July 20, 2016

"İlk həqiqi cavanlaşdıran preparat" sınaqdan keçirilir

Vaşinqton və Keyo universitetlərindən olan nümayəndələr ilk dəfə nikotinamidmononukleotid-i (NMN) insan üzərində sınaqdan keçirməyə hazırlaşır. Adıgedən preparat daha əvvəl siçanlar üzərində yoxlanılmış (heyvanlar dərmanı qida ilə birlikdə qəbul edirdi) və onlarda görmədə normallaşma və maddələr mübadiləsi yaxşılaşması müşahidə edilmişdi.

Homo sapiens-lə 98%-ə qədər artan genetik uyğunluq daşıdığından, əksər təcrübələrdə siçanlar istifadə olunur. Bu gəmiricilərdə bizimki ilə oxşar xəstəliklər müşahidə olunur. Lakin bütün bunlar deməyə əsas vermir ki, preparat siçanlara təsir göstərdiyi kimi, bizi də yaxşılaşdıracaq.

Növbəti mərhələ üçün artıq hazırlıqlar gedir. Eksperiment üçün on sağlam könüllü seçilib: onlara NMN yeridildikdən sonra orqanizmlərindəki dəyişikliklər izləniləcək. Bununla yanaşı dərmanın əks təsirləri də müəyyənləşdirilmiş olacaq. Əgər neqativ nəticələr qeydə alınmasa, mütəxəssislərin rəyinə əsasən, "ilk həqiqi cavanlaşdıran məhsul" olan yeni preparat satışa çıxarılacaq.

Preparat sayəsində sirtuinlərin (bədən inkişaf etdikcə hasilatı zəifləyən zülallar) hasilatı stimullaşır. Nikotinamidmononukleotid, süd kimi müxtəlif qida məhsullarının tərkibində olan üzvi molekuldur.
daha ətraflı...

"Digər dünyaya" açılan mərhələ: kliniki ölüm və görmələr

Alimlər insanlarda kliniki ölüm vaxtı meydana gələn görmələrin təbiətini aydınlaşdırmağa cəhd ediblər. Məlumdur ki, bir çoxları belə halları "digər dünya" ilə əlaqələndirir.

Kliniki ölüm zamanı pasientin həyatı xilas oluna bilər. Bu ölüm mərhələsi həyatla bioloji ölüm arasındaki keçiddir. Xəstənin ürək fəaliyyəti və tənəffüs prosesi dayanır. Orqanizmin həyati funksiyalarının bütün xarici əlamətlərinin itməsi müşahidə olunur. Kliniki ölüm vaxtı bəzən qəribə hallar qeydə alınır ki, bunları da müasir elm dəqiq olaraq izah edə bilmir. Bu prosesdən keçmiş bir sıra insanlar öz bədənləri üzərində uçduqlarını xatırladığını iddia edirlər. Digərləri isə vəfat etmiş qohumları ilə görüşdüklərinə əminliyini bildirir. Belə halların atributlarından biri insanı sanki özünə çəkən gur işıqlı tunel ola bilər.

Elə isə bütün bunlar nədən qaynaqlanır? Belçikalı nevroloq Stiven Loureysin başçılıq etdiyi elmi komanda bu sualı cavablandırmağa cəhd edib. Alimlər kliniki ölüm təcrübəsi yaşamış 400 pasientin göstəricilərini analiz ediblər. Əldə edilmiş məlumatlar əsasında Loureys və həmkarları kliniki ölüm anında beynin nevroloji fəaliyyətinin gücləndiyi və bunun nəticəsi kimi beyində təkrar olunan müxtəlif həyat anlarından ibarət bir növ "film" nümayiş olunduğu qənaətinə gəliblər. Alimlərin fikrincə, oxşar görmələr şüuraltı fəaliyyətinin məhsuludur.


"Güman edə bilərik ki, komada olan və bizlərə cansız kimi görünən insanlar əslində səs-küylü nevroloji həyat yaşayır", - Loureys qeyd edir.

Nəticələr göstərir ki, görmələr baş verdikdə gicgah və təpə nahiyələrinin qovuşduğu beyin bölgəsində aktivləşmə meydana gəlir. Tədqiqatçılar iddia edirlər ki, belə vəziyyəti süni olaraq əldə etmək olar - bunun üçün hiperventilyasiyanın köməyi lazımdır. Kliniki ölüm zamanı pasientlərin gördüklərini alpinistlər və pilotlar da müşahidə edə bilər. Bir sıra pilotların havada özlərini təyyarədən kənarda hiss etmiş olduqları kimi hallara rast gəlinir.

Həmçinin oxuyun:

Ölüm astanasındakı fenomenal hadisələrin səbəbi nədir?
Xəyallara daldığınıza görə narahat olmağa dəyməz

Həyat və ölüm arasındaki "sərhəd" nədir?
daha ətraflı...

July 14, 2016

Ayaq üstə su içmək zərərlidirmi?

Mif-1: "Ayaq üstə su içmək zərərlidir, çünki ayaq üstə dayanarkən içdiyimiz su birbaşa onikibarmaq bağırsağa keçir, mədədə kifayət qədər qalmır və bu səbəbdən mədə turşusu ilə qarışmır, içərisindəki bakteriyalar ölmür."

Mif-2: "Ayaq üstə dayanan bir insanın qəbul etdiyi maye qida birbaşa onikibarmaq bağırsağa keçir. Mədənin kiçik əyriliyinə uyğun gələn hissəsində Waldeyerin mədə yolu adlanan nov vardır. Maye qidalar bu yoldan keçərək kiçik bir açıqlığı olan mədə çıxacağından onikibarmaq bağırsağa keçir. Yəni insanların ayaq üstə qəbul etdikləri su və maye qidalar mədədə qalmadan birbaşa onikibarmaq bağırsağa keçir."

Həqiqət: Duruş vəziyyətiniz ilə su içməniz arasında heç bir əlaqə yoxdur. Bu tamamilə yanlış bir məlumatdır və ayaq üstə su içənlərin xəstəliklərə tutulma tezliyinin çox olduğunu göstərən heç bir elmi araşdırma yoxdur. Bu səbəbdən arqument uydurmadır və tamamilə mənasız bir fərziyyədir.

Məlumat-1: Su, son dərəcə axıcı bir mayedir. Mifi yaradanların iddia etdiyi şəkildə, bir qatı maddə kimi hərəkət etmir. Mədə hansı vəziyyətdə olursa olsun, qida borusundan keçib mədəyə çatan su turbulent axın nəticəsində çalxalanacaq və mədə turşusuyla normal bir şəkildə qarışacaq. Bəhs edilən "birbaşa keçid" yalnız qatı və kiçik parçalar üçün etibarlı ola bilər ki bu da mədənin formasından ötəri doğru olmayacaq. Aşağıda mayeylə dolu bir mədənin sxematik görünüşü göstərilməkdədir:

Məlumat-2
: Mədədə "mayelərin keçdiyi" bir "Waldeyerin Mədə Yolu" adlı nov yoxdur. Bu tamamilə uydurma bir termindir. Anatomiya və bəzən cərrahi elmlərdə "Waldeyer Fassiyası" olaraq təyin olunan "fascia of Waldeyer" ya da "Waldeyer's Fascia" termini var. Ancaq bunun mədədə suyun axını ilə hər hansı bir əlaqəsi yoxdur və düz bağırsaq nahiyəsində yerləşir. Bəzi mənbələrdə, qida borusunun sonu (mədənin girişi) ilə onikibarmaq bağırsağ arasındakı ən qısa məsafə olaraq təyin olunsa da bu səhvdir. Bu iki nöqtə arasındakı ən qısa məsafə "curvatura ventriculi minor" adlanır. Bu səbəbdən mədədə tapıldığı iddia edilən yol və ya xüsusiləşmiş nov bir xəyal məhsuludur. 


Məlumat-3: Mədənin forması, duruş vəziyyətindən asılı olaraq demək olar ki heç dəyişmir. Əlbəttə, çəki miqdarına və orqanların anlıq vəziyyətilə əlaqədar olaraq hərəkətlərimiz müxtəlif orqanların bir qədər sıxılmasına və ya gərgin hala gəlməsinə səbəb ola bilər; ancaq bunun hər hansı bir prosesə nəzərəçarpan dərəcədə təsir etməsi mümkün deyil. Üstəlik bu dəyişmə olsa belə, su axışının və patogenlərin öldürülməsinin bununla bir əlaqəsi yoxdur. Ayaq üstə dayanan insanın mədəsi aşağıdakı kimi görünür və bu şəkildən də görülə biləcəyi kimi mədəyə düşən suyun, mədə turşusu ilə qarışması üçün çox zaman olacaqdır. Əgər bir mayenin udulduqdan sonra yolu necə keçəcəyi və qıvrımlardan necə sıçrayaraq axacağı düşünülsə, nə demək istədiyimiz (və arqumentin axmaqlığı) dəqiq bir şəkildə görüləcəkdir. Qaldı ki mədə forması, insandan insana olduqca dəyişir. Buna görə bir ümumiləşdirmə aparılması qeyri-mümkündür.
Məlumat 4: İnsanlar, təkamül müddətində sonradan iki ayaq üzərinə qalxmış növlərdir. Anatomiyamız hal-hazırda da 4 ayaq üzərində yeriməyə adaptasiyalıdır; iki ayaqlılığa hələ də tam olaraq uyğun deyilik (fəqərə yırtıqları, kürək ağrıları, bel ağrıları, vs. buna əyani misaldır). Bu vəziyyətdə, həzm sistemimiz də əsasən digər 4 ayaqlı heyvanlarınkına bənzəməkdədir və bu şəkildə adaptasiya olmuşdur. Belə olan halda, ən uyğun su içməyin 4 ayaq üzərində olduğunumu gözləmək lazımdır? Əlbəttə xeyr. Eynilə ayaq üstə su içmənin zərərli olduğunu söyləmək kimi, 4 ayaq üzərində su içmənin ən uyğun olduğunu söyləmək də axmaqlıq olacaq. Çünki mayelərin həzm edilməsinin və ya detoksikasiyasının duruş vəziyyəti ilə hər hansı bir əlaqəsi yoxdur.

İstinad buradadır
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top