Showing posts with label Paleontologiya. Show all posts
Showing posts with label Paleontologiya. Show all posts

February 7, 2014

İlk yırtıcılar dimetrodonlar idi

Yeni bir tədqiqatın nəticələrinə görə Yer üzündə Perm dövründə yaşamış dimetrodonlar olduqca təkmilləşmiş yırtıcı dişlərə sahib idilər. Aydınlaşdırılmış bu xüsusiyyət "Yerin ilk həqiqi yırtıcısı" adını dinozavrlardan alaraq dimetrodonlara verir. Əlaqədar məqalə 7 fevral 2014 tarixində Nature Communications jurnalında dərc edildi.

Toronto Universitetindən (Kanada) olan Robert Reisz və Kirstin Brink planetdə 280-265 milyon il əvvəl yaşamış bir neçə qədim dimetrodonlara aid fosilləri araşdırdıqdan sonra belə qənaətə gəldilər. Məməlilərin ilk əcdadları kimi, dimetrodonlar da sinapsidlər (qədim dördayaqlılar) qrupuna daxildir.

200-250 kiloqram çəkisi və 2,7-4 metr uzunluğu olan dimetrodonlar o dövrün ən iri yırtıcıları idi. Bu heyvanların nə ilə qidalandığına dair hələlik qəti cavablar yoxdur. Bundan başqa dimetrodonların ov üsulları və ekosistemdəki mövqeləri barədə, demək olar ki, heç bir məlumat yoxdur.

Reisz və Brink elektron analiz mikroskopu köməyilə bir neçə dimetrodon diş nümunəsi üzərində işlər apararaq bu qaranlıq mövzulardan birini aydınlığa çıxarmağa nail oldular. Bu üsul alimlərə onların strukturunu öyrənməyə və müasir yırtıcılarla birgə dinozavr dişləri ilə də müqayisə etməyə fürsət təmin etdi. Nəticədə dimetrodonların kifayət qədər təkmilləşmiş yırtıcı dişlərə sahib olduqları məlum oldu. Diş səthinin nisbətən düz olmasına baxmayaraq yenə də dişlər olduqca iti və ovun bədəninin yumşaq toxumalarını parçalamaq üçün kafi idi.

Həmçinin bu dişlərdə, əvvəllər yalnız dimetrodonların uzaq qohumları olan məməlilərdə rast gəlinən "çeynəmə qabarıqlarının" olduğu aydınlaşdırıldı. Alimlər əldə edilən faktlarla yırtıcı diş təkamülünü daha 40 milyon il geriyə daşımalı olduqlarını qeyd etdilər.

"Dişlər skeletin digər hissələrindən fərqli olaraq heyvanın həyat tərzi mövzusunda daha çox öyrənməyimizə yardım edir. Xüsusi kəllə sümüyü quruluşu olan dimetrodonlar öz iti dişlərini qurbanlarının bədənlərinə asanca keçirə və iri tikələr qopara bilirdilər", - Reisz deyir.

Qaynaq: Nature , ScienceDaily
daha ətraflı...

January 15, 2014

Arxa üzvlərin təkamülü aydınlaşdırıldı

Balıqlar və dördayaqlı heyvanlar arasındaki keçidi meydana gətirən möhtəşəm qorunmuş Tiktaalik fosillərini araşdıran paleontoloqlar "quruda yeriməyə yarayan" arxa üzvlərin hesab edildiyi kimi qədim amfibilərdə deyil, hələ balıqlarda təkamülləşdiyini aydınlaşdırdılar. Tədqiqatla əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

2004-cü ildə tiktaaliki tapmış Chicago Universitetindən (ABŞ) olan paleontoloq prof. Neil Shubin deyir:

"Əvvəlki nəzəriyyələrə əsasən balıqlara xas olan "ön idarəli" hərəkətdən "tam idarəli" hərəkətə artıq dördayaqlı heyvanların meydana gəlməsindən sonra keçid almışıq. Görünür, bu keçid hələ balıqlar arasında, sonraki nəsillərin quruya çıxmasından əvvəl başlanıb."

Shubin və həmkarlarının əldə etdiyi ilk tapıntılar bütöv deyildi - onlar yalnız tiktaalikin kəllə sümüyü, qabırğa və ön üzvlərinə rast gəlmişdilər. Tiktaalikin kəşfi həqiqətən də inqilabi hadisə oldu - onun "elastik" boynu, primitiv ağ ciyəri və geniş döş qəfəsi balıqlar və qədim dördayaqlı heyvanlar arasındaki "ara keçid" olduğundan xəbər verirdi.

Shubinin tədqiqatçı qrupu tiktaalikin ilk dəfə tapıldığı Ellesmere adasında fosilin tam versiyasını əldə etmək üçün qazıntı işlərinə davam etdi. Son 10 il ərzində alimlər daha dörd fosili tapmağa nail olmuşdular, bunlardan bəziləri də aşağı üzgəc sümükləri və skeletin digər hissələrinin fraqmentlərini daşıyırdı.

Bütün qalıqları birləşdirərək paleontoloqlar maraqlı nəticəyə gəldilər: tiktaaliklər çanaq bənzəri sümüyə və heyvanlarda yeriməyi təmin edən arxa üzvlərin dəstəklədiyi bir neçə sümüyə sahib idi. Bu fakt "tam idarəli" davranışın hələ balıqlar arasında təkamülləşdiyi fikrini əminliklə irəli sürməyə icazə verir.

"İri arxa üzgəclərin tiktaalikə qayıq kimi üzmə təmin etdiyini iddia etmək üçün bütün əsaslar var. Digər yandan, o, bunları həm də quruya çıxdıqda addımlar atmaq üçün istifadə edə bilirdi. Afrikalı ikitənəffüslü balıqlar oxşar üzvlərə sahibdirlər və suyun dibində qaça bilirlər", - Shubin sözlərinə əlavə edir.

Qaynaq: Pnas.org , Sci-News 
daha ətraflı...

January 3, 2014

Neandertallar danışa bilirdi?

Beynəlxalq bir tədqiqat qrupunun Neandertal fosilləri üzərində apardığı araşdırmalar müasir insana ən yaxın növün danışma və mürəkkəb dil xüsusiyyətləri inkişaf etdirdiyi fərziyyəsini müdafiə edir.

PLoS One jurnalında 18 dekabr 2013 tarixində yayımlanan tədqiqat hyoid sümüyündəki təkmilləşmənin Neandertallara ünsiyyət qabiliyyəti qazandırdığını göstərir. 1989-cu ildə bu sahədə əldə əldə edilən ilk tapıntılar da inkişaf etdirilir.

Alimlərin 24 il əvvəl İsrailin Kebara mağarasında tapdıqları fosillər danışmaq qabiliyyətinin qazanılmasında böyük rol oynayan hyoid sümüyünün neandertal insanında olduğunu göstərmişdi. Ancaq bir çox homo bölgüsündən olmayan primatlarda da bu sümük danışma təmin edə bilməyəcək şəkildə təkamülləşmişdir.


Elm adamları Neandertalların qırtlaq quruluşunu araşdırmaq üçün 3D X- ray görüntü və mexaniki modelləşdirmə üsullarına əl atdılar. Analizlər Neandertalların hyoid sümüyünün digər sümüklər tərəfindən dəstəkləndiyini, müasir insanlardakı kimi oxşar funksiya yerinə yetirdiyini göstərmiş oldu.

Məqalənin müəllifləri deyirlər:
"Tapıntılar Neandertalların danışma qabiliyyətinə sahib olduğu fikri ilə uyğunluq göstərir."
Alimlər mürəkkəb dillərin təxminən 100 min il əvvəl meydana gəlməyə başladığını düşünürdülər. Əvvəllər müasir insanlar bu qabiliyyəti inkişaf etdirən ilk növ kimi qəbul edilirdi. 1989-cu ildə İsraildə və daha sonra İspaniyada tapılan hyoid fosilləri isə sümüyün tarixinin 500 min il əvvəl yaşamış Homo heidelbergensis'ə qədər uzandığını sübut etdi. Bu növ həm Homo sapiens, həm də Neandertalların əcdadlarından biri idi. Bu da niyə hər iki növün ünsiyyət bacarığına sahib olduğunu uğurlu şəkildə izah edir.

New England Universitetindən olan Stephen Wroe BBC-yə verdiyi açıqlamada dedi:
"Əldə edilən tapıntılar Neandertalların danışa bildiyinə dair qəti dəlil deyil, amma bu iddianı təsdiqləmək üçün əhəmiyyətli bir addımı meydana gətirir."
Almaniyanın Max Plank İnstitutundan olan prof. Dan Dediu isə belə hesab edir:
"Qəti bir nəticəyə gəlmək üçün tezdir, ancaq danışma və dil qabiliyyətinin müasir insandan əvvəlki nəsillərə qədər uzandığını anlayırıq."
Qaynaq: PloS One
daha ətraflı...

January 2, 2014

Pişiklərin mənşəyi araşdırılır

Elm adamları Çində apardıqları tədqiqatlarda 5.000 illik fosilləri araşdırdıqdan sonra pişiklərin ilk fermerlər tərəfindən siçan tutmaq üçün istifadə edildikləri və beləcə əhilləşdirilmiş olduqları qənaətinə gəldilər. Yeni tədqiqatla əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

Pişiklərin daha çox üstünlük verilən ev heyvanlarından biri olmasına baxmayaraq keçmişi haqqında kifayət qədər məlumatımız yoxdur. Tarixi Daş dövrünə söykənən bir Çin kəndində aparılan qazıntı işləri isə alimlərə illərdir qaranlıq qalan sualların cavabını göstərmiş ola bilər.

Çinin Quanhucan adlı bir kəndində aparılmış tədqiqatda tapılan 5.300 illik fosillər pişiklərin insanlarla hesab edildiyindən daha uzun müddətdir birlikdə yaşadığını göstərmiş oldu. Tədqiqatda yer alan ABŞ-ın Vaşinqton Universitetindən olan Fiona Marshall deyir: 


"Pişiklərin insanlarla yaşamağa başladığı müddətin ilk sübutunu əldə etdik."

Marshall ovçu-yığıcı qəbilələr tərəfindən min illər əvvəl əhilləşdirilməyə başlanan itlərlə müqayisədə pişiklərin, "fermerlərin əhilləşdirilmiş heyvanları olaraq" insanlarla birlikdə yaşamağa başladığını qeyd etdi. ScienceDaily jurnalının verdiyi xəbərə görə qədim fermerlərin kəndində tapılan pişik sümüklərində çoxlu taxıl qalığına rast gəlinir. Bu tapıntı vəhşi pişiklərin ev pişiklərinə çevrilmə prosesinin dəlili hesab edilir.

Fosil DNT-lərinin hələ araşdırılmamış olması səbəbindən tədqiqatçılar iki ehtimal irələ sürürlər. Çinli pişiklər ya Orta şərqdən gətirilmiş, artıq əhilləşdirilmiş heyvanlar idi, ya da elə fermerlər tərəfindən əhilləşdirilmiş olmalı idilər. ABŞ-ın Missouri Universitetində Genetika sahəsində işləyən Leslie Lyons deyir:


"Vəhşi pişiklər utancaq heyvanlardır... Böyük ehtimalla insanlara siçanlar səbəbindən yaxınlaşdılar və kəndlilər də onları yaxalamağa icazə verdi."

Lyons vəhşi pişiklərin zamanla siçan tutmaqla əhilləşdiyi nəzəriyyəsinin doğru ola biləcəyini bildirir. Bəzi diş fosillərinin köhnəlmiş olması vəhşi pişiklərin uzun illər əvvəl kəndlərdə ilk fermerlər tərəfindən qidalandırıldıqlarını müdafiə edən bir digər tapıntı oldu. Ev pişiklərinə aid tapılmış ilk tarixi tapıntılar 4 min illik qədim Misir rəsmləri idi. Alimlər Quanhucan fosilləri üzərində ediləcək DNT analizləri ilə pişiklərin mənşəyini ortaya çıxaracaqlarına inanırlar.

Qaynaq: ScienceDaily
daha ətraflı...

December 19, 2013

Dimdik uçuş üçün deyil, qidalanmaq üçün idi

Yeni bir araşdırmanın nəticələrinə görə ikiayaqlı tüklü dinozavrlar dimdiklərini uçuş üçün deyil, bərk qidanı daha yaxşı üyütmək üçün təkmilləşdirdilər. Paleontoloqlar belə qənaətə Monqolustandan olan dörd metrlik  Erlikosaurus andrewsi növünün kəllə sümüyünü araşdırdıqdan sonra gəldilər. Tədqiqatla əlaqədar məqalə 2 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında yayımlandı.

Bristol Universitetindən (Böyük Britaniya) olan Stephan Lautenschlager deyir:
"Dinozavrların, dişlərini uçuşda bədən ağırlığı itirmək üçün dimdiklə əvəz etdiyini çoxdan düşünürdük. Əldə etdiyimiz nəticələr göstərir ki, keratin dimdiklər əslində dinozavrlar üçün faydalı idi, çünki qidanı yeyərkən və üyüdərkən kəllə sümüyünü sabitləşdirirdi."
Lautenschlager və həmkarları monqolustanlı Erlikosaurus andrewsi növündən olan otyeyən dinozavrın kəllə sümüyünü araşdırdıqdan sonra bu nəticəyə gəldilər. Bu dinozavrlar "terizinozavrlara", yəni iki ayaq üzərində hərəkət edən tüklü (lələkli), primitiv quruluşlu dimdiyə sahib olan sürünənlərə aid edilir.

Yaxşı qorunmuş erlikozavr kəllə sümüyü fosilini istifadə edərək alimlər növün kəlləsinin 3D modelini bərpa etməyə və beləliklə dimdiyin sürünəndə hansı funksiyası olduğunu anlamağa çalışdılar. Nəticələrə görə, dimdik quruluşu erlikozavrlar üçün sərt bitkiləri üyütmək və parçalamaq üçün lazımlı idi, əsk halda növ qidalana bilməzdi. Digər tərəfdən, əgər növün həqiqətən də dimdiyi var idisə, o zaman yük bərabər olaraq kəllə sümüyünə yayılırdı və dinozavrın qidanı çeynəmək üçün daha artıq gücə ehtiyacı olmalı idi. Görünür ki, kəllə sümüyü və çənənin məhz bu xüsusiyyəti əksər ikiayaqlı dinozavrlarda sonraki nəsillər üçün dimdiyin formalaşmasına zəmin hazırlayırdı.

Bristol Universitetindən olan paleobioloq Emily Rayfield deyir:
"Dinozavrların müasir quşlara çevrilməsi prosesində dimdik təbiət tərəfindən bir neçə dəfə kəşf edilib, bu da adətən dişlərin yoxa çıxması ilə müşayiət olunub. Apardığımız tədqiqat göstərdi ki, dimdik özü hələ dinozavrların təkamülü dövründə meydana gəlib."
Qaynaq: Pnas.org , Phys.org 
daha ətraflı...

December 17, 2013

Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur

Paleontoloqlar ilk dəfə insanın əcdadlarından biri olan, Keniyada yaşadığı hesab edilən Homo erectus növünə aid 1,4 milyon il yaşı olan əl sümüyü fosilini tapdıqlarına dair məlumat yaydılar. Alimlərin dediyinə görə tapılmış fosil insan təkamülündəki boşluğu doldurur. Tədqiqatla əlaqədar məqalə 16 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

Kolumbiya şəhərində yerləşən Missuri Universitetindən (ABŞ) olan Carol Ward deyir:

"Bu sümüyü xüsusi edən - biləklə birləşməsini təmin edən stiloid prosesidir. Bu ana qədər belə çıxıntılara biz yalnız neandertallar və müasir insanlarda rast gəlmişdik. Bu çıxıntı əlin artan çevikliyinin əlamətidir, hansı ki qədim insanlara obyektlərdən bərt tutunmağa və onları dəqiqliklə hərəkət etdirməyə icazə verirdi. Skeletin bu xüsusiyyəti bizim 1,5 milyon il ərzində sağ qala bilməyimizə əsas səbəb idi."

Ward və həmkarlar qazıntı işlərini Keniyada yerləşən Turkana gölü yaxınlığında apardılar. Bu ərazidə alimlər əvvəllər də Homo bölgüsünün nümayəndələrinə aid qalıqlara rast gəlmişdilər. Bunlar arasında "Turkana oğlanı" adlı məşhur fosil də yer alır.

Alimlər yerli çöküntülərdə qədim insanın bilək sümüyü ilə orta barmağını birləşdirən sümüyü tapmaqla əhəmiyyətli kəşfə imza atdılar. Qeyd edilir ki, sümük strukturu üzərində aparılacaq işlər əcdadın alətlərdən istifadə edib-edə bilmədiyini və nə dərəcədə çevik olduğunu göstərəcək.

Sümük strukturunu analiz edən elm adamları, onu müasir insanın, şimpanzenin, neandertalın və digər yaxın növlərin anoloji sümükləri ilə müqayisə etdilər. Nəticədə sümüyün sahibinin anotomik olaraq qədim hominid və şimpanzelərdən çox, müasir insanlara və neandertallara yaxın olduğu məlum oldu. Əldə edilən məlumatlarla insan əlinin təkamülünə dair müzakirələrə son qoyulduğunu deyən elm adamları, çevik əl təkamülü tarixini daha 500 min il geri daşımalı olduqlarını da qeyd etdilər.

Qaynaq: Phys.orgScienceDaily
daha ətraflı...

December 16, 2013

Quşların qanadlarının təkamülü aydınlaşdırıldı

Çinin qərbində yerləşən Junggar ərazisində tapılan, 159 milyon il əvvəl yaşadığı aydın olan tüklü dinozavr növünün fosilləri ilk dəfə alimlərə dinozavr barmaqlarının necə quşların qanadlarına çəvrildiyi mövzusunda məlumatlar verir. Tədqiqatla əlaqədar məqalə 17 iyun 2009 tarixində Nature jurnalında yayımlandı.

Təkamül nəzəriyyəsinə əsasən müasir quşlar dinozavrlardan ayrılmış və sağ qalmış yeganə qoldur, buna baxmayaraq qədim sürünənləri araşdıran paleontoloqlar barmaq falanqalarından necə qanad strukturunun yarandığını dəqiq izah edə bilmirdilər. Hesab edilir ki, qanadlar sürünənlərin ikinci, üçüncü və dördüncü barmaqlarının birgə təkamülü nəticəsində formalaşmışdır - illərdir quşların embrion inkişafı üzərində aparılan təcrübələr bunu dəstəkləyir. Quşların əcdadı hesab edilən teropodlarda (ikiayaqlı sürünənlər) isə birinci, ikinci və üçüncü barmaqlar daha çox inkişaf etmişdi. Bir konfiqurasiyadan digərinə keçid son illərə qədər sirr olaraq qalırdı.

Çin Elmlər Akademiyası və Paleontologiya və Paleoantropologiya İnstitutundan olan prof. Xi Xung, Vaşinqton Universitetindən (ABŞ) olan həmkarları ilə birlikdə uzunmüddətli qazıntı işlərindən sonra Qobi səhrasında bir dinozavr növünə aid fosillərə rast gəldi. Alimlər növün ön üzvlərini araşdırarkən birinci barmağın ciddi şəkildə kiçildiyini, ikinci barmağın ölçülərininsə böyüdüyünü gördülər. Belə ki, barmaq falanqaları ilə birləşən bilək sümükləri ikinci, üçüncü və dördüncü barmaqlara uyğun gəlirdi (quşlardaki kimi), falanqalar özləri isə birinci, ikinci və üçüncü barmaq falanqalarına oxşayırdı (dinozavrlardaki kimi).


Limusaurus inextricabilis fosili ilə birlikdə kiçik timsah fosili
Elm adamları tapılmış dinozavrın, üzvlərin qanadlara necə çevrildiyini izah edən keçid növü olduğunu və bu mərhələdə təkamülün mürəkkəb xarakter daşıdığını qeyd edirlər. Limusaurus inextricabilis adı verilən və tərcümədə "bataqlıqda ilişib qalan dinozavr" mənasını verən yeni dinozavr növünün fosilləri Yura dövrünə aid çöküntü qayalıqlarda tapıldı. Bundan başqa çənə quruluşunun analiz işləri göstərdi ki, növün dişləri yox idi, əksinə dinozavr dimdiyə sahib idi. Baxmayaraq ki teropodların əksəriyyəti yırtıcılardır, bu məlumatlar növün otyeyən olduğunu göstərir.

Xi Xung tapıntı ilə əlaqədar bunları deyir:


"Bu dinozavrın kəşfi həqiqətən də möhtəşəm hadisədir, çünki dinozavr üzvlərinin necə təkamülləşdiyi və ilk quşların necə meydana gəldiyinə dair təsəvvürlərimizi dəyişdirir."


Qaynaq: Nature , ScienceDaily
daha ətraflı...

December 5, 2013

Məməlilərin son əcdadı tapıldı

Paleontoloqlar Mozambik ərazisində Perm dövrünə aid sinapsid (məməli xüsusiyyətlərinə sahib olan sürünənlər) fosili tapdıqlarını açıqladılar. "Niassodon mfumukasi" adı verilən yeni növün bütün məməlilərin ortaq əcdadı olduğu kimi, həmçinin ortaq əcdada ən yaxın nümayəndə ola biləcəyi də hesab edilir. Tədqiqatın nəticələri 4 dekabr 2013 tarixində PLoS One jurnalında dərc edildi.

Məməlilərin istiqanlı əcdadlarının Perm dövrünün sonunda və Trias dövrünün başlanğıcında, yəni terapsidlərin nəsli kəsildikdən sonra təkamülləşdiyi hesab edilir. Həmin dövrlərə aid məməli təkamülünün bəzi hissələri sirr olaraq qalsa da, ilk tam məməlilərin Yura dövründə meydana gəldiyi elm dünyasına məlumdur.

Oeiras şəhərində yerləşən Gulbenkian İnstitutundan (Portuqaliya) olan Rui Castanhinha və həmkarları 2009-cu ildə Mozambikdə yerləşən Niassa gölü yaxınlığında apardıqları tədqiqat işlərindən sonra məməlilərin təkamülündəki keçidi tapdıqlarını bildirdilər. Bu ərazidəki qayalıqların təxminən 256 milyon il yaşı var və Perm dövrünün sonlarından məlumat verir.

Paleontoloqlar bu qayalıqlarda məməlilərin əcdadları olan disinodontlara aid yaxşı qorunmuş fosilə rast gəldikdən sonra, fosil sayəsində növün beynini araşdırdılar və mikrokompyuter tomoqrafiyası köməyiylə əcdadın strukturlarını 3D formatda bərpa etdilər. 3D strukturları sayəsində alimlər növün beyninin necə göründüyünü öyrəndilər və mikroskopik qulaq sümüklərini araşdırdılar. Bu üsullar ilk məməlilərin təkamülünü öyrənmək baxımından olduqca əhəmiyyətlidir.

Alınan nəticələrlə növün beyin atlasını hazırladıqlarını deyən elm adamları, bunlar sayəsində yaxın zamanda sinapsid və terapsidlərin, həmçinin ilk məməlilərin təkamülünə dair məlumatlara yiyələnəcəklərini qeyd etdilər.

Qaynaq: PLoS One ScienceDaily
daha ətraflı...

November 30, 2013

Nəhəng ördəkburun fosilləri tapıldı

Tədqiqatçılar Avstraliyanın şərqində ördəkburunların nəsli kəsilmiş növünə aid fosillər tapdılar. Fosillər qədim ördəkburunların bu günkilərdən 2 dəfə böyük olduğunu və kiçik onurğalılar, həşəratlar və planktonlarla qidalandıqlarını təsdiq etdi. Nəsli kəsilmiş ördəkburun növü Obdurodon tharalkooschild adlandırıldı. Nəticələr Journal of Vertebrate Paleontology jurnalında dərc edildi.

Kolumbiya Universitetindən olan Rebecca Pian:


"Yumurtaqoyan məməlilər, misalçün, ördəkburun və yexidnalar cənub qitələrdəki məməlilərin təkamülünün son izləridir. Yeni tapılan ördəkburun növləri müasir yumurtaqoyanların necə təkamülləşdikləri mövzusunda məlumatlar gətirəcək."


Pian və həmkarları Queensland bölgəsində orta və gec Miosen dövrünə aid yataqları araşdıraraq Avstraliya sularında yaşayan müasir ördəkburunların potensial yaxın qohum növünü tapdılar. Alimlər burada iri kisəli məməlilərə aid bir neçə diş fosili nümunəsinə rast gəldiklərini dedilər. Fosillərin analiz və müqayisə etmə işlərindən sonra, elm adamları qalıqların qədim nəhəng ördəkburuna aid olduğu qənaətinə gəldilər.

Diş qalıqlarının analizləri növün təkcə planktonlarla deyil, həm də kiçik onurğalılar və həşəratlarla qidalandığını göstərdi. Qida rasionunda balıqlar və amfibiyaların olduğunu qeyd edən alimlər, növün təxminən 15-5 milyon il əvvəl yaşadığını açıqladılar.

Qədim ördəkburunların daha iri olduğu faktı bu növlərin təkamülünün hesab etdiyimiz kimi asan baş vermədiyini göstərir. Alimlərin dediyinə görə, Avstraliyada nəsli kəsilmiş nəhəng ördəkburunlarla birlikdə, həm də bu günki kiçik ölçülərə qədər təkamülləşmiş ördəkburunların əcdadları yaşamış ola bilər.

Qaynaq: Live Science , The Conversation
daha ətraflı...

November 25, 2013

Bala dinozavr fosili tapıldı

Kanadanın Alberta bölgəsində ötən həftələrdə "Triceratops" növünə aid ot yeyərək qidalanan bir körpə dinozavrın yaxşı qorunmuş halda fosil tapıldı.

Live Science'dan alınan xəbərə görə, paleontoloqlar 70 milyon il əvvəl yaşadığı məlum olan bu körpə dinozavrın çaydan keçməyə çalışarkən boğularaq öldüyünü təsdiq etdilər. Dinozavrın öldüyü bölgədə bir vaxtlar sürətli axan çay olduğunu deyən mütəxəssislər, ehtimalla çayın bir tərəfindən digərinə keçərkən boğulduğunu və suyun axınıyla süründürülərək fosilləşdiyini iddia etdilər.

Mütəxəssislər suyun qoruyucu təsiriylə körpə dinozavrın yaxşı qorunmuş halda bu günə çata bildiyini açıqlayırlar. Paleontoloqlar 1,5 metr uzunluğu olan körpə dinozavrın, ölmədən əvvəl 3 yaşında olduğunu təxmin edirlər. Bu növün yetkin dinozavrlarında burun sümüyü üzərində buynuz olur, körpə dinozavrda isə bu buynuzun inkişaf etmədiyi aydın şəkildə görülür.

Qaynaq: LiveScience
daha ətraflı...

November 10, 2013

165 milyon illik seks

Çinin şimal-şərqində tapılan fosil, dünyanın ən qədim həşərat cütləşməsini izah edir. Bir-birlərinə sarılmış halda tapılan bu həşərat cütlüyü tüpürcək həşəratları (Froghoppers) adıyla tanınır.

Həşəratlar da artır, bunun üçün də sekslə məşğul olmalıdırlar. Bu təbii prosesdir. Maraqlı yanı budur ki, 165 milyon il ərzində, yəni Orta Yura dövründən bəri bu həşəratların artım orqanları və cütləşmə davranışları çox az dəyişikliyə uğramışdır.

Dişi həşəratların əksəriyyətinin bu davranışları qoruya bilmədiyi üçün, alimlər cütləşmə davranışlarının milyon illər ərzində necə dəyişdiyinə dair qəti dəlillərə çata bilmirlər. Bu fosilə baxaraq təəssüf ki, o dövrdə bu aşiq həşəratların qarnı üstünə uzanaraq, yoxsa indiki kimi yan-yana duraraq cütləşdikləri barəsində dəqiq açıqlamalar yoxdur. Fosilə baxaraq elə bil üz-üzə duraraq cütləşdiklərini düşünə bilərsiniz, amma elə olmaya bilər, çünki o cür cütləşmə modeliylə nəticəyə çata bilməyən bu həşəratların balaları müasir dövrə qədər gələ bilməzdilər.


Qaynaq: National Geographic
daha ətraflı...

November 8, 2013

İlk insanlar beyinlə qidalanırdılar

Keniyada bir çox tarixi fosilləri aşkar edən antropoloqlar, Şərqi Afrikada yaşamış olan əcdadlarımızın xüsusilə antilop beyninə düşkün olduğunu aydınlaşdırdılar.

ABŞ-ın Baylor Universitetindən olan tədqiqatçı Joseph Ferraro və həmkarları, ilk insanların leşlərlə qidalandığını təsdiq etdilər.

PLoS ONE jurnalında dərc olunan tədqiqata görə, antropoloqlar apardıqları qazıntı işlərində üç qrup halında basdırılmış fosillər tapdılar. Fosillər, müasir insanın əcdadlarından olan Homo erectus'un necə ovlandığı və ovunu necə dəyərləndirdiyi haqqında əhəmiyyətli məlumatlar təmin etdi.

Yeni tədqiqat, ovlarının beyinlərini yeyən Homo erectus'un, beyindəki yağlı hissə sayəsində kafi enerji yığdığını və bir sonrakı günün ovu üçün əlavə enerji əldə etdiyini göstərdi. Bu tədqiqat müxtəlif ov alətlərinin izlərini saxlayan heyvan fosillərinin tapıldığı daha əvvəlki tədqiqatlarla da uyğundur.

Nəticələr, ilk insanların bacarıqlı ovçular və ətə düşkün olduqlarını təsdiq etdi.

Science-ın verdiyi xəbərə görə, qazıntıların aparıldığı bölgədə 2 milyon il əvvəl yaşamış olan insanlar, ovlarını tutduqdan sonra Kanjera bölgəsindəki evlərinə daşıyırdı. Antropoloqlar bu bölgədə, üzərlərində sadə daş alətləri izlərini saxlayan antilop və ceyran sümükləri tapdılar.

Tapıntılar, heyvanların parçalara ayrıldığını və daha çox ətli olan hissələrinin ilk olaraq kəsildiyini göstərdi. Qurbanların ətinin bişirilmədən yeyildiyini təsdiqləyən tədqiqatçılar, bəzi sümüklərdə də aslan dişlərinə rast gəldilər. Bu tapıntı, bəzi ovların aslanlar tərəfindən oğurlanmış olduğuna və ya daha sonra insanların əlinə keçdiyinə dair məlumatlar verə bilər.

Qazıntı sahəsində tapılan yüzlərlə kəllə və alt çənə sümüklərinin digər sümüklərlə müqayisədə daha çox olması, Homo erectus'un qurbanın pendirvari beyninə nə qədər düşkün olduğunu göstərdi. Ferraro açıqlamasında belə dedi:

"Bu vəziyyət iştahdan çox, yırtıcı heyvanların buraxdıqları leşlərlə qidalanmadan  qaynaqlanır."

Tədqiqatçılar, ilk insanların yırtıcı heyvanları izlədikləri, daha sonra yırtıcıların ovlarıyla işlərini qurtardıqdan sonra geriyə qalan leşi yedikləri qənaətindədirlər. Yırtıcı heyvanların yemədikləri beyinlə ilk insanlar qidalanmalı olurdular. Beləcə illər ərzində Homo erectus beyin düşgünü növə çevrilmiş oldu.

Alimlər, tədqiqatın bir sonrakı mərhələsində Homo erectus'un ov etmə-leş yığma nisbətini aydınlaşdırmaq istəyirlər.

Bu yeni tapıntılar insanların həyatda qalmasını təmin edən və müasir insana ötürülən xüsusiyyətlər haqqında yeni ipucları təqdim edə bilər.

Qaynaq: RedOrbitScienceNews
daha ətraflı...

November 2, 2013

480 min illik Homo erectus fosili tapıldı

Bir qrup fransız və əlcəzairli antropoloq və paleontoloqlar Əlcəzairin Oran şəhəri yaxınlığındakı bir mağarada 480 min il əvvəl yaşamış Homo erectus növündən olan insanın kəllə sümüyünə və bəzi digər skelet qalıqlarına aid fosillər tapdı.

The Journal of Fossil jurnalında 22 oktyabr tarixində onlayn dərc edilən tədqiqatda Oran şəhəri yaxınlığında bir mağarada 480 min il əvvəl yaşamış insan növünə aid kəllə sümüyü ilə bəzi sümük parçalarının tapıldığı qeyd edilir. Jurnalda bu Homo erectus fosilinin dağılmış halda tapıldığı, digər sümük parçalarının da tapılma işlərinin hələ də davam etdiyi bildirilir. Alimlər bu insanın kişi olduğunu, öldüyündə isə təxminən 40 yaşında olduğunu təxmin edirlər.

Tədqiqata Fransanın Paris Universitetindən 4, Əlcəzairin Oran Universitetindən isə 2 elm adamı qatılmışdı. Tədqiqatın başında duran Paris Universiteti antropoloqu prof. Jacques Andrew The Fossil jurnalına verdiyi açıqlamasında bunları dedi:


"Bu fosil hissələri sayəsində 480 min il əvvəl bu bölgədə Homo erectus insanının yaşadığını sübut etmiş olduq. Bu tapıntı Homo erectus insanının Afrikadan Avropaya və Asiyaya köç etdiyini təsdiqləyir."


Qaynaq: Universite Paris
daha ətraflı...

October 26, 2013

"Jurassic Park" reallığa çevrilə bilər

Vaşinqtonda yerləşən Amerikan Təbiət Tarixi və Milli Muzeyində işləyən paleontoloq Dale Greenwalt və tədqiqatçı qrupu yeni tapılmış dişi ağcaqanad fosilinin qarnında qorunmuş qan nümunələri tapdı.

"Jurassic park həqiqətə çevrilə bilər." - Bu sözlərin müəllifi paleontoloq prof. Dale Greenwalt'dur. Tədqiqatın nəticələri PNASNature jurnallarında onlayn dərc edildi. Alimlərin fikrincə, ABŞ-ın Kansas əyaləti sərhədlərində ötən ay tapılmış 46 milyon illik ağcaqanad fosilinin qarnında sıxışmış halda aşkar edilən qan nümunələri köməyi ilə kopyalama üsulu istifadə edilərək qədim dinozavr növləri yenidən həyata qaytarıla bilər.

Dale Greenwalt Nature jurnalına açıqlama verdi:


"46 milyon il əvvəl yaşamış bir qan əmici uçan həşərata aid yaxşı qorunmuş fosil tapmaq böyük uğurdur. Ağcaqanadın qarnı partlamağa hazır bir şar kimi idi. Fosil olduqca yumşaq quruluşdadır. Qarnında çox sayda növə aid hemoqlobini pozulmamış qan nümunələri olduğunu gördük. Əlimizdə, təəssüf ki, bu fosilin qarnındakı qan nümunələrini ayırd edə biləcək texnologiya yoxdur. Növlərə aid qan nümunələri ayırd edilə bilsə qədim dövrlərdə yaşamış növlərə aid DNT kimi çox sayda məlumata sahib ola biləcəyik. Bəlkə də bu növləri kopyalama üsulu ilə yenidən həyata qaytara biləcəyik."


Fosili araşdıran, Oregon Əyalət Universitetində fosilləşmiş həşəratlar sahəsi üzrə mütəxəssis olan paleontoloq prof. George Poinar isə jurnala verdiyi açıqlamada bunları dedi:


"Bu qan əmici ağcaqanadın müasir dövrə qədər məhv olmadan çata bilməsi böyük şansdır. Fosildəki hər detal rahatlıqla görülür. Belə fosillər hər vaxt tapılmır. Məni heyrətləndirən, ilk tədqiqatda fosilin qarın hissəsində onurğalı canlılara aid olan qan birləşmələrinin milyonlarla il keçməsinə baxmayaraq pozulmadan qorunmağı idi. Çox çaşmışdım. Həqiqətən də bu tapıntı olduqca əhəmiyyətlidir. Kim bilə bilər, bəlkə də Jurassic Park öz dinozavrları ilə birlikdə reallığa çevrilə bilər."


Qaynaq: Nature
daha ətraflı...

October 25, 2013

Ayaqlı ilan fosili

Cins adı: Eupodophis

Növ adı: Eupodophis descouensi

Sinif: Sürünənlər

Yaşadığı dövr: Təbaşir dövrü (92 MİƏ)

Uzunluğu: 85 sm

Saxlanıldığı muzey: Paris Təbiət Tarixi Muzeyi, Fransa

Fosilin tapıldığı yer: al-Nammoura, Livan

Tapıldığı il: 2000

İkinci dəfə araşdırıldığı il: 2008

Növ haqqında məlumat: Təbaşir dövrünün ikinci yarısında yaşamış olan bu ilan növü Eupodophis sahib olduğu üzvləri ilə məşhurdur. Onsuz da ilanların, üzvlərinin təkamül müddəti ərzində inkişafdan qalaraq təkamülləşmiş sürünənlər olduğu məlumdur, Eupodophis isə bunu dəqiq şəkildə təsdiq edən "ara keçid növüdür". Aralıq dənizində yaşamış olduğu hesab edilən bu növ 2 ədəd tam inkişafdan qalmamış ön ayağa malikdir. Qabırğa və onurğalarındaki, digər sürünənlərlə müqayisədə daha qalın sümüklər növün su həyatına adaptasiya olduğunu göstərir. Onurğaya bağlı, olduqca kiçik və korlaşmış omba sümüyü var. Ayaqda lazım olan metatarsal və falanqa sümükləri isə tamamilə yox olmuşdur. Sümük, Qrenoblda yerləşən Avropa İşıq Qaynağı Tədqiqat Mərkəzində, sinkotron radiasiya təsislərində ətraflı analiz edilmiş və təkamül dəyişiklikləri dəqiq olaraq göstərilmişdir. Tədqiqatçıların bir neçə dəfə test etdikləri tədqiqatın nəticələri məlumdur: Növün qəti olaraq qıçları var. Bu qıçlar inkişafdan qalmışdır və bunlardan biri fosil qeydində görülür, digəri isə əhəng daşı içərisinə basdırılmış haldadır. Bu qıçların uzunluğu təxminən 2 santimetrdir. Növün qıçlarının quruluşu Gila canavarı və digər yaxın qohumlarla da müqayisə edilmişdir. Qıçların və qolların rudimentə çevrilməsi HOX genlərində meydana gələn təkamül dəyişikliklərindən qaynaqlanmış ola bilər. Bu rudimentin təkamül səbəbi isə suda hərəkətin daha hidrodinamik hal almış ola biləcəyi, növün qurudan dənizə keçiddə bir ara növ olmasıyla əlaqədar ola biləcəyi hesab edilir.


Qaynaq: RedorbitBBC News
daha ətraflı...

October 19, 2013

Təkamülü dəyişdirən yeni insan fosili

Gürcüstanda son 8 ildir aparılan tədqiqatlar nəticəsində nəhayət alimlər 1.8 milyon illik bir kəllə fosili kəşf etməyi bacardılar. Bu kəşf, Homo cinsinin təkamülünü yenidən yazmağımıza səbəb ola bilər.

Bu yeni tapıntıya görə təkamülümüz daha az budaqlara ayrılaraq və daha sadə şəkildə baş vermiş ola bilər. Bu fosil daha əvvəl kəşf edilən və Homo erectus, Homo habilis və oxşar fərqli növlərə aid olduğu hesab edilən fosillərin tək bir növün, ehtimalla Homo erectus'un təkamülləşən alt variyasiyalarına aid olduğu fikrinə dəstək olur.

Bir başqa deyimlə, eynilə insanların bir-birlərindən fərqli görünməsi kimi, qədim insanbənzərlərin də bir-birlərindən fərqli görünməsi, fərqli fosillərin fərqli növlər olduğunu hesab etməyimizə səbəb olmuş ola bilər.

Bu nəticə, David Lordkipanidzenin başçılıq etdiyi beynəlxalq tədqiqat qrupu tərəfindən ortaya atıldı. Gürcüstan Milli Muzeyinin paleoantropoloqu olan David Lordkipanidze, tapıntılarını Science elm jurnalında yayımladı.

Bu araşdırmanı başladan, 2005-ci ildə Gürcüstanda tapılan və "Kəllə sümüyü 5" olaraq adlandırılan fosil idi. Elm adamları bu fosili "yerüzündə ilk dəfə tam olaraq qorunmuş insan kəllə sümüyü fosili" hesab edirdilər. Digər Homo fosillərinin əksinə, bəzi primitiv xüsusiyyətlərə sahib idi: uzun meymunabənzər üz, böyük dişlər və müasir insanların kəllə sümüyünün 3-də 1-i qədər kiçik kəllə sümüyü. Bu tapıntı insanların Afrikadan çıxmaq üçün böyük beyinləri olması lazım olmadığını təsdiq etdi.

"Kəllə sümüyü 5" ilə birlikdə eyni ərazidə tapılan digər 4 insanabənzəri fosili Gürcüstanın Dmanisi bölgəsində tapılmışdı. Bu bölgə, insanların təkamülündən sonra Avrasiyaya köç üçün istifadə etdikləri yol hesab edilir. Bu sayədə, eyni bölgə və zamanlarda kəşf edilən fosilləri anatomik olaraq müqayisə etmək və xüsusiyyətlərini qarşı-qarşıya qoymaq imkanımız olur.

Prof. Lordkipanidze və yoldaşları, bu bölgədə tapılan fosillərin, müasir 5 insanın və ya 5 şimpanzenin bir-birlərindən olan fərqlərindən daha çox olmadığını iddia edirlər. Kəşf edilən hominid fosilləri müəyyən fərqliliklər daşıyırlar, amma yenə də eyni növə aiddirlər. Yayımlanan xəbərdə yazıçılardan biri olan, Zürich Universiteti prof. Zollikofer bunları deyir:


"Əgər "Kəllə sümüyü 5"-in beyin boşluğu və üzü Afrikadakı digər ərazilərdə tapılanlardan fərqli olsaydı, onda fərqli növdən olduqlarını deyə bilərdik."


Bu cür fərqliliklər alimlər tərəfindən, yeni növləri təyin etmək üçün istifadə edilir.

Hər nə qədər Dmanisidəki fosillər bir-birindən fərqli görünsələr də, prof. Zollikofer bunların eyni dövrdə, eyni bölgələrdə yaşadığını deyir və sözlərinə əlavə edir: 


"Bu səbəbdən, tək bir növün tək bir populyasiyasındaki fərdləri təmsil edirlər."


O və elmi tədqiqatçı qrup yoldaşları Dmanisidə tapılan fosillərin anatomik analizini açıqladılar. Prof. Zollikofer:



"Afrikadakı fosil qeydləriylə olduqca oxşar müxtəliflik şablonu və dağılımı gördüyümüz üçün, bunların o dövrdə Afrikada olan tək bir Homo növünə aid olduğunu iddia etmək məntiqli görünür. Dmanisidəki fosillərin Afrikadakına çox oxşadıqları üçün, bu iki bölgədəki növlərin eyni növlər olduğunu iddia etmək mümkündür."



Dmanisi, Gürcüstan

Yaxşı, bəs hansı növə aiddirlər? Bəzi tədqiqatçılar bunları "qədim Homo növü" olaraq adlandırır. Digərləri isə oxşarlıqlar səbəbindən Homo erectus hesab edirlər. Homo erectus 2.000.000-900.000 il əvvəl bu ərazidə yaşamış qədim insan növü idi. Kaliforniya Universitetindən olan paleoantropoloq Tim White belə deyir:



"Bu fosil, bu günə qədər əlimizə keçən ən primitiv Homo erectus qalığıdır. İndiyə qədər Şərqi Afrikada kəşf edilən bütün digər insan növlərindən daha çox Homo erectus'a oxşayır."


Prof. White və bəzi digər tədqiqatçılar, bu tapıntının əhəmiyyətinə və Homo cinsinin təkamülündəki roluna xüsusilə diqqət yetirirlər. Science jurnalı hesabatını yayımlayanda New York Amerikan Təbiət Tarixi Muzeyindən olan prof. İan Tattersall'ın dediklərinə də yer ayırdı: 


"Bu tapıntı, şübhəsiz ki indiyə qədərki ən əhəmiyyətli kəşflərdən biridir."


Bəzi tədqiqatçılar, fosilin Homo habilis növünə aid olduğunu və ona daha çox oxşadığını irəli sürdülər və tapıntılara qarşı çıxdılar. Həmçinin, bütün Afrika növlərinin Homo erectus növünə aid olduğu fikirini də yalnışladılar. Amma bu tapıntıların, insan təkamülünü daha yaxşı anlayacağımız və yenidən ortaya qoyacağımız mövzusunda çox geniş kütlə həmfikir görünür. Prof. White, yazdığı bir elektron məktubda bunları deyir:


"İndiyə qədər kəşf edilən ən qədim Homo fosili... Dmanisi üçün ikonik tapıntı olacaq. Ən qədim Homo erectus nümunəsi olması səbəbilə, bizim necə insan olduğumuzu daha geniş olaraq anlamağımızı təmin edəcək."


Bu tapıntı insan təkamülünü necə dəyişdirəcək? Zollikofer'ə görə elm adamlarının hal-hazırda heç bir fikri yoxdur. CNN-ə verdiyi açıqlamasında bunları deyir:


"Bunun Neandertallarla bizim son əcdadımız olduğunu demək gözəl olardı, amma hal-hazırda buna konkret dəlillərimiz yoxdur."


Hələ bu tapıntının insanın təkamül ağacına necə təsir edəcəyi də tam olaraq bilinmir. Muzeydən olan Tattersall mövzuyla əlaqədar bunları deyir:


"Bu tapıntıya əsaslanaraq tez bir müddətdə insan təkamül ağacını dəyişdirməyimiz qətiyyən doğru deyil. Amma bu fosili, çox əhəmiyyətli bir tapıntı olaraq əlavə edə bilərik."


Dmanisidəki 500 min kvadrat metrlik qazıntı sahəsində işlər hələ də davam edir. Bu səbəbdən, növbəti günlərdə daha çox tapıntıya çatacağımız mümkün ola bilər.

Mövzuyla əlaqədar yenə bir çox qaynaqlarda əsassız iddialar irəli sürülür. Bura daxil olaraq məqaləmizi oxumağınız məsləhət görülür.


Qaynaq: 


NY Times , CNN
daha ətraflı...

August 25, 2013

Balina təkamülünü maraqlandıran tapıntı

ABŞ-ın Virginia ştatında Miosen dövrünə aid 15 milyon illik balina kəllə sümüyü tapıldı. Fosil köməyi ilə gələcəkdə balinaların təkamülü haqqında ətraflı məlumata yiyələnəcəyi bildirilir.

Virginia ştatındaki Potomac çayının sahili Miosen dövrü (23,03-5,33 milyon il əvvəli) balinalarının təkamülünə işıq tuta biləcək əhəmiyyətli bir kəşfə ev sahibliyi edir.

Calvert Dəniz Muzeyi üzvlərinin dediyinə görə, 15 milyon yaşında olduğu təxmin edilən "dişsiz balina" növündən olan bir balinanın kəllə sümüyü dəqiq araşdırılmışdır. Paleantoloq John Nance, təxminən 7,5 metr uzunluğunda olduğu hesab edilən bu balinanın hələlik yalnız kəllə sümüyünə rast gəldiklərini bildirdi.

Paleantoloji qrupun başında duran John Nance, balina kəllə sümüyünü "yeni kəşflərin başlanğıcı" olaraq xarakterizə etdi. Miosen dövründə iqlimin bu günlə müqayisədə daha mülayim olduğunu və okeanın bu gün örtdüyü sahədən daha çoxuna yayıldığını deyən Nance, uçurumun Miosen dövrünə aid olan başqa heyvan fosillərini də bünyəsində saxlayır ola biləcəyini irəli sürdü.

Qaynaq: Washingtonpost
daha ətraflı...

August 24, 2013

Tiktaalik roseae timsah deyil!

Tiktaalik roseae 2004-cü ildə Kanadanın şimalındakı Ellesmere adasında tapılmışdır. Tiktaalik'in balıqlar kimi primitiv çənəsi, pulları və üzgəcləri var idi, üzgəclərini quruda hərəkət etmək üçün istifadə edirdi. Quruda yaşayan heyvanlar kimi inkişaf etmiş bir sinə qəfəsi, boynu və müasir timsahlardakına oxşayan başı var idi. Yəni həm suda, həm də quruda yaşayan canlılara aid bir çox xüsusiyyətin qarışıq halına sahib idi.

Təkamül əleyhdarları Tiktaalik'in başının Alligator sinensis timsahına aid olduğunu və fosilin digər hissələrinin eyni yer qatında tapılan balıqlara aid olduğunu deyirlər. Tiktaalik'in başı bu timsahınkına oxşasa da, çənə quruluşu olduqca primitivdir. Həmçinin bir neçə institut və universitetlərdə aparılan araşdırmalarda fosilin bütün parçalarının bir-biriylə uyğun olduğu və qətiliklə tək bir növə və eyni canlıya aid olduğu təsdiq edilmişdir. Diqqət ediləcək başqa bir məqam da budur ki, Tiktaalik fosili 375 milyon illikdir, timsahlar isə ilk dəfə müasir dövrümüzdən 84 milyon il əvvəl yaranmışdırlar. Bu səbəbdən Tiktaalik cinsinin heç bir timsah ilə əlaqəsi olmadığını, amma dənizlərdən quruya çıxan ilk canlıların çox dəqiq bir nümayəndəsi olduğunu rahatlıqla deyə bilərik.

Qaynaqlar: 

Edward B. Daeschler, Neil H. Shubin and Farish A. Jenkins, Jr (6 April 2006). "A Devonian tetrapod-like fish and the evolution of the tetrapod body plan". Nature 440 (7085): 757–763. doi:10.1038/nature04639. PMID 16598249

Jennifer A. Clack, Scientific American, Getting a Leg Up on Land

John Noble Wilford, The New York Times, Scientists Call Fish Fossil the Missing Link

Niedzwiedzki, G., Szrek, P., Narkiewicz, K., Narkiewicz, M and Ahlberg, P., Nature 463(7227):43–48, 2010, Tetrapod trackways from the early Middle Devonian period of Poland, 7 January 2010.
daha ətraflı...

August 2, 2013

7,5 santimetrlik Dinozavr Dişi Tapıldı

Argentinanın Rio Negro bölgəsində bir qrup paleontoloq dünyanın ən böyük dinozavr növü olan Sauropodlara aid 7,5 santimetr uzunluğunda bir diş fosili tapdı.

Dişi tapan Milli Rio Negro Universitetindən Rodolfo Garcia, Sauropodların çox uzun boyunlu və quyruqlu bitki yeyən dinozavrlar olduğunu, dişin bu növün ən təkmilləşmişi olan Titanozavr'a aid olduğunu bildirdi. "New Scientist" elm jurnalında yer alan xəbərdə, Titanozavrların bilinən uzunluğunun 30 metrə, ağırlıqlarının isə 80 tonna çata bildiyini bildirən Garcia, Titanozavrların boyunun bu kəşflə yüzdə 32 daha uzun ola biləcəyini də həmçinin dedi. Garcia, bu dişin yalnız çox böyük bir kəllə sümüyünə və nəhəng bir bədən quruluşuna sahib bir Titanozavra aid ola biləcəyinə deyərək, bu dişə sahib olan dinozavrın bu günə qədər yaşamış ən böyük heyvan ola biləcəyini vurğuladı.

Londonun Imperial Universitetindən olan Philip Mannion isə bu günə qədər "ən böyük Titanozavra" aid yaxşı qorunmuş bir fosilin hələ ki tapılmadığını, amma əldə olan diş nümunəsinin belə bir dinozavra aid ola biləcəyini təsdiqlədi. Dişin tapıldığı bölgədə daha çox qazıntı işləri aparılması lazım olduğunu deyən Mannion, belə bir fosilin tapılması halında paleontoloqların bu növə yeni bir ad tapmaları lazım olacağını sözlərinə əlavə etdi.

Qaynaq: NewScientist
daha ətraflı...

May 16, 2013

İnsanın mənşəyini maraqlandıran yeni tapıntı

Binghamton Universitetində işləyən bir antropoloq tərəfindən icra edilən və bu həftə PNAS jurnalında nəşr olunan tədqiqatda, qədim dövrlərdə Cənubi Afrikada yaşamış iki fərqli insan əcdad növünə aid olan qulaq sümüyünün hissələri tapılmışdır. Bu tapıntı, müasir insanların mənşəyindən xəbər verə bilər.

Bu kiçik qalıq sümükləri, insan skeletində, digər sümüklərlə müqayisədə doğuşdan yetkinliyə gələnə qədər eyni qalır. Bu səbəbdən, onların formaları baxımından kiçik olmasına baxmayaraq, bu təkamül məlumatının çox güclü bir genetik xəzinə içində olduğunu göstərir.

Araşdırma, Binghamton Universitetində antropoloq olan Rolf Quam başçılığında ABŞ, İtaliya və İspaniyadaki elmi təşkilatlardan qatılan tədqiqatçıların yaratdığı Beynəlxalq bir tədqiqat qrupu tərəfindən icra edilmişdir. Qrup, erkən dövrlərdə yaşamış hominid növlərindən "Paranthropus robustus""Australopithecus africanus"ların üç fərqli qulaq içi sümüklərini analiz etdilər. Bu əhəmiyyətli məlumatlar, Cənubi Afrikada yerləşən "Swartkrans və Sterkfontein" adlı mağaralarda əldə olundu.

Tədqiqatçılar, işin bir neçə əhəmiyyətli tapıntısını hesabat qatdılar. Malleus adlı qalıq parçası insan kimi, görünüşləri və ölçülərinə görə ən yaxın qohumlarımız olan oranqutan, şimpanze və qorillalardan fərqli olduğundan ayırd edilə bilər. Bu erkən insan əcdadlarımızın kəllə, diş və skelet strukturları bir çox baxımdan homo sapiens'ə (müasir insan) görə primitivdir. Bu hominid növlərinin xüsusilə də Malleus'daki anatomik dəyişiklikləri bizim təkamül tariximizə təsir etmiş ola bilər. Quam'a görə "İnsanın təkamülündə iki ayaq üzərində dik durma, yerimə və it dişlərinin inkişafı əhəmiyyətli bir faktordur".

Araşdırılan Malleus adlı qalıq, bildiklərimizi dəyişdirəcək şəkildə yenilik etməyimizi təmin edə bilər. Quam, "Tapılacaq hər erkən dövrlərə aid yaşamış insanabənzər fosili bu iddialarımızı sübut edə bilər" deyə bildirir. Malleus'un iç qulaq sümük hissələri, müasir oranqutan, şimpanze və qorilla növləriylə müqayisədə daha çox inkişaf etmişdir. Həmçinin Quam, "Bu tapıntılar, insanlarla meymun növlərini bir-birindən ayıra və təkamül müddətindəki dəyişmələri təsdiq edə bilər" deyir.

Bu insan əcdadlarının daxili və xarici qulaq sümüklərindəki anatomik fərqliliklər müasir insanla müqayisə edildikdə, bu ilk insanabənzər əcdadların eşitmə tutumlarının bizimkilərlə eyni olduğunu görmək olar. Bu iş qəti olaraq bunu göstərir ki qrup, yüksək səviyyəli 3 ölçülü virtual rekonstruksiya istifadə edərək bu ilk homonidlərin qulaq içinin funksional quruluşunu çıxarmışdırlar. Qrup Şimali İspaniyadakı Sierra də Atapuerca adlı mağarada tapılan 500 min illik insan qalıqlarına da eyni texnikanı tətbiq etmişdi. Qrup üzvləri bu mağarada yaşamış olan Neandertal insanlarının da Homo sapiens kimi bir qulaq asma duyğusu olduğunu deyirlər. Müasir insanın qulaq asma duyğusunun isə AustralopithecusParanthropus insanlarından təkamülləşərək dövrümüzə qədər gəldiyini asanca deyə bilərik.

Qaynaq: ScienceDaily
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top