December 17, 2014

Marsdan yeni xəbərlər var: Metan qazı və üzvi birləşmələr

Əldə edilən yeni faktlar, bir vaxtlar Marsda həyatın yaranması və inkişaf etməsi üçün bütün əlverişli şərtlərin mövcud olduğunu bir daha təsdiq edir. NASA-lı mütəxəssislər "Curiosity" marsoxodunun iki üzvi molekul mənbəyinə rast gəldiyini bildiriblər. Qeyd edilir ki, orqanika aylar əvvəl tapılmış, lakin bu müddət ərzində onun Yer mənşəli olmadığına əmin olmaq üçün ətraflı araşdırmalara ehtiyac duyulmuşdur.

Kəşfiyyatçı aparat Mars atmosferindəki qısamüddətli metan payı artımını qeydə aldıqdan sonra, qayaların birində aparılan qazıntıdan qalmış tozcuq nümunələrində karbon birləşmələri tapıb. 

İlk tapıntı "Curiosity"-nin bortuna yerləşdirilmiş SAM cihazı vasitəsilə qeydə alınıb. 20 ay ərzində Mars atmosferini 12 dəfə araşdıran cihaz, 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində orta metan payındaki 10 qat artımı aşkara çıxarıb.

Mütəxəssislər rəyinə görə, bu, lokal metan qaynağının mövcudluğundan xəbər verir. Lakin bioloji və ya qeyri-bioloji mənşəyə sahib olduğunu öyrənmək üçün əlavə tədqiqatlar aparılmalıdır, alimlər deyir. Yerdəki metan qazının 95%-i isə, məlumdur ki, mikroorqanizmlərdən qaynaqlanır.

İkinci tapıntı isə Kamberlend adı verilmiş qayanın qazılmasından sonra əldə edilib. Bu dəfə alimlər daha çox sevinib, çünki ilk dəfə Qırmızı planetin birbaşa səthi nümunələrində üzvi birləşmələrə rast gəlinib.

Birləşmələrin Yerdən marsoxodla təsadüfən Marsa aparılmış olmadığına, həqiqi Mars mənşəli olduğuna əmin olmaq üçün alimlər aylarla araşdırma aparıblar. Yekunda da birmənalı nəticə əldə edilib - orqanika Marsa aiddir. Kəşfin Marsdaki həyatla bağlı məlumatlar verdiyini ifadə etmək üçün isə bir qədər tezdir.

"Bu tapıntı çox böyük ümidlər vəd edir. Orqanika vacibdir, çünki analiz işlərində necə formalaşdığını və bu günə qədər qaldığını anlamağımıza kömək edir. Bu, həm də keçmişdə Qeyl kraterinin üzvi birləşmələr üçün əlverişli şərtləri olduğuna dair çoxlu məlumatlar təmin edir. İndi bizim məqsədimiz yaxınlıqdaki yerlərdə bir qədər fərqli və hətta daha zəngin materiala sahib ola biləcək digər oxşar nümunələr tapmaqdır", - Massaçusets Texnologiya İnstitutundan olan professor Rocer Sammons deyir.

Həmçinin oxuyun:

Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi
"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top