January 29, 2014

Qalaktikanı tərk edən ulduzlar tapıldı


"Sloan Digital Sky Survey" layihəsinin əldə etdiyi məlumatların analiz işləri nəticəsində yeni hipersürətli ulduz qrupu aşkar olundu. Əvvəlki hipersürətli ulduz tiplərindən fərqli olaraq, 20 Günəş ölçüsündəki ulduzdan ibarət bu qrupun sürət artırmasına səbəb Samanyolunun mərkəzindəki superkütləli qara dəlik və qarşılıqlı təsirlər deyil.

"Tipik hipersürətli ulduzlar daha böyükdür, mavi rəngdədir və uçuşlarını qalaktikanın mərkəzindən başlayırlar. Bizim tapdığımız ulduzlar isə onlarla müqayisədə çox da böyük deyillər və çox maraqlısı budur ki, uçuşları qalaktikanın nüvəsindən başlamayıb", - yeni hipersürətli ulduz qrupunu tapmış astrofiziklərdən biri olan Lauren Palladino deyir.

Qeyd etmək lazımdır ki, qalaktikanı tərk etmək heç də asan deyil: bunun üçün ulduzların güclü kinetik enerjiyə ehtiyacı var. Əgər fırlanan Samanyolu qalaktikasındaki ulduzun orta sürəti saatda 970 min kilometrdirsə, o halda qalaktikanın qollarından qurtulmaq üçün ulduz saatda minimum 1,6 milyon kilometrə qədər sürətini yüksəltməlidir.

Belə sürəti əsasən ikili sistemlərə daxil olmuş və ya qalaktikanın mərkəzindəki superkütləli qara dəliyə çox yaxınlaşmış ulduzlar yığır. Ulduzlardan biri qara dəliyin təsirinə düşdükdə digər ulduz mürəkkəb qarşılıqlı qravitasion təsirlər nəticəsində yüksək sürətlə uzaqlara atılır. Bu gün 18 hipersürətli ulduzlar elm dünyasına məlumdur - onların hər birisi qalaktikanın mərkəzinə yaxın yerdə doğulmuş gənc nəhəng mavi ulduzlardır.

Palladino və həmkarlarının tapdığı yeni hipersürətli ulduzlar isə nə böyük ölçülərə sahibdirlər, nə də gəncdirlər. Alimlər hesab edir ki bu ulduzlar Samanyolunun qızğın nüvəsindən bir qədər uzaqda formalaşmış olmalıdır. Sözsüz ki onlara lazımlı yüksək sürəti verə bilmiş mexanizm də tamamilə fərqlidir. Ulduzların qalaktikanı tərk etməsinə səbəb olan faktorlar dəqiq olaraq məlum deyil. Amma həmin faktorlar nə olursa olsun, qalaktikanın mərkəzindəki superkütləli qara dəliyin gücü ilə müqayisə edilə biləcək bir təsiri olduğu açıq-aşkardır.

Qaynaq: Space
Yazını dostlarla bölüş

1 şərh var:

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top