October 17, 2015

Təkamül Nəzəriyyəsi hər hansı siyasi ideologiya ilə əlaqəlidirmi?


Xeyr, Təkamül Nəzəriyyəsi heç bir siyasi ideologiya ilə bilavasitə əlaqəli deyil. Doğrudur, çox sayda və hətta bir-birinə zidd olan siyasi ideologiyalar Təkamül Nəzəriyyəsindən istifadə edərək elmin bu əhəmiyyətli sahəsinin məlumatlarından faydalanmışdır. Bu ideologiyalar, Təkamül Nəzəriyyəsini özlərinə vasitə olaraq istifadə etmiş və hələ də istifadə etməyə davam etməkdədirlər. Təkamül Nəzəriyyəsi isə, bütün elm sahələri kimi, bu ideologiyaların heç birinə digərlərindən daha yaxın və ya uzaq deyil. Başqa sözlə, digər elmi nəzəriyyələr bu ideologiyalara nə qədər "yaxındırsa" Təkamül Nəzəriyyəsi də bir o qədər "yaxındır"!

Təbiət elmləri və bu elmlər tərəfindən kəşf edilən həqiqətlər, bu həqiqətlərə əsaslanaraq yaradılan nəzəriyyələr, hər hansı bir siyasi ideologiya ilə əlaqədar olaraq bilavasitə nəticə çıxara bilməz; bu düzdür və ya bu səhvdir deyə bilməz. Elmin vəzifəsi həqiqəti ortaya qoymaqdır. Ondan necə istifadə ediləcəyi artıq insanların işidir. İnsanların mənfəətləri və tətbiqlərinə görə elm əsla məsuliyyət daşımır. Çünki biz o tətbiqi etsək də, etməsək də və ya etdiyimiz hər hansı bir tətbiqi bu və ya digər şəkildə etsək də, həqiqət hər zaman "həqiqət" olaraq qalacaqdır. Elm, bizim anlayış, davranış və qabiliyyətlərimizdən qətiyyən asılı deyil. Təkamül də bir təbiət qanunu olması baxımından, onun necə istifadə ediləcəyindən asılı olmayaraq, gələcəyə işıq saçan və təbiətin qəlbində yatan bir həqiqətdir. Bütün digər canlılarla birlikdə insanların da mənşəyinin və saysız xüsusiyyətlərinin necə və hansı səbəbdən o şəkildə olduğuna müvəffəqiyyətlə aydınlıq gətirir. İnsanın yaratdığı siyasi ideologiyaların da öz təbiətini əks etdirdiyi düşünülsə; Təkamül Nəzəriyyəsi daxilində bu ideologiyalara istiqamətli bəzi dəstəkləyici fikirlərin tapılmasında qeyri-adi bir hal yoxdur. Bu, nəzəriyyənin çatışmazlığı, səhvi və ya günahı deyil; tam əksinə, insanın təbiətini müvəffəqiyyətlə açıqlaya bildiyinin parlaq göstəricisidir.

Məsələn Sosial Darvinizm, Çarlz Darvinin təkamül təliminin yaradılmasında bir əsas olaraq istifadə etdiyi "Mühitə uyğunlaşmaqda çətinlik çəkən zəif canlılar müəyyən zaman ərzində öz yerlərini, mühitə daha asan uyğunlaşa bilən daha güclü canlılara verirlər" fikrinin, bəzi mütəfəkkirlər tərəfindən Sosiologiyada arqument olaraq qəbul edilməsiylə doğulmuşdur. Bu sadə həqiqətdən yola çıxan bəzi insanlar öz cəmiyyətləri səviyyəsində bu cümləni əsas götürərək Faşizm, İrqçilik, Millətçilik, Sosial Darvinizm kimi siyasi ideologiyalara, müəyyən dərəcələrdə vasitə olaraq istifadə etmişlər. Eyni fikirdən yola çıxan digər insanlar isə, bunu iqtisadi əlaqələrə də uyğunlaşdıraraq Kapitalizmin bəzi cərəyanlarında olduğu kimi əzən-əzilən qrupları məqbul və normal görən fikirləri dəstəkləmək üçün istifadə etmişlər. Ancaq burada gözdən qaçan (və ya qaçırılan) məqam, Təkamül Nəzəriyyəsinin "ən güclünün həyatda qalması" deyil, "uyğunlaşa bilənin, dəyişməyə ən açıq olanın həyatda qalması" olduğu gerçəyidir. Bu qısa izahatı "güclü" olaraq istifadə edən ilk adam, eyni zamanda Sosial Darvinizmi yaradan Herbert Spencer olmuşdur. Lakin Darvin, israrla doğru fikrin "güclü" deyil, "dəyişməyə açıq və uyğun" olduğunu vurğulamış və bunu əvvəldən müdafiə etmişdir. Hətta öz əmisi oğlu Francis Galtonun Təkamül Nəzəriyyəsinə əsaslanan və yalnız ən sağlam insanların çoxalmasına icazə verilib, digərlərinə mane olaraq daha müvəffəqiyyətli insan cəmiyyətləri yaradılması lazım olduğunu irəli sürən Yevgenika fikirinə də həyatı boyu sərt və qəti şəkildə qarşı çıxmışdır. Belə ki Galton yalnız Darvinin ölümündən sonra bu fikirlərini inkişaf etdirmiş və həyata keçirə bilmişdir.

Təkamül Nəzəriyyəsi yalnız var olma mübarizəsini deyil, eyni zamanda bu mübarizə içərisindəki strategiyaları da araşdırmaqdadır. Bu araşdırmalar göstərir ki, sosial həmrəylik, paylaşma və altruizm kimi insani baxımdan "əxlaqlı" ola biləcək xüsusiyyətlərə sahib olan populyasiyalar; qapalı, fərdçi, təcrid edici strategiyalara sahib populyasiyalara uzun müddətdə hər zaman üstün gəlməkdədir. Bu fikir, asanlıqla Sosial Darvinizmə, Sosializm və Kommunizmə zidd olan ideologiyalara vasitə olaraq istifadə edilə bilər. Təkliyin və qapalılığın qısa müddətdə ən üst səviyyədə fayda təmin edəcək olması Fərdiçilik, Təcridçilik, Pragmatizm, Materializm, Naturalizm kimi düşüncələri və hətta siyasi ideologiyaları dəstəkləməkdə istifadə edilə bilər. Təkamül Nəzəriyyəsinin bir çox digər məzmunu da, bəzi ideologiya və fəlsəfi düşüncələri dəstəkləmək üçün vasitə olaraq görülə bilər.

Göründüyü kimi siyasi ideologiyalar, elmi məlumatları, öz fikir və nəzəriyyələrini dəstəkləmək üçün -normal olaraq- istifadə etməkdədirlər. Təkamül Nəzəriyyəsini istifadə edərək insan əxlaqına zidd, insan haqqlarına qarşı çıxan ideologiyaları müdafiə edən insanları səbəb göstərərək elmi həqiqətlərə göz yummaq və ya onları qaralamaq qətiyyən düzgün deyil. Əhəmiyyətli olan bu ideologiyalarla (əgər ehtiyac olarsa) mübarizə aparılması və ya mümkündürsə daha insani olacaq şəkildə düzəldilməsi, inkişaf etdirilməsi, dəyişdirilməsi və ya tamamilə tərk edilməsidir. Bu ideologiyaların varlığına görə elm heç bir məsuliyyət daşımır və günahkar deyil. Sosial Darvinizmin qurucusu Çarlz Darvin olmadığı kimi, bu təkamül qanunlarının insan cəmiyyətlərinə də tətbiq olunması lazım olduğu və ya tətbiq oluna biləcəyi düşüncəsi də Darvinə aid deyil. Əgər elə olsaydı belə bu vəziyyət, təkamülün bir təbiət qanunu, Təkamül Nəzəriyyəsinin bu təbiət qanununu açıqlayan bir elmi nəzəriyyə olduğu gerçəyini əsla dəyişdirməzdi. Çünki elm adamları ilə bu insanların elmdən kənar mövzulardakı fikirləri, elmin iş metodologiyalarından fərqildir. Əgər ki elm adamı bir nəzəriyyəni öz şəxsi ideologiyalarını dəstəkləmək üçün irəli sürmüş olsa, bu, digər elm adamları tərəfindən çox qısa müddətdə fərq edilər və sıradan çıxar. Çünki elmdə, nəzəriyyəçilərin ideologiyalarına deyil, irəli sürdükləri fikirlərə və onu hansı üsullarla, nə şəkildə, nə qədər güclü dəlillərlə dəstəkləyə bildiklərinə baxılır. Bu baxımdan Təkamül Nəzəriyyəsi, zamanın və elmin bütün imtahanlarını dəqiq və müvəffəqiyyətlə keçmiş çox güclü bir nəzəriyyədir. Heç bir şəxsi ideologiyadan da asılı deyil.

Atomun parçalana biləcəyinin əvvəlcə nəzəri olaraq kəşfi, sonra isə praktik olaraq həyata keçirilməsi, elmin böyük uğurlarından biridir. Ancaq bundan necə istifadə ediləcəyi insanların əxlaqına, keçmişinə, humanizm anlayışına, niyyətlərinə bağlıdır. Atomun parçalanmasından istifadə edən alimlər milyonlarla insanın həyatını xilas edən radiologiya və radioqrafiya kimi texnologiyalar icad etmiş, hətta daha irəli gedərək kainatın sirlərini ortaya çıxarmağı bacarmışdır. Ancaq eyni sadə gerçəyi, atomun parçalana bilər olduğu gerçəyini istifadə edən bəzi insanlar, bir neçə saniyədə yüz minlərlə və ya milyonlarla insanı məhv edə biləcək silahlar inkişaf etdirmişlər. Hər iki tətbiq də, atomun parçalana bilər olduğu həqiqətini dəyişdirməməkdədir. Elmin vəzifəsi bu həqiqəti tapmaq və insanlığa təqdim etməkdir. Ondan necə istifadə ediləcəyi, insanlığın gələcəyini şəkilləndirəcək olan qərardır. Bunun nəticələrinə görə elm əsla məsul tutula bilməz. Bu səbəbdən hər hansı bir siyasi ideologiyadan ötəri Təkamül Nəzəriyyəsi əsla qınana, kiçildilə və tənqid edilə bilməz!
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top