February 15, 2016

Təkamül bizi nəyə çevirəcək?

Kent Universitetindən olan paleontoloq Metyu Skinnerin sözlərinə əsasən, təkamül bizi "məsxərəyə qoya bilər". Bu təbiət hadisəsinin üzərimizdəki təzyiqi nəticəsində insan suiti, morj və ya ördəyə oxşar canlıya çevrilə bilər. Fikirlər ilk baxışdan absurd kimi səslənsə də, alim dilə gətirdiyi sözlərini əsaslandıra bilir.

The Telegraph'a istinadən bildirilir ki, gələcəkdə insanın məruz qala biləcəyi metamorfozların səbəbi dəniz səviyyəsinin yüksəlməsi və bununla əlaqəli olacaq həyati qlobal dəyişikliklərdir. Gələcəyin insanı yeni şərtlərə uyğunlaşmalı olacaq və ola bilsin ki, onda inkişaf etmiş pərdəli üzvlər meydana gələcək. Buna oxşar nümunəni bu gün qurbağa, suiti, ördək və qunduzlarda görə bilərik. Belə bir təkamül dəyişikliyinin üstünlüyü bundan ibarətdir ki, artacaq dəniz səviyyəsi şərtlərində suda daha sürətli hərəkət etmə bacarığı təmin edə bilər.

Üzvlər uzana, ciyərlərin həcmi isə azala bilər. Bulanıq suda daha yaxşı görə bilmək üçün insanın gözləri transformasiyaya uğrayaraq, pişikkimilər yarımdəstəsi nümayəndəsinin gözlərinə oxşaya bilər. Sudaki zəif işıqlanma dərəcəsi şərtlərində gözdəki tor qişanın arxasında yeni toxuma qatı - "tapetum" meydana gələ bilər. Tapetum, qaranlıqda daha aydın görə bilmək üçün vacib, bir növ bioloji əks etdirmə sistemidir. Su əsasən soyuq olduğu üçün Homo sapiens bədən istiliyini qoruyub saxlamaq üçün əlavə piy qatı təkamülləşdirə bilər. Belə bir insan suitinə bənzəməyəcəksə, daha nəyə bənzəyəcək?

Lakin bu hələ son deyil. Alimin digər bir versiyasına əsasən, əgər yerüzünə asteroid düşsə, bu isə buz dövrünü başlatsa və atmosferin günəş şüası keçiciliyini azaltsa, vacib D vitaminini qəbul etmək üçün insanın dərisi və saçı daha açıq rəngə doğru təkamülləşəcək. Burun və sifət böyüyəcək, saçlarınsa miqdarı artacaq. Bütün bunlar həddindən artıq soyuq şərtlərdə sağ qalma şanslarını artırmış olacaq.

Əgər insan başqa planetə köç edib, məsələn, "marslı" olsa, bədən ölçüsü azalacaq. Qırmızı planetdə kaloniya qurası olsaq təbii rəqiblərimiz və fiziki yükdən məhrum olacağıq və hazır qida qəbulu səbəbindən çənəmiz kiçiləcək, dişlərimizsə, böyük bir ehtimalla, tamamilə yox olacaq. Yetkin marslı belə, alimin dediyinə görə, uşağa oxşayacaq. Bədənin ümumi ölçüsünün kiçilməsinə baxmayaraq, beynimiz artmağa və böyüməyə davam edəcək.

Mütəxəssislərin rəyinə görə, Homo sapiens yaxın zamanda çox da dəyişilməyəcək. Transformasiyaya ilk uğrayacaq əsas bacarığımızsa təhlükəli xəstəliklərə qarşı müqavimətin artması olacaq.

Həmçinin oxuyun:

İnsanın təkamülü davam edir
Gələcəyin seksi
Maya sivilizasiyasının yox olma səbəbi nədir?
daha ətraflı...

Alim: "Qadınlara savadsız olmaq sərf edirdi"

Məşhur rusiyalı bioloq, paleontoloq və elm populyarizatoru Aleksandr Markov hesab edir ki, qadınların savadsız olmağı təkamül nöqteyi-nəzərindən daha sərfəlidir.

Mütəxəssis son verdiyi intervyuda qadınların təhsili sualına toxunur. Onun sözlərinə görə, qadının intellektual olması nəsilartırma potensialına mənfi təsir göstərir. Qadın yazma-oxuma bilmədikdə, savadsız olduqda isə özündən sonra nəsil qoyma şansları artır. "Ölkədə qadın savadlılığı nə qədər çoxdursa, doğum bir o qədər azdır", - bioloq qeyd edir. Alim həmçinin məşhur tezisi bir daha xatırladır - savadlı qadın hər şeydən əvvəl öz karyerası və gələcəyi barədə düşünürsə, savadsız qadın əsasən öz uşaqlarının tərbiyəsi ilə məşğul olur.

Markov demoqrafik məsələyə başqa prizmadan da baxdığını etiraf edir. "Kasıblar, varlılardan daha sürətli artırlar. Bu vəziyyət hər zaman, hər yerdə və hər cəmiyyətdə təkrarlanmasa da, yenə də müşahidə olunur. Kasıb məhəllələri əhali çoxluğundan aşıb-daşır, varlılarsa varislərinin olmamasından əziyyət çəkir" - alim deyir. Dolayısı ilə doğum səviyyəsini təkcə qadının cəmiyyətdəki mövqeyi nöqteyi nəzərindən qiymətləndirmək yanlış olardı.

Lakin maraqlı bir istisnaya da rast gəlirik. Hal-hazırda İranda doğum statistikaları hər qadına 1,92 uşaq düşdüyünü göstərir. Bu göstərici Avropa İttifaqı üzrə ortastatistik göstəricidən azca yüksəkdir. İran cəmiyyətini, qərb nöqteyi-nəzərindən, bərabərhüquqlu adlandırmaq çətin olardı. Qərbləşmə siyasəti və bununla əlaqəli "qadının ali təhsil alma dəbi" müşahidə olunmayan bu islam ölkəsindən belə göstəricilər insanı heyrətləndirməyə bilməz.

Bioloq bununla yanaşı insanların yaşlılara baxma və onların qeydinə qalma davranışı məsələsinə də toxunur. İbtidai icma dövrü ovçuları üçün qocalara qayğı göstərmək sərfəli idi, çünki bunun əvəzində böyük nəsil nümayəndələrindən dəyərli həyat təcrübəsi dərsi alırdılar.

O ki qaldı kreasionistlərə, Markov qeyd edir ki, onlar da təkamül tərəfdarlarından fərqli olaraq, sərfəlidirlər. Bu mövzu daha çox siyasi müstəvidədir və bunu ən sadə belə şərh etmək olar ki, inanclı insanları idarə etmək daha asandır və istənilən hökümət bunu yaxşı dərk edir.

Həmçinin oxuyun:

Qadınlar niyə elmə maraq göstərmir?
Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?
Körpələr sağ qalmaq üçün gecələr oyanır
daha ətraflı...

Qravitasiya dalğalarının mövcudluğu təsdiq edildi

11 fevral 2016 tarixində elm ictimaiyyəti konfrans çərçivəsində nəyahət ki Albert Eynşteyn tərəfindən irəli sürülmüş qravitasiya dalğalarının kosmosda müşahidə edildiyini təsdiq etdi. Yerdən çox uzaqda yerləşən kosmik obyektlərin buraxdığı izlər olan dalğaların qeydə alınması "əsrin kəşfi" hesab olunur.

Qravitasiya dalğalarının mövcudluğunu 100 il əvvəl Eynşteyn proqnoz etmişdi. Alim iddia edirdi ki, gözəgörünməz dalğalar kainatdaki kütlənin hərəkətinin sürətlənməsi nəticəsində meydana gəlir. Dolayısı ilə, kainatımız inflyasion, genişlənən modelə sahibdir.

Astronomların dediyinə əsasən, qravitasiya dalğalarının kəşfi Böyük Partlayış və inflyasiya nəzəriyyələrinin birmənalı olaraq təsdiq edildiyi mənasını verir, habelə bu "inqilabi irəliləyiş" qara dəliklər, neytron ulduzlar və Supernova partlayışları kimi enerji qaynaqlarının öyrənilməsi işində əvəzsiz yardım təmin etmiş olur.

"Bu, son deyil - yeniliyin başlanğıcıdır", - deyə Kolumbiya Universiteti professoru Sabolç Mark qeyd edir.

Yeni kəşfə imza atıldığı xəbərini rəsmi olaraq yayan, LIGO-nun icraçı direktoru Devid Reyts konfransda sözügedən dalğaların mövcud olduğu haqda alimlərin hələ ötən ilin sentyabr ayında xəbər tutduqlarını, lakin ətraflı analiz işləri səbəbindən açıqlama üçün bu qədər vaxt gözlədiklərini bildirib.

Tapıntını edən "qəhrəman", Maks Plank adına qravitasiya fizikası institutundan (Hannover, Almaniya) olan Marko Draqodur. LIGO rəsədxanasında müəmmalı siqnal aldıqdan üç dəqiqə sonra, alimin elektron ünvanına müvafiq bildiriş gəlib. Həmin vaxt Marko öz otağında olub. O, ilk öncə baş verənləri iş yoldaşı və ailəsi ilə bölüşüb. 18 sentyabr və 5 oktyabr tarixləri arasında mütəxəssislər müəmmalı siqnalın mənşəyinin araşdırılması üzərində baş sındırıblar. Nəticədə rəsədxanada yerləşən iki detektorun köməyilə, alimlər "əsrin kəşfinə" imza atıblar.

Məlumat üçün qeyd etmək vacibdir ki, 2014-cü ilin mart ayında da alimlər oxşar uğura yiyələndikləri xəbərini yaymışdılar. Elm ictimaiyyətində həmin tapıntının hətta Nobel mükafatı qazandıracağı belə iddia edilirdi. Lakin son anda tədqiqatçılar cazibə dalğaları əvəzinə səhvən ulduzlararası tozu müşahidə etdiklərini bildirmişdilər. Son edilən açıqlamanın dəqiqliyi isə elm ictimaiyyətində daha heç kəsdə şübhə doğurmur.

Həmçinin oxuyun:

Multikainatda yaşayırıq?
Bizi əhatə edən reallıq holoqram ola bilər
Kvant fizikası sahəsində böyük nailiyyət
daha ətraflı...

Dindar valideynlər uşaqlarına xəsislik aşılayır

Beynəlxalq psixoloq komandasının apardığı tədqiqat çərçivəsində məlum olub ki, dindar ailələrdə tərbiyə edilən uşaqlar sekulyar və ateist ailələrində böyüyən həmyaşıdlarından fərqli olaraq, bölüşməyi bir o qədər də sevmirlər. Bundan başqa inanclıların, insanların şiddətli cəzalara məruz qalmasına daha çox haqq qazandırdığı və başqalarının əməllərinə daha dözümsüz yanaşdığı qeyd edilir.

ScienceDaily elm portalına istinadən bildirilir ki, ateist və ya dindən uzaq ailələrdən olan uşaqlar daha əliaçıq və həssas fərdlər olaraq yetişir. Başda Çikaqo Universitetindən olan professor Cin Deseti olmaqla, psixoloq komandası ümimilikdə altı ölkədən olan uşaqların davranışını öyrənərək, dindar valideynlərin böyütdüyü uşaqların bölüşməyə daha az meylli olduğu qənaətinə gəlib. Bununla yanaşı onlar, təqsirli əmələ görə daha şiddətli cəzalar verilməsinə də haqq qazandırırlar.

"Gəldiyimiz nəticələr, xeyli populyar olan, dindar ailələrdən olan uşaqların digərləri ilə müqayisədə daha xeyirxah olduğu fərziyyəsinə ziddir. Apardığımız tədqiqat göstərir ki, əslində sekulyar ailələrin uşaqları daha əliaçıqdır", - Deseti qeyd edir.

Tədqiqatda Kanada, Çin, Cənubi Afrika, Türkiyə, İordaniya və ABŞ-dan olan 5-12 yaş arası 1170 uşaq iştirak edib. Onların dindarlıq səviyyəsini müəyyən etmək üçün valideynlərə anketi doldurmaları təklif edilib. Alimlər həmçinin valideynlərin bilik səviyyəsini və onların öz uşaqlarını nə dərəcədə xeyirxah və həssas hesab etdikləri kimi məsələləri də aydınlaşdırıblar. Anketləşdirmə nəticələrinə əsasən valideynləri üç böyük qrupa bölüblər: xristianlar, müsəlmanlar və ateistlər.

Uşaqlar "Diktator" adlı oyunda iştirak ediblər. Hər uşağa 10 etiket verilərək, bunları özü və gözəgörünməz partnyoru arasında bölüşdürməsi tələb olunub. Həmçinin onlara dava kimi müxtəlif hadisələr təsvir olunan şəkillər göstərilib. Davada iştirak edənlərin cəzaya layiq olub yoxsa olmadıqları soruşulub. Beləliklə nəticələr, yaş artdıqca uşaqların daha xeyirxah olduğunu və dostu ilə bölüşmə meylinin çoxaldığını göstərib. Maraqlıdır ki, dindar ailələrin uşaqlarının ateist ailələrin uşaqlarından daha xəsis olduqları məlum olub.

"Daha əvvəlki araşdırmalar dini inanclı insanların inancsızlarla müqayisədə daha az xeyirxah işlərlə məşğul olduğunu göstərirdi. İndə isə aydınlaşdırdıq ki, üstəlik onların uşaqları da ateistlərin övladlarından daha az xeyirxahdır", - Deseti deyir.

Həmçinin oxuyun:

Dini tərbiyə almış uşaqlar reallıqla xülyanı ayırd edə bilmir
İnanclı insanlar intellektual baxımdan geridədirlər
Alim: "Xristianlığın yaranması meteorit düşməsi ilə əlaqəlidir"
daha ətraflı...

January 14, 2016

Taun mikrobu milyonlarla insanı öldürəcək şəkildə necə təkamülləşdi?


Taun dedikdə ilk öncə 14-cü əsrdə bütün Avropanı cənginə alan "Qara Ölüm" pandemiyası yada düşür. Xəstəliyin Avropanı bir çox onilliklər ərzində məhv etməsi nəticəsində kütləvi məzarlıqlar milyonlarla qurbanların üst-üstə yığılmış cəsədləri ilə dolmuşdu. Taun xəstəliyinin törədicisi olan Yersinia pestis bakteriyası hal-hazırda da gəmirici və birə populyasiyaları arasında yaşayaraq bütün dünyada mütəmadi olaraq epidemiyalara səbəb olur. Son dövrlərdə Madaqaskarda insanlar, ABŞ-ın Kolorado ştatında isə çöl itləri arasında tauna yoluxma hallarının olduğu təsdiqlənmişdir.

Y. pestis üç fərqli formada tauna səbəb ola bilir: bubonik, pnevmonik və septik. Pnevmonik taun ağciyərləri yoluxdurur və ağır pnevmoniya yaradır. Xəstəliyin bu ən ciddi formasında antibiotiklərlə müalicə vaxtında başladılsa sağalma mümkündür, lakin müalicə edilməzsə ölüm riski 100%-ə çatır. Elementar gigiyena normalarının yüksəlməsi və müasir tibbdəki nailiyyətlər sayəsində taun epidemiyalarının sayı böyük ölçüdə azalmış olsa da pnevmonik taunun əlamətləri qripə o qədər bənzəyir ki səhv diaqnoz qoyulması və müalicənin gecikdirilməsi ölümcül nəticələrə səbəb olur.

Y. pestis-in nisbətən az zərərli bağırsaq patogeni olan "Yersinia pseudotuberculosis"dən son 5-10 min il içərisində, təkamülün zaman şkalası baxımından çox yaxınlarda təkamülləşdiyi bilinir. Təkamül müddətinin bir nöqtəsində Y. pestis yeni heyvan və mühitlərə uyğunlaşma imkanı verən yeni yoluxma yolları və xəstəlik təzahürləri inkişaf etdirdi. Bakteriya bu sayədə sadə bir qarın ağrısı törədicisi olmaqdan çıxıb Orta Əsrlərdə milyonlarla insanın ölümünə səbəb olan qatilə çevrildi.

Laboratoriyamızın əsas elmi-tədqiqat məqsədlərindən biri Y. pestis-in pnevmonik taun törətmək qabiliyyətini necə inkişaf etdirdiyini müəyyən etməkdir. "Nature Communications" jurnalında nəşr olunan araşdırmamız kiçik genetik dəyişikliklərin Y. pestis-in ciddi tənəffüs yolu patogeninə çevrilməsinə necə təsir göstərdiyinə dair yeni fikirlər təqdim edir.

Bizim araşdırmaya qədər, bu sahədə ümumi rəy belə idi ki, pnevmonik taun bubonik taun olaraq bilinən invaziv xəstəliyin əlavə təsiri şəklində meydana çıxan bir ağırlaşmadır. Pnevmonik taun insanlarda mövcud taun infeksiyalarının yalnız 5-10%-ni meydana gətirdiyi üçün, pnevmonik taunun yalnız Y. pestis-in bubonik taun zamanı yayılmış infeksiyadan sonra ağciyərlərə keçməsi nəticəsində inkişaf edən bir xəstəlik olduğu ehtimal edilirdi. Ola bilər ki səbəb hal-hazırda həqiqətən belədir, lakin Y. pestis-in əcdadının Y. pseudotuberculosis olduğunu nəzərə alsaq keçmişdə baş verənlərin bununla əlaqədar olmadığını düşünə bilərik.



Birinci, Hədəf Ağciyərlər!

Beləliklə araşdırmamıza bu sadə sualla başladıq: "Y. pestis ağciyərləri yoluxdurma və pnevmonik tauna səbəb olma qabiliyyətini nə vaxt qazandı?" Təkamülün zaman şkalasında bakteriyanın bağırsaqlardan çox ağciyərləri hədəfləməyə başlamasının yaxın dövrlərdə reallaşdığını yuxarıda qeyd etmişdik. Y. pestis-in bir növ olaraq 5-10 min il əvvəl ortaya çıxdığı məlumdur ancaq insanlar arasında bilinən ilk taun pandemiyası 1500 il əvvəl Bizans İmperatorluğuna təsir edən "Yustinian Taunu" olmuşdur.

Yaxın zamanda edilən bir kəşf araşdırmalarımıza yardımçı oldu. Alimlər Londonda bir "Qara Ölüm" kütləvi məzarlığındakı insan skeletlərindən Y. pestis DNT-sini əldə etməyi bacardılar. Bu tarixi ərazidən əldə edilən genetik vəsait, müasir dünyadakı taun epidemiyalarından əldə edilən DNT ilə çox bənzərdir. O dövrlərdəki DNT-nin müasir DNT-yə bənzəməsi, müasir Y. pestis bakteriyalarının da dağıdıcı xəstəlik yarada bilmə qabiliyyətlərini qoruduğunu göstərir.

Y. pestis-in o əhəmiyyətli sıçramanı edərək ağciyərləri hədəfləməyə və beləcə pnevmonik taun törətməyə başlaması mövzusundakı sualları cavablandırmaq üçün, həm köhnə, həm də müasir Y. pestis ştammlarını araşdırdıq. Zaqafqaziya yaylalarındakı tarla siçanlarından alınmış olan bu köhnə Y. pestis ştammları, həm indiki vaxtda epidemiya yarada bilən Y. pestis ilə həm də nisbətən daha az patogen əcdadı və hal-hazırda mövcud olan Y. pseudotuberculosis ilə xarakteristik bənzərlik göstərməkdə idi.

Beləliklə, bu köhnə variantların bağırsaq Yersinia bakteriyaları və müasir öldürücü Y. pestis arasında qalan "keçid" ştammlar olduğu düşünülə bilər. Həqiqətən də bu "keçid" xəttdən gələn köhnə ştammlar Y. pseudotuberculosis ilə ciddi bənzərlik göstərsə də eyni zamanda texniki olaraq Y. pestis növünü də təmsil etdiyini söyləyə bilərik. Köhnə ştammlar bu unikal genetik xüsusiyyətləri sayəsində, Y. pseudotuberculosis-dən təkamülləşərkən bakteriyanın yeni mühitlərə necə adaptasiya ola bildiyi mövzusunda əhəmiyyətli məlumatlar verə bilər.

Gözlənilməz şəkildə, bu köhnə ştammların da müasir Y. pestis bakteriyasının siçanlarda yaratdığı pnevmonik taundan ayırd edilə bilməyəcək şəkildə bir pnevmonik taun yarada bilmə qabiliyyətləri olduğunu kəşf etdik, ancaq bunun üçün bakteriyaların Pla adlı zülalı tənzimləyən genə sahib olması lazımdır. Y. pestis-ə xas olan Pla növün təkamülünün ilk mərhələlərində meydana çıxmışdır.

Y. pestis-in demək olar ki bütün köhnə ştammlarında Pla geni vardır. Lakin Pla-nın əldə edilməsindən əvvəlki zamanlardan gələn bir neçə köhnə Y. pestis nümayəndəsi də hələ mövcudddur. Pla geni olmayan bu ştammların pnevmonik tauna səbəb ola bilmə qabiliyyətini yoxladıq və bunun baş vermədiyini gördük. Ancaq Y. pestis bu geni əldə edən kimi bakteriya pnevmonik taun törətməyə başladı. Keçmişdəki və indiki Y. pestis arasında çoxlu sayda fərqlilik olsa da yalnız bir dəyişiklik bakteriyanın ölümcül patogen olmasını təmin etmişdir. Yəni Y. pestis Pla geninə daha əvvəllər sahib olsaydı pnevmonik taun törətmək qabiliyyətini də daha əvvəl əldə edə bilərdi.

İkinci, Yoluxuculuğu Artır!

Ancaq məsələ burada bitmir. Məlum olmuşdur ki, köhnə ştammlardan fərqli olaraq Y. pestis-in bütün müasir ştammlarının müvafiq genində Pla-da bir aminturşu dəyişikliyi yaradan mutasiya mövcuddur. Bu dəyişiklik Pla zülalının funksiyasını az miqdarda dəyişdirsə də mutasiya köhnə və ya müasir fərq etmədən Y. pestis-in pnevmonik tauna səbəb ola bilmə qabiliyyəti ilə əlaqədar heç bir rol oynamır.

Gözlənilməz şəkildə, bu modifikasiya yoluxmuş birə və ya gəmirici dişləməsindən sonra Y. pestis-in sahib orqanizmdə daha dərin toxumalara yayılmasına və bubonik taunun xarakterik əlaməti olan böyümüş limfa düyünlərinin meydana çıxmasına səbəb olmuşdur. Bu da Y. pestis-in ən başda bir tənəffüs sistemi patogeni olduğunu və invaziv (daxilə sirayət edən) infeksiyalar yarada bilmə qabiliyyətini isə daha sonra qazandığını göstərir.

Bu kəşf sayəsində taunun necə təkamülləşdiyi mövzusundakı düşüncələrimiz dəyişə bilər. Pnevmonik taunun Y. pestis-in "silahları" arasına əlavə olunması və bakteriyanın ağciyəri hədəfə alma qabiliyyəti görüldüyü kimi yoluxucu bir patogen olmasından daha əvvəl reallaşmışdır. Araşdırmalarımız göstərdi ki, Pla geninin qazanılması və pnevmonik taun törətmə xüsusiyyəti 1500 - 5000 ildən əvvəl meydana gəldi. Ancaq aminturşu modifikasiyası 1500 il əvvəl baş verdi və bu da Y. pestis-in daha ölümcül olmasını təmin etdi. Y. pestis-in Yustinian Taunu zamanından və sonradan gələn bütün ştammlarında Pla-nın ölümcül modifikasiyası varkən ondan əvvəlki zamanlardakı ştammlarda bu mövcud deyil.

Əldə etdiyimiz nəticələr kiçik bir aminturşu dəyişikliyi ilə Y. pestis-in yalnız yerli epidemiyalar yaradan bir bakteriya olmaqdan çıxıb Yustinian Taunu və Qara Ölüm kimi pandemiyalar səbəbkarına çevrilməsinə aydınlıq gətirir.

Və bu nəticələr eyni zamanda digər tənəffüs yolu patogenlərinin də belə kiçik genetik dəyişikliklər nəticəsində əldə edə biləcəkləri xüsusiyyətlər mövzusunda qorxunc ehtimalları artırır.

Müəlliflər: Daniel Zimbler/Bakterioloq, Wyndham Lathem/Mikrobioloq-İmmunoloq (ABŞ, Northwestern University).
daha ətraflı...

December 9, 2015

Tiktaalik ilə Çin Timsahının (Alligator sinensis) Əlaqəsizliyi

Tiktaalik roseae 2004-cü ildə Kanadanın şimalında yerləşən Ellesmere (Elsmir) Adasında tapılmışdır. Tiktaalik balıqlarda olduğu kimi primitiv çənəyə, pulcuqlara və üzgəclərə sahib olmaqla bərabər balıqların edə bilmədiyi şəkildə üzgəclərini quruda hərəkət etmək üçün istifadə edə bilirdi. Buna müvafiq olaraq quru onurğalılarında gördüyümüz amma balıqlarda müşahidə olunmayan inkişaf etmiş döş qəfəsi, boynu və müasir timsahlarınkı kimi başı olsa da eynilə balıqlar kimi suda da yaşayırdı. Yəni həm suda həm də quruda yaşayan canlılara aid bir çox xüsusiyyətə sahib idi və bu baxımdan, keçid fosillərinə gözəl bir nümunə olmaqdadır.
Təkamül əleyhdarları, Tiktaalikin başının Alligator sinensis timsahına, fosilin digər hissələrinin isə eyni layda olan balıqlara aid olduğunu, tapıntılarını ən məşhur elmi jurnal olan "Nature"də nəşr edən mütəxəssislərin insanları aldatmaq üçün yalan danışdıqlarını və saxta bir fosili təbliğ etməyə çalışdıqlarını söyləyirlər. Amma bunu, heç bir elmi təhlil və ya etibarlı arqumentlə dəstəkləyə bilmir, yalnız "elə olduğuna inanmanızı" gözləyirlər. Halbuki iddialarının əsassızlığı, taksonomiya və fosillərdən cüzi anlayışı olanlar üçün son dərəcə aydındır:

1. Timsahların ən erkən əcdadlarına 225 milyon il əvvəldə rast gəlməkdəyik. Müasir timsahlar isə 84 milyon il əvvəl, Alligator sinensis isə yalnız 700.000 il əvvəl təkamülləşmişdir. Tiktaalik isə 375 milyon il əvvəl, yəni var olmuş bütün timsahlardan öncə yaşamış bir heyvan növüdür. 

2. Timsahlar dinozavrlara gedəcək budaqdan ayrılmış bir heyvan qrupudur. Dinozavrlar, 250 milyon il əvvəl təkamülləşməyə başlamış bir üst dəstədir. Bu səbəbdən Tiktaalikin dinozavrların erkən dövründə onlardan ayrılaraq təkamülləşən timsahlarla bir əlaqəsi mümkün deyil. 

3. Timsahlar Sürünənlər Sinifinə aiddirlər. Sürünənlər diapsid canlılardır. Yəni kəllənin üst qismində, göz yuvalarından əlavə, hər tərəfdə 2 dənə olmaqla cəmi 4 dənə böyük oyuq/çuxur vardır. Bu çuxurlar, bütün sürünənlərdə və quşlarda müşahidə edilir. Fotoşəkildən görə biləcəyiniz kimi, Alligator sinensisdə də bunlar vardır. Bu çuxurları olmayan bir canlının timsah, xüsusilə də Alligator sinensis olması qeyri-mümkündür. Ancaq aşağıdakı Tiktaalik kəlləsinə baxdıqda, yalnız bir dəlik olduğunu görürük:
Təkcə sonuncu fakt Tiktaalikin balıqlarla sürünənlər arasında bir keçid növü olduğunu təsdiq edir. Çünki balıqlar, "anapsid" heyvanlardır. Kəllələrində dəlik yoxdur. Sürünənlər, yuxarıda qeyd etdiyimiz kimi, diapsid canlılardır. Tiktaalik isə, bunların tam ortasında, hər iki tərəfdə 1 dənə olmaqla cəmi 2 dəliyə malikdir (göz yuvaları istisna olmaqla). Yalnız göz xəttinin üzərindəki dəliklərə sahib olan bu cür canlılara "eurapsidlər" adı verilməkdədir. Eynilə Tiktaalik kimi, digər bütün eurapsidlərin (plesiosaurlar və bənzərləri) nəsli kəsilmişdir. Ancaq eynilə digər nümunələr kimi, Tiktaalik də çox maraqlı keçid növüdür.

Aradakı fərqlərin siyahısı bu şəkildə yüzlərlə olacaq şəkildə çoxaldıla bilər. Yəni Tiktaalikin başı bu timsahınkına bənzəsə də çənə quruluşu daha primitivdir və onunla heç bir əlaqəsi yoxdur. Ayrıca fosillərin tapılmasından sonrakı illərdə, bir neçə institut və universitetlərdə aparılan paralel araşdırmalarda, fosilin bütün parçalarının bir-biriylə uyğun və qəti olaraq tək bir növə aid olduğu dəqiqləşdirilmişdir. Digər tərəfdən özündən əvvəl təkamülləşmiş şüa üzgəcli balıqlar, solekantlar, ağciyərli balıqlar, Eustenopteron, Panderichthis ilə özündən sonra təkamülləşmiş olan Acanthostega, Ichtyostega və Tulerpeton ilə birlikdə sudan quruya çıxan canlılar arasında möcüzəvi bir ara-keçid növü olduğu bütün elm ictimaiyyəti tərəfindən qəbul edilməkdədir.

daha ətraflı...

December 1, 2015

Xəyallara daldığınıza görə narahat olmağa dəyməz

Oturun və heç bir şey düşünmədən rahatlanın… Çətindir? Bəli, bunu etmək elə də asan deyil. Beyni istirahət rejiminə keçirməyə çalışsanız belə fərqli xəyal dünyalarına daldığınızı görərsiniz. Lakin geniş yayılmış düşüncənin əksinə olaraq bu boş xəyallar faydalı ola bilər.

Nevroloqlar uzun müddət beynin bir iş görərkən güclü işlədiyini, boş dayanarkən isə istirahət etdiyini düşünürdü. Könüllülər üzərində aparılan təcrübələrdə barmaq hərəkətləri, zehni hesablama (mental aritmetik) etmə, şəkillərə baxma kimi tapşırıqlar əsnasında insanların beyin müayinəsi aparılır və hansı bölgələrin aktiv olduğu, beynin davranışlara necə nəzarət etdiyi aşkarlanmağa çalışılır.

Nevroloqlar fərqli fəaliyyətlərdə beynin necə işlədiyini görmək üçün təcrübə aralarında onu neytral vəziyyətə gətirəcək bir üsul tapmağa çalışırlar. Bunu təmin etmək üçün təcrübədə iştirak edənlərdən qara ekran üzərindəki ağ xaç işarəsinə baxmaları istənilir. Nə isə düşünməsi istənməyən beynin neytral vəziyyətə düşəcəyi fərz edilir. Lakin elə olmur.

Düşünməyən beyində fəaliyyət

Bunu ilk olaraq 20 il əvvəl Medical College of Wisconsin tələbəsi Bharat Biswal fərq edir. O, beynin rahatlanması istənən mərhələdə belə beyindəki aktivliyin davam etməsini və bunun koordinasiyalı bir fəaliyyət olduğunu aşkarlayır.

1997-ci ildə Gordon Schulman müxtəlif beyin müayinələrinin nəticələrini araşdıraraq insanların xüsusi bir mövzuya diqqət verdiyi zaman beyində hansı bölgələrin aktiv hala gəldiyini görməyə çalışarkən tam əksini fərq etdi: Heç bir şey etmədiyimizdə aktiv hala gələn bölgəni.

İnsanlar istirahətdən fəaliyyətə keçdikdə beynin daha aktiv olması gözlənilir. Amma Schulman bu vəziyyətdə beynin bəzi bölgələrinin davamlı olaraq daha az aktiv hala gəldiyini gördü. Yəni, beyin müayinə cihazları içində bir şey etmədən səssizcə yatarkən insanların beynində bəzi bölgələr hər hansı bir iş edərkən olduğundan daha aktiv hala gəlirdi.

Beynin heç bir zaman istirahət etmədiyinin başa düşülməsi bir az zaman aldı. Nevroloqlar uzun müddət ehtiyac olmadıqda beyindəki fəaliyyətlərin dayandığını sanırdı.

İstirahət edərkən belə məşğul

Hal-hazırda beynin "istirahət etmə anında" məşğul olduğunu göstərən üç mindən çox araşdırma var. Bəzi alimlər beyin heç bir zaman istirahət etmədiyi üçün bu terminə qarşı çıxır. Onun yerinə, "beynin sakitlik rejimi" terminindən istifadə edirlər.

Görəsən düşünməyən beyin nəyə görə bu qədər aktivdir? Bu mövzuda bir çox nəzəriyyə olsa da hələ ki tam razılaşma əldə edilməmişdir. Lakin bu fəaliyyətlər yaddaşın möhkəmlənməsində rol oynamış ola bilər.

Beyin sakit buraxıldıqda əsasən gələcək barəsində cəmləşdiyini bilirik, axşam nə yeyəcəyimiz, gələn həftə hara gedəcəyimiz və sair. Beynin gələcəyi xəyal etmə ilə əlaqədar hissələri də "beynin sakitlik rejimi" içində olur. Yəni, sanki beynimiz xüsusi bir vəzifə ilə məşğul olmadığı zamanlarda gələcəyə xüsusi diqqət yetirmək üçün təkmilləşmişdir.

Harvard Tibb Məktəbində çalışan Moshe Bar bunun xəyal qurmaqla əlaqədar olduğunu, xəyal qurmanın isə olmamış hadisələrlə əlaqədar yaddaş meydana gəlməsini təmin etdiyini qeyd edir. Bunun bizə "ön təcrübə" imkanı verdiyi, beləcə xəyal etdiyimiz mövzuda qərar almamızı asanlaşdırdığı düşünülür. Məsələn hər hansı bir nəqliyyat vasitəsinə minən bir çox insan onun qəzaya uğrayacağını xəyalındə canlandırır. Və nə vaxtsa bu baş versə daha əvvəlki xəyal qurma dövründə meydana gəlmiş yaddaş ortaya çıxacaq və sərnişinin necə davranması mövzusunda qərar verməsini asanlaşdıracaq.

"Qaranlıq enerji"

Bu ilin Sentyabr ayında Oxford Universitetində edilən bir araşdırmada istirahət edərkən beynin hansı bölgələrinin bir-biriylə əlaqəli olduğunu görmək üçün 460 insanın beyin müayinəsi aparıldı. Nəticələr, bu əlaqələrin gücünün adamın yaddaş gücü, təhsili və fiziki dayanıqlılığıyla əlaqəli olduğunu göstərdi. Xəyal qurarkən belə beynin bəzi bölgələri sanki ehtiyac ola bilər məqsədiylə əlaqə halında qalırdı.

Beynin heç bir zaman istirahət etmədiyi faktı bir sirrin həll edilməsini də təmin edə bilər. Beyin normal halda gördüyü işə görə 5% enerji istifadə etməsi lazım olarkən nəyə görə 20% enerji istifadə edir? Nevroloq Marcus Raichlenin beynin "qaranlıq enerjisi" olaraq xarakterizə etdiyi bu 15%-lik enerji itkisi məhz bu istirahət etmə fəaliyyətlərində sərf edilmiş ola bilər.

Sakit vəziyyətdə ya da başqa bir işlə məşğul olarkən beynimizin xəyallara dalmasına və düşünməsinə maneə törətmənin nə qədər çətin olduğunu hamımız bilirik. Amma bunun faydalı olduğunu bilmək bəlkə beynimizə daha fərqli baxmamızı təmin edəcəkdir.

daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top