January 2, 2014

Yerə oxşar planetdə buludların olduğu təsdiq edildi

"Hubble" teleskopu və digər rəsədxanalar amerikalı planetoloqlara GJ 1214b adlı "superyer" ekzoplanetində buludların olduğunun təsdiq edilməsinə yardım etdi. Ekzoplanet 2009-cu ilin dekabr ayında tapılmışdı. Tədqiqatın nəticələri 31 dekabr 2013 tarixində Nature jurnalında yayımlanan məqalədə dərc edildi.

Bu gün qalaktikamızda təxminən min qədər ekzoplanetin mövcud olduğunu bilirik. Bu planetlərin böyük əksəriyyəti yüksək temperaturlu qaz nəhənglərindən ibarət olan "istiyupiterlər" qrupuna aiddir. Son bir neçə il ərzində alimlər "Hubble", VLT və "Subaru" teleskopları köməyi ilə həmin planetlərdən bir çoxunun görünüşlərini fotoşəkil olaraq əldə etməyə nail olmuşdular. Bununla belə Günəş sistemindən kənar qaz nəhəngləri olan bir neçə planetdə buludlara rast gəlinmişdi.

Chicago Universitetindən (ABŞ) olan Laura Kreidberg və həmkarları ilk dəfə Yerə oxşar planet olan, "superyerlər" qrupunda yer alan GJ 1214b ekzoplanetinin atmosferini müşahidə edərək orada buludların olduğunu təsdiq etdilər. Bu ekzoplanet alimlərin Günəş sistemindən kənar tapdıqları ilk Yerə oxşar planetlərdən biridir.

Ekzoplanetin "düz" spektri alimlərə hələ əvvəldən orada buludların mövcud olduğunu iddia etmək üçün əsas verirdi. Bu fenomenin alternativ izahı da var - planetoloqların bir hissəsi hesab edir ki, GJ 1214b'nin atmosferində hidrogen yoxdur və əsasən CO2 və su molekullarından təşkil olunub.


Kreidberg'in tədqiqatçı qrupu "Hubble"ın alətləri və rəsədxanaların köməyi ilə GJ 1214b'ni infraqırmızı və optik diapazonlarda izləyərək bu hipotezləri yoxlamaq qərarına gəldi. Spektrin yeni məlumatları və planetin ulduzunun parametrləri GJ 1214b'nin atmosferində karbondioksid və su buxarı kimi ağır qaz molekullarının, demək olar ki, mövcud olmadığını göstərdi.

Alimlərin dediyinə görə əldə olunan fakt ekzoplanetin düz spektrinin meydana gəlməsinin səbəbi kimi yüksək hündürlükdə planeti bürüyən sıx qatlı buludlar olduğu iddiasının irəli sürülməsinə icazə verir. Beləcə Kreidberg və tədqiqatda iştirak edən digər həmkarları Günəş sisteminin xaricində yerləşən Yerə oxşar bir planetdə buludların mövcud olduğunu sübut edən ilk planetoloqlar adını qazanmış oldular.

Qaynaq: Nature , Guardian LV
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top