August 30, 2016

Rusiyalı alimlər qəribə kosmik siqnal qeydə alıblar

Rusiyalı alimlər qəribə kosmik siqnal qeydə alıblar. Siqnalın təbii mənşəli ola bilməsinə ehtimal yoxdur.

Rusiyadan olan astronomlar HD164595 ulduzundan müəmmalı siqnal alıblar. Siqnal RATAN-600 teleskopu köməyilə 2,7 sm dalğa uzunluğunda aşkar edilib. Bu hadisə hələ 2015-ci ildə baş vermişdi. Siqnalın qeyri-adiliyi bundan ibarətdir ki, həddindən artıq güclüdür: siqnal tipik pulsardan 8-10 dəfə güclü olub. Alimlər hadisəyə şərh verməkdə çətinlik çəkir və siqnalın təbii mənşəli olmasının mümkünsüzlüyünü bildirirlər.


Alimlər maraqlı nəticələr əldə etdikdən sonra dünyadaki həmkarları ilə bölüşmək qərarına gəliblər. Rusiyalı alimlərdən məktub alan astronom Pol Qilster siqnal barədə ictimaiyyətə danışıb.

HD164595 ulduzu Günəşin analoqu hesab edilir və astronomik ölçülərlə yaxınlıqda - 95 işıq ili uzaqlıqda yerləşir. 2015-ci ildə astronomlar ulduz ətrafında "yanar neptun" adlı planeti kəşf etmişdilər. Kütləsi Yerdən 13 dəfə artıq olan ekzoplanet, ulduzu ətrafındaki tam dövrünü 40 Yer günü müddətinə başa vururdu. Mütəxəssislərin rəyinə görə, "yanar-neptunda" həyatın inkişafı mümkün deyil. Buna baxmayaraq, SETI və METI (yerdənkənar sivilizasiyalara əlaqə yaratmağa çalışan tədqiqat mərkəzləri) siqnalla maraqlanıb, ATA teleskopu köməyilə HD164595-i izləməyə başlayıblar.

Siqnalın həddindən artıq güclü olması onun təbiət mənşəli və ya yerəoxşar sivilizasiyalar tərəfindən buraxıldığı versiyasını istisna edir (əgər əlbəttə siqnal bilərəkdən Yerə göndərilməyibsə). Alimlərin rəyinə görə, "məktubun" müəllifləri yalnız Kardeşev şkalasındaki II və III kateqoriyalı sivilizasiyalar ola bilər. Söhbət doğma ulduzunun enerjisinə bütövlüklə yiyələnməyi bacarmış ya da qalaktika səviyyəsində elektik istehlakı olan yüksək sivilizasiyalardan gedir.

Həmçinin  oxuyun:

Alimlər: "Nə olursa olsun, yadplanetli sivilizasiyalarla əlaqə yaratmalıyıq"
20 il sonra yadplanetlilərlə ilk əlaqə yaradılacaq
Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
daha ətraflı...

August 27, 2016

Yer qədimdə supernova partlayışına məruz qalıb

2,7 milyon il əvvəl baş vermiş supernova partlayışı Yerdəki qlobal buzlaşma dövrü və ilk insan əcdadlarının peyda olması ilə üst-üstə düşüb. Okean çöküntüləri analizi maraqlı nəticələr təmin edib.

Cəmi bir neçə milyon il əvvəl, Yerdən 300 işıq ili uzaqlıqda supernova (ifrat yeni ulduz) partlayıb. Uzaq əcdadlarımız olsa bilsin ki, partlayışın gur işartısını izləyib, ondan zövq alıblar. Lakin tezliklə partlayışın atdığı hissəciklər buludu Günəş sistemini zəbt edib. Həmin partlayışın izlərini bu gün də tapmaq olar: 2004-cü ildə alimlər Sakit okean dərinliklərindən çıxarılmış çöküntü süxurlarında supernova tozları aşkar etmişdilər.

Münhen Texniki Universitetindən olan Şon Bişop və həmkarları süxurları yenidən analiz ediblər. Bu sayədə supernovanın dəqiq vaxtını müəyyənləşdirməyə nail olublar ki, bu da həmin dövrdə Yerdəki həyatın hadisədən necə təsirləndiyi mövzusundaki suallara cavab gətirə bilərdi. Məqalənin müəllifləri partlayışın 2,7 milyon il əvvəl baş verdiyi və növbəti 800 min il müddətində davam etdiyini qeyd edirlər.

Maraqlısı budur ki, həmin zaman aralığında (2,6 milyon il əvvəl) Yerdə kaynozoy erasının neogen dövrü başa çatmışdı. Qlobal temperatur nəzərə çarpacaq dərəcədə düşür, nəsilkəsilmələri baş verirdi. Xüsusilə Afrika meşə sahələrinin azalması ehtimalla insan növünün təkamül səhnəsinə çıxmasında böyük rol oynayıb.

Alimlər qədim çöküntü süxurları nümunələrinin tərkibindəki, yarımparçalanma dövrü 2,6 milyon il təşkil edən Fe60 radioaktiv izotop miqdarının qiymətləndirməsi işinə başlayıblar. Bu izotop yalnız supernovaların istilik-nüvə reaktorlarında meydana gəlir, lakin kimyəvi olaraq digərlərindən heç nə ilə fərqlənmir. Bu səbəbdən Yerə düşdükdən sonra izotop maqnetitin tərkibinə daxil olub. "Ulduz tozunun planetimizdə peyda olması və okean bakteriyaları tərəfindən sintezləşdirilmiş maqnetit kristallarına düşməsi fikri mənim üçün sadəcə heyrətamizdir," - deyə Şon Bişop qeyd edir.

Buna baxmayaraq Günəş və planetlərinin supernova qalığı buludları arasından keçdiyi uzun müddət sirr olaraq qalır. Müasir təsəvvürlərə əsasən, bu tip "ölüm ayağında olan" ulduzların atdığı maddə inanılmaz sürətlə yayılır - saniyədə 5-10 min kilometr. Bununla belə həmin maddəyə Günəş sistemi arasından keçmək üçün təxmini milyon il lazım olub? "Burada bir müəmma var", - Bişop sözlərinə əlavə edir. - "Bunu izah etməli və anlamalıyıq."

Həmçinin oxuyun:

Qravitasiya dalğalarının mövcudluğu təsdiq edildi
Kainatdaki həyatı qamma-partlayışlar məhv edir
Antimaddə hara yox oldu?
daha ətraflı...

Mayaların astronomik bilikləri daha dərin idi

Məlum olub ki, mayalar Günəş sistemi planetlərinin hərəkəti sahəsində daha dərin biliyə malik idilər. Onlar, bir çox astronomik prinsipləri Kopernik və onun heliosentrik modelindən daha əvvəl anlamışdılar.

Məşhur Drezden kodeksi maya sivilizasiyasına aid tapılmış dörd əlyazma kitabdan biridir. Adıgedən sənədin 1200-1250-ci illərə aid olduğu güman olunur. Alimlərsə bu yazılının daha qədim tarixə söykənən orijinalın kopiyası olduğunu düşünürlər. Kitab 74 səhifədən ibarətdir: burada maya xalqının dini və elminə aid çoxsaylı məlumatlar yer alır.

Arxeoloq Gerardo Aldana Drezden kodeksindəki Venera lövhəcikləri ilə yaxından maraqlanıb. Lövhələrdə Veneranın hərəkəti və hindilər tərəfindən tərtib edilmiş təqvim təsvir olunub. Bu günə kimi bu məlumatlar alimlər üçün dəyərsiz olsa da, Aldana bunun belə olmadığını ortaya çıxarıb. O, maya heroqliflərinin yeni tərcümə üsullarından yararlanaraq, kiçik lövhələrdə yazılmış informasiyaların dərin astronomiya biliyi nümunəsi olduğunu anlayıb.

Məlum olub ki, Venera lövhəciklərində Venera planetinin fəzada uzunmüddətli vəziyyəti mövzusuna dair məlumatlar mövcuddur. Qeyd etmək vacibdir ki, yüz və min illər sonra meydana gələn səhvlər nəzərə alınıb. Mayalar hər necəsə bilirdi ki, Veneranın göydə dövrünü başa vuraraq, müşahidələrin başlandığı nöqtəyə qayıtması 584 yox, 583.92 gün davam edir. Planetlərin mövqelərini hesablamaq üçün istifadə olunan düsturlar bu məlumatlar əsasında yaradılıb.

Aldana hesab edir ki, belə hesablama sistemi planetlərin Günəş ətrafında dövr etdiyi ideyası olmadan yaradıla bilməzdi. O, maya alimlərinin bu biliklərlə avropalı həmkarlarını bir neçə əsr qabaqladığını bildirir.

Günəşi sistemimizin mərkəzi cismi kimi görən heliosentrik model ideyası hələ Qədim Yunanıstanda formalaşıb, lakin tam təsdiqi polşalı alim Nikolay Kopernikin (1473-1543) adı ilə bağlıdır. Onun yaratdığı sistem elmi inqilabın başlanğıcı hesab olunur.

Həmçinin oxuyun:

Maya sivilizasiyasının yox olma səbəbi nədir?
Cəhalət qurbanı olan filosof qadın: İsgəndəriyyəli Hipatiya
Misir ehramlarının daşları necə daşınılırdı?
daha ətraflı...

ABŞ mütəxəssisləri Merkurini partlatmağı təklif edir

ABŞ-dan olan bir qrup mütəxəssis Merkuri planetini partladaraq, onun qırıntılarından Dayson sferası adlanan qurğunu yaratmağı təklif edib. Belə üsulla ulduz enerjisindən maksimal səviyyədə yararlana bilərik.

Merkuri - Günəşə ən yaxın mövqedə yerləşən planetdir. Ulduzuna çox yaxında, təxminən 0,4 a.v. (astronomik vahid) yerləşdiyindən planet çoxlu miqdarda günəş enerjisi ehtiyatına malikdir. Bu, Merkurini kaloniyalaşdıraraq, səthində iri günəş elektrostansiyaları inşa etməyimizə ən tutarlı səbəblərdən biridir.

PBS Space Time kanalı nümayəndələri daha da irəli gedərək, Günəşin ən yaxınlığında yerləşən planeti partlatmağı təklif ediblər. Popular Mechanics-ə istinadən xəbər verilir ki, yeni layihə çərçivəsində planetin səthini qazıb, nüvəsinə partlayıcı maddələr çatdıraraq Merkurini darmadağın etmək planlaşdırılır. İdeyaya əsasən, partlayış çoxlu sayda qırıntılar meydana gətirəcək ki, bunlar da öz növbəsində xüsusi kosmik cihazlar köməyilə mürəkkəb güzgülər sisteminə toplaşaraq, Günəş ətrafında dövr edib, onun boşuna sərf edilən enerjisini yığacaqlar. Bu sizə nəyisə xatırladır? Sözügedən qurğu məşhur Dayson kürəsi və Dayson sferasının analoqudur.

Dayson sferası, amerikalı nəzəri fizik Frimen Dayson tərəfindən irəli sürülən hipotetik astromühəndislik obyektidir. Mərkəzində ulduzu olan iri struktur sayəsində ulduz enerjisindən maksimum faydalanmaq mümkün ola bilər. Bununla yanaşı alimlərin rəyinə görə, belə qurğu köməyilə süni qravitasiya da əldə etmək olar.

Sferanın inşası olduqca mürəkkəb məsələdir. Lakin mütəxəssislərin dediyinə görə, yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyalar üçün belə bir strukturun realizasiyası mümkündür. Günəşdən 1480 işıq ili uzaqlıqda yerləşən, müəmmalı şəkildə parlayan KIC 8462852 adlı ulduzun aşkar edilməsindən sonra Dayson kürəsi inşasının mümkün olub-olmadığı ilə bağlı mübahisələr yenidən canlanıb. Belə bir hadisəni şərh etmək çətindir, bu səbəbdən bir sıra mütəxəssis həmin ulduz ətrafında hər hansı bir astromühəndislik obyektinin inşası prosesinin ehtimal ola biləcəyini bildirib. Bu yaxınlarda isə alimlər növbəti dəfə çaşbaş qalıblar. Belə ki, KIC 8462852 ulduzunun bu dəfə parlaqlığını anidən itirdiyi müşahidə edilib.

Videonu izləmək üçün buraya klikləyin.

Həmçinin oxuyun:

Yadplanetliləri "Dayson kürəsi" köməyilə tapa bilərik
Yer Yupiterin qoyub getdiyi "tullantılardan" yaranıb
Anabiozlu kosmik missiyalar erası başlayır
daha ətraflı...

August 24, 2016

Ən yaxın ulduz ətrafında "həyat zonasında" yerləşən planet tapılıb

ESO (Avropa Cənub Rəsədxanası) astronomları Proksima Sentavra ulduzu ətrafında dövr edən planetin tapıldığı iddiasını təsdiqləyiblər. Ulduzu ilə arasındaki uyğun məsafəni nəzərə alsaq, ekzoplanetdə maye halda su mövcud ola bilər - dolayısı ilə həyat da.

Avqustun 12-də Der Spiegel jurnalı Çilidə yerləşən ESO rəsədxanası alimlərinin bizdən təxminən 4 işıq ili uzaqlıqda yerləşən və Günəşə ən yaxın ulduz olan Proksima Sentavra ətrafında fırlanan, həyat üçün əlverişli hesab olunan ekzoplanet aşkar etdikləri xəbərini yaymışdı. Rəsədxana nümayəndəsi Riçard Huk isə jurnalistlərə müsahibəsində bildirmişdi ki, jurnalda dərc edilən məlumatın istinadı onlara məlum deyil. Bir həftədən çoxdur ki, KİV-lər böyük bir səylə yer tipində bir planet tapıldığı, lakin naməlum səbəblərdən gizlədildiyi ilə bağlı müzakirələri davam etdirirdilər.

Proksima Sentavra - ikili ulduz sistemi olan Alfa Sentavranın qonşusudur və onun ətrafında dövr edərək, müəyyən müddətdən bir Günəşə ən yaxın məsafədə yerləşən ulduz olur. Günəşlə Proksima Sentavra arasındaki məsafə 4,22 işıq ili təşkil edir. Solğun qırmızı cırtdan olan ulduz Günəşdən kiçik ölçüyə malikdir deyə adi gözlə müşahidə olunması mümkünsüzdür. Buna baxmayaraq Proksima Sentavra bir çox elmi qurğular tərəfindən izlənilir ki, bunlardan da biri Çilidə yerləşən ESO rəsədxanasının 3,6 metrlik teleskopudur.

Proksima Sentavra ətrafında ən azı bir planet olduğu ilə bağlı şübhələr hələ ilk dəfə 1998-ci ildə ortaya çıxmışdı. İddialar təsdiqini tapmasa da, zamanla yeni məlumatlar əldə edildi. Başda kraliça Mariya adına London Universitetindən olan Qilyem Anqlada-Eskude olmaqla, mövzu ilə maraqlanan bir sıra astronom Pale Red Dot adlı kampaniya başlatmışdı. Bəhrəsini də gördülər. "Layihənin ilk 60 günü ərzində dayanmadan yeni məlumatları izləməyə davam edirdim," - deyə Anqlada-Eskude qeyd edir. - "İlk on gün ərzində ümidlər böyük idi, ilk iyirmi gün gözləntilərimizi təsdiq etdi, ilk 30 gün ərzində isə hər şey o dərəcədə aydın oldu ki, dərhal rəsmi xəbər üçün hazırlıqlara başladıq."

24 avqust 2016 tarixində ESO-da təşkil olunmuş rəsmi press-konfransda alimlər siqnal əldə etdiklərini açıqlayıblar: Proksima Sentavra ətrafında tam dövrü 11 yer sutkasına bərabər olan planet mövcuddur. Astronomların rəyinə əsasən, kütləsi Yerdən az olan planetlə ulduzu arasındaki məsafə hesab ediləndən daha azdır - 7 milyon kilometr. Bu, Yerlə Günəş arasındaki orta distansiyanın heç 5%-i belə etmir. Lakin Proksima Sentavra qırmızı cırtdan ulduzlar kateqoriyasında yer alır. Dolayısı ilə, Proxima b adını almış yeni planet "həyat zonasında" yerləşir və səthində maye halda suyu qoruyub saxlamaq üçün lazımi miqdarda istilik alır. Nə dondurur, nə də buxarlandırır.

Bununla belə planet üzərində həm yaşayış, həm də maye su olduğunu vurğulamaq üçün hələlik tezdir. Maraq kəsb edən əsas məqam "həyat zonası" planetinin ən yaxınımızda, cəmi 4 işıq ili uzaqlıqda yerləşdiyidir. Planetin orbitlə hərəkəti və öz oxu ətrafında fırlanması özəlliklərindən asılı olaraq su cismin sadəcə səthinə yığıla, yalnız bir kürəyə (ulduzuna döndərilmiş) toplaşa və ya ancaq ekvator ərazisində saxlana bilər. Proksima Sentavra ətrafında planetin aşkar edilməsi hələ başlanğıcdır və indi alimlər onun iqlimini aydınlaşdırmaq üzərində işləyirlər. Hazırlanma mərhələsində olan E-ELTJames Webb kimi yeni nəsil teleskoplar alimlərin bu sahədə tezliklə uğur əldə edəcəyinə ümidləndirir.

Həmçinin oxuyun:

daha ətraflı...

July 20, 2016

"İlk həqiqi cavanlaşdıran preparat" sınaqdan keçirilir

Vaşinqton və Keyo universitetlərindən olan nümayəndələr ilk dəfə nikotinamidmononukleotid-i (NMN) insan üzərində sınaqdan keçirməyə hazırlaşır. Adıgedən preparat daha əvvəl siçanlar üzərində yoxlanılmış (heyvanlar dərmanı qida ilə birlikdə qəbul edirdi) və onlarda görmədə normallaşma və maddələr mübadiləsi yaxşılaşması müşahidə edilmişdi.

Homo sapiens-lə 98%-ə qədər artan genetik uyğunluq daşıdığından, əksər təcrübələrdə siçanlar istifadə olunur. Bu gəmiricilərdə bizimki ilə oxşar xəstəliklər müşahidə olunur. Lakin bütün bunlar deməyə əsas vermir ki, preparat siçanlara təsir göstərdiyi kimi, bizi də yaxşılaşdıracaq.

Növbəti mərhələ üçün artıq hazırlıqlar gedir. Eksperiment üçün on sağlam könüllü seçilib: onlara NMN yeridildikdən sonra orqanizmlərindəki dəyişikliklər izləniləcək. Bununla yanaşı dərmanın əks təsirləri də müəyyənləşdirilmiş olacaq. Əgər neqativ nəticələr qeydə alınmasa, mütəxəssislərin rəyinə əsasən, "ilk həqiqi cavanlaşdıran məhsul" olan yeni preparat satışa çıxarılacaq.

Preparat sayəsində sirtuinlərin (bədən inkişaf etdikcə hasilatı zəifləyən zülallar) hasilatı stimullaşır. Nikotinamidmononukleotid, süd kimi müxtəlif qida məhsullarının tərkibində olan üzvi molekuldur.
daha ətraflı...

"Digər dünyaya" açılan mərhələ: kliniki ölüm və görmələr

Alimlər insanlarda kliniki ölüm vaxtı meydana gələn görmələrin təbiətini aydınlaşdırmağa cəhd ediblər. Məlumdur ki, bir çoxları belə halları "digər dünya" ilə əlaqələndirir.

Kliniki ölüm zamanı pasientin həyatı xilas oluna bilər. Bu ölüm mərhələsi həyatla bioloji ölüm arasındaki keçiddir. Xəstənin ürək fəaliyyəti və tənəffüs prosesi dayanır. Orqanizmin həyati funksiyalarının bütün xarici əlamətlərinin itməsi müşahidə olunur. Kliniki ölüm vaxtı bəzən qəribə hallar qeydə alınır ki, bunları da müasir elm dəqiq olaraq izah edə bilmir. Bu prosesdən keçmiş bir sıra insanlar öz bədənləri üzərində uçduqlarını xatırladığını iddia edirlər. Digərləri isə vəfat etmiş qohumları ilə görüşdüklərinə əminliyini bildirir. Belə halların atributlarından biri insanı sanki özünə çəkən gur işıqlı tunel ola bilər.

Elə isə bütün bunlar nədən qaynaqlanır? Belçikalı nevroloq Stiven Loureysin başçılıq etdiyi elmi komanda bu sualı cavablandırmağa cəhd edib. Alimlər kliniki ölüm təcrübəsi yaşamış 400 pasientin göstəricilərini analiz ediblər. Əldə edilmiş məlumatlar əsasında Loureys və həmkarları kliniki ölüm anında beynin nevroloji fəaliyyətinin gücləndiyi və bunun nəticəsi kimi beyində təkrar olunan müxtəlif həyat anlarından ibarət bir növ "film" nümayiş olunduğu qənaətinə gəliblər. Alimlərin fikrincə, oxşar görmələr şüuraltı fəaliyyətinin məhsuludur.


"Güman edə bilərik ki, komada olan və bizlərə cansız kimi görünən insanlar əslində səs-küylü nevroloji həyat yaşayır", - Loureys qeyd edir.

Nəticələr göstərir ki, görmələr baş verdikdə gicgah və təpə nahiyələrinin qovuşduğu beyin bölgəsində aktivləşmə meydana gəlir. Tədqiqatçılar iddia edirlər ki, belə vəziyyəti süni olaraq əldə etmək olar - bunun üçün hiperventilyasiyanın köməyi lazımdır. Kliniki ölüm zamanı pasientlərin gördüklərini alpinistlər və pilotlar da müşahidə edə bilər. Bir sıra pilotların havada özlərini təyyarədən kənarda hiss etmiş olduqları kimi hallara rast gəlinir.

Həmçinin oxuyun:

Ölüm astanasındakı fenomenal hadisələrin səbəbi nədir?
Xəyallara daldığınıza görə narahat olmağa dəyməz

Həyat və ölüm arasındaki "sərhəd" nədir?
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top