November 17, 2016

Təkamül Nəzəriyyəsini Çürütmək...

Elm düşmənləri, elm adamlarının Təkamül Nəzəriyyəsini sanki bir din olaraq gördükləri xəyalını xalq arasında yaymağa çalışırlar. Onlar iddia edir ki, təkamül bioloqlarına görə təkamül yaradılış möcüzəsi, Darvin Tanrı, Richard Dawkins kimi məşhur insanlar isə peyğəmbərdir. Bu iddianın absurd olması bir yana, elm adamlarının təkamülə xüsusi sevgisi də yoxdur! Tam əksinə, elm adamları əsas vəzifələri olan işi görürlər: Təkamül Nəzəriyyəsini yanlışlamağa və çürütməyə çalışırlar. Heç bir təkamül bioloqu "Mənim Təkamül Nəzəriyyəm nə qədər də qəşəngmiş, mən onu çox sevirəm!" kimi uşaq yanaşmaları ilə onu qorumağa çalışmır. Təkamül Nəzəriyyəsi, digər nəzəriyyələr kimi elm adamları tərəfindən davamlı təzyiq altındadır. Ağla gəlməyəcək, həyatınızda görmədiyiniz və eşitmədiyiniz canlıların təkamül keçmişlərindən tutmuş, ən yaxşı tanıdığınız canlıların ən bilinən xüsusiyyətlərinin təkamülünə qədər istisnasız hər canlının hər xüsusiyyətinin təkamüllə əlaqəsi davamlı araşdırılır. Alimlər bu sahələrdə daima yeni faktlar ortaya çıxarmağa çalışırlar. Tapılan yeni faktların, bu günkü Təkamül Nəzəriyyəsi ilə uyğunluğu yoxlanılır. Əgər bir uyğunsuzluq varsa, nəzəriyyə gözdən keçirilir və səhvlərdən təmizlənir. Yoxdursa, faktlar nəzəriyyəni dəstəkləyən dəlillər olaraq ədəbiyyata daxil olur.

Təkamülün çürüməsi üçün alışıb yanan, ancaq bunu elmi üsullarla edə bilməyəcək qədər elmə nifrət bəsləyən insanlar, təkamül sayəsində gəldiyimiz nəticələr və bu anda bu sahəyə aid faktlarımız ilə ziddiyyət təşkil edə biləcək hər məlumatın, nəzəriyyəni tamamilə çürüdəcəyi düşüncəsinə sahibdirlər. Xeyr, hər ziddiyətli məlumat, nəzəriyyəni çürütmür. Bəzi məlumatlar, nəzəriyyələrin elə əsas fərziyyə və ya tapıntılarına əks olar ki, nəzəriyyəni tamamilə çürüdə bilər. Məsələn aparılan bir araşdırma, Kainatın başlanğıcında həcmsiz və sonsuz sıxlıqlı bir nöqtənin var ola bilməyəcəyini qəti şəkildə isbat etsəydi, Böyük Partlama Nəzəriyyəsi ciddi mənada çətinliyə düşər və böyük ehtimalla tərk edilmək məcburiyyətində qalardı (ki indiki vaxtda bir çox elm adamı, Böyük Partlamanın başladığı nöqtənin elmi bir problem olduğunu və bir başqa nəzəriyyənin problemə daha yaxşı bir həll təklif edəcəyini düşünməkdədir). Bir nəzəriyyənin qismən ya da tamamilə çürüməsi pis bir şey deyil. Elm adamları üçün nəzəriyyələr, adını dağlara daşlara yazdıqları sevdalar deyil. İşlərinin bir parçasıdır, sadəcə bu qədər. Üstəlik bir nəzəriyyənin qismən ya da tamamilə çürüməsi, elm və insanlıq üçün yaxşı bir haldır. Beləliklə var olan nəzəriyyələrimizi nəzərdən keçirərək gücləndirir və yeni nəzəriyyələr yaradaraq, əvvəlki nəzəriyyəmizi çürüdən faktları və əvvəlki nəzəriyyənin izah edə bildiyi məlumatları bir bütün olaraq açıqlaya bilirik. 

Təbii ki elm düşmənləri, elmi olaraq həqiqətə yaxınlaşmanın əhəmiyyətini dərk etməmiş insanlardır. Onların ağlında, elm sayəsində mexanistik və materialistik bir şəkildə asanlıqla izah edə bildiyimiz məsələlərin (bu, indiyə qədər üzərində düşündüyümüz az qala hər şeydir) ortadan qalxması, beləliklə özlərinin şəxsi inanc və din təbliğatına yer açılmasıdır. "Bax, elmin X Nəzəriyyəsi Y-i izah edə bilmir. Deməli mənim inandığım Z bunu etmiş olmalıdır!" Buradakı məntiqsizliyi görə bilirsinizmi? 

Bəs Təkamül Nəzəriyyəsini çətinə salacaq bir tapıntı nə olardı? Bir neçə fərqli cavab verilə bilər. Ancaq paleontologiya sahəsindən yanaşsaq, cavab əslində çox sadədir: təkamül müddətinin pilləli dəyişmə ardıcıllığını pozacaq, yəni "sıranı pozacaq" bir fosil tapmaq! Məsələn, bütün primatların tarixinin 50 milyon il əvvələ getdiyini bilirik. Bu primatlar içərisindən insanların (Homo cinsinin) yalnız 2 milyon ildir var olduğunu da bilirik. Homo cinsinin üzvlərinin bir çoxunu və əcdadlarını, həmçinin onların təkamül əlaqələrini də bilirik. Bu vəziyyətdə əgər ki 90 milyon il əvvələ aid süxurlardan bir müasir insan (Homo sapiens) fosili çıxacaq olsa, Təkamül Nəzəriyyəsi çox ciddi bir zərbə alacaq! 

Ancaq buna dair bu günə qədər heç bir tapıntıya rast gəlinməmişdir. Əlbəttə tapılan və əvvəlki məlumatlarla uyğunlaşmayan bəzi fosillər, az da olsa qohumluq əlaqələrini düzəltməmizi təmin etmişdir. Tez-tez, yeni kəşf edilən fosillər sayəsində bəzi növ qruplarının ilk təkamülləşdiyi tarixlər geriyə çəkilməkdədir. Lakin demək olar ki heç bir zaman nəvə olduğunu bildiyimiz bir növün əcdadının var olmasından əvvələ aid bir fosili tapılmamışdır. Məsələn müasir bir qarğaya aid fosil, dinozavrlardan əvvəlki sürünənlərin yaşadığı fosillər arasında əsla tapılmamışdır! Çünki qarğa, dinozavrlardan təkamülləşmiş olan quşların bir üzvüdür. Dinozavrların olmadığı bir dövrdə, qarğaların yaşaması gözlənilə bilməz. Təkamül Nəzəriyyəsinin uzaqgörənliyi budur. Çünki canlıların hamısı bir anda var olmamışlar. Pilləli olaraq, daha əvvəlki əcdadlardan təkamülləşmişlər. Təkamülün bu proqnozu, bu günə qədər istisnasız hər növdə təsdiqlənmiş və heç bir şəkildə yanlışlanmamışdır. Təkamül Nəzəriyyəsini insanlıq tarixinin gördüyü ən güclü nəzəriyyələrdən biri edən milyonlarla arqumentdən biri də heç şübhəsiz budur.

İstinad buradadır
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top