November 23, 2013

Hawking sayəsində öyrəndiklərimiz

1. Keçmiş - ehtimaldır

Məşhur astrofizik Stephen Hawking'in dediyinə görə, kvant mexanikası nəzəriyyəsinin nəticələrindən biri də budur ki, keçmişdə baş verən hadisələr heç də hər hansı xüsusi səbəbdən baş vermir. Əksinə bütün mümkün yollarla baş verir. Bu, kvant mexanikasına görə, maddə və enerjinin ehtimal xarakterindən asılıdır: kənar müşahidəçi peyda olmayana qədər hər şey qeyri-müəyyənlik içərisindədir. Hawking: "İndiki zamanda keçmişlə əlaqəli hansı xatirəni qorumağınızdan asılı olmayaraq, keçmiş, eynən gələcək kimi ehtimallar spektrində qeyri-müəyyən şəkildə mövcuddur." 

2. Naviqasiya sistemləri səhvlərinin ümumi nisbilik nəzəriyyəsi ilə əlaqəsi

Ümumi nisbilik nəzəriyyəsi Einstein tərəfindən 1915-ci ildə tərtib edilmişdi. Bu nəzəriyyəyə görə, "məkanda və zamanda mövcud olan qravitasiya təsirləri obyekt və sahənin qarşılıqlı əlaqəsindən deyil, xüsusilə kütlə və enerjinin mövcud olduğu məkan-zaman deformasiyasından qaynaqlanır." Hawking bu nəzəriyyənin populyarlaşdırılması üçün səy göstərir. O bildirir ki, əgər GPS naviqasion peyk sistemlərində ümumi nisbilik nəzəriyyəsi nəzərə alınmasa, qlobal mövqelərin müəyyən edilməsində hər gün 10 km-lik sürətlə səhvlər yığılacaq. Anlamaq lazımdır ki, obyekt Yerə nə qədər yaxındırsa, zaman bir o qədər yavaş irəliləyir. Belə halda, peyklərin, Yerə hansı məsafədə yerləşdiyi ilə əlaqədar olaraq, onların saatları fərqli sürətlərlə işləyəcək. Əgər təsiri nəzə alınsaydı, biz bu fərqliliyi avtomatik olaraq aradan qaldıra bilərdik.

3. Akvarium balıqları məhkumdurlar

"Fərz edin ki, qabarıq divarları olan akvariumun içərisində yaşayan bir balıqsınız. Əgər oradan çıxmaq imkanınız olmamışdırsa və bizim dünyaya ancaq şüşə arxasından baxırsınızsa, bizim dünya haqda sizə nələr məlum olardı? Reallığın həqiqi təbiətini anlamaq mümkün deyil: biz hesab edirik ki, dünyamızı dəqiq təsəvvür edə bilirik, amma metafora olaraq, biz bir akvarium içərisində məhkumuq, çünki bədən şərtlərimiz buradan kənara çıxmağa icazə vermir." - Stephen Hawking belə deyir. Bu metaforaya heyran qalaraq Monza şəhəri (İtaliya) höküməti bir neçə il əvvəl, işığın bükülməməsi və dolayısı ilə balıqların dünyanı yalnış dərk etməməsi üçün, onların yumru akvariumlar içərisində saxlanılmasını qadağan etmişdi.

4. Kvarklar tənha deyillər

Kvarklar, neytron və protonların "istehsal bloklarıdır", heç vaxt tək-tək olmayaraq, yalnız qruplar halında mövcud olurlar. Kvarkları bir-birinə bağlayan qüvvə, onlar arasında olan məsafənin artmasıyla artır. Yəni, kvarkları bir-birindən ayırmağa cəhd etsəniz, nə qədər bərk çəksəniz də, kvark bir o qədər bərk şəkildə əvvəlki mövqeyinə qayıdacaq. Tənha kvarklara təbiətdə rast gəlinmir.

5. Kainat özündən doğuldu

Stephen Hawking özünəəmin ateistdir. O, kainatın yaradılmadığına dair dəlillər əldə etmək üçün az vaxt sərf etməmişdir. Alimin məşhur deyimlərindən biri belədir: "Üzərində çalışdığım məsələ, kainatın başlanğıcının elmi qaydalarla açıqlana biləcəyinin mümkün olduğunu göstərmək idi. Bu sayədə, kainatın başlanğıc qərarının bir Tanrıya müraciət edilərək açıqlamasının lazımsızlığı məlum olur. Bu, bir Tanrının mövcud olmadığını sübut etmək üçün kifayət etmir, amma kainatın başlanğıcında hər hansı bir Tanrıya ehtiyac olmadığını göstərir." 
daha ətraflı...

Musiqi ritmi beyni inkişaf etdirir

Gəzərkən, dərs oxuyarkən, idman edərkən çox adi işlərimizdə də çoxumuz musiqi dinləyirik. Tədqiqatçılar, hərəkət edərək  musiqi dinləməyin beyin funksiyaları üçün faydalı olduğunu hesab edirlər.

Sinir elm mütəxəssisləri son tədqiqatlarında musiqinin ritminə görə hərəkət etməyin beynin hərəkət funksiyalarına müsbət təsir etdiyini ortaya çıxardılar. Avropa Birliyi tərəfindən dəstəklənən '"Beat Health" adlı layihə musiqinin ritmik xəbərdarlığının hərəkət və yerimədəki faydalarını aşkar etməyi hədəfləyir.

Beynin hərəkət funksiyalarına cavabdeh olan motor neyronların koordinasiyası bədəndəki bütün hərəkət funksiyalarını idarə edən mexanizmdir. Motor neyronlarda baş verən mənfi proseslər distoniya kimi gündəlik həyatı çox çətinləşdirən narahatlıqlara səbəb ola bilir. Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklərdə də beynin motor neyronları zərər görə bilir və titrəmə, əzələ sərtliyi, yeriməkdə çətinlik çəkmə kimi müxtəlif narahatlıqlar meydana gələ bilir.

Layihənin ən son mərhələsində fərdlərə musiqi ritmləri təmin edə biləcək ağıllı telefon tətbiqi inkişaf etdirmək düşünülür. Bu tətbiqin yaratdığı ritm beynin motor neyronlarının funksionallığını artıra biləcək. Beləliklə sadə bir ağıllı telefon sayəsində gəzintilərimizdən məşqlərə qədər çox sayda əzələ fəaliyyətində, bizlərə daha çox fayda təmin ediləcək.

Həmçinin, gələcəkdə internet əsaslı bir məlumat paylaşma şəbəkəsinin qüvvəyə qoyulması da planlaşdırılır. Bu sayədə fərdlərin hərəkət funksionallığı tədqiqat mərkəzinə göndərilərək tətbiqin daha da inkişaf etdirilməsi mümkün olacaq. Əslində fərdlər bu tətbiqi istifadə edərkən layihənin bütün məlumatlarını ala bilər və öz vəziyyətlərini istədikləri vaxt yoxlaya bilərlər.

Layihənin başlanğıc mərhələsində tədqiqatçılar əvvəlcə hərəkət üzərində ritmik xəbərdarlığın təsirini yaxşıca anlamaları lazım olduğunu gördülər. Ancaq bu sayədə inkişaf etdiriləcək tətbiqdən ən yüksək səviyyədə səmərə alına bilər. Layihənin bir sonrakı mərhələsində bütün məlumatların toplandığı və internet üzərindən məlumatların bütün istifadəçilərlə paylaşıla biləcəyi bir informasiya portalı yaratmaq durur.

Layihənin arxasında dayanan tədqiqat qrupu, hərəkət elmləri, musiqi sinir elmi və kommunikasiya texnologiyaları sahələrində mütəxəssis olan kəslərdən meydana gəlir. 3 il davam etməsi planlaşdırılan layihədə 5 laboratoriyadan istifadə ediləcək. Bunlar, Fransanın Montpellier Universiteti və Akademik Xəstəxanası, Belçikanın Ghent Universiteti, Milli İrlandiya Universiteti və İspaniyanın Tecnalia Təşkilatıdır. İnkişaf etdiriləcək bu tətbiq qənaətbəxş nəticələr verdiyi təqdirdə, başda hərəkət narahatlıqları çəkən insanlar olmaqla, bütün insanlara gələcəkdə fayda təmin ediləcək.

Qaynaq: Yaşamın KökeniMedicalXpress
daha ətraflı...

November 22, 2013

Qalaktikamızdan kənar neytrinlər Yerdə tapıldı

Antarktikada yerləşən IceCube Teleskop Laboratoriyasından olan tədqiqatçılar, bir kilometr kub buzun içində tapdıqları 28 subatom hissəciyinin Günəş sisteminin, hətta Samanyolu qalaktikasının xaricindən gəldiyini dedilər.

Astrofizika elmində yeni bir dövrün başlanğıcı olaraq xarakterizə edilən bu kəşf, Science jurnalında onlayn yayımlandı. ABŞ-dakı Wisconsin Universitetindən olan bir qrup tədqiqatçı, "İşıq sürətinə yaxın sürətə sahib olan, elektrik yükü sıfır olan və maddələrin içindən demək olar ki təzyiq almadan keçə bilən təməl hissəciklər" olaraq təyin olunan neytrinlərin qara dəliklər, işıqları titrəyən ulduzlar və subatom hissəciklər yayan səma cismlərinin sirrlərinin tapılmasına yardım edəcəyini qeyd etdi.



IceCube tədqiqatçılarından olan Francis Halzen subatom hissəcikləri Günəş sistemimizin xaricindən gələn ilk yüksək enerjili neytrinlər hesab edir. Ulduzlar arası neytrinlərə Yerdə daha əvvəllər yalnız bir dəfə rast gəlinmişdi. Elm adamları 1987-ci ildə bir Supernovadan Yerə çatan hissəcikləri müşahidə etmişdilər. O gündən bu yana Günəş ya da Yerin öz atmosferindən qaynaqlanmayan subatom hissəciklərin tapılması üçün işlər davam etdirilirdi.

Halzen, Antarktikada tapılan hissəciklərin 1987-ci ildə Böyük Maqellan Buludu'ndaki Supernovadan yayılan neytrinlərdən 1 milyon dəfə daha çox enerjiyə sahib olduğunu bildirdi. IceCube tədqiqatçılarından olan Naoko Kurahashi-Neilson bunları əlavə etdi:


"Apardığımz iş, hal-hazırda dünyadakı ən əhəmiyyətli hissəcik fizikası layihəsidir. Növbəti 10 il ərzində əldə edəcəyimiz məlumatlar, enerjinin mənbəyini tapmağımızı təmin edəcək."


Antarktikada yerləşən Amundsen-Scott Cənub Qütbü Stansiyasında inşa edilən IceCube Neytrin Detektoru, Günəş sistemi xaricindən gələn neytrinlərlə Günəş və Yer kürəsinin atmosferlərindən yayılan neytrinləri bir-birindən ayırd edə bilir. Alimlər, subatom hissəciklərin Yerdən milyardlarla işıq ili uzaqlıqdakı astrofiziki fenomenlər haqqında məlumatlar verə biləcəyini hesab edirlər.

Qaynaq: Sciencemag
daha ətraflı...

Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik

Bu qədər yaxındırlar, amma yenə də uzaqdır. Artıq əminik ki qalaktikamızda milyardlarla Yerə oxşar planet mövcuddur. Bundan başqa həmin hesablanan planetlər eynən Yer kimi həyat şərtləri üçün uyğundur, Günəşə oxşar ulduzlar ətrafında dövr edirlər və ulduzlarıyla aralarında olan məsafə bizim planetlə Günəşin arasındaki məsafəyə yaxındır.

Həyat ola biləcək ən yaxın planet evimizdən 12 işıq ili uzaqlıqdadır. Bu, əlbəttə, səyahət üçün olduqca uzaq məsafədir, amma müşahidə etmək üçün kifayət qədər yaxındır.

Təəssüf, bizim hələ ki bu planetləri ətraflı araşdırmaq üçün əlimizdə imkan yoxdur. Kəşf, kosmik teleskop Keplerin göndərdiyi məlumatlar əsasında edilmişdi, amma teleskopun sistemi may ayında anidən dayandı və bəlkə də evimizdə gözlədiyimiz sirrlərə cavabları özü ilə əbədi basdırdı.

Buna baxmayaraq, son nəticələr bizə, möhtəşəm kəşflər astanasında olduğumuzu göstərir. Keplerin varisi olan Transiting Exoplanet Survey Satellite 2017-ci ildə kosmosa buraxılacaq. Bu aparat qalaktikamızdaki orta həcmli ulduzların ətrafında dövr edən həyat üçün əlverişli planetlərin kəşfi əməliyyatını davam etdirəcək. Ən az yüzlərlə planet kəşf edəcəyi gözlənilir. Lakin daha maraqlısı, gələcəyin planları olan James Webb Space Telescop StarShade Mission layihələridir. Bu layihələr əsnasında kosmik teleskoplar kəşf edilmiş, həyat üçün əlverişli hesab olunan planetlərin atmosferini araşdıracaq, bu da orada canlıların mövcud olub-olmadığına dair məlumatlar verəcək.

Digər yaşayış olan planetin bizdən bir neçə işıq ili uzaqlıqda yerləşdiyi və hər hansı bir müşahidə edilə bilən ulduz ətrafında dövr etdiyi ideyası - çox xoş perspektivdir. Fərqli planetdə həyat izləri qənaətbəxş olsun və ya olmasın, bunun çox da böyük əhəmiyyəti yoxdur. Lakin, əgər haradasa kainatda həyat varsa, əminliklə vurğulamaq olar ki, növbəti onillikdə onun əlamətlərinə rast gəlinmiş olacaq.

Qaynaq: NewScientist
daha ətraflı...

Tunes balığı və Dəniz atı qohum çıxdı

"100 milyon ildir anal üzgəc və tikanlı kürəyə sahib olan balıqlar, planetin ən ucqar guşələrini belə işğal etdilər", - Kaliforniya Universitetindən olan təkamülçü bioloq Peter Wainwright belə deyir.

Bu qrup, mərcan-qayalıq növlərinin 90%-dən çoxunu və insanların ovladığı əksər xanı balığı, morina və tilapiya kimi bütün balıqları bünyəsində saxlayır.

İndi isə, Wainwright və tədqiqatçı qrupu, yaşayan 18.000 növü əhatə edən bu nəhəng növyaranma üçün yeni bir nəsil ağacı hazırlamaq üçün birləşdilər. Genetik vasitələri və fosilləri istifadə etdikdə filogeniyası, bəzi kiçik tikanlı balıqların arasında gözlənilməz əlaqələrə işıq tutdu. Tapıntılar 15 iyul tarixli Journal Proceedings of the National Academy of Sciences'da yayımlandı. Wainwright LiveScience'a verdiyi açıqlamasında belə deyir:

"Daha əvvəllər heç kəsin görə bilmədiyi hər növ əlaqələr var. Mənim kimi bir balıq fanatı üçün bu nəticələr bir az həyat dəyişdirici xüsusiyyətdədir. Bu ana qədər, bu böyük balıq qruplarının qohumluq əlaqələrinin necə olduğunu bilmirdik."

Yale Universitetindən olan təkamülçü bioloq və tədqiqatın başında duran Tomas Near isə bunları dedi:

"Məsələn, elm adamları tunes balığı və qılıncbalığını eyni taksonomik qrupa aid edirdilər. Yenilənmiş nəsil ağacı göstərir ki, tunes balığı və dəniz atı, tuna və digər sürətli balıqlarla müqayisədə qohumluq əlaqələri baxımından daha yaxındır. Dəniz dili balığı və digər yastı balıqlar, tədqiqata görə qılıncbalığına ən yaxın qohumlardır; böyük, istiqanlı tuna və kiçik dəniz atı isə 100 milyon il əvvəl ayrılan iki "qardaş" qruplardandır. Analizin bir başqa qeydə dəyər nəticəsi də 66 milyon il əvvəl başa çatan Təbaşir dövrünün, dinozavrların kütləvi məhv olması ilə bağlanışında, balıq növlərinin yox olmasına dair heç bir sübutun tapılmamasıdır..."

Wainwraight, mövzuyla əlaqədar bunları əlavə edir:

"Növyaranma nisbətlərinə baxdığımızda heç bir kəsilmə müşahidə edə bilmirik. Kütləvi məhvə dair dair heç bir sübut yoxdur. Bunun əvəzinə, kiçik tikanlı balıqlar 150-50 milyon il əvvəl bütün müvafiq su-bataqlıq əraziləri işğal etdikləri böyük bir işğal hərəkətinin ortasındaydılar. Bu tikanlı qılcıqlar fənər balıqlarının fənərindən tutmuş, əmici balıqların əmmə mexanizmlərinə, marlin balıqlarının qeyri-adi yelkənlərinə qədər hər şeyə çevrildilər."

Yeni nəsil ağacının hazırlanmasıyla Wainwright, müxtəlif formalara təkamülləşmiş bir tək balıq əcdaddan çox, mərcanların müxtəlif balıq növləri tərəfindən 50 dəfə zəbt edildiyini tapdı. Tədqiqata görə, naməlum səbəblərdən bütün balıq sinifüstüsü 40 milyon il əvvəl növyaranma prosesinin nisbətini yavaşlatdı. Wainwright bunları açıqladı:

"Bu dövrdə hər hansı bir kütləvi məhv hadisəsi baş vermədi. Sadəcə, balıq növlərinin Yerdəki bütün yaşamaq üçün əlverişli yerləri zəbt etdiklərini düşünürük. Bu fakt, müşahidə edə bildiyimiz qədəriylə müasir dövrdə də davam edir. Niyə davam etdiyi isə bilinmir." 

Kiçik tikanlı balıqlar ilan balıqlarından, köpək balıqlarından və nərə balıqlarından; somon və ala balığının əcdadlarından 150 milyon il əvvəl ayrılmışdır.

Qaynaq: LiveScience
daha ətraflı...

November 21, 2013

Dinozavrlar istiqanlı idilər?

Alimlər uzun müddət müxtəlif üsullarla dinozavrlar haqda daha ətraflı məlumata yiyələnmək istəyirdilər. Yeni bir tədqiqatın nəticələri elm dünyasını yeni bir faktla qarşı-qarşıya qoydu: Dinozavrlar istiqanlı ola bilərdilər.

Dinozavrların soyuqqanlı və ya istiqanlı olduğunu araşdırmaq, bu sürünənlərin necə yaşadığı, inkişaf etdiyi və törədiyinə dair bizə olduqca əhəmiyyətli məlumatlar təmin edə bilər.


Bir canlının istiliyi maddələr mübadiləsinə təsir edir. Bu da, istiqanlılığın canlının inkişaf sürətinə və artım bacarığına təsir edə bildiyini göstərir. Tədqiqatçılar sümük qalıqları üzərindəki "inkişaf xəttlərini" araşdırmağa başladılar. İlin daha soyuq olan fəsli, misalçün qışda, heyvanlar yavaş inkişaf edir və həmin "inkişaf xəttləri" daha tünd və nəzik olurlar, sümüklərin daha sürətli şəkildə böyüdüyü fəsildə isə onlar daha açıq və qalın olurlar.

Alimlər əvvəllər inkişaf xəttlərinin belə strukturunun yalnız soyuqqanlı sümüklərinə xas olduğunu düşünürdülər, çünki bu canlılar müəyyən mərhələlərlə inkişaf edirlər. İstiqanlı canlılar isə davamlı inkişafda olurlar, çünki onlar bədən temperaturunu saxlaya bilirlər və sürətli maddələr mübadiləsinə sahibdirlər. Yəni, fasiləsiz şəkildə inkişaf etmək üçün enerji istehsal edirlər. Alimlər, bu nəzəriyyəyə əsasən, sümüklərdəki inkişaf xəttlərini araşdıraraq dinozavrların soyuqqanlı olduqlarını iddia etmişdilər.

Yeni tədqiqat bu fikri dəyişdirir. Tədqiqatçılar, yüzdən çox istiqanlı gövşəyən məməli növlərinin ayaq sümüklərindəki inkişaf xəttlərini araşdırdılar (inəklər və qoyunlar kimi). Daha sonra, sümüklərdəki işarələri yağış mövsümləri və temperatur tsiklları, heyvanların bədən temperaturu və maddələr mübadiləsinin orta sürəti ilə müqayisə etdilər. Nəticədə tədqiqatçılar, istiqanlı gövşəyən canlıların sürətli, lakin illik mərhələli inkişafına işarə edən sümüklərdəki inkişaf xəttlərinə sahib olduqlarını təsdiq etdilər. Bu vəziyyətin də "əlverişsiz" fəslin nə qədər müddət davam edəcəyindən asılı olduğu məlum oldu.


İstiqanlı gövşəyən məməlilərin sümüklərindəki xəttlərdən alınan nəticələr əvvəlki dinozavr sümükləri üzərində aparılan tədqiqatların nəticələri ilə oxşarlığın olduğunu göstərdi. Bu tapıntı, dinozavrlarda da, eynən gövşəyənlər kimi, sürətli inkişafın baş verdiyinə və arabir əlverişsiz mövsümlər səbəbindən inkişafın müəyyən mərhələlərə bölündüyünə dair məlumatlar verdi. Bu kəşf dinozavrların soyuqqanlı deyil, istiqanlı olduqlarını irəli sürmək üçün yetərli hesab oluna bilər.


Tapıntı barədə  Barselona Avtonom Universitetindən olan tədqiqatçı Meike Köhler bunları dedi:


"Dinozavrların istiqanlı olduqlarına dair irəli sürdüyümüz arqument, inkişaf və "istirahət" xəttləri arasında, olduqca yüksək templi inkişafa işarə edən geniş toxuma sahəsinin mövcudluğundan ibarətdir. Bu, dinozavrlar üçün  tipik xüsusiyyətdir və nisbətən yavaş inkişaf edən digər sürünənlərin heç birində buna rast gəlinmir."

Bundan başqa tədqiqatda dinozavrların digər sürünənlərlə müqayisədə daha sürətli inkişaf etdiyi məlum oldu. Köhler açıqlamasında bunları da əlavə etdi:


"Dinozavrlar həmçinin çox sürətli inkişaf templərinə sahib idilər və yüksək enerji istehsal edən bədənlərinin mövcudluğunu davam etdirmək üçün daha çox və tez-tez qidalanmaq məcburiyyətində idilər."

Qaynaq: Nature
Читать полностью:http://www.km.ru/nauka/2012/07/06/nauchnye-issledovaniya-i-otkrytiya-v-mire/uchenye-schitayut-chto-dinozavry-byli-tep
daha ətraflı...

November 20, 2013

Kosmosda başqa həyat var?

Uzun illərdir insanları maraqlandıran ən əhəmiyyətli suallardan biri də kosmosda bizdən başqa sivilizasiyaların olub-olmadığıdır. Bu mövzuya dəqiq cavablar vermək olduqca çətindir. Bu günə qədər Yerdən kənarda başqa bir həyat əlamətinə rast gəlinməmişdir və  izlədiyiniz bütün filmlərdəki yadplanetli görüntüləri saxta və fantaziya məhsuludur. Amma baxa bildiyimiz və ya görə bildiyimiz ərazi heç kainatın trilyonda biri deyil. Təkcə Samanyolu qalaktikasında 200-400 milyard sayda ulduz olduğunu və kainatda Samanyolu kimi milyardlarla qalaktika olduğunu düşündüyümüzdə, olduqca kiçik bir sahəni görə bildiyimiz aydın olur.

Son illərdə edilən kəşflərlə artıq uzaq qalaktikalar araşdırılmağa başlandı, Günəş sistemindən kənat planetlərin kəşi də sürətləndi. Kosmosun bir çox yerində həyatın yaşıllaşması üçün lazımlı şərtlərin mövcudluğu müəyyən olundu. Son hesablamalara görə yalnız Samanyolu qalaktikamızda Yerə oxşar 8 milyarddan çox planet mövcuddur. Bu planetlərdə lazımlı şərtlərin meydana gəlməsi nəticəsində həyat əlamətlərinə dair dəlillərin tapılması - alimləri heyrətləndirəcək kəşf olmayacacaq, amma eyni zamanda çox böyük əhəmiyyət daşıyan, kainat haqqında yeni məlumatlar təmin edəcək tapıntı olacaq. Bəlkə də ən maraqlı sual, başqa planetlərdə təbiət qanunlarının insanlar kimi ağıllı və kainatı qavrayan mədəni sivilizasiyalar təkamülləşdirib-təkamülləşdirə bilmədiyidir, daha doğrusu təkamülləşdirməsi üçün şəraitlərin olub-olmadığıdır. Belə olduğu halda, bizdən qat-qat inkişaf etmiş sivilizasiyalar mövcud ola bilər.

"Əgər bizdən daha çox inkişaf etmiş sivilizasiyalar varsa, niyə biz onları görə bilmirik ya da onlar bizimlə əlaqə qurmurlar, və ya gəlib planetimizi koloniyalaşdırmırlar?" Bunlar, insanları ən maraqlandıran suallardandır. Bu suallara verilə biləcək bir çox cavablar var, hansılar ki ehtimallar daxilindədir:

- Planetimiz inkişaf etmiş sivilizasiyalardan çox uzaqda ola bilər;
- Samanyolu qalaktikasında inkişaf etmiş yeganə sivilizasiya ola bilərik;
- Bizimlə əlaqə qura biləcək qədər inkişaf etməyə bilərlər;
- Bizimlə əlaqə yaratmaq üçün hər hansı bir səbəbləri olmaya bilər;
- Bizim qavraya bilmədiyimiz fərqli boyutlarda yaşaya bilərlər;
- Bizi özləri ilə müqayisədə 6 milyon il əvvəlki vəhşi əcdadımız kimi görə bilərlər;
- Bioloji həyatdan texnoloji həyata (kompyuter həyatı) keçid almış ola bilərlər;
- Planetlərini tərk edib köçəri kosmik həyat yaşaya bilərlər;
- Çoxları milyard və ya milyon illər əvvəl məhv olmuş ola bilər;
- Bizim onları koloniyalaşdırmağımızdan qorxa bilərlər və s.


Bir çox astrobioloqlarsa fərqli düşünürlər. İnsan növü bu yaxınlarda kosmik məkana daxil olmuşdur, hələ üzərindən 1 əsr belə keçməyib. Bu qalsın bir yana, kainatda bizdən başqa canlıların olub-olmadığını araşdıran sahə - astrobiologiya daha da gəncdir. Astrobioloqlar hesab edirlər ki, kainatdaki fərqli üstün sivilizasiyaların bizi və digər nisbətən inkişaf etmiş sivilizasiyaları koloniyalaşdırmaq üçün hər hansı bir səbəbləri olmamalıdır. Tariximizə nəzər yetirsək, insanoğlunun əsrlər keçdikcə daha da mədəniləşməsinə əmin ola bilərik, bu prosesin sonunda da "həqiqi sivilizasiya" qura biləcəyimiz inandırıcı görünür. Bizim kimi, inkişaf etmələri üçün lazımlı şərtlərə sahib olan kosmik qardaşlarımız da bu yolu getmiş olmalıdırlar. Bəziləri bizdən daha geridə, digərləri isə daha irəlidə ola bilərlər. Müasir alimlər arasında fikir fərqlilikləri olsa da, yenicə araşdırmağa başladığımız kosmik aləmin sivilizasiyalarının mədəni, hətta bizdən inanılmaz dərəcədə inkişaf etmiş növlər olduğu mübahisə obyekti olmaqla bərabər, qətiyyən şübhə altına da alınmır. Son olaraq, məşhur astrofizik, həmçinin ilk astrobioloqlardan olmuş Karl Saqanın bu sözlərini əlavə etmək istəyirik:


"Sübutun yoxluğu, yoxluğun sübutu deyil."  
"Əgər kainatda yalnızıqsa, nə qədər məkan boşuna sərf olunmuşdur."
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top