October 7, 2014

Fizika üzrə 2014-cü ilin Nobel mükafatı qalibləri açıqlandı

Stokholmda İsveç Kral elmlər akademiyasının Nobel komitəsi yaponiyalı alimlər Isamu Akasaki, Hiroshi Amano və Shuji Nakamura-ya süni işıq texnologiyalarında əldə etdikləri mühüm nailiyyətlərə görə fizika üzrə 2014-cü ilin mükafatının verildiyini bildirib.

ABŞ-ın Kaliforniya Universitetinin professoru Shuji Nakamura, Yaponiyanın Meijo universitetinin professoru Hiroshi Amano və Nagoya universitetinin professoru Isamu Akasaki, ucuz, qənaətli və güclü süni işıq mənbəyi ixtirasının müəllifləridirlər. Ucuz və enerjiyə qənaət edən işıq lampasının yaradılmasında həlledici məqam göy rəngli LED diodlarının ixtirası olub. Bu diodu Nakamura, Akasaki və Amano 1990-cı illərin əvvəlində hazırlayıbar.

O vaxtadək artıq xeyli müddət elmə məlum olan qırmızı və yaşıl işıq saçan LED diodların mövcudluğuna baxmayaraq, ağ işıq lampası hazırlamaq üçün gərəkli olan göy rəngli LED diodunu əldə etmək mümkün olmurdu. Bu istiqamətdə müəyyən cəhdlər edilsə də, 1990-cı ilədək yaradılan göy işıq diodları həddən artıq zəif və davamsız olduğundan işə yaramırdı.

Əsas problem göy rəngli LED diodu üçün lazımı ölçüdə və həcmdə kristal böyüdülməsinin çətin olması idi. Bu problemin öhdəsindən adı çəkilən yaponiyalı alimlər 1990-cı illərin əvvəllərində gələ biliblər.

"LED lampalarının ixtirası ənənəvi işıq lampalarına daha uzun müddətli və az enerji sərf edən alternativ işıq mənbəyi yaratmış oldu", - İsveç kral elmlər akademiyasının rəsmisi bildirib.

"Dünyada elektrik enerjisinin dörddə birinin işıqlandırmaya sərf olunduğundan, LED texnologiyası planetimizin ehtiyyatlarının qorunmasını təmin edir", - Nobel komitəsi bəyanatında qeyd edib.

Fizika üzrə 8 milyon İsveç kronu (£0.7m) məbləğində olan pul mükafatı 3 qalib arasında bölünəcək.

Həmçinin oxuyun:

Nobel mükafatına iddialı kəşf təkzib edildi
"Hiqqs bozonu" Nobel qazandırdı
Bürokratiya elmi məhv edir
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top