March 30, 2014

Süni xromosom hazırlanaraq hüceyrəyə yerləşdirildi

Nyu-York Universitetindən olan Cef Buke və həmkarları ilk dəfə süni xromosom yaradaraq onu maya hüceyrəsi içərisinə yerləşdirməyi bacarıblar. Bu tapıntı elmdə genişmiqyaslı genom "dəyişiklikləri" işlərinə yeni cığır açır.

"Genomu dəyişdirmək rulet oynamaq kimi bir şeydir. Xətalı dəyişiklik hüceyrəni məhv edə bilər. Biz, sintetik xromosomun kodunda təxminən 50 min modifikasiya etdik, mayalar isə hələ də sağ-salamatdırlar. Bu, heyrətedicidir", - Cef Buke qeyd edir.

Alimlər artıq yeddi ildir ki çörək mayalarının (Saccharomyces cerevisiae) tam süni genomunu hazırlamaq işi üzərində çalışırlar. 2011-ci ildə onlar "Frankenşteyn mayalarını" əldə etməyə nail olmuşdular. Göbələk genomlarına genləri təsadüfi olaraq qarışdıra və deaktiv edə bilən xüsusi mexanizm yerləşdirilmişdi.

Əldə olan məlumatları istifadə edərək alimlər mayaların 237 min nukleotiddən ibarət 3-cü xromosomunun sintetik kopiyasını yığmağı bacardılar. Bu, maya genomundaki ən qısa hissələrdən biridir. Mütəxəssislər xromosomun uzunluğunu qısaldaraq onu stabilləşdirdilər. Həmçinin onu mutasiyalara səbəb olan tullantı DNT və mobil genetik elementlərdən təmizlədilər.

Alimlər xromosomların bir neçə kopiyasını yaratdıqdan sonra onları fraqmentlərə böldülər. Ardından isə ard-arda fraqmentləri yenidən maya hüceyrələrinə yeridərək onların nüvəyə daxil olmalarına şərait yaratdılar. Nəticədə bu fraqmentlər nüvə içərisində birləşərək üçüncü xromosomun süni versiyasına çevrildilər.

Bukenin başçılığındaki tədqiqatçı qrup kiçik maya koloniyası quraraq göbələklərin davamlılığını yoxlamaq üçün onları müxtəlif qıcıqlandırıcılara məruz qoydu. Alimlərin dediyinə görə, sintetik xromosomlu mayalar müqavimətdə təbii göbələklərdən heç də geri qalmır və genetik mutasiyaları anoloji tezliklə baş verir.

Tədqiqatın müəllifləri yaxın perspektivdə digər xromosomların da süni kopiyalarını hazırlamağı planlaşdırır.

Həmçinin oxuyun:

Nanomühərriklər canlı hüceyrə içərisində işlədi
Süni ilkin hüceyrəyə "can verildi"
Kök hüceyrələrini əldə etməyin yeni üsulu tapıldı
daha ətraflı...

March 29, 2014

Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi

Kompüter tomoqrafiyası üsulları ilə qədim misirlilərin yaşayışı ilə bağlı bir çox maraqlı faktlar aşkar edilib - nə ilə qidalandıqları, hansı xəstəliklərdən əziyyət çəkdikləri və bədənlərinin müxtəlif hissələrinə hansı tatuları döydürdükləri ilə bağlı.

Aparılmış son tədqiqatların nəticələrinə əsasən, qədim misirlilər bu gün bizim yoluxduğumuz xəstəliklərdən əziyyət çəkirdilər. Bunlardan bəziləri qandaki yüksək xolesterin miqdarı, yağlı qida rasionu və dişlərlə bağlı problemlər idi.

Alimlər kompüter tomoqrafiyası köməyilə səkkiz mumiyanı araşdırdılar. Əldə edilmiş radiokarbon analizi və infraqırmızı reflektoqrafiya şəkilləri qədim insanların yaşayışı ilə bağlı vacib məlumatlar təmin etdi.

Mumiyalardan ikisinin ayağında əsasən xolesterin və kalsiumdan ibarət səpgilər aşkar edildi, bu da onların həddindən artıq yağlı qida rasionu üzündən ürək-damar xəstəliklərindən əziyyət çəkdiklərini təsdiq edir.

Əksər mumiyaların çənə və dişlərinin vəziyyəti heç də ürəkaçan deyildi. Boğazlarında irinlərə rast gəlindi, hansılar ki yaxşı müalicə edilmədikdə iltihablara və ardından boğulma ilə ölümə gətirib çıxara bilərdi.

Şəkillərdən birində mumiyanın bud nahiyyəsində açıq-aşkar mələk təsvir edilən tatu döydürüldüyü görünürdü. Fərziyyələrə görə tatudaki mələk hər üç səmavi dində məşhur olan baş mələk Mikayıla aiddir. Lakin burada qədim Misir və səmavi dinlərin tarixi arasındaki zaman ziddiyyəti meydana gəldiyi də bildirilir.

Araşdırılmış mumiyalar fərqli sosial təbəqələrdən olmuş insanlara aid idi. Mumiyalardaki qida qalığı analizi nəticələri qədim misirlilərin həmçinin balıq, çörək, şirin meyvələrlə qidalandıqlarını, içkilər arasında isə pivəyə üstünlük verdiklərini göstərdi.

Həmçinin oxuyun:

"Qədim misirlilər elektrik istifadə edirdilər" cəfəngiyyatı
Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı
Qədim avropalı mavi gözlü və qarabəniz idi
daha ətraflı...

Multikainatda yaşayırıq?

Bu yaxınlarda fon radiasiyasında tapılmış cazibə (qravitasiya) dalğalarına aid izlər bir daha təsdiq edir ki, bizim dünyamız saysız qədər kainatlardan yalnız biridir. Bundan başqa, kainatımız həyatın yaranması üçün əlverişli şərtlər daşıyan bir neçə kainatdan da biridir.

Ənənəvi üç-dörd ölçülərdən (sola-sağa, irəli-geri, yuxarı-aşağı və yalnız irəli - gələcəyə) bezənlərə kainatın mənşəyini araşdıran kosmoloqlar maraqlı alternativlər təqdim etməyə hazırdırlar. Alimlərin dediyinə görə, bir neçə gün əvvəl kosmik mikrodalğa arxa plan şüalanmasında tapıldığı təsdiq edilmiş cazibə dalğaları izləri kainatımızın əslində Multikainat, yəni çoxlu kainatlardan ibarət hiperməkan içərisində üzdüyünü sübut edir.

Kainatın inflyasiya modeli

Əldə edilmiş nəticələr göstərir ki, məkan və zamanın inflyasiyası, başqa deyimlə, onun bütün ölçülərinin eksponensial genişlənməsi çox intensiv baş verirdi, bu da meydana gəlmiş bütöv strukturun kainatımızdan dəfələrlə böyük olduğuna dair məlumatlar təmin edir.

"İnflyasiya modellərinin əksər ssenarilərində Multikainatın yaranması nəzərdə tutulur", - Stenford Universitetindən olan keçmiş SSRİ və ABŞ fiziki Andrey Linde deyir. Qeyd edək ki, ilk dəfə 1983-cü ildə Sovet fiziki Andrey Linde Alan Qutun kainatın ilkin inflyasiya nəzəriyyəsini inkişaf etdirərək xaotik inflyasiya ssenarisini izah etmişdi.

Cazibə dalğaları izinə rast gəlmiş BICEP2 tədqiqat qrupunun əldə etdiyi nəticələr məkan-zamanın intensiv genişlənməsi prosesi modelini təsdiq edir. Məhz bu model əslində bir deyil, saysız qədər kainatın böyük Multikainat içərisində üzdüyünü göstərir. Böyük Partlayış (The Big Bang) hadisəsindən sonra da yeni kainatlar sürətlə yaranmağa davam edirdi.



"Multikainatın mövcudluğu kainatımızdaki bir çox hadisələri müvəffəqiyyətlə izah edir. Məsələn, Yerdə həyatın yaranmasını", - Massaçusets Texnoloji İnstitutundan olan Alan Qut qeyd edir.

Pulsuz yemək

Alan Qut Multikainatı pulsuz təklif edilmiş yeməklə müqayisə edir. Andrey Linde isə dəqiqləşdirir: "bu həm də saysız qədər yemək arasında seçim etməyin mümkün olduğu isveç masasıdır". Hər iki fizik hesab edir ki, Böyük Partlayışdan sonra meydana gəlmiş dünyalar tamamilə fərqli ola bilər. Ulduzlar, planetlər, qaz buludları və qalaktikalarla dolu kainatımız sonsuz kainat variasiyalarından yalnız biridir. Digər kainatların məkan, zaman, cazibə qüvvəsi, fotonlar, atomlar və s. anlayışlardan məhrum edildiyi xeyli mümkündür. Belə kainatları təsəvvür etmək belə çox çətindir.

Böyük Partlayış start nöqtəsindən xaotik inflyasiya ilə doğulmuş Multikainat çoxlu kainatlardan ibarətdir (bizim kainat da daxil olmaqla), hansılar ki bir-birindən hələlik naməlum sahələrlə təcrid ediliblər. Bu da göstərir ki, kainatımızın hesab edilən ölçüsü - təxminən 92 milyard işıq ili - fərqli ölçüləri, trayektoriyaları və fiziki xüsusiyyətləri olan digər kainatların yanında yalnız bir zərrədir.

Astrofizikanın sirrlərinin tapılması

Baxmayaraq ki Alan Qut Multikainat modelinin alovlu tərəfdarıdır, hətta o da etiraf edir ki, hələlik söhbət yalnız kosmoloqları uzun illərdir ki düşündürən hadisələrin izah edilməsində yardım təmin edən uyğun nəzəri modeldən gedir. Məsələn, 1988-ci ildə astrofiziklər kainatımızdaki qalaktikaların getdikcə daha yüksək sürətlə genişləndiyini kəşf etmişdilər, halbuki cazibə qüvvəsi səbəbindən hərəkətləri yavaşlamalı idi. 2011-ci ildə fizika üzrə Nobel mükafatı qazandıran bu tapıntı "qara enerji" adlanan enerji növünün mövcudluğunu zəruri edir, hansı ki kosmik ölçülərdə cazibə qüvvəsinin təsirlərinin qarşısını ala bilər.

Elə isə bu "qara enerji" nədir? Çikaqo Universitetindən olan Maykl Törnerin sözlərinə görə, qara enerji haqda bildiyimiz yeganə şey onun adıdır.

Kvant nəzəriyyəsinə əsasən, vakuumda subatom hissəciklər davamlı olaraq yaranmalı və yox olmalıdırlar, bu prosesdə də kosmos "qara enerji" ilə təchiz edilməlidir. Lakin müşahidə edilən hadisələri şərh etmək üçün vakuumun enerjisi nəzəri hesablamaların nəticələrindən 120 sıra artıq olmalıdır. Nəzəriyyə və praktikadaki bu cür dəhşətli uyğunsuzluq fizikləri çaş-baş qoyur.

Multikainat isə bu çətinliyi uğurlu şəkildə həll edir. Kosmosun saysız qədər kainata doğru inflyasion genişlənməsi bunlardan birində - bizim kainatda qara enerji rolunun mövcudluğunu mümkünsüz etmiş ola bilər. Digər kainatlarda isə qara enerji materiyanı sürətlə hər tərəfə itələyən nəhəng antiqravitasion təsirlər forması ala bilər.

Sim nəzəriyyəsinin 11 ölçüsü



Yalnız Multikainat modelinin cavab verə biləcəyi daha bir çətin sual məşhur sim nəzəriyyəsinin təklif etdiyi ölçü sayı ilə bağlıdır. Nəzəriyyəyə əsasən, subatom hissəciklər 11 ölçülü məkanda kiçik enerji simlərindən təşkil olunmuşdur. Bəs bu nəzəriyyəni bizə tanış olan dördölçülü məkan-zamanla bir yerə necə sığışdırmaq olar? Ola bilərmi ki, o, yalnız bizim kainatı deyil, Multikainatın hər növ və bütün kainatlarını izah etsin?

Sözün qısası, Lindenin də dediyi kimi "Multikainata xoş gəlmisiniz". Multikainat anlayışı fizikanın öndə gedən zəkalarını on illərdir yoran bir çox çətinliyi asan və müvəffəqiyyətlə izah etməyə qadirdir.

Həyat üçün lazımlı hər şey

Dahası da var. Multikainatla hətta fizikaya birbaşa aidiyyatı olmayan çətinlikləri belə aradan qaldırmaq mümkündür. Bunlardan biri "antropik prinsipdir": biz kainatı belə görürük, çünki yalnız belə bir kainatda müşahidəçi, insan yarana bilərdi.

Kosmoloqlar bizim kainatımızın sanki elə həyatın yaranması üçün hazırlandığını qeyd edirlər. Mümkün olan hər növ fiziki konstantlar, elektromaqnit və güclü qarşılıqlı təsirlərlə müqayisədə qravitasion qüvvələrin nisbi zəifliyi - sanki ulduzlar, planetlər, su, karbon birləşmələri, elə həyat da daxil olmaqla hər şey ideal şəkildə bir-birinə uyğunlaşdırılmışdır.

Əgər kainatımız Böyük Partlayış nəticəsində meydana gəlmiş yeganə dünya olsaydı, həyatın yaranması üçün belə vəziyyətlər qeyri-mümkün olardı. Amma əgər xaotik inflyasiya nəticəsində çoxlu kainatlar formalaşmışdırsa, belə halda bizimkinə oxşayan bu kainatlardan bir neçəsi fizika nöqteyi-nəzərindən canlılığın yaranması üçün real şans əldə edirlər. Həmin o şans ki, biz ondan yararlanmışdıq və hələ də yararlanmağa davam edirik.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Qara dəliyin içərisində yaşayırıq?
Kvant fenomeni zamanı illüziyalaşdırır
Niyə əslində həyat mövcud deyil?
daha ətraflı...

March 28, 2014

Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi

Geoloqlar seysmik tomoqrafiya köməyilə 250 milyon il əvvəlki Yerdə baş verən prosesləri aydınlaşdırmağa nail olublar. Belə ki, dinozavrların hökmranlıq etdiyi dövrdə atmosferdə insanların yaşaya bilməyəcəyi miqdarda karbon qazı olduğu məlum olub.

250 milyon il əvvəl dinozavrların nəfəs aldığı havadaki karbon qazı nisbəti indiki ilə müqayisədə 5 dəfə artıq idi. Bu günki vəziyyəti ilə insan o dövrdə ümumiyyətlə yaşaya bilməzdi.

Bu gün insanların rahat nəfəs ala bildiyi ekoloji baxımdan təmiz yerlərdə karbon qazı qatılığı təxminən 0,03%-dirsə, nəfəs almağın bir qədər çətin olduğu meqapolislərdə nisbət 0,1%-ə bərabərdir. Əgər belə atmosferdə daimi yaşamaq insan DNT strukturunda neqativ dəyişikliklərə səbəb olursa, 250 milyon il əvvəlki şərtləri insan üçün birbaşa ölümcül hesab etmək olar.

Yeni karbondioksid məzmunu qiymətləndirilməsi texnikası qədim Yerdə baş vermiş ekoloji prosesləri nəinki anlamaq, hətta gələcəkdəki iqlim dəyişikliklərini proqnozlaşdırmaq imkanı təmin edir.

Qədim Yer atmosferindəki yüksək karbon qazı nisbətinin səbəbi davamlı zəlzələ və vulkan püskürmələri idi. Közərmiş lava axınlarının torpaq və qayaları əritməsi və yandırması nəticəsində atmosferə minlərlə kubometr CO2 atılırdı, bu da planeti nəhəng istixanaya çevirirdi.

Yura dövründəki atmosferin öyrənilməsi üçün başda Hollandiyadan olan Duva van der Meyer olmaqla alimlərdən ibarət qrup tədqiqatda seysmik tomoqrafiyadan istifadə etdi. Alimlər texnikanın köməyilə seysmik dalğaların yayılmasını araşdıraraq Yer səthindəki tektonik plitələrin strukturlarını daha yaxşı anlamağa nail oldular.

Tektonik hərəkətlərin atmosferə atdığı karbon qazı miqdarı hesablamalarının nəticələrinə görə 250 milyon il əvvəl Yer bu günki göstəricilərlə müqayisədə iki dəfə artıq CO2 istehsal edirdi.

Həmçinin oxuyun:

Dinozavr beyni rekonstruksiya edildi
Quşların qanadlarının təkamülü aydınlaşdırıldı
"Jurassic Park" reallığa çevrilə bilər
daha ətraflı...

March 26, 2014

Elektron siqaretlər almağa dəyməz

Siqareti tərgitmək üçün əlavə pul xərcləyib elektron siqaret almağa dəyməz - onlar onsuz da yararsızdır. Belə nəticəyə amerikalı tədqiqatçılar 1000-ə yaxın siqaret istifadəçisi üzərində eksperimet apardıqdan sonra gəliblər.

Tədqiqatda həmçinin elektron siqaretin bədəndə nikotin miqdarını azaltmadığı təsdiq edilib. ABŞ-dan olan mütəxəssislərin apardığı tədqiqatda ümumilikdə 949 siqaret istifadəçisi iştirak edib.

Maraqlı nəticələrdən biri də bu olub ki, elektron siqaretləri təhlükəsiz hesab edən insanların əksəriyyəti ali təhsil almayanlardır. Mütəxəssislər əldə edilən məlumatların tam təsdiq edilməsi üçün daha qlobal tədqiqatlar aparmağı planlaşdırır.

Həmçinin oxuyun:

Siqaret asılılığı neandertallardan qaynaqlanır
Marixuana immun sistemini İİV-dən qoruyur
Bionik beyin hazırlanacaq
daha ətraflı...

March 25, 2014

İmmun sistemi geninin deaktiv edilməsi uzun ömürlülük təmin etdi

Yeni bir tədqiqatın nəticələrinə görə immun sisteminə nəzarət edən FAT10 geninin deaktiv edilməsi siçanlarda ömür müddətinin uzanması ilə yanaşı, piy təbəqəsi qalınlığının azalmasına gətirib çıxarır. Genetiklər nəticələrin uzun ömürlülüklə immunitet arasındaki yaxın əlaqəyə aid məlumatları təqdim etdiyini qeyd edirlər.

"Heç kim FAT10-un iltihablar zamanı aktivləşdiyindən və mədə-bağırsaq traktı və cinsi orqan xərçəngi ilə əlaqəli olduğundan başqa nəyə səbəb olduğunu bilmirdi. Bu genin deaktiv edilməsi qocalmağı yavaşladan və ömrü 20% uzadan piy ehtiyatının azalması da daxil olmaqla çoxlu müsbət təsirlər meydana gətirir", - Tafts Universitetindən (ABŞ) olan Martin Obin deyir.

Obin və həmkarları tədqiqat apardıqdan sonra belə qənaətə gəldilər. Həmin tədqiqatda onlar FAT10 və əlaqəli genlərin funksiyalarını aşkar etməyə çalışırdılar. Bunun üçün alimlər FAT10 genləri silinmiş siçanları yetişdirərək digər sıravi siçanlarla müqayisə etmək qərarına gəldilər.

Bu genin deaktiv edilməsi bir çox maraqlı və gözlənilməz nəticələri doğurdu - belə siçanlar daha artıq qidalanmağa başladılar, çəkiləri isə artmadı. Bundan başqa bədənlərindəki piy ehtiyatı digər siçanlardan fərqli olaraq xeyli az idi.

FAT10-un ləğv edilməsinin ən vacib effekti bu oldu ki, həmin siçanlarda ömür müddəti digər adi siçanlardan 20% artıq idi. Alimlər hələlik bu təsirin piylənməyə az meyl ilə əlaqəli olub-olmadığından əmin olmadıqlarını bildirirlər.

"Laboratoriya siçanları praktiki olaraq bakteriyaların olmadığı kameralarda yaşayır. Orqanizm infeksiyalarla mübarizə üçün çoxlu enerji sərf edir, bunun da qaynağı piy ehtiyatıdır. FAT10 genləri olmayan siçanlar laboratoriyadan kənar mühitdə infeksiyalara uğurlu müqavimət göstərmək üçün kifayət qədər zəif ola bilərlər. Siçanlarda immun sistemi və piy ehtiyatı arasındaki tarazlığı meydana gətirmək üçün növbəti tədqiqatlar zəruridir, ardından isə bunu insanlar üzərində tətbiq edə bilərik", - Obin son olaraq əlavə edir.

Həmçinin oxuyun:

Yaşlanma prosesi dal-dalı getdi
Yaşanmış qorxu irsən ötürülür
QİÇS-ə qarşı mutasiya
daha ətraflı...

March 18, 2014

Hokinq mərci udduğunu hesab edir

Astrofizik Stiven Hokinq bir müddət əvvəl Miçiqan Ştatı Universitetindən olan Qordon Keynə mərci uduzaraq ona 100 dollar verməli olmuşdu. O, Böyük Adron Kollayderində işləyən fiziklərin Hiqqs bozonunu tapa bilməyəcəklərini iddia etmişdi. Hiqqs bozonu isə həmin kollayderdə kəşf edildi.

Britaniyalı astrofizik indi isə hesab edir ki, kainatın başlanğıcında meydana gəlmiş cazibə dalğalarının mövcudluğunun dünən tam təsdiqlənməsi onun başqa bir mərcdən qalib çıxdığını göstərir. Bu barədə Hokinq BBC Radio 4-ə açıqlama verib.

Dünən Harvard-Smitsonian Astrofizika Mərkəzindən olan alimlər Antarktikada yerləşən BICEP2 rəsədxanası köməyilə Böyük Partlayışdan qalma mikrodalğaları qeydə almağa və onların polarizasiyasını ölçməyə nail olduqlarına dair məlumat yaydılar. Onların fikrincə, yeni tapıntı cazibə dalğalarının mövcudluğunu və kainatın sürətlənərək genişləndiyini təsdiqləməyə kifayət edir.

Hokinq radioverilişin canlı yayımında kanadalı həmkarı Nil Turok ilə etdiyi bəhsdən qalib çıxdığını dedi. Turok davamlı "Böyük Partlayış" və"Böyük sıxılmadan" ibarət tsiklik kainatlar modelini dəstəkləyən alimlərdəndir. O isə əvəzində Hokinqlə etdikləri mərcin digər elmi alət - kosmik teleskop "Planka" dair olduğunu, Plankın isə cazibə dalğalarına rast gəlmədiyini bildirdi.

Turok həmçinin cazibə dalğalarının mövcudluğuna dair sübutların hələlik kafi miqdarda olmadığını qeyd etdi. Dediyinə görə, aparılmış tədqiqat həddindən artıq qəliz idi, tədqiqatçılar isə iddia etdikləri mövzunu dərin araşdırmadan və tam izah etmədən qəbul ediblər. Turok məlumatların tam dəqiqləşdirilmədən bəhsin başa çatmayacağını deyir.

Həmçinin oxuyun:

Nobel mükafatına layiq kəşfə imza atıldı
Hokinq: "Qara dəliklər mövcud deyil"
Stiven Hokinq sağala bilər
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top