April 14, 2014

Yeni materiya forması kəşf edilmiş ola bilər

Alimlər dünyanın ən böyük Adron Kollayderində edilən ən son təcrübələrdə yeni hissəciyin kəşf edildiyini açıqladılar. Z(4430) adı verilən hissəciyin eyni zamanda "tetrakvark" olaraq adlandırılan bir materiya formasının dəlili də ola biləcəyi hesab edilir.

CERN-in Böyük Adron Kollayderində (LHC) aparılan tədqiqatlar Z(4430) hissəciyinin varlığını təsdiqləyib. Maddənin əsas komponentlərindən olan və birləşərək adronları meydana gətirən kvarkların bu günə qədər ikili və üçlü hissəciklər halında bir araya gəldikləri bilinirdi. Ən son təcrübələr isə dörd kvarkın bir araya gələrək "tetrakvark" adı verilən yeni hissəcik meydana gətirdiyini sübut etdi.

Tetrakvark kəşfini test etmək üçün hələlik mürəkkəb kvant hesablamalarının aparılmadığını bildirən Merilend Universitetindən olan Tomas Koen, fizika qanunlarının tetrakvarkın meydana gəlməsinə icazə verib-vermədiyini hesablamaq üçün lazım olan böyüklükdə kompüterlərin də hələlik əldə olmadığını vurğuladı.

Fransa-İsveçrə sərhədində yerləşən 27 kilometrlik Adron Kollayderində aparılan tədqiqatlarda tetrakvarka aid olduğu hesab edilən 4000 min hissəciyin izinə rast gəlinib.

Həmçinin oxuyun:

Antiqravitasiya axtarışları başlandı
Nobel mükafatına layiq kəşfə imza atıldı
Əlvida Big Bang, Xoş gəldin Qara Dəlik?
daha ətraflı...

Süni qan erası başlayır

Alimlər ilk dəfə insan orqanizminə uyğun gələn süni qan əldə etməyə nail olublarQırmızı qan hüceyrələri yaradılması metodikasının inkişafı üçün alimlər bir neçə il sərf ediblər. Mütəxəssislərin rəyinə görə, 20 ildən sonra süni qan donor qanı əvəz edə bilər. 

Aparılmış tədqiqatların nəticəsinə əsaslanaraq, alimlər ilk dəfə real xəstələrə kök hüceyrələrindən hazırlanmış süni qan köçürməyi planlaşdırır. 2016-cı ildə yerinə yetiriləcək eksperiment uğurlu alınsa, süni qanların sənaye səviyyəsindəki istehsalına yeni qapı açılacaq.

"Tibb tarixində ilk dəfə insan orqanizmi tərəfindən qəbul edilən qırmızı qan hüceyrələri yaratmağa nail olduq", - Edinburq Universitetindən (Böyük Britaniya) olan Mark Törner qeyd edir.

Sınaqlarda talassemiyadan əziyyət çəkən üç xəstə iştirak edəcək. Belə xəstələr davamlı qan transfuziyasına (köçürülməsi) ehtiyac duyur. Qan hüceyrələrinin orqanizmdə normal yerləşib-yerləşmədiyini aydınlaşdırmaq üçün xəstələrdən hər birisinə ilk öncə 5 ml qan köçürülməsi planlaşdırılır.

Mark Törner ən yaxşı halda yalnız 20 ildən sonra süni qanın donor qanı tam əvəzləyəcəyini bildirir. Bu səbəbdən, minlərlə insanın həyatını xilas edən donor qan fəaliyyətinin hələlik dayandırılmayacağı qeyd edilir.

Həmçinin oxuyun:

Kök hüceyrələrini əldə etməyin yeni üsulu tapıldı
Yeni nəsil spermalar: Transgenik heyvanlar
Nanomühərriklər canlı hüceyrə içərisində işlədi
daha ətraflı...

April 13, 2014

"Boinq 747", "Təsadüfi Çəkilən Mona Liza Şəkli" və Təkamül ilə əlaqədar digər bənzətmələrə cavablar

"Boing 747", "Təsadüfi Çəkilən Mona Liza Şəkli" və Təkamül ilə Əlaqədar Digər Bənzətmələrə Cavablar

Bu gün, bir çox elm düşməni Təkamül əleyhdarlarının sıxlıqla istifadə etdikləri bir neçə əhəmiyyətli müqayisə səhvindən bəhs etmək istəyirik.Bəzi insanlar çox təəssüf ki məlumat sahibi olmadan fikir sahibi olmaq mövzusunda çox həvəslidirlər və dar görüş bucaqları daxilindən,elm tarixinin ən böyük qaydalarından biri olan Təkamül Qanununu şərh etməyə,hətta mühakimə etməyə çalışırlar.Təbii olaraq, bu da, "Boing 747" ya da "Mona Lisa Şəkli" kimi rüsvayçılıqlarla,gülünclüklərlə və cəhalət nümunələri ilə nəticələnir.Bu yazımızda bu üzücü və tamamilə yanlış bənzətmələrə toxunacaq və əsasında Təkamül Qanununun başa düşülməsi üçün metaforik olaraq istifadə edilə biləcək bu nümunələrin, mövzu haqqında heç bir məlumatı olmayan insanların əlində necə manipulyasiya edilə biləcəyini görəcəyik.Çünki elmdən uzaq bu beyinlər,elmi üsullarla bu qaydanı çürüdə bilməyəcəklərini və Təkamülün bir təbiət gerçəyi olduğunu bildikləri üçün, öz xəyal dünyaları içərisində ancaq bu şəkildə kütlələri elmdən və gerçəklərdən uzaqlaşdıra biləcəklərini düşünməkdədirlər.İlk olaraq mövzuyla əlaqədar olan müqayisələri tanıdaq.


1) "Fırtına nəticəsində yaranan Boing 747" Bənzətməsi

Elm düşmənlərinin xəyallarında canlandırdıqları "Təkamül" bənzətməsi bu şəkildədir:

Qarmaqarışıq və içərisində hər cür vəsait olan bir dəmirlik təsəvvür edin. Bunların arasında təyyarə parçaları,avtomobil parçaları,mühərrik parçaları,dəmir parçaları,ümumilikdə ağılınıza nə gəlirsə hamısı var.Bir gün,təsadüfən,qasırğa hər şeyi vurub alt-üst edir.Küləyin təsiriylə burda olan milyonlarla parçalar dörd bir tərəfə sovrulur,bir-biriylə vuruşur və sonunda qasırğa sona çatdığında,mükəmməl bir şəkildə birləşərək,öz-özlərinə,təsadüfən bir "Boing 747" meydana gətirirlər. Bütün parçaları mükəmməl və möhtəşəm bir şəkildə,yerli yerində.

Təkamül əleyhdarlarına görə yuxarıdakı bu müqayisə,Təkamül nəticəsində yaranan canlıları təsvir etmək üçün istifadə edilməkdədir.İndi,heç bir şərh vermədən,ikinci müqayisəyə keçək:

2) "Təsadüfi Çəkilən Mona Liza Şəkli" Bənzətməsi

Masanın üzərində dayanan rəngli boya,səhvən,yenə masanın üzərində dayanan kağızın üzərinə aşır və təsadüfən rənglər mükəmməl bir nisbətdə qarışaraq bir "Mona Liza" rəsmi meydana gətirirlər.

İkincisi isə daha genişdir və ümumiyyətlə bir yaradıcı gücün varlığını təyin etmək üçün istifadə edilir.O da belədir: Necə ki heç bir şəkil özbaşına ortaya çıxmırsa,insan da (daha böyük ölçüdə kainat da) bir yaradıcıya ehtiyac duymalıdır.Məntiq budur.Bunun bir çox müxtəlif versiyasını eşidə bilərsiniz.

3) "Şimpanzelərin Yazdığı Əsər" Bənzətməsi

Bu da xüsusilə Xristian dünyasında çox rast gəlinən bir müqayisədir və bu şəkildə təsvir olunur:

Düşünün ki tamamilə "şüursuz" (sinir sistemi olan hər heyvan kimi şimpanzelər də son dərəcə şüurlu canlılardır; ancaq burada canlını şüursuz qəbul etməkdədirlər) şimpanzelərə bir kompyuter verib təsadüfi düymələrə basmalarını istəyək. Bu təsadüfi hərflərdən hər hansı bir meymunun Şekspirin "Hamlet" əsərini yazması,bu əsərin özbaşına ortaya çıxması mümkündürmü? Demək hər əsərin bir yaradıcısı olmalıdır ki canlıların da vardır.
Hər nədirsə, nəticədə müqayisənin məqsədi insan növü üçün məna ifadə edən ədəbi bir əsərin təsadüfi basılan düymələrdən meydana gələ bilməyəcəyidir.Bu səbəbdən elm düşmənləri bu düşüncələrin söykənərək Təkamül kimi "təsadüfi" olan bir müddət nəticəsində də,insan kimi mükəmməl (!) bir canlının meydana gələ bilməyəcəyini iddia edirlər.


Bu qədər sərsəmləmə hələlik yetər.Artıq şərhlərə keçək və bunların nə səbəbdən Təkamülü təsvir etməkdən çox uzaq, manipulyativ iddialar olduqlarına bir nəzər salaq.Amma əvvəlcə diqqətinizi çəkmək istədiyimiz bir nöqtə var.Müqayisə hansı şəkildə aparılmış olursa olsun,diqqət yetirsəniz hamısının ortaq nöqtəsi eynidir: Kompleks bir quruluşun bir səfərdə, birdən-birə, özbaşına və şüursuz bir qüvvənin təsiri altında meydana gəlməsi.Ancaq, əhəmiyyətli və diqqət çəkici nöqtə gözdən qaçırılmaqdadır:

Təkamül Qanunu,heç bir zaman kompleks bir canlının,daha sadə olan parçaların ani və təsadüfü birləşməsi nəticəsində meydana gəldiyini iddia etməmişdir,iddia etməməkdədir və iddia etməyəcək! Təkamül Nəzəriyyəsinə görə,Təbii Seçmə daxilində,eyni növün fərqli fərdləri arasında yavaş və pilləli olan bir seçmə mexanizmi vardır.Bu mexanizm təsadüfi deyil; ancaq bu mexanizmə təsir edən ətraf şərtlərinin dəyişməsi,hələlik bildiyimiz qədəriylə təsadüfidir; daha doğrusu o qədər çox parametr,o qədər fərqli şəkildə təsir edir ki bu,həyatın özünə bir təsadüfilik ünsürü əlavə edir.Bu səbəbdən Təkamül də təsadüfi olaraq dəyişən ətraf şərtlərində işləyən bir mexanizm kimi görülür.İnsanların qəsdən ya da bilmədən etdikləri səhv budur.Ancaq bilinməlidir ki,Təkamül Qanununda heç bir zaman,vahidlərin təsadüfi birləşməsindən bəhs edilməz.Digər yazılarımızda bəhs etdiyimiz kimi,aminturşular,karbohidratlar,nuklein turşuları birdən-birə "doğru düzülmə" ilə birləşərək bir canlı meydana gətirməmişlər.Hamısı,çox kiçik addımların uzun illər boyunca seçilib ələnməsi nəticəsində reallaşmışdır.Boing 747 nümunəsində isə,var olan sadə parçalar, "qasırğa" səbəbiylə alt-üst olmuş və təsadüfən bütün parçaların yerli yerinə oturması nəticəsində bir təyyarə ortaya çıxmışdır.Bunun,Təkamül Nəzəriyyəsi ilə heç bir əlaqəsi olmadığı çox açıqdır.

1) Boing 747-ni insan kimi kompleks bir quruluşa bənzədirsinizsə və dəmirlikdəki parçalar bizim hüceyrələrimiz ya da orqanlarımızdırsa,heç bir güc onları təsadüfi və doğru bir şəkildə birləşdirə bilməz.Bunu ancaq elmdən kənar və əsassız,yanlış fərziyyələrlə açıqlaya bilərsiniz (məsələn hər şeyin "Ol!" deyə bir "güc" tərəfindən var edilməsi kimi) və əsla isbat edə bilməzsiniz. Burada üzərindən keçilən mövzu Təbii Seçmədir.Əgər müqayisə içərisində belə bir bənzətmə sırası gözlənilsə:

Boing 747 = İndiki vaxtda yaşayan kompleks bir canlı (İnsan kimi)
Dəmirlikdəki parçalar = Kiçik ölçüdə olanı atomlar

Boing 747 bir insan deyil və dəmir parçaları da atom deyildirlər! İnsanı səhvə aparan nöqtə məhz budur! Boing 747 bir "canlı varlıq" deyil.Çünki Boing 747 və ya onu meydana gətirən hər hansı bir mexaniki parça,canlılığın başlanğıcda keçirdiyi kimyəvi təkamülü keçirməmişdir.Onlar,bizlərin "cansız" olaraq təsnif etdiyi varlıq tipinə aiddirlər.Bu səbəbdən bir Boing 747 vəhşi təbiətdə "yaşamaz". Boing 747 "həyatda qalmağa" ya da "törəməyə" çalışmaz. Bunu bacara bilməyənlər ələnib, bacaranlar varlıqlarını davam etdirməz.Bir varlıq olaraq Boeing 747 (ya da bir şəkil ya da bir Hamlet əsəri) cansızdır,statikdir,müəyyən bir fəaliyyəti yoxdur.Bu səbəbdən onu həyatda tutan xüsusiyyətlərə sahib ola bilməz,zatən bir həyatı da yoxdur.Bu səbəbdən burda Təbii Seçmə və Təkamül işləməz.Beləliklə bənzətmə kökündən səhvdir.

Lakin bənzətməni Təkamül Qanununun lehinə çevirəcək bir gerçək vardır: Heç bir Boing 747 (ya da hər hansı bir başqa təyyarə, avtomobil, maşın, vs.) birdən-birə,olduğu kimi,son vəziyyətində meydana gəlməmişdir! Tam da Təkamül Qanununa uyğun bir şəkildə,uzun bir Təkamül müddətindən keçmişdir. Bunu iki mərhələli araşdıra bilərik:

a) Təyyarənin İstehsal Mərhələləri
b) Təyyarənin Model Olaraq İnkişafı

İkinci bənzətməmizə keçək:

2) Boing 747 kimi, şəkil də canlı deyil və Təbii Seçməyə uğramır,beləliklə Təkamül də işləyə bilməz.Bu səbəblə,Boing 747-ni çürütdüyümüz səbəblərlə,bu bənzətmə də boşa çıxır.Dediyimiz kimi,Təkamül Nəzəriyyəsi tamamilə "təsadüfiliklər" üzərində qurulmamışdır,təsadüfiliklər yalnız mutasiyalarda və ya Krossinqover kimi mexanizmlərdə görünür,bunlar da həyatın gerçəkləridir (necə ki gözlənilməz anda yağışın yağması, təsadüfi bir hava dəyişməsidirsə, bu da elədir). Ancaq mutasiyalar və bənzərləri,Təkamülün kiçik bir parçasını meydana gətirirlər,təməlini meydana gətirmək bir tərəfə qalsın…

3) Şekspir,əlbəttə ki "Hamlet"i təsadüfən yazmamışdır.O bunu çox uzun düşünmə müddətləri və iç dünyasındakı seçmə mexanizmləri nəticəsində var edə bilmişdir.Əslində texniki bir dünyagörüşündən baxsaq Şekspir,Boinqi hazırlayan mühəndislərin etdiyi kimi,"təbiət funksiyası" rolunu boynuna götürmüş və əsərini yaradarkən bir "seçmə" (Təbii Seçmə kimi) tətbiq etmişdir. Belə ki:

Şekspir,sözlər və cümlələr dənizi içərisindən özünü ifadə edə biləcək ən yaxşılarını davamlı bir seçməyə tabe tutmuşdur.İzahat əsnasında ən gözəl,yəni olacağı cümləyə ən "adaptasiya" olan sözləri seçib,digərlərini ələmişdir.Beləcə hər bir hərfi,hər bir sözü,hər bir cümləni yazdıqdan sonra bir "seçmə" tətbiq edərək,sadə bir hərfdən başlayaraq,nəhəng bir əsərə çatmışdır.”Hamlet”, əsla bir səfərdə,son halıyla var olmamışdır.Bəlkə Şekspirin başındakı seçmə,təbiətdəkindən çox daha ardıcıl işləmişdir; ancaq burada problemimiz zaman deyil.Problem,istifadə edilən bənzətmələrin Təkamülə qarşı deyil,Təkamülü dəstəkləyən xüsusiyyətdə olduğu; ancaq təhrif edildiyidir.

Cansızlar Üzərindən Gedərək Doğru Bir Təkamül Bənzətməsi Necə Edilməlidir?

Son olaraq,başlardakı sual işarələrini silmək adına,mütləq ki cansızlıq istifadə edilərək Təkamül təsvir olunacaqsa necə doğru bir bənzətmənin ediləcəyini göstərək:

İlk olaraq eyni növdən fərqli fərdlərin olduğu bir sahə seçilməli, hətta eyni "ailədən" demək bioloji mənada daha doğru olar: Avtomobil sektoru "ailəmiz" olsun.Ayrı-ayrı,Ford,Renault,Opel,Toyota və digərləri də "cinslərimiz" olsun.Hər bir cinsin də,növləri olsun.Məsələn: Toyota Avensis,Ford Fiesta,Opel Vectra kimi.Bu növlərin də,fərqli illərdəki görünüşlərinə,mühərriklərinə,strukturlarına, vs. xüsusiyyətlərinə görə alt növlərinin (mühəndislik diliylə "tiplərinin") olduğunu bilirik.

İlk avtomobil, 19-cu əsrin sonlarında istehsal olundu.Daha sonra bir çox marka (cins),model (növ) və tip (alt növ) çıxarıldı.Ancaq indiki vaxtda,küçələrdə heç 1800-cü illərə aid bir vasitə görmürük, niyə? Çünki vasitələr də, "Təbii Seçmə"yə bənzədə biləcəyimiz bir şəkildə ələnirlər.Texnologiya (çıxara bilmə gücü) və dəyişən insan istəkləri (təbiətdəki təsadüfi dəyişmələrə bənzəyə bilər), hər vaxt daha yaxşı əlavələrə doğru irəliləmişdir.Eyni ailə (avtomobil) içərisində olan fərqli cinslərin (Ford, Renault, vs.) içindəki fərqli növlər belə (Vectra, Astra, Corsa, vs.) "təkamülləşirlər" və müvəffəqiyyətsiz olanlar ələnirlər.

Tanış bir vasitə növü olduğundan bunu Honda Accordda araşdıra bilərik.İlk modeliylə, 2013 modellərinə baxdığımız zaman,arada dağlar qədər fərq görürük.Və seçimlər də, hər vaxt müasir və yeni olanda,yəni eynilə Təbii Seçmə kimi,insan istəkləri də yaxşı olanı seçib,pis olanı ələyir.İndiki vaxtda yollarda heç Ford t-Type (ilk avtomobillərdən biri) görməmə səbəbimiz,tam olaraq budur.Ümumi baxdığımızda, "avtomobil sektorunun", bioloji bir cins kimi təkamülləşdiyini görərik.Görünüşü dəyişir,xüsusiyyətləri dəyişir.Ancaq bir reaktiv təyyarəylə az qala eyni sürətdə gedən Bugatti Veyron,avtomobil ilk olduğunda birdən-birə yaranmamışdır! Zaman içərisində,kiçik dəyişmələrin yığılması və vasitələrin inkişafı,təkamülləşməsi nəticəsində ortaya çıxmışdır.Niyə? Çünki təbiət,heç olmasa bir çox zaman,sadədən mürəkkəbə doğru irəliləyir.

Beləliklə bu,daha həqiqi,daha doğru və daha düz bir bənzətmədir.
daha ətraflı...

April 10, 2014

Körpələr sağ qalmaq üçün gecələr oyanır

Gecələr yuxusuzluqdan əziyyət çəkən gənc analar bəzən belə düşünür ki, körpə sanki bilərəkdən valideynlərinin rahat yuxu almasına maneə olur. Məşhur bioloqun yeni nəzəriyyəsinə görə, analar belə düşünməkdə haqlıdır.

Harvard Universitetindən olan Devid Heyqin nəzəriyyəsinə əsasən, uşaqların gecələr daim oyanıb ağlaması təkamül taktikası ilə əlaqəlidir - ananın tez-tez oyanıb körpəni südlə

qidalandırması fertilliyi (uşaqtörətmə qabiliyyəti) müəyyən qədər azaldır. Bu da qadınların yenidən hamilə qalması ehtimalını aşağı salır. Uşağın yaxın zamanda qardaş və ya bacısı, təkamül dili ilə desək, "həyat və qida ehtiyatlarında rəqibləri" doğulmasa, sağ qalmaq şansı kifayət qədər arta bilər.

Devid Heyq hesab edir ki, körpə, onu döş südü ilə qidalandırması üçün ananı tez-tez oyadaraq faktiki olaraq kontrasepsiya mexanizmini gücləndirir, bu da həyat və qida ehtiyatları uğrunda mübarizədə körpənin sağ qalmaq şansını artırır.

Qardaş və bacıların dünyaya gəlmələri arasında qısa fasilələr olması əsasən uşaq ölümlərinin yüksək olması ilə əlaqəlidir. Bu səbəbdən təkamül prosesində balaların sağ qalmaları üçün yeni mexanizm yaranmış ola bilər: ananın yatmasına maneə ol, davamlı ana südü tələb et - rəqiblərin olan qardaş və bacıların doğulmasın.

"Təbii seçmə nəticəsində körpələrdə davranış stereotipi meydana gəlib. Bunun sayəsində ana orqanizmində uşaqtörətmə funksiyaları zəifləyərək, balaların doğulması arasındaki fasilələrin uzanmasına gətirib çıxarıb", - Devid Heyq qeyd edir.

Alimin hesablamalarına əsasən, körpələr daha çox doğuşdan 6 ay sonra gecələr tez-tez oyanmağa meyllidirlər. Bu müddət isə ananın fertilliyinin yenidən bərpa olunması ilə üst-üstə düşür.

Həmçinin oxuyun:

Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi
Xərçəng xəstəliyi müalicəsinin yeni strategiyası təqdim edildi
Çoxhüceyrəlilər inkişaf üçün oksigenə ehtiyac duymurdu
daha ətraflı...

April 8, 2014

Xərçəng xəstəliyi müalicəsinin yeni strategiyası təqdim edildi

Göteborg, Uppsala, Linçepinq, Stokholm universitetlərindən və Karolinska İnstitutundan olan isveçli alimlər xərçəng xəstəliyinin yeni müalicə strategiyasını təqdim ediblər. Onlar, MTH1 adlı zülalı yatırdıqda, xərçəng şişinin də məhv olduğunu aydınlaşdırıblar. Bu zülal yalnız xərçəng hüceyrələrində funksionaldır - onların oksidativ stressi aradan qaldırmalarına yardım edir.

Xərçəng şişini məhv etmək üçün alimlər MTH1 zülalının inqibitorlarını istifadə etdilər, hansılar ki şişin aktivliyini aradan qaldıraraq xərçəng hüceyrələrini qorunmasız hala salır.

Son illərdə xərçəng xəstəliyi müalicəsindəki irəliləyişlər xərçəng hüceyrələrində yaranan genetik mutasiyalara istiqamətlənən target terapiyasına işıq tuturdu. Lakin bu üsulda da şiş dəyişilərək dərmanları yeni mutasiyalara qarşı təsirsiz edirdi. Başqa deyimlə, şişin dözümlülüyü təkmilləşirdi.

MTH1 zülalı inqibitorları isə baş verəcək mutasiyalardan asılı olmayaraq istənilən xərçəng hüceyrələrində təsirlidir. Alimlərin rəyinə görə, belə dərmanlara qarşı dözümlülük meydana gəlmir. Bu tapıntı MTH1 zülalının xərçəng hüceyrələrindəki spesifik rolunun aydınlaşdırıldığından sonra əldə edilib

"Konsepsiya bundan ibarətdir ki, xərçəng hüceyrələri dəyişgən maddələr mübadiləsinə sahibdir. MTH1 inqibitorları xərçəng hüceyrələrinin məhv olmasını təmin edir. Xərçəng hüceyrələrindəki bu spesifik mexanizmin kəşfi xərçəng müalicəsində yeni cığır açır", - Karolinska İnstitutundan olan Tomas Heldey qeyd edir.

Yeni strategiya hələlik yalnız laboratuar mühitdə tətbiq edilib, lakin tədqiqatın müəllifləri bir neçə ildən sonra müalicə üsulunun klinikaya qədər gələ biləcəyini bildirirlər.

Həmçinin oxuyun:

Yaşlanma prosesi dal-dalı getdi
Süni xromosom hazırlanaraq hüceyrəyə yerləşdirildi
İmmun sistemi geninin deaktiv edilməsi uzun ömürlülük təmin etdi
daha ətraflı...

April 6, 2014

Beynimizin içindəki kompüter oyunları

İllərdir fiziklər və mühəndislər obyektlərin dünyadakı davranışlarını anlamaq üçün kompüter simulyasiyaları inkişaf etdirməyə çalışırlar. Zəlzələ olmadan əvvəl bir körpünün zəlzələ əsnasında və sonrasındakı halını görmək istəməzdiniz? Super Mario oyunlarında əslində bilmədən davamlı istifadə etdiyimiz simulyasiyalar həyatımızın hər mərhələsində beynimizin içərisindədir. Fotoşəkilə bir daha baxın, oyunun bu hissəsində sisternin gəlməsini, sizin ona doğru qaçma sürətinizə bağlı tullanmağınızı və bir çox oxşar vəziyyətin simulyasiyasını edirsiniz. Simulyasiyalar dünyasına daxil olaq və nələr baş verdiyini görək.

Massaçusets Texnologiya İnstitutundan olan alimlər insanların fiziki dünyanı anlamağa çalışdıqlarında və ya təxmin qurduqlarında, demək olar ki, hamının eyni şeyi etdiyini iddia edirlər. Hamımız bir hadisənin nəticəsi ilə maraqlandığımızda beynimizdə o hadisənin simulyasiyalarını yaradırıq. Tədqiqatçılar insan beyninin fiziki dünyanı dərk etmə məntiqini modelləşdirmək üçün açıq ehtiyat kodlu kompüter oyunlarının fizika mühərrikini istifadə edirlər. Bu mühərrik video oyunlarını daha realistik etmək üçün fizika qanunlarını tətbiq edən proqramdır. Nümunə vermək lazım olsa, Angry Birds'ü götürə bilərik. Fizikanın üfüqi atış və sərbəst düşmə kimi qanunlarının həyata keçirildiyi Angry Birds'ün müvəffəqiyyətinin arxasındakı faktorlardan biri də budur.

Piter Battalya və həmkarlarının təkmilləşdirdiyi video oyun əsaslı kompüter modeli insan beyninin fiziki düşünmə dünyası ilə daha əvvəlki bütün təcrübələrdən daha yaxşı uyğunlaşma göstərir. Tədqiqatçılar təcrübədə iştirakçılardan fiziki qanunların tətbiq olunduğu bəzi təxminlər etmələrini istədilər. Məsələn, külək sürətli əsərsə binanın damındaki daş düşər bilərmi? Düşsə hara düşə bilər? Hər dəfəsində iştirakçıların etdikləri təxminlər kompüter təxminlərilə yaxın çıxdı, amma real dünyanın nəticələriylə çox da yaxınlıq təşkil etmədi.

Bir binanın damından düşən kərpicin 30 metr aşağıda dəqiq hara düşəcəyini müşahidə edərək anlamaq, sözsüz ki, çox çətindir. Bunun üçün insanlar müxtəlif uzunluqda xətkeşlər və hesablama vasitələri icad ediblər. Keçmişə baxdığımızda zəlzələ əsnasında evdə nə olacağıyla əlaqədar yürütdüyümüz təxminlər intuitiv görünür. Bir çox alimin ortaq düşüncəsinə əsasən, indiki vaxtda insanlar dünyanı dərk etmədə göz qərarı ilə etdiyi hesablamalara, bir başqa deyimlə, "baş barmaq qaydalarına" etibar edir.

Başqa bir problem də simulyasiya hesablamalarına güvənməyin nə dərəcədə məntiqli olduğu ilə əlaqəlidir. Hər şeydən əvvəl əgər beynimizdə bir fizika simulyatoru varsa, elə isə əsrlər ərzində bu qədər fizika qanunu niyə kəşf edildi və məktəblərdə niyə hələ də fizika qanunları oxudulur? Cavabın bir hissəsi açıq və qapalı məlumat arasındakı fərqdən qaynaqlanır. Bir quş universitetdə aerodinamika dərsi deyə bilməz, eynən bizim də yeriyə bilmək üçün biofizika oxumağımız gərəkli deyil, amma qapalı məlumat sayəsində düşünmək və yerimək üçün qəti qaydalara ehtiyacımız yoxdur.

Həmçinin oxuyun:

Zaman səyahətçisi internetdə axtarılır
Niyə uşaqlar 7 yaşlarından əvvəlini xatırlamır?
Əlaqənin çətinlikləri
daha ətraflı...

April 4, 2014

Saturnun peyki Enseladda okean tapıldı

Alimlər Saturnun peyki Enseladın səthinin altında maye sudan ibarət böyük okeanın mövcud olduğuna dair ilk dəlilləri əldə ediblər. Tapıntı sayəsində peykin yadplanetli mikroorqanizmlər üçün əlverişli yuva ola biləcəyi hesab edilir.

Planetlərarası zond "Kassini" Saturnun peyklərindən biri olan Enseladda nəhəng maye su okeanının mövcud olduğuna dair məlumatlar təmin etdi. Beləcə yadplanetli yaşayışı üçün əlverişli hesab edilən kosmik cismlər sırasına daha biri əlavə edildi. Bu barədə Amerika Kosmik Agentliyi NASA xəbər yayıb.

Enselad Saturnun altıncı ən böyük peykidir. 1789-cu ildə Uilyam Qerşel tərəfindən kəşf edilmiş, lakin 1980-ci illərin əvvəllərinə qədər ətraflı araşdırılmamışdır. Enseladda okean ola biləcəyinə dair ilk hipotez 2005-ci ildə, Kassini aparatının peykin cənub yarımkürəsində buz və buxar qeyzerlərini qeydə aldıqdan sonra irəli sürülmüşdü. Daha sonralarsa alimlər qeyzer temperaturunun digər regionlarla müqayisədə daha yüksək olduğu qənaətinə gəlmişdilər.

Yeni qravimetrik hesablamalar peykin daxili strukturu haqqında məlumatlar əldə etməyə şərait yaradır. Alimlərin dediyinə görə, okean peykin 30-40 km dərinliyində yerləşməlidir.

Kassini zondu indiyə qədər Enselad ətrafında 19 tam dövr edib. 2010-2012-ci illərdə peykin 100 km-ə qədər yaxınlaşan zond bu məsafədə bir dəfə şimal, iki dəfə də cənub yarımkürə üzərindən keçib. Alimlər həmçinin Enseladın cazibə qüvvəsi təsiri ilə Kassini aparatı sürətinin dəyişildiyini qeyd edirlər.

Həmçinin oxuyun:

Yupiterin peyki Europada "su fışqırdı"
Europaya avtomatik zond göndəriləcək
Yerə oxşar planetdə buludların olduğu təsdiq edildi
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top