February 13, 2014

Darvinin iki əsri: Onun və bizim səhvlərimiz

Çarlz Darvin elm tarixinə təkamül nəzəriyyəsinin banisi kimi daxil olmuşdur. Darvinin nəzəriyyəsi uzun illərdir ki müasir biologiyanın əsaslarından biri olaraq qalır və o olmadan elmi təsəvvür etmək mümkün deyil.

12 fevral günü elm tarixinə təkamül nəzəriyyəsinin yaradıcısı kimi adını yazdırmış ingilis səyyah və təbiətşünas Çarlz Darvinin anadan olmasının 205-ci ildönümü qeyd edildi.

Bu nəzəriyyənin artıq 150 ildən çox yaşı olsa da, yenə də cəmiyyətdə qızğın mübahisələrə səbəb olur, hətta məktəblərdə tədrisininin qadağan edilməsi tələblərinə qədər. Bu arada, Darvinin nəzəriyyəsi artıq uzun illərdir ki, onsuz elmi təsəvvür etməyin mümkünsüz olduğu müasir biologiyanın əsaslarından biridir.

Lakin biologiyanın müasir təsəvvürləri Darvinin dövründən bu günə qədər xeyli təkamülləşmişdir. Moskva Dövlət Universitetinin biologiya fakültəsinin təkamül biologiyası kafedrasının müdiri, insanın mənşəyi haqda bəhs edən kitabın müəllifi və "Prosvetitel" mükafatı laureatı Aleksandr Markov RİA Novosti'yə Darvinin səhvlərilə yanaşı cəmiyyətdə onun nəzəriyyəsi barədə dolaşan yalnış təsəvvürlərdən danışdı.

Qazanılan irsiyyət

Darvin qazanılan əlamətlərin irsən ötürülə biləcəyinin mümkünlüyünü rədd etmirdi, misal üçün, məşq nəticələrinin birbaşa ötürüldüyünü.


"Bu, Darvinin spesifik səhvi deyildi, o vaxt hamı belə düşünürdü. Həyat ərzindəki təlim və hadisələr irsiyyətə təsir edə bilərdi - bu, ümumən qəbul edilmişdi. Yalnız bir neçə on illik sonra alman zooloqu Avqust Veysman təcrübi olaraq sübut etdi ki, misal üçün, əgər nəsillər ərzində siçovulların quyruğunu kəssək, bu, irsiyyətə təsir etməyəcək, quyruqsuz siçovul balaları doğulmayacaq. Və digər təcrübələrlə qazanılmış əlamətlərin irsən ötürülmədiyi təsdiq edildi", - Markov izah edir.

"Lakin molekulyar biologiyanın yeni nailiyyətləri yenə də bir sıra spesifik istisnaların olduğunu göstərdi. Yəni Darvin 100% səhv etmirdi", - əlavə edir.
Qandaki irsiyyət daşıyıcıları

Darvin hesab edirdi ki, irsi əlamətlərin daşıyıcıları submikroskopik obyektlər - gemmulalardır, hansılar ki qan cərəyanı ilə cinsi hüceyrələrə düşür və irsi informasiyanı daşıyırlar.

"İrsiyyətin təbiətini bilmədən o, qazanılan əlamətlərin irsən ötürülməsinin izahı üçün molekulyar mexanizm yaratmağa çalışırdı və pangenezis fərziyyəsini irəli sürdü. O, hesab edirdi ki, bədən hüceyrələrində bədəndə baş vermiş hadisələrlə bağlı informasiyaları, əldə edilən təcrübəni saxlayan belə hissəciklər mövcud olmalıdır və bunlar qan cərəyanı ilə cinsi hüceyrələrə düşür və informasiyanı ötürürlər. Bu olduqca cəsarətli hipotez idi, lakin ümumən təsdiq edilmədi", - Markov deyir.

O qeyd etdi ki, texniki olaraq belə bir ehtimal ola bilərdi: ali canlıların xromosomlarına basdırılmış, Darvinin gemmulalarının rolunu oynaya biləcək endogen retroviruslarla bağlı hipotez var idi.

Təbii seçmənin rolunu azaltdı

Sonraki işlərində Darvin təbii seçməni lazım olduğundan az dəyərləndirirdi.

"Darvin sonraki nəslin tənqidinə çox hissiyatlı idi. Bu səbəbdən "Növlərin Mənşəyi" kitabının birinci nəşri indi ən yaxşısı hesab olunur.  O, sonraki nəşrlərə bir çox düzəlişlər əlavə etmişdir. Xüsusilə də təbii seçmə mexanizminə əvvəllər verdiyi əhəmiyyəti azaltdı: mühitin təsirləri və uyğunlaşma ilə bağlı bir çox şərtlər əlavə edirdi. Lakin bu gün aydındır ki, Darvinin, təbii seçmənin hərəkətverici rolu ilə bağlı olan ilk versiyası həqiqətə daha yaxın idi", - Markov qeyd edir.

O həmçinin vurğuladı ki, Darvinin dövründə irsiyyətin və dəyişikliyin təbiəti məlum deyildi. DNT, xromosomlar, mutasiyalar haqda heç nə bilməyərək Darvin, bu yarımçıq məlumatlar işığında planetimizdəki canlı müxtəlifliyini təmin etmiş əsas təkamül mexanizmini tapmağa nail oldu.

Cəmiyyətin səhvləri

Darvin həyatın necə yaranması ilə bağlı heç nə demirdi.

"O, ümumiyyətlə bu haqda yazmırdı. Kitablarında həyatın necə yarandığı haqda bir söz belə yoxdur. Yalnız bir dəfə tanışı Xukerə yazdığı məktubunda bir frazada həyatın özündən yarana biləcəyi barədə qeyd etmişdi. Son nəşrlərində o hətta Yaradan haqda yazmışdı", - Markov deyir.

Təkamül - təsadüfi prosesdir

Təkamülü tez-tez qeyri-adi, məqsədəuyğun şəkildə hazırlanmış varlıqların meydana gəlməsinə səbəb olan kor mutasiyaların hədəfi olaraq görürlər. Lakin Darvinin təbii seçməsi heç də kor qüvvə deyil.

"Bu, təkamülə istiqamət verən ciddi qanunauyğun prosesdir, məhz bu, canlı orqanizmlərin məqsədəuyğun hesab edilən quruluşlarını izah edir. Təsadüfi proses və təbii seçmə təsiri altındaki təkamül arasında uçurum var. Təkamüldə təsadüfi mutasiyalar və genetik sürüşmə kimi təsadüfi proseslər olur, amma bunlar istiqamət vermir", - Markov izah edir.

Meymundan yaranan insan?

"İnsan meymundan yarandı" cümləsi yalnış şərh edilə bilər.

"Anlayışın bir çox variantlarında, misal üçün, əgər "meymun" dedikdə müasir meymunlar nəzərdə tutulsa, yalnış olacaq. Biz nə şimpanzelərdən, nə oranqutanlardan, nə də qorillalardan yaranmışıq", - Markov deyir.

İnsan onlarla ortaq əcdada sahibdir: insan və şimpanzenin son ortaq əcdadı 6-7 milyon il əvvəl yaşamışdır, elə ondan da yaranmışıq.

"Bioloji taksonomiya nöqteyi-nəzərindən bu ortaq əcdad primatlar dəstəsinə, qıyıqburunlu meymunlar qrupuna aid idi. Amma taksonomiya nöqteyi-nəzərindən insan meymundan yaranmayıb, elə özü meymundur, insanaoxşar primatlara aiddir", - Markov son olaraq əlavə edir.

Həmçinin oxuyun:

Darvinin Qara Qutusu "ağardı"
19-cu əsrin dahisinin ölümü
Çarlz Darvin: "Dinlə bağlı düşüncələrim"
daha ətraflı...

February 9, 2014

İnsanı heyvanlardan fərqləndirən beyin nahiyyəsi tapıldı

Oksford Universitetindən olan alimlər insanın strateji planlaşdırmasına və çox məsələliyə cavabdeh olan beyin nahiyyəsini aşkar ediblər. Beyin nahiyyəsinin meymunlar daxil olmaqla heyvanlarda mövcud olmadığı qeyd edilir.

Prefrontal qabığın alın hissəsinin yan nahiyəsi adlandırılan yeni beyin bölgəsinin insanları digər canlılardan fərqləndirən xüsusiyyət olduğu hesab edilir. Tədqiqatla əlaqədar məqalə Neuron jurnalında dərc edildi.

Tədqiqatın müəlliflərindən olan Oksford Universiteti professoru Matthew Rushworth beyin nahiyyəsinin düşüncə prosesləri ilə əlaqəli olduğunu deyir.

"İnsana xas olan və bütün bu hərəkətlərimizi yerinə yetirməyə yardım edən beyin hissəsini aşkar etdik", - Rushworth izah edir.

Araşdırılmış nahiyyə baş beyin qabığının ventrolateral alın hissəsi adlanan bölgədə yerləşir. Alimlər əvvəllər bu hissəni yüksək düşüncə səviyyəsi ilə əlaqələndirirdilər. Nahiyyədə həmçinin dil və danışığa nəzarət edən Brok hissəsi yer alır.

Tədqiqatda iştirak edən Rushworth və həmkarı Franz-Xaver Neubert 25 insanın maqnetik rezonans tomoqrafiyası nəticələrini 25 makakanınkilə müqayisə etdilər. Sonda ventrolateral nahiyyənin 12 hissəsindən 11-in eyni olduğunu aydınlaşdıran alimlər dəqiqləşdirilmiş dar hissəyə makaka beynində rast gəlmədiklərini bildirdilər.

Strateji planlaşdırma, çox məsələlik və qərar verməyə nəzarət edən bu nahiyyənin insanı heyvanlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri olduğu hesab edilir.

Həmçinin oxuyun:

İnsanlar heyvanlardan ağıllı deyillər
Elmin gəldiyi son razılıq: "Heyvanlar da şüurludur"
Seks beyin fəaliyyətini gücləndirir
daha ətraflı...

February 8, 2014

Qaranlıq mühit eşitməni gücləndirir

Yeni bir tədqiqatın nəticələrinə görə görmə məhdudiyyəti zəif səslərin eşidilməsinə və tonallığın daha yaxşı müəyyən edilməsinə yardım edir. Gələcəkdə bu yeni üsullarla eşitmə pozuntusu olan insanların müalicəsi mümkün ola bilər.

ABŞ-dan olan alimlər siçanlar üzərində bir neçə tədqiqat apardıqdan sonra bir həftə qaranlıq mühitdə keçirilmiş müddətin, beyin konturlarının fəaliyyətindəki dəyişikliklər sayəsində eşitmə səviyyəsini yaxşılaşdırdığını aydınlaşdırdılar. Neuron jurnalında dərc edilən tədqiqatın müəllifləri kəşflərinin eşitmə qüsurluluğu olan insanlara gələcəkdə yardım təmin edəcəyini deyirlər.

Maryland və Johns Hopkins universitetlərindən olan tədqiqatçılar laboratoriya siçanlarını 6-8 gün müddətinə tam qaranlıq mühitə yerləşdirərək onların müxtəlif səsləri dinləməyinə şərait yaratdılar. Digər siçan qrupunu isə işıq olan mühitə qoyaraq və eyni səsləri dinlədərək sonda hər iki qrupun beyin reaksiyalarının göstəricilərini müqayisə etdilər. Nəticədə süni korluğun beyin konturlarının fəaliyyətini dəyişdirdiyi məlum oldu. Ən çox dəyişiklik səslərin dəqiqləşdirildiyi, tonallığın və gurluğun tanındığı "eşitmə korteksində" (kürəsi) qeydə alındı.

"Əldə etdiyimiz nəticələr görmə məhdudiyyətinin zəif səsləri eşitməyimizə və tonallığı daha yaxşı müəyyən etməyimizə imkan yaratdığını deyir. Əgər nə vaxtsa gur səs fonunda tanış bir mahnıdan olan hissəni eşitmisinizsə, bəzi notların itdiyini və melodiyanın bir qədər fərqli səsləndiyini fərq etmiş olarsınız. Bizim kəşfimiz korluğun bu itkin notları xilas edə biləcəyini ehtimal edir", - məqalənin müəllifləri qeyd edirlər.

Alimlər tədqiqatdan sonra siçanların kəskin eşitmə bacarığının bir neçə həftə ərzində saxlanıldığını, görmədə isə hər hansı bir mənfi təsir alınmadığını dedilər. Növbəti beş il ərzində eşitmə səviyyəsini yaxşılaşdıran bu dəyişikliyin daha uzunmüddətli olmasını təmin etmək üçün araşdırmalar aparılacaq.

"Görməni müvəqqəti məhdudlaşdıraraq yetkin insanın beyin neyronlarındaki əlaqələri dəyişdirib səsləri daha yaxşı dəqiqləşdirməsinə nail ola bilərik. Bu tapıntı çox şey qazandıra bilər. Məsələn, koxlear implant xəstələrinin eşitmələrini bərpa edə bilərik", - Johns Hopkins Universitetindəki Beyin İnstitutunun nevrologiya kafedrası dosenti Hey-Kyoung Lee deyir.

Həmçinin oxuyun:


Yaşanmış qorxu irsən ötürülür
Altshaymerin mənşəyi tapıldı
İnsanın mənşəyini maraqlandıran yeni tapıntı
daha ətraflı...

"House M.D." serialı həyat xilas etdi

Televiziya serialları heyranlarının yaxından tanıdığı, diaqnoz qoyulması qeyri-mümkün kimi görünən hadisələri həll edərək xəstələrini sağlamlığına qovuşduran, olduqca savadlı bir həkimin hekayəsinin izah edildiyi "House M.D." serialı bir insan həyatını xilas etdi.

Almaniyada ciddi ürək çatışmazlığı ilə yanaşı qızdırma, korluq, karlıq, genişlənmiş linfa vəziləri kimi çox sayda ağlasığmaz əlamətin bir yerdə toplandığı 55 yaşındakı xəstə "House M.D." pərəstişkarı olan bir həkim tərəfindən xilas edildi.

Xəstəsinin serialın yeddinci sezonunun 11. bölümündə bəhs edilən xəstəylə eyni əlamətləri göstərdiyini anlayan həkim serialın baş qəhrəmanı Dr. Gregory House'un "kobalt zəhərlənməsi" diaqnozunu qoyaraq xəstəni müalicə etdi.

Tələbələrinə dərs deyərkən mütəmadi olaraq bu serialdan faydalandığını izah edən Frankfurtun şimalındakı Marburg'da yerləşən Diaqnoz Qoyulmayan Xəstəliklər Mərkəzindən olan Dr. Jürgen Schaefer 2012-ci ilin mayında ürək çatışmazlığı problemi olan xəstəni gördükdən 5 dəqiqə sonra nəyin səhv olduğunu anladığını bildirdi.


Dr. Jürgen Schaefer
Serialda Dr. House'un xətalı bir omba protezi taxdıqdan sonra xəstələnən qayınanasına kobalt zəhərlənməsi diaqnozu qoyduğunu izah edən Schaefer, o dövrdə serialdan yola çıxaraq xəstənin narahatlığını asanca anladığını qeyd etdi.

Xəstənin, qırılan keramika omba protezinin dəyişdirilməsi üçün keçirdiyi əməliyyatın ardından problemlərinin ortaya çıxdığını deməsi ilə dərhal qanındakı kobalt səviyyəsini ölçən Schaefer və qrupu, daha əvvəl həkimlərin ürək nəqli keçirməsi lazım olduğunu dedikləri xəstəyə kobalt zəhərlənməsi diaqnozunu asanlıqla qoydu.

Protezdən sızan kobalt və xromun xəstənin qanına keçdiyini izah edən Schaefer, problem fərq edilərək omba protezi dəyişdirilən xəstənin ürəyinin daha yaxşı vəziyyətdə olduğunu və digər əlamətlərdə də yaxşılaşma təmin edildiyini açıqladı.

Məşhur ingilis aktyoru Hugh Laurie'nin serialın baş qəhrəmanı Dr. Gregory House'u canlandırdığı "House M.D." serialı televiziyada 8 sezon nümayiş olunduqdan sonra 2012-ci ildə sona çatmışdı.

Həmçinin oxuyun:

Yaşlanma prosesi dal-dalı getdi
İlk avtonom süni ürək köçürüldü
İnsan DNT-sinin ikinci kodu tapıldı
daha ətraflı...

Ev pişikləri haqda maraqlı faktlar

Yer üzündə ev pişiklərinin 500 milyondan artıq sayı, 40-dan artıq cinsi mövcuddur. Bunlardan 24-nün dərisindən xəz kimi istifadə oluna bilir.
Hər il Asiyada 4 milyondan artıq pişik insanlar tərəfindən yeyilir.
İtlərdən fərqli olaraq, pişiklər şirin şeylər iştahlandırmır, alimlər bunu dad reseptorunun mutasiyası ilə əlaqələndirilər.
Pişiklər şikarın arxasınca qaçarkən başlarını eyni səviyyədə saxlayırlar, halbuki insanlar və itlər bu zaman başlarını aşağı-yuxarı hərəkət etdirilər.
Dişi pişiklər əsasən sağpəncəli, erkəklər əsasən solpəncəlidir (solaxay). Maraqlıdır ki, insanların yalnız 10 faizi solaxaydır ki,  bunların da əksər qismi kişilərdir.
Pişiklər 100 müxtəlif səs çıxara bildiyi halda, itlərdə bu say 10-dur. Pişiklərin eşitmə qabiliyyəti itlərdən daha yüksəkdir. Pişik insanla müayisədə yüksəktezlili səslərin daha iki oktavasını eşitməyə qadirdir.  Pişiklər qısa məsafələri orta hesabla 49 km/saat sürətlə qət edə, öz boylarından 5 dəfə artıq hündürlüyə atlana bilirlər.
İtlərlə müqayisədə pişik beyni insan beyninə bioloji olaraq daha yaxındır. İnsan və pişikdə emosiyalara beynin eyni sahələri cavabdehdir.
Əvəllər hesab olunurdu ki, pişiklər ilk dəfə qədim Misirdə təqribən 5 min əvvəl əhliləşdirilməyə başlamışdır. Yaxınlarda Kipr adasında aparılan arxeoloji qazıntılar zamanı 9500 il yaçı olan qəbirdən ev pişiyinin fosili aşkar edilmişdir.


Orta əsrlərin Avropasında

İspan folkloruna görə, Adəmin birinci arvadı Lilit qara rəngli vampir pişiyə dönərək yatmış uşaqların qanını içirmiş. Sonralar bu, belə bir mövhumata səbəb olmuşdu ki, pişiklər yatan uşaqları boğmaqla, yaxud nəfəsini sorub çıxarmaqla qətlə yetirir. Bütün bunlar qara pişiyin bəd əlamət hesab olunmasına səbəb vermişdi. Pişiklərə müncər olunan şər xüsusatı ona gətirib çıxardı ki, İspaniyada Papa VII İnnokentin dövründə həyata keçirilən inkvizisiyalar zamanı on minlərlə ev pişiyi lənətlənərək tonqalda yandırılmış, habelə onların güllələnərək öldürülməsi geniş yayılmışdı. Pişiklərin kütləvi məhv edilməsi siçovulların populyasiyasının kəskin artımına səbəb olmuş, bu isə tarixdə  “Qara Ölüm” adlanan taun epidemiyasının geniş yayılmasına rəvac vermişdir. Orta əsrlər Avropasında pişiklərin cadugərliklə əlaqələndirildiyi dövr olmuşdur. Müqəddəs Yohann günündə demək olar bütün Avropada pişikləri kisələrə salıb diri-diri tonqala atırdılar. Müqəddəs günləri insanlar pişikləri kilsə qülləsindən aşağı atmaqla bayram edərdilər.

Pişiklər Şimali Amerikada ən çox bəslənən ev heyvanıdır – təqribən 73 milyon (ev itləri – 63 milyon). Amerika ailələrinin təqribən 30 faizi pişik saxlayır. Pişik yemlərinə şəkilən illikk xərc 4 milyard dollardan artıqdır. Bu uşaq yeməklərinə xərclənən puldan 1 milyard dollar artıqdır. ABŞ-da hər il orta hesabla 40 min adam pişik dişləmələrinə məruz qalır. 
Avropa dillərində ev pişiyinin adlanması (cat, catt, cath, chat, katze) Latincatus sözündəndir ki, bu da feles’in (çöl pişiyi) əksi kimi dilə düşmüşdür.  
Bəzi pişiklər 20 metr hündürlükdən yerə düşməklə, “refleks” sayəsində sağ qala bilirlər. Gözlər və daxili qulaqda yerləşən müvazinət mexanizmi onlara havada ikən vəziyyəti təyin etməyə imkan verir. Bunun sayəsində onlar yerə pəncələri üstə düşürlər. Bu qabiliyyəti quyruğu olmayan pişiklər də nümayiş etdirir.
Pişiklərin insana sürtünməsi onların yabanı əcdadlarından qalmış instinktiv davranışdır. Vəhşi pişiklər bu üsulla öz ərazilərinin sərhədlərini müəyyən edirlər. Pişiyin üz ətrafında olan qoxu vəziləri sürtünmə nəticəsində qoxu alır, habelə bədənini predmetə sürtməklə predmetin səthində öz iyini saxlayır, bir növ nişanlayır.

Pişiyin mırıldama mexanizmi elmdə hələ ki dəqiq öyrənilməmişdir. Hesab olunur ki, bu, pişiklərin boğaz dərinliyində yerləşən səs  bükümlərinin vibrasiyası sayəsində mümkün olur. Bu zaman  qırtlaq əzələləri saniyədə 25 dəfəcən yığılıb-açılmaqla havanın səs bükümləri ilə təmasından səs çıxarırlar.

Qədim Misirdə

Qədim Misirdə ev pişiyi ölən zaman ailə üzvləri öz qaşlarını qırxmaqla ona yas tuturdular. Pişiyin cəsədi mumiyalanaraq, xüsusi hazırlanmış tabutda təntənəli dəfn olunur, bu zaman ailə üzvləri çaxır içmək və sinə döyməklə əzabdarlıq edirdilər. 1888-ci ildə Misirdə pişik qəbirsanlığında 300 mindən çox mumiyalanmış pişik cəsədi aşkar edilmiş, gübrə kimi istifadə olunmaq üçün ABŞ və İngiltərəyə daşınmışdır. 

Qədim Misirdən qaçaqmalçılıq yolu ilə pişik aparılması edamla cəzalandırılırdı. Bununla belə, Finikiya tacirləri Misirdən ev və çöl pişiklərini gizli yollarla Yunanıstana aparıb Afina və digər şəhərlərdə varlı adamlara baha qiymətə satırdılar.

Qədim misirlilərin bir qismi müəyyən dövrdə Bast adlanan ilahəyə sitayiş etmişlər. Bu ilahə pişik başlı qadın vücudu kimi təsvir olunurdu.
Ev pişiyinin ən qədim əcdadının 30 milyon il əvvəl yaşadığı hesab olunur. Alimlər onu Proailurus (yun. “ilk pişik”). Müasir ev pişiklərinin də aid olduğu pişiklər fəsiləsinin 12 milyon il əvvəl təkamül etdiyi fərz edilir. 
Pişikərin əksər cinsləri adətən 1-9 bala doğurlar. Qeydə alınmış rekord rəqəm 19 bala olmuşdur ki, bundan 15-i doğuşdan sonra sağ qalmışdır. 
Avropanın bir hissəsi və Şimali Amerikada qara pişik uğursuzluq rəmzi hesab edildyi halda, İngiltərə və Avstraliyada əksinə, qara pişik uğur rəmzi sayılır.
Ən məhşur pişik cinsləri Fars pişiyi, Meyn-kun və Siam pişikləridir. Ən kişik ev pişiyi Singapura 1,8 kq, ən iri pişik Meyn-kun – 11,3 kq çəki verə bilirlər. Ən qədim cins Misir Mao’su sayılır. Qədim Misirdə pişiyə “mao” deyilirdi. İndiyədək ən baha qiymətə (50 min $)  satılmış pişik – Little Nicky – qədim cinsin klonu olmuşdur.
Bəzi Siam pişikləri çəpgöz doğulur. Səbəb odur ki, beynin sol hissəsinin əksər sinirləri sağ gözə, sağ hissəinin sinirləri əsasən sol gözə gedir. Nəticədə görüntülər haçalanır və pişik bunu gözlərini “çarpazlamaqla” aradan qaldırırlar.
Ev pişikləri suya girməkdən xoşlanmırlar, ona görə ki, onların xəzi dərini suya islanmaqdan lazımi şəkildə qoruya bilmir. Yalnız Türkiyə Van cinsi pişikləri suda üzməyi xoşlayırlar. Onların xəzi yüksək sukeçirməzlik xassəsinə malikdir.    
Pişiyin adətən sifətinin hər yanında 12 bığı olur.
Pişiklərin görmə qabiliyyəti insanla müqayisədə bir cəhətdən geri, digər cəhətdən üstündür. Üstündür ona görə ki,   onlar işığı daha geniş dimmerdə görür və periferik görmə əhatəsi daha genişdir. Geridir ona görə ki, onlar rəngləri insan qədər səlis seçə bilmirlər. Alimlər hesab edir ki, yaçıl ot pişiyin gözündə  qırmızı rəngdə görünür (bizim qırmızı rəngdə).
daha ətraflı...

R-7 Semyorka

R-7 Semyorka - insanlığı kosmosla tanış edən ilk müvəffəqiyyətli roketdir.

SSRİ-nin 1957-ci ildə ilk uçuşunu reallaşdıran bu ballistik roket ilk süni peyk Sputnik'i və kosmosa qalxmış ilk insan Yuri Qaqarini orbitə daşımışdır. Semyorka orjinal adıyla son uçuşunu 1967-ci ildə etmiş olsa da, son versiyası olan Soyuz-2 hal-hazırda Beynəlxalq Kosmik Stansiyası ilə Yer arasındakı daşıma vəzifəsini davam etdirir.

Qaynaq: Evrim Ağacı
daha ətraflı...

February 7, 2014

İlk yırtıcılar dimetrodonlar idi

Yeni bir tədqiqatın nəticələrinə görə Yer üzündə Perm dövründə yaşamış dimetrodonlar olduqca təkmilləşmiş yırtıcı dişlərə sahib idilər. Aydınlaşdırılmış bu xüsusiyyət "Yerin ilk həqiqi yırtıcısı" adını dinozavrlardan alaraq dimetrodonlara verir. Əlaqədar məqalə 7 fevral 2014 tarixində Nature Communications jurnalında dərc edildi.

Toronto Universitetindən (Kanada) olan Robert Reisz və Kirstin Brink planetdə 280-265 milyon il əvvəl yaşamış bir neçə qədim dimetrodonlara aid fosilləri araşdırdıqdan sonra belə qənaətə gəldilər. Məməlilərin ilk əcdadları kimi, dimetrodonlar da sinapsidlər (qədim dördayaqlılar) qrupuna daxildir.

200-250 kiloqram çəkisi və 2,7-4 metr uzunluğu olan dimetrodonlar o dövrün ən iri yırtıcıları idi. Bu heyvanların nə ilə qidalandığına dair hələlik qəti cavablar yoxdur. Bundan başqa dimetrodonların ov üsulları və ekosistemdəki mövqeləri barədə, demək olar ki, heç bir məlumat yoxdur.

Reisz və Brink elektron analiz mikroskopu köməyilə bir neçə dimetrodon diş nümunəsi üzərində işlər apararaq bu qaranlıq mövzulardan birini aydınlığa çıxarmağa nail oldular. Bu üsul alimlərə onların strukturunu öyrənməyə və müasir yırtıcılarla birgə dinozavr dişləri ilə də müqayisə etməyə fürsət təmin etdi. Nəticədə dimetrodonların kifayət qədər təkmilləşmiş yırtıcı dişlərə sahib olduqları məlum oldu. Diş səthinin nisbətən düz olmasına baxmayaraq yenə də dişlər olduqca iti və ovun bədəninin yumşaq toxumalarını parçalamaq üçün kafi idi.

Həmçinin bu dişlərdə, əvvəllər yalnız dimetrodonların uzaq qohumları olan məməlilərdə rast gəlinən "çeynəmə qabarıqlarının" olduğu aydınlaşdırıldı. Alimlər əldə edilən faktlarla yırtıcı diş təkamülünü daha 40 milyon il geriyə daşımalı olduqlarını qeyd etdilər.

"Dişlər skeletin digər hissələrindən fərqli olaraq heyvanın həyat tərzi mövzusunda daha çox öyrənməyimizə yardım edir. Xüsusi kəllə sümüyü quruluşu olan dimetrodonlar öz iti dişlərini qurbanlarının bədənlərinə asanca keçirə və iri tikələr qopara bilirdilər", - Reisz deyir.

Qaynaq: Nature , ScienceDaily
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top