September 25, 2014

Fərqli üz cizgiləri necə yarandı?

Digər heyvanlara aid nümayəndələrlə qarşılaşdıqda onların hansı növdən olduğunu anlayır, amma növ daxilində heyvanları bir-biri ilə qarışıq salırıq. Demək olar ki, bütün şimpanzeləri, ayıları, dovşanları üzdən qarışıq salırıq. Bəs bir-birimizi niyə asanlıqla tanıya bilirik? Və ya niyə bu qədər geniş üz cizgiləri fərqlərinə sahibik?

Alimlər Homo sapiens növünə aid müxtəlif üz cizgilərinin necə yarandığı sualını cavablandırmağa nail olublar. İş burasındadır ki, bu hadisə (yüksək variativlik) heyvanlar aləmi üçün anomal hesab olunur. Tədqiqatın nəticələri Nature Communications jurnalında dərc edilib.

Alimlər tədqiqatda ABŞ ordusunun geniş və fərqli anatomik məlumatlar bazasından yararlanıblar. Antropometrik baza 1945-ci ildən bəri mövcuddur və uniforma, əlverişli hərbi texnika və s. hazırlanması üçün istifadə edilir.

Analizin nəticələrinə əsasən, müxtəlif insanların üz cizgiləri fərqləri digər orqanlardan (üzvlərdən) daha fərq ediləndir. Alimlərin marağına səbəb olan əsas əlamət gözlər, burun və ağız "üçbucağı" olub - ən geniş variativlik məhz bu hissədə görülürdü.

Daha bir eksperiment: 1000 Genome layihəsi çərçivəsində minlərlə genom ardıcıl sıralandıqdan sonra üz cizgilərinə cavabdeh olan hissələrin variativliyinin, bədənin digər hissələrinin göstəricilərindən xeyli yüksək olduğu bəlli olub. Oxşar vəziyyət neandertallar və denisovaların genom müqayisələri zamanı da müşahidə edilmişdi. Beləliklə, nəticələr geniş üz cizgiləri variativliyinin Homo sapiens-in təkamülləşməsindən xeyli əvvəl formalaşdığını göstərir.

Mütəxəssislər üz cizgiləri müxtəlifliyinin də təkamülün nəticəsi olduğunu qeyd edirlər. Üz cizgilərinin geniş müxtəlifliyi fərdləri öz qruplarında (qəbilələrində) maksimal qədər tanınan etməli idi. Beləcə xarici görünüş qarşılıqlı sosial əlaqənin vacib aspekti halını almış oldu.

Əksər heyvanlara belə əlamət xarakterik deyil, çünki onlar nümayəndələrini qoxu və səslərindən tanıyırlar. Təkamül, bir qayda olaraq, fərqlilikləri minimal səviyyəyə endirir. İnsanlarda isə tamamilə əks mənzərə ilə qarşılaşırıq - üz cizgiləri fərqlilikləri növümüz üçün üstün xüsusiyyət olub seçilərək, növbəti nəsillərə ötürülüb və dəfəsində daha da geniş üz cizgiləri variasiyası formalaşmağa başlayıb.

Həmçinin oxuyun:

Saqqal dəbi Darvinin təbii seçməsinə əsaslanır
Körpələr sağ qalmaq üçün gecələr oyanır
İnsanlar və kalmarların gözü niyə oxşardır?
daha ətraflı...

Hindistan Marsa doğru

Ötən ilin dekabrında Yer orbitini tərk edərək Marsa doğru yol alan Hindistanın ilk kosmik peyki "Mangalyaan" uğurla Qırmızı planetin orbitinə daxil olub. Bu barədə Hindistan kosmik tədqiqatlar təşkilatı xəbər verir.

"Mangalyaan" peyki 2013-cü ilin noyabr ayının əvvəlində kosmosa buraxılmışdı. Kosmik cihazın bortunda quraşdırılmış xüsusi spektrometrlər vasitəsilə alimlər Mars atmosferini və səthini ətraflı araşdırmağa çalışacaqlar. Layihə müəlliflərinin dediyinə görə, missiyanın əsas məqsədi gələcəkdə Hindistanın pilotlu Mars proqramları üçün lazımlı olan texnologiyaların sınaqdan keçirilməsidir.

Bu addımla Hindistan alimləri adlarını tarixə yazdırmış oldular. Belə ki, Hindistan ilk cəhddən Mars missiyasını uğurla yerinə yetirmiş ilk ölkə adını qazandı.

Qeyd edilir ki, layihə ölkəyə 74 milyon dollara başa gəlib.

Həmçinin oxuyun:

Çin Ay səthinə kosmik aparat göndərdi
Çin rəsmən elm nəhənginə çevrildi
İkinci İran meymunu kosmosa uçdu
daha ətraflı...

Nobel mükafatına iddialı kəşf təkzib edildi

Alimlər bu ilin mart ayında möhtəşəm kəşfə imza atdıqları xəbərini yaymışdılar. Belə ki, onlar fon radiasiyasında illər əvvəl Albert Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsində irəli sürdüyü cazibə dalğaları izlərini aşkar etdiklərini dünyaya çatdırdılar. Elm ictimaiyyətində bu uğurun hətta Nobel mükafatı qazandıracağı iddia edildi. Lakin yeni xəbər hər kəsi məyus etdi: tədqiqatçılar səhvən cazibə dalğaları əvəzinə ulduzlararası tozu müşahidə ediblər.

BICEP layihəsi ətrafında toplaşan bir qrup alim öz kəşflərini bayram etməyə hazırlaşırdı. Mütəxəssislər Böyük Partlayış (The Big Bang) hadisəsindən sonra kainatın inflyasion genişlənməsini təsdiq etdiklərinə əmin idilər. O vaxt alimlər ilkin cazibə dalğalarının nəticəsi olan fon radiasiyasının foton polyarizasiyasını aşkar etdiklərini açıqlamışdılar. Cazibə dalğaları Böyük Partlayışdan dərhal sonra formalaşmış məkan-zaman "alacalanmasıdır". Kəşf Antarktidada yerləşən teleskop aləti vasitəsilə edilmişdi.

Fon radiasiyasının foton polyarizasiyası müşahidələri dünyanın bütün elm ictimaiyyətinin marağına səbəb olmuşdu. Lakin bir müddət sonra kəşfə imza atan alimləri bir sıra suallar narahat etməyə başladı. İlk öncə elm dünyası təcrübənin metodikası ilə maraqlandı, hətta bəzi alimlər tapıntını ictimaiyyətə açıqlamaq üçün hələlik erkən olduğunu vurğuladılar. İkinci vacib aspekt isə bu idi ki, BICEP tədqiqatçıları cazibə dalğaları əvəzinə səhvən ulduzlararası tozları qeydə almış ola bilərdilər. Təəssüf ki, belə də oldu.

Tapıntıya əvvəldən şübhə ilə yanaşanlar alimlərin, ulduzlararası tozun yaratdığı polyarizasiyanı tez-tələsik cazibə dalğalarına aid izlər olaraq qəbul etdiklərini bildirdilər. Şübhələrinin əsaslı olduğu məlum oldu.

BICEP tədqiqatçıları ulduzlararası tozun foton polyarizasiyasının təsirini öyrənmək üçün özgə təqdimatın nəticələrini öz məqsədləri üçün istifadə etdilər. Üstəlik söhbət Planck rəsədxanasının əldə etdiyi məlumatlardan, başqa deyimlə, BICEP ilə rəqabətdə olan başqa alim qrupundan gedirdi. Yəni, mart ayındaki kəşfin müəllfiləri Planck-ın əldə etdiyi nəticələri öz araşdırdıqları obyektə ekstrapolyasiya etdilər.

Amma Planck komandası daha dolğun nəticələr ortaya qoyaraq, ulduzlararası tozun kainatın hər yerini əhatə etdiyini və təsirinin əvvəllər hesab ediləndən dəfələrlə yüksək olduğunu sübut etdi. Aydın oldu ki, BICEP tədqiqatçılarının araşdırdığı kosmik məkanda ulduzlararası toz polyarizasiya səviyyəsindən fərqlənməyən gurultu səviyyəsi meydana gətirir. Elə məhz bu gurultu da səhvən cazibə dalğalarına aid edilibmiş.

Yuxarıda qeyd edilənlərə baxmayaraq, kainatın inflyasion modeli şübhə altına alınmır. Sadəcə indi alimlər daha böyük səy göstərərək yeni dəlilləri aşkar etmək məcburiyyətindədirlər. BICEP və Planck-dan olan alimlərdən ibarət iki komanda dünya elminin maraqları üçün daha sıx əməkdaşlıq quracaqlarına və ortaq fəaliyyətə başlayacaqlarına razılıq veriblər.

Həmçinin oxuyun:

Nobel mükafatına layiq kəşfə imza atıldı
Hokinq mərci udduğunu hesab edir
Kompüter modeli zaman səyahətini təsdiqlədi
daha ətraflı...

September 23, 2014

Yaponiya kosmik lift inşa edəcək

Yapon korporasiyası olan Obayashi nümayəndələri yaxın gələcəkdə həyata keçirəcəkləri kosmik lift inşası ilə bağlı planlarını təqdim ediblər. Belə bir qurğunun 2050-ci ilədək tikilə biləcəyi hesab edilir.

Kosmik lift sayəsində yüklərin orbitə daşınması dəfələrlə ucuz başa gələcək. Hal-hazırda 1 kq ağırlığındaki yükün 150 km yüksəkliyə qaldırılması 20 min dollar tələb edir. Tezliklə istifadəyə veriləcək kosmik lift isə orbital daşınmanın maddi çətinliklərini tarixin səhifələrinə qovuşduracaq.

Plana əsasən, ağır trosun bir ucu okean platformasına, digəri isə kosmik stansiyanın bortuna bağlanılacaq. İki punkt arasında sərnişinləri və yükü daşıyacaq kabin quraşdırılacaq. Mütəxəssislər lift kabininin 30 insanı orbitə qaldıracaq gücdə olacağını qeyd edirlər.

Bu ideya həmçinin kosmik turizm sahəsinə yeni qapı açır. Müasir dövrdə suborbital uçuşun dəyəri 250 min dollar təşkil edir ki, bu da kosmosa uçmaq istəyən insanların əksəriyyətinin cibinə uyğun olmayan qiymətdir. Kosmik lift sərnişinlər üçün daha sərfəli alternativ olsa belə, orbitə səyahət ən gec halda yeddi gün alacaq.

Obayashi mühəndisləri qarşısında duran əsas məsələlərdən biri trosun hansı materialdan hazırlanacağıdır. Hal-hazırda yapon alimlər belə materialların karbon nanoboruları olacağını düşünürlər, hansılar ki hətta poladdan belə bərk hesab olunur. Bu gün karbon nanoboruları 3 sm uzunluğu keçmirlər, kosmik lift konsepsiyasının həyata keçməsi üçün isə 96 000 km uzunluğu olan trosa ehtiyac var. Obayashi mütəxəssisləri bu çətinliyi 2030-cu illərdə aradan qaldıracaqlarını bildirirlər.

Həmçinin oxuyun:

Yaponiya kosmosdan enerji əldə edəcək
Futuristik hava ekranı təqdim edildi
NASA Titana göndəriləcək sualtı gəmini seçir
daha ətraflı...

September 12, 2014

Stiven Hokinq: Dünyanın sonu mümkündür

Britaniyalı fizikin gəldiyi qənaətə görə, kainatın iki vakuum vəziyyəti arasındaki tunel dünyanın sonunu gətirə bilər. Alim öz müşahidələri haqda yeni Starmus adlı kitabının ön söz hissəsində xəbər verir. Kitaba bütün dövrlərin məşhur fiziklərinin məqalələri daxil edilib.

Stiven Hokinqin gəldiyi yeni nəticələrə əsasən kainatımız "saxta vakuum" deyə adlandırılan vəziyyətə düşə bilər. Əgər bu həqiqətdirsə, Hiqqs bozonu üzərində aparılan təcrübələr heç də xoş nəticələr doğurmaya bilər. Daha doğrusu, bozonların sayəsində yaşadığımız dünya başqa bir və daha sabit vəziyyətə düşə bilər.

Metastabil (metasabit) vəziyyət həm saxta, həm də həqiqi ola bilər. Sistemin bir haldan digər hala keçidində fluktuasiyaların mövcudluğu nəzərdə tutulur. Belə fluktuasiyalar ənənəvi sistemi energetik olaraq daha sərfəli hala sala bilər.

Bunu məşhur çuxur və şar misalında göstərmək olar. Fluktuasiya "tüğyanları" şarı bir çuxurdan digərinə - daha dərin çuxura ata bilər. Belə çuxurda şar özünü daha "sərfəli" hiss edəcək və bu çuxur həqiqi vakuuma uyğun gələcək. Digər çuxurlar isə saxta çıxacaq.

Bununla belə heç də bütün fiziklər Stiven Hokinqin gəldiyi nəticələrdən əmin deyil. Kvant tunelləşdirilməsi üçün yüz milyard qiqaelektronvolt qədər enerjiyə ehtiyac var. Müasir zamanda belə göstəricilərə yiyələnmək mümkünsüzdür. Müqayisə üçün qeyd etmək olar ki, Yerin ən böyük kollayderi olan Böyük Adron Kollayder sadəcə on dörd min qiqaelektronvolt enerji istifadə edir.

Həmçinin oxuyun:

Hokinq: "Sağalmaz xəstələrə intihar hüququ verilməlidir"
Bizi əhatə edən reallıq holoqram ola bilər
"Yadplanetliləri taparıq... siyasətçilər qoysa"
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top