January 6, 2015

Maya sivilizasiyasının yox olma səbəbi nədir?

Qədim Amerika xalqı olan mayaların tarixin səhnəsindən ani silinməsi bir çox şübhələrə səbəb olur. Bu şübhələrin bəzisinin elmi əsası olsa da, digərləri sadəcə iddia olaraq qalır. Psevdoelm həvəskarları olan konspiroloqlar mayaları hətta qədimdə Yerdə yaşamış və günlərin bir günü naməlum səbəblərdən buranı tərk edərək, fantastik planetlərinə köç etmiş yadplanetli irqi olaraq da görür. Bütün bu əfsanələrin sürətlə yayıldığı bir vaxtda, ABŞ-dan olan alimlər qədim maya sivilizasiyasının yox olma səbəbini tapdıqları ilə bağlı açıqlama veriblər.

Geoloqların qənaətinə görə, maya sivilizasiyası təxminən yüz il davam edən quraqlıq dövründə tarixdən silinib, dolayısı ilə onların məhv olma səbəbi elə quraqlıqdır. Böyük mavi dəlik adı ilə tanınan ərazidə və yaxınlıq yerlərdə tapılan minerallar araşdırıldıqdan sonra sivilizasiya ilə bağlı yekun qərara gəlinib. Məlum olub ki, VIII-IX əsrlərdə bur ərazilərdə ekstremal quraqlıq müşahidə olunub - elə bu səbəbdən mayalar daha şimala köç etməyə məcbur olublar ki, orada da bir neçə əsr sonra izləri Yer üzündən tamamilə silinib.

Yerli hindilərin iqlim zəminli kollapsı ilə bağlı nəzəriyyə ilk dəfə Böyük mavi dəlik ərazisindən alınan kern süxurlarına aid nümunələr köməyilə təsdiq edilib. Rays Universitetindən olan tədqiqatçı Andre Droksler sıx divarları olan laqunlarda, mərcan poliplərindəki bol çöküntülərdən sonra su yığılmış olduğunu izah edir. Geoloqlar yağış vaxtlarında həmin laqun çöküntülərində suya düşən titan payı ilə maraqlanıblar. Aşkar edilən aşağı metal payı uzunmüddətli quraqlıqdan xəbər verir.

Alimlər bundan əlavə 800 və 1000-ci illər ərzində tropik siklonların sayının üç dəfə azaldığını aydınlaşdırıblar. Məhz bu dövrdə mayalar şimala, Çiçen-İtsaya köç etmək qərarına gəliblər, lakin quraqlıq bu ərazilərdə də onları rahat buraxmayıb, bu səbəbdən hindilər növbəti dəfə şəhərlərini tərk etməyə məcbur qalıblar. Alimlər quraqlığa əsas səbəbin ITCZ (tropiklərarası konvergentlik zonası) sistemindəki yerdəyişmələr olduğunu deyirlər. Göründüyü qədərilə, Yerin subtropik ərazilərini qurudan və tropiklərə çöküntülər gətirən bu sistem, maya sivilizasiyasının zəifləməsi dövründə Yukatan adasındaki lazımi su miqdarı ehtiyacını təmin edə bilməyib. Bunun nəticəsində də əkinçilik sahəsində problemlər meydana gəlib ki, aclıq yaşandığından mayaların sivilizasiyasının süqutu axır-əvvəl qaçılmaz hal alıb.

Həmçinin oxuyun:

Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı
Kral Davudun dövləti mövcud olub
Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi
daha ətraflı...

Superkütləli qara dəlikdən rekord miqdarda tullantı

Astronomlar "Çandra" kosmik rentgen rəsədxanası köməyilə Süd Yolu qalaktikasının mərkəzində yerləşən superkütləli qara dəliyin tullantı atdığını müşahidə ediblər. Qeyd edilir ki, bu, kosmik tarix ərzindəki ən böyük miqdarda tullantı atılması hadisəsidir.

Qalaktikamızın mərkəzində Oxatan A (Sgr A) adlı superkütləli qara dəlik yerləşir. Bu qara dəliyin kütləsi Günəşin kütləsindən 4,5 milyon dəfə artıqdır.

Sgr A-da baş verən güclü elektromaqnit şüalanması partlayışını "Çandra" teleskopu vasitəsilə, qara dəliyin G2 qaz buludu ilə təmasının müşahidə edilməsi anında qeydə almaq mümkün olub. Mütəxəssislərin rəyinə görə, tullantı normal səviyyədən 400 dəfə artıq miqdarda şüa yayıb.

Süd Yolu qalaktikasının mərkəzindəki ağır qara dəliyin kosmosa atdığı maddə tullantısı hadisəsini izah etmək üçün alimlərin əlində iki versiya var. İlk versiyaya əsasən, rentgen tullantısına səbəb qara dəliyin qravitasiya təsiri zonasına düşmüş asteroidin məhvidir. Belə bir güclü partlayışın meydana gəlməsinə ikinci mümkün səbəb isə qara dəliyə axan qaz axınındaki maqnit qüvvə xətlərinin qarşılıqlı əlaqəsi ola bilər.

"Çandra"-nın aparacağı əlavə analiz işləri nəticəsində növbəti aylarda əldə ediləcəyi güman edilən məlumatlarla qalaktikamızın mərkəzindəki sirli obyektin rekord tullantısı səbəbinin məlum olacağı gözlənilir.

Həmçinin oxuyun:

Kiçik qara dəlik alimlərin işini çətinləşdirir
Qalaktikanı tərk edən ulduzlar tapıldı
Qara dəliyin içərisində yaşayırıq?
daha ətraflı...

January 4, 2015

Kral Davudun dövləti mövcud olub

Arxeoloqlar kral Davud və Süleymanın yaşamış olduqlarını və e.ə. IX-X əsrlərdə İsrailə başçılıq etdiklərini göstərən yeni dəlillər əldə ediblər. Onlar, İsrailin cənub bölgəsində, Qəzza yaxınlığında palçıqdan hazırlanmış möhürlər tapıblar.

Möhürlərin üzərində rəsmi yazışma işləri üçün planlaşdırılmış əl basmalarını aşkar edən alimlər, bu ərazidə bir vaxtlar həqiqətən dövlət qurulduğunu təsdiq ediblər. Professor Cimmi Hardin əldə edilmiş bullaların e.ə. X əsrə aid yeganə möhürlər olduğunu qeyd edir.

Bu fakt olduqca böyük maraq kəsb edir, çünki daha əvvəl bir çox alimlər bu ərazidə e.ə. X əsrdə dövlət qurulmuş olduğuna skeptik yanaşırdılar. Bulla möhürlərinin İsrail krallığının periferiyasında tapıldığı, min illər əvvəl burada hər hansı bir administrativ təşkilatın mövcud olmuş ola biləcəyini göstərir. Qeyd etmək lazımdır ki, Davud kralın yaşayıb-yaşamadığı mövzusu da uzun müddət elm ictimaiyyətində mübahisə obyekti olaraq qalıb.

Hesab edilir ki, Davud İsrailin ikinci kralı olub. O, təxminən 40 il müddətində hakimiyyəti əlində saxlamağı bacarıb. Dini məntlərdə Davudun obrazı "ideal" hökmdar kimi təsvir olunur. Yəhudilərin inancına görə, Məsiha məhz onun nəslindən çıxaraq, dünyanı şərdən xilas edəcək.

Həmçinin oxuyun:

On min illik qədim şəhər tapıldı
Misir ehramlarının daşları necə daşınılırdı?
Arxeologiya və zaman əlaqəsi
daha ətraflı...

Seks nə vaxt yaranıb?

Alimlərdən ibarət beynəlxalq kollektivin gəldiyi yeni qənaətə görə, seks təxminən 385 milyon il əvvəl meydana gəlib. Belə çoxalma üsulundan ilk dəfə Microbrachius dicki adlı zirehli balıqlar yararlanıblar.

Tədqiqatçılar tarixdə ilk dəfə məhz bu heyvanların kürütökmə üsulunu unudaraq, sekslə artmağa başladıqlarını qeyd edirlər. Buna qədər isə hesab edilirdi ki, cinsi birləşmə üsulu daha 200 milyon il yaşlıdır.

Məlum olduğu kimi, Microbrachius dicki növünün erkəkləri bir santimetr uzunluğu olan çıxıntıya, dişiləri isə onu içərisinə alan xüsusi sümük strukturuna sahib olub. Alimlər belə balıqların seksual aktının "qucaq-qucağa" baş vediyini və bir növ rəqsi xatırlatdığını deyirlər. Balıqlara bu pozada durmağa kiçik üzgəcləri yardım edirdi.

Microbrachius dicki - 8 santimetr uzunluğa sahib kiçik sümüklü balıqlara verilən addır. Onlar, müasir Şotlandiya ərazisində yerləşən göllərdə yaşayırdılar. Bu balıqların xüsusi anatomiyaya sahib olduğu ilk dəfə Flinders Universitetindən olan avstraliyalı alim Con Lonq tərəfindən fərq edilib.

Lakin belə çoxalma üsulunu canlı orqanizmlər çox uzun müddət məşq etməyiblər. Təkamül balıqları yenidən kürütökmə üsuluna qayıtmağa məcbur edib. Yalnız milyon illər sonra müasir köpəkbalıqları və skatların əcdadları seksual əlaqədən istifadə etməyə başlayıb.

Həmçinin oxuyun:

Onurğasızların beyni təkamül keçmişinə işarə edir
İbtidai cinsi bölünmə geni aşkar edildi
Təkamülü sürətləndirən mexanizm tapıldı
daha ətraflı...

January 3, 2015

"Dawn" zondu Serera ilə görüşə hazırlaşır

Tarixi görüşə az qalıb. NASA-nın rəsmi saytından alınan məlumata görə, avtomatik planetlərarası zond "Dawn" 2015-ci ilin mart ayında cırtdan planet olan Sereranın orbitinə daxil olacaq.

"Dawn" (Şəfəq) zondu Vesta asteroidi və cırtdan planet Sereranın öyrənilməsi məqsədilə öz kosmik səyahətinə 2007-ci ilin sentyabr ayında start vermişdi. Cihazın missiyasının ilk hissəsi müvəffəqiyətlə başa çatıb: "Dawn" 14 ay müddətində asteroidin orbitində qalaraq, alimlərə külli miqdarda məlumat qazandırıb. Zondun kamerası vasitəsilə əldə edilmiş fotoşəkillər sayəsində astronomlar asteroidin ilk atlasını tərtib etməyə nail olublar.

Hal-hazırda "Dawn" cırtdan planetə doğru, saatda 725 km sürətlə hərəkət edir. Serera ilə arasındaki məsafə 640 min km-ə yaxındır. NASA əməkdaşlarının dediyinə görə, missiyanın ikinci dayanacağına bu ilin mart ayında çatacağı gözlənilir. Əgər cihazın Sereraya yaxınlaşması missiyası uğurla yekunlaşarsa, bu, kosmik tariximizdə bir ilk baş verəcəyi deməkdir. Belə ki, "Dawn" Günəş sisteminin iki fərqli cisminin orbitinə daxil olan ilk kosmik aparat adını alacaq.

Avtomatik planetlərarası stansiya olan "Dawn"-un cırtdan planetin orbitində 2015-ci ilin iyul ayına qədər işlər aparacağı planlaşdırılır. Serera, Mars və Yupiter planetləri arasındaki asteroid qurşağında yerləşir, Yerə ən yaxın cırtdan planetdir. Bu səma cisminin öyrənilməsi prosesi bir neçə mərhələdən ibarət olacaq. Əldə ediləcək məlumatlar köməyilə gələcəkdə Sereranın 3D xəritəsi tərtib oluna bilər. Cırtdan planetin ilk görüntüləri isə bu ayın sonlarında aparatdan Yerə ötürüləcək. Yeni fotoşəkillər əvvəlkilərdən daha keyfiyyətli olacaq ki, bu da Sereranın əslində necə göründüyünü anlamağımıza yardım etmiş olacaq.

"Bu cırtdan planet haqda bu gün çox az şey bilirik. Serera bizim üçün, praktiki olaraq, sirrdir. Yalnız bunu əminliklə proqnoz edə bilərik ki, təəccüblənəcəyik", - missiyanın təmsilçilərindən olan Kristofer Rassel qeyd edir.

Həmçinin oxuyun:

"Kepler" dirildi: Yeni ekzoplanet tapılıb
"New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır
Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
daha ətraflı...

Zülallar DNT-yə ehtiyac olmadan digər zülalları yaradır

Biologiya kitablarından DNT-nin zülalları meydana gətirəcək məlumatları saxladığını öyrənmişik. Zülallar, bədənimizdəki proseslərin böyük bir qismini idarə edən kimyəvi maddələrdir. 2 yanvar 2015 tarixində "Science" jurnalında dərc olunan bir məqalə, dərs kitablarımızdakı məlumatları sarsıdacaq bir kəşfin reallaşacağını göstərir: zülalların struktur vahidləri olan aminturşuları həm DNT-yə, həm də zülal istehsalında əsas rolu olduğu düşünülən məlumat RNT-sinə (mRNT) ehtiyac duymadan zülalları meydana gətirə bilirlər. Tədqiqatçılar bir zülalın iştirakı ilə digər zülalın necə meydana gələcəyini göstərən bir nümunəni müşahidə etməyi bacarıblar.

Bu kəşfin hansı mənanı verdiyini anlaya bilmək üçün hüceyrəni yaxşı işləyən bir fabrikə oxşada bilərik. Ribosomlar zülalları sintez edən istehsal xəttlərində çalışan maşınlardır. Bunlar, genetik koddakı məlumatlar çərçivəsində aminturşuları bir-birlərinə bağlayaraq zülalları yaradırlar. İşlər tərs getsə, ribosomun fəaliyyəti axsaya bilər və bu nöqtəyə "keyfiyyətə nəzarət qrupu" gəlir. Bu qarışıqlığı düzəltmək üçün, ribosom hissələrə ayrılır, plan açılır və qismən yaradılmış problemli zülal yenidən emal olunur.

"Bu çaşdırıcı kəşf, biologiya haqqındakı məlumatlarımızın nə qədər əskik olduğunu göstərir. Təbiət, bizim fərq etdiyimizdən daha çoxunu edə biləcək tutuma sahibdir",Yuta Universiteti Biokimya bölməsindən olan araşdırmaçı Piter Şen qeyd edir.

Lakin bu yeni araşdırma "keyfiyyətə nəzarət qrupunda" olan və maya göbələyindən insana qədər saysız növdə qorunmuş halda olan Rqc2 adlı bir zülalın çaşdırıcı bir funksiyasını göstərir. Tamamlanmamış (problemli) zülal yenidən emal olunmadan əvvəl Rqc2 ribosomların zülala cəmi 20 ədəd olan aminturşulardan 2-sini əlavə etməsini təmin edir: alanin və treonin. Üstəlik bunu təkrar-təkrar və təsadüfi bir sırada edir. Bunu, avtomatik bir istehsal xəttinin, əmrlərini itirməsinə baxmayaraq istehsala davam etməsi kimi düşünə bilərsiniz. Götürə bildiyi nə varsa hamısını məhsulun üzərinə taxır. Bir avtomobil istehsal xətti kimi düşünəcək olsanız, avtomobilə təsadüfi siqnal, təkər, təkər, siqnal, siqnal, siqnal, təkər, siqnal, təkər əlavə etmək kimi...

"Bu vəziyyətdə, normal halda mRNT-nin etməsi lazım olan vəzifəni edən bir zülal görürük. Bu kəşfə çox təəccübləndim, çünki zülalların edə biləcəkləri haqqındakı düşüncələri bulanıqlaşdırır", - San Fransisko Kaliforniya Universitetindən olan doktor Adam Frost belə deyir.

Eynilə əlavə siqnallar və təkərlərdən ibarət olan bir avtomobilin görünəcəyi kimi, təsadüfi kimi görünən bir sırada alanin və treonin əlavə olunmuş bir zülal da qəribə görünür. Və normal halda düz işləməməsi lazımdır. Ancaq tamamilə mənasız görünən düzülmə müəyyən işləri yerinə yetirir. Bu kod, yarı-tamamlanmış zülalın yox edilməsi lazım olduğunu və ya ribosomun düz işləyib işləmədiyini anlamağa yarayan təcrübələrin parçası olacağını təyin etməyə yarayır. Əldəki dəlillər, Altshaymer, ALS və Huntington kimi neyrodegenerativ xəstəliklərdə bu müddətin problemli işlədiyini göstərir. 

Alimlər gördüklərini əvvəlcə qeyri-adi bir fakt olaraq xarakterizə ediblər. Krio-elektron mikroskopiyası adı verilən bir üsulu dəqiqliklə nizamlayaraq, ani dondurmanı mümkün edib və ardından nəzarət qurğusunu iş başında müşahidə etməyi bacarıblar.

Alimlər fərziyyələrini təsdiqləmək üçün çox əhatəli biokimyəvi analiz işləri aparıblar. Yeni RNT sıralaması texnikaları, Rqc2/ribosom kompleksinin dayanmış zülal istehsallarına aminturşu əlavə etmə potensialı olduğunu göstərir. Çünki bunlar, eyni zamanda ribosomlara aminturşuları daşıyan nəqliyyat RNT-lərinə də bağlana bilirlər. Gördükləri müəyyən nəqliyyat RNT-ləri yalnız alanin və treonin aminturşularını daşıyırdılar. Bu problemli olduqları üçün istehsalı dayanmış zülalların uzun alanin və treonin zəncirləri olduğunun göstərilməsi isə tapıntının şübhəsiz təsdiqi oldu.

"Rqc2-ni iş başında müşahidə etməyi bacardıq. Ancaq fikir elə inanılmaz bir fikir idi ki... Bunu sübut etmə öhdəçiliyi bizim çiyinlərimizdə idi", - Frost əlavə edir.

Həmçinin oxuyun:

Zülalların təkamülünü maraqlandıran yeni tapıntı
Həyatın mənşəyində səhvlər deyil, təbii proseslər durur
Həyatın yaranması prosesi laboratoriyada təkrar edildi
daha ətraflı...

2014-cü ilin ən maraqlı elmi hadisələri

Bir neçə saat sonra artıq geridə qoyacağımız 2014-cü ildə elm dünyasında olduqca maraqlı hadisələr baş verdi. Elmi kəşflərlə zəngin olduğunu düşündüyümüz bu il ərzində Yer və kosmosla bağlı vacib məlumatlara yiyələndik, genetika və biologiya kimi sahələrdə inqilabi nailiyyətlərə imza atdıq. Bununla yanaşı bəzi falsifikasiyalar və ya yalnışlıqla edilmiş saxta kəşflərlə də qarşılaşdıq. 2014-cü ilin ən vacib elmi kəşfləri və maraqlı hadisələrini sizlərə təqdim etmək istəyirik. Ümidvarıq "Həyatın Təkamülü"-nün seçimi ilə razı qalacaqsınız.

1. Marsa bir addım da yaxın

Növbəti 10-15 il ərzində Marsda ilk insan koloniyasını qurmağı planlaşdıran və eyni zamanda canlı yayımlı televiziya proqramı olan "Mars One" layihəsi üçün ilk işlərə başlandı. Qırmızı planetdə bəşəriyyəti təmsil etmək istəyən könüllü 1058 nəfər seçildi. Növbəti illərdə isə əlavə testlərin nəticəsindən asılı olaraq onların içindən 4-ü seçilərək, 2023-ci ildə Yerə qayıtmamaq şərti ilə Marsa göndəriləcək.

2. Qara dəlik mövcud deyil

Britaniyalı fizik Stiven Hokinq böyük ulduzların enerji tükənməsinin nəticəsi olaraq meydana gələn Qara Dəliklərin əslində bildiyimiz mənada mövcud olmadığını ya da onları düzgün anlamadığımızı irəli sürdü. Bu iddiasına səbəb Qara Dəliklərin ətrafındaki kvant-qravitasion effektlərin, Qara Dəliyin "hadisələr üfüqü" adlanan, xarici və daxili aləmləri arasındaki sərhədini deformasiya etdiyi, buna görə də belə bir obyektin sərhədinin dəqiq müəyyənləşdirilə bilinmədiyi, dolayısıyla da mövcud olmadığıdır. Hokinqin etdiyi kəşf faktlara əsaslansa da, bəzi alimlər tərəfindən birmənalı qarşılanmadı.

3. Şanssız dinozavrlar

Yer tarixi ərzində burada yaşamış növlər arasında, həqiqi mənada ən "şanssız" canlıların dinozavrlar olduğu bəlli oldu. Bildirildi ki, 65 milyon il əvvəl Yerlə toqquşaraq, dinozavrların məhvinə gətirib çıxaran asteroid bir qədər əvvəl və ya sonra düşsəydi, dinozavrlar bu gün də Yerdə hökm sürəcəklərdi. Asteroid toqquşmasından təxminən 250 min il əvvəl vulkanik aktivliklər səbəbindən dinozavrların qida qaynaqları tükənmişdi, buna görə də asteroid düşdükdə özləri əldən düşmüş vəziyyətdə idilər. Bu araşdırmadan bir neçə ay sonra isə dinozavrların qırılmasına səbəb olan əsas amilin asteroid deyil, elə vulkanik püskürmələr olduğu sübut edildi.

4. İçimizdəki nanomotorlar

Biokimyaçı və biomühəndislər ilk dəfə insanın canlı hüceyrəsi içərisinə mikroskopik sintetik nanomotorlar yerləşdirərək, ultrasəs və maqnit dalğaları köməyilə onları idarə etməyə nail oldular. Bu irəliləyiş sayəsində yaxın gələcəkdə xərçəng və digər xəstəliklərə qarşı inqilabi müalicə metodu yaradılacağı bildirildi.

5. Faydalı marixuana

Bəlkə də ilin ən gözlənilməz xəbərlərindən biri psixoaktiv vasitə olan marixuananın insan orqanizminə faydası olduğunun tapılması oldu. Belə ki, marixuananın tərkibindəki əsas psixoaktiv komponent tetrahidrokannabinolun (THK) bağırsaqda yerləşən immun hüceyrələrini İİV-dən (insanda immunçatışmazlığı virusu) qoruduğu, ən azı isə xəstəliyin inkişafını yavaşlatdığı təsdiq edildi.

6. Enselad altındaki okean

Saturnun planetinin peyki olan Enseladın qabığının təxminən 30-40 km dərinliyində maye sudan ibarət okean olduğu sübut edildi. İsti okeana sahib Yupiterin peyki Europadan sonra, Saturn ətrafında dövr edən Enseladın da ölü olmadığı aydın oldu və hipotetik olaraq yadplanetli həyatının yuvası ola biləcəyi ehtimalı artdı.

7. Donora qarşı süni qan

Alimlər ilk dəfə insan orqanizminə uyğun gələn süni qan istehsal etməyə nail oldular. Yaxın gələcəkdə süni qanın donor qanı tam əvəz edəcəyi açıqlandı. Bu sayədə sənayə istehsalı səviyyəsindəki süni qan erasına qapı açmış olacağıq.

8. Yerin əkizi

İlin ən sevindirici xəbərlərindən biri də bu oldu ki, indiyə qədər aşkar edilmiş planetlər arasında Yerə ölçü, şərtlər və ulduzu ilə arasındaki məsafə baxımlarından ən çox oxşayan, "Kepler-186f" adlı ekzoplanet tapıldı. Heyfsləndirən məlumat isə onun Günəş sistemindən nə az nə çox, 500 işıq ili uzaqlıqda yerləşdiyi oldu.

9. Yarısüni həyat

2014-ün sensasion xəbəri ilk dəfə tamamilə yeni və yarısüni genetik koda sahib orqanizmin yaradılması oldu. Alimlər, plazmid adıyla tanınan DNT-nin dairəvi hissəsini sintezləyərək, onu E. coli bakteriyasının hüceyrəsinə yerləşdirməyi bacardılar. Nəticədə digər bakteriyalardan heç də fərqlənmədən çoxala bilən yeni orqanizm yaradılmış oldu.

10. "Fila" komet üzərində

İlin ən mühüm nailiyyəti bəlkə də son on illiyin ən vacib nailiyyətlərindən oldu. Belə ki, avropalı alimlər 10 il davam edən kosmik səhayətin sonunda ilk dəfə bir komet (məhz Churyumov-Gerasimenko kometi) üzərinə aparat endirməyə nail oldular. "Rozetta" missiyasının məqsədi Günəş sisteminin keçmişi, kometin anatomik xarakteristikaları və Yerdə suyun mənşəyi sahələrində araşdırmalar aparmaq idi. Şanssızlıqdan "Fila" adlı eniş aparatı kometin bir qədər təcrid olunmuş ərazisinə düşərək, Günəşdən lazımi enerjini toplaya bilmədiyi üçün məcburən yuxu rejiminə keçid almalı oldu. Lakin alimlər aparatı ilişib qaldığı yerdən çıxaracaqlarına əmin olduqlarını bildirdilər.
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top