December 3, 2014

Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?

Homo sapiens'in əcdadları spirti həzm etməyə başladıqda, hələ heç ilk spirtli içkilər hazırlanmamışdı. Etil spirtini həzm etməyimizi təmin edən fermentin təkamülünü analiz edən alimlər, bu xüsusiyyətin əcdadlarımızda təxminən 10 milyon il əvvəl, ağaclardan endikləri dövrdə ortaya çıxdığını aşkar ediblər.

Təbiətin hansı səbəbdən bizə etanolu (və ya etil spirti) həzm etməyə məcbur etdiyi uzun illərdir alimləri düşündürən mövzu olaraq qalırdı. Əvvəllər bunun əkinçiliyin inkişaf etməsi və ilk alkoqollu içkilərin hazırlanması ilə əlaqəli olduğu hesab edilirdi.

İndi isə amerikalı tədqiqatçılar daha maraqlı nəticələrə gəliblər. Onlar, alkoqoldehidrogenaz IV (ADH4) fermentinin 28 növ məməlidə 70 milyon illik zaman ərzində necə dəyişildiyini öyrənmək üçün tədqiqatda paleogenetika metodlarından yararlanıblar.

Nəticədə alimlər ADH4 fermentində cəmi bir mutasiyanın baş verdiyini aşkar ediblər ki, məhz bu dəyişiklik təxminən 10 milyon il əvvəl əcdadlarımızın etanol həzm etmə bacarığının artmasına və növbəti nəsillərdə yaxşıca oturuşmasına səbəb olub. Diqqətəlayiqdir ki, məhz bu dövrdə əcdadlarımız ağaclardan yerə enməyə başlayıb.

Bu iki hadisəni bir-biri ilə bağlamaq istəyən alimlər, iqlim dəyişikliyi ilə əlaqəli olaraq əcdadların məcburən yerə endikdən sonra ağaclardan qoparaq yerə düşmüş meyvələrlə qidalanmağa başladıqları səbəbindən etil spirti həzm edilməsi tələbatının meydana gəldiyini hesab edirlər. Çürümüş meyvələrlə qidalanan primatlar müəyyən qədər etanol dozası almış və qaçılmaz olaraq da keflənmiş olmalıdırlar. Ardından isə təbii seçmə rolunu oynamağa başlayıb - yalnız spirt zəhərlənməsindən əziyyət çəkməyən və özü ilə birlikdə həm də balalarını qorumağı bacarmış fərdlərin sağ qalaraq, nəsillərini artırması təmin edilib.

Bu nəzəriyyə idealdır, çünki təkcə bizim spirt həzm etmə bacarığımızı deyil, həm də digər bir vacib təkamül biologiyası sirrini cavablayır: axı nə səbəbə Homo sapiens'in əcdadları ağaclardan yerə enib? Sözsüz ki, daha bir neçə araşdırma aparılmalıdır, lakin ağacdan qoparaq düşmüş meyvələr dalıyca yerə enmək ehtiyacının burada əhəmiyyətli rol oynamış ola biləcəyi versiyası maraqlı səslənir.

Həmçinin oxuyun:

Körpələr sağ qalmaq üçün gecələr oyanır
Neandertallar və Homo sapiens ayrı növlərdir
Saqqal dəbi Darvinin təbii seçməsinə əsaslanır
daha ətraflı...

Stiven Hokinq: "İntellektual maşınlar bizi qabaqlayacaq"

Britaniyalı astrofizik Stiven Hokinq süni intellektin inkişafının bəşəriyyət üçün təhlükəli ola biləcəyini hesab edir.

Dünya şöhrətli fizik BBC-yə verdiyi açıqlamasında dolğun süni intellektin insan irqinin sonunu yaxınlaşdıracağını deyir. Belə intellekt inanılmaz sürətlə təkmilləşərək, insan inkişafını geridə qoyacaq, nəticədə də bəşəriyyət intellektual maşınlarla müqayisə edilməyəcək qədər geri düşəcək. Bir neçə ay əvvəl də bu mövzuda proqnozlarını irəli sürmüş alim, görünür ki, texnoloji inkişafın qaranlıq yönlərindən ehtiyatlandığını gizlətmir.

Bununla belə Hokinq primitiv süni intellekt cihazlarının faydalı olduğunu qeyd edir. Alim özü də Intel şirkətinin istehsalı olan xüsusi nitq ötürücü sistemindən yararlanır. Bu sistem fikir gedişatını təhlil edərək, müəyyən bir vəziyyətdə deyilməsi mümkün olan sözləri təqdim edir. Ardından isə professor Hokinqin səsi proqramlı şəkildə generasiya edilir.

Kembric Universitetinin nəzəri kosmologiya mərkəzinin təsisçisi və eyni zamanda rəhbəri olan Stiven Hokinq dövrümüzün ən məşhur nəzəri fiziklərindən biridir. Yan amiotrofik sklerozdan əziyyət çəkən alim əlil arabasına məhkumdur. Buna baxmayaraq dəfələrlə özünün xoşbəxt olduğunu deyən Hokinq, davamlı elm populyarizasiyası ilə məşğul olmaqla yanaşı, həm də bir çox elmi layihələrdə iştirak edir.

Həmçinin oxuyun:

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Hokinq: "Sağalmaz xəstələrə intihar hüququ verilməlidir"
Hokinq: "Qara dəliklər mövcud deyil"
daha ətraflı...

December 2, 2014

Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir

Uzun illərdir gözlənilən hadisə nəhayət baş verə bilər. Alimlərin dediyinə görə, Yerə düşmüş Mars meteoriti Tissint üzərində aşkar edilmiş üzvi molekullara aid izlər bioloji mənşəlidir. Analiz nəticələri Marsın bir vaxtlar yadplanetlilər üçün yuva olduğunu 99%-lik ehtimalla təsdiq edir.

Tissint meteoriti Yerə, Mərakeş ərazisindəki səhraya 2011-ci ildə düşmüşdü. Alimlər onun kimyəvi tərkibini öyrəndikdən sonra Tissintin Marsa aid fraqment olduğunu aydınlaşdırmışdılar.

Bu üzrə ən güclü nəzəriyyəyə əsasən, bir vaxtlar Mars səthinin altında yerləşmiş meteorit, planetlə iri asteroidin toqquşmasından sonra Qırmızı planeti tərk edib. Marsın cazibə qüvvəsini qətt etmək üçün kafi sürəti yığan Tissint kosmik məkana daxil olaraq, zamanla Yerə düşüb.

Tissint üzərində aparılan araşdırmalarda üzvi karbon birləşmələrinə aid izlərin tapılması sensasiyaya səbəb oldu. Növbəti tədqiqatlar bu birləşmələrin tamamilə yadplanetli mənşəli olduğunu və elə obyektin içərisindəcə kosmosa atıldığını göstərdi. Bundan sonra mübahisələr daha da qızışdı - üzvi birləşmələrin bioloji olub-olmadığı sirr olaraq qalırdı.

İndi isə, alimlərdən ibarət beynəlxaq tədqiqatçı qrupun apardığı işlər, birləşmələrin bioloji mənşəli olduğu ehtimalının hesab ediləndən daha yüksək olduğunu aşkara çıxarıb. Meteoritdəki karbon birləşmələri izlərinin ətraflı analiz işlərini aparan avropalı, çinli və yaponiyalı alimlər belə qənaətə gəliblər ki, üzvi birləşmələr meteoritə yeraltı sular köməyilə düşüb, tərkibindəki karbon isə nə maqmatik, nə də ki atmosfer mənşəlidir. Yəni, bu, yalnız bioloji olmalıdır.

Bu iddianı sübut edən bir çox göstəricilər var, misal üçün, karbon-13-ün karbon 12-ə nisbəti. "Phoenix" və "Curiosity" cihazları köməyilə əldə edilmiş məlumatlar, bu nisbətin Tissintlə müqayisədə Mars atmosferində daha yüksək olduğunu göstərir. Bu proporsiyadaki fərq Yerdəki göstəricilərlə ideal dərəcədə uyğunluq təşkil edir - xüsusilə Yer havasındaki karbonla kömür nümunələrindəki karbon arasında, hansılar ki eyni zamanda bioloji mənşəlidir.

Alimlər nəticələri vaxtından əvvəl əldə edilmiş yadplanetlilərə aid sübut hesab etsələr də, birmənalı cavab verməyə tələsmədiklərini deyirlər.

"Belə bir zərif mövzuda təkid etmək mənasızdır. Digər tədqiqat qruplarının nəticələri bizimkilə ziddiyyət təşkil etsə, mən artıq buna hazır olacam. Lakin gəldiyimiz yekun nəticələr, ən azı, Marsın keçmişində orada mövcud olmuş həyatla bağlı müzakirələrə yeni nəfəs verəcək", - Lozanna Dövlət Politexnik İnstitutundan olan Filip Jille qeyd edir.

Həmçinin oxuyun:

Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi
Marsa aid ən qədim meteoritlər
 "Yerlilərdən" Marsa 90 min məktub
daha ətraflı...

November 29, 2014

Florida kərtənkələləri 15 il və 20 nəsil ərzində sürətli təkamül keçirdi

Floridadakı adalarda araşdırmalar aparan alimlər yerli bir kərtənkələ növündə sürətli təkamülləşmə nümunəsi təsbit etdilər. Kubadan gətirilən və arealı işğal edən başqa kərtənkələ növü səbəbilə bu yerli kərtənkələlər cəmi 15 ildə təkamül keçirdilər. Bu işğalçı növlərlə təmasa keçmələrindən sonra, yerli kərtənkələlər nəsillər keçdikcə ağacların daha yüksək hissələrində yaşamağa başladılar. Lakin bu, daha nazik budaqlara uyğun olacaq şəkildə, daha güclü bir yapışma (tutma) sahəsi tələb edirdi. Bu kərtənkələlərdə cəmi 15 il ərzində nazik budaqlara daha yumşaq bir şəkildə yapışa biləcək ayaq strukturları təkamülləşdi.

Bu dəyişmə, heyrətamiz sürətdə baş verdi: Kubadan gələn kərtənkələlərin həyat sahələrinə daxil edilməsindən yalnız bir neçə ay sonra, yerli kərtənkələlər ağacların daha yüksək hissələrinə qaçmağa başladılar. 15 il müddətində (bu onlar üçün 20 nəslə uyğun gəlir), ayaqlarının səthləri daha geniş bir sahəni örtəcək şəkildə təkamülləşdi; beləcə daha yapışqan vəziyyətə gəldilər.

"Belə bir dəyişmə görəcəyimizi heç təxmin etmirdik. Lakin keçirdikləri təkamül sürəti və ölçüsü həqiqətən təəccüb doğurur. Bu təkamülü anlaya bilməyiniz üçün belə deyə bilərəm: əgər ki insanların boyu, bu kərtənkələlərin ayaqlarının təkamülləşmə sürətində təkamülləşmiş olsaydı, cəmi 20 nəsildə boy ortalamamız 1.75m-dən 1.93m-ə qalxardı. Başqa deyimlə, məsələn, ABŞ-dakı insanların boy ortalaması, hal-hazırda NBA-dəki basketbolçuların boy ortalamasına bərabər olardı. Hər nə qədər insanlar kərtənkələlərdən daha artıq yaşamış olsalar da, bu təkamül sürəti yenə də təkamülün normal ortalamasına görə çox yüksəkdir", - Austində yerləşən Texas Universiteti Təbiət Elmləri İnstitutunda işləyən və 24 oktyabr 2014-cü ildə Science jurnalında dərc olunan məqalənin baş müəllifi olan Yoel Stuart qeyd edir.

Araşdırılan yerli kərtənkələ Carolina anoles adıyla tanınan yaşıl anoles kərtənkələsidir. Bu canlılar ABŞ-ın cənub-şərqində yaşayırlar. Ərazini işğal edən, Kuba və Baham adalarından gətirilən növ isə qəhvəyi anoles kərtənkələsidir. Qəhvəyi anoles kərtənkələsi Cənubi Floridada ilk dəfə 1950-ci illərdə görülməyə başladı. Böyük ehtimalla, Kubadan idxal olunan əkinçilik məhsullarıyla gətirildilər. O vaxtdan Floridada sürətlə yayılırlar.

Aparılan son araşdırma, bir-birinə rəqib olan növlər arasında müşahidə edilən, təkamülçü bioloqların "xarakterik köçürülmə" adlandırdıqları bir xüsusiyyətin nadir və zəngin nümunələrindən biridir. Belə vəziyyətdə fərqli ekoloji mühitlərdə üstün hala gəlmək istəyən növlərdə, bir-birlərinə üstün gələ bilmələrini təmin edən fərqli xüsusiyyətlər təkamülləşir. Bunun ən klassik nümunəsi, Darvinin araşdırdığı alacəhrələrdir. Qalapaqos Adalarındakı 2 alacəhrə növündə, fərqli qida mənbələrindən istifadə edə bilmək üçün fərqli dimdik strukturları təkamülləşmişdir.

Tədqiqatçılar yaşıl və qəhvəyi kərtənkələlərin eyni qida mənbələrindən və arealdan istifadə etdikləri səbəbindən yaşıl kərtənkələlərin sürətli təkamülünün stimullaşdırıldığını hesab edirlər.

Həmçinin oxuyun:

Dinozavrlar soyuqqanlı deyildi
Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi
Arxa üzvlərin təkamülü aydınlaşdırıldı
daha ətraflı...

"Yerlilərdən" Marsa 90 min məktub

NASA-nın ilk uğurlu Mars missiyasının 50 illiyi şərəfinə amerikan şirkəti olan "Uwingu" Yer sakinlərindən Qırmızı planetə təxminən 90 min radio-məktub göndərib.

"Uwingu" şirkəti Mars araşdırmalarının 50-ci illiyini qeyd etmək üçün qeyri-adi təklif irəli sürüb. Belə ki, bəşəriyyət tarixində ilk dəfə olaraq yerlilər radio vasitəsilə Marsa məktub göndəriblər.

Bu hadisə Beam Me to Mars layihəsi çərçivəsində, 28 noyabr 1964 tarixində baş tutmuş "Mariner-4" adlı avtomatik planetlərarası stansiyasının kosmosa buraxılmasının 50-ci ilinin qeyd edilməsi məqsədilə həyata keçirilib. Məhz bu kosmik cihaz Mars ətrafında ilk uğurlu uçuşu reallaşdırıb. Bundan başqa yad planetin yaxın məsafədən şəkillərini çəkərək Yerə ötürən ilk cihaz adını da daşıyır.

Aksiyada iştirak etmək üçün könüllülər, həcmindən asılı olaraq, məktublar üçün 5-100$ arası məbləğində ödəniş etməli olublar. Göndərilmiş zarafatyana və ciddi məktublar arasında adlar və fotoşəkillər də yer alıb. Qeyd edilir ki, Qırmızı planetə həmçinin layihəni dəstəkləyən müxtəlif kosmik təşkilatların 25-dən çox loqotipi göndərilib. Məktubların müəllifləri arasında bəzi məşhurlara da rast gəlmək olar.

"Uwingu" şirkəti yığılan vəsaitin digər ambisiyalı layihələrin həyata keçirilməsinə sərf olunacağını bildirib.

Həmçinin oxuyun:

"Mars One" layihəsi üçün 1058 nəfər seçildi
Hindistan Marsa doğru
Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi
daha ətraflı...

Neandertallar və Homo sapiens ayrı növlərdir

Yeni bir tədqiqatın nəticələri bir daha təsdiq edir ki, neandertallar və Homo sapiens fərqli növlər olub.

"SUNY Downstate" tibb mərkəzindən olan mütəxəssislər müasir texnologiyaların köməyilə neandertalların modern insanın alt növünü deyil, tamamilə fərqli növü təmsil etdikləri versiyasına güclü dəlil əldə ediblər. Alimlər Homo sapiensHomo neanderthalensis növlərinin burun müqayisəsi analizləridən sonra belə qərara gəliblər. Qeyd etmək yerinə düşər ki, dəyişkənliklərilə fərqləndiyi üçün burnun forması və ölçüsü antropoloji araşdırmalarda vacib diaqnostik əlamət hesab edilir.

Tədqiqatda antropoloqlar əldə olan kəllə sümüklərini öyrənib, daha sonra isə burun boşluğunun iç strukturunun 3D rəqəmsal görüntüsünü yaradan xüsusi sistemdən yararlanıblar. Ətraflı araşdırmanın ardından neandertalların yuxarı nəfəs yollarının bizimkindən fərqli funksiyaya malik olduğu bəlli olub. Antropoloqlar qeyd edir ki, Homo neanderthalensis'in bədən quruluşu planı da həmçinin insandakından fərqlənir, buna görə də bu iki növü bir-birindən ayırmaq lazımdır.

Əgər neandertallar bu gün də yaşasaydılar, ən yaxın bioloji qohumlarımız şimpanzelər deyil, məhz onlar olacaqdı - genetika da bunu təsdiqləyir. Uzun müddətdir ki, elm ictimaiyyətində nəsli kəsilmiş növ olan Homo neanderthalensis'in bizdən ayrı, yoxsa bizim alt növümüz olduğu mövzusunda müzakirələr gedirdi. Son illərdə tapılan qalıqlar və müasir metodlar sayəsində artıq neandertalların müstəqil növ olduğu versiyası daha çox məşhurluq qazanır.


Neandertalların nəslinin kəsilməsinin əsas səbəbi, müasir elmi tapıntılara əsasən, bizimlə rəqabət apara biləcək gücdə olmamaları idi. Bəzi tədqiqatçılar isə bunun səbəbinin, neandertalların daha soyuq və daha quru iqlimlərdə yaşamalarını mümkünsüz edən spesifik burun quruluşu olduğunu hesab edirlər.

Həmçinin oxuyun:

Neandertallar mərhələlərlə təkamülləşib
Neandertallar bizə genlərinin 20%-i verdi

Siqaret asılılığı neandertallardan qaynaqlanır
daha ətraflı...

November 18, 2014

"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı

Almaniya Aerokosmik Mərkəzindən (DLR) alınan məlumata görə, "Fila" kosmik cihazı yuxu rejiminə keçmədən əvvəl komet üzərində üzvi birləşmələrə rast gəlib. Nəzəri olaraq, həmin birləşmələrin həyatın yaranması prosesində iştirak etmiş ola biləcəyini demək olar.

"Fila" 67P/Churyumov-Gerasimenko adlı kometin atmosferini araşdırdıqdan sonra molekullar aşkar edib. Onlardan bir hissəsinin tərkibində karbon atomları var ki, bu kimyəvi element olmadan həyatı təsəvvür etmək mümkün deyil. Yalnız dəqiq nəticələr əldə edildikdə, alimlər kimyəvi birləşmələrin tərkibini açıqlayacaqlarını bildirirlər. Bunlar sadə (metanol və ya metan) olduğu kimi, mürəkkəb (aminturşuları) birləşmələr də ola bilər. Əgər alimlər soladolanmış aminturşularını tapsalar, həyatın bizim planetə məhz kometlərlə gətirildiyi versiyasını təsdiq etmiş olacaqlar.

Bununla yanaşı "Fila" modulunun kometdə qazıntı işi apararaq torpaq tərkibi ilə bağlı məlumatlara yiyələndiyi, lakin hələlik alimlər tərəfindən ətraflı araşdırılmadığı qeyd edilir.

Kometlərin zənginliyi bundan ibarətdir ki, Günəş sisteminə aid və minimal dəyişikliyə uğramış relikt maddələri daşıyırlar. Onlar sayəsində Churyumov-Gerasimenko kometi həyatın Yerdə özbaşına yaranmış olduğuna, yaxud kənardan düşdüyünə aydınlıq gətirəcək.

Avropa Kosmik Agentliyi tərəfindən hazırlanmış Rozetta aparatı 2004-cü ilin 2 martında kosmosa buraxılıb. Rozetta zondunun eniş modulu olan "Fila" on illik kosmik səyahətin sonunda 2014-cü ilin 12 noyabrında kometə endirilib. Kometin çökəkliyinə endiyi üçün orada ilişib-qaldığından və lazımi miqdarda Günəş enerjisi ala bilmədiyindən, əsas batareyaları tükənəndən dərhal sonra 15 noyabr tarixində modul yuxu rejiminə keçməli olub. Lakin xoşbəxtlikdən "qəflət yuxusuna" dalmadan əvvəl, əldə etdiyi dəyərli məlumatları Yerə ötürməyi bacarıb.

Həmçinin oxuyun:

"Fila"dan pis xəbər var: Əlaqə kəsildi
"Fila" modulu ilk dəfə komet üzərinə eniş etdi
Hindistan Marsa doğru
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top