March 7, 2014

Ölüm riskini proqnozlaşdırmaq mümkündür

Finlandiya və Estoniyadan olan alimlərin iddialarına görə, sadə qan analizi ilə insanın növbəti 5 il ərzində ölüm riskini proqnozlaşdırmaq mümkündür. Plos Medicine jurnalında dərc olunan məqaləyə əsasən, tədqiqatçılar qəfil ölüm riski ilə dörd biomarker - albumin, alfa-1 turş qlikoprotein, sitrat və aşağı sıxlıqlı lipoproteid arasındakı əlaqəni müəyyən etməyə nail olublar.

Araşdırmada heç bir xəstəliyi olmayan 17000 insanın qanlarındakı 100 fərqli biomolekul yoxlanılmış və bu insanlar 5 il ərzində nəzarətdə saxlanılmışdır. Nəzarət müddətində onlardan 700-ü müxtəlif xəstəliklərdən ölmüşdür. Ölənlərin hamısında 4 biomarkerin oxşar səviyyədə olduğu müəyyənləşmişdir.

Bu araşdırma nəticəsində çox sayda insanın həyatını xilas etməyin mümkün olacağı düşünülür.

Həmçinin oxuyun:

Gözdə əks olunan sifətləri tanıya bilərik
Ruhları biz yox, beynimiz görür
İlk avtonom süni ürək köçürüldü
daha ətraflı...

QİÇS-ə qarşı mutasiya

Kliniki eksperimentlər insanda immunçatışmazlığı virusuna (İİV) qarşı gen terapiyası effektivliyini təsdiq etdi. Bunun üçün sadəcə immun hüceyrələrindəki genlərdən birinin fəaliyyətini dəqiqliklə dayandırmaq kifayətdir.

"Bunu "berlin pasienti" Timoti Braun'un dövründən bəri QİÇS-in müalicəsindəki ilk ciddi sıcrayış adlandırmaq olar", - Kaliforniya Universitetindən olan bioloq John Rossi qeyd edir.

Bioloq 2008-ci ilin, hətta bəlkə bütün dövrlərin ən məşhur tibbi hadisəsini xatırladır. Həmin vaxt Braun üzərində eksperimental kök hüceyrə terapiyası uğurla aparılmışdı. Ona, mutasiyaya uğramış CCR5 geni olan donordan hematopoetik hüceyrələr transplantasiya edilmişdi. Onların kodlaşdırdığı zülal İİV-nin insanın t-limfositlərinə yoluxmasında maneə meydana gətirir. CCR5 çatışmazlığı olan insan isə bu prosesdə İİV-yə qarşı güclü müqavimət qazanmış olur. Braun, ona tətbiq edilmiş antivirus terapiyasından sonra uğurla sağaldılmışdı.

Buna baxmayaraq kök hüceyrələri ilə terapiya üsulu əksər İİV-yə yoluxmuş insanlar üçün əlverişsizdir. Bu, ağır invaziv prosedurdur və donor hüceyrələrin ayrılma riski yenə də yüksək olaraq qalır. Elə isə mutasiyalı CCR5-i xəstənin öz hüceyrələrinə əlavə etdikdə üstünlüyünü necə qoruyub saxlamaq olar? Alimlərdən ibarət bir beynəlxalq qrup bu mutasiyanı birbaşa orada istifadə etmək qərarına gəldi.


Nature jurnalında dərc edilən məqalədə infeksiyanı nəzarət altında saxlamaq üçün davamlı antiretrovirus vasitələri qəbul edən 12 könüllü İİV xəstəsi üzərində aparılmış tədqiqatdan bəhs edilir. Könüllülərin qanlarından İİV-nin məhv etdiyi immun limfosit-hüceyələri ayırd edildi və "zink barmaqlar" (zinc finger) fermentləri ilə müalicə edildi, hansılar ki DNT ilə verilmiş hissədə birləşərək müvafiq genin aktivliyini nizamlayır. Effekti əhəmiyyətli oldu: xəstələrin qanlarındaki T-limfositlərin səviyyəsi artdı, bu da virusun yoluxma və məhv etmə bacarığının sürətlə azaldığından xəbər verir.

Nəticələr aydın olduqdan sonra tədqiqatda iştirak edən xəstələrin yarısına antiretrovirus preparatları qəbulu dayandırıldı, qandaki T-limfositləri və virus hissəcikləri məzmununun izlənilməsi prosesi isə davam etdirildi. Hətta bu vəziyyətdə belə İİV səviyyəsi daha zəif artır və limfosit səviyyəsi növbəti bir neçə həftə ərzində yüksək olaraq qalırdı. Başqa deyimlə, virus tərəfindən məhv edilməyən mutasiyalı limfositlər özlərini xəstələrin orqanizmində çox yaxşı hiss edirdilər. Alimlər xoşagəlməz qoxudan başqa heç bir əlavə təsirin meydana gəlmədiyini qeyd etdilər.

Həmçinin oxuyun:

Marixuana immun sistemini İİV-dən qoruyur
Yaşlanma prosesi dal-dalı getdi
Təkamülü sürətləndirən mexanizm tapıldı
daha ətraflı...

March 6, 2014

Bionik beyin hazırlanacaq

Avstraliyalı alimlər əsl beyində baş verən bütün prosesləri təqlid edə biləcək bionik beyin hazırlamağı planlaşdırır. Dövlət tədqiqat mərkəzinin inkişafına 250 milyon dollar ayırsa, 10 il davam edəcək tədqiqat layihəsinin nəticəsi olaraq bionik beyinlər istehsal etmək mümkün olacaq.

Alimlər ilk bionik beyni hazırlamaq niyyətindədirlər. Bionik beyin əsl beyində baş verən prosesləri təqlid etməklə yanaşı, həm də müxtəlif xəstəliklərin yaranmasının səbəblərini daha yaxşı anlamaq üstünlüyü təmin edəcək.

Ekspertlərin hesablamalarına görə bionik beyin layihəsi 250 milyon dollara başa gələcək. Elmlər Akademiyasının qurduğu Beyin Mərkəzi üzvləri müxtəlif sahələrdən olan mütəxəssisləri bu layihə ətrafında toplamağın zəruri olduğunu deyirlər.

Daha əvvəl Avstriya Elmlər Akademiyasının Molekulyar Biotexnologiyalar İnstitutundan olan alimlər kök hüceyrələrindən neyron və digər hüceyrələrdən ibarət struktur yetişdirməyə nail olmuşdular. Əldə edilən struktur faktiki olaraq dərmanların test edilməsi üçün yararlı insan beyni idi.

Avstraliya Milli Universitetindən olan Vincent Daria'nın sözlərinə görə, beyin modelləşdirilməsi layihəsini yenidən qiymətləndirmək mümkün deyil, çünki beyin ən vacib orqandır.

"Belə bir modelin hazırlanması Parkinson, demensiya, posttravmatik sindrom və digər bir neçə xəstəliyin səbəblərini daha yaxşı anlamağımızı təmin edəcək", - tədqiqata başçılıq edəcək Bob Williamson qeyd edir.

Bionik beyin psixiki xəstəliklərlə bağlı tədqiqatlar aparmaq və beyin travmalarını sağaltmaq, həmçinin əvvəldən onların qarşısını almaq üçün əsas vasitə hesab edilir.

Həmçinin oxuyun:

Altshaymerin mənşəyi tapıldı
Seks beyin fəaliyyətini gücləndirir
Kişi və qadın beyni arasında fərq tapıldı
daha ətraflı...

Yerin ən qədim kristalı tapıldı

Alimlər Yer qabığının ən qədim parçası - 4,4 milyard yaşı olan sirkon kristalını kəşf etdilər. Mavi rəngli bu kristalın kəşfi, Nature Geoscience jurnalında qeyd edildiyi kimi, alimlərin planetin necə soyuyub həyata yararlı hala gəldiyi haqqındakı fikirlərini təsdiqləyir.

Bu göstərir ki, Yer 4,6 milyard il əvvəl meydana gəlməsindən sonra bərk qabığa, əvvəl hesab ediləndən daha qısa müddət sonra, Ayı meydana gətirdiyi düşünülən Mars böyüklüyündə bir cismlə toqquşmasından yalnız bir neçə on milyon il sonra sahib olmuşdur. Bundan əvvəl Yerin ərimiş maqmadan ibarət qaynar bir top halında olduğu ehtimal olunur. Lakin səthinin bu qədər erkən bərkləşməsi məlumatı planetimizin həyata əlverişli hala olduqca erkən dövrdə gəldiyi fikrini doğurur.

Həmçinin oxuyun:

Ən məşhur elmdən kənar əfsanələr
Kimyəvi Təkamül: Canlılıq və Cansızlıq anlayışları
Nanomühərriklər canlı hüceyrə içərisində işlədi
daha ətraflı...

Bal pətəklərinin sirri açılır

Darvin 1859-cu ildə Növlərin Mənşəyi kitabını nəşr etmədən əvvəl bilirdi ki, əgər belə bir nəzəriyyəni elan edəcəksə, nəzəriyyə bu tip əhəmiyyətli suallara da cavab verməli idi: Hər şey ümumiyyətlə sadədən mürəkkəbə doğru təkamülləşirsə, arılar pətəklərini necə altıbucaqlı və indiyə qədər bilinən ən münasib şəkildə inşa edə bilirlər? Bundan əvvəlki mərhələlər nələrdir? Bütün arılar altıbucaqlı evlər qurur?

Darvin, Down House adlandırılan evində bu mövzuda çoxlu sayda araşdırma aparmışdır. Darvinə qədər elm adamları bütün arıların altıbucaqlı pətəklər qurduqlarını düşünürdülər. Dövrün hörmətli bioloqlarından olan Lord Brougham Darvinin Təkamül Təlimini kiçiltmək üçün heç bir arının altıbucaqlıdan başqa pətək quruluşu hazırlamadığını, bu səbəbdən də arıların belə bir təkamül keçirməmiş olduğunu irəli sürdü. Darvin təbiətdə daha silindrik quruluşda və sadə nizamda olan pətəklər quran arılar olduğunu özünəməxsus uzaqgörənliyi sayəsində bilirdi; ancaq harada tapacağı haqqında bir fikri yox idi. Lakin Darvin uzun məktublaşmalar və araşdırmalar nəticəsində axtardığı canlını tapdı: Melipona domestica. Meksika Arısı adı ilə tanınan bu arı digər arılardan fərqli olaraq silindrik, dairəvi və daha kobud pətəklər qururdu. Bildiyiniz kimi, yumru və küncsüz bir quruluş tikmək, bucaqlı bir quruluş tikməkdən qat-qat asandır. Məsələn, quşların yuvaları da bu səbəbdən dairəvidir.

Darvin buradan yola çıxaraq, öz dövrünü çox qabaqlayan bir mülahizə irəli sürdü: əslində bütün arıların pətək oyuqları dairəvidir. Ancaq arılar bu pətəkləri bir-birinə o qədər yaxın və sıx qururlar ki, pətəklər fiziki təzyiq altında əyilib bükülür və nizamlı şəkildə altıbucaqlı və bir-birinə bitişik bir hörgü halını alırlar. Təbii ki, dövrün texniki şərtləri daxilində bu mülahizəni sübut etmək imkansız idi. Darvindən sonra da alimlər illərlə bal pətəklərinin quruluşundakı mükəmməlliyə heyrətlə baxmışdırlar, ancaq heç biri tam olaraq bu mexanizmi açıqlaya bilməmişdir. Nəhayət ki, 150 ildən də artıq bir müddət sonra bu dahi insanın fikirləri öz təsdiqini tapdı.

Bir vaxtlar "riyaziyyatçı" arıların ağlasığmaz bir müvəffəqiyyəti hesab edilən bal pətəklərindəki nizamlı altıbucaqlı quruluş olduqca sadə bir mexanizmlə izah edildi.


İngiltərə və Çin mühəndisləri bu sirri həll etmə yolunda ilk və əhəmiyyətli tədqiqatı apardılar. Qrup bal pətəklərində gözə xoş görünən bu altıbucaqlı şəklin əslində əvvəl dairəvi bir quruluşda olduğunu və saniyələr içərisində altıbucaqlı forma aldığını müəyyən etdi. Tədqiqatın nəticələri Journal of the Royal Society Interface jurnalında dərc edildi.

Qrup Pekindəki bir ərazidə bal arılarının pətəklərinin inşasını asanca müşahidə edə biləcəkləri bir kamera quraşdıraraq pətəklərin inşasının müxtəlif mərhələlərini fotoşəkil çəkərək qeydə aldılar. Müşahidələr nəticəsində pətəklərin ilk mərhələdə dairəvi quruluşda olduqları aşkar olundu. Pətəyin bu ilk dairəvi quruluşu yaradıldıqdan sonra bal arıları pətəyin divarlarını istiləndirirlər. Onlar bu əməliyyatda istifadə etdikləri istiliyi öz bədənləri vasitəsilə təmin edirlər. Pətəyi istilətdiklərində mum axıcı hala gəlir və ardından pətək ən dayanıqlı forma olan altıbucaqlıya çevrilir. Qrupu arıların bir pətəyi tam yoxsa qismən istilətdikləri sualı düşündürür.

"Mənim təxminim təbiətin qənaəti və ən qısa yolu seçməsindən yola çıxaraq pətəyin qismən, yəni yalnız müəyyən hissələrdən isidilməsidir. Amma digər tərəfdən arılara görə pətəyi bir dəfəyə istilətmək daha asan bir iş kimi görünə bilər", - Cardiff Universitetindən olan mühəndis və tədqiqatın müəlliflərindən biri Bhushan Karihaloo deyir.

Qrup hər iki variantın da nə qədər müddət çəkə biləcəyini hesabladı. Belə ki, bir pətək oyuğunu altıbucaqlıya çevirmək üçün tam istilətdiyinizdə 6 saniyə, müəyyən hissələrdən istilətdiyinizdə isə 36 saniyə keçir. Tədqiqatçılar işin növbəti mərhələlərində bu məlumatı da dəqiqləşdirəcəklərini qeyd edirlər.

Həmçinin oxuyun:

Meyvələr və heyvan məhsulları niyə dadlıdır?
Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı
Nəsli kəsilmiş növləri həyata qaytara biləcəyik
daha ətraflı...

Həyat zonasında yerləşən daha 3 "superyer" tapıldı

Alimlər qırmızı cırtdan sistemlərində daha 8 ekzoplanet kəşf etməyə nail oldular. Onlardan 3-ü həyat üçün əlverişli hesab edilən "həyat zonasında" yerləşir.

Çilidə yerləşən Avropa Cənubi Rəsədxanasının iki spektrometrinin əldə etdiyi məlumatlar köməyilə Hertfordshire Universitetindən olan Mikko Tuomi'nin başçılıq etdiyi astronomlardan ibarət elmi qrup qırmızı cırtdan ulduz sistemlərində 8 ekzoplanet tapmağa nail oldu. Onlar ulduzlarından 6-600 milyon km məsafədə dövr edirlər, bu səbəbdən ulduz ətrafında tam dövrləri 2 yer həftəsindən 9 yer ilinə qədər dəyişə bilər. Planetlər Yerdən 15-80 işıq ili uzaqlıqda yerləşir.

Alimlərin fikrincə, bu ekzoplanetlərdən 3-ü - GJ 422 b, GJ 682 GJ 180 - kütlə baxımından Yeri üstələsələr də, həyat zonasında yer alırlar. Hər üçü "superyerlər" kateqoriyasına daxildir.

Daha əvvəl aparılmış tədqiqatların nəticələrinə görə qırmızı cırtdan ulduzlar ətrafında Yerə oxşar planetlərin tapılmasına ehtimal kifayət qədər yüksəkdir. Növbəti illərdə başladılacaq bir çox kosmik layihələrlə lazımlı ulduzlar arasında lazımlı kütlədə və ulduzla arasındaki məsafədə yüzlərlə Yerə oxşar ekzoplanetin tapılacağı güman edilir. Bundan başqa alimlər inkişaf etdiriləcək üsullarla gələcəkdə bu planetlərdən bəzilərinin atmosferini uzaqdan araşdırmağı və həyat əlamətləri daşıyıb-daşımadıqlarını aydınlaşdırmağı planlaşdırırlar.

"Yaxın gələcəkdə bir çox az kütləli planetlərin tapılacağını gözləyə bilərik - hətta Günəşə ən yaxın ulduzlar ətrafında belə", - Mikko Tuomi deyir.

Həmçinin oxuyun:

"Sinxron" planetlərin qaranlıq üzündə həyat ola bilər
Həyat ola biləcək planetlərin sayı daha çoxdur
Qalaktikamızda 8 milyard Yerə oxşar planet mövcuddur
daha ətraflı...

Europaya avtomatik zond göndəriləcək

Yupiterin dörd ən böyük peykindən biri olan, hələ Qalileo Qaliley tərəfindən kəşf edilən Europanın qalın buz təbəqəsi altında maye suyun mövcud olduğuna dair dəlillər var. Bu gün Europa yadplanetli həyatının yaşayışı üçün ən əlverişli səma cismlərindən biri hesab edilir.

NASA 2025-ci ildə bu əsrarəngiz peykin öyrənilməsi və qalın buz təbəqəsi altında həyatın olub-olmadığının daha dəqiq aydınlaşdırılması üçün oraya avtomatik zond göndərməyi planlaşdırır. Layihəyə 2015-ci ildə start veriləcək.

"Europa missiyası olduqca çətindir, çünki zond həddindən artıq yüksək radiasiya şərtlərində işlər aparmalıdır. Çox işləməli olacağıq. Zondun buraxılması 2020-ci illərin ortalarında gözlənilir", - NASA-nın əsas maliyyəçilərindən olan Beth Robinson qeyd edir.

Daha əvvəl Avropa Kosmik Agentliyi və Rusiya Federal Kosmik Agentliyi Europanın öyrənilməsi layihəsinin planlarını birgə müzakirə etmişdilər, lakin sonradan tədqiqatların digər peyk - Qanimedin öyrənilməsinə sərf ediləcəyi bildirildi. Həmçinin alimlər yüksək radiasiya səviyyəsi səbəbindən Europaya uçuşun bir o qədər də real görünmədiyi qənaətinə gəlmişdilər.

2012-ci ilin mayında rəsmən qəbul edilmiş "JUpiter ICy moon Explorer" layihəsi tədqiqatlar üçün 2015-ci ildə 17,5 milyard dollar alacaq. 2022-ci ilin iyununda buraxılacaq orbital zond isə 2030-cu ilin yanvarında Yupiter sisteminə çatacaq.

Həmçinin oxuyun:

Yupiterin peyki Europada su fışqırdı
Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik
Dinozavrların qatili həyatı kosmosa yaydı
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top