December 3, 2014

Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?

Homo sapiens'in əcdadları spirti həzm etməyə başladıqda, hələ heç ilk spirtli içkilər hazırlanmamışdı. Etil spirtini həzm etməyimizi təmin edən fermentin təkamülünü analiz edən alimlər, bu xüsusiyyətin əcdadlarımızda təxminən 10 milyon il əvvəl, ağaclardan endikləri dövrdə ortaya çıxdığını aşkar ediblər.

Təbiətin hansı səbəbdən bizə etanolu (və ya etil spirti) həzm etməyə məcbur etdiyi uzun illərdir alimləri düşündürən mövzu olaraq qalırdı. Əvvəllər bunun əkinçiliyin inkişaf etməsi və ilk alkoqollu içkilərin hazırlanması ilə əlaqəli olduğu hesab edilirdi.

İndi isə amerikalı tədqiqatçılar daha maraqlı nəticələrə gəliblər. Onlar, alkoqoldehidrogenaz IV (ADH4) fermentinin 28 növ məməlidə 70 milyon illik zaman ərzində necə dəyişildiyini öyrənmək üçün tədqiqatda paleogenetika metodlarından yararlanıblar.

Nəticədə alimlər ADH4 fermentində cəmi bir mutasiyanın baş verdiyini aşkar ediblər ki, məhz bu dəyişiklik təxminən 10 milyon il əvvəl əcdadlarımızın etanol həzm etmə bacarığının artmasına və növbəti nəsillərdə yaxşıca oturuşmasına səbəb olub. Diqqətəlayiqdir ki, məhz bu dövrdə əcdadlarımız ağaclardan yerə enməyə başlayıb.

Bu iki hadisəni bir-biri ilə bağlamaq istəyən alimlər, iqlim dəyişikliyi ilə əlaqəli olaraq əcdadların məcburən yerə endikdən sonra ağaclardan qoparaq yerə düşmüş meyvələrlə qidalanmağa başladıqları səbəbindən etil spirti həzm edilməsi tələbatının meydana gəldiyini hesab edirlər. Çürümüş meyvələrlə qidalanan primatlar müəyyən qədər etanol dozası almış və qaçılmaz olaraq da keflənmiş olmalıdırlar. Ardından isə təbii seçmə rolunu oynamağa başlayıb - yalnız spirt zəhərlənməsindən əziyyət çəkməyən və özü ilə birlikdə həm də balalarını qorumağı bacarmış fərdlərin sağ qalaraq, nəsillərini artırması təmin edilib.

Bu nəzəriyyə idealdır, çünki təkcə bizim spirt həzm etmə bacarığımızı deyil, həm də digər bir vacib təkamül biologiyası sirrini cavablayır: axı nə səbəbə Homo sapiens'in əcdadları ağaclardan yerə enib? Sözsüz ki, daha bir neçə araşdırma aparılmalıdır, lakin ağacdan qoparaq düşmüş meyvələr dalıyca yerə enmək ehtiyacının burada əhəmiyyətli rol oynamış ola biləcəyi versiyası maraqlı səslənir.

Həmçinin oxuyun:

Körpələr sağ qalmaq üçün gecələr oyanır
Neandertallar və Homo sapiens ayrı növlərdir
Saqqal dəbi Darvinin təbii seçməsinə əsaslanır
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top