June 18, 2014

Plutonun peyki Xaronda yeraltı okean mövcud ola bilərdi

NASA-lı mütəxəssislər hesab edir ki, Plutonun peyki Xaronda həyatın meydana gəlməsi üçün əlverişli şərtlərə malik isti yeraltı okean mövcud ola bilərdi. Alimlər peykin orbiti araşdırmaları prosesində belə qənaətə gəliblər. Tədqiqatçıların dediyinə görə, məhz onun forması peyk səthi altında böyük miqdarda maye su mövcud olmuş ola biləcəyinə dair işarələr verir.

Pluton - Günəş sisteminin məlum ən böyük cırtdan planetlərindən biri (Erida ilə birlikdə), transneptun obyekt, Günəş ətrafında fırlanan onuncu ən ağır səma cismidir. Əvvəllər Pluton klassik planet kimi təsnif edilmiş, daha sonralar isə Koyper qurşağın ən iri obyektləri və cırtdan planetlər siyahısına əlavə edilmişdir.

"Xarondan əldə etdiyimiz yeni dəlilləri əvvəlkilərlə müqayisə edərək demək olar ki, onun orbit formasını yalnız keçmişdəki yeraltı okeanın mövcudluğu izah edə bilər", - Qoddard kosmik uçuşlar mərkəzi əməkdaşı Alisa Roden qeyd edir.

Alimlər hesab edir ki, orbitin ekssentrik (oval) forması Xaronda güclü axınlara səbəb ola bilərdi - peykin buz səthindəki çatlaqların da mənşəyi bununla bağlı ola bilər. Bu, həmçinin peykin keçmişdə güclü yeraltı axınlara sahib olduğuna işarə edir. Axınların isti suyu isə orada canlılığın yaranması üçün ehtimalları yüksəldir. Alisa Roden müəyyən axın mərhələlərində isti suyun peykin səthinə də qalxmış ola biləcəyini deyir.

Müasir elmin bildiyi qədərilə, həyatın meydana gəlməsi üçün təkcə su deyil, həm də enerji qaynağı, azot və fosfor kimi maddələrə ehtiyac var. Tədqiqatın müəllifləri Xaronda bunların olub-olmadığından hələlik tam əmin deyillər. Hər halda tədqiqat astrobiologiyanın araşdırma sahələrini genişləndirərək, həyatın əslində ən gözlənilməz mühitlərdə belə formalaşa biləcəyinə dair, az da olsa, məlumatlar təmin edir.

Daha əvvəlki tədqiqatda alimlər kompüter modeli köməyilə Pluton və onun peyki Xaron arasında bir-biri ilə əlaqəli atmosfer olduğunu müəyyən etmişdilər.

Həmçinin oxuyun:

daha ətraflı...

June 17, 2014

Hüceyrə səviyyəsində yaddaş necə formalaşır?

Alimlər yeni sözlərin yaddaşda saxlanması prosesində beyin aktivliyini qeydə alaraq, ilk dəfə hippokamp neyron şəbəkələrində yeni informasiyanın dəqiq paylanmasını aydınlaşdırıblar.

Amerikalı neyrofizioloqlar yaddaş meydana gəlməsini neyrokompüter modellərində təcrübi olaraq göstərməyə nail olublar. Əldə edilən nəticələrə görə, beyin epizodik xatirələri bir-birindən uzaq sinir hüceyrələrinə paylayaraq, onları hippokampa yazır. Kəşf sayəsində insanda yaddaş formalaşmasının təməl prosesləri anlaşıla bilər, bu da öz növbəsində Altshaymer və epilepsiya kimi xəstəliklərin müalicəsində yeni metodikaların hazırlanmasını təmin edə bilər.

"Yaddaşın insan beynində hansı formada qorunub saxlandığını həqiqi mənada anlamaq üçün ilk öncə onun ayrı-ayrı neyronlara necə yazıldığına aydınlıq gətirmək lazımdır, hansılardan ki mürəkkəb neyron şəbəkələri yaranır. Yaddaşı qoruyub saxlama mexanizminə aid tədqiqatlar beyinlə əlaqəli ağıl kəmliyi və digər xəstəliklərin müalicəsi yolunda kritik addım hesab olunmalıdır", - Barrou Nevrologiya İnstitutundan olan Piter Steynmets qeyd edir.

Steynmets və həmkarları doqquz epilepsiya xəstəsi üzərində eksperiment aparıblar. Onların başına implantasiya edilmiş elektrodlar köməyilə beyin aktivliyini dəqiq və hər bir neyrona kimi izləmək mümkün olub. Xəstələrdən kompüter monitorundaki söz siyahısını yadda saxlamaları xahiş edilib, ardından isə onlara həmin siyahıdaki sözlər təkrar yazılmış ikinci və daha uzun siyahı göstərilib. Eksperimentdə iştirak edənlər daha əvvəl gördükləri sözləri tanımalı idilər.

Belə ki, ilk siyahıya aid sözlərin yaddaşda saxlanmasında rol oynayan neyronlar təqdim edilən ikinci siyahıya baxıldıqda da aktivləşirdi. Nəticələr yeni informasiyaların hippokamp hüceyrələrinə yazıldığını aydın şəkildə göstərmiş olur.

Alimlər beyində informasiya paylanmasının necə baş verdiyi ilə xüsusən maraqlanıblar. Əvvəldən yaddaşa yazılmış hər bir söz yenidən göstərildikdə bütün hippokampa paylanmış təxminən 100 000 neyron reaksiya verirdi. Alimlərin dediyinə görə, bir ya da yüzlərlə neyronun itirilməsi belə yaddaşa böyük təsir göstərməyə bilər.

Həmçinin oxuyun:

Yuxularımıza necə nəzarət edə bilərik?
Elektroşok vasitəsilə xatirələr silindi
Yaşanmış qorxu irsən ötürülür
daha ətraflı...

Çin rəsmən elm nəhənginə çevrildi

Çin son on illik ərzində yad texnologiyaları oğurlayan və onları təqlid edən ölkədən bir çox sahədə ABŞ-ı üstələyən elm və texnologiya super gücünə çevrildi.

Yerli, eləcə də xarici universitetlərin elm və mühəndislik ixtisaslarına qəbul olunan tələbələrin artımı müşahidə edilən Çin uzun illərdir Amerika elminin liderliyi üçün təhlükə idi. Proceedings of the National Academy of Sciences jurnalında dərc edilən məlumata görə, Çin hökümətinin bu siyasəti nəhayət ki nəticələr verib: çinli universitet məzunları müasir elmi texnologiyaların bir addımlığındadır.

Amerikalı alimlərin illik tədqiqatları və keyfiyyəti hələlik onların liderliyini qoruyur, lakin bir çox sahələrdə Çinli həmkarlarının onları bu kriteriyalara görə qabaqladıqları sirr deyil. 1990-cı ildə çinli alimlər cəmi 6104 məqalə dərc etmişdisə, 2011-ci ildə bunların miqdarı 122 672-ə qədər qalxıb ki, bu da 1909 faizlik artım mənasını verir.

Hər il çinli mütəxəssislər amerikalılardan 2 dəfə artıq material dərc edir. Yeni elm nəhənginə çevrilmiş Çin kimya, fizika, riyaziyyat və texnologiya sahələrində ABŞ-ı geridə qoymaq üzrədir. Belə inkişafın səbəbi kimi son bir neçə il ərzində Çin hökümətinin dəstəyilə yeni ali təhsil ocaqlarının açılması göstərilir. Əgər 1998-ci ildə Çində təhsil ocaqlarının sayı 1022 idisə, 2008-ci ildə bu say 2263-ə qədər qalxdı.

Çin elminin inkişafında özəl sektor və sənaye müəssisələrinin də rolunun az olmadığı bildirilir: 1991-ci ildə belə müəssisə və şirkətlər büdcədən elmi tədqiqatlara 5%-dən artıq xərcləmirdisə, hal-hazırda buna təxminən 50% sərf edilir.

Nəticə göz qabağındadır: Çin, bir vaxtlar texnologiya oğurluğu ilə məşğul olan və xarici elmi təqlid edən ölkədən, öz elmini və texnologiyasını inkişaf etdirən elm super gücünə çevrildi.

Həmçinin oxuyun:

Çin Ay səthinə kosmik aparat göndərdi
Meymun genomları dəqiqliklə "redaktə edildi"
Yeni fotosintez üsulu
daha ətraflı...

June 14, 2014

NASA Titana göndəriləcək sualtı gəmini seçir

NASA-nın kosmik araşdırmalarda yerinə yetirəcəyi növbəti üç missiya Saturnun metan okeanlara sahib peyki Titana robotlaşdırılmış sualtı gəmi göndərmək, Marsda istixana tikmək və Günəş sistemi daxilindəki kometləri ələ keçirmək üçün kosmik cihazlar hazırlamaqdan ibarətdir.

Hər il NASA-nın proqramı çərçivəsində tədqiqatçı və mühəndislərə kosmik texnikalar üçün öz ideyalarını irəli sürmək imkanı yaradan NIAC, bu il də, hər birisi təxminən 100.000$ tutumunda olan 12 layihəyə üstünlük vermək niyyətindədir. Belə proqramlar alimlərə kainatın ən uzaq hissələrinə yollanacaq missiyalarla bağlı baş sındırmağa şərait yaradır.

"Titandaki karbohidrogenli göllərin Günəş sistemində analoqu yoxdur. Yerdən başqa bildiyimiz heç bir kosmik cismdə Titandaki kimi geniş və açıq maye səth mövcud deyil", - NASA tədqiqat mərkəzindən olan Stiven Oulson qeyd edir.

2011-ci ildə NASA peykə Titan Mare Explorer adlı gəmisini göndərməyi planlaşdırırdı, lakin maliyyələşdirilmə ilə bağlı çətinliklər yaşandığından missiya təxirə salınmalı oldu. Oulson ümid edir ki, günlərin birində bu layihəyə yenidən qayıdılacaq. Buna baxmayaraq növbəti addımın Titana sualtı gəmi göndərmək olduğu da sirr deyil. Hər iki missiyanı da birləşdirmək olar, çünki təkcə səth araşdırmaları vacib nəticələr qazandırmaya bilər.

Yerdə radiodalğa siqnallarını qeydə almaq üçün sualtı qayıq səthə qalxmaq məcburiyyətindədir, Titanda isə belə bir problem yaşanmamalıdır: karbohidrogenlər radiodalğalar üçün şəffaf olacaq, ötürüləcək nəticələrsə orbital peykdən fasiləsiz olaraq qəbul ediləcək. Titanın okeanları ilə bağlı layihə NIAC tərəfindən dəstəklənsə, 2040-cı illərdə missiyaya start verilə bilər.

Daha bir maraqlı ideya Marsda hermetik istixana hazırlanması ilə əlaqədardır. İstixana köməyilə Qırmızı planetin yaşayış üçün nə dərəcədə əlverişli olduğu dəqiqləşdirilə bilər. Mars torpağının kiçik bir hissəsi şəffaf günbəz altında hermetizə edilərək, oraya günəş süasının düşməsi üçün şərait yaradacaq. Ardından həmin torpağa Yerdən gətirilmiş bakteriyalar yerləşdiriləcək, hansılar ki Yerin ən ekstremal şərtlərində belə yaşamağa qadirdir. Beləliklə missiya Marsın həyata nə dərəcədə uyğun olduğu suallarını cavablayacaq.

Digər bir layihə isə kometlərə eniş edəcək və onlar üzərində Günəş ətrafında dövr edəcək (əlavə yanacağa ehtiyac duymadan) kosmik cihazın hazırlanmasından ibarətdir. Hesab edilir ki, belə bir kosmik cihaz 5,6 il müddətinə Plutona çata bilər.

Həmçinin oxuyun:

NASA-dan yeni ion mühərrikləri
NASA Ayda bitkilər yetişdirəcək
Titan araşdırmaları üçün yeni robot hazırlandı
daha ətraflı...

June 13, 2014

Dinozavrlar soyuqqanlı deyildi

Alimlər yaşayan və nəsli kəsilmiş yüzlərlə növün inkişaf sürətini müqayisə edərək, dinozavrların maddələr mübadiləsi sürətini dəqiqləşdiriblər. Bu faktor sayəsində əvvəllər soyuqqanlı olduqları hesab edilən qədim sürünənlər bu sinifdən xaric edilib.

Aparılmış tədqiqatın nəticələrinə əsasən, milyon illər əvvəl Yer üzündə hökm sürmüş dinozavrlar nə soyuqqanlı, nə də istiqanlı canlılara aiddir. Heyvanların maddələr mübadiləsi və inkişaf sürəti arasındaki əlaqənin tapılması ilə dinozavrlar üçün tamamilə yeni "ara keçid" sinfi yaratmaq lazım olub. Fauna nümayəndələrini istiqanlı və soyuqqanlı sinflərinə ayırd etmədə əsas rolu məhz maddələr mübadiləsi yerinə yetirir.

Məməlilər və quşlar kimi istiqanlı heyvanlar tez-tez qidalanmaq məcburiyyətindədir. Qida da öz növbəsində enerjiyə çevrilərək, bədənin davamlı temperatur saxlanması, hərəkət və beyin fəaliyyətinə sərf edilir.

"Əgər ancaq buterbrodla qidalansaydım, mənə gün ərzində beş buterbrod lazım olardı. Mənim ölçülərimə malik olan sürünən isə həftəni iki buterbrodla yola verə bilərdi", - Nyu-Meksiko Universitetindən olan Con Qreydi qeyd edir.

Bioloqlar heyvanların qida istehlakını "endotermik" (istiqanlılar üçün) və "ektotermik" (soyuqqanlılar üçün) strategiyalarına bölür. Con Qreydi isə hesab edir ki, hər iki sinfdən də fərqlənən dinozavrlar üçün orta "mezotermik" strategiyanı hazırlamaq lazımdır.

İçərisində 21 dinozavr növü olmaqla, ümumilikdə 381 növün inkişaf sürəti müqayisəsi və öyrənilməsi bu iddianı sübut etmək üçün kifayət edib. Tapılmış yetkin və gənc canlılara aid sümüklərin ölçü müqayisəsi işi sayəsində təqiqat üçün əsas yaranıb. Nəsli kəsilmiş növlərin inkişaf sürəti həm də onların maddələr mübadiləsi sürətini öyrənməyə yardım təmin edib. Nəticələrə əsasən, belə parametrlərə görə dinozavrlar təkamüldə soyuqqanlılar və istiqanlılar arasındaki keçid sinfini təmsil edir.

Bəzi mütəxəssislərin rəyinə görə, yeni "mezotermik" sinfə həmçinin tunes balığı, bəzi köpəkbalıqları və yexidna kimi növləri də aid etmək olar.

Həmçinin oxuyun:

Dinozavrlar istiqanlı idilər?
Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi

Təkamül nəzəriyyəsinə əlavələr edilə bilər
daha ətraflı...

June 8, 2014

Ayın mənşəyi aydınlaşdırılır

Alimlər ilk dəfə Ayın milyard illər əvvəl nəhəng kosmik cismin Yerlə toqquşmasından yaranmış olduğuna dair dəlillər əldə etdiklərini bildirirlər. "Apollon" missiyası çərçivəsində amerikalı astronavtların Aydan Yerə gətirdiyi qayalıq nümunələri üzərində aparılmış analiz işləri onların, "Teya" adını almış hipotetik cismə aid mineral izləri daşıdığını göstərir. Mütəxəssislər tapıntı sayəsində illər əvvəl irəli sürülmüş Ayın 4,5 milyard illik tarixi ilə bağlı hipotezin nəhayət təsdiq edildiyini deyirlər.

Hipotetik planet yunan mifologiyasında ay tanrıçası Selenanın anası "Teyanın" şərəfinə adlandırılmışdır. Toz və qayalıqlarla örtülü Teyanın Yerlə toqquşması hələ Günəş sisteminin erkən formalaşma mərhələsində baş verib. 1980-ci illərin əvvəllərində təklif edilmiş bu hipotez indiyədək heç bir fakta əsaslanmırdı. Bir tərəfdən analizlər göstərirdi ki, Ay qayalıqları Yer mənşəlidir, digər tərəfdənsə kompüter modelləri Ayın əsasən Teyaya aid qayalıqlardan formalaşmış olduğuna işarə edirdi. Get-gedə bu hipotezə ümidlər azalsa da, nəhayət ki, alimlər daha dəqiq analizlər nəticəsində Ayın Yerə aid olmayan qayalıqlardan qurulduğuna dair sübutlar əldə etdilər.

"Biz, Yer və Ay qayalıqlarının izotop tərkibində cüzi fərqliliklər aşkar etdik ki, bu da toqquşma nəzəriyyəsini təsdiq edir", - Göttingen Universitetindən olan Deniel Hertvarts qeyd edir.

Hertvarts və həmkarları tədqiqatda Yer və Aya aid qayalıqların izotop tərkibindəki oksigen fərqliliklərini dəqiqləşdirdikdən sonra nəticələrin Yer və Teyanın formalaşdığı qayalıqlar üçün identik olduğunu anladılar. Bu qəribə faktı izah etmək üçün mütləq Teyanın Yer yaxınlığında bir yerdə yarandığını və bu səbəbdən oxşar izotop tərkibləri olduğunu əlavə etmək lazımdır. Əgər belədirsə, o zaman Günəş sistemindəki planetlərin yalnız özünə xas kimyəvi tərkibi olduğuna dair hipotez təkzib edilməli olacaq.

Britaniya Açıq Universitetindən olan Maheş Manand isə əldə edilən sübutların hələlik kafi olmadığını və Ayın digər rayonlarına aid nümunələrin də gözdən keçirilməsinin vacib olduğunu deyir.

Həmçinin oxuyun:

Europaya avtomatik zond göndəriləcək
Asteroidin "anatomik atlası" tərtib olundu
İlk ekzopeyk tapılmış ola bilər
daha ətraflı...

June 5, 2014

"Emosional" robot təqdim edildi

Yapon firması Softbank və fransız firması Aldebaran Robotics tərəfindən hazırlanmış yeni "Pepper" adlı robot faktiki olaraq süni intellektə sahibdir. Belə ki, robot insan emosiyalarını oxuyaraq onlara cavab verə bilir. Robotun iş prinsipi "emosional mühərrik" və süni intellektə əsaslanır. Hava texnologiyası köməyilə "Pepper" jestləri, sifət ifadələrini və səsin emosional çalarlığını analiz etməyə qadirdir.

Mütəxəssislər robotun tamamilə təhlükəsiz olduğunu, insanların onunla eynən ailə üzvləri kimi sakit rəftar edə və ona müxtəlif vəzifələr əmr edə biləcəklərini bildirirlər. Yaxın gələcəkdə bütün dünyada satışa buraxılacaq robotu 1930$-a əldə etmək mümkün olacaq.

"Hər hansı bir insanda empatiya azlığı, emosiya və ya oxuma problemi olduğunu demək istəyəndə onu robotla müqayisə edirlər. Bəşəriyyət tarixinin ilk emosional robotunu təqdim edirik", - Masayosi Son qeyd edir.

Tezliklə belə robotlar insanları əvəz edərək yalnız istehsal sahəsində deyil, həm də ev işlərində, ev heyvanlarına və qocalara nəzarətdə istifadə ediləcək. Xatırladaq ki, hal-hazırda ev robotları Honda və Panasonic kampaniyaları tərəfindən də təkmilləşdirilir.

"Emosional robotlar həyatımıza yeni boyut və texnologiya ilə qarşılıqlı əlaqəmizdə yeni yollar açacaq. Bu, perspektivli reallığın hələ başlanğıcıdır", - Bruno Mezonye deyir.

Qeyd edək ki, məşhur astrofizik Stiven Hokinq bu yaxınlarda verdiyi açıqlamada süni intellektli robotların bəşəriyyətin inkişafındaki ən böyük səhv ola biləcəyini ifadə edib. Alim, gələcəkdə robotların bütün sahələrə yiyələnərək insanlar üzərində qura biləcəkləri hakimiyyətindən ehtiyatlandığını dilə gətirməkdən çəkinməyib.


Videonu izləmək üçün klikləyin

Həmçinin oxuyun:

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Yaponiya kosmosdan enerji əldə edəcək
Toxunuş hissiyatlı robot əl hazırlandı
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top