October 24, 2015

Ağ və qəhvəyi yumurtalar arasında hansı fərq var?

Görəsən nəyə görə bəzi yumurtalar ağ, digərləri isə qəhvəyidir?  Toyuqlarda yumurta qabığının rənginə təsir edən amillər hansılardır? Qabıqların rəng fərqiylə əlaqədar olaraq Cornell Universitetində çalışan Tro V. Bui belə deyir:

"Qabıq rənglərini genlər təyin edir. Tükləri və qulaq seyvanları ağ olan toyuqların yumurtaları ağ olur. Tükləri qırmızı və ya qəhvəyi olub, qulaq seyvanları qırmızı olan toyuqların yumurtaları da qəhvəyi olur. Əsasən Pasxa yumurtası toyuğu kimi tanınan Ameraucana cinsindən olan toyuqların yumurtaları isə mavi rəngdədir."

Toyuq yumurtalarının tərkibi və qabıqları, çoxalma kanalının ən sonunda meydana gəlir. Qabığa mavi rəng verən piqmentlər oosianinlərdir. Bunlar, ödyaranma prosesində əmələ gələn əlavə məhsullardır. Yumurtalara qəhvəyi rəngi isə qan hüceyrələrinin parçalanması zamanı meydana çıxan porfirinlər verir. Maraqlıdır ki, qabıqlara rəng verən bu piqmentlər yumurtlamadan yalnız bir neçə saat əvvəl yumurtaya əlavə olunur. 

Yəni yumurtanın rəngi, toyuğun tük rənginin təyin olunmasından başqa elə bir qiymətli məlumat vermir. Ancaq ağla gələ biləcək başqa suala da cavab verək: bu rənglər yumurta qabığının sərtliyinə və ya keyfiyyətinə təsir edirmi?  Dr. Bui belə cavab verir:

"Qabıqların keyfiyyəti toyuğun cinsindən, başqa sözlə yumurtanın rəngindən asılı deyil. Ancaq daha gənc olan toyuqların daha sərt qabıqlı yumurtalara sahib olduqlarını bilirik. Qəhvəyi yumurtlayan toyuqlar böyük olmağa meyllidirlər və daha çox qidalanmaya ehtiyac duyurlar. Buna görə də onların saxlanması üçün daha çox xərc tələb olunur."

İnsanların qidalanması baxımından da əhəmiyyətli bir sual meydana çıxır: Bəs bu yumurtaların tərkibində və ya dadında hər hansı bir fərq var? Əgər sadə bir cavab istəyirsinizsə; xeyr, demək olar ki qəhvəyi yumurtaların omeqa-3-lə digərlərinə nisbətən çox az miqdarda zəngin olmasını nəzərə almasaq başqa heç bir fərq yoxdur. Eyni zamanda yumurtanın sarısı və ləzzəti arasında da nəzərə çarpan fərq müşahidə edilməmişdir.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top