February 22, 2014

Qara dəliyin içərisində yaşayırıq?

"Böyük partlayışdan" əvvəl reallığın necə olduğunu, onun necə formalaşdığını və niyə Kainatımızı yaratmaq üçün baş verdiyini heç vaxt anlamayacağıq.

Michael Finkel

Saatları geri çəkək. İnsanın ortaya çıxmasından, Yerin meydana gəlməsindən, Günəşin alışmasından, qalaktikaların doğulmasından, işığın saçmasından əvvəl "böyük partlayış" oldu. Bu, 13,8 milyard il əvvəl baş verdi.


Bəs bundan əvvəl nə var idi? Bir çox fiziklər "bundan əvvəlinin" mövcud olmadığını deyir. Daha əvvəl mövcud olan hər şeyin elm dairəsində olmadığını düşünərək, zamanın "böyük partlayış" anında başladığını iddia edirlər. "Böyük partlayışdan" əvvəl reallığın necə olduğunu, onun necə formalaşdığını və niyə Kainatımızı yaratmaq üçün baş verdiyini heç vaxt anlamayacağıq. Belə təsəvvürlər insan ağlının sərhədindən kənardır.

Yalnız məhdudiyyətlərə yad olan bəzi alimlər razı deyillər. Bu alimlər "böyük partlayış" anından əvvəl doğulmağa hazır olan kainatın bütün kütlə və enerjisinin sərhədləri olan və inanılmaz bir qıxmığa sıxıldığı haqda nəzəriyyələr hazırlayırlar. Bunu yeni kainatın toxumu adlandıraq.

Onlar hesab edir ki, bu toxum təsəvvür edilə bilinməyəcək qədər, bəlkə də, insanın müşahidə edə bildiyi istənilən zərrəcikdən trilyonlar dəfə kiçik idi. Və bu zərrəcik bütün digər hissəciklərin meydana gəlməsinə təkan vermişdi. Hələ qalaktikalar, Günəş sistemi, planetlər və insanlardan bəhs etmirik.

Əgər həqiqətən də hər hansı bir şeyi "Tanrı zərrəciyi" adlandırmaq istəyirsinizsə, bu toxum belə bir adlandırma üçün idealdır.

Bəs bu toxum haradan çıxdı? Bir ideyanı New Haven Universitetində işləyən Nikodem Poplawski bir neçə il əvvəl irəli sürdü. İdeya bundan ibarətdir ki, bizim Kainatın toxumu ilkin sobada - qara dəlikdə hazırlanmışdı.

Multikainatların çoxalması

Daha da irəliyə getməzdən əvvəl bunu bilmək vacibdir: son iyirmi ildə bir çox nəzəri fizik kainatımızın yeganə olmadığı qənaətinə gəlmişdirlər. Biz, hər birisi həqiqi gecə səmasında parıldayan kürə olan, çoxlu kainatlardan ibarət multikainat modeli hazırlamışıq.


Bu kainatların bir-biri ilə əlaqəsinin necə qurulduğu və ya ümumiyyətlə belə bir əlaqənin olub olmadığı mövzusu üzərində az mübahisələr getmir. Lakin bütün bu mübahisələr sırf spekulyativ xarakter daşıyır, həqiqət isə isbatedilməz olaraq qalır. Amma bir cəlbedici ideya var, hansı ki kainat toxumunun bitki toxumuna oxşadığı fikrindən ibarətdir. Bu, əhəmiyyətli dərəcədə vacib materiyanın, qoruyucu qabıq içərisində sıxılmış və gizlənmiş hissəciyidir.

Bununla qara dəliyin içərisində meydana gələnlər dəqiq olaraq izah olunur. Qara dəliklər - nəhəng ulduzların cəsədləridir. Belə bir ulduzun yanacağı tükəndikdə nüvəsi dağılır. Cazibə qüvvəsi hər şeyi inanılmaz və davamlı artan qüvvə ilə çəkir. Temperatur 100 milyard dərəcəyə qalxır. Atomlar parçalanır. Elektronlar hissələrə ayrılır. Ardından bu kütlə daha da sıxılmağa başlayır.

Bu yerdə ulduz qara dəliyə çevrilir. Bu o deməkdir ki, cazibə qüvvəsi hətta işıq şüasının belə ondan yan keçməsinə imkan vermir. Qara dəliyin daxili və xarici üzləri arasındaki sərhəd hadisələr üfüqü adlanır. Alimlər bizim Samanyolu da daxil olmaqla, az qala hər bir qalaktikanın mərkəzində nəhəng qara dəliklər kəşf edirlər. Üstəlik bu qara dəliklər bizim Günəşdən milyonlar dəfə ağırdır.

Dibsiz suallar

Qara dəliyin dibində nələrin baş verdiyini aydınlaşdırmaq üçün Einstein'in nəzəriyyəsini istifadə etsək, sonsuz dərəcədə böyük sıxlığı və çox kiçik ölçüsü olan nöqtəni hesablamaq olar. Belə hipotetik konsepsiya sinqulyarlıq adını daşıyır. Amma təbiətdə sonsuzluqlar adətən mövcud olmur. Burada ziddiyyət, kosmik məkanın böyük hissəsi üçün möhtəşəm tədiyələr təmin edən, amma qara dəliklərin içərisində baş verən inanılmaz qüvvələr və ya kainatın başlanğıcındaki hadisələr qarşısında çürüməyə məcbur olan Einstein'in nəzəriyyələrindən qaynaqlanır.


Professor Poplawski kimi fiziklər hesab edir ki, qara dəliyin içərisindəki materiya sıxıla bilmədikdə həqiqətən də belə vəziyyət alır. Bu "toxum" həddindən artıq kiçikdir, amma milyard ulduzun ağırlığına bərabərdir. Lakin sinqulyarlıqdan fərqli olaraq, o, olduqca realdır.

Poplawski'nin fikrincə, sıxılma prosesi qara dəliklərin fırlandığı səbəbindən dayanmalı olur. Onlar çox sürətli, bəlkə də, işıq sürəti ilə fırlanırlar. Bu dönmə də sıxılmış toxuma öz oxu ətrafında inanılmaz dövr təmin edir. Bu toxum təkcə kiçik və ağır deyil, həm də təhrif edilmiş və sıxdır.

Toxum anidən güclü partlayışla cücərə bilər. Elə bu da "böyük partlayış" adlandırılır. Poplawski isə onu "böyük dəyib qayıtma" adlandırmağa üstünlük verir.

Poplawski'nin dediyinə görə, qara dəlik iki kainat arasındaki keçid, "geri dönüşü olmayan" qapıdır. Bu da o deməkdir ki, əgər Samanyolunun mərkəzindəki qara dəliyə düşsəniz, özünüzü başqa bir kainatda tapmış olarsınız - siz olmasanız belə, kiçik hissəciklərə ayrılmış bədəniniz belə bir səyahəti yerinə yetirə bilər. Bu digər kainat bizimkinin içərisində yerləşmir, sadəcə bu dəliklər birləşdirici halqa, iki ağcaqovaq bitən ortaq kökdür.

Bəs öz kainatımız içərisindəki bizlər necə? Biz, başqa bir, daha qədim kainatın məhsulları ola bilərik. Gəlin onu ana kainat adlandıraq. Ana kainatın qara dəlik içərisində əkdiyi toxum 13,8 milyard il əvvəl "böyük dəyib qayıtma" törədə bilərdi. O vaxtdan bəri kainatımızın sürətlə genişləndiyinə baxmayaraq, biz, hələ də qara dəliyin hadisələr üfüqünün ardında gizlənmiş ola bilərik.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Qara dəliyin içində ola bilərik
Əlvida Big Bang, xoş gəldin Qara Dəlik?
Kainatımız genişlənmir?
daha ətraflı...

February 20, 2014

Zaman səyahətçisi internetdə axtarılır

Alimlər zamanla səyahət edə, daha dəqiq - gələcəkdən keçmişə yollana biləcək qonağa aid izlərin axtarışına başlayıblar. Hələlik sübutlara rast gəlinməmişdir, bəs zamanla səyahət nə dərəcədə mümkündür?

"Zənnimcə, gələcəkdən keçmişə səyahət ehtimalı olduqca azdır, amma yenə də var", - Miçiqan Texnoloji Universitetindən olan Robert Nemiroff deyir.

Lakin o və həmkarı Teresa Wilson qəbul edirlər ki, axtarışlarında müəyyən izləri gözdən qaçıra bilərlər.

Artıq bir əsrdən çoxdur ki fantast-yazıçılar zamanla səyahət ideyasına müraciət edirlər. Müəyyən mənada hər birimiz zamanla səyahət edirik, amma yalnız bir istiqamətdə - irəliyə. Einstein'in nisbilik nəzəriyyəsinə əsasən zaman xətti ilə hərəkətin sürəti sayma nöqtəsindən asılı olaraq dəyişə bilər.

Elə isə geriyə, keçmişə doğru hərəkətin vəziyyəti necə olmalıdır? Bir çox fiziklər termodinamikanın ikinci qanununa əsaslanaraq, belə ehtimalı birbaşa rədd edirlər.


İndiki zamanda keçmişə aid gəlmələri axtarmağa bir neçə dəfə cəhd edilib. Belə ki, 2009-cu ildə məşhur britaniyalı fizik Stephen Hawking əyləncə gecəsi təşkil edərək zamanla səyahət edə biləcək hipotetik insanları qonaqlığa dəvət etdi. Təbii ki, heç kim gələsi olmadı.

Nemiroff və Wilson bir qədər fərqli taktika seçdilər. Onlar, baş verməmişdən əvvəl internetdə yayımlanmış hər hansı bir yazıya rast gəlmək üçün internet şəbəkəsini, demək olar ki, başdan sona qədər araşdırdılar. Nümunə olaraq onlar 2012-ci ilin sentyabrında ISON kometinin kəşfi və 2013-cü ilin martında Roma Papası Francis'in seçilməsini götürdülər. Təəssüf ki, GoogleBing kimi tanınmış axtarış sistemləri bəzən tarix qeydlərini səhv yazırlar. Facebook kimi sosial şəbəkələr və bloqlarda da paylaşmalarla əlaqəli tarixlər redaktə edilərək dəyişdirilə bilər.

Alimlər üçün ən etibarlı axtarış vasitəsi Twitter oldu - orada müəlliflər paylaşmanın tarixinə dəyişiklik edə bilmir. Əfsuslar olsun ki, axtarılan hadisələrlə bağlı xəbərlər öz tarixlərindən əvvəl yayımlanmamışdı.

Bundan başqa alimlər zamanla səyahət edə biləcək insanlar üçün 2013-cü ilin avqustunun sonuna qədər #ICanChangeThePast2 və ya #ICannotChangeThePast2 hashtag'lərini istifadə edərək tvitləri yerləşdirməklə bağlı istək paylaşımı yayımladılar. Və elə gözləndiyi kimi sentyabr ayında başladılmış sorğu vaxtında sona çatmadı. Amma zarafatyana cavablar da peyda oldu: "Gələcəyin qanunları sizə zaman sayahəti texnologiyalarının mövcudluğuna dair sübutlar göndərməyimizi qadağan edir, amma əmin olun - biz davamlı olaraq sizi izləyirik. #ICanChangeThePast2".

Nemiroff hələlik zamanla səyahət edə biləcək insanların axtarışında israrlıdır.

"Əgər gələcəkdən olan qonaq bu intervyunu oxusa və mənimlə əlaqə saxlamağa razı olsa, minnətdar olacağam", - Nemiroff əlavə edir.

Həmçinin oxuyun:

Niyə əslində həyat mövcud deyil?
Elmi fantastika: İşıq sürətini keçən kosmik gəmilər
Kvant fenomeni zamanı illüziyalaşdırır
daha ətraflı...

Çoxhüceyrəlilər inkişaf üçün oksigenə ehtiyac duymurdu

Dəniz süngərlərini araşdıran alimlər Yerin ilk çoxhüceyrəli orqanizmlərinin təkamülü üçün oksigenə heç də ehtiyac olmadığını aydınlaşdırdılar. Əldə edilən məlumatlar müasir elmi təsəvvürlərlə ziddiyyət təşkil edir. Tədqiqatla əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

"İlk çoxhüceyrəli canlıların meydana gəlməsi atmosferdə oksigen payının artması ilə üst-üstə düşürdü. Bildiyim qədərilə, bu orqanizmlərin hansı miqdarda oksigenə ehtiyac duyduğunu yoxlamaq heç kimin ağlına gəlməmişdi. Buna görə də biz yoxlamaq qərarına gəldik. Apardığımız tədqiqat göstərdi ki, oksigen çatışmazlığı çoxhüceyrəli həyatın yaranmasına maneə törətməməli idi", - Odense'də yerləşən Cənubi Danimarka Universitetindən olan Daniel Mills deyir.

Mills və həmkarları oksigen miqdarına nəzarət edilə bilən bir akvariumda yaşayan bir neçə dəniz süngərləri (Halichondria panicea) üzərində tədqiqat apardıqdan sonra belə qənaətə gəldilər. Bioloqların fikrincə, müasir dəniz süngərləri Yerin ilk çoxhüceyrəli canlılarının ən yaxın analoqu hesab edilə bilər. Bu da onların əcdadlarının 560-540 milyon il əvvəl hansı şərtlərdə yaşadıqları mövzusunda məlumatlara yiyələnməyə kömək edir.

Alimlər suyun oksigen miqdarını azaldaraq süngərlərin hətta 0,5% oksigen ehtiva edən şərtlərdə belə yaşamağa davam edə bildiyini aydınlaşdırdılar. Bu məlumat qədim çoxhüceyrəli həyatının hətta oksigen yoxluğunda mövcud ola biləcəyini göstərir. Tədqiqatçılar hansı səbəblərdən çoxhüceyrəlilərin təkhüceyrəlilərdən xeyli sonra təkamülləşdiyini anlamaq üçün alternativ izahlar hazırlamalı olduqlarını bildirirlər.

"Görünür ki, bu prosesdə həm də digər ekoloji və təkamül mexanizmləri rol oynayıb. Bəlkə də həyat, təkamülün çoxhüceyrəli canlılığın mövcudluğu üçün zəruri olan hüceyrə mexanizmləri inkişafına xeyli zaman sərf etməsi səbəbindən, uzun müddət mikroblar halında mövcud olub. Yəqin ki, çoxhüceyrəli həyatının kifayət qədər ağır inkişaf etdiyi səbəbindən qədim Yerdə heyvanlar yox idi", - Mills son olaraq qeyd edir.

Həmçinin oxuyun:

Çoxhüceyrəlilərin yeni əcdadı məlum oldu
Üç milyard illik orqanizmlərin genomları oxundu
Həyat su damlalarında yaranmış ola bilər
daha ətraflı...

February 19, 2014

Bu planetin 1 ili bizim 8,5 saatımıza bərabərdir

Gün ərzində sizin işdə keçirdiyiniz və ya evdə yataraq keçirdiyiniz vaxtın 700 işıq ili uzaqlıqdakı planetin 1 ilinə bərabər olduğunu təsəvvür edin. "Kepler 78b" adlı bu planet öz günəşi (ulduzu) ətrafındakı 1 dövrünü sadəcə 8,5 saatda tamamlayır.

ABŞ-ın Massachusetts Texniki İnstitutundan (MİT) olan alimlər Yer ilə eyni ölçülərdəki bu planetin indiyə qədər kəşf olunmuş ən qısa dövr müddətinə sahib olan planetlərindən biri olduğunu bildirdi. Öz ulduzuna xeyli yaxın olan Kepler 78b yaşayış üçün əlverişli deyil. Səth temperaturu 2760 dərəcə selsidən çoxdur. Planetin öz ulduzuna olan yaxınlığının Merkurinin Günəşə olan yaxınlığından 40 dəfə artıq olduğu məlumdur. Səth quruluşunun isə hərəkətdə olan lava okeanından ibarət olduğu hesab edilir. Planet tamamilə dəmir elementindən təşkil olunmuşdur.

Kepler 78b alovlar içindəki səthindəki materialların səbəb olduğu radiasiya kombinasiyalarından əks olunan işıq seli sayəsində alimlərin diqqətini cəlb etmişdi. MİT professorlarından olan Josh Winn belə qeyd edir: "Əslində bu planetin məhv olmama səbəbi onun çox sıx kütləyə sahib olmasıdır. Bu xüsusiyyəti planeti daha da inanılmaz edir".

Planet Cygnus (Siqnyus) ulduz qrupunda yerləşir. Daha da dəqiqləşdirsək, Kepler 78b sistemində olan bu planetin dövr etdiyi ulduzunun ətrafında daha 2 planet var. Ancaq onlardan Yerə ən çox bənzəyəni elə Kepler 78b-dir. Ətrafında çox zərif atmosferi var.

Bu planet Kepler teleskopundan əldı edilən məlumatlar vasitəsilə kəşf olunub. Teleskop kosmosda yerləşdirilib və ulduzlardan yayılan işıqları araşdıraraq onların ətrafında planetlərin olub olmadığını müəyyən edir. Sizə çox mənasız bir vəzifə kimi görünə bilər. Ancaq Yer bənzəri planetləri araşdıraraq bizə yeni bir evin axtarışını təmin edir. 150 mindən çox ulduzdan yayılan işığı analiz edən bu teleskop, planetlər ulduzun qarşısından keçərkən onların mövcudluğunu təsdiq edə bilir. Bu prosesi lampanın qarşısındakı milçəyin necə kölgə yaratdığını təsəvvür edərək anlaya bilərsiniz.

Ölçüsü isə Yerin ölçülərinə yaxındır demişdik. Belə ki, Yerdən cəmi 20% böyükdür. Yer kürəsinin diametrinin 12742 km olduğunu bilirik. Kepler 78b-nin diametri isə 14800 km-dir.

Həmçinin oxuyun:

Fantastikanın belə təxmin edə bilmədiyi beş qeyri-adi planet 

Qaynaq: Elm Qurdu
daha ətraflı...

Marixuana immun sistemini İİV-dən qoruyur

ABŞ-dan olan tədqiqatçılar marixuananın faydasını tapdıqlarını açıqladılar. Marixuananın komponentləri immun sistemini insanda immunçatışmazlığı virusundan (İİV) qoruya bilər. Tədqiqatın nəticələri AIDS Research and Human Retroviruses jurnalında dərc edildi.

Amerikadan olan alimlər aparılmış tədqiqatların nəticələrinə əsaslanaraq marixuananın tərkibindəki komponentlərin immun sistemini insan immunçatışmazlığı virusundan qoruya biləcəyini deyirlər.

Marixuana, elmi adı cannabis - kənafdan (və ya çətənə) hazırlanan psixoaktiv vasitə. İnsan orqanizminə təsiri kənafdaki psixoaktiv maddələrlə (kannabinoidlər) əlaqəlidir, ən təsirlisi delta-9-tetrahidrokannabinoldur. Mütəxəssislər üç əsas kənaf növləri olduğunu bildirirlər: Cannabis sativa, Cannabis indica və Cannabis ruderalis. Cannabis ruderalis tərkibində ən az tetrahidrokannabinol olan növdur.

Alimlər tədqiqatda meymunlar üzərində təcrübələr apararaq marixuananın tərkibindəki əsas psixoaktiv komponent tetrahidrokannabinol (THK) istifadəsinin bağırsaqda yerləşən immun hüceyrələrini qoruduğunu aydınlaşdırdılar.

Təcrübələrin nəticələrinə görə THK T-hüceyrələrini (limfositlər) qoruyaraq bağırsaqda İİV aktivliyinin qarşısını alır.

İİV - insanda immunçatışmazlığı virusu, son mərhələsi QİÇS adıyla tanınan infeksion xəstəliyə səbəb olur. Virus selikli qişanın birbaşa əlaqəsi və ya İİV daşıyan qan, sperma, vaginal ifrazatlar, döş südü və s. yollarla ötürülür.

Mütəxəssislər qeyd edirlər ki, marixuananın komponentləri ən az xəstəliyin inkişafını yavaşlada bilər. Perspektivdə alimlər tetrahidrokannabinol modifikasiyasını İİV ilə mübarizə üçün istifadə etməyi planlaşdırırlar.

Həmçinin oxuyun:

Siqaret asılılığı neandertallardan qaynaqlanır
Elektroşok vasitəsilə xatirələr silindi
Yaşlanmağın sirri tapıldı
daha ətraflı...

Stiven Hokinq sağala bilər

Amerikalı alimlər Stiven Hokinqin xəstəliyi ilə mübarizə aparmağın üsulunu tapmağa nail oldular. Həmçinin onun xəstəliyindən əziyyət çəkən bir çox digər insanı müalicə etməyin də. Tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc edildi.

Tədqiqatçılar beyin toxumalarındaki iltihablarla, xüsusilə də dağınıq sklerozla əlaqəli xəstəlikləri müalicə etməyin üsulunu tapdıqlarını açıqladılar. Mütəxəssislər qanda əvvəllər məlum olmayan tənzimləyici hüceyrələri aşkar etməyə nail oldular, hansılar ki ehtiyac olduqda hiperaktiv T-hüceyrələri (beyin toxumaları iltihablarının təşəbbüskarları) ilə mübarizə aparmağa qadirdirlər.

Nəticədə bu hüceyrələrin FoxA1 adlanan molekulu yaratmağa cavabdeh olduğu aydınlaşdırıldı. Bu, məhz iltihabları yatıran molekuldur.

Alimlər ümid edirlər ki, kəşfləri beyin toxumalarındaki iltihabların səbəb olduğu xəstəliklərdən əziyyət çəkən insanlara kömək edəcək. Bu insanlar arasında yan tərəf amiotrofik sklerozdan əziyyət çəkən məşhur astrofizik Stiven Hokinq də var.

Yan tərəf (lateral) amiotrofik skleroz həm də motor neyronların xəstəliyi, motor-neyron iflici, Şarko xəstəliyi və s. adlanır. Bu, mərkəzi sinir sisteminin yavaş irəliləyən, degenerativ xəstəliyidir. Üst və alt hərəkət edici neyronların məğlubiyyəti ilə xarakterizə edilir. Bütün bunlar iflic və ardından əzələlərin atrofiyasına gətirib çıxarır. Tənəffüs yollarının infeksiyaya yoluxması və tənəffüs muskulaturası çatışmazlığı isə ölümə səbəb olur.

Həmçinin oxuyun:

Ölümsüzlük mümkündür
Hokinq sayəsində öyrəndiklərimiz
Hokinq: "Qara dəliklər mövcud deyil"
daha ətraflı...

Nanomühərriklər canlı hüceyrə içərisində işlədi

Pensilvaniya Ştatı Universitetindən (ABŞ) olan biokimyaçı və biomühəndislərdən ibarət tədqiqatçı qrup ilk dəfə insanın canlı hüceyrəsi içərisinə mikroskopik sintetik mühərrikləri yerləşdirərək ultrasəs və maqnit dalğaları köməyilə onları idarə etməyə nail oldu.

Bu kiçik mühərriklər alimlər tərəfindən hələ on il əvvəl hazırlanmışdı. İndiyəcən bu nanomühərriklər insanın canlı hüceyrələrində yoxlanılmamış, yalnız xüsusi cihazlarla laboratuar şərtlərdə istifadə edilmişdi.

"Bundan əvvəl heç kim bu nanomühərriklərin necə hərəkət etdiyini, hüceyrə içərisindəki struktura necə təsir göstərdiyini və canlı hüceyrənin onlara necə mexaniki cavab verdiyini görməmişdi. Bizim tədqiqatımız sintetik nanomühərriklər istifadə edilərək hüceyrə biologiyasının yeni araşdırmalarını aparmaq üçün parlaq dəlilidir. Biz bu nanomühərrikləri hüceyrəyə içəridən mexaniki təsir göstərmə üsulları ilə xərçəng və digər xəstəliklərin müalicəsi üçün istifadə edə bilərik. Həmçinin oxşar üsullar gələcəkdə bilavasitə toxumada qeyri-invaziv şəkildə dərmanların daşınması və hüceyrədaxili cərrahiyə çətinliklərinin həll olunması üçün imkan təmin edəcək", - Pensilvaniya Ştatı Universitetindən olan kimyaçı və fizik Thomas Mallouk qeyd edir.

Rutenium və qızıl hissəciklərindən hazırlanmış mikroskopik sintetik mühərriklər görünüş baxımından raketləri xatırladır. Onlar, canlı hüceyrə içərisində hərəkət edə və lazım olduqda hüceyrə membranasını ikiyə bölə bilir.

"Əvvəlki mühərriklərimiz zəhərli yanacaq növləri ilə işləyirdi və bioloji maye içərisində hərəkət edə bilmirdi, bu səbəbdən o vaxt onları insanın hüceyrələri içərisində araşdırmağa heç bir imkan yox idi. Bu məhdudiyyət ciddi çətinlik idi", - Thomas Mallouk davam edir.


Elektron mikroskop altında HeLa
hüceyrələrinin bölünməsi
Mallouk və fransız fizik Mauricio Hoyos nanomühərrikləri ultsasəs və maqnit dalğalarının köməyilə hərəkətə gətirməyin mümkün olduğunu aydınlaşdırdılar. Tədqiqatda alimlər nanomühərrikləri insanın HeLa hüceyrələrinə yerləşdirdilər.

Bu hüceyrələrə yerləşdirilən nanomühərriklər ultrasəs dalğaları ilə istiqamətləndirilərək hüceyrə toxuması ilə hərəkət edirdilər. Ultrasəs gücü aşağı olduqda nanomühərriklər çox zəif hərəkət edir və hüceyrəyə minimal təsir göstərirdi. Ultrasəsin gücü və dolayısıyla nanomühərriklərin sürəti atrırıldıqda isə onlar hüceyrə içərisini qarışdıraraq və hüceyrənin "divarını" deşərək orqanellər ilə qarşılaşırdılar.

"Azad hərəkət nanomühərriklərə hüceyrələri seçərək məhv etməyi təmin edə bilər. Misal üçün, əgər siz onların köməyilə xərçəng hüceyrələrini axtarıb məhv etmək istəyirsinizsə, bütün nanomühərriklərin eyni istiqamətdəki hərəkəti əvəzinə onların müstəqil hərəkəti daha yaxşı olacaq. Nanomühərriklərin canlı hüceyrələrə təsir göstərmə bacarığı tibb üçün böyük perspektivlər açır. Bir gün nanomühərriklər insan bədəni içərisində səyahət edə, bir-biri ilə ünsiyyət qura və bir çox müalicə və diaqnostika növlərini yerinə yetirə biləcəklər. Bu texnologiyanın praktikada tətbiqi üçün bir çox müxtəlif üsullar mövcuddur, kəşfimizsə bizi irəliyə apardı", - Thomas Mallouk son olaraq deyir.

Həmçinin oxuyun:

Plastik hüceyrə yaradıldı
Kök hüceyrələrini əldə etməyin yeni üsulu tapıldı
Yeni nəsil spermalar: Transgenik heyvanlar
daha ətraflı...

Türk genomunun 8%-i monqol genlərindən ibarətdir

Oksford və London Universitetlərindən olan mütəxəssislər 95 müxtəlif xalqın genetik quruluşunu araşdıraraq köç, müharibə və ticarət səfərləri kimi tarixi hadisələrin genetik quruluş üzərində yüz illərdir silinməyən izlər buraxdığını aşkar etdilər. Məsələn, 13-cü əsrə damğasını vuran Çingiz Xanın Avropaya qədər çatan Monqol İmperiyasının genetik izlərinə bu gün də rast gəlmək mümkündür.

Məşhur elmi jurnal Nature Genetics'də dərc edilən tədqiqatın nəticələrinə görə uyğurlarda 50%, özbəklərdə 39%, Türkiyə türklərində isə 8% monqol geni olduğu müəyyən edilmişdir. Müstəmləkəçilik, kölə ticarəti, ipək yolu ticarəti kimi bir çox tarixi hadisənin də genetik xəritənin formalaşmasında rol oynadığı qeyd olunur.

Çindəki etnik qruplardan olan "Tu" xalqında avropalıların DNT izlərinə rast gəlinməsi bunun bir nümunəsidir. Bu vəziyyətin meydana gəlməsində 11-ci əsrdə İpək Yoluyla bölgəyə gedən tacirlərin təsiri olduğu hesab edilir.

İtaliyanın şimalında isə yaxın şərq genləri müəyyən olunmuşdur. Bu genlərin e.ə. 776-cı ildə İtaliyaya köç edən Lidiyalılardan gəlmiş ola biləcəyi düşünülür. Kölə ticarətinin bir nəticəsi olaraq Afrika genlərinin demək olar ki dünyanın hər yerinə yayıldığı müşahidə edilir.

Həmçinin oxuyun:

Genetik oxşarlıq nədir?
Naməlum insan növünə aid izlərə rast gəlindi
Neandertal genlərini oğurladıq
daha ətraflı...

Toxunuş hissiyatlı robot əl hazırlandı

Dennis Aabo Sorensen 27 yaşında ailəsiylə birlikdə tətildə olarkən fişəng qəzası nəticəsində sol əlini itirmişdir. Keçən il 36 yaşlı bu danimarkalı sinir sistemi ilə əlaqə quraraq obyektləri tutub hərəkət etdirməsini təmin edən yeni bir protez əli sınaqdan keçirmək şansı əldə etdi. Hətta daha da əhəmiyyətlisi, Science Translational Medicine jurnalında 5 fevral 2014 tarixində dərc edilən bir hesabata görə, Dennis Aabo Sorensen qəzadan bəri keçən 9 ildə ilk dəfə toxunduğu obyekti həqiqətən hiss etdi.

Protez əlin hiss xüsusiyyətləri Silvestro Micera ilə İtaliyada yerləşən Sant'Anna Tədqiqat Mərkəzindəki (Scuola Superiore Sant'Anna) və İsveçrədə yerləşən Lozan Federal Texnologiya İnstitutundakı (Ecole Polytechnique Federala da Lausanne) həmkarları tərəfindən inkişaf etdirilmişdir.

Qaynaq: Popular Science
daha ətraflı...

February 15, 2014

Ən qədim doğan sürünən fosilləri tapıldı

Paleontoloqlar Çinin şərqində qarnında balaları ilə birlikdə və doğum zamanı ölmüş ixtiozavr qalıqlarına rast gəldilər. Canlının qalıqların 248 milyon ilə əvvəlinə aid olduğu bildirilir, bu da onu dünyanın ən qədim doğaraq artan sürünəni edir. Əlaqədar məqalə 12 fevral 2014 tarixində PLoS ONE jurnalında dərc edildi.

"Bu qalıqlar Yerdə sürünənlər arasında təbii doğumun, onların okean sularındaki həyata keçidindən əvvəl meydana gəldiyini sübut edir", - Kaliforniya Universitetindən (ABŞ) olan Ryosuke Motani deyir.

Motani və həmkarları Trias dövrünün sonları və Yura dövrünün əvvəllərinə aid, dənizlərin dibində formalaşmış qayalıqların yerləşdiyi Anxoy əyaləti ərazisində qazıntı işləri aparmağa başladılar. Alimlər ilk dəniz sürünənlərindən olmuş ixtiozavrlarla maraqlanırdılar, hansılar ki təkamül müddətində dəniz həyatına keçid almaqla yanaşı həm də doğaraq artma xüsusiyyəti qazanmışdılar. 

Paleontologiyanın ən maraqlı və sirli qalan suallardan biri budur: ixtiozavrlar balalarını qarında daşımağı dənizlərə keçid aldıqdan sonra qazanmışdılar, yoxsa bu onlara dənizləri daha yaxşı anlamağa və oraya uyğunlaşmağa kömək etmişdi?

Məqalənin müəllifləri ikinci hipotezi təsdiqləyə biləcək dəlillər əldə etdiklərini qeyd edirlər. Alimlər 248 milyon il əvvəlinə aid qalıqlara rast gəldikdən sonra bunların balıq və müasir delfinlərdən çox kərtənkələlərə oxşayan çaoxuzavrlara (primitiv ixtiozavrlar) aid olduğunu aydınlaşdırdılar.

Motani və həmkarlarının tapıntısı qeyri-adidir, çünki fosillərdə bir deyil, dörd ixtiozavra - ana və qarnındaki üç balaya aid qalıqlar var. Fosillərin strukturu və onların sıraları köməyilə doğum zamanı öldükləri məlum oldu. Hətta balalardan biri ana bətnini tərk etməyə çox yaxın idi.

Maraqlı olan başqa bir vəziyyət budur ki, çaoxuzavr qarnında balalar başlarıyla onun quyruğu tərəfə çevrilmişdilər. Bu doğum davranışı nə qədim dəniz sürünənləri, nə də müasir məməlilərə xas deyil. Alimlər bu fakta əsaslanaraq, eynən müasir balinalar kimi ixtiozavrların da doğum xüsusiyyətini dəniz həyatına keçid almamışdan əvvəl quruda təkamülləşdirdiklərini bildirirlər.

Həmçinin oxuyun:

Ən qədim sinir sistemi tapıldı
Yumurta qoyan məməlilər digərlərindən daha yavaş təkamülləşdi
Doğaraq artan "Jackson buqələmunu"
daha ətraflı...

February 13, 2014

İntellekt geni kəşf edildi

Alimlər intellekt və baş beyin qabığının qalınlığı arasındaki birləşdirici əlaqəni tapmağa nail oldular. Aşkar edilmiş gen insanların oxumada çəkdikləri çətinlikləri izah edə və bir çox xəstəliklərin müalicəsini mümkün edə bilər.

Bir beynəlxalq tədqiqatçı qrup 1500-dən çox yeniyetmənin DNT nümunələri və beyin tomoqrafiyası nəticələrini analiz etdi. Həmçinin onların verbal və qeyri-verbal intellekt əmsallarının müəyyən edilməsi üçün bir sıra təcrübə keçirdilər.

Hər şeydən əvvəl alimləri təcrübədə iştirak edənlərin "boz materiya" adlanan baş beyin qabığının qalınlığı maraqlandırırdı, hansı ki yaddaşın inkişafı, diqqət səviyyəsi, qavrayış, düşünmə və vicdan kimi məsələlərdə əsas rola malikdir.

Ardından beyin inkişafı prosesinə təsir edə biləcək on milərlə (54000-dən çox) genetik variantlar araşdırıldı. Nəticədə müəyyən genləri olan yeniyetmələrin sol beyin yarımkürəsi qabığının daha nazik olduğu aydınlaşdırıldı. Məhz həmin yeniyetmələr IQ testlərində ən pis nəticələri göstərmişdilər.

"İdentifikə etdiyimiz genetik büdrəmə neyronların kommunikasiya səviyyəsini müəyyən edir. Bu, neyron səviyyəsində sinir hüceyrələri arasındaki müəyyən əlaqə pozğunluqlarında baş verən proseslərin anlaşılmasını genişləndirəcək", - Londonda yerləşən Krallıq Kollecindən (Britaniya) olan Sylvane Desrivieres qeyd edir.

Desrivieres və həmkarlarının aşkar etdiyi genetik büdrəmə neyron əlaqələrində aktiv olan zülalla əlaqəli və beyin hüceyrələri arasındaki kommunikasiyaya nəzarət edən NPTN geninə təsir edir.

11 fevral 2014 tarixində Molecular Psychiatry jurnalında dərc edilən məqalənin nəticələri şizofreniya və autizm kimi bir çox psixiki pozğunluqlarla əlaqəli bioloji mexanizmlərin anlaşılmasını dərinləşdirə bilər.

Həmçinin oxuyun:

Genlər necə dəyişilir?
İnanclı insanlar intellektual baxımdan geridədirlər
Şizofreniyanın təbiəti genetikdir
daha ətraflı...

Darvinin iki əsri: Onun və bizim səhvlərimiz

Çarlz Darvin elm tarixinə təkamül nəzəriyyəsinin banisi kimi daxil olmuşdur. Darvinin nəzəriyyəsi uzun illərdir ki müasir biologiyanın əsaslarından biri olaraq qalır və o olmadan elmi təsəvvür etmək mümkün deyil.

12 fevral günü elm tarixinə təkamül nəzəriyyəsinin yaradıcısı kimi adını yazdırmış ingilis səyyah və təbiətşünas Çarlz Darvinin anadan olmasının 205-ci ildönümü qeyd edildi.

Bu nəzəriyyənin artıq 150 ildən çox yaşı olsa da, yenə də cəmiyyətdə qızğın mübahisələrə səbəb olur, hətta məktəblərdə tədrisininin qadağan edilməsi tələblərinə qədər. Bu arada, Darvinin nəzəriyyəsi artıq uzun illərdir ki, onsuz elmi təsəvvür etməyin mümkünsüz olduğu müasir biologiyanın əsaslarından biridir.

Lakin biologiyanın müasir təsəvvürləri Darvinin dövründən bu günə qədər xeyli təkamülləşmişdir. Moskva Dövlət Universitetinin biologiya fakültəsinin təkamül biologiyası kafedrasının müdiri, insanın mənşəyi haqda bəhs edən kitabın müəllifi və "Prosvetitel" mükafatı laureatı Aleksandr Markov RİA Novosti'yə Darvinin səhvlərilə yanaşı cəmiyyətdə onun nəzəriyyəsi barədə dolaşan yalnış təsəvvürlərdən danışdı.

Qazanılan irsiyyət

Darvin qazanılan əlamətlərin irsən ötürülə biləcəyinin mümkünlüyünü rədd etmirdi, misal üçün, məşq nəticələrinin birbaşa ötürüldüyünü.


"Bu, Darvinin spesifik səhvi deyildi, o vaxt hamı belə düşünürdü. Həyat ərzindəki təlim və hadisələr irsiyyətə təsir edə bilərdi - bu, ümumən qəbul edilmişdi. Yalnız bir neçə on illik sonra alman zooloqu Avqust Veysman təcrübi olaraq sübut etdi ki, misal üçün, əgər nəsillər ərzində siçovulların quyruğunu kəssək, bu, irsiyyətə təsir etməyəcək, quyruqsuz siçovul balaları doğulmayacaq. Və digər təcrübələrlə qazanılmış əlamətlərin irsən ötürülmədiyi təsdiq edildi", - Markov izah edir.

"Lakin molekulyar biologiyanın yeni nailiyyətləri yenə də bir sıra spesifik istisnaların olduğunu göstərdi. Yəni Darvin 100% səhv etmirdi", - əlavə edir.
Qandaki irsiyyət daşıyıcıları

Darvin hesab edirdi ki, irsi əlamətlərin daşıyıcıları submikroskopik obyektlər - gemmulalardır, hansılar ki qan cərəyanı ilə cinsi hüceyrələrə düşür və irsi informasiyanı daşıyırlar.

"İrsiyyətin təbiətini bilmədən o, qazanılan əlamətlərin irsən ötürülməsinin izahı üçün molekulyar mexanizm yaratmağa çalışırdı və pangenezis fərziyyəsini irəli sürdü. O, hesab edirdi ki, bədən hüceyrələrində bədəndə baş vermiş hadisələrlə bağlı informasiyaları, əldə edilən təcrübəni saxlayan belə hissəciklər mövcud olmalıdır və bunlar qan cərəyanı ilə cinsi hüceyrələrə düşür və informasiyanı ötürürlər. Bu olduqca cəsarətli hipotez idi, lakin ümumən təsdiq edilmədi", - Markov deyir.

O qeyd etdi ki, texniki olaraq belə bir ehtimal ola bilərdi: ali canlıların xromosomlarına basdırılmış, Darvinin gemmulalarının rolunu oynaya biləcək endogen retroviruslarla bağlı hipotez var idi.

Təbii seçmənin rolunu azaltdı

Sonraki işlərində Darvin təbii seçməni lazım olduğundan az dəyərləndirirdi.

"Darvin sonraki nəslin tənqidinə çox hissiyatlı idi. Bu səbəbdən "Növlərin Mənşəyi" kitabının birinci nəşri indi ən yaxşısı hesab olunur.  O, sonraki nəşrlərə bir çox düzəlişlər əlavə etmişdir. Xüsusilə də təbii seçmə mexanizminə əvvəllər verdiyi əhəmiyyəti azaltdı: mühitin təsirləri və uyğunlaşma ilə bağlı bir çox şərtlər əlavə edirdi. Lakin bu gün aydındır ki, Darvinin, təbii seçmənin hərəkətverici rolu ilə bağlı olan ilk versiyası həqiqətə daha yaxın idi", - Markov qeyd edir.

O həmçinin vurğuladı ki, Darvinin dövründə irsiyyətin və dəyişikliyin təbiəti məlum deyildi. DNT, xromosomlar, mutasiyalar haqda heç nə bilməyərək Darvin, bu yarımçıq məlumatlar işığında planetimizdəki canlı müxtəlifliyini təmin etmiş əsas təkamül mexanizmini tapmağa nail oldu.

Cəmiyyətin səhvləri

Darvin həyatın necə yaranması ilə bağlı heç nə demirdi.

"O, ümumiyyətlə bu haqda yazmırdı. Kitablarında həyatın necə yarandığı haqda bir söz belə yoxdur. Yalnız bir dəfə tanışı Xukerə yazdığı məktubunda bir frazada həyatın özündən yarana biləcəyi barədə qeyd etmişdi. Son nəşrlərində o hətta Yaradan haqda yazmışdı", - Markov deyir.

Təkamül - təsadüfi prosesdir

Təkamülü tez-tez qeyri-adi, məqsədəuyğun şəkildə hazırlanmış varlıqların meydana gəlməsinə səbəb olan kor mutasiyaların hədəfi olaraq görürlər. Lakin Darvinin təbii seçməsi heç də kor qüvvə deyil.

"Bu, təkamülə istiqamət verən ciddi qanunauyğun prosesdir, məhz bu, canlı orqanizmlərin məqsədəuyğun hesab edilən quruluşlarını izah edir. Təsadüfi proses və təbii seçmə təsiri altındaki təkamül arasında uçurum var. Təkamüldə təsadüfi mutasiyalar və genetik sürüşmə kimi təsadüfi proseslər olur, amma bunlar istiqamət vermir", - Markov izah edir.

Meymundan yaranan insan?

"İnsan meymundan yarandı" cümləsi yalnış şərh edilə bilər.

"Anlayışın bir çox variantlarında, misal üçün, əgər "meymun" dedikdə müasir meymunlar nəzərdə tutulsa, yalnış olacaq. Biz nə şimpanzelərdən, nə oranqutanlardan, nə də qorillalardan yaranmışıq", - Markov deyir.

İnsan onlarla ortaq əcdada sahibdir: insan və şimpanzenin son ortaq əcdadı 6-7 milyon il əvvəl yaşamışdır, elə ondan da yaranmışıq.

"Bioloji taksonomiya nöqteyi-nəzərindən bu ortaq əcdad primatlar dəstəsinə, qıyıqburunlu meymunlar qrupuna aid idi. Amma taksonomiya nöqteyi-nəzərindən insan meymundan yaranmayıb, elə özü meymundur, insanaoxşar primatlara aiddir", - Markov son olaraq əlavə edir.

Həmçinin oxuyun:

Darvinin Qara Qutusu "ağardı"
19-cu əsrin dahisinin ölümü
Çarlz Darvin: "Dinlə bağlı düşüncələrim"
daha ətraflı...

February 9, 2014

İnsanı heyvanlardan fərqləndirən beyin nahiyyəsi tapıldı

Oksford Universitetindən olan alimlər insanın strateji planlaşdırmasına və çox məsələliyə cavabdeh olan beyin nahiyyəsini aşkar ediblər. Beyin nahiyyəsinin meymunlar daxil olmaqla heyvanlarda mövcud olmadığı qeyd edilir.

Prefrontal qabığın alın hissəsinin yan nahiyəsi adlandırılan yeni beyin bölgəsinin insanları digər canlılardan fərqləndirən xüsusiyyət olduğu hesab edilir. Tədqiqatla əlaqədar məqalə Neuron jurnalında dərc edildi.

Tədqiqatın müəlliflərindən olan Oksford Universiteti professoru Matthew Rushworth beyin nahiyyəsinin düşüncə prosesləri ilə əlaqəli olduğunu deyir.

"İnsana xas olan və bütün bu hərəkətlərimizi yerinə yetirməyə yardım edən beyin hissəsini aşkar etdik", - Rushworth izah edir.

Araşdırılmış nahiyyə baş beyin qabığının ventrolateral alın hissəsi adlanan bölgədə yerləşir. Alimlər əvvəllər bu hissəni yüksək düşüncə səviyyəsi ilə əlaqələndirirdilər. Nahiyyədə həmçinin dil və danışığa nəzarət edən Brok hissəsi yer alır.

Tədqiqatda iştirak edən Rushworth və həmkarı Franz-Xaver Neubert 25 insanın maqnetik rezonans tomoqrafiyası nəticələrini 25 makakanınkilə müqayisə etdilər. Sonda ventrolateral nahiyyənin 12 hissəsindən 11-in eyni olduğunu aydınlaşdıran alimlər dəqiqləşdirilmiş dar hissəyə makaka beynində rast gəlmədiklərini bildirdilər.

Strateji planlaşdırma, çox məsələlik və qərar verməyə nəzarət edən bu nahiyyənin insanı heyvanlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri olduğu hesab edilir.

Həmçinin oxuyun:

İnsanlar heyvanlardan ağıllı deyillər
Elmin gəldiyi son razılıq: "Heyvanlar da şüurludur"
Seks beyin fəaliyyətini gücləndirir
daha ətraflı...

February 8, 2014

Qaranlıq mühit eşitməni gücləndirir

Yeni bir tədqiqatın nəticələrinə görə görmə məhdudiyyəti zəif səslərin eşidilməsinə və tonallığın daha yaxşı müəyyən edilməsinə yardım edir. Gələcəkdə bu yeni üsullarla eşitmə pozuntusu olan insanların müalicəsi mümkün ola bilər.

ABŞ-dan olan alimlər siçanlar üzərində bir neçə tədqiqat apardıqdan sonra bir həftə qaranlıq mühitdə keçirilmiş müddətin, beyin konturlarının fəaliyyətindəki dəyişikliklər sayəsində eşitmə səviyyəsini yaxşılaşdırdığını aydınlaşdırdılar. Neuron jurnalında dərc edilən tədqiqatın müəllifləri kəşflərinin eşitmə qüsurluluğu olan insanlara gələcəkdə yardım təmin edəcəyini deyirlər.

Maryland və Johns Hopkins universitetlərindən olan tədqiqatçılar laboratoriya siçanlarını 6-8 gün müddətinə tam qaranlıq mühitə yerləşdirərək onların müxtəlif səsləri dinləməyinə şərait yaratdılar. Digər siçan qrupunu isə işıq olan mühitə qoyaraq və eyni səsləri dinlədərək sonda hər iki qrupun beyin reaksiyalarının göstəricilərini müqayisə etdilər. Nəticədə süni korluğun beyin konturlarının fəaliyyətini dəyişdirdiyi məlum oldu. Ən çox dəyişiklik səslərin dəqiqləşdirildiyi, tonallığın və gurluğun tanındığı "eşitmə korteksində" (kürəsi) qeydə alındı.

"Əldə etdiyimiz nəticələr görmə məhdudiyyətinin zəif səsləri eşitməyimizə və tonallığı daha yaxşı müəyyən etməyimizə imkan yaratdığını deyir. Əgər nə vaxtsa gur səs fonunda tanış bir mahnıdan olan hissəni eşitmisinizsə, bəzi notların itdiyini və melodiyanın bir qədər fərqli səsləndiyini fərq etmiş olarsınız. Bizim kəşfimiz korluğun bu itkin notları xilas edə biləcəyini ehtimal edir", - məqalənin müəllifləri qeyd edirlər.

Alimlər tədqiqatdan sonra siçanların kəskin eşitmə bacarığının bir neçə həftə ərzində saxlanıldığını, görmədə isə hər hansı bir mənfi təsir alınmadığını dedilər. Növbəti beş il ərzində eşitmə səviyyəsini yaxşılaşdıran bu dəyişikliyin daha uzunmüddətli olmasını təmin etmək üçün araşdırmalar aparılacaq.

"Görməni müvəqqəti məhdudlaşdıraraq yetkin insanın beyin neyronlarındaki əlaqələri dəyişdirib səsləri daha yaxşı dəqiqləşdirməsinə nail ola bilərik. Bu tapıntı çox şey qazandıra bilər. Məsələn, koxlear implant xəstələrinin eşitmələrini bərpa edə bilərik", - Johns Hopkins Universitetindəki Beyin İnstitutunun nevrologiya kafedrası dosenti Hey-Kyoung Lee deyir.

Həmçinin oxuyun:


Yaşanmış qorxu irsən ötürülür
Altshaymerin mənşəyi tapıldı
İnsanın mənşəyini maraqlandıran yeni tapıntı
daha ətraflı...

"House M.D." serialı həyat xilas etdi

Televiziya serialları heyranlarının yaxından tanıdığı, diaqnoz qoyulması qeyri-mümkün kimi görünən hadisələri həll edərək xəstələrini sağlamlığına qovuşduran, olduqca savadlı bir həkimin hekayəsinin izah edildiyi "House M.D." serialı bir insan həyatını xilas etdi.

Almaniyada ciddi ürək çatışmazlığı ilə yanaşı qızdırma, korluq, karlıq, genişlənmiş linfa vəziləri kimi çox sayda ağlasığmaz əlamətin bir yerdə toplandığı 55 yaşındakı xəstə "House M.D." pərəstişkarı olan bir həkim tərəfindən xilas edildi.

Xəstəsinin serialın yeddinci sezonunun 11. bölümündə bəhs edilən xəstəylə eyni əlamətləri göstərdiyini anlayan həkim serialın baş qəhrəmanı Dr. Gregory House'un "kobalt zəhərlənməsi" diaqnozunu qoyaraq xəstəni müalicə etdi.

Tələbələrinə dərs deyərkən mütəmadi olaraq bu serialdan faydalandığını izah edən Frankfurtun şimalındakı Marburg'da yerləşən Diaqnoz Qoyulmayan Xəstəliklər Mərkəzindən olan Dr. Jürgen Schaefer 2012-ci ilin mayında ürək çatışmazlığı problemi olan xəstəni gördükdən 5 dəqiqə sonra nəyin səhv olduğunu anladığını bildirdi.


Dr. Jürgen Schaefer
Serialda Dr. House'un xətalı bir omba protezi taxdıqdan sonra xəstələnən qayınanasına kobalt zəhərlənməsi diaqnozu qoyduğunu izah edən Schaefer, o dövrdə serialdan yola çıxaraq xəstənin narahatlığını asanca anladığını qeyd etdi.

Xəstənin, qırılan keramika omba protezinin dəyişdirilməsi üçün keçirdiyi əməliyyatın ardından problemlərinin ortaya çıxdığını deməsi ilə dərhal qanındakı kobalt səviyyəsini ölçən Schaefer və qrupu, daha əvvəl həkimlərin ürək nəqli keçirməsi lazım olduğunu dedikləri xəstəyə kobalt zəhərlənməsi diaqnozunu asanlıqla qoydu.

Protezdən sızan kobalt və xromun xəstənin qanına keçdiyini izah edən Schaefer, problem fərq edilərək omba protezi dəyişdirilən xəstənin ürəyinin daha yaxşı vəziyyətdə olduğunu və digər əlamətlərdə də yaxşılaşma təmin edildiyini açıqladı.

Məşhur ingilis aktyoru Hugh Laurie'nin serialın baş qəhrəmanı Dr. Gregory House'u canlandırdığı "House M.D." serialı televiziyada 8 sezon nümayiş olunduqdan sonra 2012-ci ildə sona çatmışdı.

Həmçinin oxuyun:

Yaşlanma prosesi dal-dalı getdi
İlk avtonom süni ürək köçürüldü
İnsan DNT-sinin ikinci kodu tapıldı
daha ətraflı...

Ev pişikləri haqda maraqlı faktlar

Yer üzündə ev pişiklərinin 500 milyondan artıq sayı, 40-dan artıq cinsi mövcuddur. Bunlardan 24-nün dərisindən xəz kimi istifadə oluna bilir.
Hər il Asiyada 4 milyondan artıq pişik insanlar tərəfindən yeyilir.
İtlərdən fərqli olaraq, pişiklər şirin şeylər iştahlandırmır, alimlər bunu dad reseptorunun mutasiyası ilə əlaqələndirilər.
Pişiklər şikarın arxasınca qaçarkən başlarını eyni səviyyədə saxlayırlar, halbuki insanlar və itlər bu zaman başlarını aşağı-yuxarı hərəkət etdirilər.
Dişi pişiklər əsasən sağpəncəli, erkəklər əsasən solpəncəlidir (solaxay). Maraqlıdır ki, insanların yalnız 10 faizi solaxaydır ki,  bunların da əksər qismi kişilərdir.
Pişiklər 100 müxtəlif səs çıxara bildiyi halda, itlərdə bu say 10-dur. Pişiklərin eşitmə qabiliyyəti itlərdən daha yüksəkdir. Pişik insanla müayisədə yüksəktezlili səslərin daha iki oktavasını eşitməyə qadirdir.  Pişiklər qısa məsafələri orta hesabla 49 km/saat sürətlə qət edə, öz boylarından 5 dəfə artıq hündürlüyə atlana bilirlər.
İtlərlə müqayisədə pişik beyni insan beyninə bioloji olaraq daha yaxındır. İnsan və pişikdə emosiyalara beynin eyni sahələri cavabdehdir.
Əvəllər hesab olunurdu ki, pişiklər ilk dəfə qədim Misirdə təqribən 5 min əvvəl əhliləşdirilməyə başlamışdır. Yaxınlarda Kipr adasında aparılan arxeoloji qazıntılar zamanı 9500 il yaçı olan qəbirdən ev pişiyinin fosili aşkar edilmişdir.


Orta əsrlərin Avropasında

İspan folkloruna görə, Adəmin birinci arvadı Lilit qara rəngli vampir pişiyə dönərək yatmış uşaqların qanını içirmiş. Sonralar bu, belə bir mövhumata səbəb olmuşdu ki, pişiklər yatan uşaqları boğmaqla, yaxud nəfəsini sorub çıxarmaqla qətlə yetirir. Bütün bunlar qara pişiyin bəd əlamət hesab olunmasına səbəb vermişdi. Pişiklərə müncər olunan şər xüsusatı ona gətirib çıxardı ki, İspaniyada Papa VII İnnokentin dövründə həyata keçirilən inkvizisiyalar zamanı on minlərlə ev pişiyi lənətlənərək tonqalda yandırılmış, habelə onların güllələnərək öldürülməsi geniş yayılmışdı. Pişiklərin kütləvi məhv edilməsi siçovulların populyasiyasının kəskin artımına səbəb olmuş, bu isə tarixdə  “Qara Ölüm” adlanan taun epidemiyasının geniş yayılmasına rəvac vermişdir. Orta əsrlər Avropasında pişiklərin cadugərliklə əlaqələndirildiyi dövr olmuşdur. Müqəddəs Yohann günündə demək olar bütün Avropada pişikləri kisələrə salıb diri-diri tonqala atırdılar. Müqəddəs günləri insanlar pişikləri kilsə qülləsindən aşağı atmaqla bayram edərdilər.

Pişiklər Şimali Amerikada ən çox bəslənən ev heyvanıdır – təqribən 73 milyon (ev itləri – 63 milyon). Amerika ailələrinin təqribən 30 faizi pişik saxlayır. Pişik yemlərinə şəkilən illikk xərc 4 milyard dollardan artıqdır. Bu uşaq yeməklərinə xərclənən puldan 1 milyard dollar artıqdır. ABŞ-da hər il orta hesabla 40 min adam pişik dişləmələrinə məruz qalır. 
Avropa dillərində ev pişiyinin adlanması (cat, catt, cath, chat, katze) Latincatus sözündəndir ki, bu da feles’in (çöl pişiyi) əksi kimi dilə düşmüşdür.  
Bəzi pişiklər 20 metr hündürlükdən yerə düşməklə, “refleks” sayəsində sağ qala bilirlər. Gözlər və daxili qulaqda yerləşən müvazinət mexanizmi onlara havada ikən vəziyyəti təyin etməyə imkan verir. Bunun sayəsində onlar yerə pəncələri üstə düşürlər. Bu qabiliyyəti quyruğu olmayan pişiklər də nümayiş etdirir.
Pişiklərin insana sürtünməsi onların yabanı əcdadlarından qalmış instinktiv davranışdır. Vəhşi pişiklər bu üsulla öz ərazilərinin sərhədlərini müəyyən edirlər. Pişiyin üz ətrafında olan qoxu vəziləri sürtünmə nəticəsində qoxu alır, habelə bədənini predmetə sürtməklə predmetin səthində öz iyini saxlayır, bir növ nişanlayır.

Pişiyin mırıldama mexanizmi elmdə hələ ki dəqiq öyrənilməmişdir. Hesab olunur ki, bu, pişiklərin boğaz dərinliyində yerləşən səs  bükümlərinin vibrasiyası sayəsində mümkün olur. Bu zaman  qırtlaq əzələləri saniyədə 25 dəfəcən yığılıb-açılmaqla havanın səs bükümləri ilə təmasından səs çıxarırlar.

Qədim Misirdə

Qədim Misirdə ev pişiyi ölən zaman ailə üzvləri öz qaşlarını qırxmaqla ona yas tuturdular. Pişiyin cəsədi mumiyalanaraq, xüsusi hazırlanmış tabutda təntənəli dəfn olunur, bu zaman ailə üzvləri çaxır içmək və sinə döyməklə əzabdarlıq edirdilər. 1888-ci ildə Misirdə pişik qəbirsanlığında 300 mindən çox mumiyalanmış pişik cəsədi aşkar edilmiş, gübrə kimi istifadə olunmaq üçün ABŞ və İngiltərəyə daşınmışdır. 

Qədim Misirdən qaçaqmalçılıq yolu ilə pişik aparılması edamla cəzalandırılırdı. Bununla belə, Finikiya tacirləri Misirdən ev və çöl pişiklərini gizli yollarla Yunanıstana aparıb Afina və digər şəhərlərdə varlı adamlara baha qiymətə satırdılar.

Qədim misirlilərin bir qismi müəyyən dövrdə Bast adlanan ilahəyə sitayiş etmişlər. Bu ilahə pişik başlı qadın vücudu kimi təsvir olunurdu.
Ev pişiyinin ən qədim əcdadının 30 milyon il əvvəl yaşadığı hesab olunur. Alimlər onu Proailurus (yun. “ilk pişik”). Müasir ev pişiklərinin də aid olduğu pişiklər fəsiləsinin 12 milyon il əvvəl təkamül etdiyi fərz edilir. 
Pişikərin əksər cinsləri adətən 1-9 bala doğurlar. Qeydə alınmış rekord rəqəm 19 bala olmuşdur ki, bundan 15-i doğuşdan sonra sağ qalmışdır. 
Avropanın bir hissəsi və Şimali Amerikada qara pişik uğursuzluq rəmzi hesab edildyi halda, İngiltərə və Avstraliyada əksinə, qara pişik uğur rəmzi sayılır.
Ən məhşur pişik cinsləri Fars pişiyi, Meyn-kun və Siam pişikləridir. Ən kişik ev pişiyi Singapura 1,8 kq, ən iri pişik Meyn-kun – 11,3 kq çəki verə bilirlər. Ən qədim cins Misir Mao’su sayılır. Qədim Misirdə pişiyə “mao” deyilirdi. İndiyədək ən baha qiymətə (50 min $)  satılmış pişik – Little Nicky – qədim cinsin klonu olmuşdur.
Bəzi Siam pişikləri çəpgöz doğulur. Səbəb odur ki, beynin sol hissəsinin əksər sinirləri sağ gözə, sağ hissəinin sinirləri əsasən sol gözə gedir. Nəticədə görüntülər haçalanır və pişik bunu gözlərini “çarpazlamaqla” aradan qaldırırlar.
Ev pişikləri suya girməkdən xoşlanmırlar, ona görə ki, onların xəzi dərini suya islanmaqdan lazımi şəkildə qoruya bilmir. Yalnız Türkiyə Van cinsi pişikləri suda üzməyi xoşlayırlar. Onların xəzi yüksək sukeçirməzlik xassəsinə malikdir.    
Pişiyin adətən sifətinin hər yanında 12 bığı olur.
Pişiklərin görmə qabiliyyəti insanla müqayisədə bir cəhətdən geri, digər cəhətdən üstündür. Üstündür ona görə ki,   onlar işığı daha geniş dimmerdə görür və periferik görmə əhatəsi daha genişdir. Geridir ona görə ki, onlar rəngləri insan qədər səlis seçə bilmirlər. Alimlər hesab edir ki, yaçıl ot pişiyin gözündə  qırmızı rəngdə görünür (bizim qırmızı rəngdə).
daha ətraflı...

R-7 Semyorka

R-7 Semyorka - insanlığı kosmosla tanış edən ilk müvəffəqiyyətli roketdir.

SSRİ-nin 1957-ci ildə ilk uçuşunu reallaşdıran bu ballistik roket ilk süni peyk Sputnik'i və kosmosa qalxmış ilk insan Yuri Qaqarini orbitə daşımışdır. Semyorka orjinal adıyla son uçuşunu 1967-ci ildə etmiş olsa da, son versiyası olan Soyuz-2 hal-hazırda Beynəlxalq Kosmik Stansiyası ilə Yer arasındakı daşıma vəzifəsini davam etdirir.

Qaynaq: Evrim Ağacı
daha ətraflı...

February 7, 2014

İlk yırtıcılar dimetrodonlar idi

Yeni bir tədqiqatın nəticələrinə görə Yer üzündə Perm dövründə yaşamış dimetrodonlar olduqca təkmilləşmiş yırtıcı dişlərə sahib idilər. Aydınlaşdırılmış bu xüsusiyyət "Yerin ilk həqiqi yırtıcısı" adını dinozavrlardan alaraq dimetrodonlara verir. Əlaqədar məqalə 7 fevral 2014 tarixində Nature Communications jurnalında dərc edildi.

Toronto Universitetindən (Kanada) olan Robert Reisz və Kirstin Brink planetdə 280-265 milyon il əvvəl yaşamış bir neçə qədim dimetrodonlara aid fosilləri araşdırdıqdan sonra belə qənaətə gəldilər. Məməlilərin ilk əcdadları kimi, dimetrodonlar da sinapsidlər (qədim dördayaqlılar) qrupuna daxildir.

200-250 kiloqram çəkisi və 2,7-4 metr uzunluğu olan dimetrodonlar o dövrün ən iri yırtıcıları idi. Bu heyvanların nə ilə qidalandığına dair hələlik qəti cavablar yoxdur. Bundan başqa dimetrodonların ov üsulları və ekosistemdəki mövqeləri barədə, demək olar ki, heç bir məlumat yoxdur.

Reisz və Brink elektron analiz mikroskopu köməyilə bir neçə dimetrodon diş nümunəsi üzərində işlər apararaq bu qaranlıq mövzulardan birini aydınlığa çıxarmağa nail oldular. Bu üsul alimlərə onların strukturunu öyrənməyə və müasir yırtıcılarla birgə dinozavr dişləri ilə də müqayisə etməyə fürsət təmin etdi. Nəticədə dimetrodonların kifayət qədər təkmilləşmiş yırtıcı dişlərə sahib olduqları məlum oldu. Diş səthinin nisbətən düz olmasına baxmayaraq yenə də dişlər olduqca iti və ovun bədəninin yumşaq toxumalarını parçalamaq üçün kafi idi.

Həmçinin bu dişlərdə, əvvəllər yalnız dimetrodonların uzaq qohumları olan məməlilərdə rast gəlinən "çeynəmə qabarıqlarının" olduğu aydınlaşdırıldı. Alimlər əldə edilən faktlarla yırtıcı diş təkamülünü daha 40 milyon il geriyə daşımalı olduqlarını qeyd etdilər.

"Dişlər skeletin digər hissələrindən fərqli olaraq heyvanın həyat tərzi mövzusunda daha çox öyrənməyimizə yardım edir. Xüsusi kəllə sümüyü quruluşu olan dimetrodonlar öz iti dişlərini qurbanlarının bədənlərinə asanca keçirə və iri tikələr qopara bilirdilər", - Reisz deyir.

Qaynaq: Nature , ScienceDaily
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top