October 15, 2016

234 müəmmalı kosmik siqnal qeydə alınıb

Astrofiziklər mənşəyi müəmmalı qalan 234 siqnal əldə etdiklərini bildiriblər. Süd Yolu qalaktikasındakı Günəşə oxşar ulduzlar ətrafından yayılan siqnalların yerdənkənar sivilizasiyalara aid ola biləcəyi ehtimalı xeyli yüksəkdir.

Hipotetik yerdənkənar yaşayışa həsr edilmiş yeni araşdırmanın nəticələri arXiv.org resursunda dərc olunub. Kanadalı astrofiziklərin apardığı iş, alimlərin qeyd etdiyi kimi vurğulasaq "Günəş tipli ulduzların az bir qisminin müəmmalı periodik spektral modulyasiyalarını" əhatə edir. Tədqiqatçılar Apaçi-Pointdə yerləşən 2,5 metrlik teleskopun köməyilə prosesdə ulduz və qalaktikaların fotoşəkilləri və spektrinin genişmiqyaslı araşdırılması metodundan yararlanıblar.

Alimlər əsasən ulduzların intensiv parlaqlığının dəyişkənliyi ilə maraqlanıblar və nəticədə ümumilikdə 2,5 milyon ulduzun göstəriciləri təhlil edilib. Müxtəlif ulduz sistemlərindən 234 sayda qəribə kosmik siqnal əldə edildikdən sonra onların eyni periodları olduğu aydınlaşdırılıb - 1,65 pikosaniyə.  Maraqlısı budur ki, bu siqnalların hər birisi F2-K1 sinfinə aid ulduzlardan, yəni Günəşə oxşar ulduzlardan yayılıb. Mütəxəssislər qeyd edir ki, belə vəziyyəti yerdənkənar aktivlikdən savayı şərh etmək çətindir. Yüksək sivilizasiyalar doğma ulduzlarının parlaqlığını şüurlu şəkildə dəyişdirərək, beləcə özləri haqda kosmosa informasiya göndərmiş ola bilərlər.

Fərz edək ki, bu siqnallar yadplanetlilərdəndir - bu dəfə də başqa bir çətinliklə qarşılaşacağıq. Məsələ burasındadır ki, kosmik texnologiya sahəsində o səviyyəyə çatmadığımız üçün anoloji üsulla onların "kosmik mesajına" cavab verə bilməyəcəyik.

Britaniyalı nəzəri fizik və kosmoloq Stiven Hokinqsə bir müddət əvvəl yadplanetli sivilizasiyalar barədə danışıb. Alim bildirib ki, yerdənkənar sivilizasiyalarla görüş bəşəriyyət və onun tərəqqisinə yaxşı heç nə vəd etmir - əksinə, belə bir görüş bəşəriyyəti növ olaraq yerüzündən silinmə təhlükəsi ilə qarşı-qarşıya qoyur.

Həmçinin oxuyun:

Rusiyalı alimlər qəribə kosmik siqnal qeydə alıblar
"Asgardia" adlı ilk kosmik ölkə yaradılacaq
Ən yaxın ulduz ətrafında "həyat zonasında" yerləşən planet tapılıb
daha ətraflı...

"Asgardia" adlı ilk kosmik ölkə yaradılacaq

Alimlər, mühəndislər və hüquqşünaslardan ibarət beynəlxalq komanda kosmik texnologiyaların inkişafı, yerdənkənar təhlükələrdən müdafiə və planetdə sülhün qorunub saxlanması üçün "Asgardia" layihəsini təqdim edib. Layihənin məqsədi gələcəkdə bəşəriyyət tarixindəki ilk kosmik ölkəni yaratmaqdır.

Paris şəhərində təşkil olunan mətbuat konfransında əslən Azərbaycandan olan rus sahibkarı, Rusiya hava-kosmik hücumundan müdafiə sistemləri konserninin idarədənkənar ekspert şurasının həmsədri, "Almaz-Antey"” konstruktor bürosunun sabiq rəhbəri və Beynəlxalq Aerokosmik Tədqiqat Mərkəzinin (AIRC) təsisçisi İqor Aşurbəyli çıxış edib.

"Asgardia" layihəsi işlərinin startı elə AIRC-nin himayəsi altında baş tutacaq, mütəxəssislər deyir. Layihə çərçivəsində ilk "kosmik ölkənin" yaradılması planlaşdırılır - elə bir ölkə ki, orada insanlar Asqardın skandinav tanrıları kimi Yerin hüdudlarından kənarda da, azad və sülh içində və Yer qanunlarına tabe olmadan yaşaya biləcəklər. "Layihənin elmi və texniki komponentlərini üç sözlə şərh etmək olar - Sülh, Azad Yiyələnmə və Müdafiə", - Aşurbəyli qeyd edir.

Rəsmi saytı artıq fəaliyyətə başlayan layihə insanlara gələcəyin ölkəsinə vətəndaşlıq alma imkanı təklif edir (öz vətəndaşlıqlarını qoruyaraq). İlkin işlərə başlanılsa da, layihə rəsmi olaraq gələn il kosmosa peykin buraxılması hadisəsindən sonra start götürəcək. Daha sonra peyk yeni kosmik ölkənin ilk formal ərazisi kimi tanınacaq. Aşurbəylinin dediyinə əsasən, əgər layihə təsisçilərinə ən az 100 min vətəndaşlıq müraciəti göndərilsə, BMT-yə ölkənin tanınması üçün rəsmi ərizə göndərilməsi işinin hüquqi əsasları formalaşmış olacaq.

İqor Rauf oğlu Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda anadan olub. Məşhur azərbaycan neft sənayeçilərindən olan Aşurbəyovların soyundandır.

Həmçinin oxuyun:

Yaponiya kosmik lift inşa edəcək
ABŞ mütəxəssisləri Merkurini partlatmağı təklif edir
Rusiyalı alimlər qəribə kosmik siqnal qeydə alıblar
daha ətraflı...

September 29, 2016

Niyə insanlar bir-birini öldürür?

Şiddətin təbiəti mövzusu ətrafındakı mübahisələr davam edir. İnsanların bir-birini öldürməyini elmi olaraq izah etməyə çalışan bir neçə nəzəriyyə var. Alimlərin gəldiyi son qərar isə təkamül keçmişinə istinad edir.

Fransız maarifçisi Jan-Jak Russo hesab edirdi ki, sivilizasiya yaranmazdan əvvəl insanlar bir-birilə daha yaxşı yola gedirdi. Şiddət davranışının anidən ortaya çıxmasını o, başlıca olaraq özəl mülkiyyət amilinə bağlayırdı. İngilis materialist filosofu Tomas Qobbs isə insanın özünün təbii halda aqressiv olduğunu, sivilizasiya və dövlətinsə tam əksinə olaraq öldürülmə hallarını azaltdığını güman edirdi.

İspaniyalı tədqiqatçı Markos Mendes həmkarları ilə birlikdə hər iki nəzəriyyəni yoxlamaq qərarına gəlib: onlar, bunun üçün riyazi modeldən yararlanıblar. Mütəxəssislər 137 məməli fəsiləsinin ölüm göstəricilərini gözdən keçirməklə yanaşı, həm də qədim dövrlərdə insanların əsasən hansı səbəbdən öldüklərini təhlil ediblər.

Məlum olub ki, məməlilər öz oxşarlarını çox nadir hallarda öldürürlər - bütün ölüm səbəbləri arasında növdaxili öldürülmə cəmi 0,3% təşkil edir. Amma əgər konret olaraq insanaoxşar meymunlar ailəsini götürsək göstərici 1,8%-ə qədər qalxır. Qədim insanlarda isə bu 2%-ə bərabərdir. Bundan savayı sivilizasiyanın insana xarakterik şiddəti aradan qaldırmadığı aydın olub: antik dövrdə yer almış şiddətlə əlaqəli ölüm hadisələrinin sayı ibtidai-icma quruluşundakı göstəricilərdən daha yüksəkdir.

Elə isə insanların özlərinə qarşı şiddətinin səbəbi nədir? Alimlər hesab edir ki, Homo sapiens-in şiddətə olan meyli təkamülləşdikcə artıb. Canlı sübut kimi müasir meymunları görə bilərik: heyvan qrupu nə qədər böyükdürsə, şiddət səviyyəsi bir o qədər yüksəkdir. Geniş və münaqişəli populyasiyaların təbiətdə sağ qalma şansı daha çoxdur, nəinki kiçik və "sülhsevər" qruplar.

Qeyd etmək vacibdir ki, müasir inkişaf etmiş ölkələrdə şiddət səviyyəsi aşağıdır, lakin futuroloqlar gələcəklə bağlı qorxunc proqnozlar verir. Onlar iddia edir ki, demoqrafik tarazlıq yaratmaq üçün gələcəyin hökümətləri "insan ovunu" realiti-şou formasında qanuniləşdirə bilər.

Həmçinin oxuyun:

Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?
Tənhalıq 14-27% nisbətində irsidir
"Elmə qarşı müqavimətin" psixologiyası
daha ətraflı...

September 27, 2016

Üç valideyndən olan ilk uşaq doğulub

Üç valideyndən genetik material almış ilk körpə Meksikada dünyaya gəlib, New Scientist portalı xəbər verir. İordaniyadan olan cütlük genetik xəstəlik səbəbindən uşaq sahibi ola bilmirdi. Onlar, inqilabi metodika üzərində işləyən ABŞ alimlərinə müraciət ediblər.

Başda Con Çjan olmaqla tədqiqatçılar prosesdə ikinci donor anadan alınmış genetik informasiyadan yararlanıblar. ABŞ-da müdaxilə metodu qadağan olunduğundan mütəxəssislər işi Meksika klinikalarının birində davam etdiriblər.

Abrahim Hassan adı verilmiş uşaq beş ay əvvəl dünyaya gəlib. Mütəxəssislər onun doğumunu inqilabi adlandırırlar. Belə üsul sayəsində genetik xəstəliklər daşıyan qadınlar dünyaya tam sağlam körpələr gətirə biləcək.

İkinci donor ana da daxil olmaqla üç valideyndən süni mayalandırma üsulu ilə uşaq dünyaya gətirmə metodu ilk dəfə 2015-ci ildə Böyük Britaniyada qanuniləşdirilib. Alimlərin dediyinə görə, yeni və təhlükəsiz doğuş texnikası mitoxondrial xəstəliklərdən əziyyət çəkən pasientlərin uşaq həsrətinə son qoyur.

Gözlənildiyi kimi təşəbbüs bir sıra mübahisələr doğurub. Daha əvvəldən adıgedən metodikanı dəstəkləməyənlər ehtiyat edir ki, bu gedişlə insanlar üzərində genetik modifikasiyalar erası başlayacaq.

Həmçinin oxuyun:

Britaniya üç valideynli uşaqları qanuniləşdirdi
Üç valideyndən olan uşaqlar gəlir
Alimlər: "Tezliklə insanlar özlərini mayalandıra biləcəklər"
daha ətraflı...

Ən keyfiyyətli elmi-fantastik filmlər

Elmi-fantastika ideyası olmasaydı nə sualtı gəmilər, nə də kosmik raketlər yaranmayacaqdı. Gündəlik həyatımızın əvəzolunmaz hissəsini təşkil edən bütün texnikalar daha əvvəlki nəsillərin arzusu idi. Onlar, xəyalpərəst olmaqda ittiham olunurdular.

"Transformerlər" və "Nindza Tısbağalar" kimi blokbaster filmlərin də öz həvəskarları olsa da, bu filmlərin elmi-fantastika ilə elə də yaxın əlaqəsi olduğunu deyə bilməyəcəyik. Qrafika, musiqi, aktyor oyunu, rejissor işi və ideya baxımından dəyərləndirdiyimiz son iyirmi ilin "ən elmi" 20 fantastik filmini təqdim edirik. Ümidvarıq, seçimimiz sizi qane edəcək.

20. Oblivion (2013)


Yadplanetlilərlə müharibədən sonra Yer boşalır, sağ qalan insanlar yaşayış üçün artıq əlverişsiz olan planeti tərk etməyi planlaşdırır. Baş qəhrəman olan texnik (Tom Kruz) NASA-ya aid qəzalı gəmi tapıb, içəridən bir qadını xilas etməyi bacardıqda ağlına belə gətimir ki, nələri öyrənmiş olacaq.

19. Transcendance (2014)


Baş rolda Conni Deppin rol aydığı filmdə məşhur bir alimin bütün məlumatlara yiyələnə bilən süni intellekt kompüteri yaratması, bu səbəbdən də radikal antitexnoloji qruplaşma tərəfindən qarşısının alınmasından bəhs edilir. Ölüm ayağında olarkən həyat yoldaşı və həmkarı alimin beynini həmin kompüterə yükləyir və dünyanın yeni işğalı başlayır.

18. I, Robot (2004)


Ayzek Azimovun romanı əsasında çəkilən filmi bəlkə də izləməyən qalmayıb. 2035-ci ildə süni intellektli robotlar artıq gündəlik insan həyatının vacib hissəsidir. Baş qəhrəman polisin (Uill Smit) robotlara qarşı "allergiyası" var. O hesab edir ki, robotlar cinayət törətməyə qadirdir - hər nə qədər mütəxəssislər bu fikirlə razı olmasalar belə. Stiven Hokinqin son illərdəki süni intellektlə bağlı ürəkaçmayan rəyləri bunu deməyə əsas verir ki, "I, Robot" filmini dəfələrlə izləyib.


17. Ex Machina (2015)


Ən yaxşı vizual effektlərə görə Oskar mükafatı qazandıran elmi-fantastik "Ex Machina" filmində bir gənc proqramistin şəhərdən kənar mühitdə süni intellektlə zənginləşdirilmiş robotla keçirdiyi bir həftəsindən bəhs edilir. Onun vəzifəsi bu müddət ərzində qadın-robotu sınaqdan keçirməkdir. Film azadlıq mövzusunda vacib fəlsəfi suallara toxunur.

16. The Martian (2015)


Aktyor Mett Deymon filmdə "Ares-3" missiyası çərçivəsində Marsa göndərilmiş astronavtlardan birinin rolunu oynayır. Dəhşətli qum fırtınasından sonra həmkarları Markın ölü olduğunu düşünüb, onu Marsda atır və qırmızı planeti dərhal tərk edirlər. Sağ qalan Mark Marsda tənha və köməksiz olduğunu anladıqda, yaşamaq üçün mübarizə aparmağa başlayır. Film Endi Uirin eyniadlı romanı əsasında çəkilib.

15. eXistenZ (1999)


Dahi rejissor Devid Kronenberqin bu filmini bəlkə də çoxları tanımır. Virtual reallıqla bağlı oyunun təqdimatında onun yaradıcısı Alleqraya atəş açılır. Oranı tərk etmək məcburiyyətində qalan Alleqra, "Ekzistensiya" oyununun xarab olub-olmadığını yoxlamaq üçün öz həmkarını virtual aləmə qoşur. Hadisələr belə gətirir ki, real dünyada üzləşdiyi təhlükələr virtual reallıqda da onları izləyir. Filmin adından da bəlli olduğu kimi, rejissor ekzistensialist fəlsəfəsi mövzusuna müraciət edir.

14. Twelve Monkeys (1995)


Yenə 2035-ci il. Dəhşətli bir virus yerüzünün 99%-ini məhv edib. Sağ qalanlar isə yeraltında gizlənməyə məhkumdurlar. Cinayətkar Ceyms Koul könüllü olaraq zaman maşını ilə keçmişə qayıdır. Ona verilmiş əmr bundan ibarətdir ki, keçmişdə virusun yaranma səbəblərini araşdırmaqda alimlərə kömək etməli və müəmmalı "on iki meymun" sirrini açmalıdır. Bəzi film tənqidçilərinin rəyinə görə aktyor Brüs Uillisin rol aldığı ən yaxşı filmdir.

13. Donnie Darko (2001)


Aktyor Ceyk Cillenholun, həmin vaxt gənc olsa belə, ən məşhur rollarından biri. Vaxtından əvvəl klassikaya çevrilmiş sürrealistik film - "Donnie Darko". 16 yaşlı Donni ölümün nə olduğunu təxmini olaraq bilir. Bədbəxt hadisədən sonra ölümün yarısından dönən məktəbli özündə qəribə özəlliklər olduğunu aşkar edir - zaman və taleyə nəzarət edə bilir. Dəyişikliklərdən sonra ailəsi, dostları, bacıları, müəllimləri və sevdiyi qız ondan ehtiyatlanmağa başlayır. Donniyə nə olub?

12. Gravity (2013)


Film tibb mühəndisliyi doktorunun ilk kosmik missiyasından bəhs edir. Həmkarı Kovalski üçünsə bu missiya sonuncudur. Baş verən toqquşma nəticəsində şatl darmadağın olur, kosmonavtlar bu şərtlərdə sağ qalmağa çalışırlar. Film nə az, nə çox - yeddi Oskar mükafatı qazandırıb ki, bu da elmi-fantastika janrı üçün çox böyük nailiyyətdir. Bəzi mütəxəssislərin rəyinə əsasən, filmdə fantastik hesab edilə biləcək heç bir səhnə yoxdur. Baş rollarda Sandra Bullok və Corc Kluni oynayır.

11. Moon (2009)


Ayda üç illik müqavilə ilə işlər aparan kosmonavt Semin evə qayıtma vaxtı yaxınlaşır. Üç illik kosmik tənhalığı süni intellektli robot pozur. Yerə qayıtmağına iki həftə qalmış Sem öz əvəzedicisi ilə qarşılaşır və hər şey bundan sonra başlayır. Gərgin atmosfer, realistik aktyor oyunu, möhtəşəm kompozisiya - bu fantastik filmi yaddaşlardan silmək mümkün deyil. Həm filmin reytinqi, həm də tənqidçilərin rəyi kifayət qədər yüksəkdir.

10. Dark City (1998)


Bu şəhərdə nə Günəş doğur, nə də gecə başlayır. Burada hər gün zülmətdir. İnsanların taleyi cəmi bir günlük yazılır, ertəsi gün isə heç nə baş verməyibmiş kimi tam başqa ad və şəxsiyyətlə həyatlarına davam edirlər. Heç kim bu qəribəliklərin fərqinə varmır, adını və keçmişini xatırlamayan bir qatili isə polis müfəttişi güdür. Baş qəhrəman şəhərdə nələrin baş verdiyini anlamağa çalışır, həyat yoldaşı onu axtarır, "yadlar" ona ov elan edir... Bəlkə də həyatınızda heç vaxt "Dark City" kimi orijinal film izləməyəcəksiniz.

9. K-PAX (2001)


8. Inception (2010)


7. Mr. Nobody (2009)


6. The Congress (2013)



5. Eternal Sunshine of the Spotless Mind (2004)


4. The Matrix (1999)



3. Interstellar (2014)



2. Gattaca (1997)


1. Contact (1997)


Həmçinin oxuyun:

"Interstellar" və zaman səyahəti mövzusu
* Astrobiologiya: Yerdənkənar təkamül
Ən məşhur elmdən kənar əfsanələr
daha ətraflı...

September 26, 2016

NASA Europada qeyzerlər aşkar edib

NASA-nın təşkil etdiyi press-konfransda çıxış edən astronomlar Hubble kosmik teleskopu köməyilə Yupiterin peyki Europanın səthində meydana gələn və fəvvarə vuran qeyzerlərin unikal fotoşəkillərini əldə etdiklərini bildiriblər.

"Europada qeyzerlərin mövcud olduğunun yeni sübutlarını tapmışıq. Bizim yeni və daha əvvəlki məlumatlarımız göstərir ki, Yupiterin peykinin səthaltında bir neçə kimolemtr buzla örtülmüş duzlu okean mövcuddur. Qeyzerlərin kəşfi bunu deməyə əsas verir ki, tullantılar köməyilə onun tərkibini öyrənə və orada həyat mövcud olub-olmadığını başa düşə bilərik", - Baltimorda (ABŞ) yerləşən kosmik teleskop institutundan olan Uilyam Sparks qeyd edir.

Son illərdə alimlər Europanın altında okean gizlənmiş olduğunu dilə gətirirdilər. Həmin okean peykin səthindəki buzla qaz və mineral mübadiləsi aparır. Bununla yanaşı mütəxəssislər mikrobların yaşaması üçün zəruri maddələrin də orada rast gəlindiyini təsdiq etmişdilər.

Europada qeyzerlərə aid ilk əlamətlər 2012-ci ildə aşkar edilmişdi. Həmin vaxt amerikalı astronom Lorents Ros əldə edilmiş ultrabənövşəyi fotoşəkillərdə peykin bir hissəsində 200 kilometr hündürlüyə uzanan qeyri-adi "parlaq ləkələr" tapmış və bunların yalnız qeyzer fəvvarələri ola biləcəyini açıqlamışdı.

Bu müşahidələr NASA alimlərini cəlb etdiyi üçün 2014-cü ildə Europa ilə bağlı daha bir neçə əlavə araşdırma aparılmışdı. Alimlər Europanı ancaq qeyzer tullantılarını qeydə ala biləcəkləri fonda, Yupiterin diskindən keçdiyi zaman müşahidə edirdilər. Europanın Yupiterə ən yaxın peyklərdən biri olduğu və Yupiterin diskindən hər 3,5 gündən bir keçdiyi üçün müşahidə tədqiqatı çətinliksiz başa çatmışdı.

Ümumilikdə NASA Europanın on keçidini müşahidə etdi. Sparksın dediyinə əsasən, Hubble teleskopu üç fotoşəkildə ultrabənövşəyi diapazonda oxşar izlər və qeyzerlərlə əlaqəli optik alışmalar görməyi bacarıb. Rosun müşahidələrində olduğu kimi, aktivlik bu dəfə də əsasən Europanın cənub yarımkürəsində qeydə alınıb, lakin bir görüntüdə ekvator yaxınlığında da qeyzerlərə aid izlər tapılıb.

Europada həyat var?

Əgər Europada həqiqətən qeyzerlər mövcuddursa, onların köməyilə okean dərinliklərinə dalacaq texnologiya istifadə etmədən tərkibini öyrənməklə yanaşı, yaşayış üçün nə dərəcədə əlverişli olduğunu qiymətləndirmiş olarıq. Alimlər peykin səthi ilə də maraqlanacaq. Qeyzer aktivliyi tullantılarını səthə atmış ola bilər ki, bu da okeanın tərkibini öyrənmək üçün ikinci yoldur.

Nəyə görə Europada qeyzerlər nadir hadisədir? Texas ştatı universitetindən olan Britni Şmidt hesab edir ki, Yupiterin təsirilə Europanın nüvəsini qızdıran axın qüvvələri buzu daimi olaraq parçalaya bilmək üçün elə də böyük gücə malik deyil. Hazırlıq prosesində olan "Europa Missiyasının" başçısı Kurt Nibur isə potensial qeyzer kəşfi sayəsində peykə marağın daha da artmış olduğunu qeyd edir. Buna baxmayaraq göndəriləcək kosmik aparat üçün qeyzerlərin nə dərəcədə təhlükəli olduğunu aydınlaşdırmaq lazımdır. Bu səbəbdən hələlik mütəxəssislər yeni nəsil "James Webb" teleskopunun kosmik startını gözləyirlər.

Həmçinin oxuyun:

Europaya avtomatik zond göndəriləcək
Yupiterin peyki Europada maye halda su tapıldı
Yupiterin peyki Europada su fışqırdı
daha ətraflı...

September 23, 2016

Tənhalıq 14-27% nisbətində irsidir

Tənhalıq - digər insanlarla müsbət emosional əlaqələrin yoxluğu təəssüratı ilə bağlı biopsixososial əlamətdir. İncəsənətdə geniş təmsil olunmasına baxmayaraq, tənhalıq fenomeni zəif empirik bazaya malikdir və adətən mühit təsiri mövqeyindən öyrənilir. Daha əvvəl aparılmış əkizlərlə bağlı araşdırmada alimlər tənhalığa səbəb olan mümkün genləri müəyyənləşdirib, əlamətin irsilik göstəricilərini 37-55% nisbətində qiymətləndirmişdi.

Yeni tədqiqatda alimlər bu dəfə əlli yaşdan yuxarı 10.760 insanın genetik və fenotipik məlumatlarını analiz ediblər. DNT analizindən savayı araşdırmada subyektiv sosial status qiyməti ilə bağlı sorğu da yer alıb. İntervyu alınan kəslər mövzudan kənar üç açıq sualı cavablandırmaları idilər: "Dostluq əlaqələrinizin sizə bəs etmədiyini tez-tez hiss edirsiniz?", "Özünüzü tez-tez rədd edilmiş kimi hiss edirsiniz?""Özününü tez-tez təcrid olunmuş kimi hiss edirsiniz?".

Genetik analiz və sorğu nəticələri müqayisəsi göstərir ki, tənhalığın irsi dəyəri əvvəl hesab edildiyindən daha az, 14-27% aralığında dəyişir. Daha əvvəl təklif olunan genlərdən (BDNF, Rora, IL-1A və s.) heç birinin tənhalıq əlaməti ilə assosiasiya edilmədiyi aydın olub. Üstəlik alimlər tənhalığın neyrotizm və depressiv simptomatika ilə aralarında bir-birinə bağlılıq olduğunu aşkar ediblər. Tənhalığın ekstraversiya, şizofreniya və bipolyar affektiv pozğunluqla isə korrelyasiyası daha zəifdir.

Tədqiqatın müəllifləri qeyd edir ki, tənhalıq böyük ölçüdə poligen əsaslı fenotipik əlamətdir. Öz növbəsində tənhalığın tez-tez yüksək nevrotizasiya səviyyəsi ilə əlaqələndirilməsi bu əlamətin formalaşmasında neqativ affektivlik rolu oynaya bilər. Əldə edilən nəticələrin müsbət ictimai əlaqələrin genetik əsasının müəyyənləşdirilməsi ilə bağlı tədqiqatlarda kömək olacağı hesab edilir.

Həmçinin oxuyun:

Şizofreniyanın təbiəti genetikdir
Seks beyin fəaliyyətini gücləndirir
Yaşanmış qorxu irsən ötürülür
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top