July 30, 2014

Mal əti istehsalı ətraf aləm üçün daha zərərlidir

Amerikalı alimlər hesab edir ki, mal əti ətraf aləmə digər ət növlərindən daha baha başa gəlir. Tədqiqatçılar ilk dəfə mal əti, toyuq əti, donuz əti, yumurta və südün hər bir kalorisinə hansı miqdarda təbii ehtiyat sərf edildiyini müqayisə ediblər.

Qidon Eşel və həmkarları kənd təsərrüfatı, energetika və daxili işlər nazirliklərinin 2000-2010-cu illərə aid məlumatlarını istifadə edərək, obyektiv göstəricilərlə amerikalıların əsas qida rasionunun təbiətə vurduğu zərərin miqdarını hesablayıblar. Bu səbəbdən tədqiqatda balıq əti nəzərə alınmayıb, çünki balıq əti ABŞ vətəndaşlarının dietində cəmi 2% kalori verir.

Məlum olub ki, süd məhsulları, quş ətləri (əsasən toyuq, ördək və hind quşu əti), yumurta və donuz əti təxminən eyni miqdarda torpaq və su ehtiyatları, həm də azot gübrəsi tələb edir, istehsallarında da eyni səviyyədə istixana qazı atılır. Lakin mal əti daha baha başa gəlir: istehsalı üçün 28 dəfə çox torpaq, 11 dəfə çox su və 6 dəfə çox gübrə lazımdır, ətraf aləmə atılan istixana qazlarının miqdarı isə 5 dəfə çoxdur. Təbiət üçün ən sərfəlisi isə bitki mənşəli qidalardır: kartof, düyü və taxıl yetişdirilməsi üçün istənilən ət növündən 2-6 dəfə az ehtiyat tələb olunur.

Vətəndaşların qida meylini daha sərfəli rasiona tərəf çevirmək məqsədilə alimlər əldə etdikləri nəticələri maksimal qədər yaymağa çalışır və hətta istehsal paketləri üzərində nəticələrlə bağlı xüsusi qeydlərin əlavə edilməsi üçün səy göstərirlər.

Həmçinin oxuyun:

Həbləri ataraq biliklərə yiyələnəcəyik
Bitkilər sizi eşidir
Bürokratiya elmi məhv edir
daha ətraflı...

Dinozavrların "bəxti gətirmədi"

Milyon illər ərzində Yerdə hökmranlıq etmiş dinozavrlar nəhəng asteroidin planetimizlə toqquşmasından sonra məhv oldular. Əldə edilmiş yeni nəticələrə əsasən, əgər həmin toqquşma başqa bir dövrdə baş versəydi, dinozavrlar hələ də Yer üzünün hakimi idilər.

Ən son tapıntılar və analitik məlumatlara əsaslanan tədqiqat sayəsində paleontoloqlar təxminən 66 milyon il əvvəl baş vermiş dinozavrların "soyqırımı" hadisəsini bərpa etməyə nail olublar.

10 km uzunluğundaki asteroidin Yerə, hal-hazırki Meksika ərazisinə düşməsindən bir neçə milyon il əvvəl planetimizdə böyük geoloji dəyişikliklər müşahidə edilirdi: vulkanik aktivlik artırdı, dünya okeanının səviyyəsi dəyişilirdi, temperaturda ani sıçrayışlar baş verirdi. Qədim kərtənkələlərin qida zənciri bu dövrdə zəifləmişdi: iqlim dəyişikliyi səbəbindən bitki ilə qidalanan dinozavrların növ müxtəlifliyi ani azalmalara məruz qalmışdı, dolayısı ilə ət yeyən yırtıcı dinozavrların da qida qaynaqları xeyli tükənməli idi. Bu səbəbdən "qatil-asteroidin" yaxınlaşma anına qədər dinozavrlar zəifləmişdi - qida qıtlığı, sağ qalmaq uğrunda davamlı mübarizələr və s. onların həqiqi mənada "əldən düşməsinə" yol açmışdı. Kosmik fəlakətin nəticəsində də milyon illər ərzində planetə hökmranlıq etmiş dinozavrlar məhvə məhkum oldular.

Asteorid toqquşması nəhəng sunami, zəlzələlər, yanğınlar və ani temperatur dəyişikliklərinə gətirib çıxardı. Qlobal qida zənciri nəhayət tənəzzül etdikdə dinozavrlar son sağ qalmaq şanslarını da itirmiş oldular. Sağ qalıb nəsli artırmış növlər isə yalnız uçmağı bacaranlar idi ki, onlar da müasir quşların meydana gəlməsinə səbəb oldular.

Paleontoloqların gəldiyi qənaətə görə, həmin asteroid Yeri cəmi bir neçə milyon il əvvəl, dinozavrların növ müxtəlifliyi baxımından zəngin olduqları dövrdə və ya bir qədər gec, yeni dinozavr növlərinin peyda olduğu dövrdə vursaydı, kosmik fəlakətin nəticələri qədim sürünənlər üçün bir o qədər ölümcül olmazdı və bir çox növlər yaşamağa davam edərdi. Beləliklə, dinozavrları Yer üzünün ən şanssız canlıları adlandırmaq olar.

Həmçinin oxuyun:

Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi
Dinozavrlar soyuqqanlı deyildi
Ən böyük dördqanadlı lələkli dinozavra aid qalıqlar tapıldı
daha ətraflı...

July 28, 2014

Genomumuzun cəmi 8,2%-i funksiyaya malikdir

Oksford Universitetindən olan mütəxəssislərin rəyinə görə, insan gemonunun cəmi 8,2%-i funksiyaya malikdir, yəni orqanizmin biokimyəvi reaksiyalarında müəyyən rol oynayır.

Genetiklərin əldə etdiyi yeni məlumatlar iki il əvvəlki nəticələrdən kifayət qədər fərqlənir. 2012-ci ildə ENCODE (DNT Elementlərinin Ensiklopediyası) layihəsi ilə məşğul olan alimlər genomumuzun 80%-dən artıq miqdarının funksional olduğunu iddia edirdilər.

Belə iddia iki genetikin şübhələrinə səbəb olub. Bir çox mütəxəssislər hesab edir ki, "biokimyəvi funksiyanın" tərifi şişirdilir. Yalnız orqanizmə açıq təsirləri olan DNT aktivliyi növlərini funksional adlandırmaq olar.

Oksforddan olan alimlər təkamül mexanizmi vasitəsilə məhz hansı DNT aktivliyi tipinin ciddi rola malik olduğunu anlamağa çalışıblar. Onlar, məməlilərin təkamülü prosesində insan genomunun son 100 milyon ildir təsir görməmiş hissəsini izləyiblər. Ekspertlərin dediyinə görə, bu faktor genlərin əhəmiyyət göstəricisidir - funksiyaları çox vacib olduğundan informasiyada qalmalıdırlar.

Kompüter analizi siçanlar, dovşanlar, itlər, atlar və əlbəttə ki insan kimi müxtəlif məməlilərin DNT sekvensiyalarını bir-biri ilə müqayisə etmək üçün şərait təmin edib. Nəticədə məlum olub ki, insan genomunun cəmi 8,2%-i funksionaldır, üstəlik bu genlər də əhəmiyyət səviyyəsinə görə fərqlənir. Genlərimizin yalnız 1%-dən bir qədər artıq miqdarı zülalların kodlaşdırılmasına nəzarət edir, hansılar ki bütün kritik dərəcədə vacib bioloji proseslərdə iştirak edirlər. Digər 7% gen isə insan orqanizminin müxtəlif hissələrində zülal kodlaşdıran genlərin hər hansı faktorlardan asılı olaraq aktiv-deaktiv edilməsi ilə məşğul olur.

"Müasir genetikaya əsasən, bütün DNT sekvensiyaları insan orqanizmində vacib rola malikdir. Əslində isə insan genomunun yalnız kiçik bir hissəsi funksionaldır", - Kris Rends qeyd edir.

Geriyə qalan 91,8% genom hissəsi isə "tullantı DNT" adlanan təkamülün qalıq materialı hesab edilir. Massaçusets Texnologiya İnstitutundan olan Manolis Kellis bildirir ki, yarasız hesab edilən tullantı genom hissəsini də nəzərə almaq lazımdır.

"Biz təkamül etmişik və bu proses qarmaqarışıqdır. Bu geriyə qalan DNT həqiqətən də yalnız doldurucudur. Bu, tullantı deyil, bir gün bizə lazım ola bilər. Lakin əsas mövzu bundan ibarət deyil, - Certon Lanter əlavə edir.

Həmçinin oxuyun:

İnsan DNT-sinin ikinci kodu tapıldı
Psevdogenlər yeni genləri meydana gətirir
Süni DNT-ə sahib orqanizm yaradıldı
daha ətraflı...

July 27, 2014

Dini tərbiyə almış uşaqlar reallıqla xülyanı ayırd edə bilmir

Boston Universitetindən olan alimlərin apardığı araşdırma dini tərbiyənin uşaqların uydurma və reallığı ayırd etmə bacarığına gözə dəyəcək səviyyədə təsir göstərdiyini təsdiqləyib.

Bir neçə etapdan ibarət olan tədqiqatda 5-6 yaşlı uşaqlar iştirak edib. İlk öncə məktəb yaşına çatmamış uşaqlara baş qəhramanı tamamilə real insan olan adi bir həqiqi hadisə danışılıb. Növbəti mərhələdə isə dini ailələrdə böyümüş uşaqlarla, onların dini tərbiyədən kənar mühitdə böyümüş həmyaşıdları arasında kəskin fərq olduğu aydın olub. Belə ki, tədqiqatçılar onlara real həyatda mümkünsüz görünən Tanrı müdaxilələri ilə bağlı dini əhvalatlar danışdıqda, uşaqların baş qəhramana dair düşüncələri anidən dəyişilib.

Hələ məktəb təhsilinə qədəm qoymamış, kilsə və ya kilsə məktəblərini ziyarət edən uşaqlar dini əhvalatın baş qəhramanını real insan adlandırıblar, digər yanda isə dünyəvi tərbiyə almış uşaqlar əminliklə eşitdikləri əhvalatın yalan olduğunu deyiblər.

Bundan başqa fərqli tərbiyələrin uşaqların mühakimə etmə və fikir irəli sürmə bacarıqlarında da iz qoyduğu məlum olub. Cadugarlıq və fantastik hadisələrdən bəhs edən qeyri-real əhvalatlara qulaq asan uşaqlar yenə ikiyə bölünüb: dini təlimlərlə tanış olmayan uşaqlar əhvalat qəhramanlarını uydurma adlandıraraq, əfsanəni reallıqdan ayırd etmədə daha fəal olublar. Dindar ailələrdən olan həmyaşıdları isə əksinə olaraq fantastikanı ciddi qəbul edərək, qeyri-real hadisələrin kökündə Tanrının olduğunu bildiriblər.

"Dini tərbiyə uşaqların reallığı uydurmadan ayırd edə bilmə bacarığına güclü təsir göstərir. Bu təkcə dini deyil, həm də fantastik əhvalatlara aiddir. Dünyəvi uşaqların uydurma kateqoriyasına aid etdiyi hadisələri dini tərbiyə almış həmyaşıdları şübhəsiz həqiqət kimi qəbul etdilər", - tədqiqatın başında duran Ketlin Korrivau qeyd edir.

Həmçinin oxuyun:

Dinin insan təkamülündəki bazisi tapıldı
Təkamül nöqteyi-nəzərindən Dinlər və Tanrılar
Nuhun dairəvi gəmisi inanclıları narahat etdi
daha ətraflı...

July 19, 2014

Hokinq: "Sağalmaz xəstələrə intihar hüququ verilməlidir"

Sağalmaz xəstəlik olan yan amiotrofik sklerozdan əziyyət çəkən nəzəri fizik Stiven Hokinq hesab edir ki, həkimlər sağalmaz xəstələrə preparatların ölümcül dozasını təyin etməlidirlər - sözsüz ki əgər onlar buna ehtiyac duyursa.

Stiven Hokinq "yaşamaq yoxsa yaşamamaq?" sualındaki seçim azadlığına səsləyir. Məşhur fizik hesab edir ki, intihar - seçimdir, hansının ki hüququna hər kəs malik olmalıdır, xüsusilə də sağalma ehtimalı olmayanlar. Fizikin dediyinə görə, bununla əlaqəli olaraq, həkimlər sağalmaz xəstəliklərdən əziyyət çəkən insanlara ölümcül dərman dozaları yazaraq, son günlərində onlara dəstək olmalıdır.

Böyük Britaniyada 18 iyul tarixində assistentli ölüm üzrə qanun layihəsinin ikinci oxunuşu baş tutub. Evtanaziyadan fərqli olaraq burada xəstə razı olduqda özü-özünə ölümcül doza yeridir. Evtanaziyada isə bu işi xəstənin razılığı ilə həkim yerinə yetirir.

Assistentli ölüm üzrə Britaniya qanun layihəsinə əsasən, xəstəliyin terminal mərhələsində həkimlər, ölümünə yarım ildən az müddət qalmış insanlara ölümə səbəb olacaq güclü preparat dozaları təyin edə biləcəklər.

Həkimlər tənəffüs borusu yeridilməsi əməliyyatı zamanı Stiven Hokinqin də intihar etmək arzusu olduğunu qeyd edirlər.

Həmçinin oxuyun:

Stiven Hokinq sağala bilər
Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Hokinq sayəsində öyrəndiklərimiz
daha ətraflı...

July 17, 2014

Ən böyük dördqanadlı lələkli dinozavra aid qalıqlar tapıldı

Alimlər Çin ərazisində ən böyük dördqanadlı lələkli dinozavr növünə aid fosilləşmiş qalıqlar aşkar etməyə nail olublar. Növ dörd qanadı ilə yanaşı həm də uzun quyruq lələklərinə sahib olub.

Changyuraptor yangi adı verilmiş yeni lələkli dinozavr növü uçmağı kifayət qədər yaxşı bacaran yırtıcı idi. Təbaşir dövründə mövcud olmuş canlı Çinin indiki Lyaonin vilayətində yaşayıb. Təxminən 30 sm uzunluğa malik quyruq lələkləri ornitopodlara aid olmayan bütün dinozavrlar arasında ən uzunu hesab edilir. Mütəxəssislər qeyri-adi lələkləri sayəsində çoxqanadlı dinozavrın uçuşda yavaşlaya bilmək və yerə təhlükəsiz eniş etmək üstünlüyü əldə etdiyini qeyd edirlər.

Changyuraptor yangi erkən lələklilərə aid yeni mikroraptor qrupu növüdür. Bu qədim sürünənlər üzərində aparılacaq araşdırmalar uçuş kimi bir fenomenin necə formalaşdığına aydınlıq gətirməklə qalmayıb, həm də lələkli dinozavrlardan quşlara təkamül zəncirini bərpa edəcək. Fosillər Çinin Bohai Universitetindən olan alimlər və onların ABŞ-ın Los-Anceles ətrafı Təbiət Tarixi Muzeyindən olan həmkarları tərəfindən aşkar edilib.

Burun ucundan quyruq sonuna qədər 132 sm uzunluq təşkil edən canlı arxeoloqların indiyəcən rast gəldiyi ən böyük dördqanadlı dinozavrdır. Müasir qartal və albatros kimi quşlardan daha böyük ölçülərə malikdir.

Yeni dinozavrın arxa üzvlərindəki lələklər qeyri-adi şəkildə uzundur, bu da, alimlərin dediyinə görə, onların uçuşda vacib rola malik olduğundan xəbər verir. Əldə edilmiş nəticələrə əsasən, qədim dino-quş uzun quyruğunu isə öz ağırlığını kompensasiya etmək və uçuşunu stabilləşdirmək üçün istifadə edirdi.

Həmçinin oxuyun:

Yer tarixinin ən böyük quşu tapıldı
Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?
Dimdik uçuş üçün deyil, qidalanmaq üçün idi
daha ətraflı...

July 16, 2014

20 il sonra yadplanetlilərlə ilk əlaqə yaradılacaq

Tarix ərzində insan göylərdə yaşayan "sehrli varlıqlarla" əlaqə yaratmağa çalışıb. İlk əvvəl tanrı və mələk, zamanla isə yadplanetli anlayışı formalaşıb. Elmin təmin etdiyi faktlarla onların da bizim kimi həyata əlverişli planetə, oksigenə, suya möhtac ola və texnoloji səviyyədə bizdən dəfələrlə üstün ola biləcəklərinə əmin olmuşuq.

NASA mütəxəssisləri verdikləri son sensasion açıqlamada Yer sakinlərinin çoxdan gözlədiyi yadplanetlilərlə əlaqə yaradılmasının cəmi iki onillik, yəni 20 il sonra sonra baş tuta biləcəyini bildiriblər.

Amerika Kosmik Agentliyi və Masaçusets Texnologiya İnstitutundan olan Sara Ziger 2035-ci ilədək yadplanetli sivilizasiyalarla əlaqə qurulacağına şübhə etmir. Alim qeyd edir ki, tezliklə elmi və texnoloji inkişafın qazandırdığı imkanlarla hansı ulduzlar ətrafında Yerə oxşar planetlərin mövcud olduğunu dəqiq və rahatlıqla anlayacağıq.

Yadplanetli sivilizasiyalardan yayılmış ola biləcək siqnalların qeydə alınması ilə aktiv olaraq məşğul olan Yerdənkənar Sivilizasiyaların Axtarışı üzrə Tədqiqat Mərkəzi (SETI) nümayəndələri yeni nəsil güclü teleskoplar və informasiya bərpası alqoritmi kimi üstünlüklərlə yaxın perspektivdə əsrlərdir qaranlıq qalmış bu sualın cavablandırılacağına ümid edirlər.

Həmçinin oxuyun:

Əlaqənin çətinlikləri
Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik
Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı
daha ətraflı...

July 15, 2014

"Bəs yatmasaq necə olar?"

Sutkada 6-8 saat yuxu yatırsınızsa hansı xəstəliklərə meylli ola və neçə illik ömür yaşaya bilərsiniz? 10 saat yatsaz necə? Bəs 11 sutka oyaq qalsaz vəziyyətiniz necə olar?

Qəribə səslənsə də yuxunun nə səbəbləri, nə də təkamül mənşəyi elmə praktiki olaraq məlum deyil. Axı təbiət nöqteyi-nəzərindən yuxunu əlverişli və məqsədəuyğun hesab etmək doğru deyil. Əgər insan və ya bir heyvan yuxuya dalırsa şüuru bir neçə saatlığına sönmüş olur. Belə vəziyyətdə canlının yırtıcılara qurban olma şansı bir neçə dəfə artır.

Bununla belə alimlər səbəbləri olmasa da, yuxunun əlverişlilikdəki bəzi qanunauyğunluqlarını aşkar etməyə nail olublar. Məsələn, məlum olub ki 6-8 saat yuxu yatan yetkin insanlara uzunömürlülük xarakterikdir. Yuxu azlığı isə əksinə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmçinin sadalanan xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

Bəs heç yatmasaq nə olar? İlk yuxusuz gecədən sonra insan beynində mezolimbik sistem aktivləşərək, qana dofamin atır. Bu təsirin nəticəsi olaraq insan daha enerjili, pozitiv və seks planında aktiv olur. Yaxşıdır, elə deyil? Tələsməyin, ən pisi qabaqdadır. İlk öncə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar deaktivləşir. Özünüidarə zəifləyir. Yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşlayır və ətraf aləmi dərk etmə funksiyaları azalır.


İkinci yuxusuz gecədən sonra insan orqanizmində qlükoza mübadiləsi və immum sistemi fəaliyyəti pozulmağa başlayır. Yuxusuz qalmış üçüncü gecədən sonra isə ilk hallüsinasiyalar meydana gələ bilər.

Elmi təcrübə çərçivəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam etdirilib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Soruşa bilərsiniz ki, bu prosesdə alimlər nəyi aydınlaşdırmağa nail olublar. Nəticələr gözlənilməz olub: 11 yuxusuz gecə keçirmiş insanda dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərki çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməyə davam edib - nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixiki pozulmalar meydana gəlib. Lakin qeyd etmək lazımdır ki, təcrübə elə bu mərhələdəcə dayandırılıb. Bu səbəbdən yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz.

Siçanlar üzərində aparılmış sınaqlar göstərmişdi ki, iki həftəlik yuxu məhdudiyyəti bu heyvanlarda ölümlə nəticələnir. Amma ölümün səbəbinin yuxusuzluq olduğuna da tam əmin olmaq "elmi" deyil, çünki orqanizmin dayanması davamlı ayıltmalarla əlaqəli ola bilər. Bəlkə də bu problemin həlli fatal ailə yuxusuzluğu tədqiqatlarından sonra aydın olacaq. Bu, beynin elə bir nadir genetik xəstəliyidir ki, insan davamlı və daha ağır yuxu pozğunluqlarından əziyyət çəkir. Bu xəstəliyə yoluxduqda faktiki olaraq insan yuxusuzluqdan əziyyət çəkir, hansı ki ilk öncə hallüsinasiyalara, daha sonra isə psixiki pozuntulara gətirib çıxarır, məntiqi son isə ölüm olur. Belə yuxusuzluq formasından əziyyət çəkmiş insanların sayı yüzdən artıq olmasa da, xəstəlik müşahidə edildikdən sonra orta ömür müddəti 18 ayı aşmır. Dəhşətli yuxusuzluq xəstəliyi proqressivləşdikcə daxili orqanlar ard-arda sıradan çıxır. Başqa deyimlə lazımi miqdarda yuxu almamaq tez ölümə bərabər olmasa da, yuxusuzluğun davam etdirilməsi orqanizmə mənfi təsir göstərə və bu da sonda ölümcül nəticələr doğura bilər.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Yuxularımıza necə nəzarət edə bilərik?
İlk dəfə insanın şüuru "söndürüldü"
IQ və yuxu əlaqəsi
daha ətraflı...

July 14, 2014

Yer tarixinin ən böyük quşu tapıldı

Alimlər 1983-cü ildə aşkar edilmiş qalıqları araşdıraraq onların Yer tarixində mövcud olmuş ən böyük quşa aid olduğu qənaətinə gəliblər. Quş yeni Pelagornis sandersi növünə aid edilib.

Uçan dəniz quşunun qanadlarının açılması 6-7,5 metr təşkil edirdi, bu da müasir Yerin ən uzun qanadlı quşu olan albatrosdakından 2 dəfə uzundur.

Mütəxəssislər bu quş növünün paleogen dövründə meydana çıxdığı, təxminən 4 milyon il əvvəl isə nəslinin kəsildiyi qənaətindədirlər. Quş havada rahat uça bilsə də, bədən və qanad ölçülərinin uçuşda və enişdə maneələr törətdiyi istisna olunmur.

Flight 1.25 proqramlı kompüter modeli növün çəkisi, forması və qanad strukturu xüsusiyyətləri nəticələri əsasında P. sandersi-nin böyük ehtimalla uçuşa cəhd etdikdə qanadlarından faydalanmadığını göstərib: uçmaq üçün bu quş, eynən deltaplaneristlər kimi qaçaraq hündür sıldırım qayalardan tullanırdı. Ardından isə hava axınları köməyilə irəliyə istiqamətlənirdi.

Bununla yanaşı alimlər növün suda uçuşa cəhd edə bilmədiyini qeyd edirlər. Bu səbəbdən dəniz quşu qida axtarışına çıxdıqda suya sürətli eniş etməyib, su səthindəki balıq və kalmarları ələ keçirərək yoluna davam edirdi.

Həmçinin oxuyun:

Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?
Ən qədim pterodaktil tapıldı
Quşların qanadlarının təkamülü aydınlaşdırıldı
daha ətraflı...

Minikompüter yaddaş pozğunluğunu müalicə edəcək

Livermor Milli Laboratoriyası insan beyninə implantasiya edildikdə yaddaşı bərpa edən minikompüter hazırlayacağına dair kontrakt bağlayıb. Laboratoriya mütəxəssisləri unikal münüatür kompüter qurğusunu hazırlamaq üçün artıq maliyyə dəstəyi alıblar.

Minikompüter insan beyninə köçürüldükdə xəstəliklər və travmalar səbəbindən zədələnmiş neyron şəbəkələrini bərpa edərək, yaddaş pozğunluğunu tamamilə aradan qaldıracaq.

Livermor Laboratoriyası biomühəndislik mərkəzinin müdiri Satinderpall Pannu qrupunda yer alan tərcübəli mütəxəssislərin belə bir qurğunu 4 ilə yarada və kliniki təcrübələr üçün hazır vəziyyətə gətirə biləcəyini bildirir. Bunun üçün isə amerikalı alimlər ilk öncə kiçik kompüter modellərini inkişaf etdirmək məcburiyyətindədirlər. İstehsal ediləcək implantat gələcəkdə yaddaş pozğunluğu ilə yanaşı həm də Altshaymer və ağır depressiya kimi xəstəliklərin doğurduğu nevroloji problemləri olan xəstələrin müalicəsində istifadə edilə bilər.

Statistikaya əsasən 270 000-dən çox ABŞ silahlı qüvvə iştirakçısı Yaxın Şərqdəki əməliyyatlar zamanı beyin travması alıb. 1,7 milyon amerikalı isə travma və nevroloji xəstəliklərin səbəb olduğu yaddaş pozğunluğundan əziyyər çəkir.

Həmçinin oxuyun:

Həbləri ataraq biliklərə yiyələnəcəyik
daha ətraflı...

Həbləri ataraq biliklərə yiyələnəcəyik

MIT Media Laboratoriyasının təsisçisi, ixtiraçı və futurist Nikolas Neqroponte çox yaxın gələcəkdə insanların "ağıllı həbləri" ataraq istədikləri dilə və ya biliyə yiyələnə biləcəkləri ilə bağlı proqnoz verib.

TED-konfrans zamanı məşhur ixtiraçı və futurist ilk öncə sonradan həyata keçmiş bütün texnoloji proqnozlarını xatırladıb. Ardından isə yeni proqnozunu irəli sürüb: növbəti 30 il ərzində insanlar həqiqi mənada "informasiyanı uda biləcəklər".

Futurist bildirir ki, biokimyəvi örtüklərə qablaşdırılmış informasiyalar qan damarları ilə beyinə ötürülərək, yaddaşa nəzarət edən nahiyyələrə paylanacaq.

"Təsəvvür edin ki, həbləri atır və ingiliscə danışmağa başlayırsınız. Və ya bircə həb sizin Şekspiri başdan sonra kimi əzbər bilməyinizi təmin edir", - Neqroponte qeyd edir.

Neqropontenin yeni proqnozu kütlə tərəfindən heyranlıqla qarşılanıb. Buna baxmayaraq ideyanın realizasiyası məhsulları ilə böyük ehtimalla artıq növbəti nəsillər faydalanacaq. Belə bir prosedurun dəqiq texnologiyası ciddi şübhələr doğursa da, mütəxəssislər MIT Media Laboratoriyası təsisçisinin ideyasına laqeyd yanaşmamağın lazım olduğunu deyirlər.

Həmçinin oxuyun:

"Emosional" robot təqdim edildi
Yaponiya kosmosdan enerji əldə edəcək
"Genetik GPS" hazırlandı
daha ətraflı...

July 9, 2014

İbtidai cinsi bölünmə geni aşkar edildi

Alimlər yosunlarda canlı orqanizmləri erkək və dişi cinslərinə bölən ibtidai geni aşkar etməyə nail olublar. Məlum olub ki, çoxhüceyrəli yosunların cinsini müəyyən edən yeganə gen cinsi bölünməyə sahib olmayan təkhüceyrəli yosunlarda tapılmış daha primitiv versiyadan inkişaf edib.

Vaşinqton Universitetindən olan təkamülçü bioloq Ceyms Yumen qeyd edir ki, çoxhüceyrəli orqanizmdə erkək və dişi cinsləri təkhüceyrəli analoqlarındaki iki fərqli tipdən təkmilləşib. Lakin belə bir hipotezi təsdiq etmək heç də asan deyil, çünki heyvanlar və bitkilərin cinsləri yarım milyard ildən bir qədər artıq müddət əvvəl bölünüb və cinslərin delimitasiya izləri qorunmayıb.

Xoşbəxtlikdən Volvox carteri növündən olan çoxhüceyrəli yosunlar mövcuddur, hansıların ki erkək və dişi fərdləri təkhüceyrəli əcdadları olan Chlamydomonas reinhardtii-dən cəmi 200 milyon il əvvəl bölünüb.

Alimlər MID deyə işarə edilən bir geni diqqət mərkəzində saxlayıblar, hansı ki C. reinhardtii növünün "plyus" tipli cütləşməsində iştirak edir, "minus" tiplidə isə etmir. V. carteri növünün dişilərindən fərqli olaraq, erkək fərdlərində də həmçinin MID versiyası var.

Mütəxəssislər nəticələri genetik sekvensiyalardaki (ardıcıllıqlar) cüzi fərqliliklər üzərində toplayaraq MID-genin C. reinhardtii-dən qaynaqlandığını aydınlaşdırdılar. Onlar, MID-i V. carteri dişisinin orqanizminə yeritdikdən sonra, dişinin cinsi hüceyrələrinin bu prosesdə "erkəkləşdiyini" aşkar etdilər.

"Faktiki olaraq bircə geni manipulə edərək orqanizmin cinsini dəyişdirməyə nail olduq", - Yumen deyir.

Həmçinin oxuyun:

Cinsi seçmə
Çoxhüceyrəlilər inkişaf üçün oksigenə ehtiyac duymurdu
Təkamül nəzəriyyəsinə əlavələr edilə bilər
daha ətraflı...

July 8, 2014

İki ulduzlu sistemlərdə həyat ehtimalı yüksəkdir

Astronomlar Yerdən 3000 işıq ili uzaqlıqda yerləşən unikal ekzoplaneti aşkar etməyə nail olublar: səma cismi böyük ehtimalla superyer kateqoriyasına aiddir və iki ulduzlu sistemin bir ulduzu ətrafında dövr edir. Yerdən təxminən 2 dəfə ağır olan ekzoplanet öz ulduzlarından Yerin Günəş arasındaki məsafəsi qədər uzaqlıqdadır.

Lakin planetdə həyatın yaranmasını dəstəkləməyən amillər gözə dəyir - ulduzları qırmızı cırtdanlara aiddir və Günəşdən dəfələrlə soyuqdur. Bu isə planetin qayalıq səthi temperaturunun təxminən Yupiterin peyki Europadaki kimi -200 dərəcə Selsi olduğundan xəbər verir.

Başda Oqayo Universitetindən olan Endrü Quld olmaqla, dörd beynəlxalq tədqiqatçı qrupun müşahidə və hesablama nəticələri Yerə oxşar planetlərin iki ulduzlu sistemlərdə 1 astronomik vahid məsafəsində dövr edə biləcəyini sübut edir. Tapılmış konkret ekzoplanetin soyuq olmasına baxmayaraq, sarı cırtdanlardan olan ikili ulduz sistemlərində dövr edən belə bir cismin həyata əlverişli ola biləcəyi güman edilir.

Bu tapıntı vacib hesab olunmalıdır, çünki qalaktika ulduzlarının yarısından çoxu iki ulduzlu sistemlərdən ibarətdir. Dolayısı ilə yadplanetli həyatını aşkar etmə şansımız xeyli artır.

OGLE-2013-BLG-0341LBb adı ilə etiketlənmiş planetin öz mövcudluğu barədə iki fərqli iz qoyduğu aydınlaşdırılıb. Birincisi, ulduzunun diskindən keçdikdə ulduz işığında qısamüddətli qaranlıq titrəyiş müşahidə edilir. İkincisi isə işıq siqnalının ümumi təhrifinə səbəb olur ki, bu da çox maraqlı bir hadisədir.

"Birinci sübutu fərq etməsəydik belə, işığın təhrifini qeydə alaraq ekzoplaneti yenə tapmış olardıq. Bu effekt gözlə görülmür, lakin informasiyanı kompüter modelinə ötürdükdə hər şey aydın olur", - Quld qeyd edir.

Planetin digər bir qeyri-adiliyi də bundan ibarətdir ki, iki ulduzlu sistemdə yerləşsə də, bunlardan yalnız biri ətrafında uzaq məsafədə dövr edir. Astronomlar planetin daxil olduğu sistemin iki cırtdan ulduzu arasındaki məsafənin Yerlə Günəş arasındaki məsafədən 10-15 dəfə çox olduğu qənaətindədirlər. Qeyd etmək lazımdır ki, indiyəcən əksər astrofiziklər iki ulduzlu sfera şərtlərinin planetlərin formalaşması üçün əlverişsiz olduğunu düşünürdü. Amma yeni tapılmış qayalıq planet hər necə olubsa formalaşa bilib - demək qalaktikanı təmsil edən oxşar planetlərin sayı daha çoxdur.

Alimlər əldə edilmiş nəticələrlə bildirirlər ki, etdikləri kəşf Samanyolu qalaktikasında Günəş sisteminin tipik olmadığını göstərir. Həyat əlamətləri daşıdığı və hələlik digər sistemlərdə yaşayış qeydə alınmadığı üçün Günəş sistemi özünə məxsus şəkildə unikaldır, lakin Yer və Günəş orqanizmlərin yaranması üçün heç də ən optimal mühit hesab olunmamalıdır. Nəzəri olaraq təkcə bizim qalaktikada Yerdəkindən daha əlverişli şərtləri olan daha artıq planet mövcud ola bilər.

Həmçinin oxuyun:

"Sinxron" planetlərin qaranlıq üzündə həyat ola bilər
Kapteyn ulduz sistemindən iki yeni ekzoplanet
Həyat zonasında yerləşən daha 3 "superyer" tapıldı
daha ətraflı...

Daun sindromlu ən qədim insana aid skelet aşkar edildi

Fransada 1500 il əvvəl ölmüş ən qədim Daun sindromlu insana aid skelet tapılıb. Elmə məlum belə tapıntılar arasında bu nümunə ən qədimi hesab olunur. Skelet Sona çayı üzərində yerləşən Şalon-sür-Son (Chalon-sur-Saône) şəhərində aşkar edilib.

Şəhərdə yerləşən erkən orta əsr qəbristanlığında arxeoloqlar ümumilikdə 94 insan qalığına rast gəlib, hansıların ki arasında 1500 il əvvəl ölmüş uşaq skeleti də olub. Alimlər burada braxisefaliya izlərini ayırd etməyə və uşağın nazik kəllə sümüklərini qeydə almağa nail olublar.

Braxisefaliya (qısabaşlılıq) - başın uzunluğu və eninin elə nisbətidir ki, en uzunluğun 80,9%-dən artığını təşkil edir. Braxisefallara ənənəvi olaraq baltidlər, alpinidlər, armenoidlər və monqoloidlər aid edilir.

Bordo Universitetindən olan arxeoloq Maite Rivolun sözlərinə görə, oxşar anatomik cizgilər Daun sindromuna xarakterikdir. Daun sindromu - genom patologiyası formalarından biridir, hansında ki adətən kariotip normal olan 46 xromosom əvəzinə 47 xromosomla təmsil olunur. Bu belə izah olunur ki, 21-ci cütlüyün xromosomları 2 yox 3 kopiyayla təmsil olunurlar. Sindrom ingilis həkimi Con Daunun xəstəliyi ilk dəfə izah etdiyinə görə 1866-cı ildə onun şərəfinə adlandırılıb.

Uşaq, digər bütün şəhər sakinləri kimi beli üstə, başı qərbə doğru basdırılmışdı. Rivol hesab edir ki, o dövrdə belə xəstəlikləri olan uşaqlara sindromdan əziyyət çəkməyən digərləri ilə eyni münasibət göstərilirdi.

Həmçinin oxuyun:

Tapılmış çənə sümüyü fosili məməlilərin mənşəyinə işıq tutur
Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur
Bala dinozavr fosili tapıldı
daha ətraflı...

July 7, 2014

İlk dəfə insanın şüuru "söndürüldü"

Alimlər ilk dəfə beynin müəyyən bir nahiyyəsinə cərəyanla təsir göstərərək insanın şüurunu "söndürməyə" nail olublar. Epilepsiyadan əziyyət çəkən qadın üzərində aparılan təcrübə insan şüurunun harada gizləndiyini aşkar edir. Beləliklə insan beyninin sirlərini açığa çıxarmaq üçün çalışan neyrofizioloqlar əsas suallardan birini cavanlandırmağa çox yaxınlaşıblar: insanın şüurunu necə söndürmək olar?

Beynin müxtəlif hissələri üzərində blok və stimulyasiya təcrübələri artıq uzun illərdir ki aparılır, lakin indiyəcən heç bir alim lazımlı bölgəyə təsir göstərərək şüuru süni olaraq söndürməyi bacarmamışdı. On il əvvəl şüurun funksionallığı üçün cavabdeh olan hissənin klaustrum adlanan kiçik beyin bölgəsi olduğu irəli sürülmüşdü.

Bu bölgənin şüurun vəzifəsində rol oynadığını ilk olaraq neyrofizioloqlar Frensis Krik və Kristof Kox iddia etmişdi. Onlar, bu orqanın bizim bütün daxili və xarici duyğularımızı birləşdirdiyini hesab edirdilər. Alimlərin bu versiyasının doğruluğunu sağalmaz epilepsiya formasından əziyyət çəkən 54 yaşlı qadın üzərində aparılmış təcrübə sübut etdi.

Vaşinqton Universitetindən olan Muhamməd Kubeysi qadının beyninə kiçik elektrodlar taxaraq, onun qıc olmalarının haradan qaynaqlandığını anlamağa çalışıb. Bu elektrodlardan biri klaustrum adlanan hissənin yanına yerləşdirilmişdi. Kubeysi elektroda yüksək frekanslı cərəyan verdikdə qadın həqiqi mənada "söndü". Kənar təsir aradan qaldırıldıqda isə qadın özünə gələrək, heç bir şeyi xatırlamadığını dedi. Alim belə halların hər 10 "sönmədən" bir baş verdiyini bildirir.

Lakin bu hələ son deyil. Cərəyan təsirinin nitq pozğunluğu (afaziya) və ya süni iflicə səbəb olmadığına, sadəcə şüuru söndürdüyünə əmin olmaq üçün cərəyan verildikdən əvvəl qadından eyni sözü təkralamasını və barmaqlarını tərpətməsini xahiş ediblər. Əgər bu stimulyasiya hərəkət və nitqə nəzarət edən beyin hissəsini iflic etsəydi qadın dərhal dayanmalı və susmalı idi. Lakin təcrübədə qadının nitqi və hərəkəti sadəcə yavaşladı. Kubeysi təcrübəsinin insan şüurunun əsasən klaustrumdan qaynaqlandığını sübut etdiyinə əmindir.

"Mən bunu maşının hərəkəti ilə müqayisə edərdim. Onun yolda hərəkətinə bir çox şey cavabdehdir: benzin, transmissiya, mühərrik. Lakin cəmi bir işə salma açarı var, hansı ki onunla maşını hərəkətə gətiririk. Şüur, bir çox struktur və şəbəkələrin təmin etdiyi mürəkkəb proses olsa da, biz, onun anlaşılmaz açaranı tapdıq", - doktor Kubeysi qeyd edir.

Həmçinin oxuyun:

İradə azadlığı illüziyadır?
Hüceyrə səviyyəsində yaddaş necə formalaşır?
İnsanı heyvanlardan fərqləndirən beyin nahiyyəsi tapıldı
daha ətraflı...

Bitkilər sizi eşidir

Missuri Universitetindən olan alimlər vegetarianların narazı qalacağı nəticələr əldə ediblər: bitkilər eşidə bilirlər. Sözsüz ki eşitmə mexanizmləri insanlardakından kəskin dərəcədə fərqlənsə də, misal üçün, tırtıllar onları yedikdə eşidir və müdafiə olunmaq üçün daha artıq xardal yağı buraxaraq reaksiya verirlər. Xardal yağı bitkini tırtıl üçün bir qədər dadsız edir.

Tədqiqatda alimlər arabidopsis yarpaqları üzərinə tırtıl yerləşdirərək, bitkinin çıxardığı xardal yağı miqdarını hesablayıblar. Məlum olub ki, tırtıl peyda olduqda buraxılan yağın miqdarı sürətlə artır.

Məhz bu amil bitkilərin səsləri ayırd edə bildiyini göstərir. Məsələn, onlar küləyin hənirtisini eşidə bilir, amma bu vaxt xardal yağı istehsalı miqdarını artırmırlar. Bundan başqa bitkilərin akustik enerji və musiqiyə reaksiya verə bildiklərini deməyə əsas yaradan tədqiqatlar da var.

Bu o deməkdir ki, salat, tərəvəzlər və digər bitki mənşəli məhsulları yedikdə onların hər şeyi eşidə bildiklərini unutmamaq lazımdır. Yeri gəlmişkən, Bonndan olan alimlər hətta bitkilərin hücuma məruz qaldıqda etilen qazı buraxaraq danışa bildiklərini iddia edirlər. Bitkilərə hücum edilən mühitdə yüksək həssaslığa malik mikrofonlar tərəfindən zəif lıqqıltıya bənzər səslər qeydə alınıb, hansılar ki getdikcə daha da güclənərək sanki şiddətli fəryadı xatırladıb.

Həmçinin oxuyun:

Yeni fotosintez üsulu
NASA Ayda bitkilər yetişdirəcək
Bal pətəklərinin sirri açılır
daha ətraflı...

Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?

Nəsli kəsilmiş növlərə aid yenicə tapılmış fosillər üzərində aparılan tədqiqat işləri quşların lələklərini uçuşdan daha əvvəl və uçuş üçün yox, sırf "cazibədarlıq" üçün təkamülləşdirdiklərini təsdiq edib. Analiz nəticələrinə əsasən Yer üzünün ilk quşları, onlara cazibədarlıq qazandıran lələkli "şalvarlara" sahib olub.

Alimlər əvvəlcə uçuş üçün vacib lələk strukturunu araşdırmağa qərar verdilər. Lakin tədqiqatda təkamül tapmacası daha da qəlizləşdi: uçmaq bacarığı yoxsa lələklər - hansı daha əvvəl yaranmışdı? Görünən bu oldu ki, quş lələkləri heç də uçuş optimizasiyası üçün yox, sadəcə cazibədarlıq atributu kimi formalaşıb.

Arxeopteriks Yura dövrünün sonlarında, təxminən 150 milyon il əvvəl yaşayıb. Bu dövr uçan dinozavrlardan quşlara təkamül keçidini əhatə edir. Daha əvvəl tapılmış qalıqlarla arxeopterikslərin bir çox xüsusiyyəti öyrənilsə də, əsasən dağılmış qalıqlar səbəbindən bəzi sirlər aydınlaşdırıla bilinmirdi. Alimlərin bu mövzuda əsas mübahisə obyekti lələklər idi: bəziləri onların qədim quşlarda aerodinamikliyi artırdığını iddia edirdi, digərləri isə lələkləri cinsi seçmə nəticəsində təkamülləşmiş əks cinsdən olan fərdləri cəlb etmə xüsusiyyəti kimi dəyərləndirirdi. Bir müddət sonra fosillərdən arxa üzvlərin də lələklərə sahib olduğu məlum oldu, bu da arxeopteriks kimi qədim quşların uçuşda müasirləri kimi iki yox, arxa üzvlərlə birlikdə dörd üzvdən istifadə etdiklərini göstərirdi.


İndi isə Bavariyadan olan alman alimlərdən ibarət tədqiqatçı qrup, başda Oliver Rauhut olmaqla, yaxşı vəziyyətdə qorunub qalmış arxeopteriks fosilini araşdıraraq heyvanın müxtəlif bədən hissələrini örtən fərqli lələk tiplərini aşkar edib. Məlum olub ki, uçuş üçün istifadə edilən aerodinamik lələklər asimmetrikdir - bir tərəfdən dar, digər tərəfdən isə geniş.

Quyruq lələkləri daha böyük idi - 9,9-11,4 sm arası. Bu lələklər də həmçinin asimmetrik idi, bu da onların əlavə aerodinamiklik funksiyasını yerinə yetirdiyini və heyvanın qalxış gücünü artırmaq üçün istifadə edildiyini sübut edir.


"Arxeopterikslərin dördqanadlı süzülüşünün qanadları çırparaq uçuşdan daha əvvəl meydana gəldiyi nəzəriyyəsi ilə tapıntımız ziddiyyət təşkil edir", - Oliver Rauhut qeyd edir.

Rauhut və həmkarları digər qədim uçan növlərin də lələk quruluşunu analiz ediblər. Nəticədə lələklərin müxtəlif bədən hissələrində fərqli vəzifələr yerinə yetirdiyi aydın olub: uçuşda manevr, maskalanma, cinsi cəlbetmə və s.

Hələlik mütəxəssislər arxeopteriksin lələkli "şalvarının" cazibədarlıq atributu olduğu və cütləşmə prosesində rol oynadığı fikrində qalıblar. Elə ya da belə, lələk və uçuş bacarığı təkamülü çox çətin və mərhələlərlə baş verib. Paleontoloqlar bundan sonra da araşdırmaların davam etdiriləcəyini bildirirlər.

Həmçinin oxuyun:

Yeni dinozavr növünə "Pinokyo" ləqəbi verildi
Ən qədim pterodaktil tapıldı

Quşların qanadlarının təkamülü aydınlaşdırıldı
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top