July 20, 2016

"İlk həqiqi cavanlaşdıran preparat" sınaqdan keçirilir

Vaşinqton və Keyo universitetlərindən olan nümayəndələr ilk dəfə nikotinamidmononukleotid-i (NMN) insan üzərində sınaqdan keçirməyə hazırlaşır. Adıgedən preparat daha əvvəl siçanlar üzərində yoxlanılmış (heyvanlar dərmanı qida ilə birlikdə qəbul edirdi) və onlarda görmədə normallaşma və maddələr mübadiləsi yaxşılaşması müşahidə edilmişdi.

Homo sapiens-lə 98%-ə qədər artan genetik uyğunluq daşıdığından, əksər təcrübələrdə siçanlar istifadə olunur. Bu gəmiricilərdə bizimki ilə oxşar xəstəliklər müşahidə olunur. Lakin bütün bunlar deməyə əsas vermir ki, preparat siçanlara təsir göstərdiyi kimi, bizi də yaxşılaşdıracaq.

Növbəti mərhələ üçün artıq hazırlıqlar gedir. Eksperiment üçün on sağlam könüllü seçilib: onlara NMN yeridildikdən sonra orqanizmlərindəki dəyişikliklər izləniləcək. Bununla yanaşı dərmanın əks təsirləri də müəyyənləşdirilmiş olacaq. Əgər neqativ nəticələr qeydə alınmasa, mütəxəssislərin rəyinə əsasən, "ilk həqiqi cavanlaşdıran məhsul" olan yeni preparat satışa çıxarılacaq.

Preparat sayəsində sirtuinlərin (bədən inkişaf etdikcə hasilatı zəifləyən zülallar) hasilatı stimullaşır. Nikotinamidmononukleotid, süd kimi müxtəlif qida məhsullarının tərkibində olan üzvi molekuldur.
daha ətraflı...

"Digər dünyaya" açılan mərhələ: kliniki ölüm və görmələr

Alimlər insanlarda kliniki ölüm vaxtı meydana gələn görmələrin təbiətini aydınlaşdırmağa cəhd ediblər. Məlumdur ki, bir çoxları belə halları "digər dünya" ilə əlaqələndirir.

Kliniki ölüm zamanı pasientin həyatı xilas oluna bilər. Bu ölüm mərhələsi həyatla bioloji ölüm arasındaki keçiddir. Xəstənin ürək fəaliyyəti və tənəffüs prosesi dayanır. Orqanizmin həyati funksiyalarının bütün xarici əlamətlərinin itməsi müşahidə olunur. Kliniki ölüm vaxtı bəzən qəribə hallar qeydə alınır ki, bunları da müasir elm dəqiq olaraq izah edə bilmir. Bu prosesdən keçmiş bir sıra insanlar öz bədənləri üzərində uçduqlarını xatırladığını iddia edirlər. Digərləri isə vəfat etmiş qohumları ilə görüşdüklərinə əminliyini bildirir. Belə halların atributlarından biri insanı sanki özünə çəkən gur işıqlı tunel ola bilər.

Elə isə bütün bunlar nədən qaynaqlanır? Belçikalı nevroloq Stiven Loureysin başçılıq etdiyi elmi komanda bu sualı cavablandırmağa cəhd edib. Alimlər kliniki ölüm təcrübəsi yaşamış 400 pasientin göstəricilərini analiz ediblər. Əldə edilmiş məlumatlar əsasında Loureys və həmkarları kliniki ölüm anında beynin nevroloji fəaliyyətinin gücləndiyi və bunun nəticəsi kimi beyində təkrar olunan müxtəlif həyat anlarından ibarət bir növ "film" nümayiş olunduğu qənaətinə gəliblər. Alimlərin fikrincə, oxşar görmələr şüuraltı fəaliyyətinin məhsuludur.


"Güman edə bilərik ki, komada olan və bizlərə cansız kimi görünən insanlar əslində səs-küylü nevroloji həyat yaşayır", - Loureys qeyd edir.

Nəticələr göstərir ki, görmələr baş verdikdə gicgah və təpə nahiyələrinin qovuşduğu beyin bölgəsində aktivləşmə meydana gəlir. Tədqiqatçılar iddia edirlər ki, belə vəziyyəti süni olaraq əldə etmək olar - bunun üçün hiperventilyasiyanın köməyi lazımdır. Kliniki ölüm zamanı pasientlərin gördüklərini alpinistlər və pilotlar da müşahidə edə bilər. Bir sıra pilotların havada özlərini təyyarədən kənarda hiss etmiş olduqları kimi hallara rast gəlinir.

Həmçinin oxuyun:

Ölüm astanasındakı fenomenal hadisələrin səbəbi nədir?
Xəyallara daldığınıza görə narahat olmağa dəyməz

Həyat və ölüm arasındaki "sərhəd" nədir?
daha ətraflı...

July 14, 2016

Ayaq üstə su içmək zərərlidirmi?

Mif-1: "Ayaq üstə su içmək zərərlidir, çünki ayaq üstə dayanarkən içdiyimiz su birbaşa onikibarmaq bağırsağa keçir, mədədə kifayət qədər qalmır və bu səbəbdən mədə turşusu ilə qarışmır, içərisindəki bakteriyalar ölmür."

Mif-2: "Ayaq üstə dayanan bir insanın qəbul etdiyi maye qida birbaşa onikibarmaq bağırsağa keçir. Mədənin kiçik əyriliyinə uyğun gələn hissəsində Waldeyerin mədə yolu adlanan nov vardır. Maye qidalar bu yoldan keçərək kiçik bir açıqlığı olan mədə çıxacağından onikibarmaq bağırsağa keçir. Yəni insanların ayaq üstə qəbul etdikləri su və maye qidalar mədədə qalmadan birbaşa onikibarmaq bağırsağa keçir."

Həqiqət: Duruş vəziyyətiniz ilə su içməniz arasında heç bir əlaqə yoxdur. Bu tamamilə yanlış bir məlumatdır və ayaq üstə su içənlərin xəstəliklərə tutulma tezliyinin çox olduğunu göstərən heç bir elmi araşdırma yoxdur. Bu səbəbdən arqument uydurmadır və tamamilə mənasız bir fərziyyədir.

Məlumat-1: Su, son dərəcə axıcı bir mayedir. Mifi yaradanların iddia etdiyi şəkildə, bir qatı maddə kimi hərəkət etmir. Mədə hansı vəziyyətdə olursa olsun, qida borusundan keçib mədəyə çatan su turbulent axın nəticəsində çalxalanacaq və mədə turşusuyla normal bir şəkildə qarışacaq. Bəhs edilən "birbaşa keçid" yalnız qatı və kiçik parçalar üçün etibarlı ola bilər ki bu da mədənin formasından ötəri doğru olmayacaq. Aşağıda mayeylə dolu bir mədənin sxematik görünüşü göstərilməkdədir:

Məlumat-2
: Mədədə "mayelərin keçdiyi" bir "Waldeyerin Mədə Yolu" adlı nov yoxdur. Bu tamamilə uydurma bir termindir. Anatomiya və bəzən cərrahi elmlərdə "Waldeyer Fassiyası" olaraq təyin olunan "fascia of Waldeyer" ya da "Waldeyer's Fascia" termini var. Ancaq bunun mədədə suyun axını ilə hər hansı bir əlaqəsi yoxdur və düz bağırsaq nahiyəsində yerləşir. Bəzi mənbələrdə, qida borusunun sonu (mədənin girişi) ilə onikibarmaq bağırsağ arasındakı ən qısa məsafə olaraq təyin olunsa da bu səhvdir. Bu iki nöqtə arasındakı ən qısa məsafə "curvatura ventriculi minor" adlanır. Bu səbəbdən mədədə tapıldığı iddia edilən yol və ya xüsusiləşmiş nov bir xəyal məhsuludur. 


Məlumat-3: Mədənin forması, duruş vəziyyətindən asılı olaraq demək olar ki heç dəyişmir. Əlbəttə, çəki miqdarına və orqanların anlıq vəziyyətilə əlaqədar olaraq hərəkətlərimiz müxtəlif orqanların bir qədər sıxılmasına və ya gərgin hala gəlməsinə səbəb ola bilər; ancaq bunun hər hansı bir prosesə nəzərəçarpan dərəcədə təsir etməsi mümkün deyil. Üstəlik bu dəyişmə olsa belə, su axışının və patogenlərin öldürülməsinin bununla bir əlaqəsi yoxdur. Ayaq üstə dayanan insanın mədəsi aşağıdakı kimi görünür və bu şəkildən də görülə biləcəyi kimi mədəyə düşən suyun, mədə turşusu ilə qarışması üçün çox zaman olacaqdır. Əgər bir mayenin udulduqdan sonra yolu necə keçəcəyi və qıvrımlardan necə sıçrayaraq axacağı düşünülsə, nə demək istədiyimiz (və arqumentin axmaqlığı) dəqiq bir şəkildə görüləcəkdir. Qaldı ki mədə forması, insandan insana olduqca dəyişir. Buna görə bir ümumiləşdirmə aparılması qeyri-mümkündür.
Məlumat 4: İnsanlar, təkamül müddətində sonradan iki ayaq üzərinə qalxmış növlərdir. Anatomiyamız hal-hazırda da 4 ayaq üzərində yeriməyə adaptasiyalıdır; iki ayaqlılığa hələ də tam olaraq uyğun deyilik (fəqərə yırtıqları, kürək ağrıları, bel ağrıları, vs. buna əyani misaldır). Bu vəziyyətdə, həzm sistemimiz də əsasən digər 4 ayaqlı heyvanlarınkına bənzəməkdədir və bu şəkildə adaptasiya olmuşdur. Belə olan halda, ən uyğun su içməyin 4 ayaq üzərində olduğunumu gözləmək lazımdır? Əlbəttə xeyr. Eynilə ayaq üstə su içmənin zərərli olduğunu söyləmək kimi, 4 ayaq üzərində su içmənin ən uyğun olduğunu söyləmək də axmaqlıq olacaq. Çünki mayelərin həzm edilməsinin və ya detoksikasiyasının duruş vəziyyəti ilə hər hansı bir əlaqəsi yoxdur.

İstinad buradadır
daha ətraflı...

February 15, 2016

Təkamül bizi nəyə çevirəcək?

Kent Universitetindən olan paleontoloq Metyu Skinnerin sözlərinə əsasən, təkamül bizi "məsxərəyə qoya bilər". Bu təbiət hadisəsinin üzərimizdəki təzyiqi nəticəsində insan suiti, morj və ya ördəyə oxşar canlıya çevrilə bilər. Fikirlər ilk baxışdan absurd kimi səslənsə də, alim dilə gətirdiyi sözlərini əsaslandıra bilir.

The Telegraph'a istinadən bildirilir ki, gələcəkdə insanın məruz qala biləcəyi metamorfozların səbəbi dəniz səviyyəsinin yüksəlməsi və bununla əlaqəli olacaq həyati qlobal dəyişikliklərdir. Gələcəyin insanı yeni şərtlərə uyğunlaşmalı olacaq və ola bilsin ki, onda inkişaf etmiş pərdəli üzvlər meydana gələcək. Buna oxşar nümunəni bu gün qurbağa, suiti, ördək və qunduzlarda görə bilərik. Belə bir təkamül dəyişikliyinin üstünlüyü bundan ibarətdir ki, artacaq dəniz səviyyəsi şərtlərində suda daha sürətli hərəkət etmə bacarığı təmin edə bilər.

Üzvlər uzana, ciyərlərin həcmi isə azala bilər. Bulanıq suda daha yaxşı görə bilmək üçün insanın gözləri transformasiyaya uğrayaraq, pişikkimilər yarımdəstəsi nümayəndəsinin gözlərinə oxşaya bilər. Sudaki zəif işıqlanma dərəcəsi şərtlərində gözdəki tor qişanın arxasında yeni toxuma qatı - "tapetum" meydana gələ bilər. Tapetum, qaranlıqda daha aydın görə bilmək üçün vacib, bir növ bioloji əks etdirmə sistemidir. Su əsasən soyuq olduğu üçün Homo sapiens bədən istiliyini qoruyub saxlamaq üçün əlavə piy qatı təkamülləşdirə bilər. Belə bir insan suitinə bənzəməyəcəksə, daha nəyə bənzəyəcək?

Lakin bu hələ son deyil. Alimin digər bir versiyasına əsasən, əgər yerüzünə asteroid düşsə, bu isə buz dövrünü başlatsa və atmosferin günəş şüası keçiciliyini azaltsa, vacib D vitaminini qəbul etmək üçün insanın dərisi və saçı daha açıq rəngə doğru təkamülləşəcək. Burun və sifət böyüyəcək, saçlarınsa miqdarı artacaq. Bütün bunlar həddindən artıq soyuq şərtlərdə sağ qalma şanslarını artırmış olacaq.

Əgər insan başqa planetə köç edib, məsələn, "marslı" olsa, bədən ölçüsü azalacaq. Qırmızı planetdə kaloniya qurası olsaq təbii rəqiblərimiz və fiziki yükdən məhrum olacağıq və hazır qida qəbulu səbəbindən çənəmiz kiçiləcək, dişlərimizsə, böyük bir ehtimalla, tamamilə yox olacaq. Yetkin marslı belə, alimin dediyinə görə, uşağa oxşayacaq. Bədənin ümumi ölçüsünün kiçilməsinə baxmayaraq, beynimiz artmağa və böyüməyə davam edəcək.

Mütəxəssislərin rəyinə görə, Homo sapiens yaxın zamanda çox da dəyişilməyəcək. Transformasiyaya ilk uğrayacaq əsas bacarığımızsa təhlükəli xəstəliklərə qarşı müqavimətin artması olacaq.

Həmçinin oxuyun:

İnsanın təkamülü davam edir
Gələcəyin seksi
Maya sivilizasiyasının yox olma səbəbi nədir?
daha ətraflı...

Alim: "Qadınlara savadsız olmaq sərf edirdi"

Məşhur rusiyalı bioloq, paleontoloq və elm populyarizatoru Aleksandr Markov hesab edir ki, qadınların savadsız olmağı təkamül nöqteyi-nəzərindən daha sərfəlidir.

Mütəxəssis son verdiyi intervyuda qadınların təhsili sualına toxunur. Onun sözlərinə görə, qadının intellektual olması nəsilartırma potensialına mənfi təsir göstərir. Qadın yazma-oxuma bilmədikdə, savadsız olduqda isə özündən sonra nəsil qoyma şansları artır. "Ölkədə qadın savadlılığı nə qədər çoxdursa, doğum bir o qədər azdır", - bioloq qeyd edir. Alim həmçinin məşhur tezisi bir daha xatırladır - savadlı qadın hər şeydən əvvəl öz karyerası və gələcəyi barədə düşünürsə, savadsız qadın əsasən öz uşaqlarının tərbiyəsi ilə məşğul olur.

Markov demoqrafik məsələyə başqa prizmadan da baxdığını etiraf edir. "Kasıblar, varlılardan daha sürətli artırlar. Bu vəziyyət hər zaman, hər yerdə və hər cəmiyyətdə təkrarlanmasa da, yenə də müşahidə olunur. Kasıb məhəllələri əhali çoxluğundan aşıb-daşır, varlılarsa varislərinin olmamasından əziyyət çəkir" - alim deyir. Dolayısı ilə doğum səviyyəsini təkcə qadının cəmiyyətdəki mövqeyi nöqteyi nəzərindən qiymətləndirmək yanlış olardı.

Lakin maraqlı bir istisnaya da rast gəlirik. Hal-hazırda İranda doğum statistikaları hər qadına 1,92 uşaq düşdüyünü göstərir. Bu göstərici Avropa İttifaqı üzrə ortastatistik göstəricidən azca yüksəkdir. İran cəmiyyətini, qərb nöqteyi-nəzərindən, bərabərhüquqlu adlandırmaq çətin olardı. Qərbləşmə siyasəti və bununla əlaqəli "qadının ali təhsil alma dəbi" müşahidə olunmayan bu islam ölkəsindən belə göstəricilər insanı heyrətləndirməyə bilməz.

Bioloq bununla yanaşı insanların yaşlılara baxma və onların qeydinə qalma davranışı məsələsinə də toxunur. İbtidai icma dövrü ovçuları üçün qocalara qayğı göstərmək sərfəli idi, çünki bunun əvəzində böyük nəsil nümayəndələrindən dəyərli həyat təcrübəsi dərsi alırdılar.

O ki qaldı kreasionistlərə, Markov qeyd edir ki, onlar da təkamül tərəfdarlarından fərqli olaraq, sərfəlidirlər. Bu mövzu daha çox siyasi müstəvidədir və bunu ən sadə belə şərh etmək olar ki, inanclı insanları idarə etmək daha asandır və istənilən hökümət bunu yaxşı dərk edir.

Həmçinin oxuyun:

Qadınlar niyə elmə maraq göstərmir?
Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?
Körpələr sağ qalmaq üçün gecələr oyanır
daha ətraflı...

Qravitasiya dalğalarının mövcudluğu təsdiq edildi

11 fevral 2016 tarixində elm ictimaiyyəti konfrans çərçivəsində nəyahət ki Albert Eynşteyn tərəfindən irəli sürülmüş qravitasiya dalğalarının kosmosda müşahidə edildiyini təsdiq etdi. Yerdən çox uzaqda yerləşən kosmik obyektlərin buraxdığı izlər olan dalğaların qeydə alınması "əsrin kəşfi" hesab olunur.

Qravitasiya dalğalarının mövcudluğunu 100 il əvvəl Eynşteyn proqnoz etmişdi. Alim iddia edirdi ki, gözəgörünməz dalğalar kainatdaki kütlənin hərəkətinin sürətlənməsi nəticəsində meydana gəlir. Dolayısı ilə, kainatımız inflyasion, genişlənən modelə sahibdir.

Astronomların dediyinə əsasən, qravitasiya dalğalarının kəşfi Böyük Partlayış və inflyasiya nəzəriyyələrinin birmənalı olaraq təsdiq edildiyi mənasını verir, habelə bu "inqilabi irəliləyiş" qara dəliklər, neytron ulduzlar və Supernova partlayışları kimi enerji qaynaqlarının öyrənilməsi işində əvəzsiz yardım təmin etmiş olur.

"Bu, son deyil - yeniliyin başlanğıcıdır", - deyə Kolumbiya Universiteti professoru Sabolç Mark qeyd edir.

Yeni kəşfə imza atıldığı xəbərini rəsmi olaraq yayan, LIGO-nun icraçı direktoru Devid Reyts konfransda sözügedən dalğaların mövcud olduğu haqda alimlərin hələ ötən ilin sentyabr ayında xəbər tutduqlarını, lakin ətraflı analiz işləri səbəbindən açıqlama üçün bu qədər vaxt gözlədiklərini bildirib.

Tapıntını edən "qəhrəman", Maks Plank adına qravitasiya fizikası institutundan (Hannover, Almaniya) olan Marko Draqodur. LIGO rəsədxanasında müəmmalı siqnal aldıqdan üç dəqiqə sonra, alimin elektron ünvanına müvafiq bildiriş gəlib. Həmin vaxt Marko öz otağında olub. O, ilk öncə baş verənləri iş yoldaşı və ailəsi ilə bölüşüb. 18 sentyabr və 5 oktyabr tarixləri arasında mütəxəssislər müəmmalı siqnalın mənşəyinin araşdırılması üzərində baş sındırıblar. Nəticədə rəsədxanada yerləşən iki detektorun köməyilə, alimlər "əsrin kəşfinə" imza atıblar.

Məlumat üçün qeyd etmək vacibdir ki, 2014-cü ilin mart ayında da alimlər oxşar uğura yiyələndikləri xəbərini yaymışdılar. Elm ictimaiyyətində həmin tapıntının hətta Nobel mükafatı qazandıracağı belə iddia edilirdi. Lakin son anda tədqiqatçılar cazibə dalğaları əvəzinə səhvən ulduzlararası tozu müşahidə etdiklərini bildirmişdilər. Son edilən açıqlamanın dəqiqliyi isə elm ictimaiyyətində daha heç kəsdə şübhə doğurmur.

Həmçinin oxuyun:

Multikainatda yaşayırıq?
Bizi əhatə edən reallıq holoqram ola bilər
Kvant fizikası sahəsində böyük nailiyyət
daha ətraflı...

Dindar valideynlər uşaqlarına xəsislik aşılayır

Beynəlxalq psixoloq komandasının apardığı tədqiqat çərçivəsində məlum olub ki, dindar ailələrdə tərbiyə edilən uşaqlar sekulyar və ateist ailələrində böyüyən həmyaşıdlarından fərqli olaraq, bölüşməyi bir o qədər də sevmirlər. Bundan başqa inanclıların, insanların şiddətli cəzalara məruz qalmasına daha çox haqq qazandırdığı və başqalarının əməllərinə daha dözümsüz yanaşdığı qeyd edilir.

ScienceDaily elm portalına istinadən bildirilir ki, ateist və ya dindən uzaq ailələrdən olan uşaqlar daha əliaçıq və həssas fərdlər olaraq yetişir. Başda Çikaqo Universitetindən olan professor Cin Deseti olmaqla, psixoloq komandası ümimilikdə altı ölkədən olan uşaqların davranışını öyrənərək, dindar valideynlərin böyütdüyü uşaqların bölüşməyə daha az meylli olduğu qənaətinə gəlib. Bununla yanaşı onlar, təqsirli əmələ görə daha şiddətli cəzalar verilməsinə də haqq qazandırırlar.

"Gəldiyimiz nəticələr, xeyli populyar olan, dindar ailələrdən olan uşaqların digərləri ilə müqayisədə daha xeyirxah olduğu fərziyyəsinə ziddir. Apardığımız tədqiqat göstərir ki, əslində sekulyar ailələrin uşaqları daha əliaçıqdır", - Deseti qeyd edir.

Tədqiqatda Kanada, Çin, Cənubi Afrika, Türkiyə, İordaniya və ABŞ-dan olan 5-12 yaş arası 1170 uşaq iştirak edib. Onların dindarlıq səviyyəsini müəyyən etmək üçün valideynlərə anketi doldurmaları təklif edilib. Alimlər həmçinin valideynlərin bilik səviyyəsini və onların öz uşaqlarını nə dərəcədə xeyirxah və həssas hesab etdikləri kimi məsələləri də aydınlaşdırıblar. Anketləşdirmə nəticələrinə əsasən valideynləri üç böyük qrupa bölüblər: xristianlar, müsəlmanlar və ateistlər.

Uşaqlar "Diktator" adlı oyunda iştirak ediblər. Hər uşağa 10 etiket verilərək, bunları özü və gözəgörünməz partnyoru arasında bölüşdürməsi tələb olunub. Həmçinin onlara dava kimi müxtəlif hadisələr təsvir olunan şəkillər göstərilib. Davada iştirak edənlərin cəzaya layiq olub yoxsa olmadıqları soruşulub. Beləliklə nəticələr, yaş artdıqca uşaqların daha xeyirxah olduğunu və dostu ilə bölüşmə meylinin çoxaldığını göstərib. Maraqlıdır ki, dindar ailələrin uşaqlarının ateist ailələrin uşaqlarından daha xəsis olduqları məlum olub.

"Daha əvvəlki araşdırmalar dini inanclı insanların inancsızlarla müqayisədə daha az xeyirxah işlərlə məşğul olduğunu göstərirdi. İndə isə aydınlaşdırdıq ki, üstəlik onların uşaqları da ateistlərin övladlarından daha az xeyirxahdır", - Deseti deyir.

Həmçinin oxuyun:

Dini tərbiyə almış uşaqlar reallıqla xülyanı ayırd edə bilmir
İnanclı insanlar intellektual baxımdan geridədirlər
Alim: "Xristianlığın yaranması meteorit düşməsi ilə əlaqəlidir"
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top