July 30, 2014

Mal əti istehsalı ətraf aləm üçün daha zərərlidir

Amerikalı alimlər hesab edir ki, mal əti ətraf aləmə digər ət növlərindən daha baha başa gəlir. Tədqiqatçılar ilk dəfə mal əti, toyuq əti, donuz əti, yumurta və südün hər bir kalorisinə hansı miqdarda təbii ehtiyat sərf edildiyini müqayisə ediblər.

Qidon Eşel və həmkarları kənd təsərrüfatı, energetika və daxili işlər nazirliklərinin 2000-2010-cu illərə aid məlumatlarını istifadə edərək, obyektiv göstəricilərlə amerikalıların əsas qida rasionunun təbiətə vurduğu zərərin miqdarını hesablayıblar. Bu səbəbdən tədqiqatda balıq əti nəzərə alınmayıb, çünki balıq əti ABŞ vətəndaşlarının dietində cəmi 2% kalori verir.

Məlum olub ki, süd məhsulları, quş ətləri (əsasən toyuq, ördək və hind quşu əti), yumurta və donuz əti təxminən eyni miqdarda torpaq və su ehtiyatları, həm də azot gübrəsi tələb edir, istehsallarında da eyni səviyyədə istixana qazı atılır. Lakin mal əti daha baha başa gəlir: istehsalı üçün 28 dəfə çox torpaq, 11 dəfə çox su və 6 dəfə çox gübrə lazımdır, ətraf aləmə atılan istixana qazlarının miqdarı isə 5 dəfə çoxdur. Təbiət üçün ən sərfəlisi isə bitki mənşəli qidalardır: kartof, düyü və taxıl yetişdirilməsi üçün istənilən ət növündən 2-6 dəfə az ehtiyat tələb olunur.

Vətəndaşların qida meylini daha sərfəli rasiona tərəf çevirmək məqsədilə alimlər əldə etdikləri nəticələri maksimal qədər yaymağa çalışır və hətta istehsal paketləri üzərində nəticələrlə bağlı xüsusi qeydlərin əlavə edilməsi üçün səy göstərirlər.

Həmçinin oxuyun:

Həbləri ataraq biliklərə yiyələnəcəyik
Bitkilər sizi eşidir
Bürokratiya elmi məhv edir
daha ətraflı...

Dinozavrların "bəxti gətirmədi"

Milyon illər ərzində Yerdə hökmranlıq etmiş dinozavrlar nəhəng asteroidin planetimizlə toqquşmasından sonra məhv oldular. Əldə edilmiş yeni nəticələrə əsasən, əgər həmin toqquşma başqa bir dövrdə baş versəydi, dinozavrlar hələ də Yer üzünün hakimi idilər.

Ən son tapıntılar və analitik məlumatlara əsaslanan tədqiqat sayəsində paleontoloqlar təxminən 66 milyon il əvvəl baş vermiş dinozavrların "soyqırımı" hadisəsini bərpa etməyə nail olublar.

10 km uzunluğundaki asteroidin Yerə, hal-hazırki Meksika ərazisinə düşməsindən bir neçə milyon il əvvəl planetimizdə böyük geoloji dəyişikliklər müşahidə edilirdi: vulkanik aktivlik artırdı, dünya okeanının səviyyəsi dəyişilirdi, temperaturda ani sıçrayışlar baş verirdi. Qədim kərtənkələlərin qida zənciri bu dövrdə zəifləmişdi: iqlim dəyişikliyi səbəbindən bitki ilə qidalanan dinozavrların növ müxtəlifliyi ani azalmalara məruz qalmışdı, dolayısı ilə ət yeyən yırtıcı dinozavrların da qida qaynaqları xeyli tükənməli idi. Bu səbəbdən "qatil-asteroidin" yaxınlaşma anına qədər dinozavrlar zəifləmişdi - qida qıtlığı, sağ qalmaq uğrunda davamlı mübarizələr və s. onların həqiqi mənada "əldən düşməsinə" yol açmışdı. Kosmik fəlakətin nəticəsində də milyon illər ərzində planetə hökmranlıq etmiş dinozavrlar məhvə məhkum oldular.

Asteorid toqquşması nəhəng sunami, zəlzələlər, yanğınlar və ani temperatur dəyişikliklərinə gətirib çıxardı. Qlobal qida zənciri nəhayət tənəzzül etdikdə dinozavrlar son sağ qalmaq şanslarını da itirmiş oldular. Sağ qalıb nəsli artırmış növlər isə yalnız uçmağı bacaranlar idi ki, onlar da müasir quşların meydana gəlməsinə səbəb oldular.

Paleontoloqların gəldiyi qənaətə görə, həmin asteroid Yeri cəmi bir neçə milyon il əvvəl, dinozavrların növ müxtəlifliyi baxımından zəngin olduqları dövrdə və ya bir qədər gec, yeni dinozavr növlərinin peyda olduğu dövrdə vursaydı, kosmik fəlakətin nəticələri qədim sürünənlər üçün bir o qədər ölümcül olmazdı və bir çox növlər yaşamağa davam edərdi. Beləliklə, dinozavrları Yer üzünün ən şanssız canlıları adlandırmaq olar.

Həmçinin oxuyun:

Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi
Dinozavrlar soyuqqanlı deyildi
Ən böyük dördqanadlı lələkli dinozavra aid qalıqlar tapıldı
daha ətraflı...

July 28, 2014

Genomumuzun cəmi 8,2%-i funksiyaya malikdir

Oksford Universitetindən olan mütəxəssislərin rəyinə görə, insan gemonunun cəmi 8,2%-i funksiyaya malikdir, yəni orqanizmin biokimyəvi reaksiyalarında müəyyən rol oynayır.

Genetiklərin əldə etdiyi yeni məlumatlar iki il əvvəlki nəticələrdən kifayət qədər fərqlənir. 2012-ci ildə ENCODE (DNT Elementlərinin Ensiklopediyası) layihəsi ilə məşğul olan alimlər genomumuzun 80%-dən artıq miqdarının funksional olduğunu iddia edirdilər.

Belə iddia iki genetikin şübhələrinə səbəb olub. Bir çox mütəxəssislər hesab edir ki, "biokimyəvi funksiyanın" tərifi şişirdilir. Yalnız orqanizmə açıq təsirləri olan DNT aktivliyi növlərini funksional adlandırmaq olar.

Oksforddan olan alimlər təkamül mexanizmi vasitəsilə məhz hansı DNT aktivliyi tipinin ciddi rola malik olduğunu anlamağa çalışıblar. Onlar, məməlilərin təkamülü prosesində insan genomunun son 100 milyon ildir təsir görməmiş hissəsini izləyiblər. Ekspertlərin dediyinə görə, bu faktor genlərin əhəmiyyət göstəricisidir - funksiyaları çox vacib olduğundan informasiyada qalmalıdırlar.

Kompüter analizi siçanlar, dovşanlar, itlər, atlar və əlbəttə ki insan kimi müxtəlif məməlilərin DNT sekvensiyalarını bir-biri ilə müqayisə etmək üçün şərait təmin edib. Nəticədə məlum olub ki, insan genomunun cəmi 8,2%-i funksionaldır, üstəlik bu genlər də əhəmiyyət səviyyəsinə görə fərqlənir. Genlərimizin yalnız 1%-dən bir qədər artıq miqdarı zülalların kodlaşdırılmasına nəzarət edir, hansılar ki bütün kritik dərəcədə vacib bioloji proseslərdə iştirak edirlər. Digər 7% gen isə insan orqanizminin müxtəlif hissələrində zülal kodlaşdıran genlərin hər hansı faktorlardan asılı olaraq aktiv-deaktiv edilməsi ilə məşğul olur.

"Müasir genetikaya əsasən, bütün DNT sekvensiyaları insan orqanizmində vacib rola malikdir. Əslində isə insan genomunun yalnız kiçik bir hissəsi funksionaldır", - Kris Rends qeyd edir.

Geriyə qalan 91,8% genom hissəsi isə "tullantı DNT" adlanan təkamülün qalıq materialı hesab edilir. Massaçusets Texnologiya İnstitutundan olan Manolis Kellis bildirir ki, yarasız hesab edilən tullantı genom hissəsini də nəzərə almaq lazımdır.

"Biz təkamül etmişik və bu proses qarmaqarışıqdır. Bu geriyə qalan DNT həqiqətən də yalnız doldurucudur. Bu, tullantı deyil, bir gün bizə lazım ola bilər. Lakin əsas mövzu bundan ibarət deyil, - Certon Lanter əlavə edir.

Həmçinin oxuyun:

İnsan DNT-sinin ikinci kodu tapıldı
Psevdogenlər yeni genləri meydana gətirir
Süni DNT-ə sahib orqanizm yaradıldı
daha ətraflı...

July 27, 2014

Dini tərbiyə almış uşaqlar reallıqla xülyanı ayırd edə bilmir

Boston Universitetindən olan alimlərin apardığı araşdırma dini tərbiyənin uşaqların uydurma və reallığı ayırd etmə bacarığına gözə dəyəcək səviyyədə təsir göstərdiyini təsdiqləyib.

Bir neçə etapdan ibarət olan tədqiqatda 5-6 yaşlı uşaqlar iştirak edib. İlk öncə məktəb yaşına çatmamış uşaqlara baş qəhramanı tamamilə real insan olan adi bir həqiqi hadisə danışılıb. Növbəti mərhələdə isə dini ailələrdə böyümüş uşaqlarla, onların dini tərbiyədən kənar mühitdə böyümüş həmyaşıdları arasında kəskin fərq olduğu aydın olub. Belə ki, tədqiqatçılar onlara real həyatda mümkünsüz görünən Tanrı müdaxilələri ilə bağlı dini əhvalatlar danışdıqda, uşaqların baş qəhramana dair düşüncələri anidən dəyişilib.

Hələ məktəb təhsilinə qədəm qoymamış, kilsə və ya kilsə məktəblərini ziyarət edən uşaqlar dini əhvalatın baş qəhramanını real insan adlandırıblar, digər yanda isə dünyəvi tərbiyə almış uşaqlar əminliklə eşitdikləri əhvalatın yalan olduğunu deyiblər.

Bundan başqa fərqli tərbiyələrin uşaqların mühakimə etmə və fikir irəli sürmə bacarıqlarında da iz qoyduğu məlum olub. Cadugarlıq və fantastik hadisələrdən bəhs edən qeyri-real əhvalatlara qulaq asan uşaqlar yenə ikiyə bölünüb: dini təlimlərlə tanış olmayan uşaqlar əhvalat qəhramanlarını uydurma adlandıraraq, əfsanəni reallıqdan ayırd etmədə daha fəal olublar. Dindar ailələrdən olan həmyaşıdları isə əksinə olaraq fantastikanı ciddi qəbul edərək, qeyri-real hadisələrin kökündə Tanrının olduğunu bildiriblər.

"Dini tərbiyə uşaqların reallığı uydurmadan ayırd edə bilmə bacarığına güclü təsir göstərir. Bu təkcə dini deyil, həm də fantastik əhvalatlara aiddir. Dünyəvi uşaqların uydurma kateqoriyasına aid etdiyi hadisələri dini tərbiyə almış həmyaşıdları şübhəsiz həqiqət kimi qəbul etdilər", - tədqiqatın başında duran Ketlin Korrivau qeyd edir.

Həmçinin oxuyun:

Dinin insan təkamülündəki bazisi tapıldı
Təkamül nöqteyi-nəzərindən Dinlər və Tanrılar
Nuhun dairəvi gəmisi inanclıları narahat etdi
daha ətraflı...

July 19, 2014

Hokinq: "Sağalmaz xəstələrə intihar hüququ verilməlidir"

Sağalmaz xəstəlik olan yan amiotrofik sklerozdan əziyyət çəkən nəzəri fizik Stiven Hokinq hesab edir ki, həkimlər sağalmaz xəstələrə preparatların ölümcül dozasını təyin etməlidirlər - sözsüz ki əgər onlar buna ehtiyac duyursa.

Stiven Hokinq "yaşamaq yoxsa yaşamamaq?" sualındaki seçim azadlığına səsləyir. Məşhur fizik hesab edir ki, intihar - seçimdir, hansının ki hüququna hər kəs malik olmalıdır, xüsusilə də sağalma ehtimalı olmayanlar. Fizikin dediyinə görə, bununla əlaqəli olaraq, həkimlər sağalmaz xəstəliklərdən əziyyət çəkən insanlara ölümcül dərman dozaları yazaraq, son günlərində onlara dəstək olmalıdır.

Böyük Britaniyada 18 iyul tarixində assistentli ölüm üzrə qanun layihəsinin ikinci oxunuşu baş tutub. Evtanaziyadan fərqli olaraq burada xəstə razı olduqda özü-özünə ölümcül doza yeridir. Evtanaziyada isə bu işi xəstənin razılığı ilə həkim yerinə yetirir.

Assistentli ölüm üzrə Britaniya qanun layihəsinə əsasən, xəstəliyin terminal mərhələsində həkimlər, ölümünə yarım ildən az müddət qalmış insanlara ölümə səbəb olacaq güclü preparat dozaları təyin edə biləcəklər.

Həkimlər tənəffüs borusu yeridilməsi əməliyyatı zamanı Stiven Hokinqin də intihar etmək arzusu olduğunu qeyd edirlər.

Həmçinin oxuyun:

Stiven Hokinq sağala bilər
Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Hokinq sayəsində öyrəndiklərimiz
daha ətraflı...

July 17, 2014

Ən böyük dördqanadlı lələkli dinozavra aid qalıqlar tapıldı

Alimlər Çin ərazisində ən böyük dördqanadlı lələkli dinozavr növünə aid fosilləşmiş qalıqlar aşkar etməyə nail olublar. Növ dörd qanadı ilə yanaşı həm də uzun quyruq lələklərinə sahib olub.

Changyuraptor yangi adı verilmiş yeni lələkli dinozavr növü uçmağı kifayət qədər yaxşı bacaran yırtıcı idi. Təbaşir dövründə mövcud olmuş canlı Çinin indiki Lyaonin vilayətində yaşayıb. Təxminən 30 sm uzunluğa malik quyruq lələkləri ornitopodlara aid olmayan bütün dinozavrlar arasında ən uzunu hesab edilir. Mütəxəssislər qeyri-adi lələkləri sayəsində çoxqanadlı dinozavrın uçuşda yavaşlaya bilmək və yerə təhlükəsiz eniş etmək üstünlüyü əldə etdiyini qeyd edirlər.

Changyuraptor yangi erkən lələklilərə aid yeni mikroraptor qrupu növüdür. Bu qədim sürünənlər üzərində aparılacaq araşdırmalar uçuş kimi bir fenomenin necə formalaşdığına aydınlıq gətirməklə qalmayıb, həm də lələkli dinozavrlardan quşlara təkamül zəncirini bərpa edəcək. Fosillər Çinin Bohai Universitetindən olan alimlər və onların ABŞ-ın Los-Anceles ətrafı Təbiət Tarixi Muzeyindən olan həmkarları tərəfindən aşkar edilib.

Burun ucundan quyruq sonuna qədər 132 sm uzunluq təşkil edən canlı arxeoloqların indiyəcən rast gəldiyi ən böyük dördqanadlı dinozavrdır. Müasir qartal və albatros kimi quşlardan daha böyük ölçülərə malikdir.

Yeni dinozavrın arxa üzvlərindəki lələklər qeyri-adi şəkildə uzundur, bu da, alimlərin dediyinə görə, onların uçuşda vacib rola malik olduğundan xəbər verir. Əldə edilmiş nəticələrə əsasən, qədim dino-quş uzun quyruğunu isə öz ağırlığını kompensasiya etmək və uçuşunu stabilləşdirmək üçün istifadə edirdi.

Həmçinin oxuyun:

Yer tarixinin ən böyük quşu tapıldı
Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?
Dimdik uçuş üçün deyil, qidalanmaq üçün idi
daha ətraflı...

July 16, 2014

20 il sonra yadplanetlilərlə ilk əlaqə yaradılacaq

Tarix ərzində insan göylərdə yaşayan "sehrli varlıqlarla" əlaqə yaratmağa çalışıb. İlk əvvəl tanrı və mələk, zamanla isə yadplanetli anlayışı formalaşıb. Elmin təmin etdiyi faktlarla onların da bizim kimi həyata əlverişli planetə, oksigenə, suya möhtac ola və texnoloji səviyyədə bizdən dəfələrlə üstün ola biləcəklərinə əmin olmuşuq.

NASA mütəxəssisləri verdikləri son sensasion açıqlamada Yer sakinlərinin çoxdan gözlədiyi yadplanetlilərlə əlaqə yaradılmasının cəmi iki onillik, yəni 20 il sonra sonra baş tuta biləcəyini bildiriblər.

Amerika Kosmik Agentliyi və Masaçusets Texnologiya İnstitutundan olan Sara Ziger 2035-ci ilədək yadplanetli sivilizasiyalarla əlaqə qurulacağına şübhə etmir. Alim qeyd edir ki, tezliklə elmi və texnoloji inkişafın qazandırdığı imkanlarla hansı ulduzlar ətrafında Yerə oxşar planetlərin mövcud olduğunu dəqiq və rahatlıqla anlayacağıq.

Yadplanetli sivilizasiyalardan yayılmış ola biləcək siqnalların qeydə alınması ilə aktiv olaraq məşğul olan Yerdənkənar Sivilizasiyaların Axtarışı üzrə Tədqiqat Mərkəzi (SETI) nümayəndələri yeni nəsil güclü teleskoplar və informasiya bərpası alqoritmi kimi üstünlüklərlə yaxın perspektivdə əsrlərdir qaranlıq qalmış bu sualın cavablandırılacağına ümid edirlər.

Həmçinin oxuyun:

Əlaqənin çətinlikləri
Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik
Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top