March 25, 2014

İmmun sistemi geninin deaktiv edilməsi uzun ömürlülük təmin etdi

Yeni bir tədqiqatın nəticələrinə görə immun sisteminə nəzarət edən FAT10 geninin deaktiv edilməsi siçanlarda ömür müddətinin uzanması ilə yanaşı, piy təbəqəsi qalınlığının azalmasına gətirib çıxarır. Genetiklər nəticələrin uzun ömürlülüklə immunitet arasındaki yaxın əlaqəyə aid məlumatları təqdim etdiyini qeyd edirlər.

"Heç kim FAT10-un iltihablar zamanı aktivləşdiyindən və mədə-bağırsaq traktı və cinsi orqan xərçəngi ilə əlaqəli olduğundan başqa nəyə səbəb olduğunu bilmirdi. Bu genin deaktiv edilməsi qocalmağı yavaşladan və ömrü 20% uzadan piy ehtiyatının azalması da daxil olmaqla çoxlu müsbət təsirlər meydana gətirir", - Tafts Universitetindən (ABŞ) olan Martin Obin deyir.

Obin və həmkarları tədqiqat apardıqdan sonra belə qənaətə gəldilər. Həmin tədqiqatda onlar FAT10 və əlaqəli genlərin funksiyalarını aşkar etməyə çalışırdılar. Bunun üçün alimlər FAT10 genləri silinmiş siçanları yetişdirərək digər sıravi siçanlarla müqayisə etmək qərarına gəldilər.

Bu genin deaktiv edilməsi bir çox maraqlı və gözlənilməz nəticələri doğurdu - belə siçanlar daha artıq qidalanmağa başladılar, çəkiləri isə artmadı. Bundan başqa bədənlərindəki piy ehtiyatı digər siçanlardan fərqli olaraq xeyli az idi.

FAT10-un ləğv edilməsinin ən vacib effekti bu oldu ki, həmin siçanlarda ömür müddəti digər adi siçanlardan 20% artıq idi. Alimlər hələlik bu təsirin piylənməyə az meyl ilə əlaqəli olub-olmadığından əmin olmadıqlarını bildirirlər.

"Laboratoriya siçanları praktiki olaraq bakteriyaların olmadığı kameralarda yaşayır. Orqanizm infeksiyalarla mübarizə üçün çoxlu enerji sərf edir, bunun da qaynağı piy ehtiyatıdır. FAT10 genləri olmayan siçanlar laboratoriyadan kənar mühitdə infeksiyalara uğurlu müqavimət göstərmək üçün kifayət qədər zəif ola bilərlər. Siçanlarda immun sistemi və piy ehtiyatı arasındaki tarazlığı meydana gətirmək üçün növbəti tədqiqatlar zəruridir, ardından isə bunu insanlar üzərində tətbiq edə bilərik", - Obin son olaraq əlavə edir.

Həmçinin oxuyun:

Yaşlanma prosesi dal-dalı getdi
Yaşanmış qorxu irsən ötürülür
QİÇS-ə qarşı mutasiya
daha ətraflı...

March 18, 2014

Hokinq mərci udduğunu hesab edir

Astrofizik Stiven Hokinq bir müddət əvvəl Miçiqan Ştatı Universitetindən olan Qordon Keynə mərci uduzaraq ona 100 dollar verməli olmuşdu. O, Böyük Adron Kollayderində işləyən fiziklərin Hiqqs bozonunu tapa bilməyəcəklərini iddia etmişdi. Hiqqs bozonu isə həmin kollayderdə kəşf edildi.

Britaniyalı astrofizik indi isə hesab edir ki, kainatın başlanğıcında meydana gəlmiş cazibə dalğalarının mövcudluğunun dünən tam təsdiqlənməsi onun başqa bir mərcdən qalib çıxdığını göstərir. Bu barədə Hokinq BBC Radio 4-ə açıqlama verib.

Dünən Harvard-Smitsonian Astrofizika Mərkəzindən olan alimlər Antarktikada yerləşən BICEP2 rəsədxanası köməyilə Böyük Partlayışdan qalma mikrodalğaları qeydə almağa və onların polarizasiyasını ölçməyə nail olduqlarına dair məlumat yaydılar. Onların fikrincə, yeni tapıntı cazibə dalğalarının mövcudluğunu və kainatın sürətlənərək genişləndiyini təsdiqləməyə kifayət edir.

Hokinq radioverilişin canlı yayımında kanadalı həmkarı Nil Turok ilə etdiyi bəhsdən qalib çıxdığını dedi. Turok davamlı "Böyük Partlayış" və"Böyük sıxılmadan" ibarət tsiklik kainatlar modelini dəstəkləyən alimlərdəndir. O isə əvəzində Hokinqlə etdikləri mərcin digər elmi alət - kosmik teleskop "Planka" dair olduğunu, Plankın isə cazibə dalğalarına rast gəlmədiyini bildirdi.

Turok həmçinin cazibə dalğalarının mövcudluğuna dair sübutların hələlik kafi miqdarda olmadığını qeyd etdi. Dediyinə görə, aparılmış tədqiqat həddindən artıq qəliz idi, tədqiqatçılar isə iddia etdikləri mövzunu dərin araşdırmadan və tam izah etmədən qəbul ediblər. Turok məlumatların tam dəqiqləşdirilmədən bəhsin başa çatmayacağını deyir.

Həmçinin oxuyun:

Nobel mükafatına layiq kəşfə imza atıldı
Hokinq: "Qara dəliklər mövcud deyil"
Stiven Hokinq sağala bilər
daha ətraflı...

Nobel mükafatına layiq kəşfə imza atıldı

Astronomlar fon radiasiyasında cazibə dalğaları izlərinə rast gələrək kainatın inflyasiya modelini təsdiq etməyə nail oldular. Dünya elm ictimaiyyətinin fikrincə illərdir gözlənilən bu tapıntı Nobel mükafatı qazandıracaq.

Elm dünyasında ajiotaj yaratmış, dünən (17 mart 2014) təşkil olunmuş press-konfransda alimlər kainatın inflyasiya modelini dəstəkləyən sübutların tapıldığına dair açıqlama verdilər. Tədqiqatçıların dediyinə görə, Böyük Partlayış (The Big Bang) anından dərhal sonra meydana gəlmiş sürətli genişlənmə prosesində ortaya çıxmış siqnalları qeydə almaq mümkün olub.


Tədqiqat nəticələrinin hələ bir çox mütəxəssis tərəfindən gözdən keçiriləcəyi bildirilir. Buna baxmayaraq dünyaca məşhur alimlər artıq əldə edilmiş məlumatların cazibə dalğalarını təsiqləmək üçün kafi olduğunu deyirlər. Çox yaxında bu tədqiqatı aparmış alimlərin Fizika üzrə Nobel mükafatına layiq görüləcəyi gözlənilir.

Nəticələr BICEP2 layihəsi üzərində işləyən amerikalı alimlərdən ibarət qrup tərəfindən əldə edilib. Onlar, Cənub qütbündə yerləşən və davamlı olaraq kosmik siqnalları qeydə alan radioteleskopun təmin etdiyi məlumatları araşdıraraq cazibə dalğalarına aid izləri aşkar etməyə nail oldular.

İnflyasiya modelinə əsasən Böyük Partlayış ardından meydana gəlmiş nəhəng cazibə dalğaları mövcud olmalıdır. Dalğalara aid izlər isə kosmik mikrodalğa arxa plan şüalanmasında qalmalıdır. BICEP2 layihəsi tədqiqatları prosesində məhz belə izlərə - maqnit şüalanma modası (B-moda) polarizasiyalarına rast gəlindi
. Ancaq kainatın başlanğıcında meydana gəlmiş cazibə dalğaları arxa plan şüalanmasına belə izlər buraxa bilərdi.

Cazibə dalğaları hələ 100 il əvvəl Albert Eynşteyn tərəfindən məşhur Ümumi Nisbilik Nəzəriyyəsində (ÜNN) irəli sürülmüşdü. Bu tapıntıyla həm də ÜNN-ə aid daha bir tutarlı dəlil ədə edilmiş oldu.

"Qarşımızda möhtəşəm perspektivlər açılır. Tamamilə yeni fizika sahəsi bundan sonra ancaq Böyük Partlayışdan sonra baş vermiş hadisələri araşdıracaq", - BICEP2 qrupunun başçısı Con Kovaç qeyd edir.

Həmçinin oxuyun:

Kosmos gözümüzü zədələyir?
Əlvida Big Bang, Xoş gəldin Qara Dəlik?
Hawking: "Big Bang Tanrıya ehtiyac duymur"

daha ətraflı...

March 12, 2014

Süni ilkin hüceyrəyə "can verildi"

Alimlər uzun müddətdir ki, kimyəvi birləşmələrdən ibarət "qədim Yer bulyonunda" ilkin hüceyrələrin (proto-hüceyrələr) replikasiyaya qadir canlı orqanizmlərə doğru necə inkişaf etmiş ola biləcəyini aydınlaşdırmağa çalışırdılar.

Science jurnalında dərc edilən xəbərə görə, Nobel mükafatı laureatı Cek Şostak əvvəllər yaratdığı süni ilkin hüceyrəyə limon turşusu duzu əlavə edərək onu "canlandırmağa" nail olub. Proto-hüceyrə artıq RNT molekulunu özbaşına istehsal edir, üstəlik bu prosesdə örtüyü dağılmır.

Təcrübənin əsas hədəfi "ilkin hüceyrə" modeli yaratmaq idi: onun örtüyü "müasir" molekullardan deyil, sadə yağ turşularından ibarət idi, hansılar ki qədim Yerdə mövcud ola bilərdilər. Lakin bu süni ilkin hüceyrə modelini təkmilləşdirmək lazım idi, çünki RNT molekulu sintez etməyə qadir deyildi və örtüyü dağılırdı.

Süni ilkin hüceyrəyə "can vermək" üçün alimlər RNT molekulunu sintez edən fermentlə əlaqəli maqnezium ionlarını əlavə etmək qərarına gəldilər. Yeganə əngəl bundan ibarət idi ki, ionlar ilkin hüceyrənin örtüyünü dağıdırdı. Şostak və həmkarları onu müxtəlif xelatorlar ilə qorumağa cəhd etdilər. Ən effektiv xelator limon turşusu duzu çıxdı. Belə ki, o, maqnezium ionlarının dağıdıcı hərəkətini aradan qaldırırdı, buna baxmayaraq ionlar yenə də RNT replikasiyasını təmin etməyə davam edirdi.

"Biz, yağ turşularından ibarət sadə örtüyü olan hüceyrədə RNT replikasiyası prosesini aktivləşdirməyin ən azı bir üsulu olduğunu göstərdik. Hesab edirik ki, qədim Yerdə limon turşusu duzunun reaksiyası kimi təsirləri olan sadə peptidlər mövcud olmalı idi. İndi onların axtarışındayıq", - Şostak qeyd edir.

Həmçinin oxuyun:

Plastik hüceyrə yaradıldı
Nanomühərriklər canlı hüceyrə içərisində işlədi
Zülalların təkamülünü maraqlandıran yeni tapıntı
daha ətraflı...

March 11, 2014

"5 saniyə qanunu" təsdiqləndi

Əsasən ingilis dilli ölkələrdə "5 saniyə qanunu" çox məşhurdur: yerə düşmüş qidanı tez qaldırdıqda yemək olar. Başqa deyimlə, yerə düşmüş qida 5 saniyə ərzində qaldırıldıqda düşmüş hesab olunmur. Bu, daha çox insanlar arasında geniş yayılmış əfsanəyə bənzəyirdi, Aston Universitetindən olan alimlər isə qanuna elmi əsas qazandırdılar.

Birminqemdə yerləşən Aston Universitetindən olan tədqiqatçılar yerə düşmüş ərzaq nə qədər tez qaldırılsa,üzərində  bir o qədər az bakteriya qala biləcəyini təsdiq etdilər.

"Döşəməyə düşmüş ərzaqdan istifadə etmək, bakteriya növlərindən asılı olaraq, müəyyən qədər risk daşıyır. Lakin apardığımız tədqiqat 5 saniyə qanunundan istifadə edən insanlara haqq qazandırır", - mikrobioloq Entoni Hilton qeyd edir.

Tədqiqatda xalça, parket və laminat kimi müxtəlif döşəmə səthləri üzərinə buterbrod, şirniyyat və makaronlar atıldı. Alimlər stafilokokke. coli kimi bakteriyaların hansı müddətə qida üzərinə keçdiklərini yoxladılar. Ərzaqların döşəmə üzərində qalma müddəti 3-30 saniyə arasında dəyişirdi. Nəticədə məlum oldu ki, qidanın mikroblarla zəhərlənməsi prosesində ən əsas faktor məhz zamandır. Alimlər hətta makaron və şirniyyat dilimi kimi yapışqan qidaların belə yerə düşdükdən sonra 5 saniyədən az bir müddət ərzində qaldırıldığında istifadə üçün təhlükəsiz ola biləcəyini qeyd etdilər. Ərzaq yerdə nə qədər uzun müddət qalırdısa, mikroblarla zəhərlənməsi riski bir o qədər artıq olurdu.

Həmçinin oxuyun:

Ən məşhur elmdən kənar əfsanələr
"Qədim misirlilər elektrik istifadə edirdilər" cəfəngiyyatı
Təkamül təlimi və Yaradılışçılıq
daha ətraflı...

Qan analizi ilə Altshaymer proqnozlaşdırılacaq

Amerikalı alimlər insanın növbəti 3 il ərzində Altshaymer və digər neyrodegenerativ xəstəliklərdən əziyyət çəkib-çəkməyəcəyini dəqiq proqnozlaşdırmağın üsulunu kəşf ediblər. Bu tapıntı xəstələrin intellektual və bioloji həyatlarını uzatmağa kömək edə bilər.

Corctaun Universitetindən olan Hovard Federoff və həmkarları beş illik tədqiqatların nəticəsi olaraq Altshaymer xəstəliyinin ilk simptomlarının meydana gəlməsini hələ 3 il əvvəldən proqnozlaşdırmağın üsulunu öyrəniblər. Tədqiqatda 70 yaşdan yuxarı 500-dən artıq kişi iştirak edib. Tədqiqatçılar davamlı olaraq onların qan nümunələrini toplayaraq neyrodegenerativ gərginliklərin yaranıb-yaranmadığını yoxladılar.

Araşdırmaların ilk 3 ilində alimlər kifayət qədər məlumat əldə edərək, bunları yaddaşı güclü olaraq qalmış və Altshaymerə tutulmuş yaşlı kişilərinki ilə müqayisə etdilər. Nəticədə on fosfolipid (fosfor və yağ birləşmələri) ayırd edildi, hansılar ki neyrodegenerativ xəstəliklərin inkişafı ilə əlaqələndirilir.

Növbəti 2 tədqiqat ili ərzində isə alimlər bu birləşmələrə xəstəliyin ilk simptomlarının yaranmasından əvvəl insanların qanlarında rast gəlinib-gəlinmədiyini və bunun nə vaxt baş verdiyini aydınlaşdırmaq qərarına gəldilər. Nəticələr göstərdi ki, əksər insanlarda xəstəliyin inkişaf edəcəyini 3 il əvvəldən proqnozlaşdırmaq mümkündür. Alimlər yaxın gələcəkdə bir çox neyrodegenerativ xəstəlikləri əvvəldən proqnozlaşdırmağın və müalicə etməyin mümkün olacağını qeyd edirlər.

Həmçinin oxuyun:

Altshaymerin mənşəyi tapıldı
Yaşlanma prosesi dal-dalı getdi
Bakteriyaların bütöv genomu yenidən kodlaşdırıldı
daha ətraflı...

Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı


Geoloqların apardığı yeni bir tədqiqatın nəticələrinə görə təxminən 65,5 milyon il əvvəl Yer canlılarının nəslinin kəsilməsinə səbəb olan katastrofik hadisə olan asteroid düşməsindən sonra atmosferə kükürd birləşmələrinin atılması ilə okeanların ani turşulaşması baş verə bilərdi. Bu da kütləvi nəsil kəsilmələrinin niyə həm suda, həm quruda baş verdiyini - çoxlu sayda dəniz sürünənləri, onurğalı-onurğasız və ammonit molyuskaları məhvini izah edə bilər.

Çiba Texnoloji Universitetindən (Yaponiya) olan Sosuke Ono və həmkarları Mərkəzi Amerikada yerləşən Yukatan yarımadasındaki Çiksulub kraterinin qayalıqlarının kimyəvi tərkibini araşdırdıqdan sonra belə qənaətə gəliblər. Onlar, Çiksulub qayalıqları fraqmentləri ilə mini-asteroidləri toqquşdurduqdan sonra böyük miqdarda SO3 və digər birləşmələrin ayrıldığını aydınlaşdırdılar, hansılar ki qədim Yer okeanına qarışdıqda onu kifayət qədər turşulaşdıra və bir çox canlının nəslinin kəsilməsinə səbəb ola bilərdi.

Alimlərin dediyinə görə, bu təcrübə mal-paleogen nəsil kəsilmələrində "kükürd faktorunun" əsas səbəblərdən biri olduğunu sübut edir.

Həmçinin oxuyun:

Kometlər "amin turşusu fabrikləri" ola bilər
Dinozavrların "qatili" həyatı kosmosa yaydı
Marsa aid ən qədim meteoritlər
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top