April 25, 2014

Həyat və ölüm arasındaki "sərhəd" nədir?

115 yaşlı qadından alınan qan hüceyrələrinin araşdırılması, həyatla ölüm arasındaki "sərhədin" müəyyənləşdirilməsi işində yardım təmin etdi. O sərhəd ki, yaş artdıqca hətta ən sağlam insanlarda belə peyda olur.

Ölüm - həyatın qaçılmaz hissəsidir. Bununla, elə ya belə, hamı razılaşır. Lakin bəzi insanlar risk edərək, ölümün də aşıla biləcək bir hadisə olduğunu deməkdən çəkinmirlər. Dünyanın ən yaşlı qadınından alınan qan hüceyrələri üzərində aparılan tədqiqatlar bizi, yaşlanma və ölümün sirrini açmağımıza bir qədər də yaxınlaşdırdı.

Hendrike van Andel-Şipper 1890-cı ildə doğulmuş və müəyyən bir dövrdə dünyanın ən yaşlı qadını olmuşdur. O, 2005-ci ildəki ölümünə qədər yaddaş və şüurunu itirməmiş, sağlam olmağı ilə fərqlənmişdir. Onun qan dövranı sistemində heç bir xəstəlik qeydə alınmamışdır. Qohumlarının dəstəyi ilə van Andel-Şipper bədənini tədqiqatlar üçün elmə miras qoymuş və öz qalıqları vasitəsilə əldə edilmiş hər bir elmi tapıntının öz adı ilə dərc edilməsini israr etmişdir.

Alimlər, qadının qanı və digər toxumalarını diqqətlə araşdıraraq, onların yaş artdıqca hansı dəyişikliklərə uğradığını anlamağa çalışdılar. Əldə etdikləri nəticələrə görə, insan ömrünün uzun və ya qısa olması kök hüceyrələrinin yeni toxumalar istehsal etmə bacarığının müddətindən asılıdır, orqanizmin sağlamlığı ideal vəziyyətdə olsa belə. Kök hüceyrələri tükənmə mərhələsinə, başqa deyimlə, öz "həyatlarının" sərhədinə yaxınlaşdıqda, yavaş-yavaş ölməyə başlayır. Bununla da əlaqəli olaraq, insan orqanizminin həyat üçün vacib toxuma və hüceyrələri bərpa etmə bacarığı zəifləyir.

Nəticələrə əsasən, van Andel-Şipperin ağ qan hüceyrələrinin (leykositlər) təxminən üçdə ikisi yalnız iki kök hüceyrələri tərəfindən istehsal olunurdu. Bütün digər hüceyrələrsə, orqanizm yaşlandıqca tükənib məhv olurdu.

Yeni doğulmuş insan təxminən 20 000 qan hüceyrəsinə sahib olur, bunlardan 1000-i isə aktiv vəziyyətdə qalaraq, davamlı yeni qanı istehsal edir. Lakin orqanizm yaşlandıqca aktiv kök hüceyrələrinin sayı azalır; hüceyrənin tam tükənmə mərhələsinə çatmasına qədər telomerlər "ixtisar olunmağa" davam edir.

Həmçinin oxuyun:

Yaşlanma prosesi dal-dalı getdi
Süni qan erası başlayır
Ölüm riskini proqnozlaşdırmaq mümkündür
daha ətraflı...

April 20, 2014

Saqqal dəbi Darvinin təbii seçməsinə əsaslanır

Yeni bir tədqiqatın nəticələrin görə saqqal saxlama dəbinin ardında Çarlz Darvinin təbii seçmə nəzəriyyəsi dayanır. Avstraliyalı alimlər saqqal çoxluğunun cəlbediciliyi azaltdığı və nəticədə marağın daha az saqqallı və ya təmiz qırxılmış üzlərə artdığı qənaətinə gəliblər.

Hipotezlərini təsdiqləmək üçün alimlər eksperiment keçirməyi qərara aldılar. Eksperimentdə qadın və kişilər üz cəlbediciliyini "dörd saqqal tipi" ilə qiymətləndirməli idilər. Nəticələr göstərdi ki, təmiz qırxılmış üzlər əgər nadirdirlərsə, daha cəlbedici görünürlər. Əldə edilən faktlar təkamül nəzəriyyəsinin əsas hadisələrindən birini - daha nadir xüsusiyyətlərin üstünlüyünü əks etdirir.

Tədqiqatda könüllü 1453 qadın və 213 kişi iştirak etdi. Onlardan müxtəlif kişi üzü tiplərini qiymətləndirmələri istənildi. Birinci qrupa qalın tüklü, ikinci qrupa təmiz qırxılmış kişi üzləri göstərildi. Üçüncü qrupa isə qarışıq üz tiplərini qiymətləndirmək təklif olundu - təmiz qırxılmış və ya az tüklü üzlərdən, saqqallı və ya uzun saqqallı üzlərə qədər.

Qadınlar kimi, kişilər də təmiz üzlərin çoxluq təşkil etdiyi mühitdə saqqallıların daha cəlbedici olduğunu bildirdilər. Eynən oxşar vəziyyət qalın saqqallı üzlərin çox olduğu mühitdə baş verdi - bu dəfə təmiz üzlülər üstünlüklü mövqeyə keçid aldılar. Alimlər belə nəticəyə gəldilər ki, nadir fenotipə meyl kişi bığı və saqqalı dəblərindəki davamlı dəyişikliklərdə vacib rol oynayır.

"Geniş və qalın saqqallar yenidən dəbə minir. Bəlkə də saqqal populyarlığı öz pik nöqtəsinə qədər qalxıb. Saqqal dəbini eksperimentin əsası kimi götürərək belə qənaətə gəldik ki, onun hərəkətverici qüvvəsi seçmənin tezlikli əks asılılığıdır", - Cənubi Uels Universitetindən olan Rob Bruks qeyd edir.

Həmçinin oxuyun:

Yaşanmış qorxu irsən ötürülür
Oksitosin kişilərdə bağlılıq yaradır
Körpələr sağ qalmaq üçün gecələr oyanır
daha ətraflı...

April 18, 2014

Spermatozoid və yumurtanın "sirli tanışlığı" aydınlaşdırıldı

Yumurta hüceyrə və spermatozoid bir-birini necə tanıyır? Hansı mexanizm sayəsində yumurta hüceyrə bir spermatozoidi qəbul etdikdən sonra digərləri üçün "bağlanır"? Müasir dövrə qədər sirləri açılmamış bu suallar nəhayət cavablandırıldı.

Yumurta hüceyrə və spermatozoid qarşılaşıb birləşdikdə döllənmə baş verir, daha sonra embrion meydana gəlir. Lakin bu "tanışlıq" prosesinin hansı üsulla baş verdiyi bu günə qədər sirr olaraq qalırdı.

İndi isə tədqiqatçılar yumurta hüceyrə üzərindəki proteini müəyyənləşdirməyə nail olublar, hansı ki spermatozoidin üzərindəki digər bir proteinlə qarşılıqlı əlaqəyə girərək, nəticədə hər iki hüceyrənin bölünməsinə gətirib çıxarır.

Yumurta hüceyrə proteini qədim romalıların nigah və məhsuldarlıq tanrıçasının şərəfinə "Yunona", kişi proteini isə sintoistlərin ziyarətgahının şərəfinə "İdzumo" adlandırılıb. Hər iki proteinin, insan da daxil olmaqla, məməlilərin artımında ən vacib rolu oynadığı məlum olub. Onların xarakterinin aydınlaşdırılması gələcəkdə sonsuzluğun müalicəsi metodikasının inkişaf etdirilməsi ilə yanaşı, həm də yeni kontraseptiv vasitələrin hazırlanmasını təmin edə bilər.

"Yunona və İdzumonun qarşılıqlı əlaqə proseslərini araşdıraraq, yumurta hüceyrə üzərindəki reseptor-proteinlərlə spermatozoid üzərindəki proteinlərin qaynaşması anında nəyin baş verəcəyini artıq dəqiqləşdirdik", - Sanger İnstitutundan olan Qevin Rayt qeyd edir.

Hal-hazırda alimlər sonsuz qadınların yumurta hüceyrələrini araşdıraraq, onların Yunona reseptorlarında qüsur olub-olmadığını öyrənməyə çalışırlar. Bu günə qədər sonsuzluq hadisələrinin cəmi 20%-i müasir tibb tərəfindən izah edilmiyib.

İdzumo proteini 2005-ci ildə yapon alimlər tərəfindən tapılıb, amma qadın yumurta hüceyrəsində onun ortağını aşkar etmək indiyə qədər mümkün olmamışdı. Sanger İnstitutundan olan mütəxəssislər İdzumonun süni versiyasını yaradaraq, onun hansı yumurta hüceyrə proteini ilə qarşılıqlı əlaqəyə girdiyini təcrübi olaraq göstərməyə nail olublar. Alimlər həmçinin əlavə edirlər ki, döllənmə prosesi baş verdikdən dərhal sonra Yunona proteini yumurta hüceyrədə "yoxa çıxaraq", sanki digər spermatozoidlərdən özünü qorumağı təmin edir.

Həmçinin oxuyun:

Süni qan erası başlayır
Yeni nəsil spermalar: Transgenik heyvanlar
Körpələr sağ qalmaq üçün gecələr oyanır
daha ətraflı...

"Yerin əkizi" adına layiq planet kəşf edildi

2009-cu ilin mart ayında kosmosa buraxılmış kosmik teleskop "Kepler" qalaktikamızda ölçüsü Yerinkinə oxşar planet aşkar edib. Kepler-186f adı verilən planet ulduzundan, Yerin Günəş arasındaki məsafəsi qədər uzaqlıqdadır və böyük ehtimalla bioloji həyat əlamətləri daşıyır.

NASA-dan olan alimlər "həyat zonasında" yerləşən planet aşkar etməyə nail olublar. Cırtdan ulduzu ilə arasındaki məsafə və Yerinkinə oxşar ölçüsü, planetin nəzəri olaraq yadplanetlilər üçün ev ola biləcəyini göstərir. Alimlərin rəyinə görə, Kepler-186f maye sudan ibarət okean və oksigenə sahibdir.

"Bu tapıntı Yerə oxşar belə planetlərin axtarışında vacib addım oldu", - NASA-dan olan Pol Herts qeyd edir.

SETI institutundan olan Eliza Kintana bildirir ki, etdikləri kəşf həyat zonasında yerləşən və Yer ölçüsündəki ilk planetdir. Ulduzu ilə arasındaki məsafə planet səthində mülayim şərtlərin mövcud olduğunu izah edir. Son 20 il ərzində tapılan 1800-ə yaxın ekzoplanetdən cəmi 20-si həyatın yaranması və təkamülləşməsi üçün əlverişli hesab edilən "həyat zonasında" dövr edir, lakin bunlardan hər birisi ölçü baxımından Yeri üstələyir. Son tapılan planet isə Yerə daha çox oxşar olduğu üçün alimlərə artıq ümid verir.

Kepler-186f Yerdən 500 işıq ili uzaqlıqdadır. Ətrafında dövr etdiyi ulduzu Kepler-186 Günəşdən bir qədər kiçik, soyuq və 3 milyard il yaşlıdır. Ulduz sisteminə 5 böyük planet daxildir.

Alimlər hələlik planetin kütlə və tərkibini dəqiq müəyyənləşdirə bilməsələr də, səthinin əsasən sərt qayalıq formasında olduğunu qeyd edirlər. İlkin məlumatlara əsasən planet okeanlar, yüksək oksigen və geniş yayılmış bitki örtüyündən ibarətdir.

Həmçinin oxuyun:

Həyat zonasında yerləşən daha 3 "superyer" tapıldı
Həyat ola biləcək planetlərin sayı daha çoxdur
"20 il içərisində Yerdənkənar həyat tapacağıq"
daha ətraflı...

April 16, 2014

Futuristik hava ekranı təqdim edildi

Fantastik filmlərdən yaxşı tanıdığımız hava ekranları reallığa çevrilir. Bir neçə nəfərin eyni anda istifadəsi üçün nəzərdə tutulan futuristik ekran MisTable görüntünü sisə ötürərək idarə edilir.

Başda professor Sriram Subramanyan və Diyeqo Martines-Plasensia olmaqla, Bristol Universitetindən olan mütəxəssislər hazırladıqları yeni ekranı təqdim ediblər. "Gələcəyin ekranı" hesab edilən MisTable görüntünü əks etdirmək üçün sis örtüyünü istifadə edir.

Ekranın əsas maraqlı xüsusiyyəti budur ki, sisdən ibarət yarışəffaf pərdə meydana gətirir, görüntü də orada əks olunur. Həmçinin, eyni anda bir neçə insanın istifadəsi üçün nəzərdə tutulub. İzlədikdə havada hərəkət edən fantastik görüntü yaradan bu sistem kompüter, proyektor və sis generatorundan ibarətdir.

Bundan başqa MisTable qurğusuna yerləşdirilən Leap MotionKinect texnologiyaları havada uçuşan 3D görüntüyə manipulyasiya etmək imkanı təmin edir.

"MisTable bir çox yeni unikal üsulları ilə sıravi displeylərin potensialını genişləndirir. Personal ekran müxtəlif qarşılıqlı təsirləri olan sferalara keçidi təmin edir. İstifadəçilər bir-birlərinin fəaliyyəti ilə bağlı bildirişlər ala və öz ekranlarından ümumi və ya birgə seksiyaya keçə biləcəklər. Bu, individual məsələlərdən kollektiv fəaliyyətə keçid almaq imkanı yaradır", - Sriram Subramanyan qeyd edir.


Videonu izləmək üçün klikləyin

Həmçinin oxuyun:

Bionik beyin hazırlanacaq
Toxunuş hissiyatlı robot əl hazırlandı
Elektroşok vasitəsilə xatirələr silindi
daha ətraflı...

April 14, 2014

"Axı niyə insanlar təkamülə inanmır?"

Elm tarixində belə bir ikinci nəzəriyyə və yaxud bir fikir yoxdur ki, təkamül nəzəriyyəsi qədər mübahisə obyekti olsun, təkamül nəzəriyyəsi qədər tənqidlərə məruz qalsın. 1859-cu ildə Darvinin inqilabi xüsusiyyətdəki "Növlərin Mənşəyi" kitabının dərc edilməsindən bu yana ya dini qruplar, ya alimlər, hətta mövzuyla çox da maraqlanmayan adi insanlar belə təkamüllə əlaqədar müsbət və ya mənfi fikirlər irəli sürürlər. Hətta bəziləri bir addım daha irəli gedib fikirlərini hərəkətə çevirmək məqsədilə təşkilatlanır və təkamül düşüncəsinə qarşı sanki müharibə elan edirlər. Yaxşı bəs, eyni mübarizə əzminə, məsələn, kvant fizikasında niyə rast gəlinmir? Kvant fizikası da eynilə təkamül nəzəriyyəsi kimi elm ağacının minlərlə budağından sadəcə biri deyildirmi? Küçədə rast gəldiyimiz insanlardan demək olar ki hamısı təkamüllə əlaqədar elə ya belə bir münasibətə sahibkən, niyə kvant fizikası ilə əlaqədar suallar qarşısında susurlar? Belə suallar marağımızı təkamülün insanlar tərəfindən bu cür geniş şəkildə rədd edilmə səbəblərini araşdırmağa yönəldir.

New England Universiteti, Psixologiya bölməsindən olan K.J. Garvey təkamül faktının inkar edilməsinin altında yatan səbəbləri aydınlığa çıxarmaq üçün bir tədqiqat aparıb. Tədqiqata qatılan 62 universitet tələbəsindən bəzi psixoloji şkalaları doldurmaları istənilib. Etdiyi analizlər nəticəsində Garvey maraqlı nəticələr əldə edib.

• Kilsəyə gedənlər və Tanrıya inananlar kainatın və həyatın mənşəyilə əlaqədar təkamülə deyil, müqəddəs kitablara əsaslanan şərhləri daha rahat qəbul edir;
• Bioloji təhdidlər (itlər, ilanlar, alov və s.), tibbi təhdidlər (açıq yaralar, cəsədlər, qan və s.) və sosial ya da mənəvi təhdidlər (tək başına vacib qərarlar vermək, xarici ölkədə tək qalmaq, Tanrını təhqir etmək və s.) qarşısında daha çox qorxu reaksiyası verənlər təkamül nəzəriyyəsindən çox yaradılış versiyasını qəbul edir;

• Xoş olmayan xəbərlər qarşısında (xarab süd içmək, çılpaq ayaqla bir soxulcanı tapdalamaq, qəza sonrası bir insanın bağırsaqlarını görmək və s.) daha çox iyrənmə hissi duyanlar təkamül nəzəriyyəsindən çox yaradılış versiyasını qəbul edir.

Garvey'in araşdırması təkamülün inkar edilmə səbəblərilə əlaqədar qeydə dəyər məlumatlar təqdim edir, amma yenə də kafi miqdarda deyil. Qorxu və iyrənmə hissinə həssaslıq ilə müqəddəs kitab və Tanrı inancı arasındakı əlaqənin daha dəqiq izah edilməsi, bəlkə də, onun araşdırmasına nə qədər dəyər verməyimiz lazım olduğu mövzusunda bizi istiqamətləndirəcək.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Darvinin iki əsri: Onun və bizim səhvlərimiz
Dinin insan təkamülündəki bazisi tapıldı

Elmi və Dini düşüncə arasındaki fərqlər
daha ətraflı...

Yeni materiya forması kəşf edilmiş ola bilər

Alimlər dünyanın ən böyük Adron Kollayderində edilən ən son təcrübələrdə yeni hissəciyin kəşf edildiyini açıqladılar. Z(4430) adı verilən hissəciyin eyni zamanda "tetrakvark" olaraq adlandırılan bir materiya formasının dəlili də ola biləcəyi hesab edilir.

CERN-in Böyük Adron Kollayderində (LHC) aparılan tədqiqatlar Z(4430) hissəciyinin varlığını təsdiqləyib. Maddənin əsas komponentlərindən olan və birləşərək adronları meydana gətirən kvarkların bu günə qədər ikili və üçlü hissəciklər halında bir araya gəldikləri bilinirdi. Ən son təcrübələr isə dörd kvarkın bir araya gələrək "tetrakvark" adı verilən yeni hissəcik meydana gətirdiyini sübut etdi.

Tetrakvark kəşfini test etmək üçün hələlik mürəkkəb kvant hesablamalarının aparılmadığını bildirən Merilend Universitetindən olan Tomas Koen, fizika qanunlarının tetrakvarkın meydana gəlməsinə icazə verib-vermədiyini hesablamaq üçün lazım olan böyüklükdə kompüterlərin də hələlik əldə olmadığını vurğuladı.

Fransa-İsveçrə sərhədində yerləşən 27 kilometrlik Adron Kollayderində aparılan tədqiqatlarda tetrakvarka aid olduğu hesab edilən 4000 min hissəciyin izinə rast gəlinib.

Həmçinin oxuyun:

Antiqravitasiya axtarışları başlandı
Nobel mükafatına layiq kəşfə imza atıldı
Əlvida Big Bang, Xoş gəldin Qara Dəlik?
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top