January 3, 2014

İlk ekzopeyk tapılmış ola bilər

Günəş sistemindən kənar minlərlə planetlərin tapılmış olduğuna baxmayaraq onların peyklərini qeydə almaq indiyə qədər mümkün olmamışdır. Astrofiziklər ilk dəfə yad sistem peykinə bu qədər yaxınlaşmış ola biləcəklərini qeyd edirlər.

23 dekabr 2013 tarixində Nature jurnalında yayımlanan xəbərə görə ilk ekzopeyk hesab edilə biləcək obyekt qravitasion mikrolinza texnikası ilə tapıldı. Notre Dame du Lac Universitetindən (ABŞ) olan tədqiqatçılar - David Bennett və həmkarları ilk mokrolinza effektinin 2011-ci ildə qeydə alındığını deyirlər. O vaxt Yerdən 2.000 işıq ili uzaqlıqda yerləşən bir ulduz sistemini müşahidə edərkən parlaqlığın kifayət qədər artdığı fərq edilmişdi, bir saat sonra isə daha bir parlaqlıq qeydə alınmışdı. Astronomlar izlənilən ulduzun diskindən iki ağır kütləli obyektin keçdiyi qənaətinə gəlmişdilər. Böyük ehtimalla bunlar ekzoplanet və onun ekzopeyki idi.

Bennett və həmkarları belə cütlüklərin aşkar edilməsi üçün iki fərqli ssenari hazırladılar. Birinci variantda Günəş sisteminə nisbətən yaxın hərəkət edən ekzoplanet və onun peyki öyrənildi. Belə olduqda ekzoplanet Yerdən 1.800 işıq ili uzaqlıqda yerləşməlidir, kütləsi isə Yupiterinkindən 4 dəfə artıq olmalıdır. Ekzoplanetin peykinin ağırlığı isə Yerin yarısına bərabər olmalıdır.

İkincisi variant Neptunun kütləsinə (17 Yer ağırlığında) bərabər olan palıdı rəngdəki cırtdan planetin ətrafında peyk aşkar etmə versiyasını təklif edir. Belə halda isə təbii peyki ilə birlikdə ekzoplanet Yerdən daha uzaq məsafədə yerləşməlidir.

Alimlər tapılmış ekzoplanetlərlə ekzopeykləri elm ictimaiyyətinə açıqlamağa hələlik tələsmirlər. Planet və peyklərin bir-birlərindən çox uzaq məsafələrdə yer aldıqları faktı (20 milyon km), üstəlik onların öz ulduzları ilə arasındaki məsafənin də çox olması başqa bir ehtimalı önə çıxarır: ekzopeykləri olan ekzoplanetlər bəlkə də planet sistemlərindən atılmış və kosmosda azmış obyektlərdir.

Hər halda müasir üsullarla ilk ekzopeykin varlığını təsdiq etmək qeyri-mümkün görünür. Bu sahədə alimlər daha çox Yerə oxşar planetləri tapmağa səy göstərdiklərini gizlətmirlər.

Qaynaq: Nature , ISC
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top