri hesab olunurlar - bəzi mütəxəssilərin rəyinə görə onların intellekti iri primatların intellekti ilə müqayisə edilə bilər.

Delfin intellektinin öyrənilməsi üsulları digər heyvanların da intellektinin öyrənilməsi üçün istifadə edilən standart yanaşmalardan qaynaqlanır. İlk öncə onların bədənlərinin fiziki xarakteristikaları qiymətləndirilir. Daha sonra isə müxtəlif davranış xüsusiyyətləri müşahidə edilir.

"Faktiki olaraq bizim heyvan intellektlərinin qiymətləndirilməsi üçün iki yanaşmamız var. Birincisi - orqanizmin infrastrukturunun, beynin, sinir sisteminin və s. fiziki səviyyəsi. İkincisi - əslində insanlar tərəfindən elə insanlar üçün hazırlanan, fərqli testlər tələb edən qavrayış tədqiqatları", - Denise Herzing əlavə edir.

Qeyd etmək lazımdır ki, son vaxtlar üçüncü yanaşma da yarandı, hansı ki heyvanların siqnal sistemlərini və kommunikasiyasını araşdırır. Bu axın müasir siqnalların ayırd edici və tanıma alqoritmlərinin uğurlarına xeyli borcludur. Məsələn, bu gün artıq delfinlərin uzun vokalizasiyalarını qeydə alıb analiz etmək və onlarda təkcə təkrarlanan elementləri deyil, həm də onların müəyyən istifadə sxemlərini (sintaksis) tapmaq mümkündür. Bir qədər əvvəl belə tədqiqatlar göstərdi ki, sürbədə delfinlər bir-birini "sifətdən" tanıya və bir-biri ilə müxtəlif əlaqələr qura bilər.

Yenə də digər heyvanların intellektlərini qiymətləndirməyə çalışaraq bu məsələyə "insani" və "ədalətsiz" yanaşırıq.

"Sözsüz ki, müəyyən mənada - öz ekzobioloji taxçalarında yaşamağı uğurla bacara bildikləri mənada bütün orqanizmlər şüurludur. Amma digər növlər öz anatomiya xüsusiyyətləri, həyat şərtləri üzərində qurulmuş intellektə sahib ola və bizimkinə heç də oxşamaya bilər. Məsələn, əgər canlının mürəkkəb əl sümüyü yoxdursa, mürəkkəb qurğu inşa edə bilməyərək öz şüurunu heç vaxt göstərməyəcək", - Herzing deyir.

Nəhəng bina inşalarımızın, kompyuter şəbəkəsi qurğularımızın və s. bizim intellekt səviyyəmizin parlaq nümunəsini sərgilədiyi mübahisə edilməməlidir. Lakin termitlərin mühəndislik inşaları da ağlı çaşdırır. Və əgər fərdi olaraq termitlər intellektual kimi görünməsələr də, onların "kollektiv şüuru" bir çox şeyə qadirdir.

Bütün bu suallar və çətinliklər Denise Herzing başçılığındaki COMPLEX layihəsinin qurulmasına səbəb oldu. Astrobioloqlardan tutmuş proqrammistlərə qədər müxtəlif profilləri olan mütəxəssisləri öz yanına çağıran Herzing hər bir canlı orqanizm üçün uyğun olan intellektual səviyyənin universal qiymətləndirmə sistemini hazırlamağı planlaşdırır.


Bu qiymətləndirmə üsulu beş mürəkkəblik kateqoriyasından ibarət olacaq: sinir sistemi, kommunikativ sistem, ayrı-ayrı fərdlər, individual sosial əlaqələr və nəhayət digər növlərlə əlaqələr.

Əlavə etmək lazımdır ki, bu beş kateqoriyalar ilk dəfə məşhur SETI institutunun sifarişi ilə Lori Marino və Kathyrn Denning tərəfindən inkişaf etdirilmişdir. Tədqiqat olaraq COMPLEX layihəsinin iştirakçıları bu parametrlərə görə bizə tanış olan beş "qeyri-insani şüur" nümunələrini qiymətləndirməyə çalışdılar - kommunikativ mütəxəssislər olan delfinləri, heç də pis öyrənmə bacarıqları olmayan osminoqları, məşhur rəqsləri olan arıları, koloniya üçün özlərini qurban verməyə hazır olan mikroorqanizmləri və rəqəmsal hesablamaların mütəxəssisləri olan kompyuterləri.

Nəticədə müəlliflər nümunələrin mənfi və müsbət yönlərini qiymətləndirdilər. Sosial və kommunikativ mürəkkəblik sahəsində ən yüksək xalları arılar və kompyuterlər topladı. Delfinlər, osminoqlar və kompyuterlər sinir sistemi sahəsində yaxşı ballar aldılar, mikroorqanizmlər isə növlərarası kommunikasiya kateqoriyasının çempionu seçildilər.

Lakin bu hələ başlanğıcdır. "COMPLEX canlı orqanizmlərin "şüur" müqayisəsi çətinliyini təkcə insani təsəvvürlərlə məhdudlaşmayan digər baxış bucaqlarından da araşdırmağa çalışacaq" - Herzing deyir. İndi alimlər beş deyil, yüzlərlə növü test etmək üçün qiymətləndirmə parametrlərinin siyahısını genişləndirmək üzərində işləyirlər. Bəlkə də gözləmədiyimiz yerdən şüur əlamətləri çıxacaq. Buna uyğun hər hansı bir əlamət kosmosda tapılsa, ümumiyyətlə belə bir əlaqənin mümkün olduğunu anlamaq üçün biz artıq hazır alətlərə sahib olacağıq.

Həmçinin oxuyun:

Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik
Kosmosda başqa həyat var?
Astrobiologiya: Yerdənkənar təkamül
daha ətraflı...

Niyə uşaqlar 7 yaşlarından əvvəlini xatırlamır?

Aparılmış yeni bir tədqiqatın nəticələrinə görə uşaqlıq amneziyasının başlanğıc nöqtəsi yeddi yaşdır.

Kate Gammon

Bu yaxınlarda təxminən 4 yaşlı qardaşım qızı bütün valideynlərin ehtiyatlandığı bir bədbəxt hadisənin qurbanı oldu: velosipeddən yıxılaraq ön dişini sındırdı və diş ətinin boynunu əhatə edən hissəsini zədələdi. Yaranan ağrı və daha sonrasında dişin çəkilməsi valideynləri tərəfindən çətin qarşılandı, amma xoşbəxtlikdən qızcığazın özünün bu hadisəyə münasibəti şən oldu. "İndi mən bu deşik arasından makaronu uda bilərəm", - tətildə o mənə deyirdi.

Yəqin ki böyüdükdə bu hadisəni daha xatırlamayacaq. O vaxt, daha dəqiq desək ikinci sinifdə oxuduqda yaşadığı bütün bu təcrübə şəkillərdən ibarət dolaşıq xatirələrə çevriləcək.

Bunun səbəbi "uşaqlıq amneziyası" olaraq adlandırdığımız qəribə bir fenomendir. Uşaqlar böyüməyənə qədər üç yaşlarından əvvəl başlarına gələn hadisələri xatırlaya bilirlər, bir az daha böyüdükdə isə bu qəribə avtobioqrafik xatirələr silinir. Yenicə aparılmış tədqiqatlar uşaqlıq amneziyasının başlanğıc nöqtəsinin yeddi yaş hesab edilə biləcəyini göstərir.

Alimlər uzun müddətdir ki bu sirli hadisənin səbəblərini araşdırmağa çalışırlar və dediklərinə görə dilin (ünsiyyətin) bununla müəyyən qədər əlaqəsi var. Amma siçovullar və digər heyvanlar da heç bir ünsiyyət bacarığına sahib olmadan oxşar amneziya sərgiləyirlər. Ötən ilin iyununda kanadalı alimlər mümkün izah irəli sürdülər: onlar bu amneziyanın səbəbinin neyrogenez adı ilə tanınan, uşaqlıq dövründə hippokampdaki yeni hüceyrələrin aktiv inkişafı olduğunu düşünürlər. Beyin böyük miqdarda yeni hüceyrələrin yaranması ilə məşğul olduqda uzunmüddətli ola biləcək xatirələri yaddaşda saxlamır.

Mexanizmlər olduqca müxtəlif ola bilər; bəs hansı anda xatirələrə giriş məhdudiyyəti qoyulur?

Nəticələri Memory jurnalında dərc olunan tədqiqatları çərçivəsində Patricia Bauer və həmkarı Marina Larkina valideynlərdən hər hansı birindən (əksər tədqiqatlarda olduğu kimi əsasən analardan) və üç yaşlı uşaqlardan ibarət bir neçə qrup yaratdılar. Valideynlər uşaqlarına son üç ay ərzində baş vermiş zoopark gəzintisi və ya uşaq bağçası ilə bağlı hadisələrə aid suallar verdi. Alimlər isə bunları videoya çəkdi.

Son altı il ərzində artıq 5, 6, 7, 8 və hətta 9 yaşlarında uşaqlardan ibarət müxtəlif qruplar laboratoriyalara qayıdırdılar və tədqiqatçılar onlara üç yaşları olduqda baş vermiş hadisələrlə bağlı suallar verirdi. Elmi əməkdaşlar həmin hadisələrin detallarını bilirdilər, bu səbəbdən uşaqların nəyi xatırladığını və ya bu haqda nələr dediyini aydınlaşdırmaqda çətinlik çəkmədilər.

Nəticələr necə oldu? Popular Science jurnalına danışan Bauer ikinci intervyudaki 5-7 yaşları olan uşaqların xatirələrin 60%-dən çoxunu xatırladığını dedi. 8 və ya 9 yaşlı uşaqlar isə hadisələrin 40%-i, hətta daha azını xatırlayırdı və həmin hadisələri də dəyişdirib danışırdlar.

"Hesab edirik ki, bu, neyron strukturlarında intensiv inkişaf baş verən dövrdəki əsas bioloji proseslər ilə əlaqəlidir. Bu inkişafın ilk mərhələlərində həmin strukturlar işləyir, amma bir o qədər də effektiv olmur - uşaqlar yaddaşlarını formalaşdırır, lakin təbii proseslər müddətində bəzi xatirələr sönür və məhdud olur. Uşaqlar böyüdükdə isə yaddaş çox effektiv şəkildə işləməyə başlayır", - Bauer qeyd edir.

Valideynlər həmçinin uşaqların baş vermiş hadisələrlə bağlı xatirələrinə təsir edir. Uşaqlarla inkişafi strategiya ilə ünsiyyət quran valideynlər tez-tez belə suallar verir: "Bir az da danış görüm" , "Orada nə oldu?". Beləcə uşaqların öz xatirələrini izah etmələrinə səbəb olurlar. Bauerin dediyinə görə nəticədə uşaqlarda daha köhnə hadisələri əhatə edən xatirələr daha tez formalaşır və bu xatirələr daha dayanıqlı olur.

Bauer növbəti dörd il ərzində uşaq qrupları üzərindəki tədqiqatlarını davam etdirəcək. O, uşaqlara həyatlarının müxtəlif mərhələlərində baş vermiş hadisələrlə bağlı suallar verəcək. Bauer hesab edir ki, ilk xatirələr emosiyalarla əlaqəlidir - pozitiv olduğu kimi, neqativ emosiyalarla da. Bu səbəbdən qardaşım qızının erkən dövrdə diş yonan cihazlar ilə çox xoş olmayan tanışlıq xatirələrini qoruyub saxlaması xeyli mümkündür, amma yeni xatirələr formalaşdırdıqca onlarla olan əlaqəsinin itirilməsi də istisna olunmur.

Qaynaq: Popular Science
daha ətraflı...

February 3, 2014

Ən məşhur elmdən kənar əfsanələr

Hər bir əlavə mənfi təsirli dərmanlar kimi inkişaf etmiş elm də kütləvi informasiya vasitələri ilə aktiv şəkildə yayılan bir çox inanc və elmdən kənar əfsanələri doğurmuşdur. Bunlar arasında ən məşhurlarını ifşa etməyə çalışacağıq.


Açıq kosmosda insan bədəni dağılır

Fantastik Hollivud filmləri bu əfsanənin yaranması və yayılmasına böyük töhfə veriblər. Həqiqətən də, hansı rejissor ulduzlar arasında effektiv şəkildə dağılan insan bədənindən imtina edərdi?

Əslində açıq kosmosda skafandrsız insan orqanizmi, içərisində yığılan bütün havanın buraxıldığı şərtlərdə (əks təqdirdə daxili və xarici təzyiq arasındaki fərq ağ ciyəri parçalaya bilər) 15-30 saniyə müddətində sağ qalmağa qadirdir. 15 saniyə sonra oksigen ehtiyacı bayılmaya səbəb olacaq, ardından isə boğulma ölümü gətirəcək.


Kosmonavtın açıq kosmosda işlər aparması üçün hazırlanan
kosmik skafandr

Səmadaki ən parlaq ulduz - Qütb ulduzudur

Siriusun ulduz ölçüləri 1,47, Qütb ulduzununki isə 1,97-dir (qiymət nə qədər azdırsa, ulduz bir o qədər parlaqdır). Bundan başqa, Qütb ulduzu (Kinosura və Şimal ulduzları kimi) - yerin müəyyən edilməsi və naviqasiyada əhəmiyyətli rol oynayır, çünki ulduz şimala işarə edir, üfüq üzərində hündürlüyü isə mühitin en dairəsi ilə üst-üstə düşür.

Kinosura - Kiçik ayı bürcünün ən parlaq ulduzudur. Yer orbitinin prosessiyası hər iki yüz ildən bir Kiçik ayı alfasının bir dərəcə sürüşməsinə gətirib çıxarır, bu səbəbdən əvvəllər Kohab, Kiçik ayı betası funksiyasını irsən aldığı kimi, təxminən min il sonra da "şimalı işarə edən" rolunu Alrai'yə, Sefeyin qammasına təhfil verəcək.


Qütb ulduzu üç ulduzdan ibarət sistemini təqdim edir: Qütb A, Qütb B və Qütb Ab ulduzları

Beş saniyə qanunu - tez qaldırılan düşmüş hesab olunmur

Hətta bu qaydadan lazımi şəkildə yararlananlar belə onun nə dərəcədə absurd olduğunu çox yaxşı anlayırlar. Quru döşəmədəki hər növ bakteriyalar yerə düşmüş qida ilə dərhal əlaqəyə keçir və onu korlayırlar, üzərindən beş saniyə və ya beş saat keçməsindən asılı olmayaraq.

Döşəmədən əlavə bakteriyaları olan buterbrodu yemək - bu elə də pisdir? Axı orqanizmin çox da təhlükəli olmayan infeksiya qaynaqları ilə mübarizə aparması immun sisteminin güclənməsinə səbəb olur.

Hər halda bir çox insan hətta yerə düşmüş piroq və ya ət dilimini, əgər yaxşı qorunublarsa ağızlarına atmaqdan çəkinmir. "Beş saniyə qaydası" isə sadəcə bir növ zarafatyana haqq qazandırmadır.

Beş saniyə qaydası - yerə düşmüş qida tez qaldırıldıqda
düşmüş hesab olunmur

Ayın yarısı qaranlıqdır

Əsl cəfəngiyyat - Ay da eynən Yer kimi Günəş tərəfindən hərtərəfli işıqlandırılır. Ayın planetimiz ətrafındaki dövr mərhələsinin öz oxu ətrafındaki dövrün mərhələsinə bərabər olduğu bu anlaşılmazlığın yaranmasına səbəb oldu. Buna görə insanlar Ayın digər üzünü, daha dəqiq desək səthinin 41%-ini kosmosun dərk edilməsi erasının başlamasına qədər görə bilməmişdilər.

Ayın "görünməz" üzü ilk dəfə 1959-cu ildə Sovet istehsalı olan avtomatik planetlərarası stansiya - Luna-3'dən çəkildi. Ay kraterlərinin əsas hissəsi məhz peykin digər tərəfində yerləşir və orada dənizlər demək olar ki yoxdur.

Zond-8'dən Ayın görüntüsü

Sinir hüceyrələri bərpa olunmur

Bu əfsanə siyahının ən "elmi əfsanəsi" hesab oluna bilər, çünki on illərlə alimlərin özləri tərəfindən yayılırdı. Yalnız 1998-ci ildə isveçli və amerikalı tədqiqatçılar yetkin insanlarda neyronların regenerasiyası prosesini araşdırmağa və aşkar etməyə nail oldular.

Əvvəllər hesab edilirdi ki, beynin mürəkkəb strukturu yeni hüceyrələrin yaranması prosesində ciddi zədə ala bilər, lakin yeni faktlar yaddaşın yaranmasına nəzarət edən hissələrin neyronları meydana gətirə biləcəyini göstərdi. Bu tapıntı gələcəkdə Altshaymer xəstəliyi müalicəsinin inkişafına əhəmiyyətli töhfələr verə bilər.

Neyronlar

Göydələndən atılmış qəpik insanı öldürə bilər

Hollivud filmlərinin yaydığı daha bir əfsanə. Məktəbdə öyrədilir ki, sərbəst düşmənin sürətlənməsi yer üzündə düşən obyektin sürətinin davamlı artmasına səbəb olur. Kiçik obyektlərdə bu bir qədər fərqlidir.

Düz qəpiyin aerodinamik xüsusiyyəti səbəbindən havanın qarşıdurma qüvvəsi kifayət qədər güclü olacaq, buna görə də əşyanın yüksək sürətlərə qədər qalxa bilməsi mümkünsüzləşəcək.

Göydələn altında gəzən bir insana yuxarıdan qəpiyin atılması sözsüz ki xoş olmayacaq, amma heç bir ciddi xəsarət də alınmayacaq.

Havada olan qəpik

Meteorlar Yer atmosferinə daxil olduqda sürtünmə səbəbindən yanırlar

Meteoroid Yer atmosferinə girdikdə, yəni meteora çevrildikdə sıxılan hava təzyiqi obyektin temperaturunun qalxmasına səbəb olur. Əksər meteorlar planetin səthinə çatmadan həqiqətən yanır və "düşən ulduzlara" çevrilirlər.

Lakin Yer səthinə düşməyi bacaran kosmik obyektlər praktiki olaraq həmişə çox soyuqdurlar - dərhal buzla örtülürlər. Axı kosmosla uçuş anında onların temperaturu mütləq sıfırdan cəmi bir neçə dərəcə yüksəkdir, bu səbəbdən sıxılan hava meteorun yalnız qabığını yandırır, nüvə isə olduqca soyuq olaraq qalır.

Elə buna görə də yenicə düşmüş meteoritə toxunmaq qətiyyən tövsiyə edilmir - təhlükəli yanıqlara qarantiya verilir. İstidən yox, kosmik soyuqdan.

Yanan meteor

daha ətraflı...

February 2, 2014

Nuhun dairəvi gəmisi inanclıları narahat etdi

Bu yaxınlarda tapılmış qədim şumer əlyazması əfsanəyə görə dünya faunasını xilas etmiş nəhəng dairəvi gəmiyə dair məlumatlar verir. Əlyazmada izah olunan Nuhun gəmisi İncilin dediklərinə ziddir.

Bir həftə əvvəl gildən hazırlanmış qədim əlyazma lövhəsinin şifrəsinin tapıldığına dair məlumatlar yayıldı. Lövhədə qədim nəhəng gəmi modelinin izah olunduğu aydın oldu. Şumer əfsanələrinə görə "möcüzəvi" gəminin hazırlanmasını babil tanrıları əmr etmişdi. Bu yolla hər canlıdan dişi və erkək olmaqla bir cüt xilas edilməli idi.

Mütəxəssilər əlyazmanın 4.000 il əvvəlinə aid olduğunu aydınlaşdırdılar - ən qədim ekzemplyarın tarixi dini məlumatlara uyğun gəlmir. Əlyazmada çatdırılanlar Nuhun gəmisi haqda formalaşmş ənənəvi təsəvvürlərə qarşı çıxır. Bu səbəbdən Britaniya muzeyi əməkdaşlarının yaydığı məlumat mübahisə və narahatçılıqlara gətirib çıxardı.

Dini kitablara əsasən Nuh bir cüt olmaqla bütün canlı növlərini gəmisinə yerləşdirmiş və yağışın davam etdiyi 40 gün 40 gecə ərzində onları, nəsllərini davam etdirmələri üçün qorumuşdu. İncilin izah etdiyi ölçülərə görə gəminin uzunluğu 137 metr, eni 23 metr və hündürlüyü 13 metrdir.

"Babil gəmisinin" parametrləri bu məlumatlara ziddir. Gildən hazırlanmış lövhədə 70 metr diametri olan qayıq izah olunur. Mesopotamiya tanrıları gəmini kəndir, uzun taxtalar və bitumdan hazırlamağı əmr vermişdi. Babil gəmisi parametr və materiallara görə daha çox balıq ovları üçün hazırlanan dairəvi qayıqlara (korakl) oxşayır. Qədim insanlar belə gəmiləri əsasən Dəclə və Fərat çaylarındaki səyahətləri üçün istifadə edirdi. Bəs dini kitablardaki gəmi ilə nə etməli? Hansı versiya həqiqətə daha uyğundur?

Qədim lövnəni kəşf edən Britaniya muzeyi əməkdaşı İrvinq Finkel hesab edir ki, qədim yəhudilər eramızdan əvvəl 6-cı əsrdə Misirdən çıxdıqda şumer əfsanəsini mənimsəyib dəyişdiriblər, sonralar isə dini kitablara əlavə ediblər. Arxeoloq Noa Viner tapılmış lövhənin Musa əlyazmalarını nə az nə çox, düz min il qabaqladığını deyir.

Lakin Nuh gəmisinin kopiyasını hazırlamaq üçün fond yaradan Kenn Hem arxeoloqla qətiyyən razı deyil. Hem gəminin ilk dəfə dini kitablarda izah edildiyinə, qədim şumerlərinsə məlumatları yəhudilərdən oğurlayıb təhrif etdiklərinə əmindir. Deyir:

"İncil Tanrının ilk sözüdür. Daşqın barədə məlumatlar verən hər bir digər əlyazma Nuh gəmisi haqda olan həqiqətin köçürülmüş və təhrif edilmiş variantlarıdır."

Kenn Hemə dəstək verən facebook iştifadəçiləri yazırlar:

"Bu açıq-aşkar inanclıların qəlbinə şübhə toxumları səpməyi istəyən Şeytanın işidir."

Başqa bir istifadəçi yazır: 

"Yumru gəmi su üzərində dura bilməzdi!"

Qaynaq: NBC News , naked-science.ru
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top