January 28, 2015

Balıqçılar yeni ibtidai insan növü tapdılar

Yaponiya, Tayvan və Avstraliyadan olan alimlər yeni ibtidai insan növü aşkar ediblər. Bu növün nümayəndələrinin qədimdə müasir Şərqi Asiya ölkələrinin ərazisində yaşadıqları bəlli olub.

Yeni ibtidai insan növünə "Penxu adamı" adı verilib. Növün qalıqları Tayvanın qərbində yerləşən Penxu adasında balıqçılıqla məşğul olan yerlilər tərəfindən təsadüfi olaraq tapılıb. Alimlər balıqçı toruna düşən çənə sümüyü fraqmentlərinin ilk öncə sinantrop və ya pitekantropa aid olduğunu düşünsələr də, daha sonra yanıldıqlarını anlayıblar.

Çənə sümüyü ilə birlikdə qorunub qalmış bir neçə diş nümunələrinin anatomik quruluşu analiz edildikdən sonra, bunların Homo erectus-a oxşar qədim insan qrupuna aid olduğu təyin olunub. Yeni Penxu adamı ağır çənə sümüyü ilə fərqlənir - bu xüsusiyyət ən qədim insan nəsli nümayəndələrinə xarakterikdir. Bərk qidanı çeynəmək üçün güclü və ağır çənə strukturu təkamülləşdirmiş bu növün, daha sonralar meydana gəlmiş insanlarla "qabağa çıxan" çənə oxşarlığı yoxdur.

Müasir elmi tapıntılara əsasən, Homo sapiens-in əcdadları öz qədim yurdları olan Afrikanı 1-1,4 milyon il əvvəl tərk edərək, digər qitələrə köç etmişdirlər. Homo erectus növü nümayəndələrinin ilk əvvəl Şərqi Afrikaya tərəf yol aldıqları, ardından isə Cənub-Şərqi Asiya da daxil olmaqla, dünyanın müxtəlif yerlərinə yerləşdikləri məlumdur.

Radiokarbon analizi üçün vacib orqanika yuyulmuş olduğundan, aşkar olumuş nümunənin dəqiq yaşını təyin etmək çətindir. Qalıqların təxmini yaşının 150.000-450.000 arası olduğu güman edilir. Mütəxəssislər qarşılaşdıqları növün bəlkə də Tayvanın ilk sakinlərindən biri olduğunu qeyd edirlər. Sinantroplar və pitekantroplar kimi, Penxu adamı da müasir insana birbaşa əcdad deyil. Asiya ərazisində əvvəldən dörd nəsli kəsilmiş insan yarımnövünə aid qalıqlar tapıldığı səbəbindən, alimlər adıgedən ərazinin yarımnövlərarası mübarizə arenası ola biləcəyini ehtimal edirlər.

Həmçinin oxuyun:

Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur
Təkamülü dəyişdirən yeni insan fosili
Daun sindromlu ən qədim insana aid skelet aşkar edildi
daha ətraflı...

January 27, 2015

"Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"

Yerdənkənar sivilizasiyaların axtarışı və onlarla əlaqə yaradılması üsullarına dəyişikliklər edilməlidir, alimlər hesab edir. Yarım əsrə yaxındır axtarışda olan ağıllı kosmik qardaşlarımızdan səs-soraq yoxdur. Yüksək intellektli yadplanetli varlıqların kosmosa yaydığı siqnalların axtarışı nəticə verməyibsə, bəlkə səhv bizdən qaynaqlanır?

Kainatımız o qədər böyük bir yerdir ki, burada həyatın yalnız Yerdə inkişaf etmiş ola biləcəyi versiyası şübhəli səslənir. Bir neçə onillikdir ki, alimlər həyat əlamətləri ola biləcək, həyat üçün əlverişli şərtlərə malik astronomik obyektlərin axtarışındadırlar. Hər hansı bir planetdə həyatın hansı yollarla yaranmış ola biləcəyi və ya uzaq kosmosda yadplanetli varlıqların sivilizasiya səviyyəsinə qədər inkişaf edib-etmədikləri məhz astrobiologiya adlı gənc elm sahəsinin cavab tapmağa çalışdığı suallardır.

Bununla əlaqəli olaraq ötən əsrin ortalarında SETI (yadplanetli sivilizasiyalarının axtarışı üzrə tədqiqat mərkəzi) layihəsinin təməli qoyuldu. Layihənin məqsədi dar diapazonda yüksək intellektə sahib yadplanetlilərin kosmosa yaydıqları radiosiqnalların axtarışından ibarət idi. Lakin SETI digər ehtimalı da gözardı qoymur: işdir, əgər qabaqcıl texnologiyaya malik yadplanetlilər bizimlə könüllü şəkildə əlaqə yaratmaq istəsə, onların ünvanlı mesajını cavabsız qoymaq nə dərəcədə düzgün olardı?

Berklidə yerləşən Kaliforniya Universitetindən olan Devid Messerşmitt kosmosa yayılmış ola biləcək potensial yadplanetli sivilizasiyası siqnallarının axtarışı strategiyasına bəzi dəyişikliklər edilməsinin lazım olduğunu irəli sürür. Hesab edir ki, dar diapazonda davamlı siqnal ötürmək üçün yadplanetli sivilizasiyaların enerji ehtiyatı kafi miqdarda olmaya bilər və ya belə diapazonda böyük enerji israfının qarşısını almaq üçün, ona qənaət etmək istəyə bilərlər. Başqa deyimlə, əgər söhbət bizdən dəfələrlə artıq inkişaf etmiş varlıqlardan gedirsə, belə üsul onlara əlverişsiz və "baha" başa gəlməlidir. Professor Messerşmitt qeyd edir ki, əvəzində daha geniş tezlik diapazonunda tək-tək və qısa siqnalların axtarışı ilə məşğul olmaq daha effektivdir.

Bunun üçün Messerşmitt rəsədxanaların qəbul edici cihazlarını yenidən tənzimləmək və qeydə alınan siqnalların bərpasına nəzarət edən proqram təminatını modifikə etməyi təklif edir.

"Lakin Yerdənkənar sivilizasiyalara aid izlərin dar diapazonda da axtarışı davam etdirilməlidir", - hər iki axtarış texnikasının vacib olduğunu hesab edən Messerşmitt, deyir.

Yadplanetlilərlə heç vaxt əlaqə qura bilməyəcəyimizə bir çox səbəblər var. Onlar bizdən xeyli uzaqda ola da, bizimlə əlaqə yaratmaq istəməyə də bilərlər. Doğma planetimiz olan Yerdə bu qədər qarışıq və müxtəlif canlı davranışlarına rast gəliriksə, oxşar amma bizim üçün yad ola biləcək, anlamadığımız yadplanetli zəkasının bizə qarşı "biganəliyini" niyə nəzərə almayaq ki? Hər halda Dreyk tənliyi qalaktikada tənha olduğumuz ehtimalının olmadığını göstərir. Bəlkə də bu mühüm sirrə məhz professor Messerşmittin irəli sürdüyü yeni üsulun tətbiqi sayəsində aydınlıq gətirilmiş olacaq və nəhayət anlayacağıq: "onlar" yoxdur yoxsa biz səhv edirdik?

Həmçinin oxuyun:

"Yadplanetliləri taparıq... siyasətçilər qoysa"
Kainatdaki həyatı qamma-partlayışlar məhv edir
20 il sonra yadplanetlilərlə ilk əlaqə yaradılacaq
daha ətraflı...

Asteroidin peyki tapıldı

Yerin yaxınlığından ötüb keçən 300 metrlik 2004 BL86 asteroidini radioteleskopla müşahidə edən alimlər, onun ətrafında 70 metrlik peykin dövrə vurduğunu fərq ediblər.

Dünən dünya astronomiya ictimaiyyətinin diqqəti Yerin 1,2 milyon km yaxınlığından keçən 2004 BL86 adlı asteroidə tuşlanmışdı. Bu, astronomik ölçülərlə Yerlə Ay arasındaki məsafənin 3 qatına bərabərdir. 10 il əvvəl aşkar edilmiş asteroidi bütün dünyadan minlərlə həvəskar və mütəxəssislər izləyirdi.

Kaliforniyada yerləşən Deep Space Network-un güclü radioteleskopu həmin müddətdə asteroidin 20 fotoşəklini qeydə adıqdan sonra, alimlər kosmik obyektin ölçülərinə bir qədər düzəliş etməli olublar - daha əvvəl asteroidin yarım kilometr uzunluqda olduğu hesab edilirdi. Lakin ən maraqlı hadisə 2004 BL86 asteroidi ətrafında dövrə vuran 70 metrlik peykin mövcudluğunun təsdiq edilməsi oldu. Müasir astronomik dəyərləndirmələrə əsasən, 200 metrlik və daha böyük Yerətrafı asteroidlərin yalnız 16%-i bir, nadir hallarda isə iki kiçik peykə sahib olur.

Yerlə növbəti asteroidin (məhz 1999 AN10 asteroidinin) görüşü 2027-ci ildə baş tutacaq. Bu kosmik cismin ölçüsü təxmini 800-1800 metr olaraq qiymətləndirilir. 2016-cı ildə NASA-nın həyata keçirməyi planlaşdırdığı OSIRIS-REx adlı kosmik missiyada isə Yerətrafı asteroidlərdən biri 101955 Bennu-ya aparat göndəriləcək.

Videonu izləmək üçün klikləyin

Həmçinin oxuyun:

Yarımkilometrlik asteroid Yerə yaxınlaşır
"Dawn" zondu Serera ilə görüşə hazırlaşır
Asteroidin "anatomik atlası" tərtib olundu
daha ətraflı...

January 20, 2015

Sereranın ilk yaxından görüntüsü əldə edilib

Böyük asteroid qurşağına daxil olmuş NASA-nın "Dawn" kosmik zondu, onun ən böyük obyektlərindən olan cırtdan planet Sereranın ilk yaxından fotoşəklini çəkib.

Sereranın bu görüntüsü hələlik 27 piksel ölçülü bort kamerası matrisasındaki ləkəyə oxşayır. Buna baxmayaraq bir sıra fotoşəklin bərpası nəticəsində 950 kilometrlik səma cismi üzərindəki kraterləri artıq ayırd etmək mümkün olub.

Fotoşəkillər 383 min kilometr uzaqlıqdan lentə alınıb - bu, Yerlə Ay arasındaki məsafədən bir qədər azdır. İlkin görüntülər Sereraya yaxınlaşma hazırlıqları işində və oriyentasiyada böyük əhəmiyyət daşıyır. Çoxdan gözlənilən bu hadisənin bu ilin 6 mart tarixində baş tutacağı hesablanıb.

Serera (Ceres) - Yerə ən yaxın cırtdan planet və asteroid qurşağının ən iri obyektidir. "Dawn" zondu daha əvvəl, 2012-ci ildə qurşağın ikinci ağır cismi olan Vesta asteroidini 210 kilometr hündürlükdən araşdırdıqdan sonra, cırtdan planetə doğru yol almışdı. Aparatın Sereranın orbitinə fevral ayının sonlarında daxil olub, bir neçə ayı orada keçirəcəyi nəzərdə tutulur.

İndiyədək Sereraya aid əldə edilmiş ən uğurlu fotoşəkillər kosmik teleskop Xabbl (Hubble) tərəfindən 2003 və 2004-cü illərdə çəkilib. Yanvar ayının sonunda "Dawn" zondunun çəkəcəyi fotoşəkillər isə əvvəlkilərdən daha keyfiyyətli olacaq ki, bu da Sereranın əslində nəyə bənzədiyini daha yaxşı görməyimizi təmin edəcək. Geriyə yalnız gözləmək qalır.



Həmçinin oxuyun:

"Dawn" zondu Serera ilə görüşə hazırlaşır
Yarımkilometrlik asteroid Yerə yaxınlaşır
Titanda müəmmalı obyekt aşkar edildi
daha ətraflı...

January 19, 2015

2015-ci il daha bir ölümcül xəstəliyin son ili olacaq

1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qədim ölümcül çiçək xəstəliyi üzərində qələbə çalındığını açıqlamışdı. Genişmiqyaslı vaksinasiya proqramları və dünya həkimlərinin səyi nəticəsində bir vaxtlar milyonlarla insanın ölümünə səbəb olan xəstəliyin təhlükəsi aradan qaldırılmışdı. Mütəxəssislərin rəyinə görə, 2015-ci il daha bir ölümcül xəstəlik üçün son ola bilər. Bu xəstəliyin adı drakunkulyozdur.

Elə də ölümcül olmasa da, uzun müddət davam edir və adətən əlilliyə səbəb olur. Bu, orqanizmə əsasən kirli su vasitəsilə düşən rişta qurdlarının yoluxdurduğu helmintoz parazitidir. Sürfələr bağırsağa düşdükdə onun divarını gəmirməyə başlayır və limfatik sistem yoluyla bədənə yayılırlar. İnkişaf edib, artaraq, dişiləri dərialtı toxumaya miqrasiya edir. Burada onlar hətta 80 sm-ə qədər uzana bilərlər. Daha sonra dərini deşib, bədənlərinin bir ucunu çölə çıxararaq, yeni sürfələrini suya atırlar.

Yaxın keçmişdə drakunkulyozun olduqca yayılmış xəstəlik olmasına baxmayaraq, bu gün bu xəstəliyə sadəcə Afrika və Asiyanın tropik ölkələrində rast gəlmək olar. ÜST-ün 1986-ci ildəki statistikasına əsasən, hər il nematodlar (yumru qurdlar) ümumilikdə 21 ölkədən 3,5 milyon insanı məhv edirdi. Xəstəliklə mübarizə üçün misilsiz səylər göstərildi və artıq 2000-ci ildə xəstələrin sayı 75 minə düşdü. Ötən il isə bu xəstəlikdən əziyyət çəkən insanların sayı rekord miqdara - cəmi 126 nəfərə endirildi. ÜST mütəxəssisləri tezliklə, bəlkə də bir neçə ay sonra drakunkulyozun tamamilə məhv edildiyini açıqlayacaqlarını deyirlər.

Xəstəlik üzərində qələbə bir sıra yollarla əldə edilib. Bu xəstəliyi cəmi bir parazit növü meydana gətirir. Yoluxma prosesi elmə məlum olduğundan, onunla mübarizə də çətin keçmir. Sadəcə yoluxma yolunu bağlamaq kifayətdir ki, infeksiya dayansın. Drakunkulyozla mübarizə strategiyası da olduqca ağıllı idi. Belə ki, pandemik ərazilərdə yaşayan sakinlərin, xəstəlik yayılması ilə bağlı xəbərdarlıq etməsi tələb olunur, onlara çoxlu sayda ucuz su təmizləyən filtrlar təklif olunur və hər yeni xəstəlik yayılması hadisəsi xəbərinin çatdırılması müqabilində 100 dollar dəyərində mükafat ödənilirdi. Bütün bu addımlar nəticəsiz qalmadı - tezliklə bəşəriyyətin düşmənlərinin sayı bir az da azalacaq.

Həmçinin oxuyun:

Bağırsaq bakteriyaları insanı manipulə edir
Xərçəng xəstəliyi müalicəsinin yeni strategiyası təqdim edildi
Şizofreniyanın təbiəti genetikdir
daha ətraflı...

"Kepler" 3 Yerə oxşar ekzoplanet aşkar edib

Ötən ilin may ayında yenidən aktivləşdirilmiş "Kepler" kosmik teleskopu Günəş sistemi yaxınlığında bir neçə ekzoplanet aşkar etməyə nail olub. Bu ekzoplanetlər Yerlə müqayisə edilə biləcək ölçüdədir.

Tapılmış planetlər, Günəş sisteminə ən yaxın parlaq obyektlərdən biri olan və şir bürcü ulduz qrupunda yerləşən EPIC 201376065 ulduzu ətrafında dövrə vurur. Mütəxəssislər ulduzun parlaqlığındaki yırğalanmalara diqqət yetirərək, əyri parıltıları analiz ediblər. Tədqiqat Avropa cənub rəsədxanası, həmçinin bir sıra ABŞ rəsədxanaları köməyilə aparılıb. Nəticədə planetlərin bəzi vacib göstəriciləri (obyektə qədərki məsafə, radius və s.) hesablanıb.

Hər üç planet kifayət qədər kiçik ölçüdədir və kiçik superyerlər kateqoriyasıa aid edilirlər. Onları həm də Yerin "əkizləri" deyə adlandırırlar. Planetlərin radiusu Yerinkini təxminən 2 dəfə üstələyir. EPIC 201367065 ulduzu isə kiçik soyuq qırmızı cırtdanlardandır, ölçüsü və kütləsi Günəşin analoji göstəricilərindən təxminən 2 dəfə azdır. EPIC 201367065 bizdən 150 işıq ili uzaqlıqda yerləşsə də, kosmik ölçülərlə bu məsafə "yaxın" hesab edilir.

NASA-nın astronomik peyki olan "Kepler" teleskopu, ekzoplanetlərin aşkar edilməsi üçün planlaşdırılan yüksəkhissiyatlı fotometrlə təchiz olunub. Həmin cihaz 12 may 2013-cü ildə sıradan çıxmış, lakin təxminən bir il sonra, 30 may 2014-cü ildə alimlərin səyilə yenidən "canlandırılaraq", yeni "K2" missiyasına keçid almışdı.

Aşkar edilmiş ekzoplanetlərin sonraki tədqiqatları üçün artıq kosmik teleskop "Xabbl"ın (Hubble) imkanlarından yararlanılacaq. Alimlər növbəti araşdırmalarda ekzoplanetlərin atmosferi, kimyəvi tərkibi, kütləsi və sıxlığı ilə maraqlanacaqlar. Ümumiyyətlə qeyd edilmiş ulduz sistemi elmə mühüm məlumatlar təmin edə bilər. Belə ki, bu sistemin planetlərinin birində hətta maye sudan ibarət okeanın mövcud ola biləcəyi ehtimal edilir.

Həmçinin oxuyun:

"Kepler" dirildi: Yeni ekzoplanet tapılıb
"New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır
"İkinci Yer" olmağa namizəd planet tapılıb
daha ətraflı...

Qadınlar niyə elmə maraq göstərmir?

Fakt faktlığında qalır ki, alimlər arasında qadınlar azlıq təşkil edir. ABŞ-dan olan psixoloq mütəxəssislər bəşəriyyətin ikinci gözəl yarısının elmdə hansı səbəbdən zəif təmsil olunduğunu izah etməyə çalışıblar. Tədqiqatın nəticələri olduqca gözlənilməz olub.

Sorğuda 1800 nəfər, xüsusilə professorlar və aspirantlar iştirak edib. Bu insanlar ən müxtəlif elm sferalarında işləyən mütəxəssislərdir. Onların hər birisinə, həyatdaki sahələrində uğur əldə etmək üçün əsas məqsədlərinin nə olduğu ilə bağlı sual ünvanlanıb. Sorğuda iştirak edənlərin təxminən yarısı uğurun əsas faktorunun dahiyanəlik olduğunu deyiblər. Digər iştirakçılar isə hövsələlik və zəhmətsevərlik kimi keyfiyyətləri daha üstün tutublar.

Məlum olub ki, fizika və ya fəlsəfə kimi elm sahələrində bir növ "dahilər kultu" mövcuddur. Məhz bu tip fənnlərdə qadınların azlıq təşkil etdiyi aydın olub. Buna baxmayaraq tədqiqatçılar heç də qadınlar arasında dahilərin az olduğunu demirlər - səbəb tamamilə fərqli ola bilər. Burada söhbət təsirlənmə qabiliyyətindən gedir. Kişilər və qadınlar qeyri-adi bacarıq ehtiyacını fərqli şəkildə dərk edə bilərlər - kişi meydan oxunması və ya çağırışı məmnuniyyətlə qəbul edərkən, qadını belə elm sahəsi "qorxudacaq".

Alimlər tədqiqatı cəmi bir hipotezlə məhdudlaşdırmayıblar. Gəldikləri qənaətə görə, elm dünyasında az saylı qadın olduğu, ağır iş yükü, iş yerləri uğrunda yüksək rəqabət və kişilərin analitik düşünməyə daha yaxşı uyğunlaşdıqları faktı ilə bağlıdır. Lakin "dahilər kultu" hipotezi daha obyektiv qiymətləndirilib.

İndi isə alimlər qadınların qeyri-adi düşünmə tələb edən istiqamətlərdən uzaq durduqlarının şüurlu şəkildə edildiyi, yaxud onların elm rəhbərləri tərəfindən diskriminasiyaya məruz qaldıqlarını aydınlaşdırmağa çalışırlar.

Həmçinin oxuyun:

Dini tərbiyə almış uşaqlar reallıqla xülyanı ayırd edə bilmir
Televizor seyr etmək insanın təkamülünü gecikdirir
Kişi və qadın beyni arasında fərq tapıldı
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top