July 7, 2014

Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?

Nəsli kəsilmiş növlərə aid yenicə tapılmış fosillər üzərində aparılan tədqiqat işləri quşların lələklərini uçuşdan daha əvvəl və uçuş üçün yox, sırf "cazibədarlıq" üçün təkamülləşdirdiklərini təsdiq edib. Analiz nəticələrinə əsasən Yer üzünün ilk quşları, onlara cazibədarlıq qazandıran lələkli "şalvarlara" sahib olub.

Alimlər əvvəlcə uçuş üçün vacib lələk strukturunu araşdırmağa qərar verdilər. Lakin tədqiqatda təkamül tapmacası daha da qəlizləşdi: uçmaq bacarığı yoxsa lələklər - hansı daha əvvəl yaranmışdı? Görünən bu oldu ki, quş lələkləri heç də uçuş optimizasiyası üçün yox, sadəcə cazibədarlıq atributu kimi formalaşıb.

Arxeopteriks Yura dövrünün sonlarında, təxminən 150 milyon il əvvəl yaşayıb. Bu dövr uçan dinozavrlardan quşlara təkamül keçidini əhatə edir. Daha əvvəl tapılmış qalıqlarla arxeopterikslərin bir çox xüsusiyyəti öyrənilsə də, əsasən dağılmış qalıqlar səbəbindən bəzi sirlər aydınlaşdırıla bilinmirdi. Alimlərin bu mövzuda əsas mübahisə obyekti lələklər idi: bəziləri onların qədim quşlarda aerodinamikliyi artırdığını iddia edirdi, digərləri isə lələkləri cinsi seçmə nəticəsində təkamülləşmiş əks cinsdən olan fərdləri cəlb etmə xüsusiyyəti kimi dəyərləndirirdi. Bir müddət sonra fosillərdən arxa üzvlərin də lələklərə sahib olduğu məlum oldu, bu da arxeopteriks kimi qədim quşların uçuşda müasirləri kimi iki yox, arxa üzvlərlə birlikdə dörd üzvdən istifadə etdiklərini göstərirdi.


İndi isə Bavariyadan olan alman alimlərdən ibarət tədqiqatçı qrup, başda Oliver Rauhut olmaqla, yaxşı vəziyyətdə qorunub qalmış arxeopteriks fosilini araşdıraraq heyvanın müxtəlif bədən hissələrini örtən fərqli lələk tiplərini aşkar edib. Məlum olub ki, uçuş üçün istifadə edilən aerodinamik lələklər asimmetrikdir - bir tərəfdən dar, digər tərəfdən isə geniş.

Quyruq lələkləri daha böyük idi - 9,9-11,4 sm arası. Bu lələklər də həmçinin asimmetrik idi, bu da onların əlavə aerodinamiklik funksiyasını yerinə yetirdiyini və heyvanın qalxış gücünü artırmaq üçün istifadə edildiyini sübut edir.


"Arxeopterikslərin dördqanadlı süzülüşünün qanadları çırparaq uçuşdan daha əvvəl meydana gəldiyi nəzəriyyəsi ilə tapıntımız ziddiyyət təşkil edir", - Oliver Rauhut qeyd edir.

Rauhut və həmkarları digər qədim uçan növlərin də lələk quruluşunu analiz ediblər. Nəticədə lələklərin müxtəlif bədən hissələrində fərqli vəzifələr yerinə yetirdiyi aydın olub: uçuşda manevr, maskalanma, cinsi cəlbetmə və s.

Hələlik mütəxəssislər arxeopteriksin lələkli "şalvarının" cazibədarlıq atributu olduğu və cütləşmə prosesində rol oynadığı fikrində qalıblar. Elə ya da belə, lələk və uçuş bacarığı təkamülü çox çətin və mərhələlərlə baş verib. Paleontoloqlar bundan sonra da araşdırmaların davam etdiriləcəyini bildirirlər.

Həmçinin oxuyun:

Yeni dinozavr növünə "Pinokyo" ləqəbi verildi
Ən qədim pterodaktil tapıldı

Quşların qanadlarının təkamülü aydınlaşdırıldı
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top