October 27, 2015

Günəşin ömrü bitdikdə Yeri toza çevirəcəyi təsdiq edildi


Uzun illərdir müzakirə edilən "ulduzlar öldükdə ətrafındakı planetlərə nə olur?" sualının cavabını, məşhur kosmik teleskop Kepler sayəsində dəqiq şəkildə göstərən NASA, eyni zamanda Günəş və Yerin də gələcəkdə nə ilə üzləşəcəklərinə dair bir görüntü əldə etdi.

Ulduzlar sahib olduqları həyat mərhələsinin sonlarına gəldikdə bir çöküş yaşamağa başlayırlar. Bu çöküş, ulduzların fərqli mərhələlərdən keçərək forma, həcm və kütlə dəyişməsinə səbəb olur. Bir ulduzun ölmədən əvvəlki son mərhələsi "ağ cücə" mərhələsidir. Bu mərhələdə kütləsinin böyük hissəsini qoruyan lakin həcm baxımından son dərəcə kiçilən ulduzlar, sahib olduqları ölçüyə görə çox böyük cazibə qüvvəsinə çatırlar. Bu mərhələdə əvvəllər normal bir ulduz olan ağ cücə, sahib olduğu cazibə qüvvəsini 300-350 min dəfə artırmış olur.

Kepler, rutin müşahidə funksiyalarından birini yerinə yetirərkən NASA-da çalışan elm adamları bir qeyri-adi vəziyyətin fərqinə vardı. Keplerin görüş sahəsində olan bir ağ cücənin ətrafında tək istiqamətli bir toz buludu vardı. Ağ cücə mərhələsindən əvvəlki mərhələ olan "qırmızı nəhəng" mərhələsində ulduz, həcmini son dərəcə artırır və bir müddətdən sonra enerji baxımından tamamilə tükənmiş olan parçalarını uzağa sovuraraq ağ cücəni meydana gətirir. Bu səbəbdən ağ cücələrin ətrafında bəzi vəziyyətlərdə toz buludu ola bilər. Lakin bu toz buludu yalnız bir tərəfdə müşahidə edilirdi və alimlər, bu toz buludunun bir cismin irəlilədiyi zaman arxasında buraxdığı iz ola biləcəyini düşündülər.

Edilən araşdırmalar nəticəsində ağ cücənin orbitindəki bir planetin bu izi buraxdığı ortaya çıxdı. Ağ cücəyə çox yaxınlaşan planet, son dərəcə güclü olan cazibə sahəsinə qapılaraq ağ cücəyə doğru çəkilmiş və yolun yarısında parçalanaraq toz halına gəlməyə başlamışdı. Elm adamlarının bu planetin digər hissəsinə nə olduğu mövzusunda etdiyi araşdırmalar isə daha maraqlı bir cavabı ortaya çıxardı; ağ cücə planeti yanacaq olaraq istifadə etmişdir.

Çəkərək tərkibinə qatdığı planeti cazibə qüvvəsiylə parçalayan və işə yarayan parçalarını özünə yanacaq edən ağ cücə, illərdir cavablanmayan və bizim planetimizi də maraqlandıran bir çox suala aydınlıq gətirmiş oldu. Bu ağ cücənin yaxınında olan planetə etdikləri, bütün diqqəti bir anda Günəşə doğru çevirdi. Bizim planetimizdə həyatın əsas səbəbi olan Günəş, bildiyiniz kimi bir ulduzdur. Bir gün onun da enerjisi tükənəcək və Günəş, Keplerin göstərdiyi ağ cücədən daha böyük bir planet qətliamına səbəb olacaq.

Enerjisinin bitməsi nəticəsində əvvəl qırmızı nəhəngə, sonra isə ağ cücəyə çevriləcək olan Günəş, həcminin artdığı qırmızı nəhəng mərhələsində əvvəlcə ona yaxın olan Merkurini, ardından Veneranı, bu planetləri yanacağa çevirməsindən dərhal sonra da Yeri udacaq. Bu 3 planeti udan Günəşin qırmızı nəhəng mərhələsi, normal halda olmasından bir az daha uzun sürəcək. Ulduzlar qırmızı nəhəng mərhələsindən sonra Neytron Ulduzu, qara dəlik və ya ağ cücə olurlar. Yəni bu mərhələdə 3 planeti udmuş bir ulduzun nəyə çevriləcəyi tam olaraq bilinmir. Lakin ölçü və kütlə baxımından kainatdakı digər ulduzlarla müqayisədə olduqca kiçik olan Günəşin, son dərəcə sıx olan qara dəliyə və ya yalnız bir çay qaşığı qədərinin 1 milyon tondan çox olduğu bilinən Neytron Ulduzuna çevrilməsi olduqca az bir ehtimaldır.

Günəş 4 milyard ildir varlığını sahib olduğu şəkildə davam etdirir. Elm adamlarına görə həyatının ortalarında olan Günəş, təxminən daha 4 milyard il bu şəkildə qalacaq. Bu müddətin bitməsindən sonra enerjisini itirəcək və Yerin udulmasıyla nəticələnən mərhələyə, bir qırmızı nəhəngə çevrilərək başlamış olacaq. Əgər o vaxta qədər yaşasaq, heç bir şəkildə xilas olma imkanımız olmayan bu hadisə reallaşana qədər insanlığın başqa bir sistemə daşınmış olacağına ümid edirik.
daha ətraflı...

October 24, 2015

Ağ və qəhvəyi yumurtalar arasında hansı fərq var?

Görəsən nəyə görə bəzi yumurtalar ağ, digərləri isə qəhvəyidir?  Toyuqlarda yumurta qabığının rənginə təsir edən amillər hansılardır? Qabıqların rəng fərqiylə əlaqədar olaraq Cornell Universitetində çalışan Tro V. Bui belə deyir:

"Qabıq rənglərini genlər təyin edir. Tükləri və qulaq seyvanları ağ olan toyuqların yumurtaları ağ olur. Tükləri qırmızı və ya qəhvəyi olub, qulaq seyvanları qırmızı olan toyuqların yumurtaları da qəhvəyi olur. Əsasən Pasxa yumurtası toyuğu kimi tanınan Ameraucana cinsindən olan toyuqların yumurtaları isə mavi rəngdədir."

Toyuq yumurtalarının tərkibi və qabıqları, çoxalma kanalının ən sonunda meydana gəlir. Qabığa mavi rəng verən piqmentlər oosianinlərdir. Bunlar, ödyaranma prosesində əmələ gələn əlavə məhsullardır. Yumurtalara qəhvəyi rəngi isə qan hüceyrələrinin parçalanması zamanı meydana çıxan porfirinlər verir. Maraqlıdır ki, qabıqlara rəng verən bu piqmentlər yumurtlamadan yalnız bir neçə saat əvvəl yumurtaya əlavə olunur. 

Yəni yumurtanın rəngi, toyuğun tük rənginin təyin olunmasından başqa elə bir qiymətli məlumat vermir. Ancaq ağla gələ biləcək başqa suala da cavab verək: bu rənglər yumurta qabığının sərtliyinə və ya keyfiyyətinə təsir edirmi?  Dr. Bui belə cavab verir:

"Qabıqların keyfiyyəti toyuğun cinsindən, başqa sözlə yumurtanın rəngindən asılı deyil. Ancaq daha gənc olan toyuqların daha sərt qabıqlı yumurtalara sahib olduqlarını bilirik. Qəhvəyi yumurtlayan toyuqlar böyük olmağa meyllidirlər və daha çox qidalanmaya ehtiyac duyurlar. Buna görə də onların saxlanması üçün daha çox xərc tələb olunur."

İnsanların qidalanması baxımından da əhəmiyyətli bir sual meydana çıxır: Bəs bu yumurtaların tərkibində və ya dadında hər hansı bir fərq var? Əgər sadə bir cavab istəyirsinizsə; xeyr, demək olar ki qəhvəyi yumurtaların omeqa-3-lə digərlərinə nisbətən çox az miqdarda zəngin olmasını nəzərə almasaq başqa heç bir fərq yoxdur. Eyni zamanda yumurtanın sarısı və ləzzəti arasında da nəzərə çarpan fərq müşahidə edilməmişdir.
daha ətraflı...

October 17, 2015

Təkamül Nəzəriyyəsi hər hansı siyasi ideologiya ilə əlaqəlidirmi?


Xeyr, Təkamül Nəzəriyyəsi heç bir siyasi ideologiya ilə bilavasitə əlaqəli deyil. Doğrudur, çox sayda və hətta bir-birinə zidd olan siyasi ideologiyalar Təkamül Nəzəriyyəsindən istifadə edərək elmin bu əhəmiyyətli sahəsinin məlumatlarından faydalanmışdır. Bu ideologiyalar, Təkamül Nəzəriyyəsini özlərinə vasitə olaraq istifadə etmiş və hələ də istifadə etməyə davam etməkdədirlər. Təkamül Nəzəriyyəsi isə, bütün elm sahələri kimi, bu ideologiyaların heç birinə digərlərindən daha yaxın və ya uzaq deyil. Başqa sözlə, digər elmi nəzəriyyələr bu ideologiyalara nə qədər "yaxındırsa" Təkamül Nəzəriyyəsi də bir o qədər "yaxındır"!

Təbiət elmləri və bu elmlər tərəfindən kəşf edilən həqiqətlər, bu həqiqətlərə əsaslanaraq yaradılan nəzəriyyələr, hər hansı bir siyasi ideologiya ilə əlaqədar olaraq bilavasitə nəticə çıxara bilməz; bu düzdür və ya bu səhvdir deyə bilməz. Elmin vəzifəsi həqiqəti ortaya qoymaqdır. Ondan necə istifadə ediləcəyi artıq insanların işidir. İnsanların mənfəətləri və tətbiqlərinə görə elm əsla məsuliyyət daşımır. Çünki biz o tətbiqi etsək də, etməsək də və ya etdiyimiz hər hansı bir tətbiqi bu və ya digər şəkildə etsək də, həqiqət hər zaman "həqiqət" olaraq qalacaqdır. Elm, bizim anlayış, davranış və qabiliyyətlərimizdən qətiyyən asılı deyil. Təkamül də bir təbiət qanunu olması baxımından, onun necə istifadə ediləcəyindən asılı olmayaraq, gələcəyə işıq saçan və təbiətin qəlbində yatan bir həqiqətdir. Bütün digər canlılarla birlikdə insanların da mənşəyinin və saysız xüsusiyyətlərinin necə və hansı səbəbdən o şəkildə olduğuna müvəffəqiyyətlə aydınlıq gətirir. İnsanın yaratdığı siyasi ideologiyaların da öz təbiətini əks etdirdiyi düşünülsə; Təkamül Nəzəriyyəsi daxilində bu ideologiyalara istiqamətli bəzi dəstəkləyici fikirlərin tapılmasında qeyri-adi bir hal yoxdur. Bu, nəzəriyyənin çatışmazlığı, səhvi və ya günahı deyil; tam əksinə, insanın təbiətini müvəffəqiyyətlə açıqlaya bildiyinin parlaq göstəricisidir.

Məsələn Sosial Darvinizm, Çarlz Darvinin təkamül təliminin yaradılmasında bir əsas olaraq istifadə etdiyi "Mühitə uyğunlaşmaqda çətinlik çəkən zəif canlılar müəyyən zaman ərzində öz yerlərini, mühitə daha asan uyğunlaşa bilən daha güclü canlılara verirlər" fikrinin, bəzi mütəfəkkirlər tərəfindən Sosiologiyada arqument olaraq qəbul edilməsiylə doğulmuşdur. Bu sadə həqiqətdən yola çıxan bəzi insanlar öz cəmiyyətləri səviyyəsində bu cümləni əsas götürərək Faşizm, İrqçilik, Millətçilik, Sosial Darvinizm kimi siyasi ideologiyalara, müəyyən dərəcələrdə vasitə olaraq istifadə etmişlər. Eyni fikirdən yola çıxan digər insanlar isə, bunu iqtisadi əlaqələrə də uyğunlaşdıraraq Kapitalizmin bəzi cərəyanlarında olduğu kimi əzən-əzilən qrupları məqbul və normal görən fikirləri dəstəkləmək üçün istifadə etmişlər. Ancaq burada gözdən qaçan (və ya qaçırılan) məqam, Təkamül Nəzəriyyəsinin "ən güclünün həyatda qalması" deyil, "uyğunlaşa bilənin, dəyişməyə ən açıq olanın həyatda qalması" olduğu gerçəyidir. Bu qısa izahatı "güclü" olaraq istifadə edən ilk adam, eyni zamanda Sosial Darvinizmi yaradan Herbert Spencer olmuşdur. Lakin Darvin, israrla doğru fikrin "güclü" deyil, "dəyişməyə açıq və uyğun" olduğunu vurğulamış və bunu əvvəldən müdafiə etmişdir. Hətta öz əmisi oğlu Francis Galtonun Təkamül Nəzəriyyəsinə əsaslanan və yalnız ən sağlam insanların çoxalmasına icazə verilib, digərlərinə mane olaraq daha müvəffəqiyyətli insan cəmiyyətləri yaradılması lazım olduğunu irəli sürən Yevgenika fikirinə də həyatı boyu sərt və qəti şəkildə qarşı çıxmışdır. Belə ki Galton yalnız Darvinin ölümündən sonra bu fikirlərini inkişaf etdirmiş və həyata keçirə bilmişdir.

Təkamül Nəzəriyyəsi yalnız var olma mübarizəsini deyil, eyni zamanda bu mübarizə içərisindəki strategiyaları da araşdırmaqdadır. Bu araşdırmalar göstərir ki, sosial həmrəylik, paylaşma və altruizm kimi insani baxımdan "əxlaqlı" ola biləcək xüsusiyyətlərə sahib olan populyasiyalar; qapalı, fərdçi, təcrid edici strategiyalara sahib populyasiyalara uzun müddətdə hər zaman üstün gəlməkdədir. Bu fikir, asanlıqla Sosial Darvinizmə, Sosializm və Kommunizmə zidd olan ideologiyalara vasitə olaraq istifadə edilə bilər. Təkliyin və qapalılığın qısa müddətdə ən üst səviyyədə fayda təmin edəcək olması Fərdiçilik, Təcridçilik, Pragmatizm, Materializm, Naturalizm kimi düşüncələri və hətta siyasi ideologiyaları dəstəkləməkdə istifadə edilə bilər. Təkamül Nəzəriyyəsinin bir çox digər məzmunu da, bəzi ideologiya və fəlsəfi düşüncələri dəstəkləmək üçün vasitə olaraq görülə bilər.

Göründüyü kimi siyasi ideologiyalar, elmi məlumatları, öz fikir və nəzəriyyələrini dəstəkləmək üçün -normal olaraq- istifadə etməkdədirlər. Təkamül Nəzəriyyəsini istifadə edərək insan əxlaqına zidd, insan haqqlarına qarşı çıxan ideologiyaları müdafiə edən insanları səbəb göstərərək elmi həqiqətlərə göz yummaq və ya onları qaralamaq qətiyyən düzgün deyil. Əhəmiyyətli olan bu ideologiyalarla (əgər ehtiyac olarsa) mübarizə aparılması və ya mümkündürsə daha insani olacaq şəkildə düzəldilməsi, inkişaf etdirilməsi, dəyişdirilməsi və ya tamamilə tərk edilməsidir. Bu ideologiyaların varlığına görə elm heç bir məsuliyyət daşımır və günahkar deyil. Sosial Darvinizmin qurucusu Çarlz Darvin olmadığı kimi, bu təkamül qanunlarının insan cəmiyyətlərinə də tətbiq olunması lazım olduğu və ya tətbiq oluna biləcəyi düşüncəsi də Darvinə aid deyil. Əgər elə olsaydı belə bu vəziyyət, təkamülün bir təbiət qanunu, Təkamül Nəzəriyyəsinin bu təbiət qanununu açıqlayan bir elmi nəzəriyyə olduğu gerçəyini əsla dəyişdirməzdi. Çünki elm adamları ilə bu insanların elmdən kənar mövzulardakı fikirləri, elmin iş metodologiyalarından fərqildir. Əgər ki elm adamı bir nəzəriyyəni öz şəxsi ideologiyalarını dəstəkləmək üçün irəli sürmüş olsa, bu, digər elm adamları tərəfindən çox qısa müddətdə fərq edilər və sıradan çıxar. Çünki elmdə, nəzəriyyəçilərin ideologiyalarına deyil, irəli sürdükləri fikirlərə və onu hansı üsullarla, nə şəkildə, nə qədər güclü dəlillərlə dəstəkləyə bildiklərinə baxılır. Bu baxımdan Təkamül Nəzəriyyəsi, zamanın və elmin bütün imtahanlarını dəqiq və müvəffəqiyyətlə keçmiş çox güclü bir nəzəriyyədir. Heç bir şəxsi ideologiyadan da asılı deyil.

Atomun parçalana biləcəyinin əvvəlcə nəzəri olaraq kəşfi, sonra isə praktik olaraq həyata keçirilməsi, elmin böyük uğurlarından biridir. Ancaq bundan necə istifadə ediləcəyi insanların əxlaqına, keçmişinə, humanizm anlayışına, niyyətlərinə bağlıdır. Atomun parçalanmasından istifadə edən alimlər milyonlarla insanın həyatını xilas edən radiologiya və radioqrafiya kimi texnologiyalar icad etmiş, hətta daha irəli gedərək kainatın sirlərini ortaya çıxarmağı bacarmışdır. Ancaq eyni sadə gerçəyi, atomun parçalana bilər olduğu gerçəyini istifadə edən bəzi insanlar, bir neçə saniyədə yüz minlərlə və ya milyonlarla insanı məhv edə biləcək silahlar inkişaf etdirmişlər. Hər iki tətbiq də, atomun parçalana bilər olduğu həqiqətini dəyişdirməməkdədir. Elmin vəzifəsi bu həqiqəti tapmaq və insanlığa təqdim etməkdir. Ondan necə istifadə ediləcəyi, insanlığın gələcəyini şəkilləndirəcək olan qərardır. Bunun nəticələrinə görə elm əsla məsul tutula bilməz. Bu səbəbdən hər hansı bir siyasi ideologiyadan ötəri Təkamül Nəzəriyyəsi əsla qınana, kiçildilə və tənqid edilə bilməz!
daha ətraflı...

12 il ərzində hamiləlik prosesini araşdıran fotoqrafdan inanılmaz şəkillər!

İsveçli fotoqraf Lennart Nilsson, 12 il ərzində ana bətnindəki dölləri araşdırmış və bu zaman bir-birindən gözəl şəkillər ortaya çıxmışdır! 


Spermatozoidin uşaqlıq borusuna doğru hərəkəti

Görəsən yumurtahüceyrə ilə görüş baş tutacaqmı?




2 spermatozoid yumurtahüceyrəyə daxil olmağa çalışır

Qalib gələn spermatozoid

Qalibiyyətdən sonrakı anlar

8-ci gün: rüşeymin uşaqlığa implantasiyası 

Embrionun beyni inkişaf etməyə başlayır

24-cü gün: embrionda 18-ci gündən etibarən döyünməyə başlayan ürəkdən başqa heç bir sistem inkişaf etməyib

4-cü həftə

5-ci həftə: üz yavaş-yavaş formalaşır və göz, ağız, burun dəlikləri inkişaf etməyə başlayır

40-cı gün: artıq cift formalaşır

8-ci həftə: sürətlə böyüyən embrion qoruma altındadır

16-cı həftə: döl artıq hərəkətlənməyə başlayır

16-cı həftə

Qığırdaqlardan sümüklər inkişaf etməyə başlayır

Döl artıq xaricdən gələn səsləri qavraya bilir

19-cu həftə

20-ci həftə: dölün boyu artıq 20sm civarındadır və tükləri uzanmağa başlayır 

24-cü həftə

26-cı həftə

6-cı ay: körpəmiz artıq uşaqlığı tərk etməyə hazırlaşır

36-cı həftə: Dünya ilə tanış olmağa cəmi 4-5 həftə qalıb...
daha ətraflı...

October 12, 2015

Homoseksuallıq və genlər arasında əlaqə tapıldı

Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri hesab edirlər ki, cinsi oriyentasiyada müşahidə olunan variasiyalarda epigenetik amillər, xüsusilə DNT-nin tamlığını pozmadan bəzi genlərin aktivliyini dəyişən kimyəvi modifikasiyalar həlledici rol oynaya bilər. Araşdırmanın nəticələri "homoseksuallıq geni"nin hansı səbəbdən indiyə qədər tapılmamasına aydınlıq gətirir.  

1993-ci ildə Dean Hamerin rəhbərliyi altında ABŞ Milli Elmi-Tədqiqat İnstitutunda çalışan bir qrup alimin homoseksuallıq geninin 8-ci xromosomun Xq2 bölgəsində yerləşdiyini bəyan etməsindən sonra bütün elm dünyası tezliklə bu genin tapılacağına ümid edirdi. Lakin indiyədək Hamerin qeyd etdiyi bölgədəki araşdırmalar heç bir nəticə vermədi. Amma identik genoma sahib olan eyni yumurta əkizləri üzərində aparılan araşdırmalar göstərdi ki, əgər onlardan biri homoseksualdırsa digərində də bu ehtimal yalnız 20-50% arasındadır. 

Bundan sonra mövzu barəsində epigenetik yanaşmalar işlənməyə başladı. Məsələ burasındadır ki, xüsusi kimyəvi proseslər DNT-də nukleotid ardıcıllığına təsir etmədən ayrı-ayrı genləri "dayandıra" ya da "işlədə" bilər. DNT-nin konkret bölgələrinə metil qruplarının birləşməsi ilə müşayiət olunan metilləşmə prosesi bunun məşhur nümunəsi sayılır. Bu "epi-markerlər" bütün həyatı boyu öz yerində qalır və bir qayda olaraq, yumurtahüceyrənin spermatozoidlə mayalanması prosesində silinib gedir. Lakin bir sıra son araşdırmalar göstərib ki, markerlər növbəti nəslə ötürülə bilir.  

Professor William Rice və həmkarları 2012-ci ildə apardıqları tədqiqata əsasən belə  hesab edirlər ki, bu "silinməmiş" epi-markerlər qızın atasından və ya oğlanın anasından övladlarına ötürülür. Nəticədə, dölün testosterona qarşı həssaslığını tənzimləyən markerlər, qadını "kişiləşdirib"  kişiləri də "qadınlaşdıraraq" öz həmcinslərinə qarşı cinsi meyl yarada bilər.

Nəticələri araşdıran professor Tuck Ngun, 37 kişi (bunlardan 10-da hər iki, 27-də bir qardaş homoseksual) eyni yumurta əkizinin 140 min DNT sahəsində metilləşmə qanunauyğunluqlarını təhlil etmək qərarına gəlir. Bir neçə təhlil mərhələsindən sonra alimlər proqramlaşdırılmış xüsusi texnikanın tətbiqi sayəsində genomda cinsi oriyentasiya ilə bağlı 5 sahə aşkar edib. Bu sahələr iki gendə lokalizasiya olunub: Genlərdən biri sinir keçiriciliyini, o biri isə immun reaksiyaları təmin edir.

Bu 5 sahənin əhəmiyyətini bilmək üçün, tədqiqatçılar 1-i homoseksual olan əkizləri iki qrupa bölür. Əvvəl bir qrupda konkret epi-markerlər və cinsi oriyentasiya arasındakı əlaqə öyrənilir. Sonra isə əldə edilən nəticələrin digər qrup üzvlərinin cinsi oriyentasiyası haqqında nə dərəcədə informativ olacağı öyrənilir. Və nəticədə bu məlumatlar 67% dəqiqliklə özünü doğruldur.

Eyni yumurta əkizlərinin hansı səbəbdən fərqli metilləşmiş genoma sahib olduğu məlum deyil. Əgər Rice-ın fərziyyəsi doğrudursa, onda ola bilər ki ananın epi-markerləri bir oğlu üçün silinmiş, amma digəri üçün qalmışdır. Və yaxud da, onlar hər iki oğulda silinmiş, ancaq hansısa bir şəkildə ana bətnində olarkən bərpa olunmuşdur. Ngun və Eric Vilain-ın əvvəlki araşdırmaları göstərmişdir ki, dölün ana bətnindəki vəziyyəti, qan dövranı və digər ətraf mühit dəyişiklikləri metilləşmənin xarakterinə ciddi təsir göstərə bilər.

Ekspertlər tədqiqat qrupunun işini yüksək qiymətləndirmiş və eyni zamanda bildirmişlər ki, nəticələr daha çox sayda əkizlər üzərində yoxlanılmalıdır.

Tədqiqatçılar qeyd edirlər ki, nəticələr homoseksualizmin "müalicəsi" və ya hansısa sınaqların keçirilməsi üçün istifadə edilməməlidir. Hər halda, yaxın vaxtlarda uşağın cinsi oriyentasiyasını tənzimləyən preparatların yaranması hələlik gözlənilmir.

daha ətraflı...

October 11, 2015

İnsan və Meymunlarda 2-ci Xromosom: Digər Meymun Növləriylə Qohumluğa Yönəlmiş Mübahisəyə Yer Buraxmayan Dəlil!



Elm 21-ci əsrdə sürətlə irəliləyərkən, sizcə də bu "meymun məsələsini" geridə buraxmaq vaxtı gəlmədimi? Bəli, yəqin ki bir aslandan, pələngdən, qartaldan və digər ucaldılmış heyvanlardan təkamülləşmiş olsaydıq, bu mübahisələrin çoxunu yaşamamış olacaqdıq. Ancaq mövzu "yaramaz meymunlar" olduğu zaman, qəbul etmək ağır olur. İlk anda belə bir reaksiyanın verilməsi son dərəcə anlaşılandır; ancaq bu reaksiyanın uzadılması qəbul edilə bilən deyil. Kainatda sürət sərhəddi olduğunu öyrənmək sizi dərin xəyal qırıqlığına uğrada bilər; ancaq inadla "Xeyr, işıq sürəti keçilə bilər, fiziklər yalan danışır." deyə bilməzsiniz, deməzsiniz. Eyni şey, bioloqlar üçün də keçərlidir. Hətta bütün bioloqlar bir yerdə yalan danışmağa qərar verəcək olsa belə, genlər yalan danışmaz. Əgər ki milyonlarla fizioloji, anatomik, genetik, paleontoloji, morfoloji dəlil sizə çatmırsa (ki bu sizin probleminizdir, elmin deyil), xromosomlarımızın təqdim etdiyi gerçəyi qəbul etmək məcburiyyətindəsiniz: 

Ən yaxın qohumlarımız olan meymunların 48, bizim 46 xromosomumuzun olması, təkamül müddətində əcdadlarımızdakı 48 xromosomdan 2 dənəsinin bir-birinə qarışmaq/birləşmək məcburiyyətində olduğunu göstərməkdədir. Əks halda xromosomlardakı say fərqi izah edilə bilməz. Yəni, ya hüceyrələrimizin içərisində bir-birinə qarışmış kimi görünən xromosomlar tapmamız lazımdır, ya da insanın digər meymunlarla ən yaxın qohum olduğu iddiasında bir səhv var deməkdir. Elm adamları, bunu "təkamülün keçmək məcburiyyətində olduğu ən böyük imtahan" olaraq təyin etmişdir. Və təkamül, bu imtahanı mübahisəyə yer buraxmadan böyük uğurla keçmişdir: 

Şimpanzelərdə, qorillalarda və oranqutanlarda 2A və 2B olaraq adlandırılan iki ayrı xromosom, insanda bir-birinə qarışaraq bir xromosom olmuşdur. Bizdəki bu xromosom, "2-ci Xromosom" olaraq bilinir. Bu bir hekayə və ya təkamülü doğru göstərmək üçün uydurulmuş iddia deyil! Hər xromosomun ən uc qismində telomerlər, orta qismində isə sentromer adı verilən xüsusi gen qrupları yerləşir. Şəkildə göstərdiyimiz 2A və 2B xromosomlarında bunu görürük. Ucdakı qırmızılar telomerlər, ortadakı mavilər isə sentromerlərdir. Heç bir xromosomda bu düzüm pozulmur. Məsələn insanın digər bütün xromosomları bu şəkildədir. "Təsadüfə baxın" ki 2-ci xromosomumuz istisnadır! Bu xromosomumuz, şəkildə sağ tərəfdə göstərdiyimiz kimi "anormal" (ancaq təkamül tərəfindən nəzərdə tutulan) şəkildədir: Əcdadlarımızdakı iki xromosomun təkamül müddətində qarışmasıyla yaranan bu xromosomun uclarında telomerlər, hər iki uc ilə orta qisim arasında, heç olmaması lazım olan yerdə isə bir cüt sentromer (mavilər) vardır. Daha sonra, orta qisimdə heç olmaması lazım olan bir yerdə, qarışmadan ötəri təxminən 2 qat uzun bir telomer bölgəsi vardır! Həm də şimpanze, qorilla və oranqutanlardakı 2A və 2B xromosomları daha yaxından araşdırıldığında, həqiqətən də bunların üzərində olan genlərin vəzifələrinin, bizim 2-ci xromosomumuzdakı ilə eyni olduğu görülmüşdür; yəni bizdəki 2-ci xromosomun, başqa bir qarışma ya da səhvin məhsulu olması mümkün deyil! Həm də bu xromosomdakı səhv yerləşmiş sentromerlər və ortadakı telomerlər, yenə təkamülün nəzərdə tutduğu kimi, funksiyasız hala gəldikləri üçün rudimentləşmişdir! Yəni tək bir xromosom, demək olar ki 100% dəqiqliklə təkamül gerçəyini təsdiqləməkdədir!

İndi düşünməmiz lazım olan, şimpanzelərlə qohum olub olmadığımız deyil, onlara layiq olduqları hörməti göstərib göstərmədiyimizdir. Yəni problem, onların bizə layiq olub olmadığı deyil; bizim onlara layiq olub olmadığımızdır. 

daha ətraflı...

October 10, 2015

Futbolda aldadıcı zərbələrin sirri


Futbolçular qapıçını çaşdırıb qol vura bilmək üçün xüsusilə cərimə vəziyyətləri zamanı topa havada istiqamət dəyişdirəcək şəkildə zərbə vurmağa çalışırlar. İstedadlı idmançılara xas olan bu zərbələrin reallaşmasını təmin edən isə topun dönməsi və üzərinə təsir edən aerodinamik qüvvələrdir. Aerodinamik qüvvələr, hava (qaz) molekullarının cismin ətrafında hərəkət edərkən bu cismə təsiri ilə təyin olunur.

Top havada hərəkət edərkən havanı meydana gətirən molekullar topun ön tərəfinə çırpılır və cismi əhatə edərək geriyə doğru hərəkət edir. Əgər top havada hərəkət edərkən eyni zamanda öz ətrafında fırlanırsa topun ətrafında hərəkət edən hava da onunla birlikdə fırlanır. Bu səbəblə hava topun bir tərəfində digər tərəfinə nisabətən daha sürətli hərəkət edir. Yəni topun dönmə istiqaməti ilə havanın hərəkət istiqaməti eynidirsə, hava topun o tərəfində daha sürətli axır. Havanın topun ətrafında fərqli sürətlərdə hərəkət etməsi təzyiq fərqinə gətirib çıxarır. Bu, Bernulli qanunu olaraq bilinir. Havanın daha sürətli hərəkət etdiyi hissədə təzyiq aşağıykən, yavaş hərəkət etdiyi hissədə təzyiq yüksəkdir. Ətrafındakı təzyiq fərqi səbəbiylə topun üzərinə təsir edən qüvvələr balanslı deyil və təzyiqin az olduğu tərəfə doğru dəqiq bir qüvvə ortaya çıxır. Bu qüvvə Maqnus qüvvəsi (effekti) olaraq adlandırılır.

Fırlanan cisimlərə təsir edən Maqnus qüvvəsinin istiqamətini fırlanma istiqaməti təyin edir. Məsələn top, fırlanma oxu yerə paralel şəkildə saat istiqamətindədirsə havada sağa doğru, saatın əksi istiqamətindədirsə sola doğru hərəkət edəcəkdir. Fırlanma oxu yerə perpendikulyardırsa topun üzərinə -dönmə istiqamətinə görə- aşağı ya da yuxarı istiqamətli qüvvə təsir edir. Təbii ki sonda Braziliya milli komandasının məşhur müdafiəçisi Roberto Karlosun 1997-ci ildə cərimə zərbəsindən Fransa komandasının qapısına vurduğu möhtəşəm qolu xatırlatmaq tam yerinə düşər.
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top