June 11, 2017

Ac qalmaq bəzi insanlarda aqressivliyə səbəb olur


Nə vaxtsa ac olduğunuz zaman heç kimə isə acıqlandınızmı? Və ya kim isə ac olduğu zaman sizə acıqlandımı? Əgər belədirsə, deməli siz bəzi ac insanlarda özünü əsəbilik və dalaşqanlıqla biruzə verən "hangry" ("hungry"-ac və "angry"-qəzəbli sözlərindən əmələ gəlib) fenomeni ilə qarşılaşmısınız.

Bəs "hanger" fenomeni nədən qaynaqlanır? Nəyə görə bu fenomen yalnız bəzi insanlarda müşahidə edilir? Cavab, bədənimiz qida ehtiyacı hiss etdiyi zaman meydana çıxan bəzi proseslərlə əlaqəlidir.

"Hanger"in fiziologiyası

Karbohidratlar, zülallar və yağlar, yəni yediyiniz hər şey, sadə şəkər (qlükoza kimi), aminturşular və sərbəst yağ turşuları şəklində həzm olunur. Bu qida maddələri sizin qanınıza keçdikdən sonra orqan və toxumalara yayılaraq enerji üçün istifadə olunur.

Son yeməkdən sonra vaxt ötdükcə, qanınızda dövr edən bu qida maddələrinin miqdarı azalmağa başlayır. Əgər qandakı qlükoza səviyyəsi çox düşərsə, beyniniz bunu həyat üçün təhlükəli vəziyyət kimi qəbul edəcəkdir. Fəaliyyətini qorumaq üçün müxtəlif qida maddələrindən istifadə edən bir çox orqan və toxumalardan fərqli olaraq, beyniniz öz işini görmək üçün ciddi şəkildə qlükozadan asılıdır.

Yəqin ki, beyninizin qlükozadan asılı olduğunu artıq hiss etmisiniz; ac olduğunuzda və qanda qlükozanın səviyyəsi düşdükdə sadə məsələlər sizə çətin görünə bilər. Siz çətinliklə toparlana, bəsit səhvlərə yol verə, sözlərinizin dolaşıq və anlaşılmaz olduğunu fərq edə bilərsiniz.

Ac olduğunuz zaman çox çətin ola biləcək başqa bir məqam, insanlarla kobud rəftar etməmək kimi sosial olaraq qəbul edilən normalar çərçivəsində davranmaqdır. Beləliklə, ciddi iş yoldaşlarınızla dalaşmaqdan yayınmaq üçün yetərli beyin gücünə sahib olsanız da, ehtiyatı əldən verərək həyat yoldaşınız və dostlarınız kimi sizə ən yaxın olan və ən çox qayğınıza qalan insanlara qeyri-ixtiyari hirslənə bilərsiniz. Deyilənlər tanış gəlir?

Orqanizmin Verdiyi Başqa Reaksiya

Qandakı qlükoza səviyyəsinin düşməyindən başqa, insanların "hangry" olmasının bir səbəbi də qlükoza əks-tənzimləyici reaksiyadır. 

Qlükoza miqdarı qanda müəyyən həddən aşağı düşdükdə, beyniniz bədəninizdəki bəzi orqanlara qan dövranındakı qlükoza miqdarını artıran hormonları sintez və ifraz etmək üçün tapşırıqlar göndərir.

Dörd əsas qlükoza əks-tənzimləyici hormon bunlardır: beynin dərinliklərində yerləşən hipofiz vəzidə sintez olunan böyümə hormonu-somatotropin; Mədəaltı vəzidə sintez olunan qlükaqon; və hər ikisi böyrəküstü vəzidə sintez olunan adrenalin və kortizol. Son iki əks-tənzimləyici hormon, yalnız aşağı qlükoza səviyyəsi stresi yaşadığınız zaman deyil, bütün gərgin hallarda qan dövranına ifraz olunan stress hormanlarıdır.

Adrenalin, təhlükəsizliyinizi təhdid edən bir şeyi gördüyünüz, eşitdiyiniz və hətta fikirləşdiyiniz zaman keçirdiyiniz ani qorxuya qarşı "döyüş və ya qaç" cavabı ilə qana ifraz olunan əhəmiyyətli hormondur.

"Döyüş və ya qaç" cavabı zamanı asanlıqla başqa bir insana qəzəblə qışqıra biləcəyiniz kimi, qlükoza əks-tənzimləyici cavab zamanı da çoxlu adrenalin ifrazı bənzər reaksiyaya səbəb ola bilər.

Genlər və Qidalanma

Aclığın qəzəb ilə əlaqəli olmağının digər səbəbi, hər ikisinin ortaq genlər tərəfindən idarə edilməyidir. Belə bir gen məhsulu olan neyropeptid Y, ac olduğunuz zaman beynə ifraz olunan təbii kimyəvi maddədir. Neyropeptid Y, Y1 reseptorları da daxil olmaqla beynin müxtəlif reseptorlarına təsir edərək insanları acgözlüyə təhrik edir.

Neyropeptid Y və Y1 reseptoru beyindəki aclıq hissinə nəzarət etməklə yanaşı, həm də qəzəb və ya dalaşqanlığı da tənzimləyir. Bununla əlaqədar olaraq, onurğa beyni mayesində neyropeptid Y miqdarı artıq olan insanlar eyni zamanda yüksək dərəcədə aqressivliyə meyllidirlər.

Gördüyünüz kimi, aclığın sizi qəzəbli olmağa meylli etməyinin müxtəlif səbəbləri ola bilər. "Hanger", şübhəsiz ki, insanlara və heyvanlara çox yaxşı xidmət edən həyatda qalma mexanizmidir. Bunu belə düşünün: əgər ac canlılar geri çəkilsəydi və digərlərinin onlardan qabaq qidalanmalarına nəzakətlə izn verilsəydi, yəqin ki, növləri yox olardı.

Bir çox fizioloji amil "hanger"ə səbəb olarkən, psixososial amillərin də rolu olduğu müəyyən edilmişdir. Məsələn, mədəniyyət söz aqressiyasını birbaşa və ya dolayısı ilə ifadə etməyinizə təsir göstərir. Və biz bu amillərin hər birində fərqli olduğumuz üçün, ac olduqları zaman qəzəbli insanların necə davranacaqlarına dair fərqlərin olması da təəccüblü deyil.

"Hanger"lə mübarizə aparmaq

"Hanger"in öhdəsindən gəlməyin ən asan yolu, çox acımaqdan əvvəl nə isə yeməkdir. "Hanger" vəziyyətində olduğunuz zaman şokolad və kartof çipsi kimi tez hazır olan qidalar arzu etsəniz də, qəlyanaltı qidalar qan qlükozası səviyyəsində böyük artımlara səbəb olur. Ancaq sürətlə parçalandıqları üçün sizi yenidən "hanger"lə üzbəüz buraxa bilərlər. Bu səbəbdən, aclıq hissini mümkün olan ən uzun müddətə yatıran, qida maddələri ilə zəngin, artıq kalorisiz təbii məhsullar düşünün.

Acıyan kimi yemək hər zaman mümkün olmaya bilər. Bu, işdə uzun sürən növbələr, Ramazan ayında tutulan oruc kimi dini ayinlər və ya ciddi enerji məhdudiyyəti tələb edən arıqlama pəhrizləri zamanı ola bilər. Bütün bunlar yalnız həkim məsləhəti ilə icra olunmalıdır.

Bu hallarda, zamanla sizin qlükoza əks-tənzimləyici cavabınızın başlayacağını və qan qlükozası səviyyəsinin stabilləşəcəyini yada salmaq faydalı ola bilər. Həmçinin, ac qaldıqda, bədəniniz enerji əldə etmək üçün öz yağ ehtiyatlarını parçalamağa başlayır və bu zaman yağ metabolizminin məhsullarından olan ketonlar yaranır. Ketonların aclığı nəzarət altında saxlamağa yardımçı olduğu düşünülür, çünki beyniniz qlükoza yerinə ketonları yanacaq kimi istifadə edə bilir.

"Hanger"in qarşısını almağın ən son və rahat yolu çətin vəziyyətlərlə yeməkdən qabaq deyil, sonra məşğul olmaqdır.


Mənbə: theconversation.com/health-check-the-science-of-hangry-or-why-some-people-get-grumpy-when-theyre-hungry-37229
daha ətraflı...

June 3, 2017

Kambala balığında növləşmə müşahidə edildi


Helsinki Universitetinin alimləri, beynəlxalq elmi əməkdaşlıq layihəsi çərçivəsində kambala balıqları üzərində həyata keçirilən bir araşdırma nəticəsində, indiyədək bir dəniz onurğalısında müşahidə olunan ən sürətli növləşmə hadisəsini kəşf etdi. Əldə etdikləri tapıntının, dəniz canlılarının təkamülü haqqındakı anlayışımızı inkişaf etdirməsi gözlənilir.

Tədqiqatçılar, Baltik Dənizində yaşayan iki kambala qrupunun çox sürətlə, təxminən 2400 nəsildən sonra, müxtəlif növə çevrildiklərini müəyyən edib. Bu, dəniz onurğalılarında müşahidə edilmiş ən sürətli növləşmə hadisəsidir.

Ekoloji Genetik Araşdırma Bölümündən olan tədqiqatçı Paolo Momigliano deyir: "Bu bəlkə də, ekoloji növləşmənin ən yaxşı nümunələrindən biri və seçmənin dəniz mühitində yeni növlər yaratma prosesidir. Çünki növlər, coğrafi baryerlər səbəbindən çox uzun müddət ayrı qalaraq değil, müxtəlif ekoloji bölgələrə adaptasiya etmək yolu ilə təkamülləşiblər"

Kəşfi əhəmiyyətli edən odur ki, yayılmanın qarşısını alan baryerlər dəniz şəraitində nadir hallarda mütləqdir. Başqa sözlə, axınlar balıq sürfələrini uzağa aparır və yetkin balıqlar da üzərək hər yerə gedə bilir. Beləliklə, mütləq coğrafi təcridin olmadığı bir mühit üçün növləşmə modelləri, məsələn, ekoloji növləşmə, dəniz biomüxtəlifliyinin təkamülündə mühüm rol oynayır. Hələ indiyədək dənizdə ekoloji növləşməyə dair dəlillər yetərli deyil.

P. Momigliano: "Araşdırmamız, dənizdəki təkamülün başa düşülməsi baxımından böyük əhəmiyyət daşıyır".

Araşdırmaçılar üçün, inanılmaz dərəcədə sürətli baş vermiş kimi görünən belə növləşmə nümunələrinin tam olaraq necə ortaya çıxdığına dair yeni maraqlı suallar var.

P. Momigliano: "Cavab, sehrli xüsusiyyətlər olaraq verilə bilər. Bunlar seçmə altında olan və eyni zamanda yan məhsul kimi reproduktiv izolyasiyaya səbəb olan xüsusiyyətlərdir. Nəzəri olaraq, belə xüsusiyyətlər üzərindəki seçmə, sürətli növləşmə hadisələrində mərkəzi rol oynayır. İki kambala növünün cütləşmə strategiyaları və çoxalmağa dair xüsusiyyətləri, sehrli xüsusiyyətlər kimi rol oynamış ola bilər".

Araşdırma iki fərqli kambala növünün mövcudluğunu təsdiq edir. Bəs siz bu növləri bir-birindən necə ayırd edə bilərsiniz?

"Onlar morfoloji baxımdan demək olar ki fərqlənmirlər, lakin fərqli kürütökmə davranışları və adaptasiya xüsusiyyətləri var. Hər iki növ qışı daha dərin sularda keçirir və yayda dayaz sahillərdə qidalanır. Yazda isə, növlərdən biri duzluluğu kifayət qədər yüksək olan dərin su hövzələrində neytral üzə bilən yumurtalar buraxarkən, ikinci növ dayaz sahilyanı sularda daha kiçik, lakin daha sərt, yumurtalar buraxır. Bu fərqlər bir müddətdir bilinirdi, ancaq indi, müxtəlif kürütökmə davranışlarına malik kambalaların, fərqli təkamül tarixlərinə malik iki növ olduğunu başa düşürük" deyə Momigliano açıqlayır.

Kambalalar, balıqçılıq üçün iqtisadi əhəmiyyət daşıyır və onların sayı Finlandiya sahillərində nəzərəçarpan dərəcədə azalmışdır. Hal-hazırda Finlandiya sahillərində kambala balığının faizi çox azdır, amma davam etməkdə olan bir tədqiqat göstərir ki, 1970-80-ci illərdə onlar populyasiyanın əksəriyyətini təşkil edib. Kambalalar Finlandiya sahillərində uğurla kürüləyə bilməzdi, çünki onlar yüksək duzluluq tələb edirlər. Böyük ehtimalla şərtlər əlverişli olduqda cənubda çoxalıb, axınla Finlandiya sahillərinə gəlirlər. Yəni bu sahillər eyni dövrdə treska balığı üçün olduğu kimi, kambalanın cənub növü üçün də hovuz populyasiyası (sink population - digər populyasiyalardan immiqrantlar olmadan qarşıdakı illərdə özünü qorumaq üçün kifayət qədər bala verə bilməyən populyasiya) idi. Bu gün biz, demək olar ki, yalnız dibdə yaşayan növlər tapırıq.


Mənbə: 
 1. phys.org/news/2017-05-evolution-fast-laneone-flounder-species.html
 2. www.pnas.org/content/early/2017/05/19/1615109114
daha ətraflı...

April 21, 2017

Qatil kimdir?

Axşam evə qayıtdığınız zaman kədərli xəbər eşidirsiniz: Qonşunuz Məlahət xanım evində ölü tapılmışdır! Kim o gülərüzlü, qarışqanı belə incitməyən qadına hücum etmiş ola bilər? Bir neçə gün ərzində qonşulardan məlumatlar gəlməyə başlayır: Son yeməyini yediyi qabda siçan zəhəri tapılmışdır. Həyat yoldaşı da faciəli şəkildə vəfat etmiş bu bəxtsiz qadının bütün malı-mülkü, xeyirsiz oğluna və dolayısı ilə gəlininə qalacaqmış. Oğlu xaricdə iş səyahətində olduğu üçün, hadisə günü Məlahət xanım evdə gəlini ilə qalıbmış. Üstəlik hər yerdə gəlininin pis xasiyyətindən və acgözlüyündən şikayət edirmiş.

Şübhələriniz artır… Beyniniz dərhal sizin üçün nöqtələri birləşdirir… .. . Qatili tapdınız!


Bu tip istintaqları aparan bir prokuror, təxmin, şübhə və dəlil arasındakı əhəmiyyətli fərqləri bilir. Ancaq bizim üçün bu anlayışları qarışdırmaq çox asandır. Hətta dərhal ətrafımızı "məlumatlandırmağa" da başlayırıq: "Gəlini öldürüb! Yüz faiz! Əminəm, başqa kim olacaq? Miras məsələsidir."

Əgər bu tip səhvlərin yalnız məhəllə dedi-qoduları səviyyəsində qaldığını düşünürsünüzsə yanılırsınız. Sayı və miqyası getdikcə artan konspirasiya nəzəriyyələrində qarşılaşdığımız əsas yanılmalardan biri budur: Şübhə və dəlil arasındakı fərqləri gözardı edərək bir hökmə çatmaq. Başda siyasətçilər, yazıçılar və televiziya şərhçiləri olmaqla bir çox insan tez-tez bu səhvə yol verir.

Əvvəl bu tip yanılmalara səbəb olan cəfəngiyyatlardan bəzilərinə toxunaq. Sonra isə bu cəfəngiyyatların necə konspirasiya nəzəriyyələrinə (müəyyən şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən gizlədildiyi iddia edilən məlumatlarla və ya hadisənin arxasındakı görünməyən qüvvələrlə əlaqələndirilən alternativ açıqlamalar) çevrildiyinə baxacağıq.

Cui Bono?

Qatili tapmaq üçün yuxarıda istifadə etdiyimiz məntiqə Latınca Cui bono? (Kimin faydasına?) deyilir. Yəni bu cinayət kimin işinə yaramışdır? Hər kim ən çox qazanc əldə etdisə günahkar o adam olmalıdır!

Belə bir nəticə əlbətdə doğru olmayacaq: Cui bono şübhəliləri təyin etmək üçün yaxşı üsuldur, ancaq kimi isə günahlandırmaq üçün istifadə edilə bilməz. Günahlandırmağı ancaq dəlillər və ya şahidlərin ifadələri ilə edə bilərsiniz.

Məsələn, avtomobil tıxacından ən çox qazanc əldə edənlər hərhalda səyyar satıcılar, yanacaqdoldurma məntəqələri və radio stansiyalarıdır. Bu vəziyyətdə onları tıxaca səbəb olmaqda günahlandıra bilərikmi? 

Öncüllük Cəfəngiyyatı

"Post hoc ergo propter hoc" olaraq da bilinən öncüllük cəfəngiyyatı, insan beynindəki qısayolların çox istifadə edilən bir nümunəsidir. Qısayolların əsasında isə, bir qərara tez və olduqca az enerji sərf edərək gəlmək istəyi (ya da üstünlüyü) dayanır. Tez qərar vermək bəzi hallarda sizə həyati üstünlük qazandıra bilər. Rəqibiniz düşününcə, siz dərhal önə keçərsiniz. Üstəlik hər qərar anında uzun-uzadı bütün ehtimalları düşünmək yalnız zaman deyil, eyni zamanda enerji itkisidir. Öncüllük cəfəngiyyatı, asan qərar verməyinizi təmin edən bu qısayollardan biridir və belə işləyir:

1. Əvvəl A hadisəsi baş verdi.
2. Sonra B hadisəsi baş verdi.
3. Demək ki, B hadisəsinin səbəbi A hadisəsidir.
4. (Bəzi hallarda) A hadisəsini önləyə bilsək B hadisəsini də önləyə bilərik. 

Nümunə: Kompüterinizə yeni proqram yüklədiniz (A hadisəsi). Qısa müddətdən sonra kompüteriniz gözlənilməz səhvlər etməyə başladı (B hadisəsi). Bu vəziyyətdə beynimiz dərhal "bu səhvlərə yeni proqram səbəb olur" şəklində bir ehtimalı qiymətləndirməyə başlayır. Hətta "yeni proqramı silim, bəlkə səhvlər də itər" şəklində həll yolu da ağılınıza gələ bilər.

Kompüterdəki səhvin səbəbi yeni proqram olsun ya da olmasın, bu nəticə cəfəngiyyat nümunəsidir, çünki əvvəl olmuş bir hadisə sonrakı hadisələrin səbəbi olmaq məcburiyyətində deyil (bəlkə bir elektrik qəzası olmuş və ya kompüterinizə internetdən virus düşmüşdür). Cəfəngiyyat, düşünmə prosesində ortaya çıxan bir vəziyyətdir. Nəticənin özü (məsələn, "yeni proqram bu səhvlərə səbəb olur") doğru ola bilər, ancaq bu nəticəyə yalnız hadisələrin ardıcıllığına baxaraq gəlməyimiz cəfəngiyyatdır.

Yuxarıdakı nümunədə nəticə cəfəngiyyat olsa da ağlabatan görünür. Bəs nümunəni "xoruzların banlaması" və "günəşin çıxması" olaraq dəyişdirsək? Günəşin çıxmasını hər səhər xoruzlar banladıqdan sonra müşahidə edirik. Onda günəşin çıxma səbəbi xoruzlardırmı? Bu nümunədə nəticə cəfəngiyyat olacağı kimi, heç də məntiqli görünmür.

Havaların isti olduğu bir dövrdə zəlzələ baş versə və ya yeni qonşunun gəlməsindən sonra məhəllədə oğurluq hadisələri başlansa beynimiz dərhal hadisələr arasında bənzər səbəb-nəticə əlaqələri qurar. Dəfələrlə fərqinə belə varmadan qurduğumuz bu əlaqələri şüurlu şəkildə yenidən yoxlamasaq tez-tez səhv nəticələrə çatarıq.

Ardıcıllıq Cəfəngiyyatı

Öncüllüyün əksi olan Ardıcıllıq Cəfəngiyyatında nəticə bu şəkildədir:

1. B hadisəsi, A hadisəsindən sonra oldu
2. Deməli A hadisəsi, B hadisəsini reallaşdıra bilmək üçün hazırlandı 

Misal: ABŞ-ın 2-ci Dünya Müharibəsinə qoşulması (B hadisəsi), Yaponların 1941-ci ilin sonunda Pearl Harbordakı Amerika bazalarına hücum etməsindən (A hadisəsi) sonra baş vermişdir. Demək ki Pearl Harbor hücumu (ya da Amerikanın hücuma qarşı tədbir görməməyi), Amerikanı müharibəyə qoşmaq üçün hazırlanmışdır.


Yuxarıdakı iddia doğru ola və ya olmaya bilər (bildiyimiz qədəri ilə ikincisi). Yalnız hadisələrin sırasına baxaraq belə bir iddia irəli sürmək isə cəfəngiyyat nümunəsidir.

Tarixçinin Cəfəngiyyatı

Bir insanın keçmişdə verdiyi qərarı qiymətləndirərkən, o adamın bizim bu günki məlumatımıza və baxış bucağımıza sahib olmadığını gözdən qaçırsaq bu, tarixçinin cəfəngiyyatına nümunə olacaqdır. 

Pearl Harbor misalına təkrar dönsək: "2-ci Dünya Müharibəsinə qoşulmaq ABŞ-ın sonradan dünyaya hakim bir supergüc olmasının yolunu açdı. Amma müharibəyə qoşulmaq üçün xalqı razı salmaq lazım idi, ona görə Pearl Harbor hücumuna icazə verildi" şəklindəki nəticəni düşünək. Bu mümkündür, amma ehtimalı azdır. O dövrdə yaşayan səlahiyyətli şəxslər, nəinki sonradan supergüc olacaqlarını, heç müharibədə qalib gələcəklərini belə əvvəldən bilə bilməzdilər.

Və ya İstanbulun 1-ci Dünya Müharibəsinin sonunda baş verən işğalına baxaq: "Nəyə görə Müttəfiq Dövlətlər İstanbulu işğal etdilər ki? Əgər işğal etməsəydilər, bir çox İstanbullu Anadoluya qaçıb Atatürkə qoşulmazdı" deyilirsə bu bir cəfəngiyyat olacaq. Çünki Müttəfiq Dövlətlər işğal qərarını verərkən, Atatürkün gələcəkdə qazanacağı hərbi və diplomatik müvəffəqiyyətləri, bir neçə ay sonra öz aralarında baş verəcək ixtilafları və 1918-ci ildən sonra ortaya çıxacaq başqa bir çox hadisələri bilmirdilər. Bu gün 100 il əvvələ qayıdıb, Müttəfiq Dövlətlərin bu qərarını qiymətləndirərkən, onların gələcəyi görmə bacarıqlarının olmadığını unutmamalıyıq.


Əlbəttə burada ehtiyatlı, tədbirli, strateji qərarlar verə bilən fərd və qurumları yox saymırıq. Ancaq güclü uzaqgörənliyə sahib insanlar belə, çox sayda insanın verdiyi böyük qərarlar (və çox vaxt da təsadüflər) tərəfindən çəkilən bir gələcəyi qəti olaraq müəyyən edə bilməzlər.

İnsanlar strateji düşünərək gələcəkdə ortaya çıxacaq yeni hadisələrdən qazanc əldə etmək ehtimallarını artıra bilərlər. Ancaq keçmişdə bəzilərinin qurduğu planların, gələcəyi sanki bilirmişcəsinə daima həyata keçdiyi iddia edilirsə, böyük ehtimalla cəfəngiyyatla qarşı-qarşıyasınız.

Bugünçülük

Bugünçülük əslində cəfəngiyyat deyil, qərəzli mühakimə dünyagörüşüdür. Keçmişdə yaşamış insanların verdikləri qərarlara və olmuş hadisələrə, bu günün dünyagörüşü və dəyərləri ilə baxmağı ifadə edir. 

Məsələn, köləlik sistemi hal-hazırda əxlaqi baxımdan qətiyyən qəbul edilməyən bir vəziyyət olsa da, bir neçə əsr əvvələ qədər dünyanın hər yerində müşahidə edilən bir hal idi. Fikirlərinə hörmət etdiyimiz bir çox mütəfəkkirin, etdiklərinə heyran olduğumuz bir çox qəhrəmanın kölələri də vardı.

Zaman ərzində sözlərin məna və istifadələri də dəyişir. Amerikalı yazıçı Mark Twain (1835-1910) əsərlərində, Afrika mənşəli Amerikalılara yönəlmiş çox kobud və irqçi bir termin sayılan "nigger" sözünü tez-tez istifadə edirdi. Çünki bu söz o zamankı gündəlik dilin bir parçası idi. Amma Mark Twain irqçi deyildi, hətta zəncilərin hüquqlarını müdafiə edən tərəqqipərvər bir yazıçı kimi tanınırdı. 

Keçmişə bu günün dəyər sistemləri daxilindən baxsaq, hər halda tarixə adını yazdırmış insanların çoxunu əxlaqsız olaraq xarakterizə etmək məcburiyyətində qalarıq. Əlbəttə, keçmişdə edilmiş səhvləri və ya işlənmiş cinayətləri belə bir bəhanə ilə müdafiə etmirik. Sadəcə xatırlatmaq istəyirik ki, tarixi hadisələrə baxarkən, o dövrün dəyərlərinin, dilinin, mədəni və ictimai sistemlərinin bu günkilərdən fərqli ola biləcəklərini gözdən qaçırmamaq lazımdır.

Konspirasiya Nəzəriyyələrinə Doğru

İndi başlanğıcdakı hadisəyə geri dönə bilərik: Ortada vəfat etmiş Məlahət xanım var. Qatil kimdir?

Əgər bir hadisənin yalnız nəticəsinə baxaraq səbəbini tapmağa çalışırıqsa, əlbəttə gəlini və/və ya oğlu günahkar çıxaracağıq, çünki bu ölümdən ən çox qazanc əldə edənlər onlar görünür.

Təbriklər, mükəmməl bir konspirasiya nəzəriyyəmiz oldu! Bəlkə də dünyanı qurtaracaq bir nəzəriyyə deyil, amma məhəlləni dərindən sarsıdacaq. Burada "cui bono?" cəfəngiyyatı ilə ağıl işlətmiş olduq.

Bir başqa konspirasiya nəzəriyyəsi nümunəsi: Bir çox Amerikalı, 2008-2016 illərdə ABŞ-a rəhbərlik edən Barak Obamanın, əslində Amerikaya zərər verməyə çalışan bir insan olduğuna inanmaqdadır. Bunun səbəblərindən biri, Obama dövründə iqtisadiyyatın zəifləmiş olmasıdır. Bu nümunədə konspirasiya nəzəriyyəsinin bir arqumenti öncüllük cəfəngiyyatıdır: "Əvvəl Obama gəldi, sonra iqtisadiyyat pisləşdi. Deməli səbəb Obamadır." (Halbuki Obamanın prezident seçilməsindən bir ay əvvəl Amerika və dünya iqtisadiyyatı, 1930-cu illərdən bəri görünmüş ən ağır iqtisadi böhrana düşmüşdü.)

Bura qədər "cui bono", öncüllük, ardıcıllıq və tarixçinin cəfəngiyyatının konspirasiya nəzəriyyələrinə necə çevrilə biləcəklərinə dair qısa nümunələr verdik. Bunu da dərhal əlavə edək: Əlbəttə gizli planlar vardır və insanlar müxtəlif məqsədlər üçün bunları hazırlayırlar.

Ancaq hazırlanan bu gizli planlar çox vaxt işə yaramır və ya yarıda qalır. Bəzən bu planları icra edən insanlar bacarıqsız ya da fırıldaqçı çıxır. Bəzən planın tətbiqinə keçənə qədər başlanğıcdakı şərtlər və iştirakçılar dəyişir, hətta başqa planlar ortaya çıxır. Gizli plan müddətinin uzunluğu, bu prosesdə iştirak edəcək insan və hadisə sayı artdıqca planların nəzərdə tutulan kimi getməsi ehtimalı da azalır. 3 il ərzində reallaşdırılacaq bir planın gizli və müvəffəqiyyətli olma ehtimalı, 3 həftə davam edəcək bir planla müqayisədə daha az olacaq. 300 adamın iştirak etdiyi bir planın gizli və müvəffəqiyyətli olma ehtimalı da, 3 adamın daxil olduğu bir plana nisbətən yenə daha azdır.

Bu səbəbdən "cui bono", öncüllük ya da ardıcıllıq cəfəngiyyatlarının istifadə edilməsi nəticəsində ortaya atılan konspirasiya nəzəriyyələrinə həmişə şübhə ilə yaxınlaşmalıyıq. Bunlar əvvəl qulağa məntiqli gəlsələr də, konkret dəlillərlə dəstəklənilmədikləri müddətdə yalnız bir iddia olaraq qalmalıdırlar.

Bunlara əlavə olaraq, konspirasiya nəzəriyyəçiləri hadisələrə induktiv (fikir xüsusi faktlardan ümumi nəticəyə doğru hərəkət edir) deyil, deduktiv (fikir ümumi nəticədən xüsusi faktlara doğru hərəkət edir) düşüncə tərzi ilə yanaşırlar. İndi bir az da bu fərqdən bəhs edək.

Yaxşı tarixçi hadisələri induksiya üsulu ilə hazırlayır: Başlanğıcda bir fikri olsun ya da olmasın, əvvəl etibarlılığı yoxlanılmış üsullarla araşdırmasını edir, tapıntılara çatmağa çalışır və ayrıca o tapıntıların etibarlılığını da analiz edir. Hadisələr və insanlar arasındakı əlaqələri ortaya çıxarmağa çalışır. Sonra zəif nöqtələr haqqında, əlində var olan məlumatlara baxaraq bir təklif irəli sürür. Bütün bu proses boyunca yeni tapıntılar işığında daha əvvəl sahib olduğu fikirlər də dəyişə bilər. Bu şəkildə keçmişdəki bir dövrü izah etməyə və mənalandırmağa çalışır.

Konspirasiya nəzəriyyəçiləri isə bunun tam əksini edirlər. Yəni ilk addım, tapıntılara çatmağa çalışmaq deyil, məna və ya ideologiyadır. Belə bir nəzəriyyəçi yola çıxarkən araşdıracağı dövrü onsuz da başında çoxdan mənalandırmışdır. Məsələn, "bu zəlzələni xarici qüvvələr törətmişdir", "bəziləri təyyarələrdən havaya zəhərli qazlar səpməkdədir". Konspirasiya nəzəriyyəçisi fikirini artıq formalaşdırmışdır və onu dəyişmək kimi bir niyyəti də yoxdur.

İkinci addımda fərziyyəsini təsdiqləyəcək keçmişi yaratmağa başlayır. Qərəzli mühakimənin təsiri altında, fərziyyəsini təsdiqləyən şəxsləri və hadisələri seçərkən, çox vaxt fərqində belə olmadan öz fikri ilə ziddiyyət təşkil edəcək tapıntıların üzərindən keçir.

Məsələn, "chemtrails" konspirasiya nəzəriyyəsinin müəlliflərinin önündə Greenpeace təşkilatının keçmiş əməkdaşı Werner Altnickel adlı bir Alman gəlir. Greenpeace-in təbiəti qorumaq adı altında bir çox dövlətə təzyiq etdiyini düşünən insanlar üçün bu güclü görünən bir mənbədir. Ancaq konspirasiya nəzəriyyəsini yayanlar, Greenpeace-in bu iddianı diqqətə belə almadığını qeyd etmirlər. Enerji və vaxt ayırıb, "chemtrails" iddialarını çürüdən elm adamlarının adlarını da çəkmirlər. Burada məqsəd, tapıntılardan yola çıxaraq bir hekayə meydana gətirmək əvəzinə, əvvəldən yaradılan hekayə ilə uyğun adam və hadisələri axtarmaqdır.

Werner Altnickel
Divardakı təsadüfi ləkələri bir üzə bənzədib, sonra o üzü hər vaxt gördüyümüz kimi, konspirasiya nəzəriyyəçisi də meydana gətirdiyi hekayəni heç bir zaman dəyişə bilməz.

Çox az sayda konspirasiya nəzəriyyəçisi hekayəni meydana gətirərkən özünü cəfəngiyyat və qərəzli mühakimələrdən qorumağı bacara bilmişdir. Bu insanların da əksəriyyəti müzakirə etdiyimiz mövzunun mütəxəssisləridir və keçmişdə bir çox konspirasiya ortaya çıxarmışlar. Məsələn, Peter Buxtun adlı bir epidemioloq, 1966-cı ildə, kasıb zənci kişilərin ABŞ Səhiyyə Nazirliyi tərəfindən etik olmayan bir şəkildə təcrübə məqsədi ilə istifadə edildiyini və öldürüldüyünü iddia etmiş, 6 il davam edən mübarizədən sonra böyük bir həqiqəti aşkara çıxarmışdır.

Tuskegee Sifilis Təcrübəsi
Digər tərəfdən, indiki vaxtda qəzetlərdə və ictimai mediada oxuduğunuz bir çox konspirasiya nəzəriyyəsi, dəlillərdən yola çıxaraq həqiqəti ortaya çıxarmaq əvəzinə, şübhə və qərəzli mühakimələr üzərində hazırlanmış bir hekayəni səhv və ya əskik məlumatlarla dəstəkləmək məqsədi güdür.

Hətta keçmişə baxaraq, illər əvvəl baş vermiş bir hadisə içərisində konspirasiya axtarılırsa, Tarixçinin Cəfəngiyyatı və Bugünçülük yanılmaları da dövrəyə girər. Bir konspirasiya iddiasının qurulduğu üsul və yuxarıda bəhs etdiyimiz cəfəngiyyat və qərəzli mühakimələrin fərqində olmaq, bizə o hekayənin həqiqət yoxsa uydurma olduğu haqqında əhəmiyyətli ipucları verə bilər.

Təbii ki bəzi insanlar bu uydurma hekayələrə inanmağa meyllidirlər. Var olan qərəzli mühakimələrimizi bəsləyən hekayələri oxumaq bizi rahatlaşdırır, tarixi meydana gətirən mürəkkəb əlaqələri sadələşdirərək qarşımıza daha asan başa düşülən alternativ həqiqətlər çıxarır, özümüzə olan etibarımızı artırır. Konspirasiya nəzəriyyələrinin sorğu-sual olunmadan ictimai mediada bu qədər sürətli yayılmasının başlıca səbəblərindən biri, bu nəzəriyyələrin, insanların onsuz da mövcud olan inanc və qərəzli mühakimələri ilə uyğun olmasıdır. Bu nəzəriyyələr artıq bütün dünyada son dərəcə məşhurdur və həqiqətlərə çatmağımızın önünə ciddi maneələr çıxarmaqdadır. 

Hələ də yazının əvvəlində uydurduğumuz hadisənin sirrini maraqlanırsınızsa, kim bilir, bəlkə də Məlahət xanım cinayətin deyil, bir təsadüfi hadisənin qurbanı olmuşdur!

Mənbə: yalansavar.org
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top