September 29, 2016

Niyə insanlar bir-birini öldürür?

Şiddətin təbiəti mövzusu ətrafındakı mübahisələr davam edir. İnsanların bir-birini öldürməyini elmi olaraq izah etməyə çalışan bir neçə nəzəriyyə var. Alimlərin gəldiyi son qərar isə təkamül keçmişinə istinad edir.

Fransız maarifçisi Jan-Jak Russo hesab edirdi ki, sivilizasiya yaranmazdan əvvəl insanlar bir-birilə daha yaxşı yola gedirdi. Şiddət davranışının anidən ortaya çıxmasını o, başlıca olaraq özəl mülkiyyət amilinə bağlayırdı. İngilis materialist filosofu Tomas Qobbs isə insanın özünün təbii halda aqressiv olduğunu, sivilizasiya və dövlətinsə tam əksinə olaraq öldürülmə hallarını azaltdığını güman edirdi.

İspaniyalı tədqiqatçı Markos Mendes həmkarları ilə birlikdə hər iki nəzəriyyəni yoxlamaq qərarına gəlib: onlar, bunun üçün riyazi modeldən yararlanıblar. Mütəxəssislər 137 məməli fəsiləsinin ölüm göstəricilərini gözdən keçirməklə yanaşı, həm də qədim dövrlərdə insanların əsasən hansı səbəbdən öldüklərini təhlil ediblər.

Məlum olub ki, məməlilər öz oxşarlarını çox nadir hallarda öldürürlər - bütün ölüm səbəbləri arasında növdaxili öldürülmə cəmi 0,3% təşkil edir. Amma əgər konret olaraq insanaoxşar meymunlar ailəsini götürsək göstərici 1,8%-ə qədər qalxır. Qədim insanlarda isə bu 2%-ə bərabərdir. Bundan savayı sivilizasiyanın insana xarakterik şiddəti aradan qaldırmadığı aydın olub: antik dövrdə yer almış şiddətlə əlaqəli ölüm hadisələrinin sayı ibtidai-icma quruluşundakı göstəricilərdən daha yüksəkdir.

Elə isə insanların özlərinə qarşı şiddətinin səbəbi nədir? Alimlər hesab edir ki, Homo sapiens-in şiddətə olan meyli təkamülləşdikcə artıb. Canlı sübut kimi müasir meymunları görə bilərik: heyvan qrupu nə qədər böyükdürsə, şiddət səviyyəsi bir o qədər yüksəkdir. Geniş və münaqişəli populyasiyaların təbiətdə sağ qalma şansı daha çoxdur, nəinki kiçik və "sülhsevər" qruplar.

Qeyd etmək vacibdir ki, müasir inkişaf etmiş ölkələrdə şiddət səviyyəsi aşağıdır, lakin futuroloqlar gələcəklə bağlı qorxunc proqnozlar verir. Onlar iddia edir ki, demoqrafik tarazlıq yaratmaq üçün gələcəyin hökümətləri "insan ovunu" realiti-şou formasında qanuniləşdirə bilər.

Həmçinin oxuyun:

Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?
Tənhalıq 14-27% nisbətində irsidir
"Elmə qarşı müqavimətin" psixologiyası
daha ətraflı...

September 27, 2016

Üç valideyndən olan ilk uşaq doğulub

Üç valideyndən genetik material almış ilk körpə Meksikada dünyaya gəlib, New Scientist portalı xəbər verir. İordaniyadan olan cütlük genetik xəstəlik səbəbindən uşaq sahibi ola bilmirdi. Onlar, inqilabi metodika üzərində işləyən ABŞ alimlərinə müraciət ediblər.

Başda Con Çjan olmaqla tədqiqatçılar prosesdə ikinci donor anadan alınmış genetik informasiyadan yararlanıblar. ABŞ-da müdaxilə metodu qadağan olunduğundan mütəxəssislər işi Meksika klinikalarının birində davam etdiriblər.

Abrahim Hassan adı verilmiş uşaq beş ay əvvəl dünyaya gəlib. Mütəxəssislər onun doğumunu inqilabi adlandırırlar. Belə üsul sayəsində genetik xəstəliklər daşıyan qadınlar dünyaya tam sağlam körpələr gətirə biləcək.

İkinci donor ana da daxil olmaqla üç valideyndən süni mayalandırma üsulu ilə uşaq dünyaya gətirmə metodu ilk dəfə 2015-ci ildə Böyük Britaniyada qanuniləşdirilib. Alimlərin dediyinə görə, yeni və təhlükəsiz doğuş texnikası mitoxondrial xəstəliklərdən əziyyət çəkən pasientlərin uşaq həsrətinə son qoyur.

Gözlənildiyi kimi təşəbbüs bir sıra mübahisələr doğurub. Daha əvvəldən adıgedən metodikanı dəstəkləməyənlər ehtiyat edir ki, bu gedişlə insanlar üzərində genetik modifikasiyalar erası başlayacaq.

Həmçinin oxuyun:

Britaniya üç valideynli uşaqları qanuniləşdirdi
Üç valideyndən olan uşaqlar gəlir
Alimlər: "Tezliklə insanlar özlərini mayalandıra biləcəklər"
daha ətraflı...

Ən keyfiyyətli elmi-fantastik filmlər

Elmi-fantastika ideyası olmasaydı nə sualtı gəmilər, nə də kosmik raketlər yaranmayacaqdı. Gündəlik həyatımızın əvəzolunmaz hissəsini təşkil edən bütün texnikalar daha əvvəlki nəsillərin arzusu idi. Onlar, xəyalpərəst olmaqda ittiham olunurdular.

"Transformerlər" və "Nindza Tısbağalar" kimi blokbaster filmlərin də öz həvəskarları olsa da, bu filmlərin elmi-fantastika ilə elə də yaxın əlaqəsi olduğunu deyə bilməyəcəyik. Qrafika, musiqi, aktyor oyunu, rejissor işi və ideya baxımından dəyərləndirdiyimiz son iyirmi ilin "ən elmi" 20 fantastik filmini təqdim edirik. Ümidvarıq, seçimimiz sizi qane edəcək.

20. Oblivion (2013)


Yadplanetlilərlə müharibədən sonra Yer boşalır, sağ qalan insanlar yaşayış üçün artıq əlverişsiz olan planeti tərk etməyi planlaşdırır. Baş qəhrəman olan texnik (Tom Kruz) NASA-ya aid qəzalı gəmi tapıb, içəridən bir qadını xilas etməyi bacardıqda ağlına belə gətimir ki, nələri öyrənmiş olacaq.

19. Transcendance (2014)


Baş rolda Conni Deppin rol aydığı filmdə məşhur bir alimin bütün məlumatlara yiyələnə bilən süni intellekt kompüteri yaratması, bu səbəbdən də radikal antitexnoloji qruplaşma tərəfindən qarşısının alınmasından bəhs edilir. Ölüm ayağında olarkən həyat yoldaşı və həmkarı alimin beynini həmin kompüterə yükləyir və dünyanın yeni işğalı başlayır.

18. I, Robot (2004)


Ayzek Azimovun romanı əsasında çəkilən filmi bəlkə də izləməyən qalmayıb. 2035-ci ildə süni intellektli robotlar artıq gündəlik insan həyatının vacib hissəsidir. Baş qəhrəman polisin (Uill Smit) robotlara qarşı "allergiyası" var. O hesab edir ki, robotlar cinayət törətməyə qadirdir - hər nə qədər mütəxəssislər bu fikirlə razı olmasalar belə. Stiven Hokinqin son illərdəki süni intellektlə bağlı ürəkaçmayan rəyləri bunu deməyə əsas verir ki, "I, Robot" filmini dəfələrlə izləyib.


17. Ex Machina (2015)


Ən yaxşı vizual effektlərə görə Oskar mükafatı qazandıran elmi-fantastik "Ex Machina" filmində bir gənc proqramistin şəhərdən kənar mühitdə süni intellektlə zənginləşdirilmiş robotla keçirdiyi bir həftəsindən bəhs edilir. Onun vəzifəsi bu müddət ərzində qadın-robotu sınaqdan keçirməkdir. Film azadlıq mövzusunda vacib fəlsəfi suallara toxunur.

16. The Martian (2015)


Aktyor Mett Deymon filmdə "Ares-3" missiyası çərçivəsində Marsa göndərilmiş astronavtlardan birinin rolunu oynayır. Dəhşətli qum fırtınasından sonra həmkarları Markın ölü olduğunu düşünüb, onu Marsda atır və qırmızı planeti dərhal tərk edirlər. Sağ qalan Mark Marsda tənha və köməksiz olduğunu anladıqda, yaşamaq üçün mübarizə aparmağa başlayır. Film Endi Uirin eyniadlı romanı əsasında çəkilib.

15. eXistenZ (1999)


Dahi rejissor Devid Kronenberqin bu filmini bəlkə də çoxları tanımır. Virtual reallıqla bağlı oyunun təqdimatında onun yaradıcısı Alleqraya atəş açılır. Oranı tərk etmək məcburiyyətində qalan Alleqra, "Ekzistensiya" oyununun xarab olub-olmadığını yoxlamaq üçün öz həmkarını virtual aləmə qoşur. Hadisələr belə gətirir ki, real dünyada üzləşdiyi təhlükələr virtual reallıqda da onları izləyir. Filmin adından da bəlli olduğu kimi, rejissor ekzistensialist fəlsəfəsi mövzusuna müraciət edir.

14. Twelve Monkeys (1995)


Yenə 2035-ci il. Dəhşətli bir virus yerüzünün 99%-ini məhv edib. Sağ qalanlar isə yeraltında gizlənməyə məhkumdurlar. Cinayətkar Ceyms Koul könüllü olaraq zaman maşını ilə keçmişə qayıdır. Ona verilmiş əmr bundan ibarətdir ki, keçmişdə virusun yaranma səbəblərini araşdırmaqda alimlərə kömək etməli və müəmmalı "on iki meymun" sirrini açmalıdır. Bəzi film tənqidçilərinin rəyinə görə aktyor Brüs Uillisin rol aldığı ən yaxşı filmdir.

13. Donnie Darko (2001)


Aktyor Ceyk Cillenholun, həmin vaxt gənc olsa belə, ən məşhur rollarından biri. Vaxtından əvvəl klassikaya çevrilmiş sürrealistik film - "Donnie Darko". 16 yaşlı Donni ölümün nə olduğunu təxmini olaraq bilir. Bədbəxt hadisədən sonra ölümün yarısından dönən məktəbli özündə qəribə özəlliklər olduğunu aşkar edir - zaman və taleyə nəzarət edə bilir. Dəyişikliklərdən sonra ailəsi, dostları, bacıları, müəllimləri və sevdiyi qız ondan ehtiyatlanmağa başlayır. Donniyə nə olub?

12. Gravity (2013)


Film tibb mühəndisliyi doktorunun ilk kosmik missiyasından bəhs edir. Həmkarı Kovalski üçünsə bu missiya sonuncudur. Baş verən toqquşma nəticəsində şatl darmadağın olur, kosmonavtlar bu şərtlərdə sağ qalmağa çalışırlar. Film nə az, nə çox - yeddi Oskar mükafatı qazandırıb ki, bu da elmi-fantastika janrı üçün çox böyük nailiyyətdir. Bəzi mütəxəssislərin rəyinə əsasən, filmdə fantastik hesab edilə biləcək heç bir səhnə yoxdur. Baş rollarda Sandra Bullok və Corc Kluni oynayır.

11. Moon (2009)


Ayda üç illik müqavilə ilə işlər aparan kosmonavt Semin evə qayıtma vaxtı yaxınlaşır. Üç illik kosmik tənhalığı süni intellektli robot pozur. Yerə qayıtmağına iki həftə qalmış Sem öz əvəzedicisi ilə qarşılaşır və hər şey bundan sonra başlayır. Gərgin atmosfer, realistik aktyor oyunu, möhtəşəm kompozisiya - bu fantastik filmi yaddaşlardan silmək mümkün deyil. Həm filmin reytinqi, həm də tənqidçilərin rəyi kifayət qədər yüksəkdir.

10. Dark City (1998)


Bu şəhərdə nə Günəş doğur, nə də gecə başlayır. Burada hər gün zülmətdir. İnsanların taleyi cəmi bir günlük yazılır, ertəsi gün isə heç nə baş verməyibmiş kimi tam başqa ad və şəxsiyyətlə həyatlarına davam edirlər. Heç kim bu qəribəliklərin fərqinə varmır, adını və keçmişini xatırlamayan bir qatili isə polis müfəttişi güdür. Baş qəhrəman şəhərdə nələrin baş verdiyini anlamağa çalışır, həyat yoldaşı onu axtarır, "yadlar" ona ov elan edir... Bəlkə də həyatınızda heç vaxt "Dark City" kimi orijinal film izləməyəcəksiniz.

9. K-PAX (2001)


8. Inception (2010)


7. Mr. Nobody (2009)


6. The Congress (2013)



5. Eternal Sunshine of the Spotless Mind (2004)


4. The Matrix (1999)



3. Interstellar (2014)



2. Gattaca (1997)


1. Contact (1997)


Həmçinin oxuyun:

"Interstellar" və zaman səyahəti mövzusu
* Astrobiologiya: Yerdənkənar təkamül
Ən məşhur elmdən kənar əfsanələr
daha ətraflı...

September 26, 2016

NASA Europada qeyzerlər aşkar edib

NASA-nın təşkil etdiyi press-konfransda çıxış edən astronomlar Hubble kosmik teleskopu köməyilə Yupiterin peyki Europanın səthində meydana gələn və fəvvarə vuran qeyzerlərin unikal fotoşəkillərini əldə etdiklərini bildiriblər.

"Europada qeyzerlərin mövcud olduğunun yeni sübutlarını tapmışıq. Bizim yeni və daha əvvəlki məlumatlarımız göstərir ki, Yupiterin peykinin səthaltında bir neçə kimolemtr buzla örtülmüş duzlu okean mövcuddur. Qeyzerlərin kəşfi bunu deməyə əsas verir ki, tullantılar köməyilə onun tərkibini öyrənə və orada həyat mövcud olub-olmadığını başa düşə bilərik", - Baltimorda (ABŞ) yerləşən kosmik teleskop institutundan olan Uilyam Sparks qeyd edir.

Son illərdə alimlər Europanın altında okean gizlənmiş olduğunu dilə gətirirdilər. Həmin okean peykin səthindəki buzla qaz və mineral mübadiləsi aparır. Bununla yanaşı mütəxəssislər mikrobların yaşaması üçün zəruri maddələrin də orada rast gəlindiyini təsdiq etmişdilər.

Europada qeyzerlərə aid ilk əlamətlər 2012-ci ildə aşkar edilmişdi. Həmin vaxt amerikalı astronom Lorents Ros əldə edilmiş ultrabənövşəyi fotoşəkillərdə peykin bir hissəsində 200 kilometr hündürlüyə uzanan qeyri-adi "parlaq ləkələr" tapmış və bunların yalnız qeyzer fəvvarələri ola biləcəyini açıqlamışdı.

Bu müşahidələr NASA alimlərini cəlb etdiyi üçün 2014-cü ildə Europa ilə bağlı daha bir neçə əlavə araşdırma aparılmışdı. Alimlər Europanı ancaq qeyzer tullantılarını qeydə ala biləcəkləri fonda, Yupiterin diskindən keçdiyi zaman müşahidə edirdilər. Europanın Yupiterə ən yaxın peyklərdən biri olduğu və Yupiterin diskindən hər 3,5 gündən bir keçdiyi üçün müşahidə tədqiqatı çətinliksiz başa çatmışdı.

Ümumilikdə NASA Europanın on keçidini müşahidə etdi. Sparksın dediyinə əsasən, Hubble teleskopu üç fotoşəkildə ultrabənövşəyi diapazonda oxşar izlər və qeyzerlərlə əlaqəli optik alışmalar görməyi bacarıb. Rosun müşahidələrində olduğu kimi, aktivlik bu dəfə də əsasən Europanın cənub yarımkürəsində qeydə alınıb, lakin bir görüntüdə ekvator yaxınlığında da qeyzerlərə aid izlər tapılıb.

Europada həyat var?

Əgər Europada həqiqətən qeyzerlər mövcuddursa, onların köməyilə okean dərinliklərinə dalacaq texnologiya istifadə etmədən tərkibini öyrənməklə yanaşı, yaşayış üçün nə dərəcədə əlverişli olduğunu qiymətləndirmiş olarıq. Alimlər peykin səthi ilə də maraqlanacaq. Qeyzer aktivliyi tullantılarını səthə atmış ola bilər ki, bu da okeanın tərkibini öyrənmək üçün ikinci yoldur.

Nəyə görə Europada qeyzerlər nadir hadisədir? Texas ştatı universitetindən olan Britni Şmidt hesab edir ki, Yupiterin təsirilə Europanın nüvəsini qızdıran axın qüvvələri buzu daimi olaraq parçalaya bilmək üçün elə də böyük gücə malik deyil. Hazırlıq prosesində olan "Europa Missiyasının" başçısı Kurt Nibur isə potensial qeyzer kəşfi sayəsində peykə marağın daha da artmış olduğunu qeyd edir. Buna baxmayaraq göndəriləcək kosmik aparat üçün qeyzerlərin nə dərəcədə təhlükəli olduğunu aydınlaşdırmaq lazımdır. Bu səbəbdən hələlik mütəxəssislər yeni nəsil "James Webb" teleskopunun kosmik startını gözləyirlər.

Həmçinin oxuyun:

Europaya avtomatik zond göndəriləcək
Yupiterin peyki Europada maye halda su tapıldı
Yupiterin peyki Europada su fışqırdı
daha ətraflı...

September 23, 2016

Tənhalıq 14-27% nisbətində irsidir

Tənhalıq - digər insanlarla müsbət emosional əlaqələrin yoxluğu təəssüratı ilə bağlı biopsixososial əlamətdir. İncəsənətdə geniş təmsil olunmasına baxmayaraq, tənhalıq fenomeni zəif empirik bazaya malikdir və adətən mühit təsiri mövqeyindən öyrənilir. Daha əvvəl aparılmış əkizlərlə bağlı araşdırmada alimlər tənhalığa səbəb olan mümkün genləri müəyyənləşdirib, əlamətin irsilik göstəricilərini 37-55% nisbətində qiymətləndirmişdi.

Yeni tədqiqatda alimlər bu dəfə əlli yaşdan yuxarı 10.760 insanın genetik və fenotipik məlumatlarını analiz ediblər. DNT analizindən savayı araşdırmada subyektiv sosial status qiyməti ilə bağlı sorğu da yer alıb. İntervyu alınan kəslər mövzudan kənar üç açıq sualı cavablandırmaları idilər: "Dostluq əlaqələrinizin sizə bəs etmədiyini tez-tez hiss edirsiniz?", "Özünüzü tez-tez rədd edilmiş kimi hiss edirsiniz?""Özününü tez-tez təcrid olunmuş kimi hiss edirsiniz?".

Genetik analiz və sorğu nəticələri müqayisəsi göstərir ki, tənhalığın irsi dəyəri əvvəl hesab edildiyindən daha az, 14-27% aralığında dəyişir. Daha əvvəl təklif olunan genlərdən (BDNF, Rora, IL-1A və s.) heç birinin tənhalıq əlaməti ilə assosiasiya edilmədiyi aydın olub. Üstəlik alimlər tənhalığın neyrotizm və depressiv simptomatika ilə aralarında bir-birinə bağlılıq olduğunu aşkar ediblər. Tənhalığın ekstraversiya, şizofreniya və bipolyar affektiv pozğunluqla isə korrelyasiyası daha zəifdir.

Tədqiqatın müəllifləri qeyd edir ki, tənhalıq böyük ölçüdə poligen əsaslı fenotipik əlamətdir. Öz növbəsində tənhalığın tez-tez yüksək nevrotizasiya səviyyəsi ilə əlaqələndirilməsi bu əlamətin formalaşmasında neqativ affektivlik rolu oynaya bilər. Əldə edilən nəticələrin müsbət ictimai əlaqələrin genetik əsasının müəyyənləşdirilməsi ilə bağlı tədqiqatlarda kömək olacağı hesab edilir.

Həmçinin oxuyun:

Şizofreniyanın təbiəti genetikdir
Seks beyin fəaliyyətini gücləndirir
Yaşanmış qorxu irsən ötürülür
daha ətraflı...

Hokinq: "Bəşəriyyət yerli amerikanların taleyilə üzləşə bilər"

Məşhur britaniyalı fizik və kosmoloq Stiven Hokinq növbəti dəfə bəşəriyyətə xəbərdarlıq edib. Alimin dediyinə görə, yüksək sivilizasiya səviyyəsinə çatmış yadplanetlilər Yer planeti üçün təhlükə daşıyır və onlardan uzaq durmalıyıq.

CuriosityStream portalında nümayiş olunan qısametrajlı sənədli filmdə Stiven Hokinq özünün də nəzarət etdiyi Breakthrough Listen layihəsi haqda danışıb. Filmdə tədqiqatçı Günəşdən 16 işıq ili uzaqlıqda yerləşən Qliza 832 planeti üzərində virtual ekskursiya keçirib. Ekzoplanetin kütləsi Yerinkini 5,4 dəfə üstələsə də, doğma planetimizlə bir sıra vacib xarakteristikalarda oxşarlığı var.

Hər nə qədər oxşar olsa da, Hokinq Qliza 832-də texnologiya yaratmağa qadir intellektual canlıların yaşadığına inanmır - əks təqdirdə özləri haqda məlumatı bizə illər əvvəl ötürmuş olardılar. Sözün qısası, alimin rəyinə görə orada yalnız aşağı səviyyəli canlılar inkişaf edə bilər ki, bu da hələ ehtimal nəzəriyyəsidir. Buna baxmayaraq nəzəri fizik Qliza 832-yə oxşar digər ekzoplanetlərdə yadplanetli sivilizasiyaların mövcudluğu ehtimalını yüksək dəyərləndirir.

Stiven Hokinqin xəbərdarlığı bundan ibarətdir ki, əgər günlərin bir günü həmin planetlərin hər hansı birindən ünvanlı siqnal alsaq, bütün texnika və avadanlıqlarımızı söndürüb, dərhal gizlənməyə tələsməliyik. "Çox inkişaf etmiş yerdənkənar irqlə görüş insanlara yaxşı heç nə vəd etmir", - Hokinq deyir. - "Belə halda bəşəriyyət, avropalı kaloniyaçıların ələ keçirdiyi yerli amerikanların taleyilə üzləşə bilər."

Bununla belə məşhur kosmoloq bildirir ki, bütün risklərə göz yumaraq, yadplanetliləri özümüz tapmağa çalışmalıyıq. Yüz milyon dollara başa gələn Breakthrough Listen layihəsi elə məhz bu mövzuya həsr olunub.

Stiven Hokinq ilk dəfə deyil ki, insanları yadplanetlilərdən çəkinməyə çağırır. Daha əvvəlki açıqlamasında alim planetimizlə birgə insanların kosmik "köçəri" həyat tərzi yaşayan yad sivilizasiyaların qurbanı ola biləcəyini bildirmişdi. Nəinki kosmik köçərilər, ümumiyyətlə yadplanetli həyatına aid heç bir konkret dəlil olmasına baxmayaraq, yaşadığımız kainatın şərtləri bu xoşagəlməz versiyanın diqqətə layiq olduğunu göstərir.

Həmçinin oxuyun:

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Stiven Hokinq: Dünyanın sonu mümkündür
Hokinq: "Sağalmaz xəstələrə intihar hüququ verilməlidir"
daha ətraflı...

September 22, 2016

Baş köçürülməsi üzrə sınaq əməliyyatı həyata keçirilib

İtaliya, Turindən olan neyrocərrah Serco Kanavero siçan və it üzərində baş transplantasiyası üzrə sınaq əməliyyatı apardığı ilə bağlı video yerləşdirib.

Serco Kanavero unikal əməliyyat həyata keçirməyi planlaşdırır. Onun məqsədi tibb tarixi ərzində ilk dəfə bir insana baş köçürməkdir. Əməliyyat üçün könüllü də tapılıb - radikal müalicəsi olmayan ağır irsi xəstəlik olan kürək əzələ atrofiyasından (SMA) əziyyət çəkən rusiyalı proqramist Valeri Spiridonov. Tarixi əməliyyatın 2017-ci ildə keçiriləcəyi güman olunur.

Bütün elm ictimaiyyəti Kanaveronun fəaliyyətini böyük maraqla izləyir. İtalyan neyrocərrah indi də siçan və it üzərində apardığı əməliyyatın görüntülərini təqdim edib. Kanavero heyvanların başını tam ayırmayıb, yalnız onurğalarını kəsməklə məhdudlaşıb. İş burasındadır ki, insan üzərində ilk həqiqi baş transplantasiyası üçün ən böyük maneə məhz onurğanın sonraki mərhələdə bərpası hesab olunur. Neyrocərrah qeyd edir ki, eksperiment çərçivəsində polietilenqlikoldan yararlanıb: onu, onurğa beynin zədələnmiş nahiyələrinə yeritdikdən sonra neyronlararası əlaqə bərpa olunub.


Eksperimentə səkkiz siçovul və bir it cəlb olunub. Kanaveronun dediyinə görə siçovullar bir neçə həftə sonra iməkləməyə başlayıblar, it isə sınaqdan üç həftə sonra ayaqları üzərində duraraq, yeriməyə davam edib.

Bununla belə bəzi mütəxəssislər Kanaveronun təcrübəsinə skeptik yanaşır. Amerikalı neyrobioloq Cerri Silverin sözlərinə görə, itin üzərində aparılmış əməliyyat nəzarət qrupu olmadan həyata keçirildiyindən lazımi qədər məlumat təmin etmir. Nyu-York universitetindən olan tibbi etika mütəxəssisi Artur Kaplan isə insan üzərində belə bir əməliyyat keçirə bilmək üçün hələlik kifayət qədər təcrübə toplanmadığından oxşar uğurun yalnız təxminən yeddi-səkkiz ildən sonra həyata keçirilə biləcəyini hesab edir.

Rusiyalı Valeri Spiridonovdan başqa iflic vəziyyətində olan çinli Van Xuanmin də baş köçürülməsi əməliyyatı üçün namizəddir.

Videonu izləmək üçün klikləyin

Həmçinin oxuyun:

İlk avtonom süni ürək köçürüldü
Bionik beyin hazırlanacaq
Qaranlıq mühit eşitməni gücləndirir
daha ətraflı...

September 20, 2016

Yuxusunu almamış insan ictimai təhlükədir

Yuta ştatı universitetindən olan alimlər qeyd edir ki, yuxusunu lazımi qaydada ala bilməmiş insan cəmiyyət üçün təhlükəlidir.

Tədqiqatda iştirak etmiş 839 könüllülər iki qrupa bölünüb. Birinci qrupdan olan iştirakçılara sutkada 6 saat, ikincdən olanlara isə bundan daha az yuxu vaxtı verilib. Daha sonra onların hər birisi tomoqrafiya üsulu ilə araşdırılıb.

Hər iki qrupda da görünüşcə ayıq, lakin beyinləri yuxulu olan şəxslər olduğu aşkar edilib. Alimlər bu şəxslərin kifayət qədər adekvat göründüyünü, buna baxmayaraq beyinlərinin fəaliyyətində güclü tormozlanma müşahidə ediliyini deyirlər.

Yuxuya lazımi qədər vaxt ayıran insanlar istirahət zamanı əvvəlcə mürgüləmə fazasına keçir, daha sonra isə dərin yuxuya dalır. Müntəzəm olaraq yuxu ala bilməyən və yuxudan doymayanlar isə mürgüləmə mərhələsini ötürüb, birbaşa möhkəm yuxu halına keçid alır. Belə insanlarda reaksiya zəifləyir. Onlar, hətta ani olaraq konsentrasiyanı itirə və yuxuya dala bilərlər. Belə vəziyyət isə digər insanların həyatı üçün təhdiddir, xüsusilə də əgər onlar hər hansı bir nəqliyyat vasitəsinin sükanı arxasındadırlarsa.

Daha əvvəlki araşdırmalardan məlum olmuşdu ki, yuxuda olarkən insan və heyvanların beynində "təmizlik işi" aparılır. Sağlam və müntəzəm yuxu da gün ərzində öyrənilən bilikləri beyində daha yaxşı saxlamağa kömək edir. Təxminən bir il əvvəl aparılan tədqiqatın nəticələri isə səhər 10-dan erkən işə və dərsə başlayan insanlarda yorğunluq, diqqətsizlik və həvəssizlik olduğunu göstərmişdi ki, bu da həm karyera, həm də təhsil üçün əlverişsizdir.

Yuxuda olarkən beyin sinaps adlanan neyronlararası əlavə birləşmələrdən təmizlənərək, yeni təəssüratlar üçün yer azad edir. Bu fakt yuxusunu almamış insanın niyə diqqətini toparlaya və yeni informasiyanı mənimsəyə bilməməsini izah edir.

Həmçinin oxuyun:

"Bəs yatmasaq necə olar?"
Körpələr sağ qalmaq üçün gecələr oyanır
İlk dəfə insanın şüuru "söndürüldü"
daha ətraflı...

Alimlər: "Tezliklə insanlar özlərini mayalandıra biləcəklər"

Britaniyalı molekulyar bioloqlar ilk dəfə toxum hüceyrənin mayalanması və onun spermatozoidlə qovuşması mərhələsini ötürərək tam embrion yaratmağa nail olublar ki, bu da gələcəkdə klonlaşdırma prosesini xeyli asanlaşdırmış olacaq.

Bata Universitetindən olan mütəxəssis Toni Perri qeyd edir ki, əldə etdikləri uğur doqma halını almış 150 illik fikri şübhə altına alır. Məlum olduğu kimi, yumurta hüceyrə yalnız spermatozoidlə mayalansa yararlı embrion formalaşdırıb, sağlam nəsil təmin edir. "İndiyə qədər embrionun normal inkişaf edə bilməsi üçün yumurta hüceyrənin spermanı ancaq yenidən proqramlaşdırmalı olduğunu düşünürdük", - deyə Perri bildirir.

Kərtənkələ, balıq və bir çox həşəratlar kimi bəzi canlılar partenogenez bacarığına malikdirlər - iki yumurta hüceyrənin bir-biri ilə qovuşması ya da dişi cinsi hüceyrənin, "natamam" xromosom dəstinə baxmayaraq, spontan olaraq inkişaf etməsi nəticəsində özlərini dölləndirirlər. Belə çoxalma növü məməlilərə qətiyyən xarakterik deyil və hətta nəzəri olaraq belə buna qadir heyvan növü tapmaq qeyri-mümkündür.

"Süni partenogenez" eksperimentlərinə 2000-ci illərin əvvəllərindən başlanılıb. Alimlər toxum hüceyrəni "kimyəvi" yolla aldatmağa çalışırdılar. Onlar, qida mühitinə stronsium xloridi əlavə edərək, embrionun inkişafı proqramına təkan verirdilər. "Fokus" özünü doğrultsa da, bu "natamam" embrionlar bir neçə bölünmə mərhələsindən sonra ölürdülər.


Bu səbəbdən alimlər belə qənaətə gəlmişdilər ki, yumurta hüceyrə yeni həyatın yaranması prosesinə başlanğıc verə bilən və ata/ana DNT-sini qovuşduran, həmçinin onları epigenetik izlərdən təmizləyən xüsusi və unikal mexanizmlərə malikdir.

Mütəxəssislərin yeni tədqiqatı nəticəsində isə məlum olub ki, bu özəlliklər yumurta hüceyrəyə spermatozoidləri və hətta hazır kişi cinsi hüceyrələrini "yenidən proqramlaşdırmağa" kömək edir, onları partenogenotların "natamam" DNT-silə qovuşdurub, artıq yararlı embrion halında inkişafı prosesini sürdürür. Alimlər izah olunan prosedurun müvəffəqiyyətlə həyata keçirildiyi və təcrübələrin 24%-ndə sağlam, praktiki olaraq digərlərinən heç nə ilə fərqlənməyən siçan balalarının doğulduğunu, bunun da klonlaşdırma işinə yeni töhfələr verəcəyini deyirlər.

Təbii və "süni" siçanlar indi bir-biri ilə eyni çəki, ölçü, intellekt göstəriciləri nümayiş etdirib, eyni müddətdən bir eyni xəstəliklərə tutulub, uğurlu şəkildə cütləşir və sağlam nəsil təmin edirlər. Onları təbii siçanlardan fərqləndirən yeganə detal genlərinin nə qədər müddətdən bir oxunmasıdır - görünür, partenogenez "atadan" alınan DNT-də epigenetik izlərin təmizlənməsinə gətirib çıxarmır ki, bu da genomlarının bəzi hissələrinin oxunmasını dəyişdirir.

Perri və həmkarları prosedurun qazandırdığı uğurun tezliklə insanın özünü dölləndirə biləcəyi texnologiyanın yaradılmasına yol açacağını qeyd edirlər. Tibbdə belə irəliləyiş bunun üçün vacibdir ki, sağlam döllərin öldürülməsi ilə bağlı etik problemlərə yol açmadan "təmiz" embrional kök hüceyrə xəttləri əldə etmək mümkün olacaq. Bununla yanaşı partenogenez nadir xəstəliklərin mənşəyinin daha tez öyrənilməsi kimi mövzularda yaxşı vədlər verir. Əgər yaşasaydı Firidun İsfəndiyari bütün bunlara heyranlığını gizlədə bilməzdi.

Həmçinin oxuyun:

Yeni nəsil spermalar: Transgenik heyvanlar
Spermatozoid və yumurtanın "sirli tanışlığı" aydınlaşdırıldı
Britaniya üç valideynli uşaqları qanuniləşdirdi
daha ətraflı...

September 12, 2016

Təsdiq olundu: Mobil telefonlar spermanın sağlamlığı üçün təhlükəlidir

Cins və digər şalvarların cibində smartfon gəzdirmək heç də təhlükəsiz deyil, alimlər deyir. Avstraliyalı alimlərin apardığı metaanaliz işləri nəticəsində məlum olub ki, radioşüalanma spermatozoid miqdarının stabil şəkildə azalmasına yol açır.

Smartfonlar gündəlik həyatımızda mühim rol oynayır. Mobil əlaqə vasitələri bir vaxtlar iddia edildiyi kimi beyinə zərər yetirməsə də, onların insan orqanizminə bir çox təsiri hələ də yaxşı öyrənilməyib. Nyukasl Universitetindən olan Con Eytken və həmkarları radioşüalanmaların reproduktiv sistem üzərindəki təsirləri ilə bağlı daha əvvəl aparılmış 27 tədqiqatın nəticələrini bir yerə toplayıb, bir daha gözdən keçirmək qərarına gəliblər.

Reproduction jurnalında dərc edilən məqalədə alimlər təxminən 1500 kiçik eksperimentdən ibarət 27 iri tədqiqatdan 21-in nəticələrinin neqativ olduğunu qeyd edirlər. Məsələn, bu araşdırmaların 15-də spermatozoidlərin hərəkətindəki dəyişikliklər öyrənilib və bunların da 11-i hərəkətin yavaşladığını göstərib. Yeddi təcrübə işində aktiv oksigen formaları araşdırılıb ki, bunların da hər birisində artım müşahidə olunub. Beş təcrübədən dördü hüceyrələrdə yüksək DNT zədələnməsi səviyyəsinin olduğunu sübut edib.

Mütəxəssislərin araşdırdığı işlərin əksəriyyəti spermatozoidlərin hərəkətinin 8%, sağlamlığının isə 9% düşməsi ilə müşayiət olunub. Bununla belə alimlər radioşüalanmanın neqativ təsirlərinin əsasında yer alan molekulyar mexanizmləri hələlik yaxşı anlamadıqlarını əlavə edirlər.


Həmçinin oxuyun:

Elektron siqaretlər almağa dəyməz
Y-xromosomu və kişilər yox olmayacaq
Alkoqol gözdə cəlbediciliyi artırır
daha ətraflı...

September 2, 2016

Yupiter nə dərəcədə qonaqpərvərdir?

Günəş sisteminin ən böyük planeti olan Yupiter son günlər elm ictimaiyyətinin diqqət mərkəzindədir. "Yunona" adlı avtomatik planetlərarası stansiya beş il davam edən kosmik səyahətin nəticəsi olaraq 5 iyul 2016 tarixində planetin orbitinə çatdıqdan sonra, Yerə dərəyli fotoşəkillər göndərmişdi. Kosmik cihaz nəhəng qaz planeti olan Yupiter ətrafında elliptik orbitlə dövrə vurur (atmosferindən beş min kilometr uzaqlıqdan) və oradan yeni məlumatlar ötürməyə davam edir.

Yupiter əbəs yerə nəhəng adlandırılmır. Əgər qaz planetinin içi boş olsaydı oraya 1300 Yer ölçüsündə planet sığdırmaq olardı. Kütləsi Günəş sisteminin bütün digər planetlərinin toplam kütləsindən 2,5 dəfə artıqdır. Onlarla peyki ətrafında fırladır, çox güclü maqnit sahəyə malikdir və beləliklə də özü üçün bir növ "miniatür Günəş sistemi" formalaşdırır.

Gəlin dürüst olaq: Yupiter səfər üçün elə də yaxşı məkan deyil. Bundan başlayaq ki, "qaz şarına" eniş etməyə doğru-düzgün bir yer belə tapa bilməzsiniz. O, praktiki olaraq hidrogen və helium kimi yüngül elementlərdən təşkil olunub.

Əgər səthi olaraq onun strukturunu təsvir etməyə cəhd etsək, təxminən belə görünəcək: qalın və hərəkətli buludlar altında 25 kilometrlik qalınlıqda olan helium qatqılı hidrogen təbəqəsi uzanır. Getdikcə artan təzyiq və temperaturun təsirilə qaz halından maye fazaya keçid alır. Fazalar arasında dəqiq sərhədlər yoxdur və bütün bunlar daha çox od üstündə qaynamaqda olan hidrogen qazanını xatırladır. Planetin atmosferi elə bir səviyyədə "coşğundur" ki, istənilən kosmik gəmini asanlıqla qaranlığa qərq edə bilər.

Yupiterin xarici görünüşünün xarakterik özəllikləri zolaqları və ammiak buludlarından ibarət dəhşətli qasırğalarıdır. Planetin diski artıq bir neçə yüz ildir ki Yer ölçülərində olan nəhəng ləkəni tamamlayaraq, onun görkəmini zənginləşdirir. Bu məşhur atmosfer formasiyası Böyük qırmızı ləkə adlanır. Yupiteri cənginə alan bu qasırğa haqda hələ 17-ci əsrdən məlumdur.

Əsasən helium və hidrogendən təşkil olunmuş Yupiter atmosferi zəhərlidir. Planetdəki radiasiya səviyyəsi isə insan üçün ölümcül hesab olunan miqdardan 1000 dəfə çoxdur. Alimlərin fikrinə görə, Yupiterin "ürəyi" olan nüvəsi Yerdən 1,5 dəfə böyük və kütləcə 10-15 dəfə ağırdır. Hesablamalara əsasən, nüvənin temperaturu 50 000 dərəcəyə qədər qalxa bilər.

Yupiterin, məlum olduğu qədərilə, 67 peyki var ki, bu da Günəş sistemi planetləri arasında mütləq rekorddur. Lakin astronomlar bu peyklərdən yalnız ən böyük dördü ilə yaxından maraqlanır - İo, Europa, Qanimed və Kallisto. Bu peyklər Qalileo Qaliley tərəfindən 16-cı əsrdə kəşf olunub.

Bu dördlü haqqında bu gün bildiklərimizi eşitsəydi, məşhur italyan alim heyrətə gələrdi. Məsələn, İoda aktiv vulkanlar müşahidə olunur, Kallisto presslənmiş buz və qayalıqlar qarışığından təşkil olunub, Europa isə yaraşıqlı buz səthinin altında gizlədiyi maye okeanı ilə fəxarət hissi duya bilər.

Həmçinin oxuyun:

Yer Yupiterin qoyub getdiyi "tullantılardan" yaranıb
Fantastikanın belə təxmin edə bilmədiyi 5 qeyri-adi planet
Qanimeddə həyat ehtimalı yüksəkdir
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top