October 16, 2013

Süni Seçmə

Növyaranma mexanizmləri mövzusunda bir neçə ay əvvəl ilk olaraq təbiətin ən güclü qanunlarından biri olan Təbii seçməni mümkün olduğu qədər ətraflı izah etməyə çalışdıq. Bunu Süni seçmədən qabağa salmağımız, əvvəlcə bir təbiət qanununu sizlərə tanıdıb, daha sonra isə onun praktik tətbiqi olan Süni seçməni tanıtmaq istəyimizdən qaynaqlanırdı. Əsrlərdir insanların, fərqində olmadan ya da tam olaraq anlamadan istifadə etdikləri Süni seçməni açıqlayaraq təkamülü izah etməyə çalışmaq insanların gözündə müəyyən bir obraz yaratmaq məqsədiylə daha asan olur. Bunu bilən Darvin də, Təbii seçmə nəzəriyyəsini irəli sürmədən əvvəllər bütün detallarıyla Süni seçməni oxucularına ətraflı izah edə bilirdi. Onsuz da Darvinin təbiətdə baş verən bu Təbii seçmə prosesini qavramasının əsas səbəbi, Süni seçməni çox yaxşı bildiyi idi. Biz də, əvvəlcə Təbii seçməni sizlərə təqdim etmək istədik, indi isə bu həqiqətin kəşfinə səbəb hesab edilə biləcək digər bir qanun, Süni seçməyə nəzər salaq.


Süni seçmə necə tətbiq olunur?


Süni seçmə, xüsusilə bəzi canlılar tərəfindən digər canlılar üzərində şüurlu olaraq tətbiq olunan seçməyə deyilir. Təbii seçməni qavrayan birinin Süni seçməni dərk etməsi olduqca asan olacaq. Çünki Süni seçmə bir canlının, bir digər canlının törəməsini və həyatda qalmasını (canlılığın iki təməl zərurilikləri) öz istəkləri daxilində məhdudlaşdıraraq və ya istiqamətləndirərək, müəyyən funksiyaların nəsillər ərzində seleksiyası nəticəsində, seçən növ tərəfindən ən "istənilən" fərdlərin əldə edilməsini hədəfləyir. Bunun ən sadə və ən fundamental nümunəsi insanın öz məqsədləri istiqamətində digər növləri əhilləşdirib dəyişdirərək yeni növlər əldə etməsidir. Amma misalları sonda göstərəcəyik. Süni seçməni daha da ətraflı izah etmək istəyirik.

Təbii seçmə, təbiətdəki müxtəliflik daxilində mühitə adaptasiya olmaq baxımından ən üstün fərdlərin seçilib artaraq özlərindəki bu üstün genləri balalarına köçürməsi deməkdir. Bu, süni yollarla, seçici faktor təbiət şərtləri olmadan, bir növün tam istəkləri və ya məqsədlərinə uyğun olaraq da edilə bilər. Bu üsulla növlərin dəyişilməsinə səbəb olan təbiət qanununa Süni seçmə deyilir.


Süni seçmə əvvəlcə müəyyən bir xüsusiyyətin bir canlı qrupunda istənilməsi ilə başlayır. Təbii ki, arzulanan bu özəlliyin ən azından ilkin bəzi xüsusiyyətlərinin populyasiyanın "genetik hovuzu" içərisində meydana gəlməsi gözlənilir. Bir inəyi uçma funksiyası qazanma üçün seçməyə tabe tutsaz, demək hədəf uçma məqsədli bir Süni seçmədir. Bu, milyonlarla illik Süni (və ya Təbii) seçmə nəticəsində əldə edilə bilər. Bəli, əgər lazımlı seçmə olsa və ya tətbiq olunsa bu əldə edilə bilər. Amma bu çox uzun müddət davam edəcək. Yəqin ki, insanlığın nəslinin kəsildiyi bir dövrə qədər məşğul olmaq lazımdır. Çünki inəklər uça biləcək xüsusiyyətə sahib deyillər, həmçinin uçmaları üçün lazımlı olan əsas şərtlərin də heç birinə sahib deyillər (bunun üçün lazımlı olan ön üzvlərin boş, havada qalması, arxa üzvlər üzərində hərəkət etmə, aerodinamik quruluşdur). Amma, misalçün, vəhşi pələnglərin evlərdə daha sakit, daha kiçik, daha kövrək şəkildə seçilməsi və bu istiqamətdə bir təkamülün təmin edilməsi mümkündür. Çünki bu, həm quruda yaşayan və dörd ayaq üzərində hərəkət edən bir heyvanın uçmağa başlamağı kimi böyük bir hadisə tələb etmir., həm də müasir pələng populyasiyası içərisində hal-hazırda bu seçmələri tətbiq etməyə uyğun genetik və fiziki xüsusiyyətlərə sahib olan fərdlər var. Qısaca, Süni seçmə ilə bir növü təkamülləşdirmədən əvvəl, ömrümüzün buna çatacağından əmin olmalıyıq. Çünki təkamül olduqca yavaş hərəkət edən prosesdir.


Daha sonra, o populyasiya içərisindəki müxtəliflikdə bu xüsusiyyəti daşıyan fərdlər seçilir və öz aralarında cütləşdirilirlər. Sakit və kiçik pələnglərin davamlı bir-birləriylə cütləşdirilməsi kimi. Vəhşi təbiətdə bu mümkün olmaya bilər. Məsələn, vəhşi təbiətdə sakit və kiçik bir pələng, daxili təbiətindəki vəhşilik az olduğundan ovları uğurlu şəkildə edə bilməyəcək və ən erkən ölənlərdən biri olacaq. Üstəlik sakit bir pələngin vəhşi təbiətdə yenə özü kimi sakit bir digər pələnglə çütləşəcəyinə ehtimal həddindən artıq azdır. Amma Süni seçmə birbaşa hədəfə istiqamətlidir. Yalnız şüurlu və seçmə gücünə sahib olan bir növ (məsələn insan) davamlı istiqamətləndirilmiş bir seçmə tətbiq edərək, sakit və kiçik pələnglərin davamlı bir-birləriylə çütləşməsini və balalar arasında da ən sakitlərinin böyüyəndə davamlı olaraq yenə sakit fərdlərlə cütləşməsini təmin edə bilər.

Bunun xaricində qalanların isə çütləşməsinə şərait yaradılmayacaq və ya məhdudlaşdırılacaq. Beləcə, gərəksiz enerji və zaman itkisinin baş verməməsi üçün tədbir görüləcək. Nəsillər ərzində doğulan balalarda əvvəldən arzulanan xüsusiyyəti ən çox daşıyanlar yetişdirilərək özləri kimi bu xüsusiyyəti daha çox daşıyan əks cinsdən olan fərdlərlə çütləşdiriləcəklər. Bu üsulla, nəsillər keçdikcə arzulanan xüsusiyyət daha da sıx görünməyə başlayacaq və bir müddət sonra bu şəkildə süni olaraq təcrid edilən fərdlər əvvəlki əcdadlarıyla çütləşə bilməyəcək hala gəldiklərində növyaranma prosesi və dolayısı ilə təkamül reallaşmış olacaq. Ümumiyyətlə Süni seçmə nəticəsində növyaranma prosesi tam baş vermir və ya tam baş verməsi üçün süni seçməyə tabe tutulan canlının yenidən təbiətə buraxılması lazımdır (lakin öz əcdadları hesab olunan canlılarla eyni mühitlərə yox, çünki yenidən onlarla qarışa bilərlər və çox az müddət sonra seçmə pozula bilər). Çünki seçmənin idarəçilik altında olduğu və kənardan müdaxilə faktoru olduğu səbəbiylə canlıda seçilən genlər sabit hal ala bilmir, davamlı olaraq bir istiqamətə doğru məcburi olaraq, canlının öz istəkləri daxilində olmadan, çox az müddət ərzində və çox tez sürüşdürülür. Bu da, Süni seçmə ilə əldə edilmiş populyasiyaları öz əvvəlki həyatlarına qaytardıqdan sonra yalnız bir neçə nəsil içərisində köhnə xüsusiyyətlərinə yenidən dönmələrinə səbəb ola bilər. Amma daha şüurlu, sabit və dəqiq olaraq edilən seçmə nəticəsində, bir daha heç vaxt geri qayıda bilməyəcək növlər əldə edilə bilər. Bu, seçməni aparan növün bu sahədə mütəxəssis olub-olmadığını göstərəcək.


Süni seçmənin tarixi

Süni seçmə, ilk olaraq romalılar tərəfindən istifadə edilmişdir. Əkinçiliklə məşğul olan romalılar müəyyən xüsusiyyətlərə sahib olan heyvan və bitkiləri öz aralarında cütləşdirərək, istənilən xüsusiyyətdəki balaların doğulma şansını artırmışdırlar. Daha sonralar fars Əbu Reyhan Biruni, 11-ci əsrdə yazdığı "Hindistan" adlı kitabında Süni Seçməyə bir çox nümunələr vermişdir. Son olaraq isə Darvin, mövzu üzərində çox uzun illər işləmiş və bir çox əhilləşdirmə əməliyyatı aparmış mütəxəssis olaraq, "Növlərin Mənşəyi" adlı əsərində və "Əhliləşdirmə Altındaki Bitki və Heyvanlardaki Müxtəliflik" adlı kitablarında bu mövzuya geniş yer ayırmışdır. Təbii seçmə nəzəriyyəsinin də başlanğıcına Süni seçmə məlumatını yerləşdirmişdir. "Süni seçmə" terminini ortaya atan və bu seçmə növünün daha əraflı və tam dəqiq izahını ilk dəfə verən də Darvin olmuşdur. Darvin, Süni seçmənin və dolayısi ilə təkamülün təsirini Növlərin Mənşəyi'ndə belə izah edir:


"Seçmə müddəti uzun vaxt ala bilər, amma insanın süni seçmənin gücünü istifadə etdiyi təqdirdə, ola biləcək dəyişikliklərin hər hansı bir sərhədini görə bilmirəm."


Süni seçmə nümunələri

Süni seçməyə bir çox nümunə vermək olar. Bir neçəsinə toxunaq:

1) Yabanı kələmdən süni seçmə ilə əldə edilən yeni növlər


Yabanı kələm (Brassica oleracea), Süni seçmə nəticəsində meydana gələn təkamülün ən gözəl nümunələrindən biridir. Brassica cinsi Cənubi Avropa sahillərində və Qərbi Avropada yaşayır. İnsanlar, bu kələm cinsinin fərqli xüsusiyyətlərini öz istəkləri daxilində Süni seçmə istifadə edərək seçmiş və özlərinin təyin etdiyi istiqamətlərdə təkamül keçirməsini təmin etmişdir. Bunun nəticəsində, hal-hazırda hamımızın tanıdığı və tez-tez istifadə etdiyimiz və bu seçmədən əvvəl təbiətdə heç vaxt mövcud olmamış bu tərəvəzlər əldə edilmişdir: kələm, brokkoli, gül kələmi, Brüssel kələmi, quru kələm, buruq kələm, yer kələmi və Çin kələmi. Bütün bu tərəvəzlər bir tək yabanı kələmin davamlı seçilmələrə tabe tutulmasıyla yaradılmışdır.

2) Qarğıdalı

Qarğıdalı da, təbiətdə yetişən teosinte adlı bir bitkinin davamlı olaraq Süni Seçməyə uğradılması nəticəsində əldə edilmişdir. Teosinte çox az dənəyə sahib olan bitkidir (şəkildə solda gördüyünüz növ). Davamlı olaraq bol dənəli olan teosinte'lər öz aralarında hibridizasiyaya uğradılaraq müasir bol dənələri olan qarğıdalıların təkamülləşməsinə səbəb olmuşdur.




3) Baş heyvanlarda süni seçmə tətbiqi

Bu gün alıb bişirdiyimiz ətlər, ümumiyyətlə hər dövrdə ən çox və ən keyfiyyətli ətə sahib olan
inək, qoyun, donuz və s. heyvanların davamlı olaraq digər ən keyfiyyətli ətə sahib olan fərdlərlə çütləşdirilməsi nəticəsində əldə edilir. Beləcə, heyvanları yetişdirməklə məşğul olan şəxslərin tək bir heyvandan əldə etdikləri xeyir daha yüksək olur. Əhilləşdirilmiş baş heyvanların hamısı 10.200 il əvvəl vəhşi təbiətdəki 80 zubrun (Avropa bizonu) süni seçməsi nəticəsində təkamülləşməyə başlamışdır və bu hadisə genetik olaraq təsdiq olunmuşdur. Hal-hazırda həmin əcdad zubrların nəsli kəsilmiş olsa da, bu əcdadın çox sayda tam qorunmuş fosili tapılmışdır.

Üsul olduqca funksionaldır və növlərin çox sürətli təkmilləşməsini təmin edir. Bir neçə nəsil ərzində əcdad xüsusiyyətlərini itirməsi və ya bu xüsusiyyətlərin tamamilə dəyişməsi ilə nəticələnir. Məsələn, ev inəklərinin əcdadları olan Bos primigenius növü inəklər balaladıqdan sonra orta hesabla gündə 4-5 litr süd verə bilirdilər və bu miqdar balaları üçün yetərli idi. Amma hal-hazırda Süni seçməni istifadə edilərək bu inəklərdən yaradılan Bos taurus növündən olan ev inəkləri balaladıqdan sonra gündə orta hesabla 50 litr süd verirlər. Aradakı fərq həqiqətən inanılmazdır. Bunu mümkün edən tək şey, davamlı olaraq daha çox süd verə bilən fərdlərin törəməsinə şəraitin yaradılması, digərlərinin isə maraq dairəsində qalmayıb nəsli kəsilərək uduzmasıdır.

Üsul çox sadədir: hər inək birdən çox sayda bala doğur və bu balaların genetik strukturları
bir-birlərindən fərqlidir. Bu fərqlilik, yetkin olub artdıqları zaman verə biləcəkləri süd miqdarına da təsir edir. Məsələn, gündəlik 10 litr süd verə bilən bir ananın balalarının hamısı gündə 10 litr süd verəcək xüsusiyyətlərdə ola bilməyəcək. Bəziləri gündə 8-9 litr, əksəriyyəti anaları kimi 10 litr, digərləri isə analarından daha çox, 11-12 litr süd verəcəkdir. Bu "digər" balaların törəməsinə icazə verilməsi nəticəsində, davamlı olaraq artan (bəzi hallarda müvəffəqiyyətsiz olan və azalan) süd istehsal imkanlarına çatmaq mümkündür. Bunu edən süni seçmədir. Bu yeni nəsillər əcdadlarından o qədər fərqlidir ki, bir yerə gətiriləcək olsalar artıq bir-birləriylə cinsi birləşmə etməyəcək qədər ayrılmış ola bilərlər, etsələr belə bala meydana gəlməz, çünki əcdad növlərin cinsi strukturlarıyla müasir nümayəndələrin cinsi strukturları uzun müddət qarışmadığından bir-birini tanımayacaq. Bu hadisə növyaranma prosesinin başlanğıcı hesab olunur.

4) Ev itləri

Bütün müasir ev itləri iki alt növə aiddir: Canis lupus familiaris və Canis lupus Dingo. Bunların
hər birisi, vəhşi qurd (canavar) adıyla tanıdığımız Canis lupus'un alt növləridir. Minillər əvvəl insanlar, yaşadıqları ərazilərə ən çox yaxınlaşan, ən az yırtıcı olan, ən güclü olan və s. xüsusiyyətlərə görə seçdikləri vəhşi qurdları əhilləşdirmiş və bu xüsusiyyətlərinə görə seçmə tətbiq etmişdir. Müasir bu çox fərqli it müxtəlifliyi minillərdir tətbiq olunan bu seçmələrdən, insan amilindən qaynaqlanır. Bu it növlərinin hər birisi öz aralarında cütləşə bilir (bunun səbəblərindən biri insanın seçməyə daha az peşəkarcasına yanaşmasından irəli gələn davamlı qarışmalarıdır) və hal-hazırda pitbul kimi itlər əldə etmək üçün istənilən xüsusiyyətlərə sahib olan itlər öz aralarında cütləşdirilir. Məsələn, bir Golden Retriever ilə bir Rottweiler bir-birlərindən nə qədər fərqli görünsələr də, eyni alt növə aiddirlər (Canis lupus familiaris), bir-birləriylə rahat cütləşə bilirlər. Əlbəttə ki, daha uzun müddət davam edən sərt izolyasiyalar meydana gəlsə növyaranma prosesi qaçılmaz olacaq.

5) Atlar

Dünyanın ən sevilən atları olan İngilis atları, Ərəb atlarının davamlı olaraq ən sürətli və güclülərinin seçilməsi nəticəsində əldə edilmişdir. Hal-hazırda bu seçmə hələ də süni olaraq davam etdirilir.

6) Göyərçinlər

Darvinin Süni seçməni kəşf etməsinə səbəb olan canlılar inəklər və ya digər nümunələr deyil,
dövrün aristokratlarının xobbi olaraq saxladıqları göyərçinlər idi. Darvin, yaşayan çox sayda və bir-birinə heç də oxşamayan göyərçin növlərinin hər birisinin Columba Livia adlı qaya göyərçinindən, xobbiçilərin istəkləri istiqamətində nəsillər içərisində təkamülləşdiyini fərq etmişdi. Bolin göyərçinindən (Columba Bolin) Kamerun göyərçininə (Columba sjostedti), Nilqiri göyərçinindən (Columba elphinstonii) limon göyərçininə (Columba larvata) qədər onlarla müxtəlif növ göyərçin, qaya göyərçininin müəyyən xüsusiyyətlərinin seçilməsi nəticəsində təkamülləşmiş olmalı idi. Bir neçə ay bundan əvvəl aparılan tədqiqatda Darvinin, hər hansı bir dəlilsiz və sübutsuz, amma dahiyanə olaraq fikirləşdiyi və ortaya atdığı bu iddiası təsdiqləndi.

Darvin bu mövzuya illər ərzində diqqət yetirdi, bir çox əhliləşdirmə və hibridizasiya mütəxəssisləri ilə göyərçinlər haqqında yazışdı və söhbət etdi. Etdiyi təcrübələrin nəticəsində, növlərin insan istəyiylə təkamülləşə biləcəyini və əcdadlarından tamamilə fərqli xüsusiyyətlər qazana biləcəyini, hətta müəyyən bir mərhələdən sonra artıq əcdadlarıyla cütləşməyəcək qədər dəyişilə biləcəyini kəşf etdi. Bunu mümkün edən qanuna Süni seçmə adını verdi, çünki süni yollarla, təbiətin etməyəcəyi edilirdi.

Süni seçmənin bir çox üsulları var. Hal-hazırda bakteriyalar arasında Süni seçmə tətbiq olunaraq bəzi dərmanlar hazırlanır.

Süni seçmənin bir mənfi təsiri var: növdaxili müxtəlifliyi azaltdığından (davamlı istənilən xüsusiyyətlərə sahib olan fərdlər seçilir və digərlərinə əhəmiyyət verilmir) xəstəliklərə, epidemiyalara və bəzi zəifliklərə səbəb olur. Məsələn, davamlı süd verməsi istiqamətində seçmə edilən bir canlı təbiətdə sərbəst buraxıldıqda yaşama ehtimalı azalır. Bu da həmçinin süni seçmə ilə növyaranma prosesinin baş verməsi ehtimalını azaldır. Bu səbəblə Süni seçmənin tətbiq edildiyi yerlərdə çox ciddi nəzarətə ehtiyac olur.

Yerdə yaşayan canlılar arasında Süni seçmə tətbiq edə bilən yeganə növ insan deyil. Məsələn,
Atta columbica növündən olan qarışqalar yuvalarında artan saysız fərqli göbələk qrupundan ən sıx olaraq bazidiomiset qrupundan olan göbələklərin həyatda qalmasına səbəb olurlar və digərlərini məhv edirlər. Bunun səbəbi, bazidiomisetin ifraz etdiyi kimyəvi maddələrin qarışqaların düşmənlərini yuvadan uzaq tutması ilə əlaqəlidir. Eynilə bizim süd məhsuldarlığı baxımından inəkləri seçməyimiz kimi, qarışqalar da, ifraz edilən kimyəvi maddə baxımından göbələkləri seçirlər və süni olaraq, istəkləri istiqamətində təkamülləşdirirlər. Bu nümunə, vəhşi təbiətdə də ehtiyaclardan doğan seçmə təzyiqinin mövcud ola bildiyini dəqiq olaraq göstərir.


Qaynaq: 

daha ətraflı...

October 14, 2013

Həyat üçün əlverişli daha 2 planet tapıldı

NASA, Yerdən təxminən 1200 işıq ili uzaqlıqdakı Kepler-62 ulduz sistemində yerləşən 'Kepler-62-E' və 'Kepler-62-E' planetlərinin bizim planetə oxşadığını təsdiq etdi. Yerdən təxminən 1,5-2 dəfə böyük olan planetlərin həyat üçün əlverişli olduğu hesab edilir.

NASA üzvlərindən biri bunları dedi:



"Yeni tapılmış həyat üçün uyğun planetlərin axtarış işləri davam edir. Maraqlı olan şey budur ki, bu mövzu öz artıq akademik və nəzəri hissəsini keçmişdə qoyub. Çünki bu modellərə uyğun gələn bir çox planetlər tapmışıq. Düşünürəm ki, bu çox vacib irəliləyişdir." 

Araşdırmanı aparan elm adamları, Kepler-62-E'nin isti, Kepler-62-F'in isə soyuq olduğunu deyirlər. Həmçinin bu yeni planetlərin öz ulduzları ilə arasında olan məsafə bizim Günəş və Yer arasındaki məsafədən bir azca fərqlənir. Buna baxmayaraq həyat üçün əlverişli hesab olunurlar.


Qaynaq: Yaşamın Kökeni
daha ətraflı...

October 13, 2013

Astrobiologiya: Yerdənkənar təkamül



Astrobiologiya (başqa adıyla ekzobiologiya) - kainatda həyatın hansı istiqamətlərdə inkişaf edib təkamül keçirə biləcəyini izah edən elmi sahədir. Astrobiologiya, əsaslandığı kimya, fizika, astronomiya, biologiya, geologiya, planetologiya, coğrafiya və ekologiya kimi sahələr sayəsində digər həyat üçün əlverişli planetlərdə canlıların inkişaf mərhələlərini izah etmək məqsədi güdür. İnsanın kosmik məkana daxil olmasıyla yaranan kosmik biologiya və kosmik tibb elmi sahələri ilə yaxın əlaqədədir.

Astrobiologiya bizim Günəş sistemimizdə və digər ulduz sistemlərində həyat üçün əlverişli planetlər axtarışında olsa da, Yerin ilkin inkişaf mərhələlərini də araşdırır.

"Yerdənkənar həyat mövcuddurmu?" hər zaman insanları maraqlandıran sual olmaqla birlikdə, hər an elm sayəsində təsdiqlənə biləcək bir hipotezdir və həmçinin bu hipotezin təsdiqlənməsi elmi tədqiqatların istiqamət və üsullarını dəyişdirə bilər. Astrobiologiya bir vaxtlar elm ilə yan-yana qoyulmasa da, hal-hazırda ciddi elm sahəsi kimi alimlər tərəfindən inkişaf etdirilir.



Karl Saqan və Vikinq kosmik aparatı
Hər şey belə başladı: 1959-cu ildə NASA ekzobiologiya üzrə ilk layihəsini qurdu, 1960-cı ildə isə ekzobiologiyanın öyrənilməsi üçün proqram hazırladı. 1971-ci ildə Yerdənkənar həyat axtaracaq SETI layihəsinin təməli qoyuldu. Bu layihə Yerdən kənar radiosiqnalların dinlənilməsi və yaddaşda saxlanılması ilə məşğul idi. 1976-cı ildə qurulan Vikinq layihəsi Marsda yadplanetli həyat əlamətlərini axtaran 3 bioloji tədqiqatdan ibarət idi. 1997-ci ildə Marsa eniş edən Mars Pathfinder aparatı isə Mars səthindəki qayalıqlarda bakteriya qalıqlarını tapmalı idi.

Gənc və təsdiqlənməmiş sahə olmasına baxmayaraq, 21-ci əsrin başlanğıcından bəri NASA və Avropa Kosmik Agentliyi kimi digər elmi akademiyalar astrobiologiyanın öyrənilməsi və araşdırmaları üçün daha çox maraq göstərir. Bir çox universitetlər astrobiologiyanı təhsil proqramına əlavə edirlər. ABŞ-ın Arizona, Pensilvaniya, Montana və Vaşinqton universitetləri, Böyük Britanıyanın Kardiff və Avstraliyanın Yeni Cənubi Uelz universitetləri artıq bu yeni sahəni təhsil proqramına daxil etməklə birlikdə, həm də universitet daxilində Astrobiologiya Mərkəzləri yaradırlar.

Hal-hazırda bu sahə üzrə ən çox araşdırılan planet, Yerə yaxın və Yerin səthinə oxşar səthə sahib olan, həmçinin Yerlə oxşar geoloji tarixə malik olan Marsdır. Alimlər hər gün daha da böyük əminliklə Marsda bir vaxtlar bol miqdarda su olduğunu açıqlayırlar, hansı ki Yerdəki kimi, Yerdən kənarda da həyat üçün ən əhəmiyyətli maddələrdən biri hesab olunur.


ExoMars aparatının ilkin rekonstruksiyası
2011-ci ilin noyabr ayında NASA, Marsda həyat aşkar etmə tədqiqatlarının davam etməsi üçün marsoxod Curiosity aparatını qırmızı planetə yolladı. Avropa Kosmik Agentliyinin açıqlamasına görə, hal-hazırda hazırlanan və 2018-ci ildə Marsa göndəriləcək marsoxod ExoMars aparatı da həmçinin bu tədqiqatların davamı olacaq. Bir sözlə, alimlər Marsa digər planetlərdən daha çox inanırlar.

Astrobiologiya sahəsində ilk və görkəmli mütəxəssislərdən biri, eyni zamanda astrofizik və astronom olan Karl Saqandır. Onun, Yerdəkənar həyat əlamətləri axtaran SETI layihəsinin inkişaf etdirilməsində böyük əməyi olmuşdur. Elm təbliğatçısı olan Karl Saqan yazdığı "Kosmos" kitabı və eyniadlı serialları ilə astrobiologiya sahəsinin tanıdılması üçün səy göstərmişdir. Həmçinin, müəllifi olduğu elmi-fantastik "Kontakt" romanı oxucularda astrobiologiyaya daha da böyük maraq oyatmışdır. Karl Saqanın ölümündən bir il sonra, 1997-ci ildə isə onun "Kontakt" romanı əsasında eyniadlı film çəkilərək görkəmli alimin xatirəsinə həsr edilmişdir.

Qaynaq: wikipedia.org
daha ətraflı...

Əl və ayaq dırnaqlarımız

Bir insanın yaşına, cinsiyyətinə, qidalanmağına, fəaliyyət miqdarına, genetik xüsusiyyətlərinə və fəsillərə görə dəyişən nisbət olsa da, həqiqətən əl dırnaqlarımız ayaq dırnaqlarımızdan 3-4 dəfə daha sürətli uzanır. Bir əl dırnağının kökdən uca qədər özünü yeniləməsi 6 ay qədər davam edir, ayaq dırnaqları üçün isə bu proses 12-24 aya bərabərdir. Əl dırnaqlarının uzanma sürəti ayda orta hesabla 3-4 millimetrdir, ayaq dırnaqları üçün isə bu 1 millimetrdir.

Bəs bunun səbəbi nədir?

Bununla əlaqəli hal-hazırda 2 nəzəriyyə mövcuddur. Birincisi, əllərin ayaqlara görə ürəyə daha yaxın olmağından qaynaqlanır. Bu səbəblə əl dırnaqları ayaqlara görə daha yaxşı və daha çox qida və oksigen qəbul edə bilir və buna görə də daha sürətli uzanır. Qidalar kapilyar damarlar vasitəsilə dırnaqlarımızın altındakı sədəfə ötürülür və buradan hüceyrələr doyuzdurulur.
daha ətraflı...

October 8, 2013

"Hiqqs bozonu" Nobel qazandırdı

Maddəyə kütlə qazandırdığı hesab edilən və "Hiqqs bozonu" adı verilən subatom hissəcik ilə əlaqəli ilk izahlar verən belçikalı fizik François Englert və ingilis alim Peter W. Higgs, bu ilki fizika üzrə Nobel mükafatına layiq görüldülər.

Nobel Təşkilatı, bir saatlıq gecikdiyi açıqlamasında, 1964-cü ildən bəri hissəciklərin necə kütlə qazana biləcəyini fərdi olaraq araşdıran Englert və Higgs'ə 2013 Fizika mükafatını paylaşacaqlarını dedi.

Englert və Higgs'in 49 il əvvəl irəli sürdüyü nəzəriyyə, 2012-ci ildə İsveçrənin Cenevrə şəhərindəki Avropa Nüvə Araşdırma Mərkəzi (CERN) alimləri tərəfindən təsdiq edilmişdi.

Fizika üzrə Nobel mükafatı qazandıran kəşf, kainatın necə yarandığını müəyyən edən Elementar Hissəciklər Fizikasının standard modelinin əsas hissəsini meydana gətirir. Standart modelə görə çiçəklərdən insana, ulduzlardan planetlərə qədər hər şey maddə hissəciklərindən meydana gəlir. Bu hissəciklər isə kainatdaki proseslərin lazım olduğu kimi işləməsini təmin edən güc hissəcikləri ilə idarə olunur.

Standart Model, eyni zamanda "Hiqqs bozonu" və ya "Tanrı zərrəciyi" adıyla tanınan xüsusi bir hissəciyin mövcudluğuna söykənir. Bu hissəcik, bütün kosmosu örtən görünməz sahədən yaranır. Modelə görə Hiqqs hissəciyi olmasa heç bir şey yarana bilmir. Çünki Hiqqs hissəciyinin görünməz sahə ilə təması hissəciklərin kütlə qazanmasına gətirib çıxarır. Englert və Higgs'in yaratdığı nəzəriyyə isə həmin prosesi izah edir.

CERN laboratoriyasında aparılan təcrübələr nəticəsində "Hiqqs bozonu"nun varlığı 4 iyul 2012-ci ildə təsdiq edilmişdi. 14 milyard il əvvəl kainatımızın yaranmasına səbəb hesab edilən Böyük Partlayış (The Big Bang) mühitini yaratmağı məqsəd qoyan 10 milyard dollarlıq məbləği olan təcrübə əsnasında proton şüaları 27 kilometrlik tuneli işıq sürətiylə keçərək bir-biriylə toqquşdurulmuşdu. Hiqqs hissəciyinin tapılması üçün hazırlanan CERN-dəki Böyük Adron Kollayder insan tərəfindən inşa edilən ən böyük və ən mürəkkəb maşındır.

Hiqqs hissəciyinin tapılmasına baxmayaraq, standard model kosmik misalı həll etməyə kifayət etmir. Çünki model, kainatdakı bütün maddələrin sadəcə beşdə birini açıqlaya bilir. Kainatın bütöv sirrinin tapılması üçün isə məkanın beşdə dördünü təşkil edən Qara Maddənin (Dark Matter) kəşf edilməsi lazımdır.


Qaynaq: ScienceDaily
daha ətraflı...

October 2, 2013

"Din ilə Təkamül arasında uzlaşmaz ziddiyyət yoxdur"

Francisco Ayala, rahib olmaq üçün 5 il ilahiyyat oxumuşdu, amma Xristianlığı yaymağa çalışan bir rahib yerinə genetik və təkamül biologiyası professoru oldu. İndi 75 yaşında dünyanı gəzib təkamül nəzəriyyəsini izah edir.

İspan prof. Ayalanın ən maraqlı xüsusiyyəti, din ilə təkamül nəzəriyyəsi arasında hesab edildiyi kimi uzlaşmaz, bir-birini inkar edən bir qarşıdurma olmadığını iddia etməsidir. Bu, onu ortaq yol axtaran mülayim bir elm adamından çox məntiqli bir insan edir. Çünki ona görə din başqa, təkamül nəzəriyyəsi isə başqadır. Faradey İnstitutunun təşkil etdiyi "Darvini Xatırlama Simpoziumu" üçün İstanbula gələn Ayalayla danışdıq.
daha ətraflı...

October 1, 2013

Yarasalarda Uçuşun Təkamülü

Yarasalar (Chiroptera), məməlilər arasında ən məşhur olan ikinci qrupdur və eyni zamanda təkamül müddəti ərzində məməlilər arasında uçuş xüsusiyyətini qazanmış yeganə qrupdur. Yarasaların ilk olaraq uçmağı necə təkamülləşdirdiyi tam olaraq bilinməsə belə, bir yunqanadlı olan və havada süzmək bacarığı olan Cynocephalus (dilimizdə "uçan lemur" deməkdir, buna baxmayaraq nə uçur, nə də lemurdur) ilə olan qohumluqlar, yarasalardaki uçuşun təkamülüylə əlaqədar çox əhəmiyyətli məlumatlar verir.

Bildiyimiz ən qədim yarasalar Eosen dövründə, yəni 54.8-34.7 milyon il əvvəl qarşımıza çıxır və bu növlərdə, müasir olanlarının əksinə uzun quyruqlar və bəzi fərqli
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top