September 19, 2015

Mpemba Effekti: İsti su soyuq sudan daha tez donur

1963-cü ildə Tanqanika Respublikasından (hal-hazırda Tanzaniyanın tərkibindədir) olan şagird Erasto Mpemba və yoldaşları məktəbdə dondurma hazırlamaq üçün qaynar südə şəkər əlavə etdilər. Normal halda Erasto qaynar südü soyuducuya qoymadan əvvəl gözləməli idi. Amma o tələsik davranaraq qaynar südü soyuducuya yerləşdirdi. Gözlənilməz şəkildə soyuducuda ən əvvəl Erastonun qaynar qarışığı dondu.

Erasto hadisəni müəlliminə izah etdi amma müəllimi ona inanmadı. Lakin Erasto ruhdan düşməyərək təcrübələrinə davam etdi. Məktəblərində fizika mövzusunda keçirilən konfransda iştirak edən professordan "eyni qablarda 35°S və 100°S-də olan sudan niyə isti olanın daha əvvəl donduğunu" soruşdu. Fizika professoru Dr. Osborne əvvəl sualın səhv olduğunu düşünüb Erastodan sualı təkrarlamasını istədi. Erasto sualı doğru soruşduğunu və bu mövzuda təcrübələr etdiyini bildirdikdə, Dr. Osborne bir təcrübə etməyi qəbul etdi.

Dr. Osborne Dar es Salaam Universitetinə geri döndükdə gənc bir texnikdən bu mövzuyla əlaqədar bir təcrübə etməsini istədi. Texnik təcrübə nəticəsində isti suyun daha əvvəl donduğunu müəyyən etdi. İsti suyun əvvəl donmasına heyrətlənən texnik Dr. Osborneyə "doğru nəticəni(!) alana qədər təcrübəni təkrarlayacağını" söylədi.

Təkrarlanan təcrübələr Erasto Mpembanı haqlı çıxardı və Erasto Dr. Osborne ilə birlikdə bir məqalə dərc etdi. Bu məqalə nəşr olunduqdan bəri isti suyun soyuq sudan əvvəl donması Mpemba Effekti olaraq xatırlanır.

Mpembanın araşdırması bu hadisəni öyrənən ilk araşdırma deyil. Aristotelin 2000 il əvvəl eyni mövzuyla maraqlandığını və bu mövzunu Meteorologica-da yazdığını, 17-ci əsrdə Frensis Bekon və Dekartın da bu mövzuyla əlaqədar təcrübələr etdiyini bilirik.

Mpemba Effekti Hansı Səbəbdən Meydana Gəlir?

Mpemba Effektinə səbəb olan bir çox amil var. Yalnız bir amil və ya fərqli amillərin birləşməsi Mpemba Effektinin baş verməsinə səbəb olur.

Buna səbəb olan amillərdən biri mayelərin kütləsidir. 30°S və 70°S-də eyni qablardakı bərabər kütləli mayelər soyuduqda 70°S olan maye buxarlanma səbəbiylə kütləsinin bir hissəsini itirir. Kütləsini itirən maye daha qısa müddətdə donur. Ayrıca isti suyun buxarlanması zamanı itirilən buxarlanma istiliyi mayenin daha sürətli soyumasına səbəb ola bilər. Ancaq Mpemba Effektini açıqlamaq üçün bu istilik itkisi də təkbaşına yetərli deyil.

Bir başqa təsir suyun qabdakı istilik paylanması səbəbiylə yaranan konveksional axındır. Konveksional istilik ötürülməsi səbəbiylə sabit 30°S-dəki su ilə 100°S-den 30°S-yə qədər soyumuş suyun qabdakı istilik paylanması fərqlilik göstərir. İstilik paylanmasındakı fərq suyun istilikvermə sürətini artıracaq təsirlərə səbəb olur.

Soyuq və isti su gözə eyni görünsələr də fərqli miqdarda həll olmuş qaz ehtiva edə bilərlər. İsti su soyuq suya nisbətən daha az həll olmuş qaz saxlayır. Həll olmuş qaz miqdarı təcrübələrdə istifadə edilən mayelərin əslində eyni olmadığını göstərir. Ancaq həll olmuş qaz miqdarı bərabər olan mayelərdə də Mpemba Effekti müşahidə edilir.

2013-cü ildə dərc olunan bir məqalə Mpemba Effektinə fərqli bir yanaşma gətirdi. Bu məqaləyə görə Mpemba Effektinin səbəbi su molekulları arasındakı hidrogen rabitələridir. Hidrogen rabitələri su molekullarını bir-birlərinə yaxınlaşdırır. Bu səbəblə kovalent rabitələr eynilə yay kimi gərilərək enerji yığırlar.

Su istiləşməyə başlayınca hidrogen rabitələri uzanır və su molekulları arasındakı məsafə də artır. Nəticədə kovalent rabitələr qısalır. Kovalent rabitələrin qısalması enerji itkisinə səbəb olur. Bu enerji itkisi suyun soyuması əsnasında baş verən enerji itkisiylə eynidir. İsti suyun soyuq sudan daha sürətli donmasının səbəbi istilik səbəbiylə qısalmış kovalent rabitələr ola bilər.

Nəticə olaraq başlanğıc parametrlərə və mayenin xüsusiyyətlərinə görə bir çox fərqli səbəb Mpemba Effektinə səbəb olur. Böyük ehtimalla yaxın gələcəkdə bu effekti izah edən daha əhatəli şərhlər tapılacaqdır. Bu təsirin bizə göstərdiyi ən əhəmiyyətli nəticə gündəlik həyatdakı fizikanın öyrəndiyimiz nəzəri məlumatlardan çaşdırıcı şəkildə fərqlilik göstərə bildiyidir.
daha ətraflı...

İşığı Maddəyə Çevirmənin Yolu Kəşf Edilmiş Ola Bilər

"Imperial College London"da çalışan fiziklər, 80 il əvvəl edilə biləcəyi qeyd edildikdə çoxları tərəfindən rədd edilən bir hadisəni reallaşdırmanın yolunu tapmış ola bilər: işıqdan maddə əldə etmək! Fiziklər 1934-cü ildə Breit və Wheeler tərəfindən ilk dəfə irəli sürülən nəzəriyyənin isbat edilə biləcəyini ortaya qoydular.

Breit və Wheeler, yalnız 2 işıq hissəciyini (fotonu) toqquşduraraq bir elektron və pozitron yaradıla biləcəyini irəli sürmüşdülər. Bu, işığı maddəyə çevirmənin təxmin edilə biləcək ən asan yoludur. Hesablamaları nəzəri olaraq güclü görünürdü; ancaq Breit və Wheeler bu təxminlərinin təcrübi olaraq göstərilə biləcəyini düşünmürdülər. Bu laboratoriyalarda heç vaxt müşahidə edilmədi və əvvəlki təcrübələrdə, böyük kütləli yüksək enerjili hissəciklərin təcrübəyə əlavə olunmasına ehtiyac duyulmuşdu.

Nature Photonics jurnalında dərc olunan bir məqalə, tarixdə ilk dəfə Breit və Wheeler tərəfindən irəli sürülən nəzəriyyənin praktikada isbat edilə biləcəyini göstərir. "Foton-foton çarpışdırıcı", mövcud texnologiyamızı istifadə edərək işığı maddəyə çevirə biləcək. Bu təcrübə, kainatın yaranmasının ilk 100 saniyəsi içərisində baş verən prosesləri yenidən yaratmamızı təmin edəcək. Bu çevrilmə həmçinin qamma şüası partlamalarında da müşahidə edilir. Qeyd edilən partlamalar, kainatda bilinən ən güclü partlamalardır və elm adamları tərəfindən həllini gözləyən bir sirrdir.

Alimlər nüvə enerjisindəki maraqsız problemləri bir müddətdir araşdırmaqda idilər. Ancaq yaxın keçmişdə, çalışdıqları mövzuların Breit-Wheeler Nəzəriyyəsinə tətbiq oluna biləcəyini fərq etdilər. Bu kəşf, Maks Plank Nüvə Fizikası İnstitutundakı nəzəri fiziklərin Imperial College London araşdırmaçılarıyla əməkdaşlığı sayəsində edildi.

Elm adamlarının irəli sürdüyü toqquşma testi iki mərhələdən ibarətdir. İlk öncə araşdırmaçılar həddən artıq güclü və yüksək şiddətli lazer istifadə edərək elektronları işıq sürətinə yaxın bir sürətə çatdıracaqlar. Sonra elektronları qızıl lövhəyə doğru istiqamətləndirəcəklər. Bu sayədə, görə bildiyimiz işıqla müqayisədə milyardlarla qat daha enerjili foton şüaları yaranacaq. Təcrübənin sonrakı mərhələsi isə hohlraum (Alman dilində "boş otaq" deməkdir) deyilən çox kiçik bir qızıl qutu ilə əlaqədardır. Alimlər bu yüksək enerjili lazeri qutunun iç səthinə doğru istiqamətləndirəcək və eynilə ulduzlarda yaranana bənzər bir işıq meydana gətirəcəklər. Sonra isə ilk mərhələdəki foton şüasını bu qızıl qutunun mərkəzindən keçəcək şəkildə istiqamətləndirəcəklər. Beləcə bu iki qaynaqdan gələn fotonlar toqquşacaq, nəticədə elektron və pozitronlar yaranacaqdır. Bunlar da qutunu tərk edərkən təsbit ediləcəklər. Plazma fizikası sahəsində çalışan baş araşdırmaçı Oliver Pike belə deyir:

"Hər nə qədər nəzəriyyə konsept olaraq sadə olsa da, bunu təcrübi olaraq göstərmək çox çətindir. Bu çarpışdırıcı üçün lazım olan fikirləri asanlıqla inkişaf etdirdik. İrəli sürdüyümüz təcrübi dizayn mövcud texnologiya ilə qismən sadə bir şəkildə qurula bilər. Hohlraumların nüvə araşdırmalarındakı ənənəvi istifadələrinin xaricində necə istifadə edilə biləcəkləri üzərində düşünməklə, bir foton çarpışdırıcı üçün lazım olan şərtləri möcüzəvi şəkildə təmin etdiklərini təsbit etdik. Bu təcrübəni reallaşdırma və tamamlama yarışı başladı!"
daha ətraflı...

Homo naledi: İnsanın Təkamül Ağacına Əlavə Olunan Yeni Növ!

Witwtersrand Universiteti, National Geographicin köməyi ilə reallaşdırdığı bu kəşfi açıqlayarkən, tapılan yeni növün Homo cinsinə aid olduğunu ifadə etdi. Fəxrlə, budur qarşınızda... Homo naledi!
Bu inanılmaz fosil Afrikada kəşf edildi. Əslində H.naledi 2 il əvvəl kəşf edilmişdir. Fosil ilk olaraq, həvəskar mağara araşdırmaçıları tərəfindən Cənubi Afrikanın məşhur Rising Star mağaralar sistemindəki bir mağarada tapılmışdır. Beləcə Rising Star araşdırmaları başlamış oldu. 21 gün davam edən bu araşdırmalara alimlər və könüllülərin daxil olduğu 60 nəfərlik bir qrup qatıldı. Tədqiqatçılar skeletin tamamlanacağına ümid etdikləri halda üç gün ərzində bundan daha çoxuna sahib olduqlarını fərq etdilər və qrup rəhbəri Lee Berger bu müddəti "çox dəyişik və fövqəladə" olaraq xarakterizə etdi.
Mağara girişindən 90 metr məsafədə yerləşən otaqda yalnız bir növə aid 15 fərdi meydana gətirən 1500 fosil parçası tapıldı. Cənubi Afrikada danışılan yerli Sesotho dilində "ulduz" mənasını verən "naledi" adı, fosillərin tapıldığı otağa hörmət əlaməti olaraq verildi. 1500 sayı çox görünsə də qrup daha minlərlə fosilin orada olduğunu təxmin edir. Berger otağın döşəməsinin fərdlərin sümüklərindən meydana gəldiyini qeyd edir.
Tapılan sümüklər uşaqdan yaşlıya qədər bir çox fərqli yaş qrupunu təmsil edir. Məlumatlar yeni növün primitiv primatlarla müasir primatların mükəmməl bir qarışığına sahib olduğunu göstərir. İki ayaq üzərində dayanan bu hominidin təxminən 150 sm boya sahib olduğu düşünülür. Əlavə olaraq H. naledi, incə, güclü və əzələli oynaqlara sahibdir. İncə quruluşu və uzun qıçları, növün çox çəkiyə sahib ola bilməyəcəyini göstərir. Araşdırmaçılar yeni növün çəkisinin 45 kq. civarında olduğunu təxmin edirlər.
Çox kiçik olan beyinləri, beyni 450 - 550 kubsantimetr olan şimpanze beynindən bir az daha böyük olan bir avstralopit dişisininki ilə az qala eyni böyüklükdədir. Fərdlərinin dişisi və erkəyi arasındakı fiziki ölçü fərqi də çox azdır. Berger fərdlər arasındakı bənzərliyin, əkiz insanların bir-birinə bənzədiyi dərəcədə olduğunu ifadə edir. Buna görə də tapılan fərdlərin yaxın qohum olduğu düşünülür.
H.naledinin üzvlərinə başdan aşağı baxdıqda primitiv primatlardan müasir primatlara keçid görülə bilir. Çiyinlərə və qalça sümüyünə baxıldığında primitiv bir primata bənzədilə biləcək olan növ, sahib olduğu əl və ayaqlar ilə yüksək dərəcədə insana bənzəyir. Ancaq barmaqları bizimkilərdən daha qatlanmışdır. Bu da yeməkləri və ovları daha yaxşı qavramalarına köməkçi olmuş ola bilər. Çiyinlərini isə bizim hərəkət etdirdiyimizdən daha rahat hərəkət etdirə bilirdilər, bu da dırmaşmaq ilə məşğul olduqlarının bir göstəricisidir. Yerə təmas edən ayaqları isə bizimki ilə çox oxşardır.
Yaxşı, bu fərdlər təcrid olunmuş və çatılması bir o qədər çətin olan yerə necə keçdilər? Qrupun söylədiyinə görə ora çatıla biləcək tək açıqlıq 17.5 sm enindədir və başqa da giriləcək yer yoxdur. Orada hər hansı gəmirici ya da quş növünün sümükləri də tapılmır. Nə qədər çətin bir yer olduğunu siz düşünün!
Təbii fəlakət nəticəsində kütləvi ölüm, vəhşi heyvanlar və su vasitəsilə daşınma kimi bütün mümkün variantlar istisna edildikdən sonra alimlər bir variant üzərində dayanmışlar: onlar ölüləri düşünülmüş şəkildə və dəfələrlə bura gətirmişlər. İndiyə qədər bunun yalnız Homo sapiensə aid olduğunu düşünürdük!
"Bu bizlər üçün nə ifadə edir? Həyat ağacımızda var olan ölü basdırmaq bizlərə miras qaldı? Ya da belə soruşaq, ölü basdırmağı onlar icad etdi?" deyə Berger suallar verir.
Növün ən az 2 milyon il, hətta 3 milyon il əvvələ yaxın bir müddətdə yaşamış olduğu düşünülür. Hətta Berger H. naledinin cinsimizin ilk növü olmağa namizəd olduğunu ifadə edir.
daha ətraflı...

Sualtı Mağarada Milyon İllik Meymun Fosili Aşkar Edildi

İnsan Təkamülü Jurnalında (Journal of Human Evolution) dərc olunan məqaləyə əsasən, Dominikan Respublikasında yerləşən bir sualtı mağarada aşkar edilən və demək olar ki dəyişməz qalan milyon illik baldır sümüyü fosili Antillothrix bernensis adlandırılan nəsli kəsilmiş meymuna aiddir. 

Fosil bir neçə il əvvəl Dominikan Respublikasının Altaqrasiya əyalətində aşkar edilmişdir. Melburn Universitetində çalışan Robyn Pickering və həmkarları mağaradakı əhəng daşı qayalarında olan uran, torium, qurğuşun elementlərinin miqdarını ölçməklə fosilin 110 min il xəta nəzərə alınmaqla 1.32 milyon yaşlı olduğunu müəyyən etmişlər.

Sonra, üçölçülü həndəsi morfometriya üsulundan istifadə edərək, qrup təsdiq etdi ki, daşlaşmış baldır fosili həqiqətən Dominikan primatı Antillothrix bernensis-ə məxsusdur. Ayaq formasının modelləşdirilməsi, alimlərə meymunun ətraf mühitdə necə hərəkət etməsini müəyyənləşdirməyə və digər fosillərlə müqayisə etməyə imkan verdi. Kiçik pişik ölçüsündə olan bu ağacda yaşayan meymunun qida rasionunu əsasən meyvələr və yarpaqlar təşkil edirdi. Növ ilk dəfə 1977-ci ildə təsvir edilsə də, tədqiqatçılar indiyə qədər onun haqqında çox az məlumata sahib idi. İnsanların Karib dənizində yerləşən Böyük Antil adalarını yaşayış yerinə çevirməyə başladıqları zamanlarda növün orada mövcud olduğu ehtimal olunur.
daha ətraflı...

June 4, 2015

Saturnun peyki Enseladda həyat mümkündürmü?

Ötən il alimlər Saturnun peyklərindən biri Enseladın qalın buz örtüyü altında maye sudan ibarət böyük okeanın mövcud olduğunu aşkar etmişdilər. Elə həmin andaca elm ictimaiyyəti hipotetik yadplanetlilərin yaşaya biləcəyi səma cismlərinin siyahısına Enseladı da aid etdi. Enseladın nüvəsini qızdıracaq Saturnun cazibə qüvvəsi, dərin okean, atmosfer təbəqəsini əvəz edə biləcək qalın buz örtüyü və s. şərtlər səbəbindən bir çox mütəxəssislər yadplanetli canlıları çox uzaqda deyil, elə kosmik ölçülərlə hesabladıqda bir addımlığımızda yerləşən peykdə axtarmağımızın daha məqsədəuyğun olduğunu irəli sürmüşdülər. Amma sözsüz ki iddilar fərziyyədən o yana keçmirdi. Elə isə Enseladda həyatın inkişafı nə dərəcədə mümkündür?

Bir ay əvvəl Kanada və ABŞ-dan olan planetoloqlar nəhayət rəsmi açıqlama verərək, Enseladın həyatın yaranması və inkişafı üçün bütün şərtlərə malik olduğunu bildiriblər. Əldə edilmiş məlumatlar Saturnun peykini Günəş sistemində yerdənkənar həyat nümunəsini tapmaq üçün ən real namizəd edir.

Avtomatik kosmik cihaz "Cassini-Huygens"-in təqdim etdiyi məlumatlar göstərir ki, Enseladdaki qeyzerlər yüksək tərkibli karbon qazı və bir sıra digər birləşmələri ilə fərqlənir. Mütəxəssislər güman edir ki, Saturnun peykindəki sular mineral maddələrlə zəngindir. Məlumatlardan yararlanaraq, alimlər Enselad sularının kimyəvi xüsusiyyətlərinin modelini hazırlayıblar. Hesab edilir ki, duz tərkibinə görə okeanı Yer okeanları ilə müqayisə etmək olar. Enseladın okeanı bundan başqa böyük soda qatılığı və yüksək qələvilik səviyyəsi ilə də fərqlənir.

Bütün bunlar peykin yanar süxurları ilə okean sularının qarşılıqlı əlaqəsindən xəbər verir. Bizim planetdə oxşar şərtlərə Şimali Amerikadakı Mono gölü malikdir. Orada balıqlar yoxdur, amma çubuqşəkilli ekstremofil bakteriyalar olan GFAJ-1 yaşayır. Yerdə varsa, Saturnun peyki Enseladda niyə oxşar mikroorqanizmlər mövcud olmasın?

Enselad Saturnun altıncı ən iri peykidir. Diametri 500 km-ə bərabərdir. 2005-ci ildə "Cassini-Huygens" aparatı oraya yaxınlaşdıqdan sonra peykə maraq daha da artmağa başlamışdı. Saturnun peyklərinin öyrənilməsi işinə həm də NASA və ESA TSSM-in birgə layihəsi həsr edilib. Mütəxəssislər 2030-cu illərdə növbəti dəlillərə yiyələnəcəklərini qeyd edirlər.

"Saturnun peyki Enseladda həyat mümkündürmü?" sualına hələlik verilə biləcək ən doğru cavab nə ola bilər? Mümkündür, amma bunu da nəzərə almaq vacibdir ki, həyatı mümkün edə biləcək şərtlər onu hökmən mövcud etməli də deyil. Yalnız bir şeyi dəqiqliklə qeyd etmək olar ki, tezliklə çox mühim tapıntıların şahidi olacağıq. Bunu, NASA və SETI kimi nüfuzlu kosmik araşdırma mərkəzləri də təsdiqləyir.

Həmçinin oxuyun:

Saturnun peyki Enseladda okean tapıldı
Yadplanetliləri "Dayson kürəsi" köməyilə tapa bilərik
Həyat ola biləcək planetlərin sayı daha çoxdur
daha ətraflı...

Suyun Yerə asteroidlərlə gətirildiyinin sübutu əldə edilib

Almaniya və Böyük Britaniyadan olan astronomlar əvvəllər hesab edildiyinin əksinə olaraq, suyun Yerə kometlər vasitəsilə deyil, asteroidlər sayəsində düşdüyünü təsdiq etdikləri xəbərini yayıblar.

Alimlər SDSS J1242+5226 adlı ağ cırtdan ulduzu araşdırdıqdan sonra belə qənaətə gəliblər. Ağ cırtdan və sub-cırtdan ulduzların içinə aldığı materiya elə paylanır ki, elementlərdən bəziləri "batır", digərləri isə, əksinə, "üzə çıxır". Beləliklə də ulduzların spektrində baş vermiş dəyişikliklər alimlərə udulmuş materiyanın tərkibini analiz etmək şansı yaradır.

"Spitzer" kosmik teleskopunun imkanlarından yararlanaraq, mütəxəssislər SDSS J1242+5226-ın cırtdan planet statuslu Serera ağırlığındanki nəhəng bir asteroidi necə "canına çəkdiyini" müşahidə ediblər. Alimlərin gözlədiyinin əksinə olaraq, asteroidin 40%-in, Yer okeanlarının üçdə birini doldurmağa bəs edəcək miqdarda sudan ibarət olduğu aydın olub. Yəni, əgər Yerin bu günki su ehtiyatını əldə etmək istəsəydik, belə asteroidlərdən cəmi üçünə ehtiyacımız olardı.

Bir müddət əvvəl isə "Hubble" kosmik teleskopu köməyilə Yupiterin peyki Qanimeddə Yerdəkindən də artıq miqdarda su aşkar edilmişdi. Nəhəng okeanı təxminən 100 km qalınlığındakı buz örtüyü qapayırdı. Qanimed Günəş sistemindəki ən iri peykdir.

Əldə edilmiş yeni məlumatlar su ehtiyatı ilə zəngin asteroidlərin qalaktikada nadir hadisə olmadığını göstərir. Bu fakt, öz növbəsində, lazımi miqdarda maye suya malik və Yerə oxşar ekzoplanetləri tapmaq şansımızı artırır, alimlər hesab edir.

Həmçinin oxuyun:

Yerdəki suyun mənşəyi kometlər deyildi?
Asteroidin peyki tapıldı

Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı
daha ətraflı...

June 3, 2015

Şotlandiya məktəblərində kreasionizm tədrisi qadağan edilib

Şotlandiya Sekulyar Cəmiyyəti (SSS) böyük zəfəri bayram edir: hökümət yerli məktəb dərslərində "yaradılışçılıq" tədrisini qadağan edən qətnamə çıxarıb. Psevdoelmi konsepsiyanın yalnız dəqiq elmlərin tədrisində deyil, eyni zamanda dini və əxlaqi-etik kurslar çərçivəsində də təbliğatının yolverilməz olduğu qeyd edilir.

SSS belə bir tələblə hələ ötən ilin sentyabr ayında parlamentə müraciət etmişdi və yaxın vaxta qədər normanın tətbiq edilib-edilməyəcəyi şübhəli idi. Bir neçə həftə əvvəl təhsil və mədəniyyət üzrə parlament komitəsinin üzvləri bəyanat yayaraq, belə bir tədbir görülməsinin lazımsız olduğunu və parlamentarilərin rəyinə əsaslanaraq, bu mövzuda müəllimlərin mütəxəssislik bacarıqlarına etibar etməli olduqlarını bildirmişdilər.

Lakin bir müddət sonra Şotlandiya təhsil və mədəniyyət naziri Elesdeyr Allan tərəfindən komitəyə məktub ünvanlandı. Məktubda "yerli məktəblərdə qəbul edilmiş səkkiz tədris istiqamətlərinin hər birisi üçün qanun və dövlət qətnamələrində qeyd edilmiş prinsiplər kreasionizmi elmi konsepsiya kimi tanımır və bu səbəbdən elmi istiqamət üzrə kursların bir hissəsi olması yolverilməzdir" deyə qeyd edilir. Və nəhayət müvafiq qətnamə buraxılıb.

Kreasionizm və ya başqa adıyla "yaradılışçılıq" - bəşəriyyət, heyvanlar, Yer və ümumiyyətlə bütöv dünyanın bilavasitə Tanrı tərəfindən yaradılmış olduğu düşüncəsinə əsaslanan teoloji konsepsiyadır. Dünyanın bütün prestijli təhsil ocaqları kreasionizmi psevdoelmi doqma kimi qiymətləndirsə də, kreasionistlər öz ideyalarının kifayət qədər elmi olduğunu və təkamül biologiyası kimi digər elm sahələri ilə yanaşı tədris edilməsinin vacib olduğunu vurğulayırlar.

Əlavə edək ki, elmi əsaslı nəzəriyyə kimi kreasionizmin tədrisi Birləşmiş Krallıqların digər iki ölkəsi İngiltərə və Uelsdə artıq bir müddətdir qadağan olunub.

Həmçinin oxuyun:

Britaniyada kreasionizm tədrisi qadağan edildi
Avropa Şurası Parlament Assambleyasının 1580 saylı Qətnaməsi
"Elmə qarşı müqavimətin" psixologiyası
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top