January 7, 2015

"İkinci Yer" olmağa namizəd planet tapılıb

Yadplanetli həyatının yaranması və inkişaf etməsi üçün əlverişli şərtlər daşıyan ekzoplanetlər sırasına daha biri əlavə olunur. Amerika Astronomiya Cəmiyyətinin hər il təşkil olunan iclasında yenicə tapılmış 8 ekzoplanetin siyahısı təqdim edilib. NASA-dan olan 26 alimin də iştirak etdiyi iclasda, siyahıdaki planetlərdən birinin "İkinci Yer" olduğu bildirilib.

Siyahı, Günəş sistemindən kənarda tapılmış mindən çox planetin kəşfçisi olan "Kepler" orbital teleskopunun əldə etdiyi məlumatlar əsasında hazırlanıb. Teleskopun yenicə aşkar etdiyi səkkiz planet arasından cəmi üçü həyatın yaranması və inkişaf etməsi üçün əlverişli məsafə olan "həyat zonasında" yerləşir. Lakin Mars kimi həyat zonasında yerləşən və konkret həyat əlamətləri daşımadığı hesab edilən bir sıra planetlərin göstəricilərindən dolayı, ayırd edilmiş 3 planetdən biri olduqca xüsusidir.

Daha əvvəl tapılmış ekzoplanetlər arasında Yerə şərtləri baxımından ən çox oxşarı Kepler 186f idisə, Kepler 438b adı verilmiş yeni yad səma cismi "Yerin əkizi" titulunu ondan almağa iddialıdır, astronomlar qeyd edir. Kepler 438b Yerdən 12% böyükdür və Günəşdən temperaturca kifayət qədər soyuq qırmızı cırtdan ulduz ətrafında dövrə vurur. Lakin ekzoplanetin xüsusi orbiti onun, Yerdən 40% artıq istilik aldığını deməyə əsas verir. Günəş sisteminin 475 işıq ili uzaqlığındadır. Ekzoplanetin dəqiq tərkibi hələlik sirr olaraq qalsa da, orbitinin parametrləri və diametrinin təxmini olaraq təyin edildiyi qeyd edilir.

Müasir astronomiya texnikası hətta Günəş sisteminin qonşuluğunda yerləşən planetlərin belə dəqiq görüntüsünü əldə etmək imkanı təmin edə bilmir. Aşkar edilmiş belə planetlərin göstəriciləri, yerüstü və orbital teleskoplar tərəfindən həmin planetin görünən diskdən keçdiyi vaxt ulduzun işıqlanma dərəcəsinə görə hesablanır. Yalnız yaxın gələcəkdə hazırlanacaq interferometr teleskopları sayəsində digər ulduz sistemlərində yerləşən planetlərin keyfiyyətli fotoşəkillərini əldə etmək mümkün olacaq.

Həmçinin oxuyun:

"Yerin əkizi" adına layiq planet kəşf edildi
Kapteyn ulduz sistemindən iki yeni ekzoplanet
"Meqa-Yer" tapıldı
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top