May 18, 2014

Televizor seyr etmək insanın təkamülünü gecikdirir

Orta hesabla hər insanın bir il ərzində televizor qarşısında keçirdiyi müddət 30-45 günə bərabərdir. Alimlərin gəldiyi son nəticəyə əsasən, bu mənasız zaman israfı insanın təkamülünü gecikdirir. Halbuki itirilmiş bu qədər vaxt ərzində elm, tibb və texnologiyada nəhəng irəliləyişlər etmək olardı.

Yerin orta statistik sakini hər bir ilinin təxminən bir ayını televizor seyri ilə itirir, ki alimlərin dediyinə görə bu müddəti daha faydalı işlərə sərf etmək daha məqsədəuyğun olardı. Mütəxəssislər qeyd edir ki, televizor seyri hər hansı ictimai və sosial faydalı işlərlə nəticələnmir, konkret individin inkişafına səbəb olacaq fəaliyyəti meydana gətirmir, fiziki və əqli akivliyi azaldır, karyera qurulmasına və yaxınlarla əlaqənin yaxşılaşmasına kömək etmir.

1970-ci ildə alimlər televizor seyri vaxtı insan beyni fəaliyyətinin öyrənilməsi üçün bir eksperiment keçirməyi qərara almışdılar. Elektroensefaloqraf köməyilə beynin dalğa aktivliyini müşahidə edirdilər. Təcrübələr göstərmişdi ki, televizor işə salındığı anda tamaşaçı qismindəki insanın beynindəki beta-dalğalar alfa-dalğalarla əvəz edilirdi. Beta-dalğalar aktivlik və oyaqlığa xarakterikdir, alfa-dalğalar isə yuxu və ya istirahət anında üstün mövqedə olur. Alfa-dalğaların aktivliyi diqqətin yayınması, baş verənlərin kritik qavrayışının zəifləməsi, tanıma bacarıqlarının azalması və görmə və eşitmənin deaktivləşməsi ilə müşaiyət olunur. Nəticələrə əsasən, televizor söndürüldükdə eksperimentdəki iştirakçıların passivliyi aradan qalxırdı.

Vizual və ya səsli ani və əvvəldən naməlum qıcıqlandırıcılar qeyri-iradi olaraq insanın diqqətini çəkir - beynimiz belə qurulmuşdur. Buradan çıxarılan nəticəyə görə, televerilişlər və müxtəlif videoroliklər göstərilən televizorlar, əsən (dəyişən) görüntülər və ani dəyişilən səslər olaraq, diqqətin boğulmasına səbəb olur, əvəzində isə tamaşaçı heç nə əldə etməyərək, faktiki olaraq kütləşir.

Bəs alimlər internet haqda nə düşünür? İlk baxışdan kompüterlər də görüntü və səs dəyişilməsindən ibarətdir, lakin TV-lərdən fərqli olaraq internetə sahib kompüter istifadəçisi digər insanlarla ünsiyyət qura və öz istəyinə uyğun olaraq məqalələr, videoroliklər və audiomateriallar hazırlaya bilər. Alimlər bildirir ki, televizordan fərqli olaraq, kompüter çoxfunksiyalıdır. Amma əgər bu funksiyalara televizoru da əlavə edəsi olsaq, yuxarıda qeyd edilmiş mənfi nəticələr kompüterlərə də aid ediləcək.

Pensilvaniya Ştatı Universitetindən olan Lenq və Şiam Sundar internetin insan üzərindəki təsiri problemini araşdıraraq, açıq məlumat bolluğunun çox faydası olmadığı qənaətinə gəliblər. Apardıqları eksperimentdə iştirak edənlərin dediyinə görə, saytlarda keçidlər (link) nə qədər çoxdursa, informasiya axını üzərindəki nəzarət hissi və seçim genişliyi də daha artıq olur. Lakin alimlər belə düşüncənin əksər hallarda saxta olduğunu qeyd edirlər, çünki informasiya bolluğunun müəyyən bir mərhələsində insanlar bezir, beyinləri isə oxunan və ya seyr edilən məlumatı seçə və qiymətləndirə bilmir.

Həmçinin oxuyun:

Beynimizin içindəki kompüter oyunları
Yuxularımıza necə nəzarət edə bilərik?
Körpələr sağ qalmaq üçün gecələr oyanır
daha ətraflı...

May 14, 2014

Yuxularımıza necə nəzarət edə bilərik?

Şüurlu yuxular - insanın özünü dərk etdiyi və baş verən qeyri-real hadisələri nəzarət altında saxladığı, çox nadir rast gəlinən yuxu növünə deyilir. Alimlər istəkli şəkildə belə yuxular görmək üçün beynin elektrik stimulyasiyasını istifadə etməyin kifayət etdiyini bildirirlər.

Yeni tədqiqatlar göstərir ki, yatan insanları 40 Hs (hers) tezliyindəki elektrik cərəyanı ilə stimulyasiya etdikdə, eksperimentdəkilərin 77%-i şüurlu yuxu görməyə başlayır.

"Onlar çox həyəcanlı idilər. Həmin yuxu haqqında çox şey danışa bilmədilər, amma deyirdilər ki, yuxu aydın idi, sanki özlərinin yuxuda yatdıqlarını görürdülər", - Frankfurt Universitetindən olan Ursula Foss qeyd edir.

Şüurlu yuxuları şüurun iki halının birgə fəaliyyəti kimi təsəvvür etmək olar: birincisi - yuxudaki şüur, ikincisi isə oyaq olduqdaki, qavrayışın və nəzarətin daha yüksək olduğu şüur. İnsan oyaq olduqda özü, keçmişi, gələcəyi və s. haqda düşünməyə başlayır. Bu, məhz oyaq şüurun adi halıdır. Şüurlu yuxularda biz faktiki olaraq qavrayışımızın elementləri və refleksiyalarını yuxuya ötürürük.

Şüurun iki müxtəlif halının birgə fəaliyyətini EEQ (elektroensefaloqramma) vasitəsilə qeydə alınan beyin dalğalarının öyrənilməsində daha yaxşı anlayırıq. Normal yuxuları olan insanların EEQ göstəriciləri alimlərə məlumdur. Lakin şüurlu yuxularda insanların EEQ-lərində qamma-diapazonda dalğalar meydana gəlir, hansılar ki oyaq insanın beyin göstəricilərinə tipikdir. Belə dalğalar adi yuxularda praktiki olaraq yox olur.

Eksperiment prosesində 27 könüllü iştirakçının başına elektrodlar taxıldı. Bundan əvvəl onların heç birisi şüurlu yuxu təcrübəsi yaşamamışdı. Elektrodlardan ötürülən elektrik cərəyan beynin ön qabığını stimulyasiya edərək, şüurlu yuxularda olduğu kimi, qamma-dalğaları süni şəkildə aktivləşdirməli idi.

Stimulyasiya 2-100 Hs tezliyində tətbiq edilirdi. Bir neçə dəqiqə sonra eksperimentdəkiləri oyadaraq, hansı yuxuları gördüklərini danışmalarını istədilər. Nəticədə beynin qamma aktivliyinin 25-40 Hs elektrostimulyasiya tezliyində artdığı məlum oldu. Digər tezliklərdə isə EEQ-də hər hansı bir dəyişiklik qeydə alınmadı.

Yeni üsul şüurlu yuxular fenomenini daha yaxşı öyrənmək üstünlüyü qazandırır. Bundan başqa gecə kabusları və qarabasmalar kimi hadisələrin müalicəsində də istifadə edilə bilər. Xəstələr, öz şüurlarına nəzarət edərək, yuxudaki hadisələrin istiqamətini dəyişdirə və hətta ən qorxulu yuxuları belə maraqlı xəyali macəralara çevirə biləcəklər.

Həmçinin oxuyun:

daha ətraflı...

Universitet mühazirələri darıxdırıcı və faydasızdır

Uzun müddətdir ki, bir çox mütəxəssislər müasir təhsil sisteminin tədris üsullarına qarşı fikirlər səsləndirirlər. Bəziləri metodikaların dəyişdirilməsinin, digərləri isə başdan-ayağa yeniləndirilməsinin tərəfdarlarıdır. Yeni bir tədqiqatın müəllifləri leksiyaların darıxdırıcı olmaqla yanaşı, həm də qeyri-effektiv tədris üsulu olduğunu iddia edirlər. Nəticələrə əsasən, saatlarla mühazirə dinləyən tələbələrin imtahanda müvəffəqiyyət qazanma şansı da azdır.

Tədqiqatda Vaşinqton Universitetindən olan bioloq Skott Friman və qrupu dəqiq elmlər öyrədən 225 kursun dərs metodunu analiz etdi. Məlum oldu ki, tələbələrin passiv dinləyicilərdən aktiv iştirakçılara çevrildiyi metodikalarda onlar ikiqat yaxşı nəticələr qazanır.

"Universitetlər 11-ci əsrdə Qərbi Avropada yaranıb. O vaxtdan bəri mühazirə tədrisin vacib formalarından hesab edilir. Lakin son zamanlarda bir çox alimlər bu üzrə mübahisələr edib, üstünlüyün, xüsusilə dəqiq elmlər öyrənən tələbələrdə qrup fəaliyyətinə verilməli olduğunu deyirlər", -  Skott Friman qeyd edir.

Artıq 27 ildir ki, köhnəlmiş mühazirə keçirmə üsullarına qarşı çıxan Harvard Universitetindən olan fizik Erik Mazur bu tip fəaliyyətin daha vacib, leksiyalarınsa tamamilə maraqsız, bu səbəbdən də yararsız olduğunu bildirir.

"Leksiyaların köhnəlmiş və qeyri-effektiv üsul olduğunun sübutlarını görmək sevindiricidir", - Mazur deyir.

Friman əlavə edir ki, müasir texnologiyalar hətta mühazirələrə belə interaktivlik qata bilər: məsələn, tələbələrin pult vasitəsilə müəllimin verdiyi suallara cavab verməyi və ya mübahisəli suallarda konsensusa gəlməyi daha effektivdir. Friman artıq böyük auditoriyalarda bu üsuldan istifadə etməyə başlayıb.

Qeyd etmək lazımdır ki, aparılan tədqiqat mühazirənin yeni formatının effektivliyini araşdırmır. ABŞ Təhsil Departamentinin məlumatına görə, onlayn-leksiya və auditoriyalardaki ənənəvi leksiya arasında heç bir prinsipial fərq yoxdur.

Həmçinin oxuyun:

Niyə uşaqlar 7 yaşlarından əvvəlini xatırlamır?
Genetik "GPS" hazırlandı
İntellekt geni kəşf edildi
daha ətraflı...

Alkoqol gözdə cəlbediciliyi artırır

Maraqlı bir hipotezə əsasən, alkoqol təsirilə insanın ətraf-aləmi dərki və təsəvvürləri kifayət qədər dəyişilir. "Pivə eynəkləri" adlanan bu hipotez Bristol Universitetindən olan mütəxəssislərin apardığı tədqiqatlarla təsdiq edilib. Nəticələr, içkili insanlara, onları əhatə edən əks cins nümayəndələrinin əslində olduqlarından daha cəlbedici göründüyünü göstərir.

Bristol Universitetindən olan tədqiqatçıların keçirdiyi bır sıra testlər maraqlı nəticələr təmin edib. Alimlərə, alkoqolun insanın estetik qavrayışına təsir edərək, onun gözəllik haqda təsəvvürlərini dəyişdirib-dəyişdirmədiyini aydınlaşdırmaq lazım idi. Eksperimentdə könüllü iştirak edən insanların yarısına spirtli içki, digərlərinə isə plasebo içkisi verildi. Ardından onlara 20 kişi, 20 qadın və 20 mənzərə fotoşəkilləri göstərildi. Nəticədə məlum oldu ki, "alkoqol" qrupundan olan könüllülər təqdim olunan fotoları, plasebo qəbul edənlərdən daha yüksək qiymətləndirirdi. Yəni, "pivə eynəkləri" hipotezi asanlıqla təsdiq edildi.

"Eksperimentlərimiz çoxlarına maraqlı görünür, amma əldə edilən nəticələrə ciddi yanaşmaq lazımdır. Əgər alkoqol dozası qəbulundan sonra kişi və ya qadının cəlbediciliyi artırsa, bu, ayıq insana xas olmayan riskli davranışa səbəb ola bilər. Məsələn, yad insanlarla qoruyucusuz seksual əlaqəyə", - Oliviya Meynard qeyd edir.

Həmçinin oxuyun:

Oksitosin kişilərdə bağlılıq yaradır
Marixuana immin sistemini İİV-dən qoruyur

Alçaqboylular daha uzunömürlüdür
daha ətraflı...

May 11, 2014

Süni DNT-ə sahib orqanizm yaradıldı

Skripps Tədqiqat İnstitutundan olan alimlər yeni genetik kodu olan süni DNT-ə sahib bakteriya yaratmağa nail olublar. Canlı orqanizmin DNT-si ənənəvi haldaki kimi iki deyil, üç əsas cütündən ibarətdir. Mütəxəssislərin rəyinə görə, genişləndirilmiş DNT biologiyası gələcəkdə yeni dərmanlar və nanotexnologiyaların hazırlanmasında tətbiq edilə bilər.

Əlavə DNT hərfləri cütünə sahib yarısintetik bakteriyaya təbiətdə rast gəlinmir. Tədqiqatın başında duran Floyd Romsberq 15 illik təcrübələrinin nəticəsi olaraq elm tarixində ilk dəfə yeni genetik informasiyaya və üç əsas cütünə sahib, çoxalmağa qadir canlı orqanizm yaradıldığını qeyd edir.

"Yerdəki qarışıq həyat cəmi iki DNT əsası cütü ilə kodlaşdırılır: A-T və C-G. Biz isə üçüncü qeyri-təbii cütünü də stabil saxlayan orqanizm yaratmağa nail olduq. Bu, ənənəvi DNT-dən fərqli olaraq, genetik informasiyanın xəzinəsində fərqli qərarların da verildiyini göstərir, - Romsberq deyir.

Tədqiqatda alimlər Escherichia coli (bağırsaq çöpü) DNT-sindən yararlandılar. Yuxarıda qeyd edilmiş iki əsas cütünə süni olaraq sintezlənmiş üçüncüsü də əlavə edilərək, X-Y adlandırıldı.

Floyd Romsberq öz təcrübələrini 1990-cu illərin sonlarından bu yana davam etdirirdi. Onun əsas məqsədi zülalları kodlaşdıra bilən yeni molekul cütünü aşkar etmək idi. Vəzifəsi olduqca çətin idi, çünki yeni DNT cütü iki təbii cütlüklə birləşməyə və stabil vəziyyət almaya bilərdi.

Alimlər, plazmid adıyla tanınan DNT-nin dairəvi hissəsini sintezləyərək, onu E. coli bakteriyasının hüceyrəsinə yerləşdirməyi bacardılar. Nəticədə digər bakteriyalardan fərqlənməyərək çoxala bilən yarısüni DNT-ə sahib orqanizm əldə edilmiş oldu.

Həmçinin oxuyun:

Süni xromosom hazırlanaraq hüceyrəyə yerləşdirildi
Bakteriyaların təkamülünü iki mutasiya təmin etdi
Süni ilkin hüceyrəyə "can verildi"
daha ətraflı...

May 10, 2014

Yeni dinozavr növünə "Pinokyo" ləqəbi verildi

Paleontoloqlar Çin ərazisində tirannozavrın qohumu hesab edilən bir dinozavr növünə aid skelet aşkar ediblər. Uzun kəllə sümüyü və burnuna görə alimlər yeni növə "Pinokyo Reks" ləqəbini veriblər. Tapıntı ilə bağlı məqalə Nature Communications jurnalında dərc edilib.

Doqquz metr uzunluğa və bir tonn ağırlığa sahib yırtıcının skeleti Çindəki bir tikinti sahəsində aparılan qazıntı işlərində tapılıb. Edinburq Universitetindən olan alimlər yeni kərtənkələ növünün tirannozavra qohum olduğunu hesab edirlər. Çin ərazisində 66 milyon il əvvəl yaşamış yırtıcı rəsmi olaraq Qianzhousaurus sinensis adlandırılıb.

"Açıq-aydındır ki, Pinokyo çox komik görünüşə sahib idi, amma digər hər hansı bir tirannozavrdan daha az təhlükəli də deyildi", - Edinburq Universitetindən (Britaniya) olan Stiv Brüsatt qeyd edir.

"Pinokyo" ləqəbli növ digər məlum dinozavrlardan bir qədər fərqlənir. Hərçənd ki, iri və iti dişlərə sahib çənəsi ona, Tirannosaur Rex'in üzündəki zəhmi verir, burnu daha zərif və uzundur, başında isə kiçik buynuzları var.

Alimlərin rəyinə görə, Təbaşir dövründə Asiyada çoxlu tirannozavr növü yaşayırdı, hansılar ki bir-birindən fərqlənən ov üsulları üzrə "mütəxəssisləşmişdilər". "Pinokyonun" nəzik dişləri və yüngül skeleti onun qida rasionunun kiçik kərtənkələlər və quşbənzəri dinozavrlar kimi heyvanlardan ibarət olduğuna dair məlumatlar təmin edir.

Yeni dinozavr növünün burnu və çənəsi digər dinozavrlarınkından 35% daha uzundur. Ehtimalla, kəllə sümüyünün belə quruluşu ona ovunu daha tez dişləmək və spesifik heyvanlara ovlanmaq üstünlüyü qazandırırdı. Əldə edilmiş məlumatlara baxmayaraq, alimlər dinozavrın qida rasionuna dəqiq hansı canlıları əlavə etməyə tələsmirlər. Gələcəkdə Asiya ölkələrində aparılacaq yeni qazıntı işlərilə digər uzunburunlu dinozavr növlərinin tapılacağı güman edilir.

Həmçinin oxuyun:

Ən qədim pterodaktil tapıldı
Dimdik uçuş üçün deyil, qidalanmaq üçün idi
Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi
daha ətraflı...

Alçaqboylular daha uzunömürlüdür

Yeni bir tədqiqatın nəticələrinə görə, alçaqboylu insanlar öz həmyaşıdlarından daha uzun həyat sürə bilərlər. Havay Universitetindən olan Bredli Uilkoks və həmkarları bir neçə min yaponmənşəli amerikalının bir sıra xarakteristikasını araşdırdılar. Onları iki qrupa böldülər: birinə 158 sm və aşağı, digərinə isə 163 və yuxarı boylu insanları yerləşdirdilər.

Nəticələrə əsasən, alçaqboylu insanlar ehtimalla uzunömürlülüyə cavabdeh olan FOX3 geninə sahibdirlər. Bundan başqa, belə insanların qanında aşağı insulin səviyyəsi və xərçəng xəstəliyinə az meylin olduğu aşkar edildi.

Alimlər bundan əvvəlki tədqiqatlarda anoloji genə sahib siçanlar, soxulcanlar və milçəklərdə də oxşar uzunömürlülük xüsusiyyətləri olduğuna aydınlıq gətirmişdilər - bu da onların bədən ölçüləri ilə əlaqəli idi. Daha dəqiq nəticələr əldə etmək üçün digər millətləri əhatə edən geniş tədqiqatların aparılması vacibdir.

Əldə edilmiş məlumatlar elm ictimaiyyətində qızğın mübahisələrə səbəb olub. Başqa tədqiqatların nəticələrinə əsasən, uzunboylu insanlar tam əksinə olaraq öz alçaqboylu həmyaşıdlarından daha uzun ömür yaşamağa qadirdirlər.

Həmçinin oxuyun:

İmmun sistemi geninin deaktiv edilməsi uzunömürlülük təmin etdi
Yaşlanma prosesi dal-dalı getdi
Xərçəng xəstəliyi müalicəsinin yeni strategiyası təqdim edildi
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top