December 15, 2013

Kişilərin burnu niyə daha uzundur?

ABŞ-dan olan tədqiqatçılar kişi və qadın burunları arasındakı ölçü fərqini təyin etdilər. Tədqiqatlar Avropa mənşəli populyasiyalarda kişilərin qadınlardan daha böyük buruna sahib olmasının səbəbinin "oksigen ehtiyacı" olduğunu göstərdi.

Kişi və qadınların burun ölçüləri fərqliliyi düşünüldüyü qədər böyük deyil. ABŞ-ın Lowa Universiteti tərəfindən aparılan tədqiqata görə fərq yalnız 10%-dir. Bu fərqin səbəbi isə əzələ toxumasından qaynaqlanan oksigen tələbidir.

Tədqiqatda 3-20 yaşlarda olan 38 Avropa mənşəli insanın burun ölçüləri qiymətləndirildi. Kişilərin daha böyük burunlu olmasının təməl səbəbi olaraq daha çox yağsız əzələyə sahib olmaları göstərildi. Daha böyük burun əzələ böyüməsini təşviq etdiyi kimi, əzələ nisbətinin qorunmasında da rol oynayır. Burun fərqləri oğlan və qız uşaqlarında ümumiyyətlə 11 yaşında, yetkinliyin başlanğıcıyla meydana çıxır.

American Journal of Physical Anthropology jurnalında dərc olunan araşdırma müasir insanların, daha əzələli olan Neandertallardan niyə nisbətən kiçik burunlu olduğunu da izah edir.

Lowa Universitetindən olan Nathan Holton deyir:


"Qədim insanlarla müqayisədə bədənimiz daha az oksigenə ehtiyac duyduğu üçün burunlarımız kiçildi. Bədən ölçüləri eyni olsa belə burun ölçüləri fərqli olur. Bunun səbəbi yetkinlik dövrüylə başlayan toxuma paylanılması fərqliliyidir."



Alimlər fərqli mədəniyyətlərdəki tapıntıların da əlavə olunması lazım olan yeni araşdırmalar aparılacağını bildirdilər.

Qaynaq: Sekulyarizm.org
daha ətraflı...

İkinci İran meymunu kosmosa uçdu

İran dövlət televiziyası, içində meymun olan ikinci araşdırma raketinin kosmosa göndərildiyi xəbərini yaydı. Xəbərdə yer üzündən 120 kilometr hündürlüyə qalxmış raketin 15 dəqiqədən sonra müvəffəqiyyətlə geri döndüyü, "Fərqam" adlı meymunun da sağ olduğu bildirildi.

Tədqiqatçıların əldə etdikləri məlumatların kosmos biologiyası, fiziologiya, kosmik və bio-tibbi elmlər kimi bir çox kosmos texnologiyası sahəsindəki araşdırmalarda istifadə ediləcəyi planlaşdırılır. İranlı alimlər bu uğuru kosmosa insan göndərmə məsələsində bir addım daha yaxınlaşma olaraq qiymətləndirdilər.

İran 28 yanvar 2013 tarixində içində canlı daşıyan "Qabaqcıl" adlı ilk araşdırma raketini kosmosa göndərmiş və meymunun fotoşəklini nümayiş etdirmişdi. Lakin bu fotoşəklin həqiqi olub-olmadığı bir çox mübahisələrə səbəb olmuşdu.

Alimlər ilk raketdən fərqli olaraq yeni raketin kapsula içindəki canlının daha az zərər görməsi üçün kosmosa maye yanacaq istifadə edərək buraxıldığını deyirlər. İran "Omid" (Ümid) adındakı ilk yerli raketini 2009-cu ildə kosmosa göndərmişdi. İlk iranlı astronavtın isə 2020-ci ildə kosmosa göndəriləcəyi planlaşdırılır.

Qaynaq: BBC News
daha ətraflı...

İnsan DNT-sinin ikinci kodu tapıldı

ABŞ-ın Vaşinqton Universitetindən olan tədqiqatçılar insan DNT-sinin "əks" tərəfini tapdıqlarını açıqladılar. Bu kəşfin insan DNT-sinin daha yaxşı oxunması və anlaşılması üçün bir növ vasitə olduğu hesab edilir. Tədqiqatın nəticələri 13 dekabr 2013 tarixində Science jurnalında dərc edildi.

DNT-nin bu "ikinci kodu" molekulyar genetiklərə mutasiya proseslərinin əsasları və mahiyyətini anlamaq üçün məlumat təmin edir. Alimlər uzun müddət gizli qalmış bu ikinci kodun tapılmasıyla bir çox xəstəliklərin sağaldılmasının mümkün olacağını bildirirlər.

Bu vacib kəşfə imza atan Vaşinqton Universitetindən olan genetik prof. John Stamatoyannopoulos apardıqları təcrübədə əsas məqsədin insan genomunun bioloji funksiyalarının kod dəstinin öyrənilməsi olduğunu qeyd etdi.

Zülal yaratmada DNT-nin "təlimatlar" alma mənbəyi olduğu elm adamlarına uzun müddətdir ki məlum idi, yeni tapıntı isə onlara DNT-nin "ikinci dilinin" də mövcud olduğunu göstərdi. Alimlər bu "dillərdən" birincisin amin turşularının ardıcıllığına cavabdeh olduğunu bilirdilər. DNT-nin ikinci dili isə sanki birincinin üzərinə yerləşdirilmiş şəkildədir və əlavə təlimatlar təqdim edir.

Bu ikinci dil birincinin üstündə gizlənərək və mürəkkəb qarşılıqlı təsirə sahib olduğu üçün 40 ildən çoxdur ki elm adamlarından qaçırdı. Beləliklə, DNT-nin bəzi kodonları iki fərqli funksiya daşımalıdır. Bunlardan biri zülal ardıcıllıqlarının kodlaşdırılması, digəri isə genlər üzərində nəzarətdir. Son anda onlar sabitləşdirici amil kimi də çıxış edə bilərlər.

Alimlər bu tapıntının insan genomu layihəsindən sonra ikinci ən əhəmiyyətli irəliləyiş olduğunu hesab edirlər.

Qaynaq: RedOrbit
daha ətraflı...

December 14, 2013

Dinozavrların "qatili" həyatı kosmosa yaydı

Alimlər asteroid və kometlərin, xüsusilə dinozavrların məhvinə səbəb olan asteroidin Yerlə toqquşmasından sonra maddələrlə dolu Yer "qırıntılarının" qoparaq kosmosa və həyatın yaranması üçün əlverişli şəraitləri olan Marsa və Yupiterin peyklərinə düşə bilmə ehtimalının yüksək olduğu qənaətinə gəldilər.

Astrobiology jurnalında yayımlanan xəbərə görə, həmkarları ilə birlikdə tədqiqat aparan Pensilvaniya Ştatı Universitetindən olan Rachel Worth belə deyir:


"Yaşayış olan planetlə güclü toqquşduqda fraqment qopa, kainatı səyahət edə, planetlərə və ya peyklərə düşə bilər. Əgər qırıntıda müqaviməti kifayət qədər güclü olan orqanizmlər olsa, onlar həyatın yaranmasına səbəb ola bilərlər. Onillərdir elm adamları Günəş sisteminin bu cür obyektlərini modelləşdirməyə çalışırdılar, lakin texniki məhdudiyyətlər buna əngəl olurdu."



Worth və həmkarları belə fraqmentlərin Yerdən ayrılaraq digər planetlərə və ya peyklərə düşə bilib, yoxsa bilməyəcəyini yoxlamaq üçün bir kompyuter modeli istifadə etdilər. Bunun üçün ilk öncə son 10 milyon il ərzində güclü asteroid və komet bombalamalarından sonra planetdən nə qədər fraqmentin ayrıla biləcəyini hesabladılar. Belə ki, fraqmentlərin diametri üç metrdən az olmamalı idi - yalnız belə halda mikroorqanizmlər radiasiyadan qoruna bilərdilər. Ardından alimlər obyektlərin istiqamət xəritəsi hazırlanması işinə keçid aldılar.

Nəticələr Yer fraqmentlərinin böyük miqdarının Veneraya düşə biləcəyini göstərdi - təxminən 26 milyon qırıntı. Merkuriyə düşən pay 730 min oldu. Marsa qədər çata bilmiş qırıntıların təxmini sayının 360 min olduğu bildirildi, amma buna baxmayaraq elm adamları Marsı həyat potensialı üçün digər iki planetdən üstün hesab etməyə davam edirlər. Mars səthindən göndərilən son tədqiqat nəticələri də alimlərə ümid verir. Bunlardan başqa həyat üçün lazımlı şərtlərə Yupiterin peyki Europa'da da rast gəlinir. Oraya, alimlərin hesablamalarına görə, 15 min Yer nümunəsi düşmüş ola bilər.

Worth və həmkarları həmçinin diametri 10 km-dən az olmamış 65 milyon il əvvəl dinozavrların sonunu gətirən "qatil-asteroiddən" də bəhs etdilər. Həmin katastrofik hadisədən sonra təxminən 700 milyon ton Yer fraqmentinin kosmosa dağılmış, onlardan 20 tonunun da Yupiterin peyki Europa'ya düşmüş ola biləcəyi hesab edilir. Bununla belə alimlər maddəli fraqmentlərin kosmik səyahətlər ərzində həm sağ qala, həm də məhv ola biləcəyinin ehtimallar arasında olduğunu qeyd edirlər.

Qaynaq: Independent , BBC News
daha ətraflı...

Kişi və qadın beyni arasında fərq tapıldı

Elm adamları kişilər və qadınlar arasındakı düşünmə və davranış fərqinin arxasında sahib olduqları müxtəlif beyin strukturları ola biləcəyini ortaya qoydular. Tədqiqatda qadın və kişi beyinlərində sinir əlaqələri düzülüşünün fərqlilik göstərdiyi məlum oldu.

Yeni bir tədqiqat qadın və kişi beyni arasındakı fərqliliklərdən birini təsdiq etdi. ABŞ Milli Elmlər Akademiyası tərəfindən dərc olunan məqaləyə görə, tipik kişi beynindəki sinir əlaqələri araşdırdı. Belə ki, kişilərdə sinirlər arasında əlaqələrin beynin eyni yarımkürəsindəki ön və arxa tərəfləri arasında qurulduğu aydın oldu. Qadın beynində isə sinir əlaqələri daha çox sağ və sol yarımkürələr arasında, bir tərəfdən digər tərəfə doğru düzülür.

Kişilərin xəritədə istiqamət tapmaq və əzələ nəzarəti kimi mövqeyi sahələrdə, qadınların isə yaddaş və intuisiya kimi şifahi sahələrdə daha yaxşı olması sinir əlaqələrinin düzülüşündəki fərqlərlə əlaqəlidir.

Alimlər keçmişdə "psixoloji təcrübələrlə" açıqlana bilən qadın və kişilər arasındakı zehni fərqlərin ilk dəfə fiziki xüsusiyyətlərdəki dəyişikliklərlə açıqlana bildiyini qeyd etdilər. Tədqiqata görə, beyin sinirlərinin bağlarındaki fiziki fərqlər yetkinlik dövründə meydana gəlir.

Bundan başqa tədqiqatçılar tapıntının qadın və kişilərin düşüncə quruluşundakı fərqləri öyrənməklə yanaşı, cinsiyyətlə əlaqəli psixoloji narahatlıqların başa düşülməsinə də köməkçi olacağını bildirdilər.

Qaynaq: The Guardian
daha ətraflı...

Təkamül təlimi və Yaradılışçılıq

Bu mövzumuzu bir neçə gün əvvəl yayımladığımız "Elmi və Dini Düşüncə Arasındakı Fərqlər" başlıqlı yazının davamı olaraq oxuya bilərsiniz.

Elmi, təbiətdəki dəyişmə və çevrilmələri anlayıb şərh etmə fəaliyyəti olaraq tərif edə bilərik. Bu şərh və anlama əməliyyatı elmi nəzəriyyələr (qaydalar) vasitəsilə reallaşır. Müşahidə və təcrübə yoluyla təsvir edilən faktları açıqlamaq və ümumiləşdirməkdə məqsəd nəzəriyyə meydana gətirməkdir. Nəzəriyyə kimi qanun da açıqlayıcı ümumiləşdirmələr ehtiva edən mürəkkəb bir sistemdir; açıqladığı fakt sahəsi geniş və müxtəlifdir. Şərh qaydanın ilk əhəmiyyətli funksiyasıdır. İkinci əhəmiyyətli funksiya isə hələ müşahidə edilməmiş faktları öncədən görmək, fakt sahəsini genişləndirməkdir. Qısacası, yaxşı bir qayda şərh və uzaqgörənlik gücü yüksək, tənqidə açıq, öz içində və elmin təsdiqlənmiş digər qanunlarıyla tutarlı nəzəri bir sistemdir.

Elm davamlı daha təminedici, daha çox faktı açıqlaya bilən, daha əhatəli qaydalar axtarışı içindədir. Elmdə "mütləq" deyə bir şey yoxdur; çünki hərəkət, dəyişiklik və çevrilmə sonsuzdur. Məsələn, öz dövründə cismlərin hərəkətini açıqladığı hesab edilən Nyutonun klassik mexanikasının XX əsrə doğru, istər kainat səviyyəsində, istərsə də atom səviyyəsində yeni faktlarla qarşı qarşıya qoyulduğunda, bunları açıqlaya bilmədiyi görülmüş və Eynşteynin Nisbilik Nəzəriyyəsi və Kvant mexanikası inkişaf etdirilmişdir. Nisbilik və kvant Nyuton mexanikasını rədd etmir, sadəcə onu üstələyir. Bu ikisi Nyuton dövründə fərq edilə bilməyən yeni bəzi faktları da açıqlayan daha geniş əhatəli qaydalardır. Elm belə inkişaf edir.

Təkamül təlimi Yer üzərindəki canlılığın inkişafını, dəyişmə və çevrilməsini olduqca müvəffəqiyyətli şəkildə açıqlayan bir elmi nəzəriyyədir. Son illərdə biologiya sahəsindəki inqilabi irəliləyişlər və ortaya çıxarılan yeni faktlar bu qaydanı təsdiqləmiş və təsdiqləməkdədir. Hal-hazırda canlılığın inkişafı sahəsində Darvinin Təkamül Təliminə alternativ bir nəzəriyyə görünmür. Lakin bu heç vaxt olmayacaq mənasını vermir. Necə Nyutonun klassik mexanikası aşılmışdırsa, bəlkə də gələcəkdə yeni faktlar ortaya çıxacaq və bu yeni faktları da açıqlaya biləcək daha əhatəli bir canlılıq elmi nəzəriyyəsinə ehtiyac olacaqdır. Lakin təbii ki, bu da elmi bir nəzəriyyə olacaq.


Yaradılış "nəzəriyyəsi" isə (daha doğrusu "doqması") elmi bir nəzəriyyə deyil. Birincisi, kökündə faktlar durmur, müşahidə və təcrübələrə söykənmir. Dayağı müqəddəs kitablar və dini doqmalardır. Yaradılışçılar "nəzəriyyə"lərini dəstəkləyəcək hər hansı bir təcrübə və müşahidə apara bilmirlər. Belə bir səyləri də yoxdur. Bu səbəbdən "fikir"ləri, daha doğrusu inancları elm fəaliyyəti çərçivəsində qiymətləndirilə bilməz.

Yaradılışçılar "bütün canlı növləri birdən-birə və eyni anda, bu gün olduqları şəkildə yaradılmışdır" düşüncəsini elm dünyasına təqdim etmək istəyirlərsə, bu düşüncələrini sübut etməyə, bu düşüncəni dəstəkləyən faktları tapmağa çalışmalıdırlar. Düşüncələrini dəstəkləyəcək müşahidə və təcrübələr reallaşdırmalıdırlar. Məsələn, fərqli canlı növlərinə aid ən qədim fosillərin yaşının eyni dövrü göstərdiyi təyin oluna bilsə, bu müdafiə etdikləri tezis üçün ciddi bir dəlil təşkil edə bilər. Amma belə bir vəziyyət müzakirə mövzusu deyilsə (ki onsuz da deyil), tezisləri başdan heçə getdi deməkdir.

Hətta, deyək ki, 3,5 milyard illik insan, at, pişik, it, dinozavr, bakteriya və s. fosilləri tapıldı! Hamısı 3,5 milyard il əvvəlinə işarə edir. Bu, 3,5 milyard il əvvəl baş verən hadisəni göstərir, amma yenə də yaradılışı sübut etmir. Çünki yaradılış sübut edilmək istənirsə, bu yaradanın (dizaynerin) necə bir varlıq olduğu, bu yaratma enerjisini necə əldə etdiyi, yaratma hərəkətini hansı üsullarla reallaşdırdığı açıqlanmalıdır. Beləliklə, yaradılışçılara təklifimiz elm sahəsinə ümumiyyətlə girməmələri, inanc dünyasında qalmalarıdır.
daha ətraflı...

December 13, 2013

Çoxhüceyrəlilərin yeni əcdadı məlum oldu

İndiyə qədər elm adamları bütün çoxhüceyrəli heyvanların əcdadının süngərlər - sinir, həzm və əzələ sistemləri olmayan canlılar olduğunu düşünürdülər. Nəzəriyyələrdən birinə görə, onlardan ilk meduzalar, lövhəcikkimilər, ikitərəflisimmetriyalılar və daraqlılar təkamülləşmişdir. Hesab edilirdi ki, ilk çoxhüceyrəli titulu üçün daraqlılar süngürlərlə rəqabət apara bilməzlər, çünki sinir sisteminə və əzələlərə sahibdirlər, bu səbəbdən sadə orqanizmlərin əcdadları olmamalıdırlar. 

New Scientist jurnalında 12 dekabr 2013 tarixində yayımlanan xəbərə görə, Milli Səhiyyə İnstitutundan (ABŞ) olan Joseph Ryan və həmkarları Mnemiopsis leidyi növündən olan daraqlının genom xəritəsini hazırladılar. Nəticədə, baxmayaraq ki süngərlərdə sinir sistemi inkişaf etməyib və daraqlılarda sadəcə primitiv sinir sistemi mövcuddur, onların sinir strukturlarının formalaşmasına cavabdeh olan bir çox genlərinin uyğun gəldiyini gördülər.

Tədqiqatçıların dediyinə görə əvvəllər hər iki tipin sinir sistemi var idi, lakin sonralar süngərlər passiv həyat tərzinə keçməyə başladıqda bu xüsusiyyət inkişafdan qaldı. Hal-hazırda onlar dəniz suyunu filtr edərək kiçik canlılarla qidalanırlar, daraqlılarsa kiçik balıqları ovlayırlar.

Bundan başqa daraqlılarda əzələ sisteminin inkişafına cavabdeh olan genlərin, demək olar ki bütün dəniz canlılarının əzələ quruluşuna cavabdeh olan genlərlə oxşar olmadığı məlum oldu. Elm adamları daraqlıların əzələ hüceyrələrinin təkamül prosesində digər canlılarla ayrıldıqdan sonra təkmilləşdiyi qənaətinə gəldilər.

Beləcə alimlər sübut etdilər ki, daraqlılar bütün çoxhüceyrəlilərin ortaq əcdadı olmağa namizəddirlər. Həmçinin tədqiqatda təkamülün yalnız mürəkkəbləşərək baş verdiyi iddiası şübhə altına alındı, çünki təkamül prosesi ərzində nəinki genlərin, hətta bütün toxuma tiplərinin zamanla itirilə biləcəyinə dair məlumatlar əldə edildi.

Qaynaq: New Scientist
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top