May 9, 2014

Yaponiya kosmosdan enerji əldə edəcək

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) Günəş enerjisi əldə etmək üçün orbital stansiya tikməyi planlaşdırır. Orbital stansiya insanların enerji tələbatının böyük bir hissəsini qarşılayacaq. Bu platforma günəş enerjisi toplayaraq, onu mikrodalğalar halında Yer üzündə quraşdırılacaq qəbuledici stansiyalara ötürəcək.

Mütəxəssislər planın asan və ucuz başa gəlməyəcəyini, amma insanlıq üçün xeyli yararlı olacağını qeyd edirlər. Hazırlanan yol xəritəsində 1 qiqavatt gücü olan Yer və kosmik stansiyalarından ibarət 2030-cu illərdə yaradılacaq kommersiya sistemi izah olunur.

Bəşəriyyət tarixində odundan başlayaraq kömür, neft, qaz və atom energetikasına qədər müxtəlif enerji qaynaqları kəşf edilib. Bunların hər birisi böyük mədəni inqilablara səbəb olub. Əgər insan kosmosdan enerji toplanılması üsulunu dərk etsə, orbitdəki peyklər bizi tükənməyəcək səviyyədə və miqdarda enerji ilə təmin edəcək, həmçinin böyük dövlətlərin enerji ehtiyatları konfliktlərinə də son qoyulmuş olacaq. Alimlər hesab edir ki, kosmosa ayaq basaraq oraya texnologiyalar yerləşdirməyimiz Yerdə olduğu kimi, onun sərhədindən kənarda da inkişaf etmiş sivilizasiya yaratmağımıza səbəb olacaq.

Həmçinin oxuyun:

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Futuristik hava ekranı təqdim edildi
Titan araşdırmaları üçün yeni robot hazırlandı
daha ətraflı...

İnsanlar və kalmarların gözü niyə oxşardır?

İnsanlarla başıayaqlı molyuskların son ortaq əcdadı Yer üzündə 500 milyon il əvvəl yaşayırdı. Lakin təkamül inkişafı bir-birindən xeyli uzaq olan iki növün göz quruluşuna nəzarət edən genin eyni qərarlarına gətirib çıxarmışdır.

Gözlər və qanadlar - təkamülün ən böyük kəşflərindəndir. Bioloqlar artıq uzun müddətdir ki, fərqli siniflərdən olan heyvanların bu xüsusiyyətlərinin parallel, hətta çox oxşar inkişaf etdiyini fərq edirdilər. Nümunə olaraq quşlar və yarasaları qeyd etmək olar, hansılar ki fərqli təkamül cığırlarıyla yol aldıqlarına baxmayaraq, demək olar ki, eyni qanad strukturuna sahibdirlər.

İnsan və kalmarın göz oxşarlığından hər kəs xəbərdar deyil. Axı onurğarlı məməli ilə başıayaqlı molyusk arasında ortaq nə ola bilər? Necə oldu ki, bir-birindən bu qədər uzaq və fərqli canlıların təkamül inkişafı oxşar görmə orqanlarının meydana gəlməsinə səbəb oldu?

Nature Scientific Reports jurnalında dərc edilən məqaləyə əsasən, alimlər insanlar və kalmarlarda oxşar göz quruluşuna cavabdeh olan genin RNT splaysinqini (nukleotid ardıcıllıqlarının RNT molekulundan çıxarılması və "yetkin" molekulda qorunub qalmış ardıcıllıqların birləşməsi prosesi) kəşf etməyə nail olublar. Bütün digər orqanlar kimi, gözlər də müxtəlif genlərin fəaliyyətinin məhsuludur. Bu genlərin əksəriyyəti özündə görmə orqanının hər hansı bir hissəsinin strukturu ilə bağlı informasiya daşıyır. Bir gen işığahəssas piqmentə nəzarət edə bilər, digər bir gen isə kornea təbəqəsinə. Bundan başqa, orqanın hər hansı bir hissəsinin harada və nə vaxt yaradılması və bir yerdə yığılması lazım olduğu ilə bağlı informasiya daşıyan genlər də mövcuddur. Belə mühəndis-genlər əsasən "idarəetmə mərkəzləri" adlandırılır.

Bu mərkəzlərdən göz quruluşu üçün ən vacib olanı PAX6 genidir, hansına ki bütün görmə bacarığı olan heyvanlarda rast gəlinir. Naqahama Bio-elmlər və Texnologiyalar İnstitutundan olan Atsuşi Oqura və həmkarları tədqiqatda PAX6 geni RNT molekulu splaysinqinin kalmarlar, osminoqlar və mürəkkəb balıqları kimi başıayaqlıların kamera gözlərinin meydana gəlməsində rol oynadığını təsdiq etdilər.

Maraqlıdır ki, başıayaqlıların fərqli təkamül yolu keçmələrinə baxmayaraq, eynən belə kamera gözlərə onurğalılar da sahibdir. PAX6 geninin RNT splaysinqi təkamül biosistemləri fəaliyyətinin maraqlı nümunəsi olaraq qarşımıza çıxır. Bu proses bir-birindən müstəqil şəkildə təkamülləşmiş növlərdə praktiki olaraq eyni qərarların verilməsinə səbəb olur.

Həmçinin oxuyun:

Çoxhüceyrəlilərin yeni əcdadı məlum oldu
Çoxhüceyrəlilər inkişaf üçün oksigenə ehtiyac duymurdu
Arxa üzvlərin təkamülü aydınlaşdırıldı
daha ətraflı...

May 8, 2014

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"

Məşhur astrofizik Stiven Hokinq bu yaxınlarda verdiyi açıqlamada inkişaf etdirilməkdə olan avtomat maşınlar və səs köməkçisi SİRİ kimi süni intellekt robotlarının insanlıq üçün təhlükəli ola biləcəyini bildirib. Astrofizikin dediyinə görə, süni intellektli robotların bizə qarşı təhlükəsini qiymətləndirməməyimiz bəşəriyyətin ən dəhşətli səhvi ola bilər.

"Bütün bu nailiyyətlərimiz növbəti illərdə gözlədiklərimizin fonunda qaralacaq. Süni intellekt bəşəriyyət tarixinin ən vacib hadisəsi olacaq. Amma əgər risklərdən vaxtında qaçmağı öyrənməsək, təəssüf ki, bu, sonuncu hadisə də ola bilər", - Hokinq deyir.

Astrofizik hesab edir ki, gələcəyin süni intellektli robotlarının qarşısını ancaq elə robotlar ala bilər. Texnoloji eraya addım atmağımızla robotların inkişafı qaçılmaz hal alacaq. Texnologiyalar insanı üstələyərək maliyyə bazarını, elm sahəsini, silah hazırlanmasını, bir sözlə hər şeyi ələ alacaq.

Hokinq qeyd edir ki, süni intellekti yaratmağa başlamadan əvvəl bunun nələrə səbəb ola biləcəyini daha ciddi araşdırmaq lazımdır. Alim "şüurlu" robotların mövcud olduğu texnoloji gələcəyin dəhşətli ssenarilərindən uzaq durmağı təklif edir.

Həmçinin oxuyun:

Hokinq mərci udduğunu hesab edir
Stiven Hokinq sağala bilər
Hokinq: "Qara dəliklər mövcud deyil"
daha ətraflı...

May 5, 2014

"Genetik GPS" hazırlandı

Alimlərdən ibarət tədqiqatçı qrup hər bir insanın 1000 illik DNT mənşəyini aydınlaşdıra bilən "genetik GPS" hazırlamağa nail olub. Metodikanın yüksək dəqiqliyi sayəsində əcdadlarımızın yaşadığı əraziləri müəyyənləşdirə bilərik.

İnkişaf etdirilmiş üsul bundan ibarətdir ki, DNT testi nümunəsi müxtəlif ərazilərə xas gen dəstləri ilə müqayisə edilir. DNT mənşəyinin ən ehtimali regionu anoloji gen dəstlərinin daha çox yayılmış ərazi olduğu hesab edilir.

"Genetik GPS"-in müəllifləri Şeffild Universitetindən olan Eran Elhayk və Cənubi Kaliforniya Universitetindən olan Tatyana Tatarinovadır. Alimlər izah edir ki, hər bir milləti müəyyən rəngi olan maye kimi təsəvvür etmək olar. Qırmızı və mavi rəngli mayeləri qarışdırdıqda yasəməni rəngli yeni genotip meydana gəlir. Millətlərin qarışması prosesi nə qədər aktiv şəkildə baş verirsə, planetdə bir o qədər çox maye rəngi yaranmış olur. Məhz belə qarışmalar ənənəvi mənşəyin məkan analizi (SPA) işini çətinləşdirir.

Yeni "genetik GPS" müxtəlif genotiplərin qarışma prosesini modelləşdirərək, insanların dəqiq mənşə müəyyənləşdirilməsini təmin edir. Eksperimentdə alimlər Sardiniyanın on şəhərciyindən olan insanların 25%-in yaşayış yerini dəqiqliklə müəyyənləşdirməyi bacardılar. Digər insanların ərazisini isə 50 km aralıqla təxmin etdilər. Ümumilikdə üsulun dəqiqliyi təxminən 98% təşkil edir.

Alimlər ümid edirlər ki, gələcəkdə DNT mənşəyi izlənilməsi üsulu həkimlərə müəyyən genlərə sahib ərazinin genetik xəstəliklərə nə dərəcədə meylli olduğu və tibbi preparatlara reaksiyasının necə olacağı ilə bağlı məlumatlar qazandıracaq. Bundan başqa, "genetik GPS" azmış və ya qaçırılmış insanlara evlərinə aparan yolu tapmağa kömək edə bilər.

Yeni metodika ilə DNT mənşəyini izləmək üçün oxşar xidmətləri olan istənilən kampaniyaya autosom analizi sifarişi üçün müraciət etmək olar. Analizin nəticələrini "genetik GPS"-in saytına yükləyərək, min il əvvəl yaşamış əcdadların yaşayış yeri koordinatlarını öyrənmək mümkündür. Xidmətin dəyəri 30-43 dollar arasında dəyişir.

Videonu izləmək üçün klikləyin

Həmçinin oxuyun:

İnsan DNT-sinin ikinci kodu tapıldı
İntellekt geni kəşf edildi
İnsanın ən qədim genomu canlandırıldı
daha ətraflı...

Qanimeddə həyat ehtimalı yüksəkdir

NASA laboratoriyasından olan mütəxəssislər Yupiterin və bütün Günəş sisteminin ən böyük peyki olan Qanimeddə həyatın yaranması və təkamülləşməsi üçün əlverişli şərtlərin mövcud olduğunu güman edirlər.

Qanimed - Qalileo Qaliley tərəfindən kəşf edilən Yupetirin ən iri peykidir. Həm də Günəş sisteminin ən böyük peyki olan Qanimed, məsafə baxımından Yupiterdən aralı olan yeddinci iri kosmik cismdir. Öz 5268 km diametri ilə Günəş sisteminin ikinci ən iri peyki hesab edilən Titandan 2%, Merkuridənsə 8% böyükdür. Günəş sistemindəki maqnitosferaya malik yeganə peyk adını daşıyır.

Qanimed qayalıqlar və bir neçə yüz km dərinliyi olan nəhəng donmuş okeandan ibarətdir. Son tədqiqatların nəticələrinə əsasən, peyk həm də nazik oksigen atmosferinə sahibdir.

Əldə edilən yeni məlumatlar okeanın tamamilə donmuş halda olmadığını göstərir: dərin okean ard-arda gələn buz və su təbəqələrinə bölünüb. Maye suyu dəstəkləyən əsas amil böyük miqdardaki duzdur. NASA alimlərinin rəyinə görə, duzla qarışmış su dibə enərək qayalıqlarla təmasa girə bilər, bu da öz növbəsində həyatın mövcudluğu üçün vacib şərtlərin ola biləcəyini göstərir.

Qanimed 7 yanvar 1610-cu ildə Qalileo Qalileyin məşhur teleskopu vasitəsilə kəşf edilib. Peykin səthində iki landşaft tipi müşahidə edilir. Bir hissəsi kraterlərlə zolaqlanmış qaranlıq sahədən ibarətdir, hansının ki təxminən dörd milyard il yaşı olduğu hesab edilir. Digər hissəni isə dağ silsiləsi ilə örtülü gənc və aydın sahələr təşkil edir. Gənc ərazilərin qəliz geologiyasının səbəbi hələlik aydınlaşdırılmayıb. Bunun, axın istiliyinin səbəb olduğu tektonik aktivliklərlə əlaqəli olduğu istisna olunmur.

Həmçinin oxuyun:

Saturnun peyki Enseladda okean tapıldı
Yupiterin peyki Europada su fışqırdı
"Yerin əkizi" adına layiq planet kəşf edildi
daha ətraflı...

May 1, 2014

Misir ehramlarının daşları necə daşınılırdı?

Amsterdam Universitetindən olan fiziklər qədim misirlilərin ehram inşasında bir hiyləgər daş daşınması üsulundan yararlandıqlarını təsdiq etməyə nail olublar. Tədqiqatla bağlı məqalə Phys.org elm portalında dərc edilib.

Ehramların hazırlanması üçün qədim misirlilər ilk növbədə nəhəng daş blokları və heykəlləri səhra üzərində daşımağa məcbur idilər. İnşaatçılar ağır yükü xüsusi daşınma xizəkləri üzərinə qaldırıraraq, qum səhrasıyla çəkirdilər.

Hollandiyalı alimlər yük daşınmasından əvvəl qumun birbaşa sulandığını aydınlaşdırdılar. Əgər qum lazımlı nisbətdə nəmlənirdisə, daşınılan yükün ağırlığı ikiqat azalırdı.

Qum nəmləndirildikdə, orada kapilyar körpülər meydana gəlir, hansılar ki qumları bir-birinə bağlayır. Düzgün sulansa, nəm qumun sərtliyi hətta quru vəziyyətindəkindən iki dəfə artıq olur. Beləcə xizək altındaki qum düz və sürüşgən forma alır, xizək pəncələri isə hər hansı bir beryerə rast gəlmədən sürüşərək yükün asan yolla daşınmasını təmin edir.



Əminliklə demək olar ki, Qədim Misirin memar və işçiləri bu üsuldan xəbərdar idi. Bunu, nomarx Cexutixotepin türbəsindəki divar rəsmi təsdiqləyir. Rəsmdə yük xizəkləri önündə qumu sulayan insanın təsvir edildiyi açıq-aydındır.

Həmçinin oxuyun:

"Qədim misirlilər elektrik istifadə edirdilər" cəfəngiyyatı
Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi
Qədim avropalı mavi gözlü və qarabəniz idi
daha ətraflı...

Sevginin kimyası

Bu yazımızda sevgiyə psixoloji, sosioloji, romantik və hətta maddi olaraq yanaşanlardan fərqli olaraq biz də kimyəvi baxımdan yanaşacağıq.

Bir çoxumuz hesab edirik ki, sevginin simvolu ürəkdir. Lakin ürəyin sevgi ilə heç bir əlaqəsi yoxdur. Sevginin qaynağı beyindir. Amerikalı antropoloq Helen Fişerə görə: ehtiras nə qədər artsa, beyində həyəcan və həzz duyğularının yaranmasına səbəb olan hormonlar daha çox xəbərdar edilir və aktiv hala gəlir. Dofamin, noradrenalin və feniletilamin maddələrinin artıq sekresiyası nəticəsində əllərimiz daha çox tərləyir, tənəffüsümüz sürətlənir, təzyiqimiz və nəbzimiz yüksəlir! Aşiq olanların iştahdan kəsilməsi, yuxusuzluq çəkməsi məlum əlamətlərdir. Bütün bunların səbəbi də hamımız üçün çox böyük əhəmiyyət daşıyan hormonlardır.

Noradrenalin ovuc içində tərləmə, ürək döyüntüsündə sürətlənmə, göz bəbəklərində böyümə meydana gətirir. Bu hormon beynin diqqət və ətrafa cavab vermə ilə əlaqədar hissələrinə təsir edir. Aşiq olan insanın fikrini cəmləyə bilməməsi, daima dalğın olması və ətrafdan verilən suallara ləng cavab verməsi və ya verməməsinin əsas səbəbi həddindən artıq noradrenalin sekresiyasıdır. Adrenalin və noradrenalin birlikdə ürək döyüntülərini, qanda qlükoza miqdarını və skelet əzələlərinə gedən qan axınını artıraraq "qaç ya da döyüş" (flight or fight) cavabının təməlini meydana gətirirlər.



Beyində noradrenalin səviyyəsinin artmasıyla xoşbəxtlik artır, iştah isə azalır. Beləliklə, aşiq olduğumuzda iştahdan kəsilməyimizin və xoşbəxtliyimizin səbəbi budur.

Dofamin beyində sintez olunan, insanları daha danışqan və həyəcanlı edən bir kimyəvi maddədir. Bu maddə romantik reaksiya, hərəkət və xoşbəxtlik hisslərini yaradan beyin hissələrinə təsir edir. Nəticədə sevdiyimiz şəxsi gördüyümüzdə tənəffüsümüz artır, bədənimizə istilik gəlir və üzümüz qızarır.



Feniletilamin sekresiyasının artması üçün göz-gözə gəlmək və əl-ələ tutmaq kimi sadə davranışlar belə kifayətdir. Ürək döyüntüsünün sürətlənməsi, əllərin tərləməsi və tənəffüsün çətinləşməsi kimi reaksiyalar beyində yüksək dozada feniletilamin sekresiyası nəticəsində meydana gəlir.

Eyni zamanda serotonin hormonunun yüksək səviyyədə olması da sevgiylə əlaqədar olan hormonal vəziyyətdir. Serotonin yuxunu, seksual enerjini, ümumiyyətlə insanın psixoloji vəziyyətini nizamlayır. Aşağı serotonin miqdarı əsəbi, narahat və depressiv vəziyyətlərə səbəb ola bilər.




Bəs aşiq olmağımızın səbəbi nədir? Niyə hər kəsə deyil, məhz "ona" aşiq oluruq? İnsanların bir-birinin diqqətini çəkməsini təmin edən əsas maddənin feromonlar olduğu məlumdur. Feromon, eyni növün üzvləri arasındakı sosial əlaqələri təmin edən kimyəvi maddədir. Yunan mənşəli bu söz "hormon daşıyan" mənasını verir. İnsan feromonları daha çox cinsi davranışlara nəzarət edir. Burnun içində olan və "vomeronazal orqan" adıyla tanınan bir reseptor sayəsində feromonlar qəbul edilərək beynə çatdırılır. Beləliklə beyində ilk reaksiyaların qığılcımı yaranır və hormonal fəaliyyətlər başlayır. Feromonlar əks cins tərəfindən fərq edilməyin ilk addımı olsa da, əlaqənin davamlı olmasını təmin etmir. Feromonların təsiri ilə erkək və dişilərə xas testosteron və estrogen hormonları sekresiya olunur. Bu molekullar sevginin ehtirasa çevrilməsini və növün davamını təmin edən cinsi çoxalma fəaliyyətinin tətiklənməsini təmin edir.

Sevginin davamlılığını təmin edən isə serotonin, vazopressin və oksitosin molekullarıdır. Oksitosin - sevdiyimiz bizə toxunduğunda, ya da biz ona toxunduğumuzda kimyəvi reaksiyaları başladan molekuldur. Hipofiz vəzi tərəfindən sekresiya olunur. Oksitosin olmasaydı, uşaqlarımıza, həyat yoldaşımıza və sevdiklərimizə qarşı hiss etdiyimiz duyğulara sahib ola bilməyəcəkdik.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Oksitosin kişilərdə bağlılıq yaradır
Təkamül nöqteyi-nəzərindən dinlər və tanrılar
Süni seçmə
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top