November 29, 2014

Neandertallar və Homo sapiens ayrı növlərdir

Yeni bir tədqiqatın nəticələri bir daha təsdiq edir ki, neandertallar və Homo sapiens fərqli növlər olub.

"SUNY Downstate" tibb mərkəzindən olan mütəxəssislər müasir texnologiyaların köməyilə neandertalların modern insanın alt növünü deyil, tamamilə fərqli növü təmsil etdikləri versiyasına güclü dəlil əldə ediblər. Alimlər Homo sapiensHomo neanderthalensis növlərinin burun müqayisəsi analizləridən sonra belə qərara gəliblər. Qeyd etmək yerinə düşər ki, dəyişkənliklərilə fərqləndiyi üçün burnun forması və ölçüsü antropoloji araşdırmalarda vacib diaqnostik əlamət hesab edilir.

Tədqiqatda antropoloqlar əldə olan kəllə sümüklərini öyrənib, daha sonra isə burun boşluğunun iç strukturunun 3D rəqəmsal görüntüsünü yaradan xüsusi sistemdən yararlanıblar. Ətraflı araşdırmanın ardından neandertalların yuxarı nəfəs yollarının bizimkindən fərqli funksiyaya malik olduğu bəlli olub. Antropoloqlar qeyd edir ki, Homo neanderthalensis'in bədən quruluşu planı da həmçinin insandakından fərqlənir, buna görə də bu iki növü bir-birindən ayırmaq lazımdır.

Əgər neandertallar bu gün də yaşasaydılar, ən yaxın bioloji qohumlarımız şimpanzelər deyil, məhz onlar olacaqdı - genetika da bunu təsdiqləyir. Uzun müddətdir ki, elm ictimaiyyətində nəsli kəsilmiş növ olan Homo neanderthalensis'in bizdən ayrı, yoxsa bizim alt növümüz olduğu mövzusunda müzakirələr gedirdi. Son illərdə tapılan qalıqlar və müasir metodlar sayəsində artıq neandertalların müstəqil növ olduğu versiyası daha çox məşhurluq qazanır.


Neandertalların nəslinin kəsilməsinin əsas səbəbi, müasir elmi tapıntılara əsasən, bizimlə rəqabət apara biləcək gücdə olmamaları idi. Bəzi tədqiqatçılar isə bunun səbəbinin, neandertalların daha soyuq və daha quru iqlimlərdə yaşamalarını mümkünsüz edən spesifik burun quruluşu olduğunu hesab edirlər.

Həmçinin oxuyun:

Neandertallar mərhələlərlə təkamülləşib
Neandertallar bizə genlərinin 20%-i verdi

Siqaret asılılığı neandertallardan qaynaqlanır
daha ətraflı...

November 18, 2014

"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı

Almaniya Aerokosmik Mərkəzindən (DLR) alınan məlumata görə, "Fila" kosmik cihazı yuxu rejiminə keçmədən əvvəl komet üzərində üzvi birləşmələrə rast gəlib. Nəzəri olaraq, həmin birləşmələrin həyatın yaranması prosesində iştirak etmiş ola biləcəyini demək olar.

"Fila" 67P/Churyumov-Gerasimenko adlı kometin atmosferini araşdırdıqdan sonra molekullar aşkar edib. Onlardan bir hissəsinin tərkibində karbon atomları var ki, bu kimyəvi element olmadan həyatı təsəvvür etmək mümkün deyil. Yalnız dəqiq nəticələr əldə edildikdə, alimlər kimyəvi birləşmələrin tərkibini açıqlayacaqlarını bildirirlər. Bunlar sadə (metanol və ya metan) olduğu kimi, mürəkkəb (aminturşuları) birləşmələr də ola bilər. Əgər alimlər soladolanmış aminturşularını tapsalar, həyatın bizim planetə məhz kometlərlə gətirildiyi versiyasını təsdiq etmiş olacaqlar.

Bununla yanaşı "Fila" modulunun kometdə qazıntı işi apararaq torpaq tərkibi ilə bağlı məlumatlara yiyələndiyi, lakin hələlik alimlər tərəfindən ətraflı araşdırılmadığı qeyd edilir.

Kometlərin zənginliyi bundan ibarətdir ki, Günəş sisteminə aid və minimal dəyişikliyə uğramış relikt maddələri daşıyırlar. Onlar sayəsində Churyumov-Gerasimenko kometi həyatın Yerdə özbaşına yaranmış olduğuna, yaxud kənardan düşdüyünə aydınlıq gətirəcək.

Avropa Kosmik Agentliyi tərəfindən hazırlanmış Rozetta aparatı 2004-cü ilin 2 martında kosmosa buraxılıb. Rozetta zondunun eniş modulu olan "Fila" on illik kosmik səyahətin sonunda 2014-cü ilin 12 noyabrında kometə endirilib. Kometin çökəkliyinə endiyi üçün orada ilişib-qaldığından və lazımi miqdarda Günəş enerjisi ala bilmədiyindən, əsas batareyaları tükənəndən dərhal sonra 15 noyabr tarixində modul yuxu rejiminə keçməli olub. Lakin xoşbəxtlikdən "qəflət yuxusuna" dalmadan əvvəl, əldə etdiyi dəyərli məlumatları Yerə ötürməyi bacarıb.

Həmçinin oxuyun:

"Fila"dan pis xəbər var: Əlaqə kəsildi
"Fila" modulu ilk dəfə komet üzərinə eniş etdi
Hindistan Marsa doğru
daha ətraflı...

November 15, 2014

Gələcəyin seksi

Bu gün seks haqda nəinki yazırlar, onu həm də internetdə nümayiş etdirir və insanları onunla məşğul olmağa çağırırlar. İntimə artıq heç kəs "müqəddəs" münasibəti göstərmir. Bəlkə də bu səbəbdən seks və sevgi iki fərqli qütbə ayrılıb. "Həqiqi sevgi" hələlik müasir texnologiyaların təsiri altına tam düşməyib, seks haqda isə eyni sözləri deyə bilməyəcəyik. Gəlin müasir texnologiyalara və seks prototiplərinə baxıb, onun gələcəkdə necə bir forma alacağını təsəvvür etməyə cəhd edək.

Gender və seksual oriyentasiya

Qərb insanı artıq fərdin gender və seksual oriyentasiyasının doğuşdan təyin edilmədiyinə əmin olub. Bu gün insanların əməliyyatlara üz tutaraq cinslərini dəyişdirməsi, demək olar ki, daha heç kəsi maraqlandırmır. Bundan başqa bir çox transseksuallar skeptiklərə, cinslərini dəyişdirdikdən sonra öz həyatlarının necə yaxşı istiqamətə doğru çevrildiyini sübut etmək üçün qəhrəmancasına maarifləndirmə işləri aparırlar. Bunun ən parlaq nümunəsi Matrix trilogiyasını və Dumanlı Atlas (Cloud Atlas) filmini öz qardaşı Endi ilə birlikdə yaradan Lana Vaçovskidir.


Bir müddət əvvəl Almaniya üçüncü cinsin olduğunu qəbul edən ilk Avropa ölkəsi oldu. Yəni, valideynlər uşağın cinsini dəqiqləşdirdikdə "qeyri-müəyyən" variantını da seçə bilərlər. Uşaq böyüdükdə isə özünü istənilən cinsə aid edə bilər. Bu qanun əsasən hormonları və reproduktiv orqanları bir cinsə 100% aid olmayanlar üçün aktual olacaq.

Dünyanın bir çox ölkələrində homoseksualizm dövlət səviyyəsində qəbul edilir. Bununla yanaşı Facebook, Microsoft, AppleIntel kimi iri texnoloji resurlar da həmcinslərin nigahını dəstəklədiklərini bildirərək, homoseksuallar və transseksualların cəmiyyətin bərabər hüquqlu nümayəndələri olduğunun qəbul edilməsi prosesini sürətləndirirlər.

İnteraktiv porno-oyunlar

Hazırki texniki imkanların səviyyəsini nəzərə alaraq, taktil (sensor) hissləri və qoxuları doğuran və onları birbaşa beynə ötürən kamera və geyimlərin tezliklə reallığa çevriləcəyini deyə bilərik. Ələxsus bununla əlaqəli texnologiyalar artıq mövcuddur. Misal üçün, bu yaxınlarda yarıçılpaq modellər üzərində təqdimatı baş tutmuş Oculus Rift kaskasının bacarıqları, yumşaq dildə desək, heyrətləndirir. Onları insanlardan ayırmaq, demək olar ki, mümkün deyildi. Kaskanın Xbox Kinect-in hərəkətləri kimi fiksə edən qurğularla bağlantısı sayəsində interaktiv porno-oyunlara dalmaq mümkün olur.


Seks və kompüter oyunları

Virtual reallıq texnologiyalarının inkişafı ilə seks kompüter oyunlarının ayrılmaz hissəsinə çevrilə bilər. Oyunçular həm digər istifadəçilərlə, həm də xəyali personajlarla seksual əlaqə yaşaya bilərlər.

Hazırda Yaponiya və Koreyada "virtual partnyorlar" olduqca populyardır, hansılar ki istifadəçi ilə birbaşa əlaqə yarada bilməsələr də, hərəkətlərə reaksiya verə bilirlər. "Ağıl xalları" bağlantısı və hərəkət detektoru köməyilə bir yapon entuziast öz yanında yapon vokaloidi Xatsune Mikunu yarada bilib. Çəkdiyi videoda istifadəçinin sığallama və zərbələrinə personajın reaksiya verdiyini görmək olar.

Virtual oyunun real həyata təsiri bəzən absurd səviyyəyə çatır. Nümunə olaraq, Second Life virtual aləmi istifadəçilərinin evləndiyi, orgiyalarda iştirak etdiyi və hətta real həyartda yad avatarlara qısqanclıq səbəbindən boşandıqları kimi hadisələri qeyd etmək olar.


Robotlar bizi əvəz edir

Süni intellektin, realistik materilların və çevik parametr təyinedilməsinin təkmilləşdirilməsi ilə yaxın gələcəkdə robotlar istifadəçilərin bütün ehtiyaclarını qarşılaya biləcəklər. Bununla da onlar, seks-industriya sahəsi işçilərinin müəyyən hissəsini əvəz edəcəklər. ABŞ-da dünyada ilk dəfə olaraq seks üçün planlaşdırılmış androidlər satışa buraxılıb. Virtual reallıq qurğusu köməyilə robotların xarici görünüşünü dəyişmək mümkün olacaq. Yaponlar artıq mexaniki siluetin prototipini nümayiş etdiriblər, hansının ki üzərinə animasiyalaşdırılmış qız holoqramı yüklənib. Bundan başqa, Lars fon Triyerin "Nimfoman" filminin pornoqrafik səhnələrinin çəkilişi üçün aktyorların sifətini onları əvəz dublyorların vücuduna ötürən texnologiyadan yararlanılıb.

Süni intellekt üzərində çalışan mütəxəssislər əmindirlər ki, insanlar 2050-ci illərdən virtual reallıqdan yararlanmadan robotlara aşiq olacaq, onlarla ailə quracaq və onlara öz həqiqi yoldaşları kimi münasibət göstərə biləcəklər.

Məsafə seks üçün maneə deyil

Çox yaxın zamanda insanların, bir-birlərinin ehtiyaclarını uzaq məsafədən qarşılayacaqlarını təmin edəcək qurğular hazırlana bilər. Məsələn, bu yaxınlarda Dure x kampaniyası hissiyatlı alt paltarların prototipini təqdim edib. Bu alt paltarlarının bəzi hissələri, oraya smartfondan siqnal ötürdükdə vibrasiya effekti meydana gətirir. Interaxon kampaniyası isə beyin dalğalarına reaksiya verə bilən ucuz (200$-dan aşağı) baş halqası istehsal etmək fikrindədir. Hiperrealistik Fleshlight simulyatoru sayəsində məsafə seksinin bu gün də mümkün ola biləcəyini vurğulamaq olar.

Küçələrdən ixtisaslaşdırılmış müəssisələrə

Yeni texnologiyaların yaranması ilə hətta Qərb ölkələrində seks-industriyası sahəsində çalışanlar daha rahat və təhlükəsiz iş şərtlərinə keçid ala biləcəklər. Onlar, kompüter şəbəkələri, onlayn reklam və şəxsi marketinq kimi imkanlardan yararlanaraq, vasitəçilərə ehtiyac duymadan öz karyeralarını yürüdəcəklər.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Seks beyin fəaliyyətini gücləndirir
Seks üçün iki ayaq üzərinə qalxdıq?
Üç valideyndən olan uşaqlar gəlir
daha ətraflı...

"Fila"dan pis xəbər var: Əlaqə kəsildi

Modulun Yerlə əlaqəsi kəsildiyi barədə Avropa Kosmik Agentliyinin (AKA) tvitter hesabında məlumat verilir. "Fila" Churyumov-Gerasimenko kometi üzərində cəmi 56 saat iş apara bildi.

"Eniş modulumuz yuxuya daldı. Şirin yuxular, Fila", - AKA məktubunda yazır. Cihazla əlaqənin Bakı vaxtı ilə 4.36-da kəsildiyi qeyd edilir. Modul yuxu rejiminə keçid alaraq, elmi araşdırma məlumatlarını Yerə ötürməyi dayandırıb. Bu ana qədər isə "Fila" alimləri maraqlandıran, bəşəriyyət tarixində ilk dəfə komet qazılması nəticələri kimi bir çox məlumatları Yerə göndərməyə nail olub.

Buna baxmayaraq modulla əlaqəni yenidən bərpa etmək şansımız qalır. Mütəxəssislər aparatın üzünü lazımi istiqamətə 35° çevirməyə nail olublar. Belə ki, bir neçə gün əvvəl "Fila" kometə eniş etdikdə, qayalarla əhatə olunmuş kölgəli ərazidə ilişib qaldığından, üzərinə yerləşdirilmiş günəş batareyaları ehtiyac duyulan enerjini ala bilməmişdi. Bu vaxt alimlər cihazın komet üzərində cəmi bir neçə gün araşdırma apara biləcəyi barədə pis proqnoz vermişdilər ki, bu da özünü doğrultdu - əsas batareyalar tükəndikdən sonra, "Fila" yuxuya daldı.

"Fila" modulu "Rozetta" aparatı tərəfindən 12 noyabr 2014 tarixində 67P/Churyumov-Gerasimenko kometinə endirilmişdi. Kosmik layihənin əsas məqsədləri Günəş sisteminin keçmişi haqda ətraflı məlumat toplamaq, kometin nüvə parametrlərini müəyyən etmək, onun kimyəvi tərkibini öyrənmək, habelə kometin zamanla aktivlik dəyişikliklərini aydınlaşdırmaqdan ibarət idi.

Həmçinin oxuyun:

"Fila" modulu ilk dəfə komet üzərinə eniş etdi
Yaponiya kosmik lift inşa edəcək
NASA Titana göndəriləcək sualtı gəmini seçir
daha ətraflı...

November 13, 2014

Kainatımızın gələcəyi boş və darıxdırıcı ola bilər

Hələ Nyutonun vaxtlarından elmə məlumdur ki, cazibə qüvvəsi sayəsində materiyanin tərkib hissələri bir-birini çəkib dartırlar. Bu səbəbdən alimlər uzun müddət qalaktikalar və ulduzlar arasındaki məsafənin azalmaqda olduğunu düşündülər. Lakin qırmızı işıq dəyişilməsinin kəşfi və sonraki müşahidələr göstərdi ki, səmadaki bütün obyektlər zamanla Yerdən uzaqlaşır və beləliklə kainat davamlı olaraq genişlənir.

Bu zaman fiziklər gec ya tez cazibə qüvvəsinin bu mübarizədə qalib gələcəyini, kainatın genişlənmə sürətinin azalacağını və "sıxılma" erasının başlanacağını iddia etdilər. Və yenidən yüksək həssaslığa və dəqiqliyə malik ölçmə cihazları alimlərin bütün nəzəri hesablamalarda yanıldıqlarını göstərdi. 1998-ci ildə həyata keçirilmiş təcrübə kainatın genişlənmə sürətinin zamanla nəinki azalmadığını, hətta, əksinə olaraq, davamlı artdığını sübut etdi. Bu kəşf elm ictimaiyyətində elə bir rezonansa səbəb oldu ki, təcrübənin müəllifləri fizika üzrə Nobel mükafatına layiq görüldülər.

Əgər əvvəllər kainatın axır-əvvəl Böyük Partlayışdan (The Big Bang) qabaqki hala qayıdacağı hesab edilirdisə, artıq mövzu davamlı və getdikcə daha da yüksək sürətlə genişlənən məkandan ibarət idi. Bunun da məntiqi sonu nüvə əlaqələrinin zəifləməsi nəticəsində bütün materiyanın dağılması olmalı idi.

Müasir standart kosmik modeldə qəbul edilmiş ən sadə versiyaya əsasən, kosmik məkanda vakuum dəyişilməz energetik sıxlığa malikdir - qara enerji. Bu enerji növü mənfi təzyiqli və antiqravitasiondur. Başqa deyimlə, məhz naməlum qara enerji Günəş sisteminin bütün obyektlərini özündən uzağa itələyərək, sürətlənən kainat genişlənməsinə səbəb olur.

Lakin son bir neçə ay ərzində aparılmış tədqiqatlar belə modeli elmi əsasını şübhə altına saldı. Kosmik mikrodalğa arxa plan şüalanması üzrə araşdırmalar kosmoloji nəzəriyyələrin fundamental hesablamalarının əsaslandığı bir sıra parametrlərə dəyişikliklər gətirməli oldu. Misal üçün, qalaktik qrupların inkişaf sürətinə yenidən nəzər yetirildi.

Ortaya çıxmış uyğunsuzluqları izah etmək üçün iki əsas versiya hazırlandı. Birinci versiyada qaranlıq enerji zamanda dəyişilir və qaranlıq materiya ilə qarşılıqlı əlaqələrə girmir. Digər hipotezə əsasən isə neytrinoların subatom hissəciklərinin kütləsi hesablamalarda bildirildiyi kimi deyil - daha çoxdur.

İtaliya və Böyük Britaniya alimlərinin apardığı qabaqcıl tədqiqatlar üzərində düşünülmüş yeni model isə daha real səbəblər təqdim edir. Portsmutda yerləşən Kosmologiya və Qravitasiya İnstitutunun rəhbəri Devid Vends və həmkarları hesab edirlər ki, qaranlıq enerji yavaş-yavaş qaranlıq materiyanı udmaqla məşğuldur.

"Qaranlıq materiya kainatın inkişafına gətirib çıxaran strukturları dəstəkləyir. Əldə etdiyimiz nəticələrdə gördüklərimiz qaranlıq materiyanın yavaş-yavaş buxarlandığı mənasını verir ki, bu da qalaktikaların sürətini azaldır. Əgər qaranlıq enerji qaranlıq materiya sayəsində artırsa, gələcəkdə kainatımız nəhəng, tamamilə boş və darıxdırıcı yerə çevriləcək", - Vends qeyd edir.

Məqalələrində alimlər qaranlıq materiyanın qaranlıq enerjiyə mümkün çevrilişini izah etsələr də, bu hadisənin hansı səbəblərdən baş verdiyinə aydınlıq gətirə bilmirlər. Yeni hipotezə əsasən, qaranlıq enerjiyə düşən kainat payı bütün kütlə-enerjinin 68,3%-ə bərabərdir. Qaranlıq materiya 26,8%, adi görünən materiya isə kainatın cəmi 4,9%-i təşkil edir.

Həmçinin oxuyun:

Qaranlıq materiya nəhayət tapılmış ola bilər
Kvant hadisələr parallel kainatların sübutu ola bilər
İşığın sürəti daha azdır?
daha ətraflı...

November 12, 2014

Kvant hadisələr parallel kainatların sübutu ola bilər

ABŞ və Avstraliyadan olan alimlərin irəli sürdüyü yeni hipotezə əsasən, kainatda haradasa eynən bizim həyat yolumuzu gedən kopiyalarımız mövcuddur. Sadəcə orada hadisələr fərqli istiqamətdə inkişaf edir. Məsələn, insanlarla dinozavrlar bu gün də bir yerdə yaşayır və ya İkinci Dünya Müharibəsi ümumiyyətlə baş verməyib. Daha əvvəllər də oxşar mövzular irəli sürülmüşdü, yeni hipotezin müəllifləri isə belə yanaşmanın bir çox kvant mexanikası sullarını cavablandıracağına ümid edirlər.

İdeyanın müəllifi Hovard Vayzman bizə məlum kainatın mövcud çoxlu sayda kainatlardan sadəcə biri olduğunu hesab edir. Hipotezə görə, bütün kainatlar realdır və oxşar ssenarilərlə yaşayırlar, onlardan bəziləri isə bizimki ilə oxşardır. Kainatlar arasındaki fərqlilikləri meydana gətirən isə kvant toqquşmalardır - bunlar nə qədər güclüdürsə, kainatlar bir-birindən bir o qədər uzaqlaşaraq, fərqliləşirlər.

"Bizim hipotezimiz kvant dünyasında irəliyə fundamental sıçrayışdır", - Qriffit Universitetindən olan professor Vayzman qeyd edir.

Fizikada bütün hadisələrin bir yerə yığıla bilməyəcəyi hesab edilir. Ağır obyektlərin dünyasında klassik mexanika və Eynşteynin nisbilik nəzəriyyəsi hökm sürür, elementar hissəciklərin aləmi isə kvant mexanikası qanunlarına tabedir. Belə bölünmə alimləri uzun müddətdir ki, narahat edir və onlar yeni fizikaya qapı açmaq üçün Hər Şeyin Nəzəriyyəsini (The Theory of Everything) hazırlamaq üzərində baş sındırırlar.

Klassik və kvant mexanikalarını barışdırmaq üçün edilən daha əvvəlki cəhdlər müxtəlif riyazi strukturların yaradılmasından ibarət idi. Köhnə bir interpretasiya klassik kainatı çoxlu sayda kvant kainatların mövcudluğunun nəticəsi kimi təqdim edir. Bu nəzəri yanaşma 1950-ci ildə amerikalı Hyu Everett tərəfindən izah olunub.


Everettin köhnə hipotezindən fərqli olaraq, Vayzman və həmkarlarının ideyası mövcud klassik kainatların bir-biri ilə davamlı və qarşılıqlı əlaqələrinin olduğunu mümkün sayır. Kainatların hər biri özlüyündə klassik Nyuton fizikası qanunlarına tabedir. Bu kainatların qarşılıqlı əlaqələri isə kvant dünyasına aid edilən hadisələri doğurur.

Alimlər bu əlaqələri riyazi olaraq izah etməyə cəhd ediblər. Misal üçün, kvant fizikasında tunel effekti adı ilə tanınan hadisə mövcuddur: kvant xüsusiyyətlərə sahib hissəcik (məsələn foton) müəyyən energetik baryerdən keçdikdə, öz enerjisinin baryerin enerjisindən daha az olmasını təmin edir - baryer isə mütləq keçilməlidir. Klassik mexanika belə hadisəni şərh etməyə qadir deyil, kvant dünyada isə belə hadisələrə tez-tez rast gəlinir.

Vayzman bildirir ki, öz ssenarisinə əsasən, iki klassik dünya müxtəlif istiqamətlərdən energetik baryerə yaxınlaşdıqda, onlardan biri sürəti artıracaq, digəri isə nəticədə geriyə sıçramış olacaq. Beləcə hərəkətdə olan dünya fəth edilməz kimi görünən baryeri keçəcək və kənardan bu proses sanki hissəciyin kvant tunelləşdirilməsi kimi görünəcək.

"Əlbəttə ki, bütün tapmacalara cavab tapa bilmədik, sadəcə bəzi kvant hadisələrin mövcud çoxlu sayda klassik dünyaların qarşılıqlı əlaqələri ilə izah oluna biləcəyini iddia edirik. Hipotezimiz hələlik kvant dolanışıqlığı hadisəsini izah edə bilmir, bunun üzərində də işlər aparırıq", - Vayzman deyir.

Mütəxəssislər tezliklə yanaşmalarını praktiki olaraq təsdiqləyə biləcək eksperiment barədə düşünməyi planlaşdırırlar.

Həmçinin oxuyun:

"Interstellar" və zaman səyahəti mövzusu
Bizi əhatə edən reallıq holoqram ola bilər
Multikainatda yaşayırıq?
daha ətraflı...

"Fila" modulu ilk dəfə komet üzərinə eniş etdi

On illik kosmik səyahət böyük uğurla yekunlandı: "Fila"  adlı kosmik modul Churyumov-Gerasimenko kometi üzərinə müvəffəqiyyətli eniş edərək, komet səthindən ilk görüntünü Yerə ötürməyi bacarıb.

Yerdən 510 milyon km uzaqlıqda, Mars və Yupiterin orbitləri arasında tarixi hadisə baş verib. Tarix kitablarına əlavə edilə biləcək bu uğur kosmik tədqiqatlar sahəsində yeni cığır açır.

Avropa Kosmik Agentliyi tərəfindən 2004-cü ilin mart ayında 67P/C–G və ya Churyumov-Gerasimenko kometinə istiqamətləndirilən "Rozetta" zondunun modulu "Fila", 12 noyabr 2014 tarixində kometin "Aqilkia" adlı rayonuna uğurlu eniş yerinə yetirib.

Kosmik cihaz "Rozetta" 6,4 milyard km məsafə qətt etdikdən sonra 6 avqust 2014 tarixində 67P/Churyumov-Gerasimenko kometinə çatmışdı. O vaxtdan bu yana kometin 22,5 km uzaqlığında dövr edən cihaz, özündə daşıdığı 100 kq ağırlığındaki "Fila" adlı eniş modulunu komet üzərinə endirməyi bacarıb.

Komet üzərinə endirilmiş modulun Günəş sisteminin keçmişi, habelə Yerdə həyatın yaranmasına səbəb olan şərtlər və suyun mənşəyi ilə bağlı dəyərli məlumatlar qazandıracağı hesab edilir.



Solda - "Fila" modulu tərəfindən çəkilmiş "Rozetta" cihazının şəkliSağda - əksinə

"Fila" modulunun əldə etdiyi 67P/C-G səthinin ilk fotoşəkli

Avropa Kosmik Agentliyindən alınan məlumata görə, modul eniş etdiyi anda kometin səthindən tutub yapışmağı üçün planlaşdırılmış harpunlar hesablandığı kimi açılmayıb. "Rozetta" komandası bu problemin aydınlaşdırılması və aradan qaldırılması üzərində işlər aparır. Lakin enişin tam rahat şəkildə yerinə yetirildiyi və "Fila"nın əla vəziyyətdə olduğu bildirilir.



Harpunlarla bağlı problem aradan qaldırıldıqdan dərhal sonra modul Günəş sisteminin ilk dövrlərində formalaşmış komet maddəsi ilə bağlı araşdırmalara başlayacaq ki, bu da bizə sistemin keçmişi və Yerdə həyatla suyun mənşəyi barədə əhəmiyyətli məlumatlar qazandıracaq.

Həmçinin oxuyun:

Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı
Asteroidin "anatomik atlası" tərtib olundu
Dinozavrların "qatili" həyatı kosmosa yaydı
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top